Motivasiya. Müəllim: – Bunlar hansı xasiyyətin əlamətləridir: heç kəsi bəyənməmək, özünü hamıdan üstün tutmaq, özünü yerli-yersiz tərifləmək, öyünmək? (Lovğalıq)
Şagirdlərin cavabları dinlənildikdən sonra tədqiqat sualı qoyulur.
Tədqiqat sualı: – Lovğa olmaq niyə pisdir? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərinə qeyd edirlər.
I qrup. Mətn verilir: Müəllim sabah yoxlama işi olacağını şagirdlərə xəbər verib tapşırdı ki, yaxşı hazırlaşsınlar. Nadir yoldaşlarına dedi: – Mən yaxşı oxuyanam. Onsuz da hər şeyi bilirəm. Məndən yaxşı bilən yoxdur. Hazırlaşmaq lazım deyil. Mən əla yazacağam. O, kitab-dəftərə heç toxunmadı, təkrar etmədi. Anası ona “Dərslərini təkrar elə, yoxlama olacaq” deyəndə isə cavab verdi ki, “mən hər şeyi bilirəm. Yaxşı qiymət alacağam”. Səhəri gün Nadir yoxlamanı yaza bilmədi. Qalan uşaqlar isə yaxşı qiymət aldılar. Tapşırıq: – Nadirin hərəkətinə münasibətinizi bildirin. II qrup. Mətn verilir:
Bizim sinifdə Müslüm adlı bir oğlan oxuyur. Əvvəllər o, biliyi və fərasəti ilə hamıdan seçilir, sinif yoldaşları ilə səmimi və mehriban rəftar edir, yoldaşcasına davranırdı. Müəllimlər də, şagirdlər də ona hörmət edirdilər. Sonralar o getdikcə dəyişməyə başladı. Əvvəlcə yavaş-yavaş lovğalıq hissi onda özünü göstərməyə başladı. Yerli- yersiz öyünür, hər yerdə özünü çoxbilən kimi göstərməyə, başqalarından üstün olduğunu sübut etməyə çalışırdı. Artıq o heç kimi bəyənmir, yalnız özünü sevirdi. Çox keçmədi ki, Müslüm dərslərindən də zəifləməyə, aşağı qiymət almağa başladı. Artıq sinifdə heç kim ona hörmətlə yanaşmır, onu əvvəlki kimi saymır. Sual: – Müslüm özünün əvvəlki hörmətini qaytara bilərmi? Bunun üçün o nə etməlidir? III qrup. “İdman yarışı” mövzusunda hekayə qurun. Hekayədə aşağıdakı ifadələrdən istifadə edin: “Özünü təriflədi, hamıdan daha üstün saydı, öyündü, çalışmadı, əziyyət çəkmədi, mən birinciyəm, onsuz da güclüyəm, yarış günü, yarışdı, uduzdu”. Sual: – Udan tərəf olmaq üçün nə etmək lazımdır?