Anbarın toxum qəbulu üçün hazırlanması. Fermer nəzərdə saxlamalıdır ki, hər sort anbarda ayrıca saxlanmalı və anbarlar əvvəlcədən təmizlənib, sonra əhənglə, əhəng-neft emulsiyası və ya heksoxloronla dezinfeksiya olunmalıdır. Anbarın döşəməsi, tavanı, qapısı və pəncərəsi təmiz olmalıdır. Xüsusilə, siçan yuvaları bərkidilməlidir. Anbar hər cür zibildən təmizlənməli, rütubətli anbarlardan istifadə edilməlidir.
Toxumun təmizlənməsi. Toxumlar çeşidləndikdən və təmizləndikdən sonra anbara tökülməlidir. Toxumların təmizlənməsi anbarın qabağında aparılmalı və yerə çadır salınmalıdır. Toxumçu aqronom maşınlardan istifadə etməzdən qabaq onları yoxlamalıdır. Müxtəlif sort v bitki toxumlarını bir yerdə təmizləmək olmaz, əks halda mexaniki zibillənmə gedə bilər.
Toxumun qablaşdırılması. Təmizlənmiş və çeşidlərə ayrılmış toxumlar nömrələnir, etiket yazıldıqdan sonra təmiz və təzə kisələr tökülür. Etiket həm kisənin daxilinə qoyulur, həm də xaricinə yapışdırılır və toxumçu aqronom etiketlərə qol çəkir. Sonra kisələr surquclanır. Hazırlanan toxumlar təhvil verildikdə sortun şəhadətnaməsi də verilir. Yalnız fermerlər yuxarıdakılara əməl etməklə sağlam və cins toxum yetişdirə bilərlər.
Toxumun qurudulması.
Toxum yığıldığı zaman tərkibində yüksək nəmlik olduğundan onu mütləq qurutmaq lazımdır. Bitki toxumlarının tərkibində nəmlik norması fərqlidir. Tərkibində olan suyun miqdarına görə toxumlar quru, orta quruluqda, nəm və yaş olmaqla 4 qrupa bölünür. Bəzi bitkilərin rütubətlilik dərəcəsi aşağıdakı cədvəldə verilmişdir.
Toxumun nəmliyi, onun saxlanmasında əsaslı rol oynayır. Yüksək nəmli dənlər saxlanmağa davamsız olub tərkibindəki artıq su anbarda və nəqliyyatda əlavə yer və yük kimi gərəksizdir.
Cədvəl
Bitki toxumlarının rütubətlik norması
Bitkilərin
adı
|
Quru
(%-lə)
|
Orta quru
(%-lə)
|
Nəm
(%-lə)
|
Yaş
(%-lə)
|
Arpa, buğda, çovdar
|
14
|
14-15
|
15,5-17
|
17
|
Vələmir
|
14
|
14-15,5
|
15,5-18
|
18
|
Darı, sorqo
|
13,5
|
13,5-15
|
15-17
|
18
|
Qarğıdalı (dən)
|
14
|
14-15
|
15-20
|
20
|
Soya
|
12
|
12-14
|
14-16
|
16
|
Gənəgərçək
|
7
|
7-9
|
9-11
|
11
|
Günəbaxan
|
11
|
11-13
|
13-14,5
|
14,5
|
Quru toxum cücərmə qabiliyyətini yaxşı saxlayır. Toxumun anbarda cücərməsinin səbəbi normadan artıq rütubətin və temperaturun olmasıdır. Yaş toxumlar +50+800C və yuxarı temperaturda cücərmə qabiliyyətini itirir. Yaş toxumları şaxta tez vurur. Eləcə də yaş toxumlar tez bir zamanda cücərmə qabiliyyətini itirir. Ona görə də toxum məhsulu yığdıqdan sonra mütləq qurudulmalı və standarta uyğun nəmliyə çatdırılmalıdır.
Toxumlar günəşli və açıq havada nazik, 5-15 sm qalınlıqla laylarla, altına brezent salınmış halda qurudulmalıdır. Qurudularkən tez-tez çevrilməlidir. Bir gün ərzində qurutmaq mümkün olmadıqda axşam konus şəklində topalara yığılıb üzəri örtülməlidir. Açıq havada toxumlar qurudularkən hava quru və temperatur +50+800C-dən aşağı olmamalıdır. Toxumların küləyə verilməsi həm rütubətliyi, həm də temperaturu aşağı salır. Lakin havanın nisbi rütubəti toxumun nəmliyindən çox olduqda toxumu havaya vermək ziyandır. Belə halda süni quruduculardan istifadə edilməlidir. Toxumların termiki üsulla qurudulması xüsusilə yaxşı nəticə verir. Lakin bu zaman toxumun növündən və tərkibindəki nəmliyin miqdarından asılı olaraq qurutma temperaturu düzgün nizamlanmalıdır.
Toxumun saxlanması
Toxumlar yalnız kisələrdə saxlanılmalıdır. Hrə sort ayrı-ayrı anbarlarda yerləşdirilməlidir ki, sortlar bir-birini zibilləməsin. Müxtəlif təmizlik dərəcəsinə və digər keyfiyyətlərinə görə fərqlənən toxum materialları da ayrılıqda saxlanmalıdır.
Fermerlər bəzən toxumun saxlanılmasına düzgün əməl etmirlər. Bu halda toxum keyfiyyətini itirir və məhsuldarlıq aşağı düşür. Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır. 1) Toxumun və xarici mühitin temperaturu; 2) Toxumun və xarici mühitin nəmliyi; 3) Havalandırma isti vaxtlarda hər 3 gündən bir, qışda isə həftədə bir dəfə toxumun temperaturu yoxlanılmalıdır. Bu məqsədlə termometr toxumun içində 15-20 dəqiqə saxlanılmalıdır. Temperatur yüksək olduqda toxumun cücərmə qabiliyyəti aşağı düşür. Toxumun saxlandığı müddətdə onun nəmliyi üzərində daimi nəzarət edilməlidir ki, nəmlik qalxmasın. Nəmlik normadan artıq olduqda, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. O nümunə götürmək yolu ilə laboratoriyada təyin edilir.
Fermerlər saxlanma zamanı anbar zərərvericilərinə qarşı diqqətli olmalıdır.
Yuxarıda göstərilənlərə bərabər toxum saxlandığı bütün dövr ərzində tez-tez anbarın havası dəyişməli və toxumların cücərmə qabiliyyəti yoxlanılmalıdır.
Sort toxumların laboratoriyada yoxlanması
Fermer toxumu yoxlatmamış səpərsə, böyük ziyan çəkə bilər. Toxumu yoxlamaqda məqsəd toxum və cücərtilərinin əlamətlərinə görə toxumun sortluluğunu müəyyən etməkdir. Bu üsul toxum qrupunun əlavə yoxlanmasına imkan verir.
Laboratoriya üsulunda sortlar cücərmə konuslarına, birinci yarpaqların və yarpaq qınının tüklülüyünə görə yazlıq və payızlıq olması; qırmızı dənli buğda, bərk və ya yumşaq buğda olması, sarı dənli vələmirin ağ dənli vələmirlə, iki cərgəli arpanın çox cərgəli arpa ilə, şəkər çuğundurunun yem və mətbəx çuğunduru ilə zibillənmə dərəcəsi müəyyən edilir. Payızlıq buğda cücərdikcə 3, yazlıq buğda isə 5 kökcük buraxır, payızlıq buğdanın böyümə konusu gec, yazlıq buğdanınkı isə tez uzanır, payızlıq buğdanın birinci yarpağı tüksüz, yazlıq buğdanınkı isə tüklü olur.
Yumşaq buğdanın dəni qısa, en kəsiyi dairəvi, dənin yuxarı hissəsində kəkil olur, bərk buğdada isə dən uzunsov, en kəsiyi dairəvi-üçbucaq şəklində olur, dənin yuxarı hissəsi isə kəkliksiz və ya çox zəif olur, dənin en kəsiyi əksər halda şüşəvarı olur. Qırmızı dənli buğda sortlarının dəni 5 faizli natrium (NaOH) və kalium (KOH) qələvisində 15 dəqiqə saxlandıqda qırmızı qonur, ağ dənlər isə açıq krem rəngi alır. Suda 15 dəqiqə müddətində qaynatmaq yolu ilə də dənin rəngini təyin etmək olar. Sortlar şübhə törədən dənlərdən hər hansı bir qaba töküb 15 dəqiqə qaynatmaq lazımdır. Bu müddətdən sonra dən rənginin dəyişib qonurlaşırsa qırmızı, dəyişmirsə ağ dənlər hesab olunur. Yadda saxlamaq lazımdır ki, qaynatma 15 dəqiqədən artıq davam edərsə, ağ rəngli dənlər də qonurlaşa bilər.
İki cərgəli arpadan fərqli olaraq, çox cərgəli arpada dənlər bir bərabərdə olmur. Şəkər çuğundurunun cücərtiləri isə qırmızı olur. Beləliklə, fermerlər qeyd olunanlara əməl etsələr sortların zibillənmə dərəcəsi müəyyən edilir və toxum materialı qiymətləndirilir.
Sortun torpaqda yoxlanması, xüsusi ayrılmış sahələrdə aparılır. Bu məqsədlə ayrılan torpaqlar ərazi üçün tiöik və relyefi düz olmalıdır.
Torpaqda yoxlama aparmaq üçün (orta nümunə qaydasına uyğun) nümunə götürülür və həmin toxum nümunəsi üç cərgə səpilir. Sonra üzərində fenoloji, fito-entomoloji müşahidələr aparılır və tarla jurnalında qeyd edilir. Bitkinin sort əlamətləri tamamilə inkişaf etdikdən sonra nümunələr nəticəsində sort qiymətləndirilir, onun başqa sort və növlərlə zibillənmə dərəcəsi müəyyənləşdirilir.
Toxumun səpin keyfiyyəti və kondisiyası
Səpin məqsədi ilə ayrılan toxumlar lazım tələbata uyğun gəlməlidir. Bu tələbata kondisiya deyilir. Fermerlər buna xüsusi diqqət yetirməlidirlər.
Kondisiyaya uyğun olmayan toxumlardan səpin üçün istifadə edilməməlidir. Ona görə də hər fermer çalışmalıdır ki, yüksək məhsuldar, başqa sort və alaq otu, zibil qarışığından təmiz, sağlam və zərərvericilər tərəfindən zədələnməyən toxum yetişdirsin, həmçinin bu toxumlar uzun müddət saxlamağa imkan verən normal nəmliyə malik olsun.
Toxumlar səpin keyfiyyətindən asılı olaraq I, II və III standart siniflərə bölünür.
I sinif toxumlar ən yüksək keyfiyyətli, II sinif orta və III sinif I-i və II-iyə nisbətən aşağı keyfiyyətli hesab olunur. Fermer təsərrüfatlarında imkan daxilində birinci sinif toxumlardan istifadə edilməlidir.
Birinci sinif toxumlar çatmadıqda isə ikinci sinif toxumlardan istifadə edilir. Toxumların təmizliyini və cücərmə qabiliyyətini yüksəltmək üçün başlıca tədbir onları təmizləmək və çeşidlərə ayırmaqdır. Bu üsulla hər cür qatışıq, o cümlədən cücərti verə bilməyən toxumlar kənar edilir.
Toxumun səpin keyfiyyətinin təyini
Kənd təsərrüfatı ilə məşğul olan torpaq mülkiyyətçiləri yaxşı bilirlər ki, yüksək məhsul yalnız yaxşı seçmə toxumdan yetişdirilə bilər. Toxum nə qədər yaxşı keyfiyyətli olsa, ondan inkişaf edən bitkiləri də bir o qədər güclü, məhsuldarlıq isə yüksək olar.
Yaxşı toxum yüksək məhsulun rəhnidir. Ona görə də hər bir təsərrüfat səpin üçün tədarük etdiyi toxumun yüksək keyfiyyətli olması üçün mümkün olan bütün tədbirləri görməlidir. Səpin üçün ayrılan bütün toxumlar tələbata uyğun gəlməlidir. Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz olmalıdır. Yəni toxum materialında tullantı və qatışıqlar nə qədər az olsa, toxum bir o qədər təmiz olar.
Toxumlar yüksək cücərmə qabiliyyətinə, iriliyinə və bərabər formalı, normal rütubətli və sağlam olmalıdır. Belə keyfiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq toxumları qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini yoxlamaq lazımdır. Toxum kondisiyaya uyğun olmazsa, müəyyən tədbirlər görülməlidir. Qabaqcıl fermer, toxumçuluq sahəsinin mütəxəssislərinə müraciət etməlidir. Adətən toxumun keyfiyyəti toxum nəzarət laboratoriyalarında təyin edilir və keyfiyyətə dair sənəd verilir.
Toxumun keyfiyyəti bütün toxum partiyasının keyfiyyətini əks etdirən orta nümunəyə (əsas nümunə toxumların laboratoriyada təhlil etmək üçün ayrılmış hissəsinə orta nümunə deyilir) əsasən təyin edilir. Ona görə də orta nümunə götürmək qaydalarına ciddi əməl etmək və bu işin çox mühüm və məsuliyyətli olduğunu yadda saxlamaq lazımdır. Çünki götürülmüş orta nümunə toxum partiyasının keyfiyyətini əks etdirməlidir.
Toxum partiyasına düzgün qiymət vermək üçün müxtəlif bitkilərdən müəyyən edilmiş çəkidə bircinsli toxum partiyasından orta nümunə götürülür (bir bitkidən, sortdan, nəsildən, sort təmizliyi dərəcəsindən, ilin məhsulundan, dərman bitkiləri üzrə isə bundan əlavə bir cinsdən olan əkiləcək, saxlanılacaq və ya göndəriləcək hər hansı bir toxumun miqdarına toxum partiyası deyilir). Məsələn, buğda, çovdar, vələmir, qarğıdalı, qarabaşaq, noxud, çəltik, mərcimək, paxla, günəbaxan, gənəgərçək,və s. bitkilərin hər 200 sentnerindən; darı, sorqo, çuğundur 80; yonca, şabdar, çobantoppuzu, qarpız, qabaq, yerkökü, bitkilərinin 20; kartofun hər 2 sentner çəkisində olan toxum materialı bir partiya sayılır. Partiyanın çəkis göstərilən miqdardan artıq olarsa, o qəbul edilmiş çəkidən artıq olmayan yoxlama vahidlərinə bölünür və hər hissədən ayrıca nümunə götürür.
Toxum partiyası yığınlarda saxlanılarsa, nümunələr konus şəkilli və ya silindrik çalovlarla (şuplarla) götürülür. Toxum tığlarının müxtəlif dərinliyindən 3 nümunə: üst qatdan 10 sm dərinlikdə, ortadan yığının tən ortasından və aşağısından döşəmədən nümunə götürülür. Anbarlarda, yığınlarda, avtomaşın və arabalarda olan toxumların 5 yerindən 3 qatdan 15 nümunə götürülür. 20 ton toxum tutan vaqonlardan isə 11 nöqtədən və 3 qatdan 33 nümunə götürülür.
Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə toxum axınından nümunə götürülür.
Elevator quyusundan toxum boşaldıqda və ya yükləndikdə toxum axınından nümunə götürmək üçün xüsusi çömçədən istifadə edərək axının bütün eni boyunda nümunə götürülür.
Toxum bir elevator quyusundan digər elevator quyusuna keçirildikdə, hər ton toxumdan 0,1 kq nümunə götürülür. Qalan hallarda isə hər 20 tondan orta nümunə düzəldilir.
Fermerlər yuxarıda göstərilənlərə hökmən əməl etməlidirlər. Əks təqdirdə külli miqdarda maddi ziyan çəkə bilər.
Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümunədən iki orta nümunə: biri toxumların cücərmə qabiliyyətini, cücərmə enerjisini, xəstəliklərə tutulmasını, mütləq çəkisini, təmizliyini təyin etmək üçün: ikincisi isə toxumların rütubətliyini və anbar zərərvericilərinə tutulmasını təyin etmək üçün götürülür.
Bitkilərin və toxumların iriliyindən asılı olaraq, orta nümunənin çəkisi müxtəlifdir. Məsələn, buğda, çovdar, vələmir, arpa, qarğıdalı, çəltik, noxud, lərgə, günəbaxan, soya və yerfındığından orta nümunənin çəkisi 100 qram; darı, mərcimək, qarabaşaq, çuğundur, qarpız, yemiş və qabaqdan 500 qram; qırmızı şabdar və yoncadan 250 qram; sorqo, sudan otu 200 qram; çoban toppuzu, çovdarotu, pişikquyruğu otu və yerkökündə isə 30 qram olur. Orta nümunə mütləq toxum saxlanılan yerdən götürülür və toxum-nəzarət laboratoriyalarına dərilənə qədər orada saxlanılır. Orta nümunə almaq üçün toxumları hamar səth-stol və ya foner üzərinə töküb xətkeşlə kvadrat şəklində hamarlayırlar. Sonra həmin xətkeşlə toxumları diaqonal xətt üzrə 4 hissəyə bölür və qarşı-qarşıya duran iki üçbucaq götürülərək qalan iki hissə qarışdırılır. Bu əməliyyat müvafiq bitki üçün müəyyən edilmiş çəkidə orta nümunə alınana qədər davam etdirilir. Bundan sonra qarşı-qarşıya duran üçbucağın toxumlarını bir yerə tökür, təmizliyini və cücərmə qabiliyyətini təyin etmək üçün kisəyə doldurulur, rütubətliyi və anbar zərərvericilərinin yoluxmasını müəyyən etmək məqsədilə qalan iki üçbucaqdakı nümunəni kisəyə töküb ağzını möhkəm bağladıqdan sonra surquclayıb parafinləyirlər.
Kisəyə nümunələrə iki nüsxədən ibarət etiketlər yazılır. Etiketdə fermer təsərrüfatının adı və ünvanı, bitkinin adı və sortu, məhsul ili, toxum partiyasının çəkisi, toxum partiyası və nümunənin nömrəsi, kisələrin nömrəsi göstərilir. Etiketlərin biri kisənin xaricindən yapışdırılır, ikincisi isə onların içərisinə qoyulur. Orta nümunə götürüldükdə 2 nüsxədən ibarət akt yazılır, aktlardan biri təsərrüfatda saxlanılır, digəri isə orta nümunə ilə göndərilir. Akta orta nümunənin götürülməsində iştirak edən şəxslər imza edir və o, möhürlə təsdiqlənir.
Toxumun təmizliyinin təyini.
Fermerlər bəzən toxum üçün ayrılmış materialların təmizliyinə, hətta hansı ölkədən gətirilməsinə fikir vermirlər. Nəticədə baha qiymətə aldıqları toxumdan çox aşağı məhsul əldə edirlər. Hətta gələcək əkin üçün həmin məhsuldan toxum kimi istifadə edə bilmirlər. Toxum üçün ayrılmış material təmiz olmalıdır, çünki müxtəlif qatışıqların olması əkin sahəsinin zibillənməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Qarışıqların olması, xüsusilə toxumlar saxlandıqda onun keyfiyyətinin xarablaşmasına səbəb olur. Ona görə də toxum-nəzarət laboratoriyaları toxumların zibillik dərəcəsini və tərkibini yoxlayır. Əgər toxumda zibillik dərəcəsi Dövlət Standartındakından artıq olarsa, laboratoriya toxumların təmizlənməsinə dair göstəriş verir.
Toxumların təmizliyini təyin etmək üçün diqqətlə qarışdırılmış orta nümunədən-qarğıdalı, noxud, lobya və paxladan 200 qr; lərgə, günəbaxan, soya, qarpız və qovaqdan 100 qr; buğda, çovdar, vələmir, arpa və çəltikdən 50 qr; sorqo, sudan otu, uğundurdan 25qr; darıdan 5 qr; pişikquyruğundan 2 qr; şabdar və yoncadan 5 qr miqdarında 2 nümunə götürülür.
Götürülmüş hər nümunə ayrıca təhlil edilərək ştapellə 2 yerə - əsas bitkinin təmiz toxumlarına və çıxara ayrılır. Əsas bitkinin təmiz toxumlarına; rəngindən asılı olmayaraq; içi boş və xırda toxumlardan başqa, kifayət qədər dolğun olmayan toxumlar; rüşeymi qismən zədələnmiş toxumlar; gilafı çatlamış toxumlar; çiçək qruplarının qalıqları qalmış toxumlar.
Tədqiq olunan bitki toxumlarının çıxarına-rüşeymsiz, xırda və cılız, kökcüyü gılafdan xaricə çıxmış və cücərmiş toxumlar; çürümüş toxumlar, əzilmiş və yastılaşmış toxumlar, rüşeymin olub-olmamasından asılı olmayaraq, toxumun 1/3 hissəsindən çoxu itirilmiş, parçalanmış və zədələnmiş toxumlar aiddir.
Canlı zibillərə alaq bitkilərinin toxumu, başqa mədəni bitkilərin toxumu, sürməyə tutulmuş toxumlar, buğda nematodunun fırları, toxumların diri zərərvericiləri və diri sürfələri daxildir.
Cansız zibillərə torpaq və daş parçaları, qum, gövdə qırıqları, toxumsuz çiçək qrupları, meyvə və toxum qalıqları, başqa mədəni bitkilərin zədələnmiş, rüşeymsiz toxumları, digər toxum parçaları, ölü zərərvericilər və ölü sürfələr daxildir.
Nümunədə olan təmiz toxum və çıxarlar ayrıldıqdan sonra 0,01 qr dəqiqliyinə qədər çəkilir və faizi tapılır. Məsələn, 50 buğda dənində cəmi 1,12 qr çıxar olmuşdur. Bu zaman təmiz toxum 50 qr – 1,12 qr = 48,88 qr, yaxud 97,76%-ə bərabər olur. İki nümunə arasında olan fərq yol verilə biləcək miqdardan artıq olmazsa, təhlil qurtarmış hesab olunur, artıq olduqda isə üçüncü nümunə götürülür.
Toxumun cücərmə qabiliyyətinin təyin olunması
Toxumların cücərmə qabiliyyəti, müəyyən edilmiş müddətdə normal inkişaf etmiş cücərtilər verən toxumların sayının, götürülmüş toxumların sayına olan nisbətdir. Cücərmə qabiliyyəti toxumların keyfiyyətini göstərən əlamətlər içərisində ən mühüm cəhətdir. Çünki cücərmə qabiliyyətinə görə səpin norması təyin edilir. Cücərmə qabiliyyətinə malik olan toxumlarla səpin apardıqda sahədə tez və normal cücərti alınır. Cücərmə qabiliyyəti standarta uyğun olmazsa, toxum səpin üçün yararsız hesab olunur.
Cücərmə qabiliyyətini təyin etmək üçün hər birində 100 ədəd toxum olmaqla 4 nümunə, iri toxumlu bitkilərdə (qarpız, qarğıdalı, paxla və noxud) isə 50 ədəd toxum olmaqla 4 nümunə götürülür. Toxumları cücərtmək üçün yataq məqsədilə süzgəc kağızı və ya yundan istifadə edilir.
Toxumlar cücərdildikdə iriliyindən asılı olaraq döşənək üzərində bir-birindən 0,5-1,5 sm aralı məsafədə yerləşdirilir. Qumda cücərdildikdə onun qalınlığına uyğun olaraq basdırılır.
Toxumlar düzüldükdən sonra hər sınaq döşənəyinin üzərinə qeydə alma nömrəsi, nümunə (100 toxum) nömrəsi, cücərmə qüvvəsi və qabiliyyətinin hesablanması tarixini göstərən etiket qoyulmalıdır. Bütün qeydlər adi qara karandaşla aparılmalıdır. Toxumlar termostatda cücərdilməlidir.
Tələb olunan şərtlərə əməl edildikdə toxumun cücərmə qabiliyyəti haqqında düzgün məlumat əldə etmək olar. Buğda, arpa, vələmir, qarğıdalı və çovdar toxumları o vaxt cücərmiş hesab edilir ki, onlar normal inkişaf etmiş, köklərin boyu toxumun uzunluğundan az olmamalıdır. Yumru toxumlarda isə toxumun diametrindən kiçik olmayan, normal inkişaf etmiş kökcüyə malik olan toxumlar cücərən toxum hesab edilir.
Paxlalı bitkilərin toxumları möhkəm ( yonca, şabdar və s.) toxum qabığına malik olduğundan, onlar cücərməyən bərk toxumlar olur. Bu cür toxumlar torpaqda qaldıqda tədricən cücərir. Ona görə də qırmızı şabdar, yaşıl, yaşıl-hibrid, sarı, sarı-hibrid, alabəzək hibrid yonca toxumlarının cücərmə qabiliyyətini təyin etdikdə bərk toxumların sayına onun 75 %-i, qalan birillik və çoxillik paxlalı ot bitkilərində isə 50%-ə qədər toxum əlavə edilir. Həmçinin, verilən sənəddə əlavə olaraq bərk toxumların faizi də göstərilir.
Toxumun təsərrüfat yaralılığının təyini
Fermerlər toxum materialının təsərrüfat yararlığını müəyyən etmək üçün cücərmə və təmizlik faizini bilməlidirlər. Bunları bildikdən sonra toxumluq materialın təsərrüfat yararlığı müəyyən edilir. Tutaq ki, toxumların cücərməsi 97%, təmizliyi isə 96%-dir.
Toxumun təsərrüfat yararlılığını təyin etmək üçün aşağıdakı düsturdan istifadə etmək olar:
Y =
Burada
Y – toxumun təsərrüfat yararlığı;
C – toxumun cücərmə faizi;
T – toxumun təmizlik faizi.
Belə olduqda toxumun təsərrüfat yararlığı belə olacaqdır.
Y =
Demək, 100 kq buğda toxumunun 93 kq-ı təsərrüfat üçün yararlı, 7 kq-ı yararsızdır. Bunun təyin edilməsi səpin normasının düzgün təyin edilməsinə kömək edir. Səpin norması 100 % təsərrüfat yararlığına görə hesablanmalıdır. Məsələn, səpin norması 150 kq/ha və toxumun təsərrüfat yararlığı 93 % olarsa, səpin üçün norma aşağıdakı kimi götürülməlidir.
kq olur.
Deməli, hektara 161 kq toxum səpilməlidir.
Toxumun mütləq çəkisinin təyini
1000 ədəd toxumun quru maddəyə görə hesablanmış qramlarla çəkisinə mütləq çəki deyilir. Hər sortun toxumunun həmin sorta məxsus orta mütləq çəkisi vardır. Bitkilərin becərilmə şəraitindən asılı olaraq bu orta çəki artıb azala bilər. Mütləq çək müxtəlif bitki toxumlarının iriliyini göstərir, sort daxilində isə toxumun ehtiyat qida ilə nə dərəcədə dolmasını xarakterizə edir. Kənd təsərrüfatı bitkilərin yüksək mütləq çəkiyə malik olan toxumla təmin etdikdə, bu cür toxumdan qüvvətli bitki inkişaf edir və yüksək məhsul verir.
Toxumun mütləq çəkisini təyin etmək üçün götürülmüş toxum nümunəsi əvvəlcə hər cür zibildən təmizlənir və qarışdırılır. Sonra normal rütubətliyə malik olan toxumlardan seçməmək şərti ilə bir nümunə ayrıldıqda texniki tərəzidə 0,01 qr dəqiqəliyinə qədər çəkilir. Sonra bu iki nümunədən orta rəqəm tapılıb ikiyə vurulur. 1000 ədədin çəkisi, yəni mütləq çəki tapılır. Əgər iki nümunə arasında 3 %-dən çox fərq olarsa, üçüncü nümunə götürülür. Toxumlar xırda olduqda (məsələn, yonca, tütün, tərəvəz bitkilərinin toxumlarından) birdəfəlik seçmədən 1000 ədəd toxum sayılır və çəkilir. Alınan rəqəm mütləq çəki hesab edilir.
Sortdan, iqlim, aqrotexniki və torpaq şəraitindən asılı olaraq mütləq çəki müxtəlif bitkilərdə dəyişilir. Məsələn, qarğıdalı mütləq çəki 100 qramdan 500 qramadək; darıda 4 qramdan 8 qramadək; çəltikdə 23 qramdan 40 qramadək; noxudda 150 qramdan 28 qramadək; buğdada 30 qramdan 42 qramadək və bəzən çox; lobyada 120 qramdan 600 qramadək və daha çox olur.
Qərb bölgəsinin fermer təsərrüfatları yüksək keyfiyyətli toxum məhsulu yetişdirilməsi və ya əldə edilməsində bilavasitə maraqlı olmalıdırlar. Çünki yalnız cins, məhsuldar toxum materialı ilə öz əkin ehtiyaclarını təmin edən təsərrüfatlar sahələrdən yüksək məhsul əldə edilməsinə nal ola bilərlər.
Belə olan halda bütün torpaq mülkiyyətçilərinin rifah halı yaxşılaşar və ölkəmizdə kənd təsərrüfatı məhsullarının bolluğu yaradılmasına nail olunar.

Dostları ilə paylaş: |