Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə10/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

Orta təhsilini bitirdikdən sonra artıq ilk xəyalını gerçəkləşdirməsinə fürsət düşmüşdü, lakin çalışmaqla bərabər universitetə hazırlaşmasının nəticəsi heç də sevindirici olmadı. Digər abutiruyentlər sadəcə dərsləri ilə maraqlanarkən artıq böyük oğlan olduğu üçün həm ailəsinin yükünü anası ilə bölüşməyə məçbur olduğundan çalışan, həm də imkansızlığı ucbatından repetitor köməyi olmadan, özü üzərində işləyərək universitetə hazırlaşan Emil bu qeyri-bərabər ədalətsiz rəqabətdə taleyin acı silləsini bir daha yedi. Allah bilir, onun taleyindən yediyi neçənci sillə idi? Özü belə sayını itirmişdi. Taleyinin bu növbəti silləsi ilə səndələyən, lakin həmişə olduğu kimi, yıxılmayan, ayaqüstə qalmağı bacaran Emil bu dəfə də yıxılmadı, daha böyük inadla, daha böyük əzmlə çalışaraq növbəti il sənədlərini əvvəlcə arzuladığı kimi tibb universitetinə deyil, Ali hərbi məktəbə verdi. İmtahan cavablarının çıxdığı gün o, dünyanın ən xoşbəxt, ən bəxtəvər insanı idi. Həyatında ilk dəfə açı taleyini yenmiş, ona qalib gəlmişdi. Artıq zabit olacaqdı, bunu bilirdi, buna əmindi. Ali hərbi məktəbə daxil olduğu gün gözlərindəki parıltı, qəlbindəki fərəh bu məktəbi yenicə bitirmiş və çiyinlərində leytenant rütbəsinin ulduzları parlayan gənc zabitdən xəbər verirdi. Onun gözlərinə baxan hələ dörd il öncəsindən orada müdafiə nazirinin əlindən diplomunu alan gənc zabiti görə bilərdi.

Yüz səksən yeddi santimetr boyundakı bu şivərək oğlan həmən gün şad xəbəri alar-almaz qaça-qaça anasının çalışdığı dərzi atelyesinə gəldi. Pəncərədən oğlunun qaranəfəs gəldiyini görən ana əlindəki işi yarımçıq qoyaraq hövlank qapıdan bayıra çıxdı:

– Emil, oğlum, nə olub?

– Zabit olacam! -deye bağıran Emil anasını belindən qucaqlayıb havaya qaldırdı, uşaq kimi göydə fırladıb yerə qoydu.

Onu qucaqlayaraq üzünü sinəsinə söykəyən anasının hıçqıra-hıçqıra ağladığını, sevincdən axan göz yaşları ilə astadan etdiyi duaları eşitdi:

– Şükür, şükür sənə ilahi, min şükür...

Göz yaşlarını tuta bilməyən ana sanki başqa söz bilmir, şükür kəliməsini təkrarlayıb dururdu. Emil:

– Ana, nə olub sənə? Zabit öləcəm demədim ki, zabit olacam dedim, niyə ağlıyırsan axı?

Şən yaradılışlı oğlunun ona yersiz gələn zarafatından əsəbiləşən ana ayaqlarının ucunda qalxaraq sevimli oğlunun qulağından tutub çəkişdirdi:

– Nə gic-gic danışırsan? Başın xarab olub, nədi? Ölmək nədi?

Anasının əlindən canını qurtarmağa çalışan Emil:

– Ayyyy, uffff, qulağım qopdu ki!

Oğlunun qulağını buraxıb onu təkrar bağrına basan ana:

– Sən də danışığını bil, elə bil balaca uşaqsan, heç dəyişmədi sənin bu xasiyyətin.

Sadəcə o gün deyil, bütöv bir ay evlərində bayram əhval-ruhiyəsi davam etdi. Qonaqlıqlar, dəvətlər başlarını elə qatmışdı ki, sentyabr ayının necə gəlib çatdığından xəbərləri olmadı...

Emilin müdavimliyi ailə vəziyətlərinin nisbətən düzəlməsinə kömək etmişdi. Bir tərəfdən evdən bir boğaz azalmış, digər tərəfdən də, Emil aldığı müdavim maaşından artırıb hər ay anasıgilə kömək edirdi. O, ali hərbi məktəbdə oxuduğu vaxt çalışqanlığı, xoş və şən xasiyyəti sayəsində həm müəllimlərinin sevgisini, həm də müdavim yoldaşlarının hörmətini qazanmışdı. Hələ 2004-cü ildə Moskvaya tank kursuna, daha sonra isə Ukraynanın Odessa şəhərinə və İtaliyaya müxtəlif kurslara göndərilən Emil getdiyi hər yerdən, vətənini təmsil etdiyi hər ölkədən yüksək uğur və təltiflərlə qayıdır, müdavimkən yaratmağa başladığı medal kolleksiyasını hər kursdan döndükcə daha da zənginləşdirirdi.

Ali hərbi məktəbi bitirdikdən sonra cəbhənin Ağdam rayonu istiqamətindəki hərbi hissələrdən birinə təyin olunan Emil bir il orada xidmət etdikdən sonra seçici zabitlər tərəfindən keçirilən fiziki hazırlıq, taktiki və ixtisas imtahanlarının nəticəsinə görə seçilərək xüsusi təyinatlı hərbi hissəyə göndərildi. O gün Emilin həyatındakı ən unudulmaz günlərdən biri idi. Başqa cür də ola bilməzdi axı, xüsusi təyinatlı olmaq, həm də peşəkar xüsusi təyinatlı olmaq onun çoxdankı arzusu idi. Ali hərbi məktəbdə oxuduğu vaxtlardan bu hərbi hissə barəsində eşitmişdi və qəlbi bir gün orada xidmət etmək istəyi ilə alışıb yanırdı. İndi o böyük gün gəlmişdi, artıq onun da qarşısında karyera qapıları açılmış, xidmət etmək arzusunda olduğu hissə qapılarını onun üzünə açmışdı. Doğrudur, bu hələ heç nə demək deyildi və o, işin başlanğıcında idi. Qarşıda onu bitirməyin hər zabitə nəsib olmadığı ağır və məşəqqətli kurs gözləyirdi, yalnız bundan sonra istədiyi, arzuladığı amalına çatacaqdı, yoxsa yenə də geri dönüb adi hissələrdən birində xidmət etməli olacaqdı. Amma o, dərin biliyi, üstün fiziki hazırlığı, inadkarlığı və mübarizliyi sayəsinə bütün maneələri bir-bir keçərək şərəfli xüsusi təyinatlı zabit adını daşımağa haqq qazandı.

2011-ci ildə mikrorayondakı evlərini satıb Xırdalan şəhərindən həyət evi aldılar, bura daha genişdi. Üç otaq və mətbəxdən ibarət idi. Əslində geniş evə ehtiyacları vardı. Çünki kiçik qardaşı evlənəcəkdi və əvvəlki bir otaqlı evləri gəlin gətirməyə münasib deyildi. Elə həmən il qardaşının toyu oldu. Qız toyunda iştirak etmək üçün gəlinlərinin yaşadığı rayona, Göyçaya getmişdilər. Restoranda Emil qəlbindən vuruldu. Onu qəlbindən vuran başqa biri yox, gəlinlərinin qohumu Leyla xanım idi. Hər şey ani rastlaşan baxışlar, təsadüf nəticəsində bir-birinə tuş gələn gözlər sayəsində olub bitmişdi...

Emil oğlan evindən gələn qonaqlar üçün ayrılmış masaların birində əyləşərək qohumları ilə yeyib-içir, əylənirdi, onu rəqs etmək üçün dəvət etdiklərində stulunu arxaya çəkib ayağa qalxmaq istədi və o an yan masada əyləşən Leyla xanımla baxışları rastlaşdı..., göz-gözə gəldikləri an yerindəcə quruyub qaldı, harada olduğunu unutmuş, cazibəsinə qapıldığı gözlərin təsirindən iflic adamlar kimi hərəkətsiz qalmışdı.

Leylanın gözəlliyi, zərafəti Emili özünə valeh etmiş, qəlbini ələ almışdı. Onun hündür boyu, şux qaməti, ipək kimi, uzun və qara saçları, oval və təravətli, buğdabəniz çöhrəsi, açıq alnı, sındırma qaşları, iri ala gözləri, uzun kirpikləri, ətli dodaqlarının altından parlayan inci dişləri, zərif çənəsi və incə burnu ilə Emilin ağlını başından almağa, ilk baxışdanca özünə aşiq etməyə yetmişdi.

Elə oradaca qəlbinin bu ilk və son sultanının kimliyini öyrənən Emil onun yeni qohumlarından olduğunu və elə Göyçay şəhərində yaşadığını öyrənincə daha da sevinmişdi. Bele başlamışdı onların məhəbbət hekayəsi, elə başlandığı kimi, gözəl və şirin bir yuxu tək davam edəcəkdi...

Leyla daha yenicə Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin Bədən Tərbiyəsi fakultəsini qırmızı diplomla bitirmişdi, hələ ki, heç bir yerdə çalışmasa da, artıq bu barədə düşünürdü. Amma hardan biləydi Emilin onun bu arzusunu ürəyində qoyacağını? Emil ona:

– Qadın çalışmaz, evdə oturub uşaqlarına baxar, ərinin yolunu gözləyər -deyəcəkdi, çünki onun düşüncəsinə görə, ailədə evin yükünü kişi öz çiyinlərində daşımalı, xanımını gücə salmamalı idi.

Lakin öncə qızın qəlbini qazanmaq lazım idi ki, Emil də bunu yaxşı başa düşürdü. Amma nə etsin ki, qəlbinin sultanı onun həm yaşadığı, həm də çalışdığı yerdən çox uzaqda yaşayırdı və əlac qalırdı telefon əlaqəsinə. İşin tərsliyindən Emil toyda Leylanın telefonunu ala bilməmişdi, çünki o hər nə qədər şən və zarafatcıl biri olsa da, o qədər də ürkək yaradılışlı biri idi və yeni qohum olduqları bu oğlana ilk tanışlıqdaca telefonunu verməyə çəkinirdi, lakin Emilin həsrəti çox çəkmədi. Qız evinin onları çağırdığı ilk qonaqlıqdaca yenidən görüşdülər və Emil Leylanın inadını qırmağa nail oldu. Onlar bir-birlərinə telefonlarını verdilər. O gündən daha yaxın ünsiyyətləri başlandı.

Sevgiləri toyda başlanmışdı və elə Emil də bu gözəl başlanğıcın toyla bitməsini istəyirdi. Baxışlarının rastlaşdığı ilk andan qəlbində bu yaraşıqlı oğlana qarşı istilik hiss eden Leyla da Emildən xəbərsiz onun düşündüklərinin eynisini düşünür, amma Azərbaycan xanımlarına məxsus utancaqlıq və qürurla sevgisini ilk ifadə edən olmaqdan çəkinirdi.

İlk söhbətlərinin birində Emil hissədə növbətçi idi. Cəmi ikicə dəqiqə danışa bilmişdilər, çünki Leyla qrip olmuşdu və başı ağrıyırdı.

– Emil, ölürəm başımın ağrısından.

– Niyə, ürəyim, -Emil onu belə çağırırdı və sonunadək də belə çağıracaqdı.

– Qrip olmuşam.

– Dərman yoxdu?

– Yox, öləcəm, sabaha çıxmıyacam.

– Mən səni sağaldaram.

– Necə?

– Mesajnan



– Doğrudan?

– İnanmırsan?

Leyla gülərək:

– Sağalt, Emil, öləcəm yoxsa.

– Neçə mesaj istəyirsən?

– Bax da...

– Yenə olsun.

Yüz dənə

– Oldu ürəyim, indi sağollaşaq və dərmanlarını qəbul etməyə başla.

– Hələlik.

O gün səhərə qədər Emil tam üç yüz iyirmi yeddi ədəd mesaj göndərdi. Leyla da yatmamışdı və gələn bütün mesajları bircə-bircə, təkrar-təkrar oxuyur, ürəyində oxuduqlarını o da Emilə söyləyirdi: “Səni sevirəm...”

Emil hava işıqlanarkən yazdığı mesajında Leyladan artıq sağalıb-sağalmadığını soruşurdu:

– Daha başın arğımır ki, ürəyim?

– Yox, daha ağrımır, sayəndə keçdi.

– Qripin də?

– Hə, Emil, sağ ol, artıq tamam sağalmışam.

– Bəlkə həftə sonu görüşək?

– Bilmirəm.

– Gəlim görüşək

– Tez deyil, Emil?

– Niyə tez olsun ki?

– Nə bilim...

– Səni görmək istəyirəm, ürəyim...

– Bura rayon yeridir, görən, tanıyan olar...

– Sadəcə uzaqdan baxıb qayıtmağa da razıyam.

– Uzaqdan baxıb qayıtmaq üçün dünyanın yolunu gələcəksən?

– İstə, gəlim.

– Baxarıq, həftə sonuna çox var.

– Nə çox, sadəcə iki gün var, hə, Leyla, görüşürük?

– Yaxşı, amma uzaqdan.

– Necə istəsən, ürəyim.

İki gün Emilə iki əsr kimi gəldi, elə Leyla üçün də ağırdı, bunun belə olduğunu Emil bütün qəlbi ilə hiss edir, onsuz keçirdiyi hər an, hər saniyə həyatında bir il alıb aparırdlı sanki...

Nəhayət, bazar günü gəlib çatmışdı, Emil pajero markalı avtomobilinə əyləşib Göyçayın yolunu tutdu. Görüşləri təbii ki, sadəcə uzaqdan baxmaqla olmadı, şəhər parkında görüşüb gəzdilər, əl-ələ tutub göz-gözə baxışdılar... Əlləri bir-birinə toxunduğu an ikisinin də qəlbi duracaqdı sanki, ikisinin də yanaqları alışıb yanır, əlləri isə əksinə, buza dönürdü. Bu ilk görüşləri çox qısa, sadəcə yarım saatdan bir az artıq sürmüşdü, amma onlara elə gəlirdi ki, bir ömür boyu bərabər dolaşıblar şəhər parkında. Burada hər şey gözlərinə daha gözəl görünür, günəş daha fərqli parlayır, otlar, çiçəklər həmişəkindən daha yaşıl, daha gözəl gəlirdi onlara. Ayrılmaq vaxtı yetəndə bəxtiyarlıqlarının sadəcə bir an sürdüyünü düşündülər. Emil getmək istəmirdi, Leyla israr etdi:

– Emil, bura rayon yeridi, balaca yerdi, sonra görüb tanıyanlar nə deyər? Bu qədər bəsdir, elə edək ki, həmişə görüşə bilək.

Emil çarəsiz razılaşdı:

– Yaxşı ürəyim, onda gələn həftə də görüşmək üçün söz ver.

– Yaxşı, inşallah görüşərik.

Sağollaşıb ayrıldılar.

Emil vaxt tapan kimi Göyçaya gedir, orada sevgilisi ilə görüşürdü. Bu görüşlər sadəcə iki sevgilinin görüşü olaraq qalmırdı, həm də Emil üçün psixoterapiya, işinə daha da şövqlə, həvəslə sarılma qaynağı olurdu. Həyatlarının ən gözəl, sevgi dolu və romantik çağlarını yaşayan bu cütlük 2012-ci ilin fevralında söz aldıqdan sonra, aprelin 22-sində təmtəraqlı mərasimlə nişanlandı. Nişan mərasimi Göyçayın ən böyük şadlıq evində keçirilmiş, qız evinin bütün qohum-əqrabası, Leylanın sinif və tələbə yoldaşları, həmçinin Emilgil tərəfdən gedən onlarca dəvətlinin iştirakı ilə keçrilmişdi. Mərasim o qədər göz qamaşdırıcı olmuşdu ki, restoran çalışanları bu mərasimin nişan, yaxud qız toyu olduğuna çaşıb qalmış, zarafatla “Bizi aldatdılar ki, nişan edəcəyik, amma qız toyu edirlər” -deyirdilər. Nişandan iki-üç gün sonra Göyçaya yollanan Emil sevgilisini də götürüb Çərəkə gölünün kənarına istirahətə getdi. Bura olduqca romantik yerdi. Gölün kənarındakı kafedən gölün içərilərinə qədər çəkilən körpü ilə birləşdirilən dirəklərin üstündə qurulmuş yay kafesində şam yeməyi yedilər. Gölün ab-havası Emilə o qədər təsir etmişdi ki, beş-altı gün sonra bir daha yenidən bura gəlməyi qərara aldılar. Ancaq bu dəfə kafeyə getmədilər, ailəlikcə gəldikləri bu füsunkar məkanda yerə xalça açaraq üstünə atdıqları mütəkkələrə söykənib bir az söhbət etdikdən sonra kişilər qalxıb yanlarınca gətirdikləri manqalı hazırlayıb kabab çəkdilər, xanımlar da samovar salıb gözəl bir çay süfrəsi açdılar.

O gün toran düşənə qədər Çərəkə gölünün ətrafından getmədiler. Yaxşı yeyib içdikdən sonra əl-ələ tutub ağacların, böyürtkən kollarının arasında gəzişdilər, yorulub susadıqlarında geri dönüb yanğılarını samovar çayı ilə söndürdülər.

Emil xaraktercə gəzib-dolaşmağı sevən insan idi. Ona görə də, fürsət düşdükcə nişanlısını da götürüb Azərbaycanımızın müxtəlif bölgələrinə gəzməyə gedərdi.

Belə gəzintilərinin birində, Ramazan bayramının ertəsi günü Emil Leylanı da götürüb İsmayıllı rayonunun Samuğalı kəndinə apardı. Burada, Göyçay çayının sahilində, meşəlikdə gəzərkən əlini atıb yerdən qopardığı bir cüt çiçəyi Leylaya verdi:

– Görürsən, nə gözəl çiçəklərdi!

– Ay Allah, Emil, bunlar necə də qəşəngdir! -deyib çiçəkləri burnuna yaxınlaşdırdı:

– Hələ sən bir bunların ətrinə bax! Sonra da o çiçəkləri çantasına qoyub:

– Emil, evə gedən kimi bu çiçəkləri zərfin içinə qoyub qurudacam, sonsuzadək bugünkü gəzintimizdən xatirə saxlayacam, -dedi.

– Sənə elə gözel çiçəklər alacam ki, həm gözəlliklərinə, həm də ətirlərinə valeh olacaqsan.

– Mən dibçək çiçəklərini daha çox sevirəm, çünki onlar həmişə canlı olur.

– Evlənəndən sonra Bakıda gül dükanlarına gədərik, nə qədər istəsən seçib alarsan.

– İnşallah, -dedi və dönüb sevgilisini qucaqladı...

2013-cü il iyunun 30-da evləndilər, toyun məhz həmən gün, sevgililər günü olmasını Leyla istəmiş, Emil də onun sözünü yerə salmamışdı. Leyla gəlin gəldiyi günü heç vaxt unuda bilməzdi. Bütün qızlar kimi, o da toy günündə həyatında heç olmadığı qədər cazibədar görünür, ağappaq, uzun gəlinliyi, xüsusi saç düzümü, xoşbəxtlikdən parıldayan iri ala gözləri, təbəssüm dolu bənizi, bir az həyəcandan, bir az da utancaqlıqdan allanmış yanaqları və gülümsəyən dodaqları ilə ətrafına müsbət enerji yayırdı. O, Emillə bərabər gəlin maşınından enib evə doğru irəliləyərkən darvazanın yaxınlığında bir ayağını göydə saxlamış, sahibsizliyi görünüşündən bəlli olan yaşlı bir köpək gördü. Köpək onun qoluna girən Emilə baxır, quyruğunu yelləyir, məzlum-məzlum baxan gözləri ilə sanki nəsə demək istəyirdi. Emil darvazadan keçərkən astaca, sanki inildəyirmiş kimi zingildəyən köpəyi görüb:

– Oooo, Fışa, sən də buradasan? -dedi

Leyla təəccüblə:

– Sənin itindir?

– Yox əşşi, sahibsiz itdir, arada yemək verirəm acından ölməsin.

Həyətdə Emilin qardaşı ayaqlarının altında qurban kəsdi, daha sonra Leyla adəti üzrə gəlinin qırması üçün qoyulan boşqabı da ayaqqabısının dabanı ilə qırdı və evə keçdilər...

Evlilikləri olduqca yaxşı keçirdi, iki şən, zarafatcıl və mehriban insanın birləşməsindən yaranan ailə başqa cür necə ola bilərdi ki?

Bu cütlük bir-birlərini o qədər çox sevirdi ki, hətta Emilin iş saatlarında belə ayrı qalmaq onlara ağır gəlirdi. Hər səhər Emil işə gedərkən Leyla:

– Bu gün getmə də, nolar? –deyərdi.

– Ürəyim, elə bilirsən sənsiz mənə asandır? Mən də getmək istəmirəm, amma məcburam, evdən çıxandan gözüm saatda qalır ki, axşam nə vaxt düşəcək, evə, sevgilimin yanına qayıdam.

Emil işdən gələndə Xırdalana girər-girməz zəng vurub xəbər verdiyindən onu həyət qapısında gözləyən xanımını qucaqlayıb öpər, evə keçib bir tikə çörək yeyən kimi adəti üzrə bilgisayarın arxasına keçib oyunlar oynayar, çayını da yanına istəyərdi. Həyat yoldaşının həmişə onunla maraqlanmasını istəyən, onu hətta bilgisayara belə qısqanan xanımı isə armudu stəkanda gətirdiyi çayı masasının üzərinə qoya-qoya:

– Emil, bilgisayardan nə vaxt ayrılacaqsan? Unutma, burada sənin həyat yoldaşın da var.

– Bilirəm ürəyim, həyat yoldaşım hər zaman mənimlədir.

Az keçdikdən sonra Leyla arxadan yaxınlaşıb onun saçlarını çəkişdirərək ayaqlarını yerə döyər və:

– Emil, mən deyəsən sənin ürəyində deyiləm axı..., burada, arxandayam!

– Bilirəm, həyat yoldaşım həmişə mənim arxamdadır.

Leyla küsüb gedər və sanki bu anı gözləyən Emil cəld hərəkətlə əyləşdiyi yerdən qalxıb onun ardınca yüyürər, onun gəldiyini görüb əlindən qaçmaq istəyən Leylasını tutduğu yerdəcə öpər, öpərdi...

Payızın əvvəlləri idi, mərkəzi klinik hərbi hospitalda burnundakı çəpər əyriliyini əməliyyat etdirən Emil hələ ki burada müalicə alırdı. Bir gün səhər erkəndən telefonunun səsinə oyandı. Zəngin Leyladan gəldiyini görüncə həyəcanlandı və tələsik açdığı telefonu qulağına tutdu:

– Alo, ürəyim, nə olub səhər-səhər? Xeyirdimi?

– Muştuluğumu ver, deyim.

– Leyla! İşıqlanmamış dəli eləmisən məni, hələ bir muştuluq da istəyirsən?

Leyla inciyərək:

– Bəyimizin yuxusu yarımçıq qaldı?

– Bağışla Leyla, gecəni burnumun ağrısından yatmamışam, təzəcə huşlanırdım ki, zəng etdin, sənin nömrəni görüncə ürəyim qırıldı, dedim bəs, nə isə olub, yoxsa Leyla belə işıqlanmamış zəng eləməz.

Leyla onun sözünü yarımçıq kesdi:

– Ata olursan, ay dəli!

– Nə? Ata?

Emil qulaqlarına inanmırmış kimi təkrar soruşdu:

– Leyla, ürəyim, sən ata dedin?

– Hə, ata olacaqsan, indi bir az bundan qabaq yoxladım, testin cavabı müsbət çıxdı.

Qalxıb yerinin içində oturan Emil:

– Ürəyim, gözlərinə qurban, sən ciddisən?

– Emil!

Emil bir anda yuxusuzluqla yuxudan kal qalxmağın verdiyi keyliyi üstündən atdı və bir əli ilə telefonu tutub digər əli ilə geyinə-geyinə:



– Hazırlaş, gəlirəm.

– Hara? Sən müalicə olunmalısan.

– Leylam, yüz min həkim yığışsa da, məni sənin bu xəbərin qədər müalicə edə bilməzdi.

Tələm-tələsik geyinib hospitalın önünə çıxan Emil qarşısına çıxan ilk taksiyə əyləşib Xırdalana, evlərinə gəldi. Darvazadan içəri girər-girməz bağırdı:

– Leyla, əzizim!

Həyat yoldaşının qabağına qaçıb onun açıq qollarına atlanan Leyla:

– Hay can!

– Doğurdan mən ata olacam?

– Əlbəttə!

Ömür-gün yoldaşını qucağında fırladan Emil onu yerə qoyub gözlərinə baxdı:

– Ürəyim, bilirsən nə qədər sevindirdin məni? Sonra onu təkrar qucaqlayaraq:

– Leylam, daha əvvəl heç bu qədər sevinməmişdim, inan mənə... - və onu öpüş dəryasına qərq edərək davam etdi:

– Allahım, mən gerçəkdən ata olacam? Bəs sən nə olacaqsan?

– Sənin övladının anası...

– Hazırlaş, ürəyim, gedirik.

– Hara?


– Həyatımda aldığım ən böyük müjdəni qeyd etməyə.

– İşıqlanmamış, Emil?

– Hə, işıqlanmamış.

– Onda sən də gəl əynini dəyiş

– Baş üstə, ürəyim.

İkisi də geyinib-gecinib çıxdılar...,

Emil daha hospitala müalicə olunmağa qayıtmadı, ertəsi günü müraciət edərək işə dönmək istədiyini bildirərək çıxışını yazdırdı. Leylasının hamilə olduğu xəbəri gerçəkdən onu sağaltmışdı...

Emil belə almışdı xanımının hamilə olduğu xəbərini, belə sevinmişdi... Sonralar o hər işdən gəldikcə xanımını qucaqlayıb öpər və övladının böyüməkdə olduğu yeri oxşayaraq:

– Mənim balam necədi?

– Yaxşıdı, atası, heç qoyaram sənin balan darıxsın? Boş olan kimi ona səndən danışıram, -və davam edərdi:

– Emil, sən oğlan istəyirsən, yoxsa qız?

– Allah sağlam övlad versin, ürəyim, nə fərqi var ki, oğlan ya qız.

– Mən oğlan istəyirəm

– Yaxşı onda qoy oğlan olsun.

Mən istəyirəm ki, oğlumuz sənə oxşasın, sənin kimi boylu-buxunlu, güclü- qüvvətli, şən, zarafatcıl olsun.

– Mən də istəyirəm ki, anası kimi gözəl olsun, böyüyəndə qızlar ölsün onunçün.

– Niyə sən çirkinsən?

– Yox, amma sən daha gözəlsən.

Leyla yerikləyəndə yeriyini Emilin əlindən alıb yedi ki, körpəsi gələcəkdə ona oxşasın, Emil də internetdə axtarıb gözəl-göyçək uşaq şəkilləri tapırdı ki, xanımı onlara çox baxsın və övladları da belə qəşəng olsun. Doğulacaq övladlarının oğlan olacağını biləndə Leylanın sevincinin həddi-hüdudu yox idi. Müayinəyə birgə getmişdilər. Leyla həkimin yanından çıxar-çıxmaz:

– Emil, oğlumuz olacaq, -deyə sevinclə atıldı.

– İnşallah, ürəyim.

Adını özüm qoyacam.

– Elə şey yoxdur, -deyə cavab verən Emil qoluna girən xanımının əlindən tutdu:

– Oğlumuzun adın birlikdə seçəcəyik.

– Bəlkə Murad qoyaq? Hə Emil, sevgimizin muradı...

– Ay səni, Leyla, hardan gəldi ağlına? Yaxşı Murad olsun, bundan daha gözəli ola bilməzdi.

Emil hər gün işə gedərkən Leyla və Fıştırıq (Emil onu qısaca Fışa deyə çağırırdı) onu yola salır, o, avtomobilinə əyləşib yola düşdükdən sonra Leyla gündəlik işləri ilə məşğul olmaq üçün evə qayıdır, bu sadiq küçə iti isə axşam onun yeganə himayədarı işdən dönənədək axsaya-axsaya küçələr dolaşmaq üçün çıxıb gedirdi.

Günlər bir-birini əvəzlədi, fəsillər yerlərini dəyişdirdi, 2014-cü ilin yayı gəlib çatdı. İyul ayının iyirmisi idi, Emil işdə, növbədə idi. Telefonu zəng çaldı, xanımından hər an zəng gözləyən Emil tələsik telefonu açdı:

– Bəli, ürəyim.

– Emil, məni xəstəxanaya aparırlar, qorxuram, tez gəl, -dedi.

– Nə olub, ürəyim?

– Oğlumuz darıxıb atasıyçün, bu dünyaya gəlmək istəyir.

Bir qadının həyatında həyat yoldaşına ən çox ehtiyac duyduğu, onun yanında olmasını istədiyi anlardan biri də məhz doğum vaxtıdır. Emil bunu gözəl bilirdi, odur ki, işdən bir neçə saatlığına icazə alıb Xırdalana qayıtdı, xəstəxananın həyətinə girər-girməz orada gözləyən qohumlarını görüb onlara yaxınlaşdı, anasından soruşdu:

– Leyla hanı?

– İçəridə, doğum şöbəsində.

– Vəziyyəti necədir?

– Yaxşıdır, hələ doğuşa getməyib, istəyirsən get pəncərədən danış.

İri addımlarla pəncərəyə yaxınlaşan Emil içəri boylanıb xanımını axtardı, onu bir tibb bacısı ilə söhbət edən görüb çağırdı:

– Leyla, mən gəldim.

– Nə yaxşı, Emil, elə istəyirdim ki, yanımda olasan

– Qorxma həyatım, mən həmişə səninləyəm.

– Emil, qorxuram eee...

– Nədən? Bax, görəcəksən necə asan olacaq.

– Emil... Leyla dodaqlarını büzdü.

– Muradım nə vaxt gəlir?

– Həkim deyir hələ beş-altı saat var.

Dodaqlarını büzüb uzun bir fit çalan Emil:

– Nə? Beş-altı saat?

– Həkim elə dedi də.

Leyla ilə Emil hərəsi pəncərənin onları ayıran barmaqlıqlarının bir tərəfində dayanıb bir an baxışdılar, sonra Emil əlini barmaqlıqdan keçirib xanımının əlindən tutdu:

– Leyla, bilirsən, mən növbədəyəm, olar gedim? Bir şey olsa xəbər verərsən.

Leyla gülümsünərək:

– Olmaz, sən bu gün mənim yanımda olmalısan.

– Axı işdə də vəziyyət yaxşı deyil, hər an yoxlama gələ bilər.

– Emil, istəmirəm gedəsən, təkcə səni istəyirəm, sən yanımda ol.

– Yaxşı, ürəyim getmirəm.

– Emil!

Ömür-gün yoldaşının üzünün kölgələndiyini hiss edən Leyla:



– Get, amma nə vaxt çağırsam gəl.

– Baş üstə, ürəyim.

Emil qayıdıb hərbi hissəyə, işə getdi. Gecə saat 00.05-də Murad dünyaya gəldi, Leyla həyat yoldaşını müjdələmək üçün tibb bacısından telefonunu gətirməsini xahiş etdi:

– Zəhmət olmasa, mənim şeylərimin arasından telefonumu gətirərdiniz.

– Neynirsən ki, telefonu?

– Yoldaşımı muştuluqlayacam.

– Sən narahat olma, burada muştuluq işinə biz baxırıq.

Tibb bacısı Emili muştuluqladıqdan sonra telefonu danışmaları üçün Leylaya gətirdi:

– Buyurun, indi istədiyiniz qədər danışın.

Sağ olun, təşəkkür edirəm.

– Dəyməz.

O gecə Emillə bir az danışıb yatdı, çünki yorğundu və dincəlməyə ehtyacı var idi...

Murad doğulduqdan sonra həyatları dəyişdi. Artıq Emil daha ağırtəbiətli, hər şeyin yerini-yurdunu bilən olmuşdu. Övladlarının qırxı çıxdıqdan sonra bir axşam Emil evə taksi ilə gəldi, bunu görən xanımı:

– Emil, maşın hanı? Olmaya vurmusan?

– Yox, əşi, nə vurmaq?

– Xarab olub?

– Yox, ürəyim.

– Bəs nə olub?

– Maşınımız olmasa da, yaşaya bilərik, amma öz evmiz olmasa, yaşaya bilmərik.

– Başa düşmədim.

– Başa düşməməli nə var ki?

– Satmısan?

– Bəli, ürəyim, hazırlaş, sabah gedəcəyik ev seçək.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin