MÜƏLLİMİN PEDAQOJİ KEYFİYYƏTLƏRİNİN PEŞƏ FƏALİYYƏTİNƏ TƏSİRİNİN PSİXOLOJİ MƏSƏLƏLƏRİ
Səlimli Günel Mirbala qızı,
BDU-nun II kurs magistrantı
Pedaqoji fəaliyyət - yaşlı nəsil tərəfindən gənclərin cəmiyyətdə müəyyən sosial rolları icra etmələrinə hazırlığı formalaşdırmaq üçün mövcud sosial-mədəni və təcrübənin nisbətən gənc nəslə ötürülməsinə yönəlmiş sosial fəaliyyətdir.
Pedaqoji fəaliyyətin obyektini pedaqoji prosesin fəal üzvü və iştirakçısı olan, habelə öz məqsədləri, motivləri özünəməxsus davranış xüsusiyyətləri olan insanların (şagirdlərin) psixoloji xüsusiyyətləri təşkil edir.
Pedaqoji fəaliyyətin mərkəzi elementi müəllimdir. Pedaqoqun və ya müəllimin məqsəd və vəzifəsi çoxcəhətlidir. O, cəmiyyətin sifariş etdiyi qlobal məqsədlərdən çıxış edir ki, bu fəaliyyət də onu digərlərindən fərqləndirir. Pedaqoji fəaliyyətdə özünü göstərən pedaqoji vəzifələr həmişə qeyri-standart olur və pedaqoqdan bu fəaliyyətə yaradıcı yanaşma tələb edir.
Müəllim peşəsi özünün spesifikliyi ilə bir sıra peşələrdən fərqlənir. Onun peşəsinin spesifikliyi, hər şeydən əvvəl, uşaq və yeniyetmələrlə daima ünsiyyətdə olması, özünəməxsus dünyagörüşü və özünün fərdi-psixoloji xüsusiyyətləri, subyektiv inamı ilə səciyyələnir. Hər bir müəllimin də özünəməxsus müəllim fərdiyyəti olmalıdır. Ancaq hər müəllimdə bunu tapmaq olmur. Hər bir müəllimə məxsus unikallıq, şəxsiyyət keyfiyyətləri və s. onun xarakterik xüsusiyyətlərini əks etdirir.
Müəllim şəxsiyyəti nə qədər parlaq, onun peşə keyfiyyətləri nə qədər yüksək inkişaf etmiş olursa, bunun uşaq şəxsiyyətinə təsiri bir o qədər effektiv olar. Müəllimin təsir dairəsi o qədər genişdir ki, heç kim onun nə zaman və harada qurtaracağını söyləyə bilməz. Qabaqcıl və peşəkar müəllim özünün uşağa təsirinin nəticələrini bilməli və onunla məşğul olduğu dövrdə bu təsirin müsbət yönümdə olmasına çalışmalıdır. Müəllim - müəllim şəxsiyyətinə verilən tələbləri bilməli, özünün peşə biliklərini adekvat qiymətləndirməli, öz əxlaqi keyfiyyətlərinin onun üçün cızılmış dairədən kənara çıxmasına imkan verməməlidir.
Pedaqoji fəaliyyətlə məşğul olan müəllim şagirdlərin fəaliyyətini elə təşkil etməlidir ki, onlardan hər biri özlərinin meyllərini, maraqlarını, qabiliyyətlərini hərtərəfli inkişaf etdirmək iqtidarına malik olsunlar. Nitqdə fikri inkişaf etdirərkən, ilk növbədə onu eşidənin hafizəsində qalmasına çalışmaq, sonra onu əyani müqayisə ilə təxəyyülə ötürmək və sonda fikrin iştirakçının ürəyinə yol tapmasına şərait yaratmaq lazımdır.
Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir. Bu cür sosial amillərə müəllimin cəmiyyətdəki mövqeyi və funksiyalarını, cəmiyyətin müəllimin qarşısına qoyduğu tələbləri aid etmək olar. Sosial psixoloji amillərə gəldikdə, buraya ətrafdakı adamların müəllim şəxsiyyəti və fəaliyyəti ilə bağlı sosial gözləmələri, özünün pedaqoji fəaliyyəti sahəsində onun öz gözləmə və ustanovkalarını aid etmək olar.
Müəllimin cəmiyyətdəki mövqeyi və funksiyaları cəmiyyətin gənc nəslin tərbiyəsi işinə tərbiyə sisteminin və onun özəyini təşkil edən ümumtəhsil məktəblərinin inkişafı və təkmilləşdirilməsinə verdiyi böyük əhəmiyyətlə müəyyənləşir.
Müəllimin pedaqoji fəaliyyəti çətin olmaqla, həm də şərəfli və xeyirxah fəaliyyətdir. Bu fəaliyyətin özünəməxsus vəzifələri vardır. Hər şeydən əvvəl, bu fəaliyyət prosesində şagirdlər müvafiq bilik, bacarıq, vərdişlərə, elmlərin əsaslarına yiyələnirlər. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır. Bu prosesdə şagirdlər zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir.
Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısına qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı xalq müəllimi gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllim isə cəmiyyətin bu "qiymətli sərvətini" pedaqoji fəaliyyət prosesində yetişdirir, cəmiyyət üçün bir yararlı vətəndaş kimi formalaşdırır. Ona görə də gənc şəxsiyyəti formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək şəkildə formalaşmalıdır.
Pedaqoji fəaliyyətin müvəfəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.
Pedaqoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətllərə malik olan müəllim şəxsiyyətinin formalaşması mühüm əhəmiyyətə malikdir. Həmin keyfiyyətlər fəaliyyət prosesində tədricən şagirdlərin şəxsiyyətinin əlamətlərinə çevrilir. Qabaqcıl müəllimlərin iş təcrübəsini nəzərdən keçirdikdə onlarda yüksək şüurluluq, əxlaqi keyfiyyətlər, ümumi mədəniyyət və s. kimi keyfiyyətlər müşahidə edirik. Pedaqoji qabiliyyətlərlə birlikdə bu keyfiyyətlər müəllimə öz fəaliyyətində müvəfəqiyyət qazanmaq imkanı verir. Müəllimin öz fəaliyyətində müvəfəqiyyət qazanmasında onun əxlaqi və iradi keyfiyyətləri də mühüm yer tutur. Bu keyfiyyətlər möhkəmlənir və müəllim şəxsiyyətinin daimi əlamətinə çevrilir.
Müəllimin şəxsiyyəti uşağın əqlinin, hiss və iradəsinin inkişafına, onun həyatına əsaslı təsir göstərir. Müəllimin şəxsiyyəti təkcə dərs dediyi müddətdə deyil, məktəbi qurtardıqdan sonrakı dövrlərdə də bəzən həmin şagirdlərin şəxsiyyətinə müsbət təsir göstərir, ona təkan verir.
Dostları ilə paylaş: |