İradə amili uşaq psixologiyasında əsas xüsusiyyətlərdəndir. Aqillər deyir ki, iradə insanın vücududur, onun libasıdır. İradə möhkəmliyi insanda yeniyetmə dövrlərində yox, məhz üç yaşına qədərki dövrdən formalaşmağa başlayır.
İnsan dünyaya iradəli gəlir, yoxsa iradə sonradan yaranır? Əlbəttə, iradənin notları əvvəlcə ailənin ona təlqin etdiyi təlimdə, sonra isə yaşadığı cəmiyyətdə yaranmağa başlayır. Uşaq psixologiyasında iradə amili zəruri hesab olunan xüsusiyyətlərdən biridir. Uşaqlarda iradə möhkəmliyinin düzgün tərbiyə edilməsi onların həyatda dözümlü, təmkinli, səbirli, qətiyyətli olması, tapşırılan hər hansı bir işi axıra qədər yerinə yetirməsi deməkdir. İradəli insan həm qarşısına qoyduğu məqsədlərə çatır, həm də həyatda rastlaşdığı çətinlikləri asan həll edə bilir. Odur ki, uşaqlarda iradə möhkəmliyini formalaşdırmaq üçün valideyn uşaqla birlikdə kiçik həcmli oyun növləri hazırlamalıdır. Nümunə üçün aşağıdakı iki oyun verilmişdir.
Birinci oyun.Əvvəlcə yaxşı olar ki, uşağın qarşısına yüngül çəkili kiçik qutular düzəsiniz. Sonra bu qutuları şahmat şəklində uşaq üçün qurasınız. Həmin an uşaq qutuların hamısını dərhal dağıdacaq. Siz isə narahat olmayın, yenidən bir daha onları həvəslə düzməyə başlayın. Uşaq yenə də dağıdacaq... Əlbəttə, körpə uşaqla belə bir çətin oyunun oynanılması asanlıqla başa gəlməyəcək. Belə olan halda yaxşı olar ki, uşağın əlindən tutub əzizləyə‐əzizləyə oyunu ona öyrədəsiniz. Görəcəksiniz ki, uşaq oyunu diqqətlə izləyir. Oyun yaxşı nəticə verdikdən sonra qutuların sayını artırmağa başlayın. Bir qədər keçdikdən sonra uşaq qutuları tək qurmağa həvəs göstərəcək.
Bu tipli oyunlar uşaqların sərbəst fəaliyyətini formalaşdırır. Və qabiliyyətlərini üzə çıxarır. Belə oyunların aparılması uşaqlarda yaradıcılığın, səbrin, zehnin və iradənin inkişafına səbəb olur. Yaxşı olar ki, valideyn belə növ oyunlardan çox istifadə etsin.
İkinci oyun:Bu oyun “gizlənqaç” (xalq arasında buna “gizlənpaç” da deyilir) oyunu adlanır. Uşaqlar bu oyunu çox sevirlər. Bu oyunun özünəməxsus xüsusiyyətləri vardır.
Adətən bir qrup uşaq otağa tək daxil olan zaman nədənsə vahimələnib ağlayır, ya da otaqdan qaçaraq qorxduqlarını bildirirlər. Belə olan təqdirdə valideynin uşaqla kiçik him‐cim (pantomimika) oyunları göstərməsi yerinə düşərdi. Məsələn, uşaqla “gizlənpaç” oynayarkən uşaq qorxduğu hadisəni bir anlığa unutmalı olur. Nəticədə isə “mən qorxdum”, “qorxuram” sözlərini demir. Yəni qorxu fikrindən uzaqlaşır. Uşaq “gizlənpaç” oynayan zaman diqqətində əsasən kimisə axtarmaq və tapmaq komponenti durur. Oyun davam etdikcə uşaqda məqsədə çatmaq halları daha da artır. Uşağın iradəsi isə getdikcə formalaşır və möhkəmlənir.