Uşaq şəxsiyyətinin inkişafında təlim‐tərbiyə həlledici rola malikdir. Çünki təlim‐tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə inkişaf etdirilir; uşaq tarix boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə insani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim‐tərbiyədən kənarda inkişafı kor‐təbii, pərakəndə halda gedir ki, bu da bəşər cəmiyyətinin tələblərini təmin etmir.
Bu deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli, düzgün və sürətlə inkişafı təlimdən kənarda mümkün deyildir. Ona görə də şəxsiyyətin inkişafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir. Hazırda təlim və inkişaf problemi ətrafında dünya psixoloqlarının fikirlərini müəyyən qruplarda birləşdirmək mümkündür. Görkəmli İsveçrə psixoloqu J. Piajenin fikrincə inkişaf özünün daxili qanunlarına malikdir. O, ənənəvi təlimin səmərəsi ilə uşağın müstəqil əqli inkişafı arasında aydın sədd çəkir. J. Piajeyə görə, təlimin tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Beləliklə, o, təlimin inkişafetdirici təsirini kölgədə buraxır. Amerikan psixoloqu C. Brunerin fikrincə isə hər cür əqli inkişafın əsasında yalnız təlim olur. C. Brunerə görə, əqli inkişaf dərin biliyə və ümumiləşdirmə bacarığına yiyələnməkdən ibarətdir.
L. S. Vıqotskinin “təlim həmişə inkişafdan qabaqda gedir və onu da öz arxasınca aparır” müddəasına əsaslanan sovet psixoloqları inkişafetdirici təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə imkanlarının aşkara çıxarılması mühüm yer tutur. 43 Sağlam uşaq böyütmək üçün beş əsas ehtiyac qarşılanmalıdır: Uşağı sevmək onu nə qədər sevdiyini təkrarlamaq demək deyil. Sağlam uşaq böyütmək üçün beş əsas ehtiyac var: 1. Sən varsan, 2. Sən önəmlisən, 3. Sənə inanırıq, 4. Səni sevirik, 5. Səni bəsləyir və qoruyuruq. Ata‐ananın ilk vəzifəsi bu ehtiyacları vaxtında, sözləri, davranışları ilə və yerli‐yerində yerinə yetirməkdir. Əks təqdirdə, uşaq normal olmayan bir şəxs kimi böyüyər44.