Leyla gülümsünərək:
– Haradan seçəcəyik?
– Elə buradan, Xırdalandan
– Küsdüm səndən.
– Niyə, ürəyim?
– Sən hələ bəlkə evi də seçmisən, amma mənə indi deyirsən.
– Yox əşi, nə seçməsi, əslində mən mikrorayonların birindən istəyirdim, amma sonra düşündüm ki, istədiyim kimi geniş evə gücüm çatmayacaq, odur ki, elə buradan, Xırdalandan birini götürək.
– Görürsən Emil, sən daha hər şeyi düşünmüsən, amma mənə deyirsən ki, niyə küsürsən.
– Əzizim, istəyirdim sizə sürpriz edim, o da alınmadı.
– Yeni evi alıb sonra deyəsən? Öldürərdim səni! Heç elə şey olar?
– Elə mən də ölmək istəmədiyim üçün almamış gəldim ki, məsləhətləşək.
Ertəsi gün Emil Leylanı da götürüb Xırdalandakı yeni tikilən binalardan ev seçməyə getdi, övladlarını da onlar gələnədək baxması üçün anasına vermişdilər. Bir neçə mənzil tikinti kombinatında olduqdan sonra nəhayət, binaların birində beş otaqlı, geniş bir mənzil bəyəndilər. Düşünmək, ailə üzvləri ilə məsləhətləşmək üçün evə dönüb bir neçə gün də qohumlar, yaxın adamlarla yeni mənzillərinin yerləşdiyi binanın yeri və digər şeylər üzərində məsləhətləşib böyüklərin xeyir-duasını aldıqdan sonra gəlib mənzilin ilkin ödənişini etdilər. Emil mənzilin ödənişini etdikdən sonra alqı- satqı müqaviləsindəki borcunu da sığortalatdı.
Mənzil aldıqdan sonra artıq neçə ay idi ki, avtomobili olmadığından işə bir yerdə çalışdıqları, burada, Xırdalanda da qonşu olduqları Rahabla gedib gəlirdi. Emilin Fışa deyə çağırdığı, amma çox vaxt özünün verdiyi Fıştırıq adı ilə səsləndiyi sahibsiz köpək də səhərlər Rahabgilə gedəndə onu müşayət edərdi. Evə gəldiyi hər axşam yemək verdiyi, hava yağmurlu olduqda isə islanıb üşüməsin deyə həyətə salıb örtülü bir yerdə saxladığı bu sahibsiz köpək onu sadiq bir çoban köpəyi qədər sevir, minnət borcunu üç ayağı ilə müşayət etməklə ödəyirdi.
Rahab evə gəlməyəndə, ya da işdə olmayanda isə, Emil işdə qalır, bəzən də taksi ilə evə gəlirdi. Evə döndüyü axşamlar xanımı onun gəldiyini hiss edən kimi istər yuxuda olsun, istərsə də oyaq, Muradı götürüb qapıya, ömür-gün yoldaşını qarşılamağa çıxar, “Atamız gəldi” -deyərdi.
Dekabrın on yedisi Emilin səksən yeddi yaşlı nənəsinin doğum günü idi. Nənə- nəvə bir-birini çox sevirdi. Emilin yadına hələ nənəsinin onu adı ilə çağırması gəlmirdi, çünki milliyətcə rus olan nənəsi hər zaman onu “Moy kukulka” -deyə çağırar, öpüb əzizləyərdi. Əlbəttə, heç Emil də nənəsinin bu iltifatlarını cavabsız qoymazdı, ayrıca onun bütün doğum günləri və qadınlar bayramını ötürməz, mütləq hədiyələr alardı. Həmən günü Emil işdə növbətçi idi, amma nənəsinin doğum günü olduğundan zabit yoldaşlarının birindən xahiş edərək növbəsini dəyişdirib axşam evə gəldi, birlikdə yığışıb nənəgilə getdilər.
Gecə saat ikiyə qədər nənənin ad günündə yeyib-içdikdən, əyləndikdən sonra evə döndülər, amma o gecə yuxu Emilə haram oldu. Murad səhərədək ağladı, qəribə burasındadır ki, uşağı anası qucağına alıb kiritmək istədikdə daha bərkdən çığırır, atası götürüb otaqda gəzişdikdə isə səsini kəsirdi.
Səhər alaqaranlıqdan Leyla mətbəxə keçib həyat yoldaşına səhər yeməyi hazırlamağa başladı. Az keçmişdi ki, Emil qucağında Muradla gəldi:
– Gedək ananı döyək.
– Mənim balam anasını hamılardan çox istəmişdi.
– Deyirəm axı, niyə sənin qucağına gələn kimi səsini kəsir.
– Ağıllı balam anasına əziyyət vermək istəmir.
– Elə? Al saxla ağıllı balanı, Emil bunu deyib Muradı Leylanın qucağına verdi, yuyunub hazır süfrənin arxasında əyləşdi.
Səhər yeməyindən sonra hərbi geyimini geyinib həyətə düşdü, ardınca gəlmək istəyən xanımına:
– Gəlmə Leyla, əynin nazikdir, soyuqlayarsan.
Leyla qucağındakı Muradı göstərərək:
– Biz gedirik atamızı yola salaq.
Darvazanın ağzında Emil ayaq saxladı, oğlunu xanımından alıb öpüb qoxladıqdan sonra , anasına verib:
– Salamat qalın Leyla, uşaq öncə Allaha, sonra sənə əmanət. Baxarsan, yenə ağlayıb eləsə bura, xəstəxanaya apar, həkim bir baxsın, bəlkə nəsə dərdi var?
– Baş üstə, atamız.
– Başın güllər üstə.
Sağollaşdılar, Emil darvazadan çıxdı, onu gözləyən Fışanı görüb:
– Getdik Fışa, -dedi və Rahabgilin evinin yolunu tutdu.
İndi Emil burada, Rahabın maşınında mürgüləyir, axşamkı yorğunluğun və yuxusuzluğun əvəzini mümkün qədər çıxmaq istəyirdi.
Xidmət etdikləri hərbi hissəyə az qalmış sonuncu qəsəbəni də yenicə keçmişdilər ki, birdən xeyli irəlidə, qarşı yöndə gözü nəyəsə ilişən Rahab bağırdı:
– Adə ora bax! O nədi elə?
Şirin yuxusundan səksənib ayılan Emil Rahabın əli ilə göstərdiyi tərəfə baxaraq yuxudan yarımçıq qalxmanın verdiyi sərsəmliklə qırpışdırdığı gözlərini yumruqları ilə ovxalayıb təkrar baxdı:
– O maşın niyə elə gəlir?? Nolub e onun sürücüsünə, -deyə həyəcanla bağırdı.
Qarşı yoldan sürətlə gələn ağır tonnajlı yük maşını yolda bir o yana, bir bu yana gedir, hər dəfə də yolun kənarındakı dəmir baryerlərə toxunaraq onları əzib dağıtdıqdan sonra istiqamətini dəyişir, digər tərəfə dönürdü. Artıq bir neçə saniyə sonra yük maşını o qədər yaxınlarında idi ki, markasını belə seçmək mümkün idi. Rahab:
– Şaqmandı ee! Baxırsan, özü də yüklüdü! Allah bilir, ya bunun sürücüsü yatıb, ya da idarəetməni itirib.
Onlar üç şəridli yolun orta hissəsi ilə irəliləyirdilər, elə bu vaxt arxalarından gələn Kamaz markalı yük avtomobili sol tərəfdən onları ötüb keçdi və bir neçə saniyəliyə Şaqmanı görmələrini əngəllədi. Kamaz onları keçər-keçməz Emil dəhşətlə bağırdı:
– Rahab! Sağa qaçırt! Sağaaa!!!!
Rahab ani bir instinktlə sükanı tamamən sağa döndərərək qaçmaq istədi, amma artıq gec idi və qaçacaq yer qalmamışdı, çünki sağ tərəfləri də dəmir lövhələr idi. İdarəetməni itirən iyirmi kubmetrlik, üstü çınqılla dolu Şaqman onların solundakı iki qat dəmir lövhələri dağıdaraq üstlərinə gəlirdi. Şaqmanın partlayıb dağılan ön təkərləri diskilərdən çıxmış, beton örtüyə sürtünən diskilərsə dəhşətli qıcartı və qığılcım yaymaqda idilər. Sürücü sükanı buraxaraq əlləri ilə başını tutmuş, yumduğu göz qapaqları ilə sanki “Hara gedirsə, getsin, təki dayansın” -deyir, kaha kimi açılan ağzı bağıra-bağıra hansısa gözəgörünməz qüvvələrdən kömək istədiyini bildirirdi.
Rahab nə etməli deyə düşündü... Artıq nəsə etmənin nə xeyri, nə də ziyanı var idi. Qəlbində “Bu da yuxu, belə tez çin çıxacağı ağlıma belə gəlməzdi”, -deyə düşündü...
Nə sonuna qədər sağa döndərdiyi sükan, nə var gücü ilə sıxdığı əyləc kar etmədi..., sübhün şehindən islanmış yolda sürüşərək irəliləyən Tofaş əyləcsiz üstlərinə gələn Şaqmanla toqquşdu. Zərbə anında ikisi də əlləri ilə üzlərini qapayaraq bağırdılar...
Minik və yük avtomobilinin toqquşmasından çıxan dəhşətli səs dalğa-dalğa yayılaraq bütün aləmi bürüdü...
Yük maşınının ön buferinin sol kənarı Tofaşın sol arxa qapısından vurub bir neçə metr irəli atdı, zərbənin təsirindən fırlanaraq yük avtomobili ilə üz-üzə dayanan minik avtomobilini bir göz qırpımı zaman keçmədən təkrar qarşıdan vuraraq əzib üstünə çıxmağa və hər santimetr üstünə çıxdıqca da beton yolun üstü ilə sürükləyib aparmağa başladı...
Artıq hər şey bitmiş, nicat yolu qapanmışdı, Şaqman önünə qataraq sürüklədiyi minik avtomobilini hər keçən an bir az daha altına alır, üstünə çıxdığı hər santimetrdə bir az daha xıncıb qırış-buruş olmuş kağız parçasına bənzədirdi. Şaqman önünə qatıb sürüklədiyi Tofaşı əzdikcə öncə partlayan radiatordan axan qaynar su Rahabla Emilin ayaqlarına tökülüb yandırmağa başladı, daha sonra avtomobilin qırılan şüşələri onların əllərini, üzlərini, bədənlərini doğramağa başladı, damı əzilərək üstlərinə qapandı...
Artıq hər şey bitmiş, dəmir tabutda Əzrayılla təkə-tək qalmışdılar. Xilas olmaq üçün çabalamır, taleyin zərbəsi qarşısında səssizcə əmin olduqları, amma qətiyyən layiq olmadıqları sonlarını, son nəfəslərini verəcəkləri anı gözləyirdilər.
Hələ dəmir lövhələri keçərkən ön təkərləri partlayan, daha sonra isə Rahabın idarə etdiyi avtomiobillə toqquşmanın təsirindən yan yatan Şaqman onları sürükləyib aparmaqda, altına alıb əzməkdə, qurbanını udan zəhərli ilan kimi santım-santım üstünə çıxıb ətrafdan gizlətməkdə, yox etməyə çalışmaqda idi. Şaqmanın altında getdikcə görünməz olan Tofaşın param-parça olaraq ətrafa dağılan detalları, boydan-boya yola səpələnir, partlamış katerindən axan yağ qanlı iz kimi yola yayılır, zərbənin təsirinden parçalanan benzin çənindən dağılan yanacaq od tutmuş, alt-üstə minmiş avtomobillərin hər ikisi də yanmağa başlamışdı...
Şaqman ağzına aldığı Tofaşı yana-yana tam yüz otuz doqquz metr sürüklədikdən sonra dayandı, artıq tamamən minik avtomobilinin üstünə çıxaraq onu altına almış, başından sonunadək əzib yerə yapışdırmışdı...
Hələ erkən olduğundan işə gedən digər iş yoldaşları Rahabın başına gələn faciədən xəbər tutmuş, hadisə yerində dayanıb Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətinə zəng edərək köməyə çağırmışdılar, bir tərəfdən də avtomobillərində olan yanğınsöndürmə vasitələrindən, ətrafdan topladıqları qumdan və yolun altında yaşayan insanların evlərindən getirdikləri su dolu bidonlardan istifadə edərək heç olmasa alovu söndürməyə çalışırdılar. Amma artıq hər şey çox gec idi.
Nəhayət gəlib çıxan Qəza xilas etmə xidmətinin işçiləri saat yarımlıq çalışmanın sonucunda əzilən maşınları bir birindən aralaşdıraraq Tofaşın damını və ön qapılarını kəsib yan-yana yatmış iki dostu, Rahabla Emilin cəsədlərini çıxardılar...
Vətənimizin hər qarış torpağını qanları ilə sulamağa hazır olan bu iki mərd insan bir gün cansız bədənlərinin uzadıldığı beton yolu qanları ilə sulayacaqlarını bilməzdilər...
Onların amalı başqa idi, xidmət etmək üçün məhz bu hərbi hissəni seçdiklərində, kursu müvəffəqiyyətlə bitirib qüvvə komandanının qarşısında and içdiklərində beton yolda, bir yük avtomobilinin altında deyil, işğal olunmuş torpaqlarımızın azad olunması üçün gedəcək döyüşlərdə şəhid olmağı, yoldaşları tərəfindən kəfənlə deyil, hərbi geyimdəcə dəfn olunmağı arzulamış, niyyət etmişdilər. Onların ikisi də ölümə hər an hazır yaşayan insanlardan idilər. Ancaq onların arzuladıqları, istədikləri ölüm bu deyildi, onlar düşmən gülləsi ilə şəhid olmaq üçün hazırlamışdılar özlərini, amma qismət deyilmiş...
İstənilən halda o iki cəsur insan, Rahabla Emil döyüş yoldaşlarının gözündə qəhrəmanlıq abidəsi, vətənimizin birliyi və bütövlüyü uğrunda şəhid olmuş insanlardı. İş yoldaşları bu iki mərd insanın qəzaya düşərək, bir sürücünün səhlənkarlığı ucbatından can verdikləri bu yerdən keçdiklərində avtomobillərinin sürətini azaldır, onları dərin hörmət və ehtiram hissi ilə yad edirlər. Axı, bura onların illərdir çiyin-çiyinə xidmət etdikləri döyüş yoldaşlarının qanı ilə suvarılıb...
Dostları ilə paylaş: |