Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə7/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

Ancaq dalaşan bacı-qardaşını sözlə ayırmağın mümkün olmayacağını görən Aydan balaca ovcunda tutduğu tumları yerdə qırış-buruş olmuş süfrənin üstünə ataraq ayağa qalxdı, onları ayırıb hərəsini evin bir küncünə tərəf itələdikdən sonra:

– İndi gözləyin hələ, atam gəlsin, deyəcəyəm dalaşırdılar. O da, anam da sizi döyəcək. Görün bir evi nə günə saldınız!

Nihad bacısının bu hədəsindən qorxmadığını göstərmək üçün əl-qolunu ölçə-ölçə:

– Pah! De da! Qorxdum eee, niyə bilmirsən, atam məni heç vaxt döymür ki, o mənimlə güləşir, bir də boks oynuyur, elə sizi döyəcək.

Şəbnur da qardaşından geri qalmaq istəmirdi, əllərini belinə qoyaraq:

– Balaşki, guya məni döyür? O dəfə, səhər işə gedəndə dedim ata, mənim televizorumu al, o da dedi ki, sən dərslərindən beş al, alacam. Odey, mən də beş almışam, indi atam da televizorumu gətirəcək.

Həyətdə, çardağın altındakı balaca mətbəxdə yemək hazırlayan analarının səsi gəldi:

– Aydan, yenə nə olub orda? Dalaşırsız?

– Yox, dalaşmırıq, cizgi filiminə baxırıq, -deyə cavab verən Aydan sonra da Nihadla Şəbnura döndü:

– Tez gəlin ortalığı yığışdıraq, yoxsa anama dalaşdığınızı deyəcəyəm.

Anaları ilə hədələnmələri təsir etmiş olacaqdı ki, uşaqlar üzlərini turşudub könülsüz də olsa, yaxınlaşdılar, amma ikisi də öncə digərinin başlamasını gözləyir, bir-birinə qaş-göz işarəsi ilə davalarının bitmədiyini, sonra hesablaşacaqlarını işarə edirdilər. Şəbnur əllərini belinə qoyaraq Aydana:

– Mən ortalığı dağıtmadım ki, ode, sən görmədin niyə? Birinci Nihad saçlarımı yoldu, sonra da üstümə yıxılıb məni vurdu, indi ortalığı da özü yğışdırsın.

Nihad yenə dalaşmaq üçün bacısının üstünə cumub bağıra-bağıra dedi:

– Mənim televizoruma baxmıyassan.

Şəbnur cavab verməkdə gecikmədi:

– Niyə baxmıram? Baxacam, əsil sən baxmayacaqsan!

Aydan böyük ədası ilə onları tələsdirdi:

– Tez olun, tez olun, sonra dalaşarsınız, indi anam gəlir, təmizləyin töküb dağıtdıqlarınızı! Həm gözləyin, atam gəlsin, o özü kimə istəsə, ona da verəcək televizoru…

Elə bu vaxt küçədə maşın siqnalı gəldi, üç dəfə ard-arda və kəsik-kəsik, sanki sürücü siqnal düyməsini sıxıb saxlamaqdan qorxur və buna görə də, barmağının ucu ilə toxunub buraxırdı…

Rahabın adəti idi, o adi vaxtlarda evə gələrkən darvazaya çatmağına az qalmış sadəcə bir dəfə, amma uzun-uzadı siqnal verər, ərinin maşının siqnalını tanıyan Natəvansa çıxıb ömür-gün yoldaşının maşını həyətə salması üçün darvazanı açardı. Əgər o, tələsik dönəcəkdisə, onda iki dəfə, ailəsinə, övladlarına hədiyyə ilə gəldikdə və ya onları harasa gəzdirməyə aparacaqdısa, onda həmişə belə üç dəfə, kəsik-kəsik siqnal verərdi.

