Nümunənin həll edilməsi və təyin edilən komponentin lüminessensiya edən birləşməyə keçirilməsi. Nümunənin ultrabənövşəyi şüalarla şüalandırılması. Analiz edilən və standart məhlulların lüminessensiya intensivliyinin müəyyən edilməsi. Dərəcəli əyrinin qurulması və təyin edilən komponentin miqdarının tapılması.
Tətbiqi
Miqdari analizdə lüminesensiyanın intensivliyinin ------təyin edilən maddənin qatılığından asılılığı istifadə olunur. Miqdari lüminessent analiz paktikasında adətən, dərəcəli əyri əsasında dərəcəli qrafik metodu tətbiq edilir.
Hazırda demək olar ki, bütün elementlərin 10-5 % miqdarında lüminessent analiz metodu işlənmişdir.
Təyin edilən maddənin tam lüminessensiya qabiliyyətinə malik birləşməyə çevrilməsinə nail olmaq lazımdır.
Miqdari analiz-də kvant çıxımı böyük əhəmiyyətə malikdir. Kvant çıxımı nə qədər böyük olarsa, təyin edilən maddə miqdarı o qədər az olar. Məhlulları soyutduqda lüminessensiya intensivliyi artır. Bu hadisə Pb, Bi, Sb halogenid kompleksi şəklində miqdari təyini üçün tətbiq edilir. Məsələn, qatı HCl mühitində qurğuşunu -1960 C soyutduqda bənövşəyi lüminessensiya verir.
HCl mühitində tərkibində Bi(III) və Sb(III) olan analiz edilən məhlul damcısı süzgəc kağızına töküb maye azota daxil edilərsə, UB şüalarla şüalandırdıqda bismutun(III) xlorid kompleksinin göy rəngli lüminessensiyası müşahidə olunur. Analiz edilən məhlula HBr əlavə etdikdə stibiumun(III) bromid komplekslərinin qırmızı lüminessensiyası müşahidə olunur.
Üzvi maddələrin, habelə onların metallarla komplekslərinin soyudulması zamanı da lüminessensiya baş verir. Lüminessent analiz metodunun mühüm xüsusiyyəti onun mikroqarışıqların təyininə tətbiq oluna bilməsidir.
Metodda xəta 5-7% təşkil edir. Lüminessent analiz metodunun tətbiqi genişdir. Demək olar ki, istənilən elementin, bir çox üzvi, bioloji aktiv və s. maddələrin təyinində istifadə oluna bilər. Lüminessent analiz ən həssas analiz metodlarından biri olub, elementlərin cüzi miqdarının təyinində istifadə olunur. İki siqnalın (I0 və Il ) fərqinin ölçüldüyü spektrofotometriyadan fərqli olaraq lüminessent analizdə siqnalın özü ölçülür və təyinetmə həddi mənbənin intensivliyindən, habelə detektorun həssaslığından asılıdır. Lüminesent analizin yüksək həssas olması zülal makromolekulunda struktur və fiziki-kimyəvi çevrilmələrin öyrənilməsinə imkan verir.
Fosforların və başqa maddələrin lüminesensiyasına görə infraqırmızı, ultrabənövşəyi, rentgen və γ-şüalanma müəyyən edilir, neytronlar, protonlar, elektronlar, α-hissəciklər seli qeydə alınır. Optikamexanika sənayesində şüşənin müxtəlif sortlarının markirovkası üçün, rezin sənayesində şixtanın tərkibinə nəzarət üçün, kağız sənayesində sellülozanın keyfiyyətini müəyyən etmək üçün istifadə olunur. Almaz çıxarma sənayesində xarakter şüalanmaya görə almazları seçirlər.