Hekayə və povestlər Bakı 2015



Yüklə 0,77 Mb.
səhifə9/11
tarix15.03.2017
ölçüsü0,77 Mb.
#11340
1   2   3   4   5   6   7   8   9   10   11

Gəl görüm, əkiz tayım mənim.

Nihad atasına o qədər bənzəyirdi ki, böyükləri bu uşağı gördüklərində “Elə bil fırt eləyib Rahabın burnundan düşüb”, -deyirdilər. Saçının formasından tutmuş iri qara gözlərinə, burnundan dodaqlarına, duruşundan yerişinədək hər şeyi ilə Rahabın eyni əkizi idi. Elə ona görə də, atası adətən onu “əkiz tayım” deyə çağırar, ən çox da oğul balasının eynilə onunku kimi olan gülüşünü sevərdi…

Nihad qaçaraq divanda əyləşən atasının qucağına atıldı. Onu göydə tutan Rahab başının üstünə qaldıraraq altdan yoxuşa üzünə baxdı, sonra, aşağı, özü bərabərinə endirərək dodaqları ilə qarnını qıdıqlayıb güldürdü və:

– De görüm, bu gün ananı yormamısan?

– Yox, niyə yoruram, mən anamı hamıdan çox istəyirəm.

– Atadan da?

– Elə yox e, Aydandan da, Şəbnurdan da çox istəyirəm, odey, onlar hirsləndirir ananı, amma mən heç şuluq eləmirəm ki!

Bunu deyib sanki sözlərini təsdiq etməsi üçün çay süfrəsini yığışdıran anasına baxdı. Natəvan gözucu Nihadın bu baxışını görmüş olacaqdı ki, oğlunun köməyinə çatmaqda gecikmədi:

– Düz deyir mənim oğul balam, o heç şuluq eləmir ki, atası, anasının da heç sözündən çıxmır, hələ deyir ana, qoy bir az yekəlim, Aydanla Şəbnuru məktəbə özüm aparıb gətirəcəm, sən evdə dincələrsən.

Rahab:


– Maşallah atasının gözəl oğluna, -dedi və bayaqdan qucağında tutduğu Nihadı arxası üstə divana uzadaraq onunla zarafatlaşmağa, güləşməyə başladı. Uşağı əməlli-başlı yorub tərlətdikdən sonra:

– Hə, indi dur keçək əsas məsələyə.

Atasının əllərindən qurtararaq qaçan Nihad iki addım kənarda dayanıb gülərək başı ilə “yox” -deyə işarə etdi.

– Nə yox, bura gəl görüm, bu gün hazırlıqda nə öyrəndin.

Nihad məktəbin hazırlıq sinfinə gedirdi və gələn ildən etibarən də birinci sinfə başlayacaqdı. Həftədə bir gün, cəmisi bir saat keçilən dərsdə hərfləri, saymağı öyrənir, müxtəlif şəkillər çəkirdilər. İndi də atası onun neçəyə qədər saya bildiyini, həmçinin hərflərdən neçəsini öyrəndiyini soruşub öyrənmək istəyir, amma Nihad uşaqlığının da verdiyi şıltaqlıqla dərslərdən sual-cavab olunmaq yerinə atası ilə oyun oynamaq istəyirdi. Yaxına gəlmədən elə kənardanca atasının say və hərflər barədə verdiyi bütün sualları cavabsız qoyaraq əvəzində onu qaş-göz işarələri, müxtəlif hərəkətlərlə oyun oynamağa təşviq edən Nihad axırda istədiyinə nail oldu. Oturduğu yerdən qalxaraq onun ardınca düşən Rahab az sonra oğlunu tutaraq divanın üstünə uzatdı və güləşməyə başladılar. Bir az ordaca zarafatlaşdıqdan sonra aşıb yerə düşdülər, təbii ki, bu da Rahabın hiyləsi idi, guya oğlu onu aşırıb divandan salmışdı, ancaq yerə düşərkən də elə etmişdi ki, özü kürəyi üstə yerdə qalmış, biricik oğlu isə atasının sinəsinə düşmüşdü. Onların güləşərkən çıxardıqları səs-küy və bağırtılara həm qonşu otaqda gəlincikləri ilə oynayan bacıları, həm də mətbəxdə qab-qacaq yuyan Natəvan gəlmiş, ətraflarında dövrə vuraraq tamaşa edir, bir tərəfdən də güləşənlərə azarkeşlik edərək hay-küylə onları dəstəkləyir, daha da qızışdırırdılar. Natəvan bir müddət ata-oğulun çığıra-bağıra güləşmələrini izlədikdən sonra:

– Rahab, bu qədər bəsdir, daha qalxın, elə bil sən də uşaqsan, səsiniz bilirsən hara gedir?

Güləşinə davam edən Rahab:

– Hara gedirsə getsin, mən oğlumunan güləşirəm, indi onu yıxacam, gör bu vələdüzna nə qədər güclənib ki, atasına güc gəlir! Onu yıxacam, -dedi və yalandan dişlərini qıcayaraq son dəfə oğlunu üstündən aşırıb salmağa cəhd etdi, amma bacarmayaraq yoruldum, -dedi və təslim oldu.

Nihadın sevincinə söz yox idi, necə də olardı ki? Çox vaxt güləşlərində olduğu kimi, yenə də güclü-qüvvətli atasını yıxmış, ona qalib gəlmişdi.

Şəbnur hər zamankı kimi, yenə də güləşin nəticəsinə təəccüblənərək əllərini ağzına qoydu və:

– Ay daaaa! Nihad yenə atamı yıxdı! Ata, sən doğrudan yıxıldın? -deyə heyrətdən bərəlmiş gözlərlə atasına baxdı.

– Görmədin qızım? Qaqaşınız elə güclənib ki, atasını da yıxır.

– Pah! Elə mən Nihadı yıxaram, sən qəsdən yıxıldın.

Şəbnur hələ də qadaşının atasına nəcə qalib gələ biləcəyinə inanmır, həmişə olduğu kimi onun belə Nihadı yıxa biləcəyini iddia edirdi.

– Qızım, siz bacısı olduğunuza görə qaqaşınız sizə qəsdən yıxılır, yoxsa o sizi bir çeçələ barmağı ilə yıxar.

Aydan sözə qarışdı:

– Atam istəməsə, heç kim onu yıxa bilməz, mənim atam hamıdan güclüdür, elə bil biz uşağıq, bilmirik, atam istəsə, bir dəfə üfləyər, Nihad yıxılar, amma o özü istəmir.

Rahab mübahisəni kəsdi:

– Gəlin oyun oynayaq.

Uşaqların üçü də sevinclə bağırdı:

– Oynayaq, oynayaq!

Rahab cücələrə baxıb dönən xanımına:

– Natəvan, sən bir çay qoy, sonra gəl, oyun oynayacağıq.

– Bu dəqiqə, çayı dəmləyib gəlirəm.

Bir azdan beşi də yun döşəkcələrin üstündə dövrə vurub əyləşmiş, şah-vəzir oynayırdılar. Rahab əvvəlcə şah, vəzir, tapan, cəllad və oğru yazılmış kağızları səliqə ilə qatlamış, ilk baxışdan fərqlənməsinlər deyə eyni formada qatlayıb bükmüşdü. Qatlanmış kağız parçalarının beşini də ovcunda tutaraq çalxalayıb göyə atdı, uşaqlar hərəsi birini qaparaq xəlvəti açıb oxudular.

İlk “oğru” elə Rahabın özü idi. Şah Nihad, vəzir Aydan, cəllad Şəbnur, tapan isə Natəvanın bəxtinə düşmüşdü. Nihad oyun qaydalarına görə, hamı onun şah olduğunu görsün deyə kağızını ortalığa qoyaraq əmr etdi:

– Tapan, bir nəfər mənim tacımı oğurlayıb, oğrunu tap!

Natəvan da oğlu kimi tapan olduğunu hamı görsün deyə kağızını ortalığa qoyub oğrunun kim olduğunu axtarmağa başladı, amma sadəcə şah və tapan bilindiyindən oğrunu digər üç nəfərin içindən tapmaq lazım idi ki, bu da asan deyildi. Həm də oyunun qaydalarına görə, əgər tapan oğrunu yanlış taparsa, onda oğruya veriləcək cəza elə tapanın özünə verilirdi. Natəvan uşaqlardan nəsə soruşanda onların düz danışıb-danışmadığına əmin olmaq üçün istifadə etdiyi üsuldan istifadə etmək qərarına gəldi. O, övladlarından bir şey soruşanda, məsələn kimin ilk şuluq etdiyini, ya da hansısa başqa məsələdə onu aldatmasınlar deyə övladlarına eynilə belə deyərdi:

– Mən adamın yalançı olub-olmadığını onun gözünün içindən bilirəm, cavab verərkən gözümün içinə baxın.

Doğrudur, uşaqlar analarının onların yalan danışdığını necə anladığını başa düşmür və bunu necə etdiyini soruşurdularsa da, Natəvan onlara yalançı uşaqların gözlərini qaçırtdığını demir, sadəcə “Bu üsulu balacalar bilməz, böyüyənde siz də biləcəksiniz” -deməklə kifayətlənirdi.

Ancaq indi Rahab onun bu üsuldan istifadə etməsinə imkan vermədi, çünki uşaqlar eyni üsuldan istifadə etməyi bacarmırdılar və bu oyun zamanı onlara qarşı haqsızlığa səbəb olacaqdı. Normal üsullardan istifadə etməklə oğrunu tapmalı olan Natəvan yanıldı və sanki “Qarğa, məndə qoz var” -demək istəyirmişcəsinə kağızını dəqiqəbaşı açıb oxuyan Şəbnurun oğru olduğunu dedi, amma yanılmışdı. Bu yanılqısının cəzasını çəkməli idi.

Oyun qaydalarına görə, oğru tapıldıqdan və ya indi olduğu kimi, tapan yanıldıqdan sonra hər kəs əlindəki kağızları açır və hər kəsin oyun daxilindəki vəzifəsi üzə çıxırdı. İndi də elə etdilər. Oyunun həyəcanı ilə uşaqlar əllərini yuxarı qaldıraraq sevinclə bağırışdılar, daha sonra Şah vəzirə:

– Tapan oğrunu tapa bimədi, cəzasını ver!

Vəzir, yəni Aydan cəllada əmr etdi:

– Hər əlinin üstünə beş şapalaq vur!

Cəllad, yəni Şəbnur yerindən qalxaraq gəlib anasının önündə əyləşdi, onun əllərini yumruq tutub önünə uzatmasını gözləyərək şapalağı – sağ əlini dili ilə islatdı. Bu oyunun qaydalarından deyildi, amma balacalar bir-birilərini, ya da böyüklərini cəzalandırarkən belə edirdilər ki, ağrıda bilsinlər, amma Rahab, ya da Natəvan onları cəzalandırdıqda hiss etdirmədən incitməmək üçün ehmalca vururdular. Ailənin şənlik içində davam edən bu oyunu gecə saat on birədək davam etdi. Anidən gözü saata sataşan Rahab:

– Yatmaq vaxtıdır, durun, durun gedin yatın!

Sonra da xanımına:

– Natəvan, apar bunları yatırt, daha gecdir, sabah qalxa bilməyəcəklər, -dedi.

Uşaqlar hər nə qədər oyun oynamaq istəyir və yatmamaq üçün dirənirdilərsə də, ataları onların inadını qırdı:

– Səhər yuxudan durmaq istəmirsiniz, yerinizdən duranadək ananızı cana-boğaza yığırsınız, cəld olun, yatmağa!

Natəvan övladlarını yataq otağına doğru göndərərək Rahaba:

– Yerini hazırlayım?

– Yox, yuxum gəlmir hələ, uşaqları yatırt gəl.

Natəvan uşaqları yatırtdıqdan sonra gedib cücələrinə baş çəkdi, daha sonra mətbəxdən iki fincan çay süzərək təpsiyə qoyub döndü. Qapıdan içəri girərkən bir idman kanalından İngilis futbol liqasının maçlarının xülasəsini izləyən Rahaba:

– Maşallah, cücələrim papıllanıb, daha ölüm yoxdu onlara.

Rahab gözlərini televizordan ayırmadan gülümsünərək:

– Halaldı sənə, deyirdim hamısı qırılacaq, ancaq sən qoymadın biri də ölsün.

– Hələ qoy yeni il olsun, böyükləri satıb televizorun pulunu verəcəm, cücələri də yazağzı satıb bir dərdimizə verərik.

– Böyüklər neçə dənədir?

– Otuz beş dənə.

– Ay qız, sən lap ferma açmısan ki?

Natəvan gülümsünərək:

– Bəs nə bilmişdin?

– Televizorun pulunu özüm verəciyəm, o bir zarafat idi.

– Yox, niyə ki? Guya mən o qədər pulu neyniyəciyəm? Hələ sən çayını iç, soyutma.

Rahab çaydan bir qurtum alaraq:

– Bayaq kapitan Əsgərov zəng eləmişdi.

– Xeyir ola? Nə deyirdi?

– Heç, deyirdi sabah işə gedəndə onu da götürüm.

– Bizim tərəfdə olur?

– Hə də, orda, yuxarıda qalmırlar? Elə neçə vaxtdı işə də mənimlə gedib-gəlmir? Yayda da bir də oğlu olmuşdu

– Ay Rahab, Allah evini tiksin, elə deyirsən, elə bil mən də sənin hərbçi yoldaşınam, adını de, bilim də.

– Əşi, nə bilim axı, elə işdə bir-birimizə o qədər rütbəmizlə, soyadımızla müraciət edirik ki, dilimiz öyrəşib. Emil deyəcəydim, çaşmışam, Əsgərov deyirəm.

– Hə, Leylanın yoldaşı. Maşınını niyə satıb, borcu-zadı varıydı?

– Yox, əslində elə maşını da yayda satıb, oğlu doğulandan sonra onun adına yeni tikilən binalardan beş otaqlı ev götürüb. Nə ilə, onu deyirdim axı, sabah yadıma sal, onu da götürüm, taksiynən getməsin.

– Yaxşı ay Rahab, salaram, niyə salmıram?

Çaylarını içdikdən sonra Natəvan:

– İçirsən? Yenə gətirim

– Yox, ay Natəvan, bəsdi, sağ ol, -deyib fincanı əlinin tərsi ilə kənara itələdi.

– Yaxşı, onda qoy fincanları yaxalıyım gəlim.

– Yaxşı.


Natəvan fincanları yaxaladı, çaydanın da altının zəif alovunu söndürüb döndü, keçib divanda, həyat yoldaşının yanında əyləşdi. Rahab xanımını süzərək:

– Uşaqlara demişəm maraqlansınlar, o balaca cins itlərdən birini alacam.

– İti neynirsən, sən allah, ovçarkanı gətirdin biz o yana, qonşuların da canını yığdı boğazına, puluynan aldın, pulsuz bağışladın.

Rahab xanımının sözünü yarımçıq kəsdi:

– Ay qız, bu elə it deyil, arxa tərəfdəki qonşunun da varıyda ha, balaca qara iti, bax elə sortdandır.

– Toyuq-cücəmi tutar, ay Rahab.

– Tanıdarıq, heç nə eləməz.

– Axı, neynirsən iti?

– Mən evdə olmuram, yenə səs-səmir olanda qapıda hayandı.

– Özün bil, ay Rahab, daha uşaqlar da böyüyüb, mənə onlardan yaxşı hayan yoxdur.

– Baxma, Natəvan, qapıda itin olması yaxşıdır, tanınmaz, bilinməz, qərib yerdir.

Natəvan onun bu sözlərinin qarşısında susdu, bir neçə saniyəlik sükutdan sonra:

– Ay Rahab, yaxşı yadıma düşdü, bu gün uşaqlar nənəsigilinən danışıblar, yadlarına düşüb-nədi, sən gələnə qədər iki saat ta mənim başımı-beynimi aparıblar ki, nənəmizi istəyirik. Yəni sözün düzü, onlar da darıxıblar, deyirəm, qismət olsa, bu altı-bazar vaxt eliyə bilsən, gedək Göylərə, həm uşaqlar həvəslərin alsınlar, həm də biz havamızı dəyişək.

Rahab qısaca:

– Sağlıq olsun.

– Allah köməyin olsun, xəbərin var neçə aydı rayona getmirik?

– Qara qızın dərdi varmış..., day denən özüm darıxıram, uşaqları da bəhanə eliyirəm də...

– Rahab, inciyərəm, o nə sözdü elə? Birdən-ikiyə nə vaxt uşaqları bəhanə eləmişəm?

– Ay allah, sən necə də dəymədüşər olmusan belə?

– Nə vaxt gedirik? Bir söz de da, ay Rahab.

– İnşallah, yeni ildə gedərik, sizi aparıb qoyaram bir həftə qalarsınız.

– Sən qalmıyassan?

– Hələ bir yeni il olsun, görək nə olur, -dedi və ayağa qalxaraq:

– Bəlkə biz də yataq? Artıq gecdir, birə işləyib, -dedi və adəti üzrə havasını dəyişmək üçün həyətə çıxdı.

Hər nə qədər Rahabın yuxusu gəlirdisə də, yerinə girib yorğanı sinəsinə çəkən kimi yuxusu ərşə çəkildi. Nə illah edirdisə də, yata bilmir, yuxlaya bilmək üçün yatağının içində gah bir, gah da o biri tərəfinə dönür, bu dönüşlərdən xeyir gəlməyincə isə, öncə yastığını başının altından çəkdi, daha sonra ikiqat edib başını daha hündürdən qoydu, amma bütün cəhdlərinə baxmayaraq gecə üçə kimi yata bilmədi ki, bilmədi. O nə vaxt yuxuya getdiyini bilmədi, amma yarıyuxuluykən xoruzların ilk banını eşitdiyini xatırlayırdı. Sabah ayıldığında az yatmasına baxmayaraq, xeyli dinc və gümrah idi. Tələsik əynini geyinərək həyətə çıxıb əl-üzünü yudu, qurulana-qurulana masanın başına keçib əlindəki dəsmalı xanımına uzatdı, əyləşib yenicə süzülmüş çayına şəkər tozu saldı və qarışdıra-qarışdıra:

– Yuxuda Göylərə getmişdim.

Onun təsadüfən belə sabah-sabah gördüyü yuxuları danışdığını bilən Natəvan ehtiyatla:

– Allah xeyir eləsin, ay Rahab, bu gün mən də nəsə yuxumu qatmışam.

– Nə görmüsən ki?

Tələsik söhbəti dəyişmək istəyən Nətavan:

– Heç, elə belə yuxudu da, sən nə görmüsən? Allah köməyin olsun, ay Rahab, Göylərə o qədər gec-gec gedirik ki, yuxuna girməyə başlayıb

– Yox, mən elə görməmişəm.

– Bəs necə görmüsən?

Rahab arasına yağ-pendir yaxaraq yeməyə hazırlaşdığı çörək dilimini süfrəyə qoyaraq barmaqlarını bir-birinə sıxıb şaqqıldatdı, daha sonra xanımının üzünə baxmadan:

– Balaca vaxtımı gördüm, Nihad boyda olardım, ya olmazdım, gördüm ki, evdən çıxıb yoxuş aşağı düşdüm, asfaltı keçib yolun o tərəfindəki dükandan nəsə almaq istəyirdim. Elə asfaltın ortasına yenicə çatmışdım ki, gördüm o tərəfdən nəsə güllə kimi üstümə gəlir.

– Nəyidi ki?

– Bilmədim, zülmət topası kimi bir şeyiydi, elə bil qapqara bir buluduydu, yer üzünə enmişdi.

Əllərini üzünə qoyan Natəvan həyacanla: “Allah xeyir eləsin, ay Rahab...” -dedi.

Rahab ilə soyuqqanlılıqla davam etdi:

– Hə, nə isə, gördüm ki, o, üstümə gəlir, döndüm qaçam, amma hara qaçırdımsa da, o zülmət topası üstümə gəlirdi, heç cür canımı qurtara bilmirdim, axırda gəlib uddu məni...

Araya sakitlik çökdü, handan-hana əllərini sinəsində çarpazlayaraq masaya söykənib duran Natəvan:

– Allah xeyir eləsin, bu gün mən uşaqlardan göz-qulaq olaram, sən də işdə ehtiyatlı ol, sonra nəsə xatırlamış kimi:

– Rahab, di sən canın, yeməyini ye, indi Emil də harda olsa gələcək. Bax gör çayın soyuyubsa, dəyişim.

Masanın üstündən fincanı götürüb çayından bir qurtum alan Rahab:

– Hə, soyuyub, dəyiş.

– Bu dəqiqə, -Natəvan fincanı götürüb cəld addımlarla çardağın altına, mətbəxə doğru yürüdü. Bir dəqiqə belə çəkməmiş əlində buğlanan isti çayla dolu fincanla içəri girərək:

– İstilədim Rahab, tez bir tikə ye, gecikərsən.

Dürməyini əlinə götürüb yekə bir dişlək alan Rahab:

– Qorxma, gecikmərəm, hələ Emil də gələcək, -dedi və ağzındakı tikəsini çeynəyə-çeynəyə həyat yoldaşına baxdı. Onun baxışlarında nəsə qəribəlik, anlaşılmaz bir başqalıq var idi. Bu baxışlardan səksənən Natəvan dodaqlarını büzərək:

– Rahab, qadan alım, elə baxma.

Tikəsini udub üstündən də bir qurtum çay içən Rahab gülümsünərək:

– Dəli olma, Natəvan, necə baxıram ki?

– Nə bilim...

Bu vaxt Rahabın cib telefonu zəng çaldı, gələn zəngin kimliyinə baxmadan bir əli ilə tutduğu fincandan çay içə-içə o biri əli ilə telefonunu açaraq cavabladı:

– Bəli.

Natəvan ömür-gün yoldaşının böyründə dayanıb masaya söykənmiş, onun yemək yeməyinə, telefonla danışmağına, kağız dəsmalla əllərini təmizləməyinə baxır, sanki heç nəyi gözdən qaçırmaq istəmir, hər şeyi sonsuzadək qalacaq şəkildə yaddaşına işləmək istəyirdi. Rahab hələ də telefonda danışırdı:



– Yaxşı, Emil, mən də çıxıram indi.

Telefonu söndürüb şalvarının cibinə qoydu, dolabdan əsgər gödəkcəsini götürüb qapıya çıxdı. Natəvan onun ardınca:

– Ay Rahab, çörəyini yemədin axı, -deyə səsləndi.

Eybi yoxdur, işdə bir şey yeyərəm, -deyib gödəkcəsini arxasınca gələn xanımına uzatdı:

– Bir dəqiqə bunu saxla.

Çəkmələrini geyinərkən bir dəqiqəliyə saxlaması üçün gödəkcəsini xanımına verdi və çəkmələrini geyindikdən sonra alıb qapılarını açdığı maşınının arxa salonuna atdı, mühərrikin qızması üçün avtomobilini işə saldıqdan sonra gəlib darvazanı açdı. Küçədə onu gözləyən Emillə salamlaşdılar:

– Sabahın xeyir.

– Sabahın xeyir.

– Bir dəqiqə gözlə, maşını həyətdən çıxarım, gedək.

– Narahat olma, gedəcəyik də.

Avtomobilini küçəyə çıxardıqdan sonra Emilə:

– Sən əyləş, darvazanı bağlayım, gedək.

Emil keçib ön oturacaqda əyləşdi, maşının qızdırıcısını işə salaraq Rahabı gözləməyə başladı.

Darvazanı bağlayan Rahab balaqapıdan çıxmadan öncə evin kandarında dayanaraq bayaqdan gözləri ilə onu izləyən xanımına:

– Natəvan, bilirsən, yuxumu qatmışam, bu gün uşaqlardan göz-qulaq ol, -dedi.

– Arxayın ol, Rahab, onlara gözüm kimi baxaram, sən özündən muğayat ol.

Bu vaxt evin qapısı açıldı və Nihad gözlərini ovuşdura-ovuşdura astanada göründü, yarıyuxulu bir səslə ağlamsınaraq atasını çağırdı:

– Ata, ay ata, getmə də, nolar?

Natəvan cəld qucaqlayıb yuxarı qaldırdığı oğluna:

– Ata işə gecikər, əmilər onu danlayar, gəl biz evə gedək.

– Yox, mən atamı istəyirəm! -deyə anasının qucağında çırpınan Nihad atasına tərəf can atdı. Bu vaxt artıq Rahab da qayıdıb yanlarına gəlmişdi, dəcəllik edən oğlunu qucağına alıb öpdü, içəri keçib yerə qoydu və:

– Ata qurban, nə olub sənə? Daha sən yekə kişisən, heç yaraşır sənə? Sən bilmirsən ki, ata evdə olmayanda bu evin kişisi sənsən?

– Bilirəm, -deyən Nihad başı ilə də atasının dediklərini təsdiq edirdi. Rahabın sözləri onun balaca qəlbinə yağ kimi yayılır, zövqünü oxşayırdı:

– Ağıllı balam, bir az böyü, səni də özümlə aparacam işə, amma hələlik evdə qal, çoxlu yemək ye ki, tez yekələsən, bir də axı, ata bir yerə gedəndə bilirsən ki, evimizi sənə arxayın olur. Sən axı atanın oğul balasısan. İndi get əynini geyin, xəstələnərsən, bir azdan da Aydanı yuxudan durquzarsan, getsin məktəbə, yoxsa yatıb qalar. Görürsən, bacıların yatıblar hələ, onlar qızdırlar, amma sən atanın kişi balasısan, ona görə də, ata kimi tezdən qalxırsan, indi sən get əynini geyin, ata da getsin işə, gecikərəm axı, kələ balam.

Lakin Nihadı heç cür yola gətirmək mümkün deyildi, bunu görən Rahab əlacsız:

– Aslan parçası, sən evdə gözlə, mən gedim icazə alım gəlim, birlikdə şəhərə gedərik, sonra da axşam Emil əmigilə gədərik, oğluynan oynayarsan. Görmüsən də balaca Muradı?

– Hə, görmüşəm, -Nihad həm dili ilə cavab verir, həm də başı ilə təsdiqləyirdi.

– Yaxşı, di salamat qal, -Rahab bunu deyib oğlunu qucaqladı, yanaqlarından öpərək sallağı oturduğu yerdən qalxıb xanımına:

– Di yaxşı, Natəvan, mən getdim, -deyərək dönüb qapıdan çıxdı.

Natəvan da həyat yoldaşının ardınca evin kandarına çıxdı, nəsə demək istədiyi hər halından bəlli idi, amma özünü saxlayır, Rahabı daha artıq narahat edəcəyindən qorxurdu.

Bu gecə o da yuxusunu qatmış, həm də təsadüfmüydü-nəydi, o da elə Rahabın balaca vaxtını görmüşdü. Yuxusunun məzmunu da elə hardasa Rahabınkına bənzəyirdi, həm bu ilk dəfə deyildi, son vaxtlar elə hey yuxusunu qatır, amma hər dəfə də ömür-gün yoldaşını görərdi, amma elə bil basaratı bağlanmışdı, bu yuxularından heç vaxt ona söz açmaz, bəlkə də danışarsa, yuxusunun çin çıxacağından qorxduğu üçün belə edərdi. İndi də qəlbi narahatlıqla dolu idi. Nə etsin, dərdini kimə desin, bilmirdi ki... İndi Rahabı ötürmək üçün ardınca çıxanda onun son vaxtlar dediyi “Mənsizliyə hazır olun” sözlərini xatırladı və anidən tüklərinin biz-biz olduğunu, ətinin ürpəndiyini hiss etdi.

Balaqapını örtməkdə olan Rahab sabahın alaqaranlığında son dəfə çardağa, həyətə səpilmiş çınqıla, iaşə tikililərinə və yenicə suvanmış evlərinə göz gəzdirib xanımına:

– Salamat qal Natəvan, mən getdim, -deyərək qapını çəkib örtdü.

Nəmlənən gözlərini gizlətmək üçün gülümsəməyə çalışan Natəvan:

– Yaxşı yol, sağ get, salamat gəl, -deyərək evin girişinə söykənib əlləri ilə üzünü örtdü...

Barmaqlarının arasından süzülən büllur dənəcikləri həyətə yayılmış çınqılın üstünə tökülür, ince çiyinləri titrəşirdi...

Rahab gəlib maşına əyləşdiyində Emil:

Xeyir ola, ay Rahab, nə gec gəldin?

– Heç əşşi, Nihad çıxıb dalımca mızıldanırdı ki, ata getmə, ata getmə..

Bir an susub əzizləyici tonda:

– Kopəyoğlu, elə deyir, elə bil mən istirahətə gedirəm, bunu aparmıram, başını aldatdım ki, gedirəm icazə alım gəlib səni aparacam Muradınan oynayasan, ondan sonra kiriyib.

– Uşaqdı da, ay Rahab, onların öz dünyası var.

– Hə, elədi, doğrudan, Murad necədi? Böyüyür yavaş-yavaş?

– Hə, uşaqdı da... -Bir an susub gözlərini boşluğa zillədi, handan-hana:

– Bu gecə səhərə qədər çığırıb, qoymayıb yataq.

– Həkimə-zada göstərərdin, bəlkə köpü-zadı var?

– Yox əşşi, köplük, qazlıq deyil, anası götürəndə çığırırdı, mən qucağıma alanda sakitləşirdi. Elə deyib səhərə qədər məni qucağında gəzdir ki, gəzdir.

Yekələcək ay Emil, mən də o üçündən az çəkməmişəm.., ancaq biz orda-burda oluruq, indi gör anaları nə çəkir?

Artıq məhəllədəki kələ-kötür küçələri keçərək ana yola çıxmışdılar və maşın sürətlə irəliləyir, onlarınsa söhbəti davam edirdi:

– Bu gün ayın on səkkizidi?

– Hə, necə ki?

– Mən də Nihadı aldatdım ki, icazə alıb gələciyəm, tamam yadımdan çıxıb, bu gün növbədəyəm.

– Eybi yoxdur, bir az oynasın, yadından çıxacaq.

– Eeee, Emil, sən hələ Nihadı tanımırsan, maşallah, bir yaddaşı var ki, elə bil bilgisayardı, tam bir terebaytlıq..., onun yadından şey çıxar?

Emil Rahabın bu bənzətməsinə gülərək:

– Maşallah, uşaqda yaddaşın olmağı yaxşıdır, nə qədər güclü olsa, o qədər xeyirdir.

– Bə nə...

Emil yolun kənarlarındakı dəmir baryerləre baxaraq:

– Yaxşı ki, bu dəmirləri bərkidiblər yolun kənarlarına.

– Bəs necə, bu yolları yaxşı ki, təmir elədilər, işə rahatca gedib gəlirik, həm örtük beton, həm də kənarlar və qarşı yolları bir-birindən ayıran dəmir lövhələr.

– Bilirsən Rahab, yolu beton eləməmişdən öncə də onsuz bu magistralda maşınlar güllə kimi gedirdi. İndi həm yolun örtüyü düz olduğundan idarəetmə asandır, həm də bu kənarlardakı və gedən yolla gələn yolun arasındakı metal baryerlər maşınların bir-birinin yoluna çıxmasının qarşısını alır, ondan əlavə, əvvəl baxırdın kim yolun harasından istəyir dönüb o biri yola keçirdi, indi ara bağlanandan sonra daha o da mümkün deyil, qəza vəziyyətləri də yaranmır, biz də rahat-rahat işə gedib-gəlirik.

Yollarının üstündəki qəsəbələrin, kəndlərin yanından sürətlə keçir, yüz iyirmilik yolda irəliləyirdilər.

Gecəki yuxusuzluğun gətirdiyi yorğunluğu atmaq üçün mürgüləmək istəyən Emil oturacağın arxasını açıb yerini rahatladı, gözlərini yumub Rahaba:

– Mən beş-on dəqiqə mürgüləyim, hissəyə çatanda qaldırarsan.

– İşində ol, -Rahab bunu deyib radionun səsini aldı.

Emil 1985-ci ildə Bakı şəhərində, ikinci mikrorayonda doğulmuşdu. Ailənin ilk sevinci, ilk övladı idi, lakin nə onun, nə də ailəsinin xoşbəxt günləri o qədər də uzun sürmədi. Onun kiçik qardaşı doğulduqdan az sonra, Emilin beş yaşı olanda atası ilə anası ayrıldı. Üç nəfərlik bu kiçicik ailənin bütün yükü incəcik çiyinlərinə düşən anası onu və qardaşını min-bir əziyyətlə böyüdüb boya-başa çatdırmışdı. Hələ körpəliyindən yoxluğun, yoxsulluğun hər üzünü görən Emil yaşıdları valideynləri ilə parkları, bağçaları gəzərkən, balaca qadaşı ilə dərsdən sonra küçələrdən, zibil qutularının yan-yörələrindən topladığı içki şüşələrini satar, dərziliklə evlərini keçindirməyə çalışan analarına dəstək vermək üçün əllərindən gələni edərdilər. O, səkkizinci sinifdə oxuyan vaxtdan etibarən məhəllələrindəki internet klubunda çalışmağa başladı. Bu isə öz növbəsində, o vaxtadək əlaçı olan Emilin dərslərində davamiyyətin zəifləməsinə, qiymətlərinin aşağı düşməsinə səbəb oldu. Təbii ki, çətinliklər içində keçən uşaqlıq və yeniyetməlik dövrü onun psixologiyasına mənfi təsir edir, yaddaşında və xatirələrində silinməz izlər buraxırdı. Amma bütün bunlara baxmayaraq iradəli, mərd və cəsur insan kimi yetişən Emil bir gün yarımçıq qalmış xəyallarını bircə-bircə gerçəkləşdirəcəyinə söz vermiş, ən əsası isə, yaşı irəlilədikcə bu xəyallarını gerçəkləşdirməyə başlamışdı.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin