Firmadaxili planlaşdırmanın təşkili Planlaşdırmaya başlamazdan öncə müəssisədə planlaşdırma prosesinin məzmunu və ardıcıllığını müəyyənləşdirmək lazımdır.
Planlaşdırma prosesinin nəticəsi planlar sistemidir. Plana firmanın fəaliyyətini xarakterizə edən əsas göstəricilər daxil edilir, hansı ki, plan dövrünün sonunda onların yerinə yetirilməsi nəzərdə tutulur. Mahiyyətcə plan menecerlər üçün firmanın məqsədinə nail olunması prosesində təşkilatın hər bir bölməsinin oynayacaq rolu özündə əks etdirən instruksiyaların toplusudur.
Planlaşdırma prosesi mürəkkəbdir və cürbəcür olur. Planlar sisteminin kompleks xarakter daşıması aşağıdakı elementlərə bölünməsilə müəyyən edilir:
Strateji plan, bu firmanın baş planı adlanır.
Strateji planın davamı kimi tərtib edilən ümumfirma planıdır. O, firmanın inkişafının başlıca vəzifəsini müəyyənləşdirir və onun əsasında inkişaf planı tərtib edilir.
Operativ plan. Bu, firmanın və onun bölmələrinin cari fəaliyyət planıdır.
Planlarla yanaşı planlaşdırma prosesinin nəticəsi kimi proqram və layihələr tərtib olunur.
Təsərrüfat subyektləri üçün proqramların və layihələrin işlənib hazırlanması xüsusilə səciyyəvidir.
Proqram, adətən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühüm aspektlərindən birinin inkişafını müəyyən edir. Buna misal texnologiyanın təkmilləşdirilməsi üzrə proqramı, məhsul keyfiyyətinə nəzarətin təşkili proqramını, ehtiyatların hərəkətinin uçotu proqramını göstərmək olar.
Layihə müəssisənin fəaliyyətinin və inkişafının konkret aspektinə hədəflənir, müəyyən dəyəri, yerinə yetirilmə qrafiki, texniki və maliyyə parametrləri olur. Layihə, adətən yeni məhsulların istehsalı, xidmətlərin göstərilməsi və onların bazara irəliləməsi ilə əlaqədardır.
İri müəssisələr bütövlükdə planlaşdırma prosesini özləri həyata keçirir, yəni strateji, ortamüddətli və müxtəlif cür operativ planları, həmçinin proqramları tərtib edirlər. Böyük firmalar, bir qayda olaraq, yeni əmtəənin istehsalı və yeni bölmələrin yaradılması üzrə layihələrin hazırlanmasına və reallaşdırılmasına qayğı göstərməlidir.
Orta və kiçik həcmli firmalar isə planlaşdırma prosesini sadələşdirir, yəni 5illik strateji plan və illik operativ plan tərtib edirlər.
Planlaşdırma prosesinin tərkib elementlərini müəyyənləşdirdikdən sonra bu fəaliyyətə məsul şəxs planlaşdırma üzrə işin ardıcıllığını müəyyənləşdirməlidir.
Məntiqi planlaşdırma prosesinin sxeminə əsasən taktiki planlar strateji planlaşdırmadan sonra tərtib edilməlidir. Lakin böyük praktiki təcrübəyə malik olan bəzi menecerlər və planlaşdırıcılar strateji planlaşdırmanın əhəmiyyətini lazımınca dəyərləndirmirlər. Belə ki, onlar əvvəlcə operativ planların tərtib edilməsini məqsədəuyğun sayırlar. Belə menecerlər plan fəaliyyətinin əsas növü kimi operativ planların işlənib hazırlanması ilə məşğul olurlar, strateji planlaşdırmaya isə ikincidərəcəli, yardımçı iş kimi baxırlar. Beləliklə, planlaşdırmanın ardıcıllığı pozulur. Bir neçə il keçəndən sonra menecerlər artıq başa düşürlər ki, operativ planlar yalnız strateji planlaşdırmadan sonra tərtib edilməlidir. Əks təqdirdə istənilən firma uzun müddət dayanaqlı, effektiv fəaliyyət göstərə bilməz, öz fəaliyyətinin əsas oriyentirini itirə bilər.
Planlaşdırma prosesinin məzmunu və ardıcıllığı müəyyənləşdirildikdən sonra planlaşdırma prosesinin təkrar istehsal sxeminin tərtib edilməsi vacibdir. Sxemin tərtib edilməsi planlaşdırmanın iştirakçıları üçün son dərəcə faydalıdır, çünki bu plan fəaliyyət zamanı intizamı artırır.
Planlaşdırma sxemi bütün il boyu planlaşdırmanın davam etdirilməsini özündə əks etdirir. Belə ki, maliyyə ilinin birinci və ikinci rübündə strateji planlar tərtib edilir, qalan vaxtda isə operativ planlaşdırma ilə məşğul olunur.
Ardıcıl planlaşdırma sxeminə uyğun olaraq planlaşdırma üzrə müəyyən əməliyyat müntəzəm həyata keçirilir.
Planlaşdırma prosesində müəssisənin ali rəhbəri, planlaşdırıcı qrup, bölmələrin rəhbərləri və mütəxəssisləri iştirak edirlər.
İdeal situasiya odur ki, planların tərtibinə və müzakirəsinə müəssisənin bütün işçiləri cəlb edilirlər.
Plan fəaliyyətinin iştirakçıları arasında vəzifələr aşağıdakı qaydada bölüşdürülür.
Ali rəhbər planlaşdırma prosesinin arxitektorudur, planlaşdırmanın əsas mərhələlərini və ardıcıllığını müəyyən edir. Menecer planlaşdırma prosesini müəssisənin hər bir işçisi üçün aydın və başadüşülən etməlidir, maksimum işçiləri cəlb etməyi bacarmalıdır. Ali rəhbərin digər funksiyası firmanın strategiyasını hazırlamaq və strateji planlaşdırma üzrə qərarlar qəbul etməkdən ibarətdir. Firmanın rəhbəri firmanın gələcək inkişafının ümumi məqsədlərini və onlara nail olmağın əsas üsullarını müəyyən edir. Bölmələrin rəhbərləri və mütəxəssislər operativ planların işlənib hazırlanması ilə məşğul olurlar. Mütəxəssislər, həmçinin müəssisənin xarici və daxili mühitin təhlili və proqnozların hazırlanması ilə məşğul olurlar.
Planlaşdırıcılar digər mütəxəssislərlə yanaşı firmanın xarici və daxili mühitini təhlil edir və qiymətləndirirlər. Onlar firmanın fəaliyyəti haqqında ən qiymətli informasiyalara malik olurlar. Menecerlərlə birlikdə planlaşdırıcılar firmanın gələcək fəaliyyəti haqqında proqnozların hazırlanmasında iştirak edirlər, son variantda planın proqnoz hissəsinin hazırlanması ilə məşğul olurlar.
Planlaşdırma xidmətinin tərkibi və həcmi təşkilati strukturun tipindən və idarəetmə stili haqqında təqdimatdan asılıdır. Planlaşdırma xidmətinin quruluşunu müəyyənləşdirən mühüm amillərdən biri müəssisənin ölçüsüdür.
Kiçik firmaların əksəriyyəti tam ştatda plan işçilərinə ehtiyac görmürlər. Buna görə də çox vaxt plan xidmətindən imtina edirlər. Belə firmalar planlaşdırma məsələləri üzrə məsləhətçiləri kənardan dəvət edirlər. Orta firmalar üçün tam ştatda olan bir işçi tərəfindən planlaşdırma üzrə mütəxəssis funksiyasını yerinə yetirməsi xarakterikdir. İri firmalarda planlaşdırma xidmətinə həm peşəkar planlaşdırıcılar və həm də texniki işçilər daxil edilir, onların sayı 20-25 nəfərə çatır.