Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə5/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

– Qısa eləyin, sırada gözləyənlər var…

– Altı ildi ki, məni ev növbəsinə qeydə almırlar. Gah deyirlər sənə ev düşmür, gah da deyirlər ev paylanmır, paylananda xəbər eləyəciyik. Sonra bir də eşidirəm ki, əlillərə ev paylanıb, durub gəlirəm bura, deyirsiniz, əlaqə saxlaya bilmədik.

– Vətəndaş, sənin adın nədir?

– Anar.

– Əlillik dərəcən nədir?



– Birinci qrup.

– Ömürlük?

– Bəli.

– Əlillik səbəbi?



– İş qəzası.

– Çoxdan olub?

– İyirmi ildir.

– Hə, indi de görüm, nə istəyirsən?

– Necə yəni nə istəyirsən? Mən burda bayaqdan nə danışıram? Ev istəyirəm, başqa bir istəyim də yoxdur, vəssalam!

Anarın özündən çıxdığı, lakin güc-bəla ilə də olsa, əsəblərinə gəm vurduğu bəlli idi. Dombagöz isə onun üzünün əzələlərinin çəkilməsindən, dodaqlarının səyirməsindən, yumruğunun qeyri-iradi sıxılıb açılmasından bunu hiss etmiş olacaqdı ki, üstünə getməyə, qıcıqlandıraraq sadistcəsinə həzz almağa başladı:

– Nə vəssalam? Vəssalam bilirsən harda olur? Sən, deyəsən, danışığını itirirsən axı!

– Mən nə danışdığımı yaxşı bilirəm! Əsil siz rahat kreslolarınızda əyləşib özünüzü padşah balası sanırsınız! Elə bilirsiniz ki, əlinizin üstündə əl yoxdur. Amma yadınızdan çıxardırsınız ki, dəvədən böyük fil də var.

– A kişi! - bunu deyib yumruğunu masaya vurdu, - bura səninçün zoopark deyil! Polisi çağıraram, qulağından tutub atarlar səni qoduxluğa, ağlın başına gələr!

– Yaxşı ki, güvənəcəyiniz polis var. Ona arxalanın, əzin bu milləti. Amma unudursuz, bu dünyanın bir də o biri tərəfi var.

– Nədi, indi də mollalığa başladın? Axirət işləri səni o qədər maraqlandırırsa, get İrana, ora doludu sənin kimi mollalıqla maraqlananlarla, orda istədiyin qədər mollalıqdan dərs verərsən.

– Mən molla deyiləm, heç kimə də din dərsi vermirəm.

Kefi yerində olan Bayram müəllim indi də başqa yöndən bu yaşlı əlili ələ salmağa başladı:

– Anar müəllim, bilirsiz, hər gün onlarca insan gəlir bura. Hamısının da dərdi- səri başından aşır. Biz də gərək onların dərdinə bir əlac eləyək, əlac eləməyə gücümüz çatmayanları isə könlünü alıb yola salaq. Cənab nazirin əmri var ki, vətəndaşların heç birini burdan narazı yola salmayaq. Amma elə götürək sizi. Deyirsiz probleminiz ev məsələsidi də, düzdü? Hansı rayonda qeydiyyatdasınız?

– Sumqayıtda yaşayıram.

– Qəza da orda olub.

– Bəli.

– Hmmm, ev məsələsi ilə bağlı Sumqayıtda İcra Hakimiyyətinə müraciət etmisiniz?



– Bəli.

– Nə deyiblər?

– Deyiblər sizə müraciət eləyək.

Bayram müəllim yenidən saxta bir əsəbilik nümayiş etdirərək yumruğunu masaya vurdu:

– Vətəndaş, niyə başa düşmürsüz, bu nazirliyin adı Social Təminat Nazirliyidir! Şikəstlərə ev paylama cəmiyəti deyil!

Anar çaşıb qalmışdı, salamat əli ilə köynəyinin yellənən qolunu tutub Bayram müəllimin üzünə baxırdı. Həmləsinin nəticə verdiyini görən bu dombagöz məmur özündən razı halda davam etdi. Sanki bir nazirliyin kiçik məmuru deyil, polis bölməsində müstəntiq idi. Anar da qana susamış bir qatil idi, yaxalayıb oturtmuşdular önündə.

– Uşağın var sənin?

– Onun bura nə dəxli var?

– Söz soruşanda cavab ver! Uşağın var?

– Bəli, iki oğlum var.

– İşləyirlər?

– Xeyir.


– Niyə işləyib atalarına kömək eləmirlər?

– İşləmirlər deyəndə hökümət işində işləmirlər. Yoxsa niyə işləmirlər? Qadasını alım onların. İki oğlum var, ikisi də işləyir

– Harda işləyirlər?

– Fəhlə, - bir an susub əlavə etdi, - tikintidə.

Hələ də dombagözün üzünə baxır, oğlanları ilə bağlı sorğu-sualın səbəbini və verdiyi cavabların nəticəsini onun kinayə ilə gülən gözlərində görməyə çalışırdı. Sorğu isə bitməmişdi.

– Sən özün nə qədər pensiya alırsan?

– Yüz yetmiş manat, yüz on manat iş yerindən, altmış manat da əmək qabiliyyətmi itirdiyimə görə.

– Yaxşıdı, az qalırsan mənim qədər alasan.

– Məni ələ salırsız? Heç utanmırsız siz? Bir vaxt mənim də imkanım varıydı, onda sənin kimi on dənə oğlanı qabağımda işlədirdim, bankrot oldum, Allah əlimdən aldı. Sonra da şikəst oldum deyə məni lağa qoymalısız burda? Bu cəsarəti hardan alırsınız belə? Bayaqdan deyirəm ki, altı ildir gəlib-gedirəm, niyə, nə səbəbə? Haqqım olan evi almaq üçün. Siz dərdimlə maraqlanmaq yerinə, durmusuz səviyyənizə uyğun suallarla baş-beynimi aparırsız.

Anar əməlli-başlı əsəbiləşmişdi. Sonunda Bayram onu da hövsələdən çıxartmağa nail olmuş, əməyinin qarşılığını görməkdən zövq alan bir şitliklə dişlərini ağardırdı.

– Yaxşı, əsəbiləşmə, nə dedim e? Müsəlman millətinə də yaxşılıq yaramır ki…

– Nə yaxşılıq? Bayaqdan utanmayıb lağa qoyduğun bəs deyil, hələ üzün də var yaxşılıqdan danışırsan?

– A kişi! Ağzını topla! Ya da yerdən dişlərini toplarsan! Günah səndə deyil, səni adam yerinə qoyandadı…

Anar üzünü turşudub başını aşağı saldı. Dodağının altında nəsə deyinir, öz- özünə mızıldanırdı. Kim bilir, bəlkə də altı ildir düşdüyü bu get-gəl girdabından bezib, qəzaya, onu bu əzazil məmurların zülmünə dözməyə məcbur edən şikəstliyinə lənət oxuyur, bəlkə də ürəyində “Kaş ki, Azərbaycana dönəcəyimə Moskvada qalıb acından ölsəydim” - deyə düşünürdü. Yenidən köynəyinin boş qolunu tutmuşdu, qalxıb getsinmi, gözləsinmi, qərar verə bilmirdi. Deyəsən, niyə gəldiyini belə unutmuşdu.

Dombagöz məmurun səsi onu özünə gətirdi.

– Kirayədə yaşıyırsız indi siz?

– Bəli.

– İş olsa, işləyərsən?



– Niyə işləmirəm?

Anar sual dolu gözlərilə qarşısındakı məmura baxdı. Yenə onu dolayırdı, ya bu dəfə ciddi idi, anlamaq istəyir, amma onun nə padoş sifətindən, nə də bayaqkı kimi kinayə ilə gülümsəyən domba gözlərindən bir şey anlaya bilmirdi.

– Nə işində işləyə bilərsən?

– Tək əllə görülə biləcək hər iş, qarovuldan briqadirə qədər…

– Yaxşı, hmm, onda telefonunuzu deyin, qeyd eləyim bura, sizə uyğun iş olan kimi xəbərim dəyər.

Anar onun üzünə dik-dik baxıb “Bura işə düzəltmə bürosudu?” - deyə soruşmaq istədisə də, bir şey deməyib susdu.

– Hə, nə oldu? Telefonun yoxdu?

– Var, niyə yoxdu…

– De da.., off, bunlar lap adamı dəli edər. Həm iş tapırsan, həm də özlərini çəkib qoyurlar dağın başına.

Anarın telefon nömrəsini yazdıqdan sonra kağızı qatlayıb masasının çəkməcəsinə qoydu:

– Artıq sən gedə bilərsən, iş olan kimi xəbər eləyəciyəm.

– Bəs ev?

Bayram müəllim yuxudan yeni ayılmış uşaq kimi key-key onun üzünə baxdı:

– Nə ev?

Anarın sual dolu gözlərindən onun nə demək istədiyini anlayıbmış kimi göründü, həmən ardından özünü toplayıb bu şikayətçini də mümkün qədər tez başından etmək üçün:

– Dedim axı, nə bu il, nə də gələn il Sosial Təminat Nazirliyi tərəfindən heç kimə ev verilməyəcək. Sən yenə də Sumqayıt Şəhər İcra Hakimiyyətinə və ya bələdiyyəyə müraciət et. Mən sənə artıq neçənci dəfədir ki, gedəcəyin ünvanları göstərirəm, amma sən başa düşmək istəmirsən ki, istəmirsən.

Anar tək əli ilə dizinə dəstək verib əyləşdiyi kətildən qalxdı, bayaq yerini verdiyi oğlana dönüb

– Sənə uğurlar, bacoğlu, - dedi və çıxıb getdi.

Qəbul otağı bir tərəfdən boşalırdısa, o biri tərəfdən də dolurdu. Ağlaya-sızlaya dərdini anlatmağa çalışanlar, daha artıq süründürməçiliyə dözə bilməyib üsyan edən, səsini qaldıranlar, bivec məmurların özbaşınalığından təngə gəlib nazirliyin binası önündəcə intihar edəcəyi ilə onları hədələyənlər, çıxılmaz vəziyyətdə qalıb rüşvət təklif edənlər, bir sözlə, dərdini götürüb nazirliyə gələnlər azalmırdı…

Anar qalxıb getdikdən sonra Bayram müəllimin masası qarşısındakı kətilə bir xanım əyləşdi. Bu, iyirmi beş - iyirmi altı yaşlarında, arıq, hündür sayıla biləcək boyda, qaraşın, qaragünə yanmış bir qadın idi. Yeriməkdə çətinlik çəkirdi, onu müşayiət edən otuz yaşlarında, sifətcə də ona oxşar bir oğlanın yardımı ilə oturdu kətilə. Yerini rahatladıqdan sonra başını qaldırıb Bayram müəllimin üzünə baxdı. Göz-gözə gəldilər. Onun kinayəli gülüş əskik olmayan domba gözlərindən rahatsız olmuş olacaqdı ki, baxışlarını qaçırmağa çalışdı, boğazını təmizləyib sözə başladı:

– Müəllim, mən anadangəlmə ikinci qrup əliləm. İki ombam da anadangəlmə çıxıqdır. Üstəlik, belimdə də doqquz millimetrlik yırtıq var.

– Sənin problemin nədir?

– Mən ev, olmasa, ikicə sot torpaq istəyirəm.

– Vətəndaş, biz nə ev, nə də torpaq vermirik, bu məsələlərdən yana şikayət etməli olduğunuz qurumlar fərqlidir. Ev üçün yaşadığınız rayon icra hakimiyyətinə, torpaq üçün yaşadığınız inzibati ərazi idarəsinin bələdiyyəsinə müraciət etməlisiniz. Mən sizin hüquqlarınızı başa salmalı deyiləm ki. Öz hüquqlarınızı bilmirsinizsə, gedin hüquq məsləhətxanasına, orda sizi başa salsınlar.

– Müəllim, siz deyən yerlərin hamısında olmuşam. Şəmkir İcra Hakimiyyətində də olmuşam. Həm başçının, həm də tikintiyə baxan müavinin qəbulunda, onlar da deyirlər ki, əlilsən, get öz nazirliyin problemini həll eləsin.

– Şəmkirdə qeydiyyatdasan?

– Bəli.

– Özündənsən, ya kəndindən?



– Özündən.

– Hansı tərəfdə qalırsan?

Xanım sual dolu nəzərlərlə onun gözlərinin içinə baxdı, sanki ”Harda yaşamağımdan sənə nə?” demək istəyirdi, amma demədi, sakitcə:

– Qırx bir - qırx beşin yanında.

– Orda adam desəm, tanıyarsan?

– Niyə tanımıram, şəmkirli deyiləmmi?

Qadını bir neçə saniyə seyr etdikdən sonra nədənsə fikrini dəyişdi və heç kimi soruşmadı, amma sorğu-sualına davam etdi:

– Bələdiyyəyə getmisən torpaqdan ötəri?

– Bəli, getmişəm.

– Nə deyirlər?

– Deyirlər ki, Arxın altı paylananda ordan verərik…

Bayram qaşlarını çatıb üzünə düşüncəli bir ifadə verdiikdən sonra davam etdi:

– Deyirlər, sən də gözlə, verəcəklər.

– Müəllim, necə gözləyim? Bir balamnan el qapılarında qalmışam. Aldığım yüz əlli manat pulun nə qədərini kiraya, nə qədərini çörəyə verim ki, acından ölməyək? Hələ uşağın məktəb xərclərini demirəm.

– Şəmkirdə yüz əlli manata kirayə qalırsız? Necə evdi ki, o elə?

– Mən Şəmkirdə yaşamıram, qeydiyyatım oradı, ona görə də, torpağı, evi ordan istəyirəm, əslində imkan olsa, Gəncədən istəyirəm.

– Gəncədən niyə?

– Orda yaşayıram.

– Niyə Şəmkirdə yaşamırsan? Yoldaşın necə, işləmir?

– Yoldaşım yoxdu.

– Bəs demirdin bir uşağın var?

– Uşağın atası ilə bir yerdə yaşamırıq.

Bu yerdə onu müşaiyət ədən oğlan sözə qarışdı:

– Bilirsiz, müəllim, uşaq qeyri-qanuni nikahdan doğulub. Atası da insanlıq elədi, soyadını verdi ki, qız uşağıdı, böyüyəndə utanıb-sıxılmasın. İndi neçə ildi onun nə üzünü görən var, nə də səsini eşidən. Gəncədə də ona görə yaşayır ki, biz qohum- əqraba hamı ordayıq. Çətin vəziyyətdi, şikəst adamdı, bir işi olanda əl atırıq, evimizə iki kilo kartof alanda bir kilosun əl tuturuq. Yoxsa özü yetim qızdı, nə atası var, nə də anası, gedib Şəmkirdə tək-təkinə necə yaşasın?

Bayram domba gözlərini oğlandan qadının üzərinə çevirib soruşdu:

– Sənin adın nədi?

– Aynur.

– Aynur, torpağın olsa, ev tikə biləcəksən?

– Niyə tikmirəm ki? Çox yox, ikicə sot istəyirəm, Gəncədə olsa, yaxşı olar, amma Şəmkirdə də olsa, eybi yoxdur. Harda olursa, olsun, yetər ki, torpaq olsun, dörd divar qaralıyıb girim içinə, balamın başına yağış yağmasın.

– Əslində mənim Şəmkirdə bir-iki hektar torpağım var, amma işdən-gücdən vaxt eləyib gedə bilmirəm, torpaq da qalıb başına.

– Siz Şəmkirdənsiniz?

– Hə.


Qız yalvarış dolu baxışlarını onun üzündə gəzdirdi. Saçlarından tutmuş çənəsinədək bütün üzünü ehtiyatla incələdi. İçində bir ümidin doğduğu bəlli idi. Həyəcan dolu bir səslə, aram-aram ricasına başladı:

– Təsadüfə bax, qarşımıza yerlimizin çıxacağı ağlımıza da gəlməzdi.

Araya müşaiyətçisi girdi:

– Siz Şəmkirin özündənsiz?

– Hə, özündənəm.

Sonra qadına tərəf döndü:

– Sizin dərdiniz bələdiyyəlikdir, Ədliyə Nazirliyinin bələdiyyələrlə iş üzrə şöbəsi var, gedin ora, şikayətinizi edin, bəlkə orda sizin dərdinizə əlac eləyələr. Bura nə hüquq bürosudur ki, hər gələn məsləhət alsın, nə də torpaq komitəsidir ki, dövlətin ehtiyat fondundan ehtiyacı olanlara torpaq paylansın.

Qadının gözlərində yanan ümid işartıları bir anda söndü, yerini nifrət qarışıq kədərli bir ifadə aldı. Qarşısındakı məmurun domba gözlərinin içinə baxaraq qəzəblə:

– Mən Alqulunun tulasıyam sizinçün? - deyə bağırdı. Artıq nə etika, nə də utancaqlıq qalmışdı onda. Əsəbindən tir-tir titrəyir, özünə hakim ola bilmirdi. Kətildən qalxıb yana çəkildi, ombasına qoyduğu əlinin yardımı ilə belini dikəltməyə çalışaraq davam etdi:

– Görürsən vəziyyətimi? Sənin balan bu gündə olub qapılara düşsə, xoşuna gələr?

– Ay qadın, tərbiyəli ol! Atdıraram səni bayıra!

– İstədiyini elə! Bu nədi? Qapılara salırsınız insanları, adamı adam yerinə qoyub dərdini-şikayətini də dinləmirsiz, hər gələni lağa qoyursuz. Gedirəm icraya, göndərirlər bələdiyyəyə, ora gedirəm, göndərirlər sosiala, ordan da deyirlər, sənin dərdin bizlik deyil, get Bakıya. Gəlmişəm bura, sən də deyirsən get, nə bilim, hansı nazirliyin nə idarəsinə. Mənim Ədliyə Nazirliyində nə itim azıb? Sizi bura insanların dərdlərilə maraqlanmaq üçün qoyublar, yoxsa gələnin ağzına çarıq verib geri qaytarmaqçün?

Artıq özünü tuta bilmədi və ağlamağa başladı. Amma boğula-boğula da olsa, danışır, səsini kəsmirdi:

– Nazir televizorda bar-bar bağırır ki, əlillərin problemlərini həll edirik, ev paylayırıq, rayonda yaşayanlara gedib ev tikirik. Sizin nazir yalan danışmağından utanmır heç? Məni qəbula yazın, birbaşa özüylə danışacağam! Əgər o mənim nazirimdirsə, onda qoy zəhmət çəkib dərdimə əlac eləsin! Yox, əgər mənim nazirim deyilsə, qoy onda özü mənə desin ki, qızım, get başına çarə qıl! Mən də Alqulunun tulası kimi qapı-qapı idarələri dolanacağıma gedim görüm başıma haranın daşını salıram…

– Sən nə danışırsan? Hər könlü istəyəni cənab nazirin qəbuluna yazsaq, onda gərək gün axşamacan oturub kabinetdə şikayətçi qəbul edə.

– Özünüz bilərsiniz, istəmirsiniz, yazmayın. Elə indi gedəcəyəm ANS-ə, ATV-yə! Hamısını çağırıb tökəcəyəm bura! Baxarsınız!

– Doğurdan, Xoşqədəm də ərə getdi.

– Sənə nə? Elin arvadlarının işinə də qarışacaqsan? Ərə gedib, əcəb eləyib, subay qalmayacaqdı ki!

Məmur işi xoşluqla yoluna qoymaq, daha doğrusu, belinin üstündə dura bilməyən bu gənc qadını başından eləmək qərarına gəlmişdi. Odur ki, yumşalmış kimi görünərək:

– Ay anam, ay bacım, sizin probleminizin Sosial Təminat Nazirliyinə heç bir aidiyyatı yoxdur axı!

– Bəs hara aidiyyatı var? Buranın adı Sosial Təminat Nazirliyi deyil?

Bayram domba gözlərini qırparaq:

– Bəli, Sosial Təminat Nazirliyidir.

– Mən də sosial vəziyyətim pis olduğundan təminat istəyirəm da, başqa nə istəyirəm ki?

Hər hərəkətində sifətini turşutmağından bəlli idi ki, ayaq üstə durmaqda çətinlik çəkir. Müşaiyətçisi qoluna girib yenidən Bayram müəllimin masasının önündəki kətilə oturmasına kömək etdi. Aynur əyləşdikdən və yerini rahatladıqdan sonra bir şey istəyəcəyini bəlli edərcəsinə irişərək:

– Müəllim, sizin torpağınız Şəmkirdə hansı tərəfdədi.

– Özündə.

– Bəs nə əcəb, kimsə gedib orda ev-zad tikmir?

– Bir dəfə biri çaşıb daş tökmüşdü, ordan xəbər yolladılar, anasından əmdiyini burnundan gətirdim.

– İcarəyə-zada da verməzsiz?

– Nə icarəsi?

– Nə bilim, bir şey əkməyə dana, kartofdan, pamidordan, kələmnən-zaddan…

– Sən kartof əkənsən?

Aynur əsas mətləbə keçməyi qərara aldı, bir az çəkingən, bir az da yalvarış dolu bir səslə:

– Müəllim, nolar ki, ikicə sot versəniz…

Bayram cəld başını qaldırıb sərt-sərt onun üzünə baxdı, nə demək istədiyini anlamamış kimi:

– Sən nə danışırsan? Könlündən nə keçir elə?

– Deyirəm yəni, ikicə sot versəniz, bir ev qaralıyım girim içinə, sonra yavaş- yavaş pulunu verərəm…

– Sən ciddisən?

– Bəli, müəllim!

– Get işinlə məşğul ol!

Dərindən bir nəfəs alıb ikrahla qadının üzünə baxdıqdan sonra:

– Xanım, siz ən yaxşısı, o masaya yaxınlaşın, - deyib əli ilə baş tərəfdəki masanı göstərdi, - burda sizə kömək edə bilsə, Famil müəllim edəcək. Mən deyə biləcəyimi dedim, hüquqlarınızı bacardığım qədər başa saldım. Bundan artığına gücüm catmaz. Bir yerli kimi, sizə göstərə biləcəyim son kömək Famil müəllimin yanına göndərməkdir.

Aynur dönüb göstərilən tərəfə baxdı, bir anlıq tərəddüddən sonra çəkingənlik oxunan gözlərini yenidən Bayram müəllimə çevirdi:

– Birinci masaya yaxınlaşaq ?

– Hə, hə, birinci masa…

Aynur və müşaiyətçisi sadəlöhvçəsinə bu yerlilərinə təşəkkür edib birinci masaya yaxınlaşmaq üçün ayrıldıqda Bayram birinci masada əyləşən Famil müəllimə dövlət məmuruna yaraşmayacaq dərəcədə əl-qol və göz-qaş hərəkətləri elədi, bu şikəst xanımın ardınca utanmadan dil çıxardı. Mənası nə demək idi bütün bunların? Sanki birinci masaya “Mən güc-bəla ilə başımdan sovuşdurdum, sən də bir təhər rədd elə getsin işinin dalınca” demək istəyirdi.

Gördüklərindən, dinlədiklərindən çaşıb qalan və ürəyi sıxılan əsalı adam çalışdı anlasın ki, sol yanda və qarşıda divar boyunca əyləşmiş məmurlar bu masaların arxasında nə səbəbə oturdulublar? Onlar burda oturdulublar ki, insanların dərd-səri ilə maraqlansınlar, yoxsa dərdlərini deyəcək yeri olmayan bu yarımcan insanları ələ salsınlar? Əsanı qucaqlayıb sinəsinə sıxdı, çənəsini əsaya söykəyərək fikrə getdi.

Aynurun qalxdığı kətilə artıq bir başqası gəlib əyləşmişdi. Amma o zavallı ilə dombagöz məmur arasında keçənlər daha diqqətini çəkmirdi. Nə qədər qısa da olsa, artıq təcrübədən – öncəki iki nəfərin başına gələnlərdən bu üçüncü şikayətçinin də sonunun nə olacağını az-çox təxmin edə bilirdi.

İndi sol tərəfindəki masanın arxasında əyləşmiş yarımdaz, çopur üzlü, yumru gözlərinin arasına zorla sıxışdırılmış kimi görünən uzun, sümüklü burnu, alt dodağını örtən lopa bığları və ifadəsiz üz cizgiləri ilə insandan çox heykəli andıran başqa bir məmurla onun masası qarşısındakı kətildə oturan otuz-otuz beş yaşlı bir oğlanın söhbətinə diqqət yetirməyə başladı. Oğlan sağ-salamat idi. Dərdi də nə ev, nə də torpaq idi. Növbəsi çatan kimi keçib kətildə əyləşmiş, artıq bura birinci dəfə gəlmədiyini bildirən bir sərbəstliklə sözə başlamışdı:

– Salam, Ümidvar müəllim!

– Salam.


– Müəllim, siz məni göndərdiniz Sabezə, ancaq orda da mənə deyirlər ki, get sənədlərini nazirlikdə həll elə.

– Sizin priobleminiz nə idi? Başdan deyin görək.

– Mən ünvanlı sosial yardım almaq istəyirəm.

– Al dana, problem var ki? - deyib sual dolu gözlərlə cavan oğlanı süzdü.

– Problem ondadır ki, Sabezə müraciət eləmişəm, göndəriblər bura, siz də məni yenidən göndərdiniz ki, get qeydiyyatda olduğun bölgənin Sabezinə, orda dərdini həll elətdir. Mən də getdim Yasamala, onlar da əlli cür sənəd istəyirlər, məni salıblar get- gələ.

– Sənə konkret nə deyirlər?

– Deyirlər ki, düşmür.

– Yəqin düşmür ki, deyirlər də, niyə yalan desinlər axı…

– Niyə düşməməlidi? Heç ehtiyacı olmayanlar alır, amma mən kirayədə qalıram, yoldaşım xəstədi, beş də uşağım var. Əsil elə mənə düşür.

– Bir yerdə işləyirsən?

– Bəli.

– Harda?


– Fəhləyəm.

– Konkrət iş yerin var?

– Xeyir, yoxdu, kim işlətsə, yanında işləyirəm.

– Baxın, indi sizə başa salacağam nə etmək lazımdır, siz də gedin o qaydada sənədlərinizi hazırlayın, oldumu?

– Baş üstə, Allah razı olsun.

– Burdan gedirsən qeydiyyatda durduğun rayonun sığorta idarəsinə, özünçün fərdi sığorta kartı açdırırsan, ayda on bir manatla on doqquz manat arasında pul köçürürsən hesabına. O pul onsuz da səninkidir, heç yerə itməyəcək və toplanıb gələcəkdə sən təqaüdə çıxanda təqaüdünün üstünə gələcək. Bir il tamam olandan sonra yaxınlaşırsan həmən rayon sığorta şöbəsinə, keçirdiyin pula görə sənə bir arayış verəcəklər. Arayışda heç bir yerdə çalışmadığın, bununla bərabər şəxsi sığorta hesabına ödədiyin məbləğ göstəriləcək.

Beş uşaqlı atanın bundan artıq dinləməyə səbri çatmadı və bu yerdə dedi:

– Ümidvar müəllim, axı mən şəxsi sığorta kartı açdırmışam…

– Bunu denən da bayaqdan, neçə müddətdi?

– Üç aydır.

– Üç ay çox qısadır, ən az bir il olmalıdır ki, sənə arayış versinlər ordan.

– Müəllim, mənə elə demədilər axı Sabezdə.

– Necə dedilər?

– Orda bir nəfər var, dedi ya nəğd üç yüz manat ver, ya da ünvanlı sosial yardım düzələndən sonra kartın üç ay məndə qalsın, ondan sonra özün istifadə elə.

Artıq Ümidvar müəllim əməlli-başlı əsəbiləşmişdi. Əlini onun gözünə soxacaqmış kimi irəli uzadıb qıcadığı dişlərinin arasından hikkəli səslə danışırdı:

– Vətəndaş, mən burda boş yerə danışıram? Bayaqdan sənin vəziyyətində olan birinin ünvanlı yardım ala bilməsi üçün keçməli olduğu qanuni proseduraları anladıram, sən durmusan mənə nə bilim, kim nə qədər istədidən, kim nə dedidən danışırsan! Onların mənə nə dəxli?! Ya mənim dediyim kimi, sənədlərini tam qanuna uyğun bir şəkildə həll eləməlisən, ya da mən başqa yol-mol bilmirəm. Aydındır sənə?

Beş uşaq atası nəsə demək istədi, ancaq məmur dinməsinə imkan vermədi:

– Gedə bilərsən!

Sonra da onun başı üstündən sıradakı şikayətçiyə səsləndi:

– Xanım, sizin probleminiz nə idi?

Beş uşaq atası qaşqabağını tökərək oturduğu yerdən qalxdı, sifətini turşudub Ümidvar müəllimə tərəf baxmadan dodaqaltı deyinə-deyinə çıxıb getdi.

Qapı açılıb örtüldükcə taxma ayaqlı adam oturduğu yerdən başını çevirib arabir çölə baxır, asfaltın üstündə ilğım kimi burula-burula qalxan isti hava dalğalarını və qapının yaxınlığından ötən insanları gözdən keçirirdi. İnsanların tərdən islanmış köynəklərinə, gicgah, alın və boyun-boğazlarındakı tər damlalarını qurulamaqdan islanmış cib yaylıqlarına diqqət yetirdikcə çöldə hərarətin dözülməz həddə çatdığını düşünür, evə necə gedəcəyini xatırlayıb rahatsız olurdu ki, “Allahım, bu istidə mən yazıq evə çatanədək üç avtobus dəyişməliyəm hələ”.

Kondisionerin qismən sərinlədə bildiyi bu səs-küylü otaqdan çıxıb getməyə tələsmirdi. Bir tərəfdən də səhərki şövqü qırılmış, şikayətinə baxılıb dərdinin həll ediləcəyinə inamı sarsılmışdı. Artıq neçə saatdır ki, qəbul şöbəsinin bu otağında apardığı müşahidələrdən hansı masaya yaxınlaşmalı olduğunu da aydınlaşdırmışdı. Bayaqdan şikayətçilərin yaxınlaşdıqları və ya göndərildikləri sıralamaya görə Bayram müəllim ev və torpaq, Ümidvar müəllim sosial yardım, Əlövsət müəllim avtomobillə bağlı şikayətləri dinləyirdi. Famil müəllimsə ümumi şöbə katibi kimi hər kəsi dinləyir, sonra onları müxtəlif masalara yönəldirdi.

Oturduğu kətildən qalxıb Əlövsət müəllimin əyləşdiyi masaya yaxınlaşdı, ondan öncə bu masanın önündəki kətildə oturan şikayətçi də qalxıb getmək üzərəydi...

Keçib əyləşdi:

– Salam, müəllim!

– Salam. Sizin şikayətiniz nə ilə bağlıdır?

– Əlövsət müəllim, bilirsiniz, mən doqquz ildir ki, avtomobil növbəsindəyəm, əvvəlcə Naxçıvanda növbədə idim. İki min on ikinci ilin əvvəllərindən növbəmi buraya dəyişdirməli oldum.

– Nə səbəbə? Niyə dəyişdirdin növbəni?

– Əslində orda bir dəfə növbəm çatmışdı, hətta siyahıda on doqquzuncu adam idim və əlillərə paylanmaq üçün qırx iki maşın gəlmişdi. Mən də durub getdim ora ki, avtomobil paylanır. VTK-nın sədri vardı, Valeh həkim, deməyəsən, rüşvət isəyirmiş, mən də anlamadım. İşi yoxuşa sürdü, dalaşdıq, dedi ki, istəyirsən get Vasifin yanına. Burda maşını mən verirəm, mən də sənə verməyəcəyəm. Nə isə, dediyi kimi də elədi, mənim maşınımı Şəkərəbad kəndi var Naxçıvanda, ordan bir Qarabağ veteranı var, özü də sağ-salamatdı, heç nə olmayıb. Nə isə, o veterandan beş yüz manat rüşvət alıb verdi ona.

– Bu nə vaxt olub?

– İki min yeddinci ilin noyabırında.

– Bəs şikayət eləmədin sən?

– Xeyir, müəllim, eləmədim.

– İndi bunları mənə danışacağına vaxtında şikayət eləyərdin də?

– Bilirsiz, müəllim, məsələni geniş danışıram ki, sonra sizinçün qaranlıq bir şey qalmasın. Nə isə, ondan sonra da neçə dəfə maşın gəldi və paylandısa da, heç cür mənim növbəm çatmadı ki, çatmadı. Dedim daha bunlarla tərs düşdüm. Mənə kimdi Naxçıvanda maşın verən, özüm də daha burda yaşadığıma görə, fikirləşdim ki, elə gəlim düşüm buranın qeydiyyatına. İki min on birin sonunda Abşerona qeydiyyata düşdüm, iki min on ikinin əvvəllərində də avtomobil növbəmi Bakıya gətirmək üçün ərizə ilə müraciət etdim. Elə o vaxtdan da növbəm gəlib Abşeron rayonuna. Bu ilin aprel ayında Sabezdən Maya xanım mənə zəng vurub dedi ki, bəs Araz, yaşayış yerindən arayış, bir də nə bilim, bir-iki filan sənədləri də gətir gəl, avtomobil növbəsinə vaxtın çatıb. Mən də deyilən sənədləri toplayıb apardım. Sənədləri verəndə mənə dedilər ki, may ayının sonlarında buralarda ol, çağıracağıq, üstəlik də həm ev, həm də cib telefonumu da götürdülər. İyunun əvvəllərində Abşeronda avtomobil paylandı. Mən də durub gəldim Sabezə Maya xanımın yanına ki, bəs, maşın paylandı, niyə mənə xəbər eləmədiniz? O da dedi ki, sənin sənədlərindən biri əskik olduğuna görə növbəni verdik Fatmayıdan nə bilim kimə…

– İndi sənin sənədlərindən hansısa əskikdi?

– Bəli.


– Hansı sənədin yoxdu?

– Nə bilim, deyirlər o üstü şəkilli sənəd ki var, “Avtomobil idarə edə bilər” yazıblar üstündə, həmən sənəd itib.

– Harda irtirmisən?

– Mən itirməmişəm ki, müəllim. Bəs bayaqdan demirəm ki, ərizə ilə müraciət elədim və mənim ərizəm əsasında nazirlik sənədlərimi gətirib bura? Bax, həmən vaxt itib. Və mən bununçün məsuliyyət daşımıram. İndi bilmirəm, mənim sənədim nazirlikdə itibsə, siz, yolda itibsə, poçt tapıb qoymalıdı yerinə.

– Sən avtomobil növbəsində qeydiyyata alındığına əminsən?

– Əlbəttə, mən benzin pulu alıram. Əgər növbədə deyiləmsə, onda niyə benzin pulu versinlər ki?

– Bəlkə sənin həmən sənədin heç göndərilməyib, elə Naxçıvanda qalıb?

– Ola bilər, amma istənilən halda burda benzin pulu aldığıma görə, demək ki, növbədəyəm.

Əlövsət müəllim dəstəyi qaldırıb harasa zəng elədi:

– Alo, salam Tamara xanım! - və sonra Arazın şikayətinin qısa xülasəsini dəstəyin o biri tərəfindəki xanıma anlatdı. Nəhayət, təşəkkür edib dəstəyi asdıqdan sonra yenidən gözlərini qaldırıb Araza baxdı:

– Gedin evinizə, yuxarı məlumat verdim, Naxçıvan Sosial Təminat Nazirliyinə sorğu göndərəcəklər ki, orda araşdırsınlar, təxminən bir aydan sonra gələrsən.

– Müəllim, bu sənədi Naxçıvanda axtarmağın nə mənası var ki? Hər halda, benzin pulu aldığıma görə, bura gəldikdən və mən qeydiyyata alındıqdan sonra itib.

– Bu qədər ildi burda çalışdığımıza görə, demək ki, biz də bir şey bilirik. Sən get evinə, bir aydan sonra yaxınlaşarsan.

Bunu dəyib Arazın üzünə baxdı.

Saçlarına adda-budda dən düşmüş bu orta yaşlı, xoşgülüş məmurun üz ifadəsi Arazın ürəyinə bir arxayınlıq verirdi. Qalxıb əsasına söykəndi, təşəkkür edib otaqdan çıxdı.

Dışarı çıxar-çıxmaz bayaqdan bəri qapı açılıb örtüldükcə gördüyü ilğımın içinə düşdü. Qızmar günəş şüaları yandırıb-yaxır, asfaltdan qalxan isti adamın üz-gözünü qarsalayırdı. Dayanacağa getmədən öncə dönüb bir su aldı, suyun ağzını açıb bir dəfəyə hamısını içdi, qabını zibilliyə atdı. Əlinin arxası ilə ağzını silib öz-özünə:

– Ay Allah, bu nədi? Lap od yağır, evə gedib çatanadək meyidim qalar… - dedi.

Evə çatanda artıq saat üçü keçmişdi. Dolu avtobuslarda, basa-basda gedib gəlmək ürəyini üzmüş, onu taqətdən salmışdı. Doğrudur, o, avtobusa minən kimi cavanlar qalxıb yer göstərmişdilər, ancaq tıxa-basa dolu marşurutlarda gəlmişdi və pəncərədən içəri vuran günəş istisi də onu tamam halsızlaşdırmışdı. Ayrıca istər gedəndə, istərsə də gələndə hər avtobus dəyişdikcə minib düşmək təkayaqlı biri üçün cəhənnəm işgəncəsinə bərabər idi.

İndi gəlib evə çatan kimi köynəyini və corabını soyunub özündən uzaqlaşdırmaq istəyirmişcəsinə atmış, taxma ayağını çıxarıb bir kənara qoyduqdan sonra şortunu əyninə keçirərək gəlib divanda uzanmışdı. Yorğunluqdan və istidən iştahı küsmüşdüsə də, önündəki yazı masasının üzərində nəlbəkiyə tökülüb buğlanan çayın soyumasını gözləyirdi ki, ciyərinin yanğısını söndürsün. Onun bir pis xasiyyəti var idi ki, susayanda çaydan başqa heç bir içki yanğısını söndürməz, hətta yanğılı eləyərdi. İndi də divanda uzanıb dodaqlarını çeynəyə-çeynəyə çayının soyumasını gözləyir, bir tərəfdən də bu gün olanları düşünürdü ki, deyəsən, mənim getməyimin heç bir xeyiri olmadı. Mən deyirəm, sənədləri siz itirmisiz, onlar deyirlər, Naxçıvana sorğu göndərək… Axı, mənim sənədim orda ilişib qalıbsa, hansı əsasla məni növbəyə almısınız ki, indi də benzin pulu verirsiniz, amma maşın almağa gələndə deyirsiniz adın siyahıda yoxdu? Adım maşın siyahısında yoxdusa, onda benzin pulu siyahısında niyə var?

Düşünməkdən başı çatlayacaq kimi oldu, sonunda yumruqlarını sıxıb deyindi:

– Lənətə gəlsin bunların nazirliyi də, maşınları da, nazirliklərində çalışanlar da!

Anası onun gur, ipək saçlarını qarışdıraraq:

– Anan ölsün, nə tez həvəsdən düşdün? Camaat bir sənəddən ötəri illərinən bu əzazillərin dalınca dolanır, növbələrdə saatlarnan təkayaq üstə durur ki, birdən o birini də yerə qoyaram, xətirlərinə dəyər, deyərlər, get sabah gəl. Sən bir dəfə gedib bir-iki saat növbə gözləməklə həvəsdən düşürsən. İndiyə qədər gicliyimizdən heç bir işin dalınca getməmişik. Elin adamı turp kimi sağ-salamat canına gedib əlillik düzəltdirir, sonra da həm pensiya alır, həm növbəyə durub maşın alır, hələ bir sənin kimi tənbəllərin yatdığı yerdə həm də ev alır.

Dişlərini elə qıcadı ki, sümük səsindən əti ürpəşdi. Ağız-burnunu buruşdurub:

– Ana! Hamısı rədd olsun! Mən bu gün gördüyümü gördüm. O alçaqların qabağında gedib boynumu bükəmmərəm!

Anası onun saçlarını oxşamağa davam etdi:

– Getmirsən, getmə, qoy hər dəfə sənin növbən çatanda başqalarına versinlər, bu gedişlə heç ev də ala bilməzsən, biz də iki ailə bu təkgöz evdə gərdəkbaşıynan yaşamağa davam eləyərik.

– Neyniyim axı, ay ana…

Dikəlib oturdu, dərindən bir ah çəkib üzünü ovucları arasına aldı, dirsəklərini dizlərinə dayaq verib eləcə qaldı.

– Heç nə, mən nə deyirəm ki? Dediyim odi ki, haqqını istə. İndi elə zamanadı ki, haqqını istəməsən, payına düşəni zorla almasan, kimsə çağırıb verməyəcək. Eşitməmisən ki, ağlamayana məmə yoxdu?

– Yaxşı, baxarıq. Dedilər bir ay sonra gəl, gələn ayın başı olsun, bir dəfə də gedərəm.

Çayını götürüb içməyə başladı.

Günlər sıraya düzülüb həftələri, həftələr də birləşib ayı yaratdılar. Amma o, ayın tamamında deyil, tam qırx gün sonra Sosial Təminat Nazirliyinin yolunu tutdu.

Bu dəfə ertədən gəlmiş, qəbul şöbəsi açılanadək yarım saatdan artıq qapıda dayanmışdı. Odur ki, növbə-filan gözləmədi.

Əlövsət müəllimin yerində başqa bir məmur oturmuşdu. Araz keçib əyləşdi onun qarşısında:

– Salam, müəllim, - dedi.

– Salam. Sən hansı məsələ ilə bağlı gəlmisən?

– Maşın məsələsi, daha doğrusu, avtomobil növbəsində dayandığımı təsdiq edən sənədlərdən biri itib. Ay yarım öncə yenə bura gəlmişdim, Əlövsət müəllimlə görüşüb problemimi anlatdım, o da Tamara xanımla danışdıqdan sonra Naxçıvan Sosial Təminat Nazirliyinə sorğu göndərilərək həmən sənədin istəniləcəyini, əgər orda da yoxdursa, necə olduğunun araşdırılacağını dedi. Sonra də dedi ki, bir aya nəticə alınar, get bir aydan sonra gəl. Mən də gəlmişəm.

– İndi Əlövsət müəllim işdə yoxdu, mən də məsələdən xəbərsiz olduğum üçün deyin görək, məsələnin mahiyyəti nədir, hansı sənədiniz itirilib?

Araz çar-naçar keçən dəfə Əlövsət müəllimə danışdığı kimi, bu dəfə də hər şeyi yeni başdan qarşısında əyləşib onu səbirlə dinləyən bu gümüşü sağanaqlı gözlük taxmış, ağsaçlı məmura anlatdı. O da dirsəyini masanın üzərinə qoyaraq çənəsinin altına dəstək verdiy sağ əlinin barmaqları ilə yanağını oxşayır, digər əlində isə qızılı ucluqlu qələmini oynadaraq gümüşü sağanaqlı gözlüyünün arxasından qıyılmış gözlərlə ona baxırdı. Nəhayət, sözlərini bitirdikdən sonra məmur əlini çənəsinin altından çəkib ona uzatdı:

– Şəxsiyət vəsiqəniz yanınıızdadır?

– Bəli, - deyə əlini köynəyinin döş cibinə atdı, tələsik cibinin düyməsini açıb çıxartdığı şəxsiyət vəsiqəsini məmurun havada qalmış ovcuna qoydu.

Məmur onun adını və soyadını oxuduqdan sonra bir kağız parçasına bir şeylər qaraladı, hər halda adını yazmış olacaqdı, daha sonra sənədini geri verib əlini masanın üzərindəki telefonun dəstəyinə uzatdı. Az sonra Tamara xanıma Araz barəsində keçən dəfə Əlövsət müəllimin anlatdıqlarını, amma o qədər geniş deyil, ucundan-qulağından anlatdı, sonra “Bəli, baş üstə!” - deyib sol əlinin şəhadət barmağı ilə telefonun yeniləmə düyməsini sıxdı, bu dəfə başqa bir nömrə yığdı.

– Salam, Kamran müəllim, bağışlayın, sizi Əlizadə Arazın işindən yana narahat edirəm…

Artıq o heç nə demir, sadəcə, “Bəli, elədir, aydındır…” kimi sözlərlə cavab verirdi. Nəhayət, söhbətin sonunda:

– Kamran müəllim, özü də indi burda əyləşib, məsləhət bilirsinizsə, dəstəyi verim özünə deyin, ürəyi sakit olsun…

Bir saniyə sonra

– Aha, baş üstə, Kamran müəllim, verirəm, - deyib dəstəyi Araza uzatdı.

Araz dəstəyi alıb

– Alo, salam, müəllim! – dedi.

– Salam. Araz, sənin sənədlərindəki qarışıqlıqdan xəbərimiz var. Yoxa çıxmış sənədin axtarılıb tapılması üçün Naxçıvana sorğu göndərmişik, bu yaxınlarda cavab gələr. Sən nömrəni qoy, cavab gələr-gəlməz özümüz zəng edib səni çağırarıq.

Araz ev və cib telefonlarını dedikdən sonra təşəkkür edib dəstəyi məmura geri verdi. Ona da təşəkkür edib ayağa qalxdı və əsasının yardımı ilə taxma ayağını şaqqıldada-şaqqıldada çıxıb getdi.

Evə gəldiyində yenə yorğun-bitkin idi. Şəhərə çıxmaqdan nifrət edirdi, ictimai nəqliyyata minib düşmək onunçün bir işgəncə, taxma ayağının insanların baxışlarını çağıran şaqqıltısı utanc qaynağı idi. Əslində utanmamalı olduğunu o hamıdan yaxşı bilirdi, amma bəzən insanların qeyri-iradi də olsa, ona acıyaraq baxmaları, bəzən isə yuxarıdan aşağı baxaraq onu xor görmələri və bunu baxışlarında heç gizlətməyə də çalışmadan bəlli etmələri qüruruna toxunurdu. İstədiyi hər yerə taksiylə gedəcək qədər də pulu yoxuydu, aldığı pensiyanın dəyəri nə idi ki, hələ bir harasa gedəndə taksiyə də minsin? Daha keçənlərdə pulsuzluqdan siqareti də tərgitməyə məcbur olmuşdu.

Bəzən şəhərə çıxanda gözü hər tərəfdə tikilən körpülərə, yeraltı və yerüstü keçidlərə, geniş yollara, tunellərə sataşdıqca öz-özünə “Bakı artıq şəhərdən çox inşaat meydançasına oxşayır” - deyirdi. Sonra da gözlərini üfüqün bitdiyi yerdəki məchul bir nöqtəyə dikib:

– Bütün bunları dünya qiymətlərindən on qat baha tikib xəzinəni talan edirlər, tikdikləri də bir şey ola barı, qışda keçidlərin yürüyən nərdivanları donub çalışmaz, körpülərin mərmərləri istifadəyə verilməmiş qopub tökülər, beton yollar bir il keçməmiş yelpik kağızı kimi qırışar, amma kimin nə vecinə, məmurların daydaylıq edib haqqını aldığı inşaat şirkətləri qazanar, arxaları, dayaqları ilə əl-ələ verib zəngin olarlar. Amma bizim kimi kasıb-kusubu kimsə düşünməz. Mən bunun üçünmü itirdim ayağımı? Allahın qarovulluğu nədi, onu da vermirlər mənə, deyirlər oğru gəlsə, necə qovacaqsan… Sonra da diksinti dolu gözlərlə çolaq ayağıma baxırlar… Vaxtında bilsəydim, belə olacağını, orduda qalıb şikəst olacağıma, gedib günü iyirmi manata fəhlə işləyərdim.

Arada vətənpərvərlik damarı qabaranda bu düşüncələrindən utanır, “Mən və mənim kimi minlərcə şikəst sıxıntı çəkirsə, bunun günahı kimdədi, - deyə soruşur, dərhal özü də cavablayırdı:

– Əlbəttə, biz əlillər bu vəziyyətdə yaşayırıqsa, bunun günahı haramxor nazirlərlə birlikdə qurulmuş sistemə sədaqətlə xidmət edərək onu həyatda tutan, yəni piramida şəkilli rüşvət düzəninin qüsursuz şəkildə işləməsini təmin edən rüşvət çarxı və onun dişləri olan məmurlardadır.

Gözlərini uzaqlardakı məchul nöqtədən çəkmədən yenə öz-özünə soruşurdu:

– Nə etməli?

Bilgə adamlar kimi dodaqlarını bir-birinə sıxaraq bir an susur, gözlərini o uzaqlardakı məchul nöqtədən çəkmədən bir az da qıyaraq daha diqqətlə baxmağa çalışır, sanki oralarda gözləri ilə izlədiyi nəsnənin izini itirməkdən qorxurdu və düşüncəsinə davam edirdi:

– Heç nə… - burda dərindən bir ah çəkər, sonra davam edərdi, - hansısa məmurları, ya da ki, nazirləri dəyişməklə nə olacaq ki? Onsuz da vaxtaşırı birin-ikisin işdən çıxarırlar, hələ içəri qoyduqları da olur. Demək ki, bu, çıxış yolu deyildir. Önəmli olan insanların beynində, düşüncə tərzində dəyişiklik edə bilməkdir. Oralarda yüzillərdən bəri yığışaraq laxtalanmış, xərçəng virusundan betər özünə yer etmiş köhnə düşüncələri qazıyıb çıxarmaq, krematoriyalarda, minlərcə dərəcə atəşin içində yandırıb məhv etmək lazımdır ki, bir də geri qayıdıb insanlarımızın nəinki beyninə, heç yuxusuna da girə bilməsinlər. Biz də milli gəlirin ədalətlə bölüşdürüldüyü, rüşvətin olmadığı, insanlara puluna-parasına, vəzifəsinə görə yox, insan olduğuna görə dəyər verilən bir toplumda yaşama haqqı əldə edək…

Sonra bu düşüncələrinə özünün də gülməyi gəlir, başını bulayıb deyirdi:

– Füzuli beş yüz il öncə yazırdı ki, “Salam verdim, rüşvət deyildir deyə almadılar”… Bəlkə heç beş yüz il sonra da bu məmləkətdə hər şey köhnə qayda ilə davam edəcək. Gör rüşvət nə qədər qanımıza işləyib ki, adını dəyişib şirinlik, hörmət qoymuşuq, hətta atalar sözlərimizə belə nüfuz edib bu rüşvət bəlası, “Üzümü ye, bağını soruşma”, “Bal tutan barmaq yalar” və sairə. Heç caamatda da nə vaxtsa bu rüşvət çarxının bitəcəyinə ümid yoxdu, yoxsa “Ağzı olan yeyəcək” sözünü deyə-deyə zərb-məsələ çevirməzdilər.

Ürəyindəki monoloqunun burasında xəyalı gedib uzaq-uzaq ölkələrə çıxır, onlar barədə eşitdiklərini düşünürdü. Axı, Allahın gavuru niyə “Bal tutan barmaq yalar” demir?

Elə özü də öz cavabını verirdi: çünki onlar bizim dəbələndiyimiz dərəni keçəli çox olubdu. Bu və bu kimi düşüncələr içində gəlib avtobusdan enəcəyi yerə çatır və dayanacaqda enib gedirdi işinin dalınca. Ancaq endikdən sonra da düşüncələrdən qurtulmurdu:

– Bir vaxt həyat avtobusundan da beləcə enib gedəcəyəm, amma heç nə də düzəlməmiş olacaq, köhnə hamam, köhnə tas…

İndi o bu sıxıntılar içində yaşamağı sadəcə özünə deyil, bütünlükdə insan adlı məxluqa rəva görmürdü. Çünki o özü yoxluğun hər üzünü dadmış, çarəsizliyin ən ağırını görmüşdü. O, yaxşı bilirdi ki, övladı xəstələnəndə dərman ala bilməmə nə deməkdi, qızdırmadan yanan ciyərpara balasının qarşısında əli-qolu bağlı qalma nə deməkdi, hər sabah evdən çıxanda meyvə, konfet istəyən, ya da qonşu uşağın əlində gördüyü oyuncaqdan biri üçün kəsib-kirimədən ağlayan körpəsinə dönüşdə nə deyəcəyini bilmədiyi üçün qapıda qalıb içəri girməyə ürək eləməmənin verdiyi cəhənnəm işgəncəsi nədi… Görəsən, nazirlikdəki məmurlardan hansısa bu hissləri bilirdimi? Eh, onların bir aylıq paketləri bir məhəllənin uşaqlarına gen-bol meyvə, oyuncaq, konfet almağa yetərdi də, artıq da qalardı…

İndi o, ikinci dəfə yenə nazirlikdən quruca vəd almış və evə əliboş qayıtmışdı. Bu səfər telefonunu götürmüş, “Biz xəbər etmədən zəhmət çəkib gəlmə” - demişdilər. Bu, ilk baxışda gözəl davranış idisə də, ona heç də belə gəlmirdi.

Bir-birinin ardınca ötüb keçən günlər ona düşüncələrinin doğru olduğunu göstərirdi. İki-üç həftə gözlədikdən sonra daha artıq dözməyə səbri çatmadığından Naxçıvana getmək fikrinə düşdü. Təyyarəylə getməyə imkanı olmadığı üçün on dörd saatlıq avtobus yolunun məşəqqətinə və gömrük işçilərinin əzazilliyinə sinə gərib avtobusla yola çıxmağı qərara aldı…

Ancaq Naxçıvan səyahəti gözlədiyindən də çox ağır oldu, onu xəyal qırıqlığına uğratdı. Muxtar Respublikanın Sosial Təminat Nazirliyində olaraq buranın aparat rəhbəri Toğrul müəllimlə görüşmüş, amma Bakıdan nəinki onun itiyi ilə bağlı sorğu göndərilmədiyini öyrənmiş, hətta sorğu gələcəyi təqdirdə dərhal cavab verə biləcəklərini də aydınlaşdırmışdı. Artıq onun bu nazirlikdə heç bir sənədi qalmamışdı və ona lazım olan sənədi verə bilməyəcəklərini, sadəcə olaraq bu sənədlə bağlı arayış verə biləcəklərini bildirmişdilər. Amma bunun üçün də Bakıdan sorğu gəlməli idi ki, bu sorğu əsasında artıq möhürlənərək arxivə verilən keçmiş protokol kitabları qaldırılaraq araşdırılsın. Ondan sonra lazım olsa, arayış verilsin ki, filan sənəd həqiqətən filanıncı il tarixində verilmişdir. Xüsusən Toğrul müəllimin “Əziyyət çəkib bu boyda yolu gəlmənizə nə lüzum vardı ki? Bakıdan, nazirlikdən faksla bizə sorğu göndərsələr, ən geci iki saata cavab verərik” - deməsi onu tutmuşdu.

Gəldiyinə məyus olmuşdu. Bakıda aldadılaraq get-gələ salınması isə lap qürurunu incitmişdi. Naxçıvana tək ayaqla gəlib çıxmaq üçün çəkdiyi onca əziyyətinə yanır, yumruqlarını sıxaraq qıcadığı dişlərinin arasından:

– Allah bəlanızı versin, alçaqlar, mənim, şikəst adamın günahı nə idi ki, aylardır boş yerə süründürürsünüz? Verəcəyiniz dədənizin maşını deyil ki, doqquz ildir mənə çəkdirmədiyiniz qalmadı. Ay sizin eviniz yıxılsın, dövlətin maşınını niyə vermirsiniz? - deyə fısıldayırdı.

Toğrul müəllimin yanından çıxanda əsəbindən ağlayacaq kimi idi. Boğazına düyümlənmiş qəhər hulqumunu yandırıb yaxır, göz bulaqlarında tumurcuqlanıb böyüyən damlalar fışqırıb çıxmaq üçün bəhanə axtarırdı. Lakin o özünü toplamağı bacardı, boğazındakı qor qəhəri qanıyla soyudub, gözlərindəki suları da qəlbinə axıtdı.

Elə nazirliyin önündəcə əylədiyi taksiyə minib Əlli yeddi deyilən məhəlləyə, qohumlarıgilə gəldi. Onlarda gecələdikdən sonra ertəsi sabah avtobusla Bakıya döndü.

Evə gəldiyində yolun yorğunluğu, üstəgəl əliboş dönmənin çiyinlərinə yüklədiyi ağırlıq belini bükmüşdü.

Sosial Təminat Nazirliyində məmurların onu aldatmasına, “Naxçıvana sorğu göndərmişik, cavabını gözləyirik” - deyə gözlərinin içinə baxa-baxa onunla məzələnmələrinə bərk qəzəblənmişdi. Hələ bir artistlik edib onu inandırımağa çalışmalarını düşündükcə qəzəbi artır, ürəyindən keçirdi ki, tutulsa da, geri durmasın, gedib hamısını boğazlasın.

Anası onun bu dəliyə dönmüş vəziyyətini gördüyündən olacaqdı ki, bir an belə Arazı tək buraxmır, mümkün qədər yanından ayrılmamağa çalışırdı. Artıq nə o, nə də onun təlimatı ilə gəlin nəinki Arazın yanında maşın mövzusunu açmır, hətta ağızlarından Naxçıvana səyahətini xatırladacaq bir söz belə qaçırmamağa çalışırdılar.

Naxçıvandan döndükdən üç-dörd gün sonra idi. Artıq dincəlmiş, yorğunluğunu almışdı. Bir gün erkəndən qalxıb yuyundu, yeməyini yedikdən sonra geyinib-kecindi. Hər hərəkətindən harasa getməyə hazırlaşdığı bəlli idi. Qapıdan çıxarkən anası qolundan tutdu:

– Xeyir ola, hara gedirsən?

– Ana, dünən siz yatandan sonra prezidentə bir ərizə yazdım, - bunu deyib əlindəki səliqə ilə qatlanmış kağızı göstərdi.

– Bunu yollamağa gedirsən?

– Hə, bundan başqa, internet səhifəsinə də yazmışam, bəlkə iki məktubdan birinə bir cavab gəldi.

– Allaha təvəkkül.

– Ancaq prezidentin dəftərxanasındakılar da nazirlikdəkilər kimidirsə, çətin…

– Yox, ay bala, heç elə şey olar? Hələ de görüm, bu ağılı kim verdi sənə?

– İran gömrüyündən gələndə yenə həmişəki kimi, xaraba qalsın, basabas idi. Orda bekarçılıqdan bir xanımla bir az ordan-burdan söhbət etdik. O da Təbrizdən gəlirdi.

– O başa saldı səni?

– Hə.


– Bıy, Allah köməyi olsun, Allah ürəyincə versin!

– Prezidentin saytını da o verdi, bir də dedi ki, əlavə məktub da yaz göndər. İndi bunu poçta salım, - əlindəki qatlanmış kağızı təkrar göstərdi, - ordan da gedəcəyəm o xanımın çalışdığı qəzetə. Şikayətçi kimi məni necə doladıqlarını, ələ salıb oynatdıqlarını deyəcəyəm, qoy hamısını qəzətdə biabır eləsin.

– Allah cəmi düzənə kömək olsun, ay bala!

– Di yaxşı, sağ ol, mən gedim.

Bunu deyib əyildi, anasının yanağından öpdü, taxma ayağını şaqqıldada- şaqqıldada çıxıb getdi.

Axşam evə döndüyündə kefi kök idi. Həyət qapısından içəri girər-girməz qabağına qaçan oğlunu qoltuqlarından tutub başı üstünə qaldırdı, sonra aşağı endirib yanaqlarından öpdü, qarnını dodaqları ilə qıdıqlayıb güldürdükdən sonra yerə qoydu. Oğlunu qucağına alarkən söykəndiyi darvazadan aralanıb köynəyinin kürəyini əli ilə silkələdi və əsasını götürüb gözünün ağı-qarası bircə balası ilə zarafatlaşa-zarafatlaşa evə doğru addımladı. Pillələrə yaxınlaşanda onların səs-küyünə qapıdan boylanan xanımını görüb gülümsədi, özündənrazı halda :

– Hələ tap görüm, nələr olub? Nələr...

Onun üzündəki xoş ifadədən nəsə yaxşı bir şey olduğunu hiss edən xanımı qapını açıb bir ayağını astanadan çölə qoydu, Arazın əlindən tutub evə girməyinə yardım etdi, bu arada da, onu sorğu-suala tutdu:

– Elə biz də səhər anamla danışırdıq, deyirdi bu gecə yaxşı yuxu görmüşəm, baxarsan, Araz xoş xəbərlə gələcək. Bilirsən, Araz, mən də nəzir demişəm. İnşallah, sənin maşınını versinlər, üç gün oruc tutacağam.

– Elə isə, günü sabahdan oruc tutmağa başlaya bilərsən.

– Verirlər? Bu gün sən redakasiyadan başqa ayrı yerə də getmişdin ki?

Danışa-danışa gəlib divanın yanına çatmışdılar. Araz sağına-soluna baxıb anasını görməyincə:

– Anam evdə yoxdu?

– Günəş xalagilə gedib, indi harda olsa, gələr.

– Yaxşı, şortumu ver.

Bunu deyib soyunmağa başladı, əynini dəyişdikdən və taxma ayağını soyunub bir kənara qoyduqdan sonra nəsə xatırlayıbmış kimi şalvarını geri istədi, dəhlizdə oynayan oğlunu da çağırdı və əlini cibinə salıb çıxardığı şokoladı ona verdi.

Xanımı tələsik mətbəxə keçərək onun çayını süzüb qayıda-qayıda:

– Araz, indi de görək, maşını nə vaxt verirlər?

Araz gülümsəyərək bir göz vurdu. O, kefi kök olduğu zamanlarda zarafat etməyi xoşlayardı.

– Muştuluğumu almadan demərəm.

Xanımı zarafatla əsəbiləşərək ayaqlarını yerə döydü:

– Araz, içim çəkildi, ya de, ya döyəcəyəm səni.

– Mümkünü yoxdur, muştuluq almadan demərəm.

– Yaxşı, muştuluğun gözüm üstə.

– Mən indi istəyirəm.

– Of, Araz, indi nə verim sənin muştuluğuna?

Belə deyib zarafatla yapışdı onun boğazından, guya boğacaqmış kimi tutub:

– İndi muştuluğuna öldürəcəyəm səni, – dedi.

Araz xanımının incə biləyindən tutub özünə tərəf çəkdi, nəfəsini üzündə hiss etdiyi an:

– Muştuluğuma bir öpücük istərəm.

– Dəli, uşaq görər.

Cəld bir hərəkətlə istədiyini alıb:

– Gəl əyləş yanımda, hər şeyi başdan anladım. Hə, bu gün evdən çıxıb birbaşa poçta yollandım, prezidentin məktubunu yola saldıqdan sonra qəzetin redaksiyasına getdim. Yolda tanış olduğum xanım varıydı haa, redaksiyada onu gördüm, sən demə, qəzetin baş redaktoruymuş. Məni əməlli-başlı sorğu-sual edib haqqımda hər şeyi tam dəqiqliyi ilə öyrənəndən sonra həm Sosial Təminat Nazirliyinə, həm də Prezident Aparatına sorğu göndərdi ki, bəs, filan ad-soyadlı Qarabağ əlili bizə bu məsələ ilə bağlı müraciət edib, xahiş edirik, onun avtomobil növbəsinin hansı səbəblərdən gecikdirildiyi barədə araşdırma aparıb qəzetimizi məlumatlandırasınız. Sonra da mənim adımdan Prezidentə açıq məktub yazdı.

– İndi nazirlik, ya da Prezident Aparatı qəzetin sorğusuna nə vaxta qədər cavab verəcək?

– Baş redaktor dedi ki, ən geci bir həftəyə cavab verəcəklər, çünki sorğuya cavab verilmə müddəti ən çox bu qədərdi.

– Birdən məktuba da elə nazirlikdə sənə deyilən kimi cavab versələr?

Bunu deyib sual dolu gözlərlə ərinə baxdı. Araz onun ümidsizləşdiyini hiss etdi, çiyinlərindən yapışıb özünə tərəf çəkdi, qaşının üstündən öpüb:

– Bilirsən, elə məsələ də burdadır ki, nazirliyin mən getdiyim şöbəsində oturdulmuş məmurların vəzifəsi insanların dərdləri ilə maraqlanmaq deyil, onları başdan eləməkdi. Elə buna görədir ki, neçə dəfələrlə getsəm də, nə mənim, nə də şikayətə gələn insanlardan hansısa birinin şikayətinin kitaba işləndiyini görmədim. Amma qəzetin məktubu birbaşa nazirlyin mətbuat xidmətinə, ya da dəftərxanasına gedəcək, – bir anlığa susub əlavə etdi, – nə isə, harasına gedirsə-getsin, axırı ki, o məktubu kimsə başdan edə bilməyəcək.

– Olsun, Allaha şükür, inşallah, il dəyişmədən sevinərik.

– İnşallah!

Arazın çayını qabağına itələyib dedi:

– Bax gör, soyuyubsa, dəyişim.

– Sağ ol, indi içərəm.

Anası qonşudan döndüyündə olanları ona da danışıb sevindirdilər. Artıq evlərində çoxdandır olmadığı qədər rahatlıq və ümid var idi.

Həftə tamam olmamış qəzetdən zəng edib ona məktubun cavabı barədə məlumat verdilər. Cavab məktubunda məsələnin araşdırılacağı və Arazın avtomobil məsələsinin ən qısa müddətdə müsbət həll olunacağı deyilirdi. Lakin günlər bir-birini əvəz etdikcə ümid azalmaqda, yerini yenə sıxıntıya tərk edib getməkdə idi. Nazirlikdən alınan məktubun üzərindən tam-tamına iki ay keçmişdi, amma bir arayıb- axtaran, sənədlərin qaydaya salınıb-salınmadığı barədə məlumat verən yox idi.

Bütün günü telefonu yerə qoymadan həyətdə deyinə-deyinə gəzişir, hərdən də “Lap burama gəldi...” - deyib əlini qırtlağına dayayırdı. Gözləməyin verdiyi sıxıntı bir yandan içini gəmirir, çıxış yolu axtarmaqdan beyni kilidlənirdi. Gəzişməkdən yorulanda nərdivanın pilləsində əyləşərək taxma ayağının rəzəsini iki barmağı ilə oxşayır, bu süni ayağını kədərli baxışları ilə süzə-süzə öz-özünə “Axı, niyə?”- deyə astadan soruşurdu. Amma heç vaxt da cavablaya bilmirdi, bəlkə heç sonsuzadək də bu sualına cavab tapa bilməyəcəkdi, çünki niyə deyə soruşarkən sadəcə o taxma ayağın onun öz ayağının yerində olma səbəbini soruşmurdu, həm də onun ölkəsindəki məmurların bu qədər əzazilliyindən tutmuş yoxsulluğun məngənəsində sıxılan insanların yaşam dərdlərinin nə vaxt bitəcəyinə, cəngəllik qanunları ilə idarə olunan dünyanın haçansa düzələcəyinə qədər saysız suala cavab axtarırdı.

Gah da oturduğu yerdəcə çənəsini iki əli ilə tutduğu əsasına söykəyərək gözlərini uzaqlara zilləyir, öz-özünə düşünürdü: “Dünya yaranandan bəri güclülər gücsüzləri əzməkdədirlər. Güclü dövlətlər zəif dövlətləri, güclü insanlar zəif insanları, güclü heyvanlar zəif heyvanları... Bu, həyatın qanunudurmu? Əgər bu, həyatın qanunudursa, onda belə həyatın da, belə qanunların da içinə...” - deyib, qıcadığı dişləri arasından çıxan bir fısıltı ilə söyüb batırırdı. Ürəyini boşaltdıqdan sonra gözlərini yumub heç nə düşünməməyə çalışırdı, çünki beynini də boşaltmaq, onu daim gərginlikdə saxlayan üsyankar düşüncələrdən xilas olmaq istəyirdi, amma boşuna. Bir tərəfdən qovduğu düşüncələr o biri tərəfdən də gəlib beyninə doluşur, bir an da olsun ona rahatlıq vermirdilər...

Axı niyə belə olmalıydı? Niyə mütləq cəmiyyətin bir qismi, həm də böyük bir qismi əzilməli, əzab-əziyyət içində yaşamalıydı? Təbiətin bütün nemətlərinin bərabərcə paylaşılması, insanın insana qul olmaması daha doğru deyildimi? Sosial qayğıların həll olunduğu, minumum ehtiyacların təmin olunduğu bir toplumda yaşamaq bütün insanlıq üçün daha yaxşı olmazdımı? Axı maaşı, ya da pensiyası ay yarı olmadan bitən, ailəsinin, uşağının yanında üzüqara insanların çox olduğu toplumlar potensial kriminal elementlərin çoxluğu ilə seçilmirlərmi? Hər gün artan oğurluq, soyğunçuluq və digər naqisliklər cəmiyyətdəki yoxsulluğun ölçü cədvəli deyilmi? Maddi çətinlikləri olmayan biri niyə oğurluq etsin ki? Hər gün işdən evinə, ailəsinin yanına gülərüzlə dönən, qapıdan başını görən kimi qabağına qaçacaq övladına kiçicik də olsa, bir hədiyyə verib onu sevindirə bilən biri niyə soyğunçuluq etsin ki? Əlbəttə, gün çörəyini düşünməkdən təngə gələn insanlar sadəcə potensial kriminal element deyillər, həm də onlar yaşadıqları ölkənin ümumi ictimai məsələləri ilə maraqlanmır, ölkədə demokratiya varmı, yoxmu, insan haqları qorunurmu deyə düşünməkdən, məmləkətlərinin dünya dövlətləri arasındakı yerinin haralarda olduğu ilə maraqlanmaqdan daha çox səhər evdən çıxarkən xanımlarının verdikləri ərzaq siyahısını, övladlarının məktəb ləvazimatlarını necə, hansı pulla alacaqları ilə maraqlanırlar. Bu da təbii deyilmi? Doğrudur, insan sosial varlıqdır və istənilən şəraitdə sadəcə özünü düşünmür. Amma bütün bunların olması üçün öncə ailəsinin minimal dərdlərinin həll olunmasını istəməsi də olduqca təbii istək deyilmi?Əlbəttə ki, bütün bunlar doğrudur. Amma bu dünyanın bu gedişatını dəyişdirəcək biri yoxmu? Bu sualını elə özü də cavablayırdı:

– Eh, kim dəyişəcək ki, dünyanı? Güc, iqtidar sahibləri belə yaşamaqdan məmnun olduqları müddətcə kimsə dəyişə bilməyəcək, sonsuzadək imtiyazlı bir qrup biz kasıb-kusubun belinə minərək istədikləri kimi yaşayacaq, zövq-səfa içində ömür sürəcəklər... Biz bədbəxtlər da deyinə-deyinə çürüyüb gedəcəyik... sonra da adı olacaq biz də yaşadıq... Lap tutaq ki, hamımız yığışdıq bir yerə, başımızdakıları yerə çalıb hər şeyi yenidən başlatmaq istədik. Milli gəlirimiz bərabər bölünsün, hamı insanca yaşasın deyə üsyan etdik, bəs sonra?

Sonra da öz-özünə gülümsəyib davam edirdi:

– Sonra hakimiyyətdəkilər xalqdan qopacaq, indi də yenilər başlayacaq yeməyə...Yəni olacaq köhnə hamam, köhnə tas... sonra da çalış bu yenilərin qarnını doyur... Ondan sonra da arvadlar təndirəsərlərdə oturub deyəcəklər ki, ay bala, ağzı olan yeyəcək də...

Təqvim yarpaqları noyabr ayının ortalarını göstərdiyində gözləməkdən cana gəlib bir daha Sosial Təminat Nazirliyinə getməyi qərara aldı. Yenə avtobusları dəyişə-dəyişə gəlib çıxdı Azad qadın heykəlinin arxasındakı əzəmətli binada yerləşən Sosial Təminat Nazirliyinin qəbul otağına. Bu dəfə niyyəti ya Vüqar müəllimlə, ya da mümkün olsa, elə nazirin özü ilə görüşə bilməkdi. Amma bununçün əvvəlcə qəbula yazılmaq lazım idi. Qəbula yazılmadan kim idi onu yuxarıda əyləşənlərin yanına buraxan?

Qəbul otağına gəldiyində bura yenə şikayətçilərlə dolub-daşır, ağız deyəni qulaq eşitmirdi. Bir saata qədər gözlədikdən sonra nəhayət, növbə ona çatdı və keçib əyləşdi Əlövsət müəllimin qarşısındakı kətildə. Öncə qəbul otağındakı məmurların içində yeganə xoşsifət insan olan bu məmurla salamlaşıb daha sonra dərdini anlatmağa başladı:

– Əlövsət müəllim, mənim məsələmi bilirsiniz, qəzetdən də sizə sorğu göndərmişdilər, amma buna baxmayaraq, yenə də bir xəbər çıxmadı. Axı bu maşın dövlətindir və dövlət də onun ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş şəxslərə, o cümlədən mənə də vermək istəyir, amma bilmirəm siz niyə məni bu qədər get-gələ salırsınız? Xahiş edirəm, özünüzü mənim yerimə qoyun və qərar verin, mən sağlam adam deyiləm, şikəst adamam, tək ayağımla bura gəlib-getmək üçün neçə marşrut dəyişirəm. Marşrutların halından da hər halda xəbəriniz var. Minib-düşmək bir dərd, tək ayaqla yol gəlmək başqa bir dərd. Xahiş edirəm, ya məni Vüqar müəllimin, ya da nazirin qəbuluna yazın və ya işimi həll edin. Düzü, artıq sizin maşın məsələmi həll edəcəyinizə olan ümidimi itirmişəm, ona görə də, xahiş edirəm, məni ya qəbula yazın, ya da deyin ki, sənə maşın vermiyəcəyik, get otur evində, mən də işimi bilim. Adamı bu qədər incitməzlər axı, Əlövsət müəllim.

Əlindəki qələmi oynadan Əlövsət müəllim səbirlə onu dinlədikdən sonra:

– Bilirsən, Araz, məsələ sən bildiyin kimi deyil. Maşın mənim atamın deyil ki, kimə verilib, kimə verilməməsi barədə maddi marağım olsun. Əlbəttə, mən istəyərəm ki, siz əlillər hamınız avtomobillə təmin olunasınız. Arxayın ol, sənin məsələn araşdırılır. Səndən başqa sənədlərində kəsir olan daha otuz dörd nəfər də var. Hamınızın sənədləri Vüqar müəllimdədir və o şəxsən bu məsələ ilə maraqlanır. Get evinə və narahat olma, ümid edirəm ki, ən geci bu ilin sonunadək avtomobillə təmin olunacaqsan, - dedi, daha sonra kiçik kağız parçasına nəsə yazıb ona uzatdı:

– Bu bizim nazirliyin internet saytıdır, burdan yoxlat, nə vaxt ad-soyadını siyahıda görsən, yaşadığın rayonun Sosial Təminat Fonduna müraciət edərsən.

– Amma Əlövsət müəllim, bura gəlməkdə mənim məqsədim qəbula yazılmaqdı. İndi siz deyirsiz ki, mənim sənədlərim Vüqar müəllimdədi, düzdü? Mən də deyirəm ki, Vüqar müəllim maraqlananıydı elə vaxtında maraqlanardı da. Xahiş edirəm, nazirin qəbuluna yazılmağıma kömək edəsiniz, əgər siz yazırsınızsa, məni də yazın, yox əgər başqa birinə müraciət etməliyəmsə, deyin gedim müraciət eləyim.

Əlini qırtlağına qoyub davam elədi:

– Əlövsət müəllim, vallah, daha bura yığılmışam, daha nə qədər idarə qapılarında sürünmək olar?

- Elli, səbrin olsun, dedim axı, ilin sonuna qədər gözlə, əgər avtomobillə təmin olunmasan, gələrsən, mən özüm cənab nazirimizin qəbuluna yazılmağın üçün əlimdən gələni edəcəyəm.

Artıq deməyə söz tapmadı, təşəkkür edib çıxdı, avtobusları dəyişə-dəyişə evlərinə döndü. Anası onu görər-görməz:

– Nə oldu bala, bir xəbər var maşından?

– Yox, əşi, nə xəbər olacaq? Yenə ağzımı boza verib qaytardılar.

– Demədin bə qəbula düşmək istəyirəm?

– Dedim, dedilər ki, narahat olma, sənədlər Vüqar müəllimdədi. Nə bilim, yalandı, ya gerçək, guya məndən başqa daha otuz dörd nəfərin də sənədlərində qarışıqlıq var. Vüqar müəllim özü şəxsən maraqlanırmış, ilin sonunadək nəticə olmalıdı.

– Allaha təvəkkül, ay bala, ilin sonuna nə qaldı? Bir ay da gözləyərik...

Anası bunu deyib köks ötürdü.

– Daha nazirliyə-zada getməyəcəyəm, dekabrın sonuna qədər konkret bir söz dedilər, dedilər. Dekabrın sonunadək onlardan bir xəbər çıxmasa, bu dəfə birbaşa baş prokurorluğa yazacağam.

– Hələ bu bir ayı da gözlə, görək sonra nə olur.

Çayını içdikdən sonra bir az oğlu ilə oynadı, daha sonra xanımını səsləyərək:

– Bilgisayar hanı? - deyə soruşdu

– Burda, mətbəxdə.

– Ver uşaq gətirsin.

– Dayan, özüm gətirərəm, salıb sındırar.

- Sındırmaz mənim oğul balam, bunu deyib mətbəxə doğru qaçan oğlunun ardınca qürur dolu baxışlarla baxdı.

– Bir az səbrin olsun, gətirirəm.

Az sonra xanımı əlində bilgisayarla otağa daxil oldu.

– Aman Allah, ay ana, sənin bu oğlun necə səbirsizdi? Televizorda filmə baxan qayınanası onun bu sözlərinə cavab vermədi, sadəcə Araza sarı dönüb gülümsədi.

– Xanım qız, başa düşmədim? Sən kimdən kimə şikayət eləyirsən?

– Bax hələ, təkcə sənin anandı? Ana, de da oğluna…

Anası ona sarı dönərək:

- Ədə, ey! Mənim qızımnan işin olmasın haaa! - deyə zarafatla barmağını silkələdi.

Gəlini ondan razı halda dodaqlarını büzdü:

– Gördün, balaşki? İkimiz birləşib səni təkləyərik, köməyinə də gələn olmaz, səni burda döyərik.

– Mən də kişi balamla köməkləşərəm, onda bizə heç kimin gücü çatmaz

Xanımı əyilib yanında dayanan oğlunu öpdü və:

– Həylə? Aslan parçası atasıynan bir olub anasını döyəcək?

Oğlu:

– Mən səni də çox istəyrəm, atamı da çox istəyirəm, amma ən çox nənəmi istəyrəm, - deyib nənəsinin qucağına qaçdı.



Araz fincanı irəli itələyərək xanımına:

– Bir çay da gətir, - deyib bilgisayarı önünə çəkdi, internetə girib Əlövsət müəllimin verdiyi saytın adını yazdı. Avtomobil növbəsinin siyahısını açaraq adını axtarmağa başladı. Birdən masanın üstünə var gücü ilə bir yumruq vuraraq bağırmağa başladı:

– Əclaflara bir bax! Mənim adım bu siyahıda var, amma məni, şikəst adamı neçə vaxtdır get-gələ salırlar!

Onun bağırtısına diksinən anası və mətbəxdən qaça-qaça gələn xanımı ikisi də bir ağızdan:

– Nədi? Nə olub? Niyə qışqırırsan? -dedilər.

Daha sonra anası ona acıqlandı, qorxub dodaqlarını büzən nəvəsini qucaqlayıb sinəsinə sıxdı və:

– Dəli deyilsən, bir də elə çığırma! Uşağın bağrını çatladacaqsan? - dedi.

Araz həyəcanlı səslə ucadan bildirdi:

– Hələ bura baxın! Mənim adım siyahıda var, ancaq bu padşah balaları camaatı get-gələ salmağa elə vərdiş eləyiblər ki, nə özləri zəhmət çəkib sayta baxıblar, nə də indiyə qədər saytın adını veriblər ki, özüm evdə baxım.

Anası və xanımı sevincək bir ağızdan:

Səni şad xəbər olasan, adın var siyahıda?

– Hə, var. Gəlin baxın, budu, burda, özü də qırx doqquzuncu adamam.

Artıq evlərində açıq görünən bir şadyanalıq var idi. Xanımı ilə Araz maşını aldıqdan sonra nə edəcəklərini planlaşdırır, biricik oğlanlarını da götürüb gedəcəkləri gəzintilərin xəyalını qururdular. Anası birdən nəsə xatırlamış kimi:

– Ay evi tikilmişin oğlu, bə Maya xanıma zəng elə da.

– Yaxşı yadıma saldın, - deyib masanın üstündən telefonunu götürdü.

– Cib nömrəsini bilirsən?

– Hə, apreldə çağıranda vermişdi.

– Denən ki, Maya xanım, siz məni nə vaxtdır get-gələ salmısız, amma mənim adım maşın növbəsində duranların siyahısında var axı. Bir də soruş gör, bəlkə umacaqları var, ona görə özünə heç nə demirlərmiş.

Maya xanıma zəng elədi, az sonra telefonun o biri ucundan onun səsini eşitdi:

– Alo.


– Salam, Maya xanım.

– Salam.


– Arazdı sizi narahat eləyən.

– Hə, oğlum, hansı məsələ ilə bağlı zəng eləmişdin?

– Maşın məsələsiynən bağlı, - dərindən bir nəfəs alıb sakitləşməyə çalışdıqdan sonra davam etdi:

– Maya xanım, burda siz, nazirlikdə də oranın işçiləri, niyə məni boşuna get-gələ salırsınız?

– Nə olub oğlum? Kim sənə nə deyib?

– Bu gün qəbula getmişdim, Əlövsət müəllim mənə nazirliyin saytını verdi ki, get yoxlat, gör adın siyahıda var, ya yox. İndi mən evdə baxdım sayta, qırx doqquzuncu adamam, amma həm siz, həm də nazirliyin qəbul otağında əyləşənlər hansısa sənədin itdiyindən danışırsınız. Mənim sənədlərim qaydasında deyilsə, adım niyə siyahıdadır?

– Oğlum, bax gör, bəlkə o siyahı köhnə siyahıdır?

– Xeyir, Maya xanım, köhnə siyahı deyil, baxmışam, ən son avqust ayında yenilənib.

– Oğlum, onda gəl belə edək, sabah dur gəl bura, aydınlaşdıraq, görək nə məsələdir.

– Oldu Maya xanım, sabah görüşərik.

Ertəsi gün erkəndən qalxdı, üzünü qırxıb duşunu aldıqdan sonra yeməyini yedi, daha sonra dişlərini fırçalayıb evdən çıxdı. Toya gedirmiş kimi geyinib gecinmiş, saçlarını səliqə ilə daramışdı. Artıq nə avtobusa minib düşməyin çətinliyi barədə düşünür, nə də müxtəlif ifadəli gözlərin taxma ayağına yönələn baxışlarına fikir verirdi. Rayon Sosial Təminat Fondunun yaxınlığında avtobusdan enib binaya daxil oldu, ikinci qata qalxıb Maya xanımın otağının qapısına gəldi. Qapını vurdu, amma içəridən səs gəlmədi, dəstəyi endirib itələdikdə isə qapının bağlı olduğunu görüb sağına-soluna boylandı. Uzun dəhlizdə bir-iki xadimədən başqa kimsə görünmürdü. Saatına baxdı, hələ doqquza on beş dəqiqə var idi. Öz-özünə gülümsəyib:

– Bu gün lap uşaq kimi sevincək olmuşam ki, - dedi.

Az sonra işçilər gəlməyə başladılar. Maya xanım da gəldi, salamlaşıb onun iş otağına daxil oldular. Maya xanım ona yer göstərib:

– Keç əyləş, oğlum, - dedi.

Maya xanım əlli beş-əlli altı yaşlarında xoşsifət, gülərüz bir xanım idi. Daim gülümsəyən gözləri insanın qəlbini rahatladır, yumşaq tonlu səsi şüşəyə toxunan metal kimi cingildəyirdi:

– Hə, oğlum, indi de görək nə məsələdi?

– Sizə telefonda dediyim kimi, Maya xanım, mən dünən nazirlikdən gələndən sonra orda verilən sayta girib baxdım, adım varıydı.

– Əlövsət müəllim verdi deyirsən saytın adını?

– Bəli, o verdi.

– Bilirsən, o da sənin ellindi.

– Doğurdan? Mən heç bilmirdim

– Bəs necə, o da Şahbuzdandır.

– Lap yaxşı.

– Hə, indi gələk səni narahat edən məsələyə. Düzü, sənin adının siyahıda olub- olmamasından mənim xəbərim yox idi, bir azdan aşağı düşüb Münəvvər xanımın yanına gedərik. Qoy onun da xəbəri olsun ki, sənin adın siyahıdadır, həm də o bizə nə etməli olduğumuzla bağlı yol göstərər.

– Münəvvər xanım buranın müdiridir?

– Xeyir oğlum, o bizim şöbə müdirimizdir.

Bunu deyib hər kəslə olduğu kimi, onunla da hal-əhval tutmağa başladı:

– Hələ de görüm, balaca neyləyir? Neçənci sinifdə oxuyur? Anan necədi? Yaxşıdımı?

– Şükür, Maya xanım, hamısı yaxşıdı, anamın salamı var, oğlan da birinci sinifdə oxuyur.

– Aaaaa, niyə elə balacadır bəs, səndə elə bir uşaqdı da?

– Bəli, bir az gec evləndim, ona görə hələ balacadı, başqa övladım da yoxdu, elə bir dənədi.

– Adı nəydi balacanın?

– Təbriz.

– Maşallah, adıynan böyüsün.

Bir az susub əlavə etdi:

– Hə, oğlum, gedək Münəvvər xanımın yanına?

– Əlbəttə, necə məsləhətdi.

Ayağa qalxdıqlarında Araz:

– Maya xanım, bəlkə bunların umacağı bir şey var?

– Nə umacağı, oğlum?

– Mən keçən dəfə, yəni keçən dəfə deyəndə ki, yayda nazirliyə gedəndə orda bir neçə nəfərlə danışdım, onlar da maşınlarına nömrə almaqdan yana gəlmişdilər. Eləsi varıydı deyirdi üç yüz, eləsi varıydı deyirdi növbəyə duranda dörd yüz manat verib. İndi deyirəm bəlkə bunlar da o teletamaşadakı kimi, elə başımı görən an deyir get sonra gəl... Dərindən bir ah çəkib:

– İstədikləri bir şey varsa, siz bu sistemin içindəsiniz, bilərsiniz, verək canımız qurtarsın.

– Yox ay oğlum, səndən heç kim heç nə istəmir, özün də narahat olma, hər şey yaxşı olacaq.

Otaqdan çıxıb aşağı düşdülər, birinci mərtəbənin dəhlizinə girən kimi sağa dönüb ən başa, Münəvvər xanımın otağının yanına gəldilər. Maya xanım qapını döyüb içəri keçdi, onu da ardınca çağırdı.

Münəvvər xanımın otağı geniş və işıqlı idi. Otağın pərdələrindən tutmuş döşəməsinədək hər şey sahibəsinin incə zövq sahibi və təmizlik düşgünü olmasından xəbər verirdi. Otağa daxil olduqlarında Münəvvər xanım bir yandan telefonla danışır, bir yandan da önündəki kağıza qeydlər edirdi. Onları görüb başı ilə içəri keçmələrini işarə etdi. Telefonla danışığı bitdikdən sonra salamlarını alıb Maya xanımdan:

– Nəsə problem var, Maya? – deyə soruşdu.

Maya xanım birbaşa mətləbə kəçdi:

– Bilirsiz, Münəvvər xanım, Araz Qarabağ əlilidir. O, avtomobil növbəsindədir, amma sənədlərində kəsir var, ona nazirlikdən deyiblər ki, sənədlərin digər qalmaqallı sənədlərlə birlikdə Vüqar müəllimdədir. Amma özü bizim saytımıza baxıb, deyir orda siyahıda adı var, həm də qırx doqquzuncu adamdır. İndi gəlib araşdıraq görək, nə məsələdi, adı siyahıda ola-ola niyə onu get-gələ salırlar.

Münəvvər xanım bayaqdan əlində tutduğu qələmi masanın üstünə qoydu, gözlüyünü düzəldib Araza baxdı və:

– Telefonunu qoy, araşdırıb sənə ən qısa müddətdə məlumat verərik, özün də narahat olma, ən geci marta kimi bütün əlillər avtomobillə təmin olunacaqlar, həm də təkcə Qarabağ əlilləri dəyil, bütün növbədə dayanan əlillər.

– Münəvvər xanım, Qarabağ əlillərinin demək olar ki, hamısı avtomobillə təmin olunublar, amma nədənsə mənə heç cür qismət olmur ki, olmur.

Bunu deyib gülümsədi və üzünə kinayə qarışıq hüzün yayıldı.

– Narahat olmayın, mən özüm sizin məsələnizi araşdıracağam.

– Allah razı olsun, - deyə Araz telefon nömrəsini Münəvvər xanıma söylədi və Maya xanımla birlikdə otaqdan çıxdılar.

Yenə telefon nömrəsini alıb yola salmışdılar. Artıq o qədər idarədə telefonunu vermiş və heç birindən də xəbər çıxmamışdı ki, indi Münəvvər xanıma da nömrəsini verərkən nəsə şad xəbər alacağına ümid etmirdi. Evə qayıdanda sabahkı əhval- ruhiyyəsi yox olub getmişdi, artıq nəinki toydan gələnə oxşamırdı, hətta əzizinin yasından dönəni xatırladırdı. Həyət qapısının ağzında onu gözləyən anası bu halını görüb:

– Neynək, fikir eləmə, canın sağ olsun, - dedi.

Anasının bu sözlərinə gülümsəyib:

– Demək, halımdan aldığım cavab bəlli olur, - dedi.

Anası daha dinmədi, onun ardınca gəlib evə girdi, xanımına da işarə etmiş olacaqdı ki, o da heç nə soruşmadan gətirib çayını önünə qoyduqdan sonra mətbəxə keçdi.

Əynini dəyişib rahat ev paltarlarını geyindikdən sonra çayını içib divanda uzandı, bir az eləcə qaldıqdan sonra başının altında çarpazladığı əllərini çəkib dikəldi, xanımını səsləyib:

– Təbriz məktəbdədi? - deyə soruşdu.

– Hə, hələ gəlməyib.

Saatına baxıb:

– Eh, bu gün mənə nə olub? - deyə donquldandı, sonra anasına döndü:

– Maya xanım məni də götürdü getdik şöbə müdirlərinin yanına, o da telefonumu alıb dedi maraqlanaram... Kimin üstünə gedirəmsə, ya deyir get sonra gəl, ya da nömrəmi alıb yola salır... Axırda dəli olub birini boğazlayacağam.

Bunu deyib başını əllərinin arasına alaraq eləcə dayandı.

– Bala, başına dönüm, hər şərdə bir xeyir var..., nə bilim, bir az da gözləyək.

– Bilmirəm, bunlar nə istəyirlər? Ta nə qədər gözləmək olar? Doqquz ildi gözləyirəm. Axı, bu duzu quruların əlindən neyləyim, başıma haranın daşını salım. Mən də gedim Prezident Aparatının qabağında özümü yandırım? Sən de, mən də eləyim!

Əsəbindən yumruqlarını sıxmış, dişlərini qıcamışdı. Anası gəlib yanında oturdu, başının arxasını, boynunu oxşaya-oxşaya:

– Ürəyini sıxma, mıxı mismara döndərən Allah var, yəqin bizim də dərdimizə bir əlac eliyər.

– Yatmaq istəyirəm, - deyib divanın üstündə üzüquylu uzandı.

Necə narahat olduğunu, sıxıldığını görən anası düşündü ki, ən yaxşısı onu tək qoymaqdı. Qalxıb “Mən də gedim məktəbə, bir azdan Təbriz dərsdən çıxacaq” - deyə otaqdan çıxdı.

Araz heç qımıldanmadı, səsini də çıxarmadı, sanki səssizliyi ilə anasının getmək istəyinin doğru olduğunu bildirmək istəyirdi.

Günlər bir-birini əvəzlədikcə Araz daha da içinə qapanır, evdə də, getdikcə seyrəkləşdirdiyi çayxana ziyarətlərində də susqunlaşırdı. Ağzını bıçaq açmayan vaxtlarında Arazın həmişə partlamağa hazır barıt çəlləyi olduğunu bildikləri üçün xanımı gözə görünməməyə çalışır, anası da uzanmış saqqalına, daranmamış saçlarına baxıb köks ötürür, onun duymayacağı qədər asta səslə nəsə pıçıldayırdı. Ancaq o, onsuz da evdə olub-bitənlərin, hətta oğlunun belə artıq onun yanına gəlməyərək mətbəxdə dərslərini çalışmasının və oynamasının fərqində deyildi.

Dekabr ayı yarı olduqdan sonra olub-qalan ümidlərini də itirdi. Artıq il də bitdi, yəqin bundan sonra da gələn ilin sonuna qədər otararlar, ondan sonra da “Allah kərimdi!” - deyə düşünür, çıxış yolu axtarır, tapa bilmirdi.

Ayın yirmi ikisi idi, ilin ən gödək günü olduğundan günəş həmişəkindən erkən batmış, qaranlıq düşmüşdü. Son vaxtlarda olduğu kimi, yenə divanda üzüquylu uzanıb gözlərini yummuş, əllərini çənəsinin altında birləşdirərərək, barmaqları ilə yastığın üzünü oxşayırdı.Uzun tüklərinin altında gizlənmiş ifadəsiz üzündən heç nə anlamaq mümkün deyildi. O an nə düşünürdü? Kimsə bunu təxmin edə bilməzdi. Telefonuna zəng gəldi, heç tükünü də tərpətmədi. Başqa vaxt olsa, həmən götürüb cavab verərdi, amma indi sanki masanın üstündə özünü yeyib tökən telefonun ona heç bir dəxli yox idi. Yarım dəqiqəlik fasilədən sonra telefon yenə çalmağa başladı, bu dəfə kresloda əyləşərək səsini azaltdığı televizorda film izləyən anası dözə bilmədi:

– Ay bala, aç görək, bəlkə kimdisə vacib adamdı.

Dərindən bir nəfəs alıb köks ötürdü:

– Offff…

Oğlu da mətbəxdən qaça-qaça gəlib uşaq marağı ilə telefona cavab vermək istəyirdi, amma atasından çəkindiyi üçün masanın yanına qədər gəlsə də, ordaca dayanmışdı, telefona əlini uzatmağa cəsarət edə bilmirdi.

Ağır-ağır dikəlib oturdu, əlini uzadıb qor götürürmüş kimi telefonu götürdü. Bu vaxt artıq telefon ikinci dəfəni də bitirib üçüncü dəfə zəng çalırdı. Nömrəyə baxdıqda anidən üzündəki ifadə dəyişildi, həyəcanla:

– Bu xeyir ola bu vaxtı? - dedi.

Sanki anasından soruşurmuş kimi onun üzünə baxır, ondan cavab gözləyirdi. Anası oturduğu yerdən qalxıb yaxınlaşdı, oğlunun həyəcanı ona da sirayət etmişdi. Maraqla soruşdu:

– Kimdi ki?

– Maya xanım, - deyib dodaqlarını təəccüblə büzdü.

– Di aç görək, ay irəhmətdiyin oğlu! Yəqin maşından bir xəbər var.

Telefonu açıb:

– Alo! - dedi.

– Oğlum, hardasan iki saatdı? Telefonu niyə açmırsan?

– Salam Maya xanım!

– Salam oğlum, muştuluğumu ver!

– Muştuluğunuz gözüm üstə!

– Sabah yox, birigün səhər saat onda olursan NAZ zavodunda.

– Xeyir ola, Maya xanım?

Sanki bir anlıq beyni keyimişdi, məsələnin mahiyətini anlamağa qadir deyildi.

– Xeyirdir, oğlum, xeyirdir, sənə maşın verəcəklər.

Nə dəyəcəyini bilmədi, telefon qulağındaca quruyub qalmış, heykələ dönmüşdü. Bəzən sevinc də insanı şoka salar və o da belə bir şokda idi. Nə deyəcəyini bilmir, qulağından ayırdığı telefonu key-key süzürdü, yəni doğrudanmı bu telefondan gəlmişdi o müjdə? Telefondan çıxan səsləri qırıq-qırıq da olsa, eşidən anası da həyəcanlanmışdı, yerində dura bilmirdi. Qaçıb mətbəxdən gəlinini çağırmış, qucağına aldığı nəvəsini öpüb oxşayır, bir tərəfdən oğluna yaxın duraraq onunla bərabər Maya xanımı dinləmək istəyir, o biri tərəfdən də nəvəsini asta səslə danışdırırdı.

– Balam atasının maşınını sürəcək? Nənəni də mindirəssən? - deyə soruşur, uşağın qırmızı yanaqlarını, ağappaq boyun-boğazını öpürdü. Birdən gözü oğlunun baxdığı telefona sataşdı:

– Ə köpəyoğlu, elə niyə tutmusan onu, bə gör nə deyir?

Elə bil yuxudan ayılan Araz telefonu qulağına tutdu, Maya xanım da dəstəyin o biri tərəfində bağırırdı:

– Oğlum, Araz, ordasan, səsin gəlmir.

– Bəli, bəli, Maya xanım, eşidirəm.

– Deməli, qoy zavodun yerini də deyim. Binə bazarını keçən kimi kimdən soruşsanız, deyəcək.

– Oldu Maya xanım, çox sağ olun, təşəkkür edirəm, minnətdaram.

– Yadınızdan çıxmasın, birigün onda, əgər zavodu tapa bilməsəniz, zəng edərsən, yerini bir də başa salaram.

– Çox sağ olun, təşəkkür eləyirəm, çox sağ olun, Maya xanım!

Sağollaşıb telefonu söndürən kimi anasına tərəf qollarını açıb bağırdı:

– Məni qucaqlayın, öpün, təbrik edin, nazlım gəlir, birigün gedirik nazlımı almağa!

Anasını qucaqlayıb ayağa qalxdı, xanımı da onları qucaqladı. Üçünün də gözlərində sevinc yaşları var idi, üçü də bir-birinə sarılmış, paylaşdıqları sevinclərinin çoxluğundan məst olmuşdular. Qarabağ savaşından döndükdən sonra bəlkə də ilk dəfə idi ki, təkayaq olduğunu unutmuş, özünü hər kəs kimi normall insanlardan saymağa başlamışdı.

Birdən onu qucaqlayan anasından və xanımından ayrılıb oğlunu nənəsinin qucağından qapıb göyə qaldırmaq, kefinin kök vaxtlarında “Aslan parçası” deyə çağırdığı oğlu ilə sevincini bölüşmək istədi, amma oğlu nənəsinin qucağından qopduğu anda yıxıldılar... Kor tale ən sevincli günündə belə işini görmüşdü, sadəcə bir anlığa unutduğu tək ayağını xatırladaraq onu övladı ilə bərabər yıxmışdı. Ancaq bəxtindən yerə deyil, divanın üstünə düşdülər. Bu hadisə belə keflərini pozmadı. Bu üç insanın və hələ olub-bitənləri anlamasa da, nəsə yaxşı şeyin olacağını hiss edən oğlunun həyatlarındakı ən gözəl anları ölümsüzləşdirəcək tək bir kimsə çatışmırdı: fotoqraf...



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin