Təəssüf ki, alıcılara bəzi mərkəzi mağazaların xidmət səviyyəsinin yaxşılaşmasını arzulamaq qalır
Nigar MƏLİKOVA
Yəqin ki, sizlərin arasında yayda Bakının istisinə dözərək Xəzər sahillərində dincələnlər də, mağazaları dolaşaraq özlərinə rəngarəng libaslar almağa üstünlük verənlər də olub. Bu vərdiş xüsusilə də çantanda kifayət qədər pul və boş vaxtın olanda adama ləzzət verir. Belə anlarda qadınların əhval-ruhiyyəsini korlamaq ən arzuolunmaz haldır. Gözəl əhval-ruhiyyə ilə paytaxtın mərkəzi küçələrində yerləşən və bir-birindən yaraşıqlı mağazalara yollanırıq. Hesab edirik ki, Bakının günü-gündən inkişaf etməsi ilə bağlı söylədiyimiz fikirlərimizə siz də şərik çıxacaqsınız. Belə ki, çoxmərtəbəli binalar, ofislər, müasir üslublu otel və mağazalar, müasir interyer və s. göz oxşayır.
Təəssüf ki, bütün bunların müqabilində xidmət sahəsində bir çox ölkələrdən geri qalırıq. Əlbəttə, hər sahənin öz xüsusiyyətləri var. Madam ki biz mağazalardakı xidmət səviyyəsindən söz açdıq, elə mövzunu da bu istiqamətdə davam etdirməyə qərar verək. Mən mağazalarda çalışan gözəl qızlardan söz açmaq istəyirəm. Çünki məhz onlar sizə lazım olan və yaraşan libasın seçilməsində yardımçı olurlar.
İndi haqqında danışacağımız əhvalatları heç də paytaxtın bütün mağazalarında çalışanlara aid etmək olmaz. Amma gətirəcəyimiz nümunələr ümumi vəziyyəti əks etdirir. Onu da qeyd edim ki, mövzuya müraciət etməyimizin əsas səbəblərindən biri də belə halların kütləviləşməsidir. Çünki əksər qadınların, demək olar, hər dəfə mağazalara üz tutanda analoji hadisə ilə rastlaşmaları qaçılmazdır.
Beləliklə, ilk olaraq üz tuturam paytaxtın mərkəzində yerləşən "Torqovaya" küçəsinə. Daxil olduğum ilk mağazada məni ortaboylu satıcılar qarşılayırlar. İlk əvvəl məni başdan ayağa süzür, intuitiv olaraq müəyyən etməyə çalışırlar ki, mən burada nə qədər pul xərcləyə bilərəm (və ya ümumiyyətlə, xərcləməyə hazırlaşırammı). Bununla da onlar alıcı ilə söhbətə vaxt və enerji itirməyin gərəkliyini təxmin edirlər. Əlbəttə ki, bu məqamda onları müəyyən qədər anlamağa çalışıram. Çünki alıcının mağazanı alış-veriş edərək tərk etməsi onların işlərinin əsas hissəsinə aid olan məqamdır. Amma razılaşın ki, satıcılar alıcını elə qarşılamalıdır ki, onlar qarşı tərəfin narazılığını, xüsusilə də sizin alıcılıq qabiliyyətinizin aşağı olmasını hiss etdirməməlidirlər.
Sizin imkanlı alıcı olduğunuzu hiss edən satıcı bütün suallarınızı, digər alıcılara fikir verməyərək, həvəslə cavablandırır və bunun müqabilində mağazaya daxil olan digər alıcının hüquqları müəyyən qədər pozulmuş olur.
Yəqin ki, xatırlayırsınız, bir neçə il əvvəl mağaza satıcısından "Bunun qiyməti neçəyədir?" deyə soruşduqda "bahalıdır" cavabını eşidirdiniz. Düzdü, bu gün belə faktlar azalsa da, amma yenə də rast gəlinəndir. Təəssüf ki, bu gün də özünü mağaza sahibəsi hesab edən satıcılar var. Onlar dərk etmirlər ki, belə hərəkətlərlə ilk növbədə işlədikləri mağazanın imicinə zərbə vurmuş olurlar. Alıcı və satıcı arasında yaranmış uğurlu əlaqə bu və ya digər mağazanın müasir tələblərə nə qədər cavab verməsindən irəli gəlir. Müştəriyə göstərilən yüksək xidmət bu biznesin inkişafı üçün qoyulmuş sərmayənin müəyyən faizini təşkil edir. Müştərini alçaltmaqla onlar bura gələnlərin sayının tədricən azalmasına rəvac vermiş olurlar. Digər tərəfdən xatırlatmaq istərdik ki, bütün insanlar bərabərdir və müştərilər arasında süni şəkildə fərq yaratmaq onlara qarşı münasibətdə ayrı-seçkiliyə yol vermək deməkdir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində deyilir: "Bütün vətəndaşlar ticarət və digər xidmət sahəsində istehlak hüquqlarından bərabər formada yararlana bilərlər. İstehlakçı hüquqlarının bu və ya digər formada pozulması yolverilməzdir. İstehlakçının hüquqlarının pozulacağı təqdirdə ticarət və ya digər xidmət sahəsində fəaliyyət göstərən satıcı (icraçı) qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyır".
Qeyd edim ki, "xidmət personalı" və ya "satıcı" ifadələrini işlətməklə mən kiminsə peşəsini alçaltmaq niyyətindən uzağam. Lakin yazılı, eyni zamanda, yazılmayan qanunlar var ki, iş prosesində onlara əməl edilməlidir. Mağaza işçiləri sizin bu və ya digər mala marağınızı hiss etdikdə həddən artıq yüksək qayğı nümayiş etdirir və sizi az qala bəyənmədiyiniz əşyanı belə almağa məcbur edirlər. Hətta bəziləri etik normaları belə aşaraq seçdiyi libasın ona yaraşıb-yaraşmadığını yoxlamaq üçün mağazada ayrılmış kabinəyə keçənlərə imkan vermədən içəri daxil olur və geyimin alıcıya necə yaraşdığı barədə fikirlər söyləyir. Əgər bütün bu "əziyyətlər"dən sonra oranı əliboş tərk edirsinizsə, halınıza acımaq olar. Yəqin ki, belə hallarda satıcının əsəbi simasını təsəvvür etmək o qədər də çətin deyil. Xüsusilə də belə məqamları kənardan müşahidə etmək maraqlıdır. Satıcı kifayət qədər böyük ölçüləri olan müştəriyə kiçik ölçülü kofta və ya şalvar almağı məsləhət görür. Hətta onu inandırmağa çalışır ki, libasın əyində bu formada dayanması müasir dəblə bağlıdır. Onu da deyim ki, onlar bu işi o qədər peşəkarlıqla və inamlı şəkildə icra edirlər ki, bəzən öz zövqünə belə şübhə etməyə başlayırsan.
İndi isə bir qədər fərqli kateqoriyada təmsil olunan satıcılardan söhbət açaq. Əminəm ki, hər biriniz mağazalara daxil olarkən satıcının müştərinin arxasınca deyindiyinin şahidi olmusunuz. Yəni, ənənəvi sözlər - "gəldi, geyindi, amma heç nə almadı. Əvəzində vaxtımı aldı". Təəssüf ki, çox vaxt onlar bu narazılıqlarını leksikonda özünə yer almış xoşagəlməz ifadələrlə bildirirlər. Amma qeyd etmək lazımdır ki, sizin gəlişinizlə onun üzünə "təbəssüm" qonur. Necə ki, bir neçə dəqiqə əvvəl indi haqqında danışdığı müştəriyə gülümsəmişdi. O dəqiqə düşünürsən ki, sən də buranı əliboş tərk etsən, səni də əvvəlkinin taleyi gözləyir.
Bu məqamda sevimli satıcılarımıza xatırlatmaq istərdim ki, müştəriyə xidmət göstərmək onların birbaşa və başlıca vəzifəsidir. Mağazaya daxil olarkən əsəbiləşmiş satıcının işlətdiyi ifadəni oxucularla bölüşmək istərdim: "Bu xaricilər lap qudurublar. Onlar da endirim istəyirlər". Düşünmək olar ki, əcnəbilər də bizim kimi adam deyillər.
Əlbəttə ki, satıcının öz şəxsi fikri ola bilər. Amma bu fikir digər insanları təhqir etməməlidir. Bu gün yayılmış hallardan biri də satıcıların müştəriyə müraciət formasıdır. Ona müraciətdə "siz" əvəzliyini işlətsəniz də, cavabında eşitdiyiniz "sən" variantı o qədər də ürəyinizcə olmur. Sizi bilmirəm, amma bu hal şəxsən mənim xoşuma gəlmir. Ola bilər ki, satıcılar bu müraciət forması ilə müştəriyə bir qədər də yaxın olacaqlarını düşünürlər və bu "yaxınlıq"dan istifadə edərək ona çoxdan piştaxtada yatıb qalan libası, əşyanı və s. "soxuşdura" (ifadəyə görə üzr istəyirəm) bilsinlər.
Tez-tez rastlaşdığımız hallardan biri də bəyəndiyi libası almaq istəyən müştərinin münasib ölçünü tapmamasıdır. Belə olan halda əksər satıcılar minnətlə "əgər siz doğrudan da alacaqsınızsa, mən böyük ölçüsü olanı sizin üçün gətirərəm", deyir. Düşünmək olar ki, bu satıcının görəcəyi işlər sonsuzdur və müştəriyə xidmət göstərmək onların arasında ən vacibi deyil. Əlbəttə, çox əsəbi işdir.
Daha bir kateqoriyalı satıcılara kosmetik vasitələrin satıldığı mağazalarda rast gəlmək olur. Deməzdim ki, onların özlərini aparma tərzi digər həmkarlarınkından seçilir. Əsla. Fərq sadəcə, xarici görünüşdədir. Daha doğrusu, yaranmış imkandan istifadə edərək kosmetikadan gen-bol istifadə edirlər. Xüsusilə də parlaq rənglərdən. İnanın ki, heç nəyi şişirtmirəm. Həm də bunu deməyə nə ehtiyac, siz özünüz hər şeyin şahidisiniz.
Çoxları hesab edirlər ki, satıcı işləmək üçün xüsusi bilik tələb olunmur. Siz mağaza sahibi kimi satıcının ixtisasının artırılmasına vəsait sərf etsəniz, ən azı onları müştəri ilə davranmağın əsas prinsipləri ilə tanış etsəniz, əmin olun ki, istehlakçı ilə münasibətləri necə qurmağın dərinliklərini aşkar edəcəksiniz. Aydındır ki, alıcısız sizin biznesiniz istədiyiniz formada inkişaf edə bilməz.
Əvvəllər mağazalarda şikayət kitabçası olurdu. Məncə, bu sahibkarın öz işçilərinin fəaliyyətini qiymətləndirmək baxımından çox mühüm təcrübə idi. Nəticədə kitabçaya qeyd edilən məqamlar nəzərə alınaraq xidmətin səviyyəsini yüksəltmək mümkün olurdu.
Razılaşın ki, mövzu çox maraqlıdır və onu davam etdirərək ticarətin müxtəlif sahələrində təmsil olunan satıcıları xarakterizə etmək olar. Onların hər birinə ayrıca məqalə həsr etmək lazım gələrdi. Amma nümunələr gətirərkən və hansısa hadisə ilə bağlı fikirlərimi sizinlə bölüşərkən heç kəsin qəlbinə dəymək istəmədim. Amma əminəm ki, çoxları bunu oxuyub öz obrazlarını mütləq görəcəklər.
P.S. Bütün təklif və əlavələr qəbul edilir.
Hörmətli oxucular "Öz hüquqlarınızı bilin" rubrikasında sizi maraqlandıran sualları Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin hüquqşünası Pərviz İsgəndərov cavablandırır.
* Ər və arvadın birgə mülkiyyəti və ümumi əmlakının bölünməsi məsələsi necə həll olunur?
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, ər-arvadın birgə mülkiyyəti onların nikah müddətində əldə etdikləri əmlakdan ibarətdir. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas ümumi iştirakçılıqdır. Ona görə də ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların birgə mülkiyyəti sayılır.
Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri; ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına və kim tərəfindən qoyulmasından asılı deyil və ümumi birgə mülkiyyətə daxildir. Həmin əmlakın nikah dövründə əldə edilməsi onun ər-arvadın birgə ümumi mülkiyyəti olmasının əsas sübutudur.
Ümumi əmlak üzərində sahiblik hüququna nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər ümumi səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də malikdir. Göstərilən norma, əsasən, işləməyən qadınların qanuni hüquqlarının müdafiəsinə yönəldilmişdir. Qadınların ailədəki əməyi ərlə arvadın hüquq bərabərliyi prinsipinə əsasən, işləyən kişinin (ərin) əməyi ilə bərabərləşdirilir. Qeyd etmək lazımdır ki, birgə ümumi mülkiyyətin əmələ gəlməsinin əsasını qanunun tələb etdiyi qaydada bağlanmış nikahda qazanılmış əmlak ər-arvadın birgə mülkiyyəti təşkil edir. Yəni, VVADQ orqanında bağlanmış nikahda qazanılmış əmlak ər-arvadın birgə mülkiyyəti sayılır.
* Valideynlik hüquqlarından məhrumetmə qaydaları necə həll edilir?
Uşağın hüquq və mənafelərinin müdafiə edilməsi üçün görülən bütün tədbirlər lazımi nəticə vermədikdə valideynlik hüquqlarından məhrumetmə valideynlərə tətbiq edilən son tədbirdir. Ailə Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq, valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən, onların iştirakı ilə baxır.
Məhkəmədən başqa heç bir orqan valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı məsələyə baxmaq hüququna malik deyil. Bu kateqoriyalı işlərə məhkəmə tərəfindən mülki mühakimə qaydasında baxılır. Məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə haqqında iddia qaldırmaq hüququ olan şəxslər aşağıdakılardır:
a) valideynlərdən biri (və ya onları əvəz edən şəxslər, yəni qəyyum, himayəçi, himayədar valideynlər);
b) yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsini təmin etmək vəzifəsi həvalə olunan orqanlar - qəyyumluq və himayəçilik orqanı, yetkinlik yaşına çatmayanların işi üzrə komissiyalar, yetim uşaqlar və valideyn himayəsindən məhrum olan uşaqların tərbiyyəsi ilə məşğul olan müəssisələr və əhalinin sosial müdafiəsi müəssisələri.
Digər maraqlı şəxslər (məsələn, yaxın qohumlar, qonşular) və ya orqanlar valideynlik hüquqlarından məhrumetmə iddiası ilə bilavasitə məhkəməyə müraciət etmək hüququna malik deyillər. Onlar bunu müvafiq orqanların vasitəsi ilə, onların qarşısında vəsatət qaldırmaqla bu barədə işin baxılmasına nail ola bilərlər.
Ailə Məcəlləsinin 65-ci maddəsində göstərilməyən orqanın və ya şəxslərin valideynlik hüquqlarından məhrumetmə haqqında iddiası ilə məhkəmədə baxılan iş üzrə qəbul olunmuş qətnamə ləğv edilə bilər. * Dövlət pensiyalarının növləri hansılardır?
Dövlət pensiyalarının aşağıdakı növləri var:
1. Əmək pensiyaları:
a) yaşa görə;
b) əlilliyə görə;
s) ailə başçısını itirməyə görə;
ç) xidmət illərinə görə.
2. Sosial pensiyalar.
Qeyd: Sosial pensiyalar əmək qabiliyyəti olmayan işləməyən vətəndaşlara əmək pensiyası almaq hüququ olmadıqda təyin edilir və ödənilir.
* Uşağın ad və soyadını necə dəyişdirmək olar?
Hər bir uşağın ad, ata adı və soyadı daşımaq hüququ var. Uşağın adı və soyadı valideynlərinin qarşılıqlı razılığına əsasən, ata adı isə atasının adına əsasən verilir. Uşağın soyadı valideynlərinin soyadı ilə müəyyən edilir. Valideynlərin soyadı müxtəlif olduqda, onların hər ikisinin razılığı ilə uşağa atanın və ya ananın soyadı verilir. Uşağın atasını müəyyən etmək mümkün olmadıqda, uşağın soyadı anasının soyadına əsasən verilir (AM, 53-cü maddə).
Uşaq nikahda olmayan anadan doğulubsa və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi yoxdursa, uşağın atasının adı ananın göstərişi üzrə yazılır (AM, 46.3-cü maddə).
Qüvvədə olan qanunvericilik uşağın adının və soyadının dəyişdirilməsinə yol verir. Qəyyumluq orqanları və himayə orqanları uşaq 18 yaşına çatanadək onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər (AM, 54.1-ci maddə).
Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə, qəyyumluq və himayə orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Qanunvericilikdə bu məsələ ilə bağlı digər valideynin rəyinin nəzərə alınmadığı hallar da göstərilir. Belə ki, digər valideynin yerini müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyi nəzərə alınmaya da bilər (AM, 54.2-ci maddə).
Uşaq nikahda olmayan şəxsdən olubsa və atalıq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, qəyyumluq və himayə orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının ananın daşıdığı soyada dəyişdirilməsinə icazə verə bilər. Bu, uşağın 10 yaşı tamam olduqda onun öz razılığı ilə həyata keçirilə bilər (AM, 53.4, və 54.4-cü maddələr). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadının dəyişdirilməsi VVADQ orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər (AM, 158.2 və 159.2-ci maddələr).
Əziz oxucular, "Femina" əlavəsinin "Poçt qutusu" rubrikasında sizin suallarınızı Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin psixoloqu Gülarə Hüseynbalayeva cavablandırır.
* "Femina"ya müraciət edilən məsələlərdən biri həyat yoldaşının hobbiyə malik olması, bundan qadınların əzab çəkməsi problemidir.
Hər bir insanın həyatında bu və ya digər hobbi var. Bunlar aşağıdakılardan ibarət ola bilər: marka yığmaq, futbol, idman, kart, alkohol, yoqa və s. Bütün bunlar insanı o qədər özünə cəlb edir ki, bəzən o özü də bilmədən yaratmış olduğu hobbi həyatında yaşamağa başlayır. Buna o qədər aludə olur ki, ətrafdakıları yaddan çıxarır, bəzənsə bu məşğuliyyətlə ətrafdakılara əzab verir.
Həyat yoldaşının hər hansı bir hobbiyə malik olması qadınları özündən çıxarır, onların daha çox həmin işlə məşğul olmasından şikayətlənirlər. Əgər həyat yoldaşınız illüziya dünyasına qapılıbsa, ətrafdan xəbəri yoxdursa, bunun qarşısını almaq olar. Bu, elmdə patoloji asılılıq kimi ifadə olunur. Bunun qarşısını almaq istəyirsinizsə, özünüzə bir neçə sual verin: siz bundan əzab çəkirsiniz? Yoldaşınız buna nə dərəcədə aludə olub? Nə qədər vaxt ayırır? Evdə hər hansı bir iş görürmü? Ailəsi ilə gəzməyə gedirmi? İşdə bu işlə məşğul olurmu? Söhbətləri ancaq bu mövzuda qurulub?
Əgər bu kimi suallara daha çox təsdiqləyici cavablar alırsınızsa, onda sizin yoldaşınız artıq öz hobbisindən asılı vəziyyətdədir. Əlbəttə, siz çox zaman həyat yoldaşınızın pis hobbisindən danışırsınız, onun sizə necə əzab verdiyini söyləyirsiniz. Ancaq siz onu da bilməlisiniz ki, bəzi hobbilər insan üçün böyük əhəmiyyət daşıyır.
Bəzi hobbilərin çoxu böyük enerji sərfinə gətirib çıxarır. Bu da insanın bədənində olan artıq enerjinin çıxmasına səbəb olur. Artıq qalan vaxtın necə sərf olunmasının da böyük əhəmiyyəti var; məsələn: hər hansı bir etiketin kolleksiyası alkoholizmdən, bilgisayarda oynanılan oyunlar isə kazinodan çəkindirir.
Həyat yoldaşınızın hər hansı bir hobbisini tərgitməyə çalışdıqda ətrafdakılarla və ya psixoloqla məsləhətləşməyə çalışın. Əgər buna imkanınız çatmırsa, onda aşağıdakıları edə bilərsiniz.
Bunun üçün ilk növbədə hər ikiniz oturub səmimi söhbət aparmalısınız. Onun bu işdən əl çəkməsini, ailənizə daha çox vaxt ayırmasını xahiş etməlisiniz. Əgər bunun köməyi olmasa, onun hərəkətlərinə nəzarət etməli və ona öz kömək əlinizi uzatmalısınız. Əgər bütün bunlar sizə kömək etmirsə, onda aşağıdakı vasitələrdən də istifadə edə bilərsiniz.
O, hobbisinə qapıldığı zaman xoş anlarınızda çəkdirdiyiniz hər hansı bir şəkil və ya videosüjeti ona göstərmək olar və ya onun hobbisinə qapıldığı anda şəklini və ya videosunu çəkərək saxlamaq, sonra ona müqayisə etmək üçün hər iki anının şəklini və ya videosüjetini göstərmək olar. Bu zaman həyat yoldaşınız özünün necə zəif adam olduğunu, acizliyini görəcək. Heç bir kişi özünün aciz, yazıq, zəif adam olmasını istəmir, bu hala düşməsini arzulamır, ətrafdakıların onu güclü varlıq kimi qəbul etməsini istəyir. Bunu anladıqdan sonra o, hobbisindən bir qədər soyumağa çalışacaq.
Lakin bu üsul da ona kömək etmirsə, sizin başqa bir əlacınız var. Hobbisi ilə məşğul olduğu vaxt onu hər hansı bir bəhanə ilə qonaqlığa, gəzintiyə, ev işlərinə, şam süfrəsinə və s.-yə dəvət edin. Lakin bura özünüzün və ya uşağınızın xəstəliyi bəhanəsi aid edilməməlidir. Bəzi qadınlar var ki, ərini hər hansı bir işdən ayırmaq üçün özlərinin və uşaqlarının xəstəliyindən istifadə edirlər. Lakin bu, çox vaxt yaxşı səmərə vermir. Bu cür yalanların üstü açıldıqda yoldaşınızın sizə qarşı marağı sönəcək, inamı itəcək.
Əgər bütün bunlar sizə kömək edə bilmirsə, onda həm onu, həm də özünüzü seçim qarşısında qoyun: ya bu problemdən qaçın, ya da onu bu problemdən qurtarın; ya bu problemlə yaşamağa çalışın, ya da boşanın.
Onu bu problemdən qurtara bilmirsinizsə, onda yaxşı bir psixoloqla məsləhətləşin.
* "Femina"ya müraciət edilən məsələlərdən biri də qadınların həyat yoldaşlarının qız rəfiqəsi olduğundan şikayətlənməsidir.
Çox vaxt qadın və kişi arasında olan dostluğa bəzi insanlar inanmırlar, ona görə ki, özləri buna qadir deyillər. Əlbəttə, siz əgər bundan əzab çəkirsinizsə, tezliklə həmin qızdan (qadından) yoldaşınızı ayırmağa çalışırsınızsa, dayanın. Hər bir qadın istər ki, ərinin həyatında başqa qadın olmasın. Buna baxmayaraq özünüzü ələ almalısınız. Əgər həyat yoldaşınızın rəfiqəsinə qarşı mübarizəyə başlamısınızsa, düzgün yol seçməmisiniz.
Əgər onlar artıq bir neçə ildir dostluq edirlərsə, siz isə təzə ailə qurmusunuzsa, deməli, bu dostluğun kökü daha dərindir. Siz onu öz hərəkətlərinizlə itirə bilərsiniz. Bəzən dostluq hissi məhəbbətdən güclü olur. Düzdür, çox vaxt əksinə də olur - məhəbbətə üstünlük verirlər. Lakin yaddan çıxarmaq lazım deyil ki, bu vəziyyət insanın xarakterindən asılıdır.
Rəfiqəsini ondan ayırmağa çalışsanız, sonra onun sizə qarşı münasibəti dəyişəcək, dostları ilə sizi tanış etməyəcək. Bundansa həmin qadınla münasibət qurmağa çalışın. Əgər o ancaq həmin qızla dostluq edirsə, onu tezliklə sizə təqdim edəcək. Hər bir qadın rəfiqə ilə sevgilini ayıra bilər. Əgər onlar birlikdə olduqda bir-birləri ilə tez-tez baxışırlarsa, toxunmağa, təklikdə qalmağa çalışırlarsa və s. onda siz sevgililərlə rastlaşmışsınız. Buna görə də ciddi tədbirlər görməyə çalışın. Yox, əgər bu həqiqətən dostluq münasibətidirsə, siz onun timsalında özünüz üçün yaxın dost tapa bilərsiniz.
Əgər həyat yoldaşınızla aranızda hər hansı bir münaqişə baş verərsə, onun rəfiqəsi "qadınlıq həmrəyliyi" nümayiş etdirərək sizin tərəfinizi saxlayacaq, münaqişəni sizin xeyrinizə həll etməyə çalışacaq.
Əgər həmin qadın xoşunuza gəlməyibsə, bunu özünüzə məcburi qəbul etdirməyə çalışmayın. Buna qarşı rədd cavabı versəniz, yoldaşınız sizdən kənarlaşmağa çalışacaq. Hər zaman bu məsələ ilə əlaqədar ehtiyatlı olmağa çalışın. Bilin ki, dostluq məhəbbətdən güclü ola bilər. Yuxarıda qeyd etdiyim kimi, bu, məhəbbətin gücündən də çox asılıdır, əgər sizin məhəbbətinizin təməli möhkəmdirsə, hər bir maneəyə davam gətirməyə qadirdirsə, onda bu cür problemlər onun üçün heç nədir. Siz bunun öhdəsindən layiqincə gələ bilərsiniz. Dostluqla məhəbbəti bir arada yaşada bilsəniz, ona qalib də gələ bilərsiniz. Əlbəttə, bu sizdən asılı vəziyyətdir.
* Çox vaxt bizə gözəl, lakin işgüzar qadınların ailə qura bilməməsi ilə bağlı da müraciət edirlər.
Bir çox qadınlar özlərini işlə, karyera ilə bağlayaraq şəxsi həyatlarına heç fikir vermirlər. Onlar karyera pilləsində addımbaaddım yuxarı qalxdıqca arxada qalan şəxsi həyatlarını yaddan çıxarırlar. Hər bir addım onların şəxsi həyatlarına bir kölgə salır. Hər bir addımı atarkən qabaqlarına çıxan kişilərdə və ya məhəbbətdə sanki nəyinsə çatmadığını düşünür və ya vaxt çatışmazlığı ucbatından şəxsi həyatlarını qura bilmirlər.
İşdə ilk əvvəl hər şeyin yaxşı getdiyini görərək onlar özlərində bir yüngüllük hiss edirlər. Lakin elə anlar olur ki, adam özünə qapılır, həyatın mənasızlığını, heç bir stimul olmadığını fikirləşərək, həyatını göz qabağına gətirir. Beləliklə, real variantları nəzərdən keçirir, hər bir namizədin üstündən xətt çəkərək "yox" cavabı verir. Ətrafdakıların bu barədə fikirləşməsi, ailə qurmaq vaxtının çatdığı haqqında söhbətlər həmin qadınlara toxunur, bu söhbətdən qaçmağa çalışırlar. Həmin söhbətlərin qarşılığında ancaq bir kəlmə söz deyirlər: "Hələ ki lazımi namizədi tapmamışam".
Bu söhbətlərdən təngə gələrək bəzən real namizədlərlə əlaqə saxlamağa çalışır, lakin son anda bu fikirdən qaçır, birinci addımı atmaqdan qorxurlar. Beləliklə, bu qadınların günləri illərlə əvəz olunur.
Əlbəttə, bəzi işgüzar qadınlar güclü şəxs axtarmaqla səhvə yol verirlər. Hər şeyin səbəbi xəyallardadır. Siz ailənin başçısını və kişini axtarmaqla səhvə yol verirsiniz. Bəlkə də o sizin yanınızdadır, amma siz onu görmək istəmirsiniz. Siz güclü şəxs axtarmaqla hər hansı bir asılılığa düşməkdən qorxursunuz. Lakin bilmirsiniz ki, kişi zəif və ya güclü olsa belə, sizə hər zaman dayaq olacaq.
Bir daha qeyd etmək lazımdır ki, qadınlar işdən gələrkən tez xörək hazırlayıb, yemək yeyib süfrəni yığışdırmağa çalışırlar. Elə bil hər hansı bir vəzifəni icra etməyə çalışırlar. Məgər həyat yalnız bundan ibarətdir? Dincəlmək, ailə ilə birlikdə olmaq daha vacib deyilmi? Evdə hər bir kişiyə rəis yox, onu başa düşən, sevimli bir qadın lazımdır. Həmçinin işdə sizi ancaq işgüzar qadın kimi görməməlidirlər. Qadın gözəlliyi heç bir işə mane ola bilməz.