Uşaqların üçü də bu siqnalı tanımışdılar. Onlar dünyaya göz açıb özlərini dərk edəndən bəri bilirdilər ki, ataları hədiyyə ilə evə döndüyü zaman, ya da onları gəzməyə aparacaqdısa, həmişə belə kəsik-kəsik üç dəfə siqnal verər. Bu siqnal səslərinə öncə Aydan, sonra da Şəbnur və Nihad alışmış, atalarının maşınının markası və modeli dəyişsə də, dəyişməyən tək şey olan bu kəsik-kəsik siqnallar onların uşaq dünyaları üçün daim bir müjdəçi, xoş xəbər carçısı olmuşdu. İndi də həsrətlə gözlədikləri, atalarının da alacağına daha aylar öncədən söz verdiyi, amma bu gün işə gedərkən gətirəcəyini dediyi böyük ekranlı plazma televizorun xəbərçisi idi. Bu üç körpə öz dünyalarında böyük ekranlı televizora sahiblənir, hərəsi onu sadəcə öz malı hesab edirdilər. Bu balacaların da özünəməxsus cinlikləri var idi. Xüsusən Nihad və Şəbnur atalarının kimi çox istədiyini də yeni televizor evə gətirildikdən sonra öz üsullarına görə müəyyən edəcək, beləcə aralarındakı rəqabət daha da qızışacaqdı. Amma ataları övladlarının hamısını eyni dərəcədə sevir, ən azından belə görünməyə çalışırdı. Onun xarakterində övladlarından birini üstün tutaraq digərlərinin ürəyini sıxacaq qədər düşüncəsizlik yox idi. Əlbəttə, ata olaraq onunçün hər övladının yeri başqa idi. Aydan gözünün ilk ovu, Şəbnur şeytan balası idisə də, Nihad da biricik oğlu idi. Qətiyyən övladlarından hansısa biri daha çox sevildiyini duymaz, bununçün də öz aralarında mübahilə edərdilər. İndi isə bu üç uşağın, xüsusilə də Şəbnurla Nihadın balaca dünyasında hansının çox sevildiyini isbat etməsinə imkan düşmüşdü. Ataları bu tələyə düşəcəkdimi? Hələlik bunu bilmirdilər, bildikləri yenicə tikilmiş, bəzi otaqları hələ təmirsiz olan evlərinə gələcək böyük ekranlı televizorun onların nəzərində evin ən dəyərli əşyasının olacağı idi.

Rahab hərbi qulluqçu idi. Uzun illər öncə, evləndikdən həmən sonra maaşının dişindən-dırnağından artırdığı qisminin üstünə toydan çıxan pulu da əlavə edərək torpaq almış, daha sonra da ev tikdirməyə başlamışsa da, onun öz damının altına yığışması xeyli vaxt aparmışdı. Evinin iki otağı hazır olandan sonra Rahab oturub xanımı ilə məsləhətləşdi və qərara gəldilər ki, kirayədə yaşamaqdansa, öz evlərində yaşayıb bir tərəfdən də təmir etsinlər, çünki bu həm daha ucuz, həm də daha sərfəli olacaqdı...

Xeyirli övlad, istəkli qardaş, vəfalı dost olan Rahab bəlkə də insanlığı ucbatından ən təbii vəzifə olaraq düşündüyü “Öncə valideynlərim, sonra mən” prinsipi ilə yaşamasa, qardaşlarının problemlərini özününkülərdən qabaq həll etməyə çalışmasa və bir yerdə çalışdıqları, lakin illər öncə bir qəzaya qurban gedərək aralarından ayrılmaq məcburiyyətində qalan dostunu bu qədər sıx-sıx ziyarət edərək onun durumu ilə maraqlanmasaydı, yəqin ki, evinə, yuvasına yığışması səkkiz il almaz, daha tez baş vererdi. Amma o özünü həmişə ikinci planda tutardı. Bu artıq onun xarakterinin bir parçasına çevrilmişdi. Elə o səbəbdən də, bir neçə il öncə bura, öz evlərinə köçmüşdülər. Əvvəlcə həyət-bacanı qaydaya salmaq istəmiş, ona görə də yağmurlu havalarda palçıq olmasın deyə qapının önünə çınqıl tökdürmüş, üstünü çardaqla bağlamışdı. Çardağın digər tərəfində isə sırası ilə mətbəx və sair iaşə yerləri tikdirib təmir etdirmiş, bütün bunlar üçün də xeyli vaxt və təbii ki, pul xərcləməli olmuşdu. Axı o sadəcə maaşa baxırdı və elə buna görə də, evin bütün işlərini bir dəfə başlayıb bitirməyə imkanı yox idi. Artıq övladları da bir tərəfdən böyüyür, qayğıkeş ata olan Rahab onların hər gün artan məktəb və digər xərclərini qarşılayır, evdə qaldığı hər bazar günləri xanımını və övladlarını götürüb parka, restorana aparır, bir tərəfdən ev tikdirmək kimi məşəqqətli və xərc tələb edən bir işlə məşğulkən, digər tərəfdən ailə fərdlərini mədəni istirahətdən, əyləncədən kənarda qoymamağa çalışırdı. Evlərinin təmirinin də neçə ildən bəri yavaş irəliləməsinin və heç cür bitməməsinin əsas səbəblərindən biri də elə bu idi. Rahabın ailəsinə və övladlarına düşgünlüyü onların bir sözünü iki etməsinə imkan vermir, bəzən xanımı ilə danışarkən “Evdir də, bu gün olmasa, sabah, bu il olmasa, gələn il bitəcək, amma uşaqlar bir daha uşaq olmayacaq, ona görə də, istədikləri kimi aparıb gəzdirəcəm, dolandıracam, bizə nəsib olmadı, qoy heç olmasa, bizimkilər uşaqlıqlarını doyunca yaşasınlar. Valideyn uşağa necə davransa, yaddaşında da eləcə qalır. Mənim balalarımın beyni bu dəqiqə ağ kağızdır, mən ora sevən və onlarçün gücüm çatan hər şeyi edən ata kimi yazılmaq istəyirəm” demişdi. Son vaxtlar evdə bəzən xanımı ilə oturub danışarkən ailəsinin gələcəyi ilə bağlı xəyallar qurar, planlarından danışardı, belə söhbətlərin birində:

– Natəvan, bu il sizi heç yerə apara bilmədim, vaxt darlığından nə Qubaya, nə də başqa bir yerə istirahətə gedə bilmədik. Allah qoysa, gələn il sizi Arizinən Türkiyəyə göndərəcəm, həm gedib orada yaxşıca dincələrsiniz, həm də uşaqların gözü açılar, dünyagörüşləri artar, -deyə söyləmişdi.

Bəzən isə övladları yatdıqdan sonra oturub dərdləşərkən o, həmkəndlisi olan xanımına deyirdi ki:

– Natəvan, biz kənddə bir gün görmədik, heç bizim böyüklərimiz də görmədi, analarımızın günü ev işləri ilə məşğul olmaqla, dünyanın o başından səhənglə su daşımaqla, atalarımızın ən gözəl vaxtı isə kənd çayxanalarında domino oynamaqla keçdi, biz uşaqlar da məktəbdən boş qalan vaxtlarımızı ev işlərində ya böyüklərimizə kömək edərək, ya da məhəllədə çilingağac, yeddi daş, nə bilim təkqıçdı oynayaraq keçirdik… Heç bu dünyanın gözəlliklərindən, parklardan, bağçalardan xəbərimiz olmadı, kinoteatrlardan, sirklərdən, ümumiyyətlə dünyadan bixəbər böyüdük, amma qoymaram mənim balalarım elə böyüsünlər, onları insan kimi böyüdəcək, üçünə də ali təhsil verəcəyəm, bizə qismət olmayıb, heç olmasa onlar insan kimi yaşasınlar. İndi elə bir zəmanədə yaşayırıq ki, sosial təbəqələşmə də artıq təhsilin səviyyəsinə görədir, elmi, biliyi olmayan, danışıq qabiliyyəti, dünyagörüşü məhdud insanların cəmiyyət içində artıq yeri yoxdur. Əvvəllər atalar deyirdi ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər, amma indi nəinki elə deyil, hətta tam əksinədir. Elm, texnologiya elə bir səviyyəyə qədər inkişaf edib, dünya qloballaşdıqca o qədər kiçilib ki, çox bilmək üçün qətiyyən çox gəzməyə ehtiyac yoxdur, əksinə, bilgisayar arxasında əyləşən bir uşaq əgər o bilgisayardan lazımınca və düzgün istifadə etməyi bacarırsa, ömrü-günü gəzməkdə keçən insanlardan daha çox bilir. İndi çağımız elm çağıdır və ona görə də, balalarımızı nəyin bahasına olursa-olsun oxumağa, öyrənməyə təşviq edəcək, ən yüksək səviyyədə ali təhsil almaları üçün Allah əcəldən macal verdiyi müddətcə əlimdən gələni edəcəyəm.

Elə Rahabın yaşam tərzi də bu həyat qayəsinə uyğun idi, heç vaxt özünü düşünməzdi. Maaşını üç yerə bölərdi, bir qismini valideynləri, yaxın qohumları və dostlarına ayırar, digər qismini evlərinin təmirini başa vura bilmək üçün ayırar, evlərinin keçimi üçün ayırdığı büdcəni və xanımının qənaətcillik edib artırdığını da elə balalarına, xanımına xərcləyərdi…

Onun bu fani dünyada iki hobbisi var idi, ovu, xüsusən balıq ovunu və mütaliə etməyi sevərdi. Boş vaxtı olan kimi maşının yük yerinə bir xalça, bir neçə mütəkkə, samovar və qab-qacaq, çörək və digər zəruri ərzaq malları qoyub tilovunu da götürər, ailəsi ilə birlikde göl, ya da çay kənarına gedər, o, balıq tutar, xanımı da onun tutduğu balıqların içini təmizləyər, sonra isə yaxınlıqlarında oynayan övladlarını da çağırıb tutduqları balıqları birlikdə kabab edər, yeyib-içər, əylənərdilər. Bəzən isə bəxti gətirməz, qarmağına bir dənə də olsun balıq gəlməzdi, belə vaxtlarda isə uşaqların topladığı çır-çırpıdan tonqal qalayar, yanlarında gətirdikləri pomidoru, badımcanı, kartofu şişə düzüb tonqalın üstündə bişirər, xanımı da yaxınlıqda samovar salıb çay dəmləyər, sanki heç balıq tutmağa deyil, istirahətə gəliblərmiş kimi keflərini pozmadan əylənərdilər.

Mütailə etməyə gəldikdə isə, o sadəcə evdəki boş zamanlarında deyil, işdə də boş vaxtı olan kimi yanında götürdüyü kitabları açıb oxuyardı. Hər cür kitab, xüsusən detektiv romanları sevər, hər zaman Çingiz Abdullayev, Aqata Kristi kimi yazarların əsərləri masasının üstündə olardı...

Kəsik-kəsik siqnalın səsini eşidən uşaqlar bir an duruxduqdan sonra bayaqdan dalaşdıqlarını unudaraq bir-birini itələyə-itələyə həyətə qaçışdılar. Ən öndə ayaqyalın, başıaçıq qaçan Nihad gedirdi. Onu sırası ilə Aydan və Şəbnur izləyirlərdi. Nihad darvazaya çatıb balaqapını açdığında artıq atası maşını saxlayaraq düşmüş, arxa salondan nəhəng qutunu götürməkdə idi. Qaranəfəs atasına çatıb onun şalvarının ayağından tutaraq çəkişdirən Nihad:

– Ata, ay ata, aldın mənim televizorumu?

Gecikərsə, atasının televizoru qardaşına verəcəyini düşünən Şəbnur atasının qoluna sarıldı:

– Ata, bilirsən, mən bu gün də beş almışam e, dedi və təngiyən nəfəsini tənzimləyə bilmək üçün dərindən bir nəfəs alıb əlavə elədi:

– Bilirəm da, atam bu televizoru mənə alıb, hə ata?

Rahab uşaqların bu canfəşanlıqla televizora sahib çıxma cəhdlərini təbəssümlə qarşılayıb onların ardınca qapıya çıxan xanımına bir göz vurdu:

Əl çəkin məndən, televizoru ananıza almışam, axı o anadır, -sonra da gülümsəyib əlavə etdi, -analar, paltar yuyan maşın deyil ki, paltarları maşın yuyar, analar heç süpürgə də deyil, evi tozsoran təmizləyər, analar ancaq divanda əyləşib serialları seyr edər. Mən də bunu almışam ki, anamız seriallara baxsın. Hansınız televizoru istəyirsinizsə, gedin ananızdan istəyin, o da versin, mən yazıq ev üzü görürəm ki, ayda-ildə bir gəlirəm, onda da icazə versəniz, mən də baxaram.

Xanımı:

– Rahab, yaxşı, sən canın, zarafatı qoy bir qırağa, bu böyüklükdə televizoru neynirdin e? İndi Allah bilir, nə qədər pul vermisən buna…



– Böyüyün aldım ki, rahat baxasınız, həm o qədər də pul verməmişəm, ilkin ödənişin eləyib kreditə götürmüşəm, qalan pulu hinduşkalarını satıb verərsən.

– Verərəm, niyə vermirəm, onda deyiləm, intəhası, bilmirəm gözümə lap böyük görünür, yoxsa ? Sual dolu gözlərlə həyat yoldaşının üzünə baxdı.

– 106 ekrandı, inşallah qonaq otağını təmir elətdirəndən sonra ora qoyacıyıq, amma hələlik oturduğumuz otaqda duracaq.

Danışa-danışa gəlib evə çatmışdılar. Rahab televizoru yerə qoyub çəkmələrini soyundu, sonra yenidən qucağına alıb içəri keçdi. Uşaqlar da onunla bərabər gedir, o dayandıqca dayanırdılar. İndi də içəri keçərkən balacaların ev paltarında, ayaqlarında çəkələk, başları açıq çıxmış olduqları diqqətini çəkmiş olacaqdı ki, acıqlandı, dönüb xanımına:

– Natəvan, bu nə gün-dirrikdi belə, bunlar xəstələnəcək.

Sonra da balalarına döndü:

– Sizə neçə dəfə demişəm, soyuqda ev paltarında çölə çıxmayın! -deyə acıqlandı.

Ancaq uşaqların bu sözəbaxmazlıqları nə onun, nə də xanımının kefini qaçıracaq qədər böyük qəbahət deyildi. Birdən nəsə xatırlamış kimi xanımına səsləndi:

– Natəvan, az qala unutmuşdum, peyk alıcısı ilə anten başlıqları maşında qaldı, onları da götürün gəlin.

Aydan evdən çıxıb həyət qapısına doğru gedən anasının ardınca qaçdı, bu arada bacı-qardaşının atalarının yanında qalmasından istifadə edərək anasına yaxınlaşdı:

– Ana, ay ana, nolar, atama denən kilidə salmasın da televizoru.

Natəvan maşının arxa salonundan digər əşyaları götürüb qucağına yığa-yığa:

– Nə kilidi qızım?

– O da, Şəbnur deyirdi ki, atama deyəcəm televizoru kilidə salsın, şifrəni də təkcə mənə desin, mən də məktəbə gədənde bağlayacam, gələndə açıb baxacam. Şəbnur ikinci növbədə oxuyur, atam elə eləsə, onda biz nə vaxt televizora baxacıyıq?

Anası qızının qayğısına gülərək:

– Qorxma, salmaz.

Aydan ayaqlarını yerə döydü:

– De da ana, nolar, birdən saldı?

– Yaxşı, deyərəm salmaz, hələ sən tut görüm bunları, -deyib iki anten başlığını Aydanın qucağına verdi.

Ana-qız əllərində bir peyk alıcısı və dörd başlıqla evə döndüklərində artıq Aydanın içi rahatlamış, televizorun kilidə salınmayacağına əmin olmuşdu. Utancaq yaradılışlı bu qızcığaz əskər evlərin böyük uşaqları kimi, sadəcə utancaq deyil, həm də çəkingən idi. Bir hərəkət edərkən, ya da bir söz deyərkən daima qarşısındakı insanın onu anlayıb-anlamayacağından əmin olmaq istəyir, çox vaxt da bu mümkün olmadığından ya səhvə yol verir, ya da səhvə yol verdiyini düşünərək qızarıb-bozarır və ya hərəkətləri süni alınırdı. İndi də kilid məsələsində söhbəti atasına açmamışdı ki, birdən onun bacısını qısqandığını düşünər, birbaşa bacısı ilə də danışmamağı üstün tutmuşdu, onun uşaq düşüncəsinə görə, Şəbnur onu paxıllıqda ittiham edər və ataları tərəfindən daha az sevildiyini qəbul etdiyini düşünə bilərdi. Halbuki bunların heç biri olmayacaqdı, sadəcə balaca Aydan ilk uşaqların mütləq əksəriyyətinin sahib olduğu bir kompleksə sahib idi və hər şey de bundan irəli gəlirdi.

Onlar gəldiklərində Rahab yanında qalan iki balacanın maraqlı nəzərləri altında böyük qutunu yemək masasının üzərinə qoyaraq sökmüş, içindən uşaqların heyran- heyran baxdıqları, az qala masa boyda, amma kitab kimi nazik televizoru çıxarmışdı. Evin dörd bir küncünə baxır, sanki əvvəlki televizorlarının yerinin bu yeni televizor üçün münasib olub-olmadığını, yoxsa onu başqa bir yerə qoymaq lazım gəldiyini düşünürdü. Qapının səsinə başını çevirib gələn xanımına:

– Natəvan, nə deyirsən, hara qoyaq televizoru?

– Necə yəni hara? Elə o birisinin yerinə, köhnəni də götürüb boş otaqlardan birinə qoyarıq, hələlik qalsın orda.

– Yaxşı, gətir görüm, -deyib xanımının əlindəkiləri almaq üçün bir addım atdı.

– Özün quracaqsan antenanı?

– Yox, usta çağırmışam, harda olsa, gələcək, hələ sən gəl bir ortalığın tumunu yığışdır, -deyib başı ilə bayaq uşaqların dalaşarkən ortalığa dağıtdıqları tumları və qırış-buruş olmuş süfrəni göstərdi.

Natəvan balacalara acıqlanaraq:

– Evi nə günə salmısız belə? Günah sizdə deyil, sizi adam sayıb qabağınıza tum tökəndədir ki, siz də evnən bir eliyəsiniz!

Elə bu vaxt darvazanın zəngi vuruldu, qapıya yönələn Rahab:

– Yəqin ustadı, sən bir çay qoy.

Natəvan cəld hərəkətlərlə ortalığı yığışdıra-yığışdıra:

– Çayımız da hazırdı, yeməyimiz də.

Az sonra yanında ortaboy, şişman, keçəl bir kişi ilə gələn Rahab evin qapısını açaraq:

– Aydan, qızım, oradan anten başlıqlarını ver, -dedi.

Tələsik qaçıb deyilən əşyaları gətirən qızının əlindən anten başlıqlarını alan Rahab ona təşəkkür edib ustaya döndü:

– Usta, istəyirəm ki, bu dörd başlığın hamısını qoyaq.

Evin küncündə duran çanaq anteni gözləri ilə axtarıb tapan usta:

– Qağa, ikisi də orda var, neynirsən altı başlığı?

– Onlar neçə ildir ki, ordadır, ikisini də çıxardıb atacıyıq, yerlərinə də bu dördünü taxacıyıq. Biri Azərspace, biri Türksat, o biriləri də Avropa ilə Rus kanallarını tutacaq.

– Oldu, yığarıq, amma gərək əvvəlcə peyk alıcısının duracağı yeri müəyyənləşdirək ki, sonra kabeli ən qısa yoldan çəkək bura, daha sonra başlıqları həll edib, kanalları yığarıq.

Rahabla ustanın iki saatlıq əlbir çalışmasından sonra anten və peyk alıcısı tənzimlənmiş, sırası ilə Azərbaycan, Türk, Avropa və Rus kanalları yığılmışdı. Daha sonra uşaqların istəyinə görə cizgi film kanallarını da Türk kanallarının içərisində sıra ilə xəbər və idman kanallarının ardınca yığdılar. Əllərini yuyub süfrə arxasına əyləşdiklərində Rahab:

– Usta, yeməyimiz hazırdı, bir tikə çörək yeyək, sonra çay içərik.

– Sağ ol, gedəsi yerim var, tələsirəm, elə bir çay içib gedəcəyəm.

– Bir tikə yemək yeyək, sonra gedərsən.

– Allah razı olsun, balalarının toyunda inşallah, indi tələsirəm.

Rahab Aydana səsləndi:

– Qızım, anana de, usta tələsir, tez bir çay gətirsin.

Aydan qapıya doğru qaçaraq tələsik həyətə çıxdı, çardağın altındakı mətbəxdə yemək çəkən anasına səsləndi:

– Ana, ay ana, atam deyir çay gətirsin, usta tələsir.

– Denən yeməyi çəkmişəm, gətirirəm.

– İstəmir, deyir usta tələsir, çay gətir!

– Yaxşı, sən gəl bunları apar, -bunu deyib soyuducuya yönəldi, torbasından götürdüyü konfet və şokoladları qəndqabına qoydu, mətbəx mebelinin alt gözündəki yarımçıq mürəbbə şüşəsini çıxardı, ağzını açıb mürəbbə qabına mürəbbə tökərək qabların ikisini də təpsinin içinə qoydu, daha sonra masanın o biri tərəfində dayanan qızının önünə itələyib:

– Bunları apar içəri, mən də çayları süzüb gəlirəm.

Aydan:


– Yaxşı, -dedi və təpsini götürərək evə getdi.

İki dəqiqə sonra Rahabla usta önlərində buğlanan pürrəng çayları söhbətə qızışmış, hansısa mövzuda mübahisə edirdilər. Xanımı və uşaqlar digər otaqda öz işləri ilə məşğul idilər. Natəvan övladları evdə-eşikdə geyinsinlər deyə əlindəki bizlə papış toxuyur, balacalar isə ertəsi günün dərslərini hazırlayırdılar. Rahabın səsləndiyini eşitdilər:

– Aydan, anana de, çayları süzsün.

Aydanın yerinə Natəvanın səsi eşidildi:

– Bir dəqiqə, süzürəm, -Natəvan bunu deyib əlindəki yarımçıq papışı yerə qoydu, bizi uşaqların əl-ayağına batmasın deyə hündür bir yerə qoyub, onları da xəbərdar etdikdən sonra otaqdan çıxdı. Gəldiyində artıq çay gətirməyinə ehtiyac qalmadığını gördü, Rahab qapının ağzında ustanın gödəkcəsini geyinməsinə kömək edirdi. Onların artıq masadan qalxdıqlarını gördüyündən Rahaba:

– Götürüm fincanlarınızı?

– Hə, götür, mən də ustanı yola salıb gəlirəm.

Həmən gün axşam Rahab televizoru uşaqların ixtiyarına verib xanımı ilə məişət qayğılarından, gündəlik məsələlərdən söhbət etdi, axşam balacaların yatmaq vaxtı gəldikdə isə:

– Natəvan, apar bunları yatırt, deyib pultu götürdü, idman kanallarına çevirib Beşiktaşla bağlı son məlumatları öyrənə bilmək üçün xəbər axtarmağa başladı.

O fanatik bir Beşiktaş tərəfdarı idi, təsəvvür edin ki, bu idman cəmiyyətinin sadəcə futbol komandası ilə bağlı yenilikləri izləməklə qalmaz, atletizmdən basketbola, üzgüçülükdən voleyboladək bütün şöbələrini təqib edər, vaxtının əl verdiyi ölçüdə rəsmi idman müsabiqələrinin heç birini qaçırmamağa çalışar, baxa bilmədiyi oyunlarınsa xülasələrini izləyərdi. İndi də gündüz işdə olduğundan adəti üzrə televizorun önünə keçən kimi öncə gün ərzində baş verən idman yeniliklərini öyrənmək istəyirdi. Fanatı olduğu bu idman cəmiyyətini o qədər çox sevirdi ki, Nihadın da bir gün böyüdüyündə Beşiktaşlı olmasını istəyər, bununçün də oğlunu təşviq edərdi. O, Nihadda Beşiktaşa qarşı məhəbbət yarada bilmək üçün Türkiyəyə gedən tanışlarından oğlu üçün forma, top, üzərində bu idman cəmiyyətinin loqosu olan dəftərxana ləvazimatları alıb gətirmələrini xahiş edər, bu vasitə ilə də Nihadın balaca dünyasını Beşiktaşın rənglərinə boyayardı.

İndi də televizorun qarşısında əyləşərək Beşiktaşın rəsmi TV kanalından son yenilikləri izləmək istəyirdi, lakin xanımı onun bu arzusunu ürəyində qoydu:

– Oturduğun yerdə yuxulayırsan, dur get yat.

– Mən gedim yatım, sən seriallarına rahat baxasan? Elə şey yoxdu, keçəl suya getməz.

– Nə serialı, ay Rahab, gözlərin açılmır, dur yat, sabah yenə erkən qalxacaqsan.

– İndi duracam, -Rahab bunu deyib xanımının üzünə baxdı, sifətində son vaxtlar olduğu kimi, işgəncə çəkən insanların üzlərində yaranan acı bir təbəssümə bənzər ifadə var idi.

– Rahab, nə olub sənə?

– Heç, bir şey yoxdu.

– Axır vaxtlar bir cürsən, nə olub sənə, niyə beləsən, bilmirəm ki.

Rahab başını aşağı saldı, bir neçə saniyə oynatdığı ayaq barmaqlarını seyr etdikdən sonra dərindən bir nəfəs alıb:

– Heç Natəvan, heç nə olmayıb, -dedi və dönüb arxası üstə uzanaraq gözlərini tavana zillədi.

Natəvan yaxınlaşıb ömür-gün yoldaşının yanında yerdən əyləşdi, başını onun çiyninə qoyub:

– Rahab, qurban olum, fikir verirəm sənə, axır vaxtlar ya bikef olursan, ya da fikirli, bəlkə mən bilmədən nəsə səhv eləmişəm, bilmədən xətrinə dəymişəm, ya başqa bir dərdin var?

– Yox, Natəvan, məsələ sənlik deyil, son vaxtlar sənin sözün olmasın, üstümdə bir ağırlıq, nəsə bir sıxıntı var, səbəbini özüm də bilmirəm, amma işdə də bütün gün beləyəm, o günü uşaqlarnan ordan-burdan danışırdıq, bir də görürəm ki, Rza deyir, Rahab, qardaş nə olub sənə, niyə belə fikirlisən, elə bil bu dünyadan əlini-ətəyini çəkmisən… Dedim yox əşşi, nə fikir, nə əl-ətək çəkməsi, amma özüm də hiss edirəm, elə bil son vaxtlar üzərimdə bir ağırlıq, içimdə bir qorxu var. Doğrusu, ha fikirləşirəmsə nə bu ağırlığın səbəbini, nə də ki, nədən qorxduğumu tapa bilmirəm… başımda nəsə qaranlıq var, nədi, heç özüm də bir şey anlamıram ki...

– Ağzından yer alsın ay Rahab, elə demə, qorxuram, -Natəvan bunu deyib həyat yoldaşının qolunu qucaqlayaraq, nəmlənən gözlərini gizlətmək üçün başını yana çevirdi.

– Yerim hazırdısa, mən gedim yatım.

– Hə, açmışam, sən get yat, mən də gələcəyəm.

– Yenə nə işin var?

– Cücələrə dən verəcəyəm, bir də baxacıyam görüm yerləri soyuq deyil ki, bir-ikisi xəstələnib, qarnı gedir, bu gün dərman vermişəm, onlara da baxım görüm qırışıqları açılıb, ya yox.

– Yaxşı, sən get, mən də bir havaya çıxıram gedəm yatam.

– Gecən xeyrə qalsın.

– Sağ ol. Rahab bunu dedikdən sonra otaqdan çıxan xanımını gözləri ilə izlədi, o çıxıb qapını örtdükdən sonra isə uzandığı yerdən qalxıb tənbəl-tənbəl gərnəşdi, sinəsini yumruqlayıb ağır addımlarla həyətə çıxdı, əllərini iki yana açıb dirsəkdən yuxarıya doğru qatlayaraq gərdi, ciyər dolusu bir nəfəs aldıqdan sonra dönüb geri, yataq otağına qayıtdı.

Günlər bir-birini əvəzləyir, Rahabdakı durğunluq və küsgünlük hər gün bir az daha artırdı. Onun bu halı əlbəttə, diqqətcil yoldaşlarının, ən başda da xanımının gözündən qaçmırdı. Hər kəs onda gün keçdikcə artan bu halın səbəbini öyrənməyə çalışsa da, kimsə bir nəticə əldə edə bilmirdi, çünki heç Rahabın özünün də düşdüyü bu vəziyyəti açıqlayacaq cavabı yox idi. Bəzən xanımı ona bir müddətliyə də olsa, məzuniyyətə çıxıb dogma rayonlarına, Şamaxıya getməyi təklif edir, bəlkə orda mənə demədiyi dərdini unudar, -deyə düşünürdü. Bəzən də həyat yoldaşının bu halını həddindən artıq yorğunluq və streslə izah etməyə çalışırdı. Axı, necə olsa, onun xidmətinin son bir ili fasiləsiz olaraq çətin kurslarda, ağır təlimlərdə keçirdi. Əlbəttə, Rahab da hər insan oğlu kimi ətdən-sümükdən yaradılmışdı və onun da həm fiziki cəhətdən yorulması qədər təbii bir şey ola bilməzdi, həm də ağır iş yükünün altında istər-istəməz psixoloji problemlər yaşaması adi hal idi. Ancaq Rahab onun bu fikrinə qətiyyətlə qarşı çıxır, “Mənə yoldaşlarımın ehtiyacı var, işin-gücün bu vaxtı onları tək qoyub gedə bilmərəm” -deyirdi.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin