GöZƏLLİK İnsanin daxiLİNDƏDİR


AZƏRBAYCANDA GENDER MÖVZUSUNDA İLK DOKTORLUQ İŞİ



Yüklə 161 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü161 Kb.
#1361
1   2   3   4
AZƏRBAYCANDA GENDER MÖVZUSUNDA İLK DOKTORLUQ İŞİ

Rəna Mirzəzadə tədqiqatlar zamanı maneələrlə üzləşdiyini etiraf edir

N.İSMAYILOVA, G.ƏSƏDOVA

Azərbaycanda gender probleminin öyrənilməsinə 1997-ci ildən başlanıb. Lakin bu sahədəki araşdırmalar ardıcıl olmayıb. Gender problemini elmi şəkildə ilk tədqiq edən Rəna Mirzəzadə bu sahənin maraqlı və çətin tərəflərindən danışır.


AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşı, tanınmış ictimaiyyətçi və politoloq qadın, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin elmi işi "Gender - tarixi, fəlsəfi və siyasi-hüquqi istiqamətlər" mövzusuna həsr olunmuşdur. Hərəkətləri və danışığında çox ciddidir, görkəmi bir qədər sərt xarakterli, əsl hökmlü qadın tipidir. Amalı yaratmaq, öyrənmək və öyrətməkdir. Kitablara qarşı çox diqqətlidir. Kredosu yazmaqdır. Emosional olsa da, güclü xarakteri emosiyaları cilovlamağa kömək edir. Ləyaqətli Qadın və nümunəvi Anadır.
Rəna xanım deyir ki, o, genderlə bağlı ilk mühazirələri 1994 - 95-ci illərdə "Qadın və İnkişaf" Mərkəzində Kaliforniya Universitetindən dəvət olunmuş professor Nairə Töfidinin ilk çıxışlarından eşidib. Eşitdikləri onun elmi işlərində, tədqiqatlarında bir inqilab edib:
"O mənada ki qadın və siyasət məsələlərini öyrənir, tədqiq edirdim və mən artıq gender üzrə məsələləri araşdırmağa başladım. Bu araşdırmada ilk öncə genderin tarixini öyrənməyi məqsədəuyğun hesab etdim. Bundan əlavə məsələnin fəlsəfi, siyasi və hüquqi istiqamətləri də məni maraqlandırdı. Bu maraq doktorluq dissertasiyamı "Gender - tarixi, fəlsəfi, siyasi, hüquqi istiqamətlər" mövzusunda işləməklə nəticələndi".
Mövzu Azərbaycan cəmiyyəti üçün yeni və qəbuledilməz olsa da, tədqiqatçı işinə sorğulardan başlayıb. "Üç istiqamətdə sosioloji sorğu apardım. İlk öncə siyasi partiyalarda cinslərin yeri və rolunu öyrəndim. İkinci istiqamətdə Azərbaycanın bölgələrində cinslərin ictimai statusu, onların yeri və rolunu, qarşılıqlı münasibətlərini gender aspektində öyrənməyə üstünlük verdim. Üçüncü isə sosial-hüquqi aspekt idi. Bunun üçün Qadın İslah-Əmək Müəssisəsində oldum və qadınların hüquqlarını öyrənməyə cəhd etdim".
Qeyd edək ki, Rəna xanımın sorğusunda 500-dən artıq respondent iştirak edib. Tədqiqat apararkən o, Qərb, Rusiya və Türkiyə genderşünaslarının əsərlərinin geniş və sistemli müqayisəli təhlilini aparıb. Aparılan tədqiqatın daha bir maraqlı tərəfi Azərbaycan elmi ədəbiyyatının gender aspektində təhlilidir. Müsahibimizin sözlərinə görə, gərgin işin nəticəsi kimi dolğun bir material ortaya qoymağa nail olub.
Rəna xanım deyir ki, cəmiyyət bu gün də "gender" məfhumunu böyük çətinliklə qəbul edir. Cəmiyyətin qəbul etmədiyi mövzunu elmdə qəbul etdirmək təkcə onun üçün deyil, bu sahənin digər tədqiqatçıları üçün də çətin olub. "Bəzən düşünürdülər ki, gender bir qızdır, qadın haqqında problemdən bəhs edir. Bu belə deyil. Gender cinslərin qarşılıqlı münasibətləridir, cinsin mədəni niqabıdır, sosial təcrübədə meydana çıxan sosial fərqdir". Tədqiqat müddətində bu təvazökar alim-qadın bir şeyə əmin olub ki, Azərbaycandakı mövcud qanunlar gender münasibətlərini dəstəkləyir. Amma gerçəklik necədir?
Tədqiqatçının sözlərinə görə, ümumi vəziyyəti təhlil edəndə disbalans ortaya çıxır. Bu nədən ibarətdir? Onun fikrincə, siyasəti idarəetmədə qadınların faizi çox aşağıdır: "Parlamentdə qadınların təmsil olunma faizi ilə razılaşmaq olar da, olmaz da. Burada belə bir fərqli sualı qoymaq lazımdır - qadınlar özləri irəli getmək istəyirlərmi?" Rəna xanımın qənaəti belədir ki, qadınlar ailədə olduğu kimi, burada da birinciliyi kişilərə verirlər.
Bu istiqamətdə tədricən iş görülsə də, ümumi mənzərəni qənaətbəxş hesab etməyən müsahibim icra başçıları arasında qadınların azlığını, nazir postunda isə ümumiyyətlə bir nəfərin təmsil olunduğunu (komitə sədri prof. Zəhra Quliyeva) vurğulayır.
Gender problemi ilə bağlı seminarlar keçirilsə də, buna kitablar həsr edilsə də, bu mövzuda doktorluq dissertasiyası işi respublikada ilk dəfədir. Rəna xanım tədqiqatlar zamanı maneələrlə üzləşdiyini də etiraf edir. O qeyd edir ki, elmi elitanın əksər nümayəndələri bu mövzunu qəbul etmirdilər. Hətta onların arasında "mövzunu niyə bu məsələyə həsr etdiniz?" deyənlər də olub.
Amma bu işdə tək olmadığını söyləyən Rəna xanım göstərdiyi dəstəyə görə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, professor Yusif Rüstəmova, elmi məsləhətçi Əli Abbasova və elmi redaktor Zümrüd Quluzadəyə minnətdarlıq etdi.
Gender mövzusunun tədrisinə gəlincə, müsahibimiz qeyd etdi ki, bu istiqamətdə ilk təcrübə 1999-cu ildə Bakı Dövlət Universitetində aparılıb. İlk olaraq "Sosial elmlər və psixologiya" fakültəsində eksperimental kurslar keçirilib. Kursun maraqlılığını görən universitet rəhbərliyi onun bütün kurslarda keçirilməsini məqsədəuyğun hesab edib. Rəna İbrahimbəyovanın rəhbərliyi ilə "Gender və tətbiqi psixologiya" kafedrası yaradılıb. Sonrakı illərdə isə Rəna xanımın Ə.Abbasovla birgə "Gender tədqiqatları" və "Genderə giriş" adlı dərslikləri işıq üzü görüb. Bu gün isə artıq BDU ilə yanaşı Qərb və Xəzər Universitetlərində də gender tədris olunur.
Rəna xanım bu sahədə ədəbiyyat qıtlığının olduğunu deyir. Onun sözlərinə görə, tədris olunmasına baxımayaraq, bu sahədə məlumat çatışmazlığı var. Bölgələrdə bu istiqamətdə işlər aparılsa da, bu o demək deyil ki, hamı problemdən xəbərdardır. Müsahibimiz hesab edir ki, bu mövzu orta məktəb proqramına fakültətiv məşğələ kimi salınmalıdır. Çünki qızların, eləcə də oğlanların təhsildən yayınması da gender asimmetriyasıdır: "Mən həddən artıq qərbləşmənin əleyhinə olduğum kimi, şərqləşmənin də tərəfdarı deyiləm. Gəlin, mədəniyyətimizi, təhsilimizi artıraq. Bu gün cəmiyyət qarımış qızlar mövzusunu çox müzakirə edir. Amma unutmayaq ki, "qarımış oğlanlar" problemi də var. Deyə bilərlər ki, oğlanların seçimi çoxdur. Mən bununla razılaşmıram. Çünki çoxluq içərisində onlar seçim edə bilmirlər. Bu da baryerləri aşa bilməməkdən irəli gəlir".
Tədqiqatçı deyir ki, bu gün bir qisim oğlanlar cəmiyyətdə saf qızların olmadığını düşünürlər: "Əslində isə onların özlərinin saflığa, mənəviyyata ehtiyacı var. Hər şeyi qadından tələb etmək düzgün deyil. Hamı əxlaqsız qadın axtarır. Bəs niyə əxlaqsız kişi axtarmırlar? Qeyri-əxlaqi hərəkətə həm kişilər, həm də qadınlar gedir. Problemdən danışanda hər iki tərəfi göstərmək lazımdır". Tədqiqatçı hesab edir ki, cəmiyyət üçün aktual olan bu problemi qanunla deyil, cəmiyyətin qınağı ilə aradan qaldırmaq olar.
Universitet tələbələrinin tədris olunan fənnə münasibətinə gəlincə, Rəna xanım burada fikirlərin müxtəlif olduğunu deyir və qeyd edir ki, qızlar arasında da bu fənnin gərəksizliyi barədə fikir söyləyənlər var. Rəna Mirzəzadəyə görə, fikirlərin bu istiqamətdə formalaşması genderin ictimaiyyətdə düzgün dərk edilməməsindən irəli gəlir.
"Bizdə gender mədəniyyəti çatışmır" deyən Rəna xanım ictimai təşkilatların, eləcə də KİV-in bu məsələyə diqqət artırmasını vacib sayır. Müsahibimiz hesab edir ki, bu gün cəmiyyətdə olan ikili standartların mövcudluğu problemi olduğu kimi göstərməyə imkan vermir. Onun sözlərinə görə, əgər qadına qarşı zorakılıqdan söhbət açılırsa, onda kişilərə qarşı zorakılıq faktlarını da unutmamaq gərəkdir. Məsələn, oğlanlar arasında ailəsinin təkidi ilə ailə quranlara tez-tez rast gəlinir. Bu anda hamı qızın vəziyyətini düşünür, oğlan isə ikinci planda qalır. Amma biz pozulan hüquqlardan danışırıqsa, hər iki tərəfin probleminə eyni yanaşmalıyıq. Çünki gender cinslərin bərabərliyidir.







Yüklə 161 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin