Zaur Muradxanlı
Alabaş
(Hekayə və povestlər)
Bakı – 2015
İçindəkilər
Ön söz......................................................................................................................4
Müəllifdən...................................................................................................................9
Alabaş.......................................................................................................................16
Fidan..........................................................................................................................45
Qəbul otağı.................................................................................................................62
Qəmə........................................................................................................................109
Qəza.........................................................................................................................119
Bu ilk kitabımı sevimli dostum Rahabın
əziz xatirəsinə
ithaf edirəm
Ön söz
BƏRZƏXDƏN GƏLƏN SƏSLƏR
Uşaqlığım, gəncliyim bədii ədəbiyyat (nəsr) oxumaqla keçsə də və bu, ara-sıra ritmlə indi də davam etsə də, “ədəbiyyat” adlana biləcək hadisə mənim üçün həmişə həyəcan dolu sirr olaraq qalıb. Sonralar bu sirri “mətn” səviyyəsinədək müəyyən qədər “aça bildim”: arxasını açmaq qismət olmadı. Və ona görə yox ki, bu, mənlik oldu. Yox, bu, nə mənlik, nə də heç kimlik deyil. Bu – hüduddur: hamımızın – oxucunun da, yazıçının da müəyyən qədər (hərə öz imkanı səviyyəsində) yaxınlaşa bildiyi və bütün hallarda keçə bilmədiyi hədd. Ruhla yükləndirilmiş maddənin istənilən növ daşıyıcısının (insan, heyvan, bitki...) və onlardan törəyən bütün “canlı-cansız” paradiqmaların gələ biləcəyi və dayanmalı olduğu hədd. Bura – Bərzəxdir. Zaur Muradxanlı, Alabaş, Elçin, “Fidan”, “Qəbul”, “Qəmə” və “Qəza” üçün də eləcə...
Ruhun yolçuluğu həyəcan və sirdir, sirri – Allahın, həyəcanı – bizim:
“[Ya Məhəmməd] Səndən ruh haqqında soruşarlar. De ki: Ruh Rəbbimin əmrindəndir. Sizə [bu barədə] yalnız cüzi bir bilik verilmişdir” (Quran, 17-85).
“Əmrdən olmaq” idrak üçün pərdəli olmaq, insanın idrak imkanlarının hüdudundan o tayda olmaq deməkdir. Ancaq Allah ruhun özünü bizə əmanət verib. Biz onun idrakını yox, həyəcanını yaşaya bilirik. Elə Zaur Muradxanlının “Alabaş (hekayə və povestlər)” adı ilə işarələdiyi mətn hadisəsinin bütün mahiyyəti bu “həyəcana” müncər olunur: bütün poetik materialı ilə ondan yaranır və onu ifadə edir.
Yazıçıların öz mətnlərinə qoyduğu adlar hətta hansısa təsadüfü ifadə etdiyi halda belə, mətnin açarıdır. Adın mətnlə əlaqəsi mənanın uyğun ifadəsi də ola bilər, fraqmentar işarəsi də. Lakin bütün hallarda mahiyyət dəyişmir:
– ad yazıçının düşüncə dünyasından gəlir;
– həmin dünyanın ən əhəmiyyətli və ya ən əhəmiyyətsiz elementi də ola bilir;
– bunun necə olmasından asılı omayaraq, bu elementin əsas mahiyyəti həmin düşüncə dünyasına mənsubluqda ifadə olunur.
“Alabaş” Z.Muradxanlının təxəyyülündə qurulmuş dünyanın (bizcə) ən əhəmiyyətli elementidir. Onun mahiyyəti yazıçının “özünü təqdim edən” ön sözünün və “özünü obrazlaşdırdığı” bütün bədii mətn sisteminin mənasını bütövlükdə işarə edə bilmək gücündədir. Bu, mətn semiotikası baxımından universal işarə deməkdir. Lakin bu yanaşma məsələyə baxışın yalnız quru (konstruktiv) tərəfidir. Bu anlayışa bir azca ruh qatdıqda Alabaş Füzulinin Məcnunu ilə, Hüqonun Jan Val Janı ilə... eyni işarə qatında görünür. Bu halda Alabaş Müəllifdən də (Zaur Muradxanlıdan), onun yaratdığı Elçindən də, “Fidan”dan da, “Qəbul”dan da, “Qəmə”dən də, “Qəza”dan da, Məndən də, Səndən də, elə Alabaşın özündən də keçib birbaşa Bərzəxə gedir: ruhların, düşüncələrin, arzuların, xəyalların, “qara dəliyin”, “böyük partlayışın”... cəzb olunduğu məqama.
Bilgisayar vərəqlərində olan “Mətn”lə qiyabi tanışlığımın əvvəlində, sadəcə, təəssürat gözləyirdim: bədii mətn mahiyyətcə bütün hallarda təəssürat, yaşantıdır. Lakin bu “təəssüratın” Məndən də “keçəcəyini”, açıq deyim, qabaqcadan o qədər də gözləmirdim. Lakin bu, baş verdi. Qarşımda təhlilin bütün imkanlarına meydan verə biləcəyim bir mətn – “Alabaş” var.
Etiraf edim ki, “Alabaş” bütöv mətnə (hekayə və povestlərə) münasibətdə özü bir “bərzəx” oldu; məni mətnin daha dərinliklərinə buraxmadı: özündə və özü ilə saxladı. Həsrətində olduğunu tapan və tapıb da onu birdəfəyə “xərcləməyə” qıymayan, az-az istifadə edib, həzzini uzun müddətə uzatmaq istəyən insan kimi “Alabaş”dan içəriyə olan mətnlər mənim üçün artıq bədii həzzin potensial yaşantılarına çevrildi: hələ yalnız varlıqlarından zövq aldığım, ruhumun bədii qidasının mənə bioantropoloji rahatlıq və məmnunluq gətirəcək ehtiyatları kimi. Bu, həm də risepsiyadır: mətnlərin yaradılışının oxunduqca tamamlanması hadisəsidir. Mənim subyektimin bu prosesə daxil etdiyi “subyektiv” bu “tamamlanmanın” tamamlanmasını istəməməyimdir. Üzünü görmədiyim, mətnləri vasitəsilə ruhani-informativ ünsiyyətə girdiyim Z.Muradxanlı hadisəsinin (bədii fakturasının, milli-ədəbi presedentinin) özünün qurtarmasını istəməməyimdir.
“Z.Muradxanlı” hadisəsi mənim üçün gözlənilməz oldu:
– Bütün insan ola bilənlərin müəyyən yaşdan, yaxud taleyüklü hadisələrdən sonra artıq yaşanmış ömrün xatirələri ilə yaşaması adi insanlıq halıdır. Bədii istedadı olan bir kimsənin də öz həyat tarixçəsinin bu yaşantılarını qələmə alması da normal və adi haldır. Z.Muradxanlı bütün bu “adilərdə” qeyri-adi olanı görə, tapa və bədii fenomen səviyyəsinə qaldıra bilib.
– Müasir milli bədii yaradıcılığın mənəvi konseptlər baxımından indi daha böyük sürətlə korşaldığı, onu özü olaraq var edən ölçülərdən uzaqlaşdığı, zahiri-maddi effektlərin ruhani dəyərlərin parodiyasına çevrildiyi milli-bədii məkanda “Z.Muradxanlı” fakturası mənə bir qədər qərib və qəribə göründü. “Qəriblik” və “qəribəlik” saflıq əyarı olan dəyərlərin indi daha sürətlə öz qınına çəkilməsi, milli vicdanın daha dərin qatlarına enib özünü eşitməzliyə vurması şəraitində Z.Muradxanlının inadla “köhnə dəbə köklənməsindən” doğdu.
Ədəbiyyatımız var gücü ilə şeytanlaşmaqdadır: davranışın şeytani modelləri milli özünüifadənin gündəlik praktikasına çevrildiyi kimi, milli ədəbiyyatda içində birgə qaynadığımız qazandan öz “halal haqqını” götürür. Kimisi Allahı öz yatağına gətirmək istəyir, kimisi Onu karlıqda, kimisi korluqda qınayır, kimisi ümumiyyətlə allahlıq iddiasına düşür, kimisi Ona ağıl öyrətmək istəyir, kimisi isə Ona müharibə elan edib, bununla ədəbiyyat meydanının beynəlxalq şöhrətli əjdahasına çevrilmək istəyir... Şeytanın davranış invariantları sonsuz kombinasiyalara imkan verir. İnsanı hər tərəfdən və hər an həvəsləndirən bu “kosmik” hay-küyün içərisində ruhunu Bərzəxdən gələn səslərə kökləmək və bu səsləri bədii əyarı olan dəyərlərə çevirə (sublimasiya edə) bilmək, razılaşın ki, qərib və qəribə görünə də bilər (ən azı, mənə).
Z.Muradxanlının “Alabaş” povestinin qəhrəmanı Elçin və onun Alabaş adlı itidir. Elçin xəstədir: get-gedə yaddaşını itirib, canlı meyidə, “ayaq üstə gəzən ölüyə” çevrilməkdədir.
O – evlidir: arvadı və uşaqları var. Biz onu “görəndə” artıq arvadı onu tərk edib getmişdir.
Ətrafında onu sevən insanlar var: anası, qardaşı, qardaşı qızları və hərə öz dərəcəsində daha kimlərsə...
Müəllif Elçinin ətrafında olan insanları passiv dinamikada təqdim edir. Onlar “obyektivə” zamanla girsələr də, burada durmur, tez bir zamanda çıxırlar. Bu hadisə müəlliflə yox, onun qəhrəmanı ilə bağlıdır. Elçin özü onun ətrafında olan insanlarla hər gün daha az ünsiyyətdədir. Antropoloji ünsiyyətin itməsi əsərin müəllif diqqətində olan ən əsas xətlərindən biridir. Z.Muradxanlı bədii təhkiyənin bu xəttini Elçinin “batini” dinamikasına mütənasib olaraq təsvir edir. Elçində daşınan “kosmosun” (ilahi əmanətin) bir tərəfdən aramsız boşalıb, o biri tərəfdən də eyni dinamikada dolması povestin bədii atmosferinin “balansını” təşkil edir. Müəllif balansın sabitliyini axıradək qorumaqla oxucu diqqətinin (indiki halda – mənim) mətnə cəzbolunma göstəricisini axıradək sabit saxlaya bilir.
Aktiv yaddaşın get-gedə itməsi Elçini ətrafdakıların (və həm də özünün) gözündə nəfəsi gəlib-gedən biofakturaya çevirdiyi halda, onun içindən özünün də fərqində olmadığı başqa bir yaddaş baş qaldırır. Bu, hər birimizdə olan ilahi yaddaş – teoinformasiyadır. Hamının gözündə sadəcə itdən başqa bir şey olmayan Alabaş bu informasiya ilə Elçinin, ümumən Mətnin, onun Müəllifinin və (potensial) Oxucusunun ruhunun bir parçasına çevrilir. Elçinlə ətrafı arasındakı ruhani ünsiyyət birtərəfli şəkildə pozulduqca və o, öz ətrafından humanitar əhəmiyyətli heç bir informasiya almayıb, yalnızca fiziloji-instinktiv imperativlərin subyektinə çevrildikcə Alabaş müstəqilləşir, Elçini doğan anasından, onunla qarındaş olan qardaşından və... daha kimlərdənsə irəli keçib, onun taleyinin sahibinə çevrilir. Mətnin riseptiv yaranma prosesinin bizə verdiyi “təhlil haqqından” istifadə edib deməyə çalışsaq, Elçinin itən antopoloji yaddaşı Alabaşda “təcəlla edir”. Bəlkə də, burada “təcəlla”, “tənasüx”, yaxud “reinkarnasiya” kimi sözlər heç yerinə düşmür. Lakin bu – Astana/Bərzəxdir. Məcnun onu insanların cəmiyyətinə mənsub edən bütün zahiri atributlardan birdəfəlik imtina edib, heyvanlar aləminə pənah apardığı kimi, Allahın ona bəxş etdiyi öz insan cildində kar-kor olan Elçin də Alabaşa bəxş olunmuş fakturaya pənah aparır. Bu məqamda insanın, heyvanın, daşın, bitkinin, yerin, göyün və onda olanların sərhədi, həddi-hüdudu itir: hər şey bir-birinə qarışır, Mən, Sən və O üçlüyü qovuşur. Mən – daha mən, Sən – daha sən, O da – daha o ola bilmir. Hamısı bir-birindən və Bir-dən olur. Elçinlə Alabaş da beləcə birləşir və Bir-ləşir. Kimin – kimdə, nəyin – nədə daşındığı bilinmir. Kimin – bədən, kimin – ruh olduğu da bilinmir. Zatən bədənlə ruh birgə olurlar. Onlar ölümə də birgə gedirlər. Alabaş anlaqsız vəziyyətdə özünü qatarın altına atan Elçindən ayrılmır: birgə ölürlər. Elçini ölümə tək göndərə bilməzdi Alabaş: sahibinin ilahi əmanəti onda idi. Canı Kimdən almışdılarsa, Ona da qaytarmalı idilər.
Əmanətlə gəlib ədəbiyyatımıza Zaur Muradxanlı.
Əmanətin bəkarətini sonacan qoru, dostum.
Sahibinə qaytarana qədər sənin bədii məkandakı missiyan budur.
Dualarım səninlədir.
Seyfəddin RZASOY
AMEA Folklor İnstitutu
Mifologiya şöbəsinin müdiri,
filologiya elmləri doktoru
MÜƏLLİFDƏN
Dünya rəngarəngdir... Mövcud olan yeddi əsas rəng və bu rənglərin hərəsinin onlarca çalarları o rəngləri görə bilən üçün həyatın gündəlik ritmi içərisində axıb getməkdə, hiss olunmamaqdadır. Bir də bütün rəngləri deyil, yalnız qara rəngi görə bilən insanlar var ki, onlara da digər insanlardan seçilmələri üçün qısaca olaraq “kor” deyirlər. Bilmirəm, qarayla korluğun nə əlaqəsi, amma hər halda tək bir rəngi görən insanlar ta keçmişdən bu günə belə adlandırılmaqdadırlar.
İstər ateist olun və Çarlz Darvinin təkamül nəzəriyyəsinə inanın, istərsə də dindar olun və tək bir Allahın gözümüzlə gördüyümüz və ya görə bilmədiyimiz, amma digər duyğu orqanlarımızla hiss etdiyimiz, ya da inanc sistemimizdən asılı olaraq varlığına ruhumuzla inandığımız milyonlarca digər canlı və cansız məxluqatı yaratdığına inanın... Gözləri olan hər yaradılmış görmə orqanlarının imkan verdiyi ölçüdə (istər zəif görsün, istərsə də rəngləri seçə bilməsin) təbiətdə var olan bütün rəngləri və yaradılanların istənilən hərəkətlərini görüb bütün bunlardan zövq almaqdadır.
Bir tək korlardan başqa... İstər anadangəlmə olsun, istərsə də sonradan, hər hansı qəza və ya xəstəlikdən görmə qabiliyyətini itirən insanlar üçün artıq dünya tək rəng, yeknəsəq bir obyektə çevrilməkdədir. Yaradılmışların hamısı korlardakı bu zəif cəhətləri bilməklə yanaşı, onlarda olan görmə qabiliyyəti enerjisinin başqa duyğu orqanları, yəni eşitmə, dad bilmə, iy alma arasında paylaşıldığını, eyni zamanda korların digərlərindən daha güclü yaddaş və əl qabiliyyətinə malik olduqlarını da bilməzlər. Doğrudur, bəziləri qeyd etdiklərim haqqında səthi biliklərə malik olsalar da, bu, ümumi düşüncə tərzini dəyişdirmək üçün yetərli deyildir. Belələri korların hər zaman və hər işdə yardıma möhtac birisi olduğunu düşünərlər ki, bu da öz növbəsində, korları dərindən yaralayar və bununla da qalmayıb, cəmiyyət içində sıxılmalarına, çəkingən davranmalarına səbəb olar. Elə ona görədir ki, bu gün yalnız bizdə deyil, bir sıra başqa ölkələrdə də korlar küçəyə, parka və cəmiyyətin ümumi istifadəsinə açıq digər yerlərə çıxmaq, hər kəs kimi onların da ən təbii haqları olan mədəni istirahət imkanlarından istifadə etmək əvəzinə, özlərinə qapanaraq evdə oturmağı üstün tutmaqdadırlar. Bəli, bu gün küçədə, ictimai nəqliyyatda və ya digər yerlərdə korlarla təsadüfən rastlaşırıqsa, bunun səbəbi onların sayının həddindən artıq az olması deyil, əksinə, ətraflarındakı insanların baxışlarından rahatsız olmaları, onları aralarında görməkdən heç də məmnuniyyət duymayan bəzi sağlam insanların içinə çıxmaq istəməmələridir.
Bəzən öz-özümə düşünür, sual-cavab edirəm, görəsən, doğrudanmı həyat sadəcə bol rənglərdən ibarətdir? Əgər belə deyilsə, onda görmə əngəlli insanların digərləri tərəfindən daha acizmişlər kimi görülmə səbəbi nədir? Amma dərhal cavab da verirəm ki, xeyir, bu əsla belə deyildir. Rəngləri həyatımızdan çıxardıqda geriyə nələr qalır, heç düşündünüzmü? Səslər, qoxu və toxunaraq duya biləcəyimiz hər şey... Bunların hər biri özlüyündə ən azı rənglər qədər əhəmiyyətli deyilmi? O zaman bu qədər bol seçimin arasında sadəcə birindən – rənglərdən məhrum olan görmə əngəllilər niyə başqaları tərəfindən xor görülsün ki? Heç tarixin Sokratdan Panaqiotis Korubmlisə qədər gözləri görməyən, amma buna baxmayaraq dərin zəkası, liderlik bacarığı və cəsarəti ilə normal insanlardan heç də geri qalmayan necə-necə dahi insanlar yetişdirdiyini bilirsinizmi? Dünyanın sadəcə rəng yığınından ibarət olduğunu düşünməkdən böyük xəta varmı? Arabir düşünürəm ki, əksər insanların haqqımızda belə düşünmələrində, bizi zəif və yardıma möhtac insan kimi görmələrində öz günahımız da az deyil. Səbəb isə çox bəsitdir: utancaqlıq və tənbəllik...
Bəs korlar doğrudanmı acınacaqlı durumdadırlar? Görəsən, onlar gerçəkdənmi yardım olmasa, təkbaşına bu həyatda yaşamaq, cürbəcür çətinliklərə sinə gərmək iqtidarında deyillər? Xeyir, bu qətiyyən belə deyildir! Korlar nəinki kimsənin köməyi və yardımı olmadan həyatın qarşılarına çıxara biləcəyi hər cür çətinliklərə sinə gərə bilərlər, hətta bəzi sahələrdə normal insanlardan daha qabiliyyətli, daha bacarıqlıdırlar. İnanmayanlar, buyurun, sizin üçün bir neçə misal da çəkəcəyəm:
Hələ on beş-on altı yaşlarında keçirdiyi xəstəlik üzündən gözləri sürətlə zəifləməyə başlayıb cəmisi bir neçə ildən sonra tamamilə kor olan Çingiz Muradov. 1978-ci ildə Azərbaycanımızın cənub bölgəsində, Lənkaran rayonunun Qurumba kəndində doğulub. Doğulduğu rayonda, hələ görmə qabiliyyətini itirmədən öncə orta təhsillə yanaşı musiqi məktəbində də oxuyan Çingiz 1994-cü ildə bu məktəbi uğurla bitirərək diplom alıb.
Dünya işığından məhrum olduqdan sonra rayonlarda həyat şəraitinin ağır olması və korlar cəmiyyətlərinin fəaliyyətsizlikləri ucbatından doğulduğu yerdə bir parça çörəyini qazana bilməyən minlərcə digər vətəndaşımız kimi o da işsizlik və digər sosial sıxıntıların əlindən baş götürüb qaçaraq hal-hazırda pənah gətirdiyi Bakımızın Binə qəsəbəsində yaşamaqdadır. Həyat nə almışdır ondan? Doğularkən insanların mütləq əksəriyyətinə verdiyi, ancaq sağlamkən, əlimizdə ikən bir çox nemətlərinin qədrini bilmədiyimiz kimi, onun da qədrini bilmədiyimiz, itirdikdən sonra ilim-ilim axtarsaq da, tapa bilmədiyimiz dünya işığını...
İki uşaq atası olan bu qayğıkeş ailə başçısı dünya işığından məhrum qaldıqdan sonra, əlbəttə, dünyaya küsmüş, həyatdan zövq almağın daşını atmışdır. Amma bununla belə, yenə də o, həyatın davam etdiyini başa düşür və nə vaxtsa bir gün həsrətindən öləcək kimi olduğu rəngləri görə biləcəyinə inanır. Bəlkə də elə bu ümiddir onu yaşadan.
İndi bir az da Çingizin hünərlərindən bəhs edək. O, sağlam insanların çoxunun düşündüyü kimi, zavallı bir kor deyil, eyni zamanda mükəmməl bir bilgisayar proqramçısı, usta bir qarmon ifaçısıdır. Bakımızda onlarca bilgisayar ustası tanısam da, onun qədər işində məsuliyyətli, dəqiq və bacarıqlı birini görmək hələ ki, mənə nəsib olmayıb. Amma inanın ki, tanıdığım bilgisayar ustalarının heç biri bilgisayara format verməkdə Çingizin əlinə su da tökə bilməzlər.
İndi sizə başqa bir kordan danışacağam, amma bu şəxs sonradan görmə qabiliyyətini itirməyib, elə anadangəlmə dünya işığına həsrətdir. Buna baxmayaraq, Sənan adlı bu insan olduqca şən və nikbin yaradılışda bir adamdır. Onun haqqında qısa məlumat vermək istərdim.
Sənan müəllim 1969-cu ildə doğma Naxçıvanımızın Ordubad rayonununun Unus kəndində dünyaya göz açıb. Orta təhsilini Bakıdakı 5 saylı Kor və Zəif Görənlər Respublika İnternat Məktəbində aldıqdan sonra elə burada Mədəni-Maarif Texnikumunun tar bölməsinə daxil olub. 1992- ci ildə texnikumu bitirən Sənan müəllim evlənərək Naxçıvan şəhərinə köçüb. Naxçıvanda yaşadığı müddətdə şəhər mədəniyyət evində, sonra 2003-cü ildən etibarən musiqi məktəbində tar müəllimi işləyərək bu sənətin incəliklərini şagirdlərinə öyrədib. Elə musiqi məktəbində çalışarkən Naxçıvan Dövlət Universitetinin İnstrumental İfaçılıq fakultəsini də uğurla bitirib. Sənan müəllim daha sonra Bakı Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olsa da, şəxsi problemlər ucbatından bu ali məktəbdə təhsil almaq ona nəsib olmayıb. Bütün bunlardan əlavə olaraq şən, ümüd dolu və daim ətrafındakı hər kəsə müsbət enerji verən bu insan dəfələrlə respublika səviyyəli musiqi festivallarında iştirak edərək fəxri kürsünün ən yüksək zirvəsini tutub.
Sənan müəllimin musiqiçilikdən başqa daha bir sənəti də var: Naxçıvanda yaşayan digər görmə əngəlli qardaşlarımızın bilgisayar və mobil telefonlarına format verərək onların yaşam şərtlərini az da olsa, yüngülləşdirməyə, həyatla bağlarını qüvvətləndirməyə çalışmaq!
Sənan müəllim evlidir, iki övladı var.
Hünərindən bəhs edəcəyim digər anadangəlmə görmə əngəlli qardaşımız isə Məhərrəm müəllimdir. O, 1961-ci ildə Laçın rayonumuzun Qoşasu kəndində ziyalı ailəsində doğulub. Orta təhsilini Bakı 5 saylı Kor və Zəif Görənlər Respublika İnternat Məktəbində almağa başlayan Məhərrəm müəllim onuncu sinifə qədər təhsil aldıqdan sonra sonuncu, on birinci sinfi 116 saylı Fəhlə Gənclər Axşam Məktəbində bitirib. Bu məktəbdə təhsil alarkən Baki Şampan Zavodunun Korlar Cəmiyyəti nəzdində fəaliyyət göstərən Məftil Qapaq sexində çalışmağa başlayıb. 1984-cü ildə həmin sex bağlandıqdan sonra, 1994-cü ilədək Bakı Məişət Soyuducuları Zavodunun Korlar Cəmiyyəti nəzdindəki sexində ştamplayıcı vəzifəsində işləyib. 1986-cı ildə Leninqrad Dövlət Musiqi Akademiyasının akkordion fakultəsinə daxil olan Məhərrəm müəllim qiyabi oxuduğu bu təhsil ocağını 1991-ci ildə uğurla bitirib. O, Sovet imperiyası çökdükdən sonra musiqi və bilgisayar proqramçılığı ilə məşğul olub. Hazırda müxtəlif səbəblərdən əsil sənəti olan musiqini buraxmaq məcburiyyətində qalan Məhərrəm müəllim bilgisayarlara və mobil telefonlara format verməklə məşğuldur.
Məhərrəm müəllim evlidir, iki övladı var.
Görmə əngəlli xanımlarımızdan söhbət açmadan keçsək, onlara qarşı haqsızlıq etmiş olarıq. İlk öncə Sevinc xanımdan danışmaq istərdim. O, 1968-ci ildə Bakı şəhərində, ziyalı ailəsində doğulub.1974-cü ildə 5 saylı Kor və Zəif Görənlər Respublika İnternat Məktəbinin hazırlıq sinifində təhsil almağa başlayan Sevinc xanım 1986-cı ildə bu məktəbi müvəffəqiyyətlə bitirib. İnternat məktəbində oxuyarkən 1980-86-cı illərdə 38 nömrəli Musiqi Məktəbi xalq çalğı alətlərinin kamança bölümündə də təhsil alıb. 1986-90-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub. Qiyabi təhsil alarkən eyni zamanda 38 nömrəli məktəbdə kamança üzrə musiqi müəlliməsi olaraq çalışan Sevinc Quluyeva hələ də həmin musiqi məktəbində övladlarımızın bu milli çalğı alətinin sirlərini öyrənmələrinə kömək edir.
İndi isə sizə başqa bir görmə əngəlli insandan, Kifayət xanımdan danışacağam. O, 1970-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 5 saylı Kor və Zəif Görənlər Respublika Internat Məktəbində aldıqdan sonra 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olub. Həmin fakultəni uğurla bitirdikdən sonra, 1997-ci ildən etibarən 38 sayllı musiqi məktəbində vokal müəlliməsi olaraq çalışır. Onu da qeyd edək ki, Kifayət Mükayılova 1982-89-cu illərdə indi çalışdığı musiqi məktəbində vokal ixtisası üzrə təhsil alıb. 1998-ci ildən etibarən təşkil olunan Əlillərin Bədii Yaradıcılıq Ümumi Respublika müsabiqəsində iştirak edir. Üç ildən bir keçirilən bu müsabiqələrdə iştirak edən Kifayət xanım hər zaman yüksək yerlərə layiq görülüb. 2007 və 2013- cü illərdə keçirilən musabiqələrdə xalq mahnıları, muğam, romans nominasiyasında birinci yerin sahibi olub.
Bu istedadlı insanların sayını kitablara sığmayacaq qədər artırmaq olar, amma mən sadəcə beşinin haqqında qısaca məlumat verməklə kifayətlənirəm. İstəyən hər kəs qısaca araşdırma sonucunda istər doğma Azərbaycanımızda, istərsə də dünyada kor olmağına baxmayaraq neçə-neçə istedadlı filosofların, cəsarətli pilotların, yazıçılların, şairlərin, musiqiçilərin, hətta rəssamların belə olduğunu görə, əslində aralarında olan, amma çoxlarının illər uzunu xəbərsiz qaldığı, bəlkə də qolundan tutub göstərməsən, ömrü boyu elə xəbərsiz də qalacaqları bu insanları hiss edə bilərlər.
Bir də bəsirət gözü görməyən insanlar vardır ki, onlara nədənsə kor demirlər. Halbuki fiziki gözü görməyən insanlar inkişaf etmiş duyğuları və yorulmaq bilmədən çalışqanlıqları sayəsində qismən də olsa, fiziki qüsurlarını pərdələyə bilirlər, amma bəsirət gözü kor olanlar heç vaxt bunu edə bilməzlər, çünki özləri mənən qüsurlu olduqlarını bilməzlər, bunu üzlərinə vuranlara isə ikrah hissi ilə baxarlar...
Sizcə, onlar da ən azı digər korlar qədər kor adını daşımağa layiq deyillərmi? Biri var zahiri gözlərin kor olsun, biri də var daxili gözlərin... Sizcə, ən böyük bədbəxtlik ikincisi deyilmi? Məncə, ikincisi daha böyük dərddir, amma anlayana...
Özümlə də bağlı bir az məlumat vermək istərdim.
Mən, Muradxanlı Zaur Bayram oğlu, 1978-ci ilin 10 avqustunda Naxçıvan MR Culfa rayonunun Milax kəndində ziyalı ailəsində doğulmuşam. 1995-ci ildə həmin kəndin orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil oldum. Müəyyən səbəblərlə bağlı fakultənin əyani şöbəsindən qiyabi şöbəsinə keçirildikdən qısa müddət sonra, 1999-cu ilin 13 yanvarında hərbi xidmətə yollandım. Vətən qarşısındakı borcumu Şərur rayonunda dislokasiya olunan N saylı hərbi hissədə verməyə başlasam da, iyul ayında peşəkar xüsusi təyinatlılar kurs seçmələrinə qatıldım və seçmələri uğurla keçərək peşəkar xüsusi təyinatlı qüvvələr məktəbinə oxumağa göndərildim. Bu kursu müdavimlər arasında birinci olaraq bitirdikdən sonra kiçik gizir rütbəsi ilə xidmət etməyə başladım.
Bütün iş yoldaşlarım, silahdaşlarım kimi mənim də ürəyimdə bir atəş, qəlbimdə bir yanğı var idi, işğal altındakı torpaqlarımıza getmək, o torpaqların mənfur düşmənlərimizin ayaqları altında od tutub yanması, düşmənlərimizin Qarabağ adı gələndə qorxu içində gizlənmək üçün yer axtaracaqları vəziyyəti yaratmaq istəyirdim. Əlbəttə, bu sadəcə mənim, ya da hansısa silahdaşımın istəyi ilə deyil, ancaq və ancaq yuxarıdan gələcək əmrlə mümkün olan iş idi, lakin o əmri almaq mənə qismət olmadı. 2001-ci ilin iyulunda aldığım mina partlayış travması nəticəsində hər iki gözümü itirdim, bundan əlavə, sağ əlimin üç barmağı yarıdan və sol əlimin baş və işarət barmaqları sonuncu buğumdan amputasiya olundu...
Dünyam yıxılmış, canlı ölüyə dönmüşdüm, axı bunun əksi necə ola bildi? Hər halda kimsə hələ iyirmi üçünü doldurmamış kor olan və bütün arzuları, istəyi, amalları yarımçıq qalan birinin yerində olmaq istəməz...
Həyatın əsl üzünü kor olduqdan sonra gördüm... Bir-birinin ardınca aralanıb gedən “dost”lar, daima qayğı göstərməkdən yorulan yaxınlar, bekar qalmağın verdiyi bezginlik və keçmək bilməyən, hər biri ildən daha uzun olan günlər, hansını sayım ki? Lakin bunlar hələ son deyildi və kor olmaq mənə eyni zamanda cəmiyyətə yararsız insan olduğumu, əslində parazit olaraq yaşadığım hissini aşılayırdı.Təbiidir ki, bu hiss boşuna deyildi ve qeybdən də gəlmirdi. Ölkəmizdə bütün digər əlillər kimi, korların da həyat səviyyəsini yüksəldəcək düzənləmə demək olar ki, ictimai həyatın heç bir sahəsində nəzərə alnmayıb. Avtobus dayanacaqlarından səkiyə, binaların girişindən keçidə qədər əlilin nəzərə alındığı, onların rahatca hərəkət edə biləcəyi yer yox deyiləcək qədər azdır. Hələ iş imkanlarını demirəm. Yaxşı xatırlayıram, yaşadığım rayonun məşğulluq idarəsindən bəzi özəl qurumlaradək telefonla arayıb iş istədikdə qısaca olaraq, “qardaş, kor adamsan, sənə görə nə iş verə bilərik ki?” cavabını eşitdim. Sadəcə, dövlət qurumlarımızın deyil, ictimai şüurumuzun da kifayət qədər yetkinləşməməsi bu cavabı doğuran amillərdəndir, yoxsa hər hansı radioda bir korun da nədənsə danışa biləcəyini düşünərdilər, ya da hansısa qəzetə göndərilən yazılara baxmadan belə “Əşi, bunu bir kor yazıb”- deyərək rədd etməzdilər. Axı göz insana intellektual qabiliyyətini ortaya çıxarmaq üçün deyil, sadəcə görmək üçün lazımdır ki, yuxarıda da qeyd etdiyimiz kimi, insanların əksəriyyəti məhz bunu anlamaqda çətinlik çəkir.
Daha əvvəlcədən korların həyat tərzi haqqında heç bir məlumatım olmadığından onların da bir əlifbası, bilgisayar proqramları olduğunu bilmirdim.
Yazmağı qərara aldım, amma necə? Öncə kağızın üzərinə xətkeş qoyaraq sətirin düz olmasını təmin etmək və elə yazmaq istədim, amma bu mümkün olmadı, sağ əlimin baş, işarət və orta barmaqları yarıdan amputasiya olunduğundan qələmi tutaraq yazmağım imkansıza yaxın idi və bir neçə cəhddən sonra belə yazmaq fikrindən daşındım. Üzərindən bir neçə il keçdikdən sonra yerli media orqanlarından birinə telefonla müsahibə verməklə o media orqanında çıxış etməyə başladım. Necə olsa, tələbə vaxtlarımda bir qəzetdə çalışmışdım və jurnalistikada təcrübəm var idi. Təəssüf ki, həmin media orqanı ilə əlaqəmiz qısa müddət sürdü və yenə getdikcə genişlənən qaranlıq otağımda yalnız qaldım...
2010-cu ilin sentyabrnda ilk bilgisayarımı aldım və yenə yerli qəzetin biri üçün yazmağa başladım..., doğrudur, ilk bilgisayarımda korlar üçün hazırlanmış xüsusi səsli proqram “jaws@ olmadığından başqasının açdığı səhifədə, hərfin yerini axtara-axtara yazmağa başladım... Bir yazar üçün bunun nə qədər ağır olduğunu təsəvvür etmək çətindir, düşünün ki, beyninizdə hazır olan və kino lenti kimi axıb gələn fikri mətnə tökmək istəyirsiniz, lakin fiziki vəziyyətinizə görə bunu o qədər gec edirsiniz ki, cümlənin ortasına çatmamış nəinki bütün düşüncəniz, hətta o cümlənin axırı belə yadınızdan çıxır...
Bütün bunlardan əlavə, bir də başqa bir çətinliyim var idi ki, o da sol əlimin barmaqlarının nisbətən yaxşı vəziyyətdə olduğu halda solaxay olmamağım...
Solaxay olmayan adamın sol əli ilə yazması hər nə qədər çətin, məşəqqətli olsa da, yazdım...
2011-ci il qaranlıqda keçən həyatımın ən unudulmaz ilindən biridir, çünki bir media kanalında reklamını görərək var olduğunu ilk dəfə bildiyim, lakin yanlış yerdə axtardığımdan il uzunu tapa bilmədiyim jaws proqramını bilgisayarıma yüklətdim...
Doğrudur, biz korların istifadə etdiyi bu proqram maddi imkansızlıqlardan hər nə qədər pirat olsa və bu səbəbdən də, ə hərfini oxumasa, elə buna görə də, xüsusən mətnin redaktəsini demək olar ki, mümkünsüz etsə də, ayrıca, sağlam insanların istifadə etdiyi proqramların əksəriyyəti üçün məhdudiyyət yaratsa da, eyni zamanda internetdəki axtarışlarda çətinlik yaratsa da, yenə də işimizi müqayisə olunmayacaq dərəcədə yüngülləşdirməkdə, həyatdakı ən böyük yardımçılarımızdan biri olmaqdadır.
Bu gün bu kitabı iftixar hissi ilə siz oxucularıma təqdim etmənin verdiyi zövq və haqlı qürurunu yaşamaqdayam.
Umudluyam ki, mənim bu kitabı ərsəyə gətirməm əslində hər şeyi – gözü, əli, ayağı olduğu halda işi tərs gedən kimi pessimizmə qapılan, ya da hansısa fiziki çatışmazlığı olduğundan özünü cəmiyyətdən təcrid edən bütün əlil qardaşlarım üçün bir nümunə, yol göstərən bir məşəl olacaq və onları təslim olmamağa çağıracaqdır.
İnsan istədikən sonra edə bilməyəcəyi hansısa bir iş, öhdəsindən gələ bilməyəcəyi bir çətinlik varmı? Əlbəttə ki, yoxdur, yetər ki, istəyək...
Və sonda Türkün bir atalar sözü ilə yekunlaşdırmaq istərdim: “Yenildiyində deyil, inancını itirdiyinde kayb edərsən”...
İrad və təklifləriniz üçün zmuradxanli@gmail.com ünvanına yazmanızı xahiş edirəm.
Dostları ilə paylaş: |