HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat



Yüklə 1,47 Mb.
səhifə2/11
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#6984
1   2   3   4   5   6   7   8   9   10   11
XII əsrin əvvəllərində yaşayıb-yaratmış Məh­­səti Gəncəvinin rübailərini Ömər Xəyyam rübailəri ilə mü­qayisə edən araşdırıcılar əksər hallarda M.Gəncəviyə üstün­lük vermişlər. Onun bədiilik və sənətkarlıq baxımından nəzəri daha çox cəlb edən rübailərində dövr və zamana münasibət, fəlsəfi düşüncələr, insan və dünya haqqında fikirlər əksəriyyət təşkil edir. Bununla belə şairə dünyəvi aləmə münasibət müs­tə­visində öz qəlb iztirablarını, mənəvi aləmini ifadə etməyə nail olmuşdur ki, bu da onun tərcümeyi-halının bəzi məqam­la­rının aydınlaşmasına imkan vermişdir.

Məni kam almağa qoymadı zaman,

Gücü çatan qədər elədi divan.

Deyəsən əhd etmiş, dolandıqca hey

Məni də özü ilə hərlətsin dövran [208, s.21].

Məhsəti özünün şeirə, rübaiyə bağlılığını belə ifadə etmiş­dir:

Arvadla kişini bağlayar kəbin,

Bu işə yol verir şəriət, ayin.

Mənimsə kəbinim bir rübaidir,

Varmı bu kəbinə yol verən bir din? [208, s.25].

M.Gəncəvinin «ayrı-ayrı peşə sahiblərinə həsr olunmuş rü­bailəri tarixilik baxımından da əhəmiyyətlidir. Həmin şeirlər həm də o dövrdə Azərbaycan şəhərlərində yaşayan sənət və sə­nət­karlar haqqında məlumat verir» [220, s.61]. Onun öz iç dün­yası ilə bağlı rübailəri isə daha çox diqqət çəkir. Çünki bu­rada özünün həyatını əks etdirən fikir və düşüncələr, arzu və istəklər təsvir olunmuşdur.

Cəmalına həsrət yaşamaq olmaz,

Eşqinlə heç rahət yaşamaq olmaz.

Sən məni anmayıb sakit yaşarsan,

Sənsiz mənə, əlbət, yaşamaq olmaz [208, s.35].


Səndən ayrılmama tədbir tökdülər,

Hicrində belimi iki bükdülər.

Hədər olmazmı bu çalışdıqları,

Sabah biz səninlə qovuşsaq əgər? [208, s.35].

«Səmimi duyğuların, canlı, real insan münasibətlərinin ifa­dəsi olan bu rübailərdə» təsvir edilən lirik qəhrəmanın keçir­diyi hisslər şairənin daxili dünyasının əksidir.

Sənə göndərdiyim məktubu, canan,

Qanlı göz yaşımla yazmışam inan!
Bu qədər dərdimin hekayətini

Bilmirəm, heç nə cür eyləyim bəyan [208, s.38].

Ensiklopedik biliyə malik Nəsirəddin Tusinin rübailərində mü­əllif «mən»i açıq-aşkar nəzərə çarpır. O, elmlər haqqında nə qədər məlumat versə də, bir çox sirləri açsa da, hələ çox mət­­­ləblərdən xəbərdar olmadığını bildirir.

Məlumat verdimsə hər bir elmdən,

Bir çox sirləri açdımsa həmən

Ağlımın gözüylə baxanda gördüm:

Hələ çox sirləri bilməyirəm mən [208, s.106].

Alim dünyada müxtəlif cür ləzzətlərin olduğunu göstərir. La­kin onun üçün dünyanın ən böyük ləzzəti gecələr mütaliə edib gündüzlər dərs deməkdir.

Dünyada çox cürə ləzzət var, sözsüz,

Onun yoxluğundan yoxdur qorxumuz.

Mənimçün dünyada ləzzət odur ki,

Gecələr oxuyum, dərs deyim gündüz [208, s.107].

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nəsirəddin Tusi­nin «yaradıcılığında, dünyagörüşünün öyrənilməsində döv­rün yaradıcı ziyalılarına yazdığı məktubların da böyük əhə­miy­­yəti vardır. Əsirəddin Əbhəri, Şəmsəddin Xosrovşahiyə gön­­dərilən məktublar daha səciyyəvidir» [158, s.31].

XIV əsrin görkəmli söz ustalarından olan Hümaməddin Təb­­rizinin rübailərində «real insani duyğular bəzən ürfani-fəl­sə­fi boya almış, sənətkarın zəmanəsinə münasibətini, əhvali-ru­­­­hiy­yəsini, sevinc və kədərini əks etdirmişdir» [219, s.216]. Rü­­­bailərdə Vətənə olan sevgi, məhəbbət də öz ifadəsini tap­mış­­­dır.

Ey Təbriz, dəyməsin sənə bir ziyan,

Xalqı şad yaşasın, olsun kamran.

Qəlbinə, canına bəla gəlməsin,

Axı sən Vətənim, qəlbim, canımsan. [208, s.118]


Gözəldir əzəldən Təbriz şəhəri,

Məlumdur aləmə söz deyənləri.

Naxələf adama orda yer olmaz,

Yaşarmı bir yerdə div ilə pəri?! [208, s.120].

Bəzi rübailərdə müəllif həyatının müəyyən bir dövrünü la­konik şəkildə təsvir etməyə nail olur.

Qoca bir filosof etdi nəsihət:

- Amandır sevgiylə bağlama ülfət.

Sözünə baxmadım, hicran dağını

Başıma endirdi sevgi, məhəbbət [208, s.133].

XIV yüzilin sonu XV yüzilin əvvəllərində yaşayıb-ya­­ratmış şair Qasım Ənvara aid bu növ rübailəri digər müəl­lif­lərin yaradıcılığında da görmək olar. İstedadlı şair Rəhməti Təb­­rizi rübailərində dövrün ictimai olaylarına olan müna­si­bə­tini ustalıqla bildirməklə bərabər, öz hiss və düşüncələrini ifa­də etməyə müvəffəq olmuşdur.

Qəm ilə yoğrulmuş canım əzəldən,

Dəli təbim olmuş qəmlə həmvətən

Harada dərd olsa məni tapacaq,

Elə bil dərd üçün yaranmışam mən [208, s.169].

XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əf­­zələddin Xaqani (1126-1199) rübailərində də tərcümeyi-hal ör­nəkləri üstünlük təşkil edir. Müəllif rübailərində gözələ olan sevgisindən, özünün qəlb iztirablarından, məşuqəsinin vəfa­sız­lığından, onun vara-dövlətə olan həvəsindən, zaman və mü­hit­­dən, özünü əhatə edən insanlardan və digər məsələlərdən bəhs etmişdir.

Günahım olmadan üzr istədim mən,

Yüz dəfə əfvimi istədim səndən.

Yerinə yetirdim mən öz borcumu,

Üzrümü sən qəbul etsən, etməsən [208, s.57].

Gəncliyim qüssədə, ələmdə keçdi,

Günlərim bilirsən ki, qəmdə keçdi.

Dostların ölümü belimi bükdü,

Ömrüm mərsiyədə, matəmdə keçdi [208, s.65].

Şairin fəxriyyələrində, mədhiyyələrində, həbsiyyələrində, mərsiyələrində müəllif şəxsiyyəti ön plandadır. Bu nümunələr-də şairin həyatının önəmli məqamları, ağrılı-acı­lı anları, kədərli günləri və illəri nəzərə çatdırılır. Xaqaninin şeir­lərində özü, ailəsi və əsil-nəsəbi haqqında araşdırıcılara də­yərli bilgilər verən məlumatlar vardır. O, fəxriyyələrinin birin­də özü haqqında bunları söyləyir:

Xaqaniyəm, yer üzünə yayılmışdır şöhrətim;

Bu aləmdən xilas olmaq hikmətimdir, hikmətim.
Yoxumsa da var-dövlətim, demərəm ki, yoxsulam,

Yoxsulluq da bir varlılıqdır, artar onla şövkətim.


Bu dünyanın murdarlığı əlindən can qurtarsam,

Yusif olar suçəkənim, artar qədrim, qiymətim.

[234, s.116]

Xaqani mədhiyyələrində də özü haqqında məlumat verir. Mə­sələn, öz ustadı Bəhaəddin Səid ibn Əhmədi mədhində ya­zır:

Əbədiyyət aləminə yol saldığım üçün mən,

Baş əymərəm fani dünya sarayına qətiyyən.


Beş hissimin pəncəsində olmuşamsa giriftar,

Doqquz fələk dərgahından pay alıram qış, bahar.


Bu dünyadan bir yaxşılıq axtarmıram heç zaman,

Çünki mənə qiymət qoymur arpa qədər bu cahan.

[234, s.163]
Ehtiyacım başımı da kəssə, fəğan etmərəm,

Çörək üçün alçaqların qapısına getmərəm.

Xəsislərin əllərində əsir olmam zər kimi,

Var-dövlətdən üz döndərrəm bir vüqarlı ər kimi.

[234, s.164]

X.Şirvaninin həbsxanada olduğu vaxtlarda yazdığı «Həb­siy­yə» şeirlərində həbsxana həyatının dəhşətləri böyük məha­rət­­lə təsvir edilmişdir. Öz ürək sözlərini açıq söyləyən şair həbs­­xanada keçirdiyi ağır günlərini, kədər və iztirablarını təs­vir edir:

Xaqani qürbətə basalı ayaq

Olmuş tək qapılı bir evdə dustaq.


Nə evin içində rahət olur can,

Nə də var bayıra çıxmağa imkan.


Üzü divaradır, sanki hörümçək,

Girmiş daş altına bir qarışqatək.


Qıfıldır keşikçi ona bayırdan,

Daxildə cəftədir ona pasiban [234, s.266].

«Həbsiyyə» şeirlərini zindan həyatının ölməz poetik abi­dəsi adlandıran akad. Bəkir Nəbiyev çox haqlı olaraq qeyd edir ki, «burada mətin, vüqarlı bir sənətkarın zindan əzabları, azad­lıq yanğısı, onun böyük fiziki və mənəvi sıxıntılar içində başa vur­duğu məhbus həyatının cəhənnəm zillətinə bərabər hadi­sə­lə­ri ürəkləri yandıran qüvvətli poetik vasitələrlə əks olunmuş­dur. Əsrinin ədalətsiz hökmdarlarına, rüşvətxorluğu özünə pe­şə etmiş saray məmurlarına, dindən gəlirini artırmaq üçün isti­fadə edən ikiüzlü ruhanilərə qarşı sonsuz qəzəb və nifrət Xa­qani «Həbsiyyə»sinin hər bir səhifəsindən boy göstər­mək­də­dir» [187].

Yenicə doğulan qızının ölümünə yazdığı mərsiyədə şair öz şəxsi kədərinə ictimai rəng verir:

Yenicə doğulan qızım gördü ki,

Qarşıda gözlənir min bəla, öldü.


Qeybdən gələn o töhfə duydu ki,

Dərdlərə olacaq mübtəla öldü.

O kiçik gövhərim yaxşı anladı,

Ki, çox pis yaranmış bu dünya öldü.


Bildi ki, ürəyim dərdə düşəcək,

Üzünü tutaraq binəva, öldü.


O, böyük qızımı pərdədə görcək,

Dedi: - Kifayətdir bir cəfa, - öldü [234, s.355].

Azərbaycan alimləri f.e.d.Qafar Kəndli, f.e.n. Məmmədağa Sultanov və başqaları istər Xaqaninin dövrü, mühiti, istər hə­yat və yaradıcılığı, istərsə də onun Yaxın Şərq ədəbiyyatında tut­­duğu mövqeyi yetərincə araşdırmışlar. Onlar Xaqaninin hə­yat və yaradıcılığını tədqiq edərkən əsasən şairin 1156-cı ildə qə­ləmə aldığı «Töhfətül-İraqeyn» poemasına əsaslan­mış­lar. Bu da təsadüfü deyildir. Çünki Xaqani haqqında, onun hə­yatı, ailəsi, nəsli haqqında ilk məlumat Şərq ədəbiyyatı ta­rixin­də həm də ilk mənzum səyahətnamə hesab edilən «Töhfətül-İraqeyn» əsərində verilmişdir. XIX əsrin rus şərqşünası N.V.Xa­­nıkov da «Töhfətül-İraqeyn» əsərində «Babası haq­qın­da», «Atasının tərifi», «Anası haqqında», «Əmisi haqqın­da», «Əmisi Kafiyəddin Ömər İbn-Osmanın tərifi» kimi his­sə­ləri təh­lil edərək, bunların əsasında şairin həyatının ilk döv­rü­nü təsvir edən «Tərcümeyi-hal»ı tərtib etmişdir. Bu tərcümeyi-hal Xaqaninin elmi tərcümeyi-halını yazmaq yolunda ilk ad­dım idi [149, s.36].

«Töhfətül-İraqeyn» həm Azərbaycan, həm də rus şərqşü­nas­ları üçün Xaqaninin həyatını öyrənməkdə bir mənbə olmuş­dur. Çünki hər bir şairin, yazıçının həyatı, dövrü, mühiti haq­qın­da mülahizə yürüdərkən onun öz əsərləri qədər qiymətli qay­­­­naq, demək olar ki, yoxdur. Bu xüsusiyyətlər də ən çox me­­­­muar nümunələrinə xasdır. Bütün bunlara əsaslanaraq X.Şir­­­vaninin «Töhfətül-İraqeyn» əsərini xatirə nümunəsi kimi də­yərləndirmək olar. Azərbaycan ədəbiyyatı tarixində ilk məs­nəvi hesab edilən «Töhfətül-İraqeyn»də şair öz tərcümeyi-halı, uşaqlıq xatirələri, gənclik dövrünün maraqlı hadisələri, ictimai mənşəyi, hər iki İraqa (İraqi-ərəb və İraqi-əcəm) səfər etdiyi za­man gördüyü yerlər və tanış olduğu görkəmli şəxslər haq­qın­da məlumat vermişdir. Əgər müəllif əsərdə ayrı-ayrı sürət­lərin timsalında, hadisələrin gedişində öz həyatından cizgilər ver­səydi, buna avtobioqrafizm kimi qələmə vermək olardı. La­kin burada Xaqaninin həyatının yaddaqalan anları, keçirdiyi mənəvi sarsıntıları, bir sözlə müəllif «mən»i öz əksini tap­mış­dır. Əsərdə həmçinin təbiət mənzərələri, gözəl Kuhistanın yed­di vilayəti, Bağdad, Şam, Mədinə şəhərləri, gördüyü xalqların ictimai vəziyyəti təsvir edilir. Əsərin əvvəlində Xaqani öz ailə­si haqqında məlumat verir. Babası haqqında:

Sənətcə toxucu olmuşdur babam

Mən də yavaş-yavaş söz toxuyuram [32, s.158]

yazaraq özünü babası ilə müqayisə edir. Atasını xatırlayaraq şair yazır:

Atam, aləm bilir, Nəccar Əlidir,

Onun səxavəti elə bəllidir.

O, məni böyüdüb vermişdir çörək,

Mədh edəm, vəsf edəm onu mən gərək [32, s.161].

Nəccar Əli taleyin amansız gərdişi ilə üzbəüz qaldıqdan sonra Xaqani dövrünün görkəmli təbibi, riyaziyyatçısı və fi­lo­sofu olan Kafiyəddin Ömər ibn Osmanın qəyyumluğuna ke­çir. Kafiyəddin Ömər «öz dövrünün ən görkəmli şəxsiy­yət­lərindən idi və onun bir alim kimi şöhrəti Azərbaycanın hü­dud­larından çox-çox uzaqlara yayılmışdı. Kafiyəddin yüksək sa­vad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ila­hiy­yat, astrono­miya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdur, mədrəsədə dərs deyirdi» [131, s.78]. Xaqani «Töh­fətül-İraqeyn»də əmisinin ona hesab, hüsnxət öyrətməsi, Quranı başa çatdırması, sonra onu kitabxanaya gətirməsi, Qura­­nın on dörd sirrini aydınlaşdırması, həm dayəsi, həm mü­əl­li­mi, həm də böyük ustadı olması haqqında yazır. Bu kimi mə­lu­matlar böyük şairin həyatının müəyyən dövrünü işıq­lan­dırır və araşdırıcılara kifayət qədər məlumat verir.

Ömər ibn Osman sayəsində mən

Yetimlik divinin qaçdım əlindən.

Odur, bil, böyüyüm, yol göstərənim,

Tərbiyə verənim  əmimdir mənim [32, s.167].

Əmisini mənəvi atası hesab edən Xaqani Ömər ibn Osma­nın qayğı və məhəbbətini ona həsr etdiyi xüsusi bölmədə dö­nə-dönə qeyd edir, əmisinin bu dünyanı tərk etməsini ürəkağ­rı­sı ilə qələmə alır.

Xatirələr çox hallarda özlərində faktiki və psixoloji başlan­ğı­cın uyğunluğunu əks etdirir. Şəxsiyyət və onun mənəvi dün­yası tarixi şəraitdə, zamanın və mühitin fonunda təsvir edilir. Bu xüsusiyyətlər «Töhfətül-İraqeyn»də açıq-aydın görün­mək­də­dir. Xüsusilə səfər xatiratında bunlar özünün bariz ifadəsini tap­mışdır. Xatirə örnəklərini özündə əks etdirən beytlərə əsər­də bol-bol rast gəlmək olur. Qeyd edildiyi kimi, «Töhfətül-İraqeyn» bir poema, səyahətnamə kimi tədqiq edilmişdir. La­kin əsərdə avtobioqrafik məlumatların genişliyi, xatirə örnək­lə­rinin bolluğu onu memuar ədəbiyyatına yaxınlaşdırır. Diq­qə­tə­layiq haldır ki, poemada memuar janrına xas olan xüsusiy­yətlərdən ikisi: həm tərcümeyi-hal xarakteri, həm də səfər xa­ti­rələri vardır. «Töhfətül-İraqeyn» əsərinin «əsas qəhrəmanı şai­rin özüdür. Əsərdə danışan, düşünən, sevinən, fəxr edən, kə­­dər­lənən, qəzəb alovları püskürən də odur. Poema bütün­lük­də Şərq poeziyasında oxşarı olmayan bir əsərdir. Şair poe­ma­da özü və əsəri haqqında sərbəst söz açır. İftixarla özünü sənət alə­minin günəşi sayan şairi hər şeydən çox siyasi, ədəbi düş­mən­ləri ağrıdır, qəzəbləndirir» [234, s.12]. Müəllif «mən»i, za­man, hadisələr zənciri memuar janrının strukturunu təşkil edir. Bütün bunlar Xaqani Şirvaninin «Töhfətül-İra­qeyn» əsə­rində görünməkdədir və bu, bir daha söyləməyə əsas verir ki, «Töhfətül-İraqeyn» Azərbaycan xatirə ədəbiyyatının ilk nümu­nəsi hesab edilə bilər.

Xaqani Şirvaninin məktubları isə XII əsr Azərbaycan bədii nəsrinin dəyərli nümunələri olmaqla bərabər, əvəzsiz tarixi sə­nədlərdir. 60 məktubdan ibarət olan bu sənədlərdə Xaqanin tər­cümeyi-halı, qohumları, dostluq əlaqələri, yaşadığı mühit haq­­qında məlumatlar verilmişdir. Əlaəddin Məhəmməd Mər­və­ziyə, Şəmsəddin Beyləqaniyə, İbrahim Bakuviyə, Eynəddin Zəncaniyə, Şihabəddin Şirvaniyə, Qızıl Arslana və başqalarına yazılmış məktublar Xaqani Şirvaninin özü, dövrü və müasir­ləri haqqında zəngin bilgilər əldə etməyə imkan verir. Q.Kənd­li Xaqaninin yaradıcılıq fəaliyyətini şəxsi həyatı ilə sıx bağlı olduğunun bildirərək yazır ki, «o, özünün evlilik həyatını ge­nişliyi ilə yazıya almışdır. Bu baxımdan Yaxın Şərq və Orta Asiyada ona oxsar ikinci bir şair yoxdur. Şairin yaradıcılığını mükəmməl öyrənmək üçün onun ailə həyatı və ailəsi ilə bağlı olan yazılar dərindən öyrənilməlidir» [31, c.II, s.418]. Araşdı­rıcı özü də Xaqaninin ömür yolunu əsərlərinə istinadən hərtə­rəfli tədqiq etmişdir.

Xatirə örnəkləri Azərbaycan ədəbiyyatının görkəmli söz us­­ta­dı Nizami Gəncəvi (1141-1209) poemalarının əksəriy­yə­tin­də mövcuddur. Qeyd edilməlidir ki, memuarlar tarixi şəx­siy­yətin mə­nəvi keyfiyyətlərinin açılması üçün həqiqətən qiy­mət­li mən­­­bə­­lərdir. Bu cəhətdən Nizami poemaları qəhrəman­la­rının bir çoxu tarixi həqiqətə daha yaxındır. «Sirlər xəzi­nə­si»ndə Bəh­­ram şah, «Xosrov və Şirin»də Toğrul Arslan, Ata­bəy Əbu Cəfər Məhəmməd Eldəgiz, «İskəndərnamə»də Nüs­rətəddin Əbubəkr padşah ağıllı, mərhəmətli, vüqarlı, səxavətli, adil insan kimi səciyyənləndirilir. Böyük Nizami «Sirlər xəzi­nə­si» poemasında Bəhram şahın şəninə aşağıdakı misraları qə­ləmə alır:

Yetkin ağlı, kamalı tanıtdırıb dünyada,

Şahların sərvəridir, əsla basılmaz yada.

Verib dünya mülkünü öz xalqının əlinə,

Həm Ərmənə hakimdir, həm də ki, Rum elinə.

Xilafət taxtı kimi şahlıq taxtı ucaldı,

Abxazda, Rum elində şanlı qələbə çaldı.

Ondadır comərdliyi, səxavəti ərlərin

Ondadır düşüncəsi, ədaləti ərlərin [95, s.41].

«Xosrov və Şirin» poemasında isə Toğrul Arslan haqqında yazır:

Dünya padişahı bəxtiyar xaqan

Barınsın dünyada təxtü tacından.

Məna aləmində təxti bəzədən,

Bu həyat mülkünü bütün fəth edən,

Dövlət səmasıdır, səxa dənizi,

Hər bir sözündə var mərhəmət izi.

Şahların şahıdır, vüqarlı, adil,

Adı Toğrul şahdır, özü rəhmdil.

Təxtü taca çatdı, səltənət qurdu,

Arslan şah yerində təxtə oturdu [92, s.33].

Dahi Nizami demək olar ki, bütün poemalarında əsərin ya­ran­ma tarixini, əsəri yazmağa onu nə vadar etdiyini açıqlayır. «Yeddi gözəl»də şair bildirir ki, Süleyman şah onun yanına qa­sid göndərmiş və sifarişini ona yetirmişdir. Şah xahiş edir­miş ki, istədiyi mövzuda bir əsər yazsın. Elə bir əsər ki, bütün dünyaya səs salsın. Nizami Gəncəvi yazır:

Dedim ki, bir əsər yaradım gərək,

İncə naxışlara kəsilsin bəzək.

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Ərəbcə, dəricə, yeri düşərkən,

Buxari, Təbəri əsərlərindən

Oxudum, oxudum, sonra da vardım.

Hər gizli xəznədən bir dürr çıxardım [96, s.80].

«Xosrov və Şirin»in yaranma tarixi bir qədər başqadır. Bu dastan haqqında yazılı mənbələr olsa da nəzmə çəkilməmişdir. Buna görə də Nizami bu əsərin yazılmasını öz öhdəsinə götü­rür.

Məlum hekayədir «Xosrov və Şirin»

Dastan yoxdur əsla bu qədər şirin.

Ruhu oxşasa da bu gözəl dastan,

Pərdədə qalmışdır bu gəlin çoxdan.

Tanıyan yoxdur bu gözəl alması

Bərdədə var idi bir əlyazması.

O ölkənin qədim tarixlərindən

Bu dastanı tamam öyrənmişəm mən.

O yerdə yaşayan qoca adamlar,

Təşviq etdi, işə mən verdim qərar.

Ağıl bu dastanı bəyənsin gərək,

Sözləri şirindir, məzmunu gerçək [92, s.48].

Nizami Gəncəvinin «Leyli və Məcnun» poeması tərcü­me­yi-hal örnəklərinin zənginliyi ilə fərqlənir. Xüsusilə, «Kitabın ya­zılmasının səbəbi» bölməsində xatirə əlamətləri açıq-aydın görünməkdədir. Bölmənin əvvəlində Nizami özünün ruhi və­ziy­yətini təsvir edir, keyfinin yaxşı olduğunu bildirir. Bu vaxt ona bir məktub gəlir. Bu məktub Nizamini söz dünyasının ha­ki­mi adlandıran Şirvanşah I Axsitandan idi.

İstərəm Məcnunun böyük eşqinə

Bir söz xəzinəsi açasan yenə.

Bakirə Leylitək, ey böyük ustad!

Şeirdə iki-üç bakir söz yarat [94, s.47].

Məktubu oxuduqdan sonra Nizami kədərlənir, dodağı əsir, «qan beyninə vurur». Bu vaxt şairin 14 yaşlı oğlu Məhəmməd gəlib yanında oturur, onu ruhlandırmağa çalışır:

Dedi: «Ey göylərə meydan oxuyan

«Xosrov və Şirin»i yazıb yaratdın,

Hər duyan könüldə bir zövq oyatdın.

Leyli-Məcnundan da yarat bir əsər,

Cüt olsun yazdığın qiymətli gövhər [94, s.48].

Səkkiz əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu beyt­lər tədqiqatçıya kifayət qədər material verir. Əsərdən aydın olur ki, dörd min beytdən artıq olan bu poemanı Nizami dörd aya yaz­mışdır. Əgər başqa işlər olmasaydı on dörd günə də yazıla bi­lərdi. Nizami əsərin yazılma tarixini qeyd edir və hicri 584-cü (miladi 1088-ci) ildə yazıldığını göstərir. Bütün bunlar xa­tirə ədəbiyyatının ilkin qaynaqları sayıla bilər. «Axsitanın tə­­ri­fi», «Şahzadənin tərifi və oğlunun ona tapşırılması», «Oğ­lum Mə­həmmədə nəsihət», «Atamın xatirəsi», «Anam Rəisə­nin xa­tirəsi», «Dayım Xacə Ömərin xatirəsi» hissələrində də xa­tirə əla­mətləti görünür. Bu bölmələrdən aydın olur ki, atası Yusif ibn Zəki Müəyyidin, anası Rəisənin, dayısı Xacə Ömə­rin vəfa­tı onu hədsiz sarsıtmışdır. Son dövrlərə qədər N.Gən­cəvinin anası Rəisənin kürd olduğunu qeyd etmişlər. «Leyli və Məc­nun» poemasının tərcüməsində də bu belə göstərilmişdir. La­kin prof.Xəlil Yusifliyə görə «Nizami onun kürd olduğunu yox, igid olduğunu yazmışdır.

Gər madəre-mən Rəiseyi-qord

Madər sefətane pişe-mən mord...

(Mənim anam igid Rəisə

Ana sifətində qarşımda öldü).

Buradakı «kord» sözü Nizami dövründə igid mənasını ve­rən «qord» sözü ilə eyni cür yazılır, «kaf» və «gaf» hərfləri bir-birindən seçilmirdi. Ancaq beytin mənası tələb edir ki, biz onu «qord» şəklində oxuyaq» [219, s.135].

Xəlil Yusifli çox haqlı olaraq qeyd edir ki, Nizami Gən­cə­vi­­nin ən dolğun və ən doğru tərcümeyi-halı öz əsərlərindədir. Belə ki, burada şairin şəxsiyyəti, zəmanəyə münasibəti, bədii yara­dı­cılığa baxışı, qohumları haqqında fikirlər üstünlük təşkil edir.

«Şirin»in halvasın qurtaranda mən

Bir halvaçalanım getdi evimdən.

«Leyli» xəzinəsinə çəkərkən hasar,

Onda da bir Gövhər eylədim nisar.

Bu toyu çatdırıb mən nəhayətə,

Təzə bir gəlin də verdim cənnətə [93, s.447].

Şair bu misralarla demək istəyir ki, «Xosrov və Şirin» əsə­rini yazıb bitirdikdə, öz Şirinini  Afaqını itirdi; «Leyli və Məc­nun»u sona çatdıranda isə ikinci arvadı öldü. Beşinci və altıncı misralardan məlum olur ki, Nizami «İqbalnamə» əsərini yazıb qurtaranda üçüncü arvadı da vəfat etmişdir. Dördüncü mis­radakı «Gövhər» sözü araşdıcılara imkan verir ki, Niza­mi­nin ikinci arvadının adının Gövhər olmasını söyləsinlər. Bura­da­kı «Gövhər» sözündə şair cinas yaradır, sözü iki mənada işlədir.

Nizami Gəncəvi «Leyli və Məcnun», «Yeddi gözəl» poe­ma­larının «Oğlum Məhəmmədə nəsihət» hissələrində oğluna mü­raciət edib faydalı sözlər söyləyir. Bu hissələrdə də xatirə əlamətləri nəzərə çarpır. Dahi şair «İskəndərnamə» əsərini ya­zarkən bir sıra tarixi mənbələri öyrənmiş, ərəb və fars dilində olan­larla yanaşı, yəhudi, nəsrani (xristian), pəhləvi qaynaq­la­rını da araşdırmış və özünü maraqlandıran məlumatları seç­mişdir. Bu barədə o yazır:

İskəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə.

Sözlərlə dolmuşdu xəzinə içi,

Ancaq hər nüsxə bir dağınıq inci.

Hər köhnə nüsxədən əsas alaraq,

Onu öz şeirimlə bəzədim ancaq.

Ən qədim tarixi əsərlərdən mən,

Yəhudi, nəsrani, pəhləvilərdən

Ən incə sözləri əlimə saldım,

Qabığı ataraq məğzini aldım.

Müxtəlif dillərdən yığdım çox sözlər,

Bunlardan düzüldü yazdığım əsər [93, s.54].

«İskəndərnamə» şairin yaşlı vaxtında qələmə alınmışdır. Bu barədə müəllif həm əsərin əvvəlində, həm də sonunda qeyd edir, səhhətindən şikayətlənərək bildirir:

Bir harın at idim bir zaman mən də,

Zəhmətlə, zillətlə düşdüm kəməndə.

Hər bir xəzinədə var məndən nişan,

Ancaq, heyif olsun ki, deyiləm cavan!


Gənclik  təzə nallı, harın, köhlən at,

Qocaldın  nal qızır, düşür əldən at [93, s.415].

«İskəndərnamə» poemasında böyük Nizaminin xarakteri daha aydın görünür, zəngin daxili aləmi duyulub hiss edilir:

Kimsənin dalınca demərəm yaman,

Utanım üz-üzə gəldiyim zaman.

Yamanlar sözünü almaram dilə,

Peşiman edərəm mükafat ilə.

Düşmənə kinli söz demərəm, inan,

O sözlə özümə olaram düşman.

Pisdən yaxşılıqla qorunmaq mümkün,

Dünyada yaxşılıq hər şeyə üstün.

Yaxşılığım üçün hər bir diyardan

Salamdır hey gəlir namidarlardan.

Yaxşılıqla atsam mən bu dəzgahı,

Olaraq yaxşılar ziyarətgahı.

Bir dirhəm verənə inci ataram,

Dikbaşlıq edənə qürur sataram [93, s.38].

Nizami Gəncəvi «İskəndərnamə»ni yazarkən ulu Tanrıdan kö­mək diləyir. Arzu edir ki, əsər ən ağır dərdliyə əl tutsun, hər xəstə ürəyə şəfqət göstərsin, hər bağlı qapını açsın, xülasə, əsə­ri oxuyanlara zövq versin və şöhrət qazansın. Poemanın ya­zılma tarixinə gəldikdə isə qeyd olunmalıdır ki, bunu müəy-yən­ləşdirmək araşdırıcılara bir qədər çətinlik törətmişdir. Çün­ki «Xəmsə»nin əvvəlki hissələrindən fəqli olaraq «İskən­dər­­na­mə»nin yazılma tarixini müəllif göstərməmişdir. Bu da tə­­dqi­qatçı alimləri maneələrlə qarşılaşdırmışdır. Buna bax­ma­ya­raq, xatirə əlamətlərinə əsasən müəyyənləşdirilmişdir ki, «İskən­dər­namə» əsərinin birinci hissəsi  «Şərəfnamə» 1199-cu ildə, ikinci hissəsi  «İqbalnamə» 1201-ci ildə qələmə alınmışdır.

Klassik ədəbiyyatda tərcümeyi-hal örnəklərinin əksi Niza­mi poemalarında daha çox görünür. Demək olar ki, bütün poe­ma­larında Nizami şəxsiyyəti ön plandadır. O, hadisələrə mü­da­xilə edir, öz sözünü, öz fikrini bildirir. Oxucu onu əsas qəh­rə­man kimi duyur və hiss edir. Deməli, Azərbaycan memuar ədə­biy­ya­tının kökləri daha qədimlərə gedib çıxır. Bu cəhətdən Ni­za­mi poemaları xeyli maraqlı və dəyərlidir. Onu da nəzərə çat­dır­­maq lazımdır ki, özbək ədəbiyyatında XV əsrin görkəmli söz ustadı Əlişir Nəvai (1441-1501) əsərlərində tərcümeyi-hal əla­mətləri ayrıca araşdırılsa da, Azərbaycan klassik ədəbiy­ya­tın­da bu mövzu indiyədək tədqiqat obeyktinə cəlb olunma­mış­dır.

Əlişir Nəvai ilə təxminən eyni dövrdə yaşamış, Teymurilər nəslindən olan Qazi Zəhirəddin Məhəmməd Baburun (1483-1530) xatiratı dünya ədəbiyyatının qiymətli nümunələ­rin­dən­dir. Əsər həyatı macəralarla keçən Baburun sadə, təbii, səmimi ifadə ilə yazdığı böyük bir səyahət və xatirat kitabıdır. Cığatay dilində yazılmış əsərin türkcə tərcüməsi fransız və ingilis dil­lə­rində olan tərcümələrdən xeyli üstündür. Əsər fars, alman və rus dillərinə də tərcümə olunmuşdur. Babur xatirələrində heç bir şeyi gizlətməmiş, heç nəyi uydurmamışdır. «Baburun xati­ra­tı ilə, eyni olayları yazan o dövrü yaşamış tarixçilərin yazı­ları qarşılaşdırılarsa, Baburun özünün etdiklərini yaxşı göstər­mək, bir pisliyini gizləmək və ya digərini şişirtmək üçün yazı­larında olayları dəyişdirmiş olduğu görünmür» [275, s.7]. O, yaşadığı illərin tarixi gerçəklərinə mümkün olduğu qədər sadiq qalmışdır. Babur dövrünün böyük şəxsiyyətlərindən biri ol­muş­dur. Xatirələrdə onun hər bir xarakterik xüsusiyyəti göz önün­də canlanır. Digər tərəfdən Babur dəyərli olan hər şeyi öz iti zəkası ilə qavramış və ifadə etmişdir. O, hərbi səfərlər edər­kən olduğu ölkələrin  Orta Asiyanın, Əfqanıstanın, Hindista­nın coğrafiyası və iqlimini, flora və faunasını, xalqın adət və ənənələrini çox anlayışlı, açıq-aydın təsvir etmişdir. Bir sözlə, bu əsərdə Baburun olduğu ölkələrin o dövrdəki vəziyyəti hər baxımdan canlandırılmışdır. Böyük bir dövlət adamı tərəfin­dən yazılmış xatirələr dövrün insanlarının anlayış və düşün­cə­lərini, müxtəlif ölkələrin sosial və siyasi durumunu öyrənmək baxımından dəyərli bir abidədir. Əsərdə «böyük hökmdarın idari, əskəri, fikri və ədəbi həyatı anlatılmış, fəqət oxucuya bir hökmdardan ziyadə səmimi bir arkadaşla qarşılaşma hissini verən, təbii və mütəvazi bir dil istifadə edilmişdir. Bu arada Babur bəzi şeirlərini və mətlələrini nə münasibətlə və hansı hadisələrlə duyub söylədiyini də xatirələrinə əlavə etmişdir» [271, s.520]. Qədim əlyazma nüsxələrində əsərin adı yazılma­dığı üçün Babura aid olmasını bildirmək məqsədilə sonralar xa­tirələri «Baburnamə» adlandırmışlar.

Dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556) əsərlərində onun təxəllüsü, yaşayıb-yaratdığı ölkə, şə­hər, təhsili, şeirə olan məhəbbəti, dövrünün ədalətsizliyi və baş­­qa bu kimi məsələlər açıqlanır ki, bunları da xatirə ədəbiy­ya­tının ilkin qaynaqları hesab etmək olar. Şair farsca divanının mü­qəddiməsində «Füzuli» təxəllüsünü seçdiyini belə izah edir: «Necə ki, şeirə başladığım zamanlar hər gün bir təxəllüs bəyə­nir, bir müddət sonra eyni təxəllüsü işlədən bir şairə rast gəlir və aldığım təxəllüsü dəyişdirirdim. Sonra anlaşıldı ki, mən­­dən əvvəl gələn dostlar ibarələrdən çox təxəllüsləri götür­müşlər. Dü­şündüm, əgər şeirdə başqaları ilə müştərək təxəllüs götürər­səm, müvəffəq olmadığım təqdirdə mənə zülm olar, mü­vəffəq olarsam ortağıma zülm etmiş olaram. Bu ləhzərliyi or­tadan qaldırmaq üçün «Füzuli» təxəllüsünü aldım və ortaq­la­rımın mənə zülm edib, məni iztirab içində qoymaqlarından qur­­tar­maq üçün təxəllüsümün himayəsinə sığındım» [91, c.3, s.21].

Məhəmməd Füzuli ana dilinin türk dili olduğuna işarə edir, lirik şeirdə ən çox qəsidə növünə meyl göstərdiyini bildirir, qəzəlin isə özünəməxsus bir dili və müəyyən kəlmə aləmi ol­du­ğunu göstərir. Bir sözlə, lirik şeiri yüksəldərək bu janrda sözə diqqətlə yanaşdığını, mənaya xüsusi diqqət yetirdiyini ay­dın­laşdırır. Söz üzərində necə işlədiyini də farsca divanının mü­qəddiməsində qeyd edir. Burada deyilir: «Elə vaxtlar ol­muş­dur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağ­rımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda baş­qa şairlərlə uyğun gəldiyini görüb yazdığımı pozmuşam, ona sa­hib çıxmamışam (şeirlərim sırasına salmamışam). Elə vaxt­lar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına da­lıb, söz alması ilə məna gövhərini deşmişəm. Bunu görənləri bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xo­şagəlməzdir  deyər-deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürməmişəm» [91, c.3, s.20].

Şair türk dilində olan divanının giriş hissəsində qeyd et­miş­­dir ki, yaradıcılığa mədrəsədə oxuyarkən başlamışdır. Ərəb­cə, türkcə və farsca şeir yazdığını farsca divanının mü­qəd­di­mə­sin­də belə izah etmişdir: «Bəzən ərəbcə şeir yazdım və ərəb fə­sih­lərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu mə­nim üçün asan idi. Çünki mənim elmi bəhslər (fənlər, ya­xud müba­hisə) dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şeirin gözəllikləri ilə zövq verdim. Bu da məni o qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əs­li­min səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci düz­düm və o budaqdan könül meyvəsi dərdim» [91, c.3, s.20]. Fü­zu­li kamal sahiblərindən təvəqqe edir ki, şeirlərinin tər­ki­bin­də və ya məzmununda xətalar görsələr onları bağışlasınlar. Fars di­lində olan divanının müqəddiməsində şair bütün bu gös­təri­lən­lərdən əlavə həyat və yaradıcılığının mühüm cəhətlə­rini ay­dınlaşdırmış, gəncliyi və təhsil illərindən, Kərbəla şəhə­rinin vəziyyətindən bəhs etmişdir. Yalnız divan müqəddi­mə­ləri de­yil, əsərləri də Füzulinin həyat və yaradıcılığının müəy­yən mə­qamlarına aydınlıq gətirir. Məsələn, bir qitəsində Kər­bə­lanı tə­rifləyir, orada yaşadığını göstərərək yazır:

Ey Füzuli, məskənin çün Kərbəladır, şeirimin

Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır,

Nə qızıldır, nə gümüş, nə ləlü nə mirvarıdır

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır [91, c.3, s.23].

Füzulinin «Şikayətnamə»sində avtobioqrafik məzmun özəl­­lik­lə üstünlük təşkil edir. Şair Sultan Süleyman tərəfindən ona təyin edilmış təqaüdü almaq üçün ovqaf idarəsinə gedərkən bu­­rada hökm sürən ədalətsizliyi şəxsən görmüş, məmurların zülm və haqsızlıqlarının şəxsən şahidi olmuşdur. Elə ona görə də «Şikayətnamə»də yazırdı: «Salam verdim  rüşvət deyildir deyü almadılar. Hökm göstərdim  faidəsizdir deyü mültəfit olmadılar...» [91, c.2, s.302]. Əsərdə Füzulinin ağır maddi ya­şayış şəraiti, əhvali-ruhiyyəsi, dünyagörüşü, insanlara və ha­di­sələrə münasibəti verilməklə bərabər şairin taleyə, alın yazı­sına inandığı da təsvir olunur.

Görkəmli filoloq, tarixçi, publisist Məhəmməd Fuad Köp­rülüzadə «Azəri ədəbiyyatına aid tədqiqlər» əsərində Məhəm­məd Füzulinin bir sıra şeirlərində şairin həyatının müəyyən ciz­gilərinin müəyyənləşdirdiyini qeyd edərək yazır: «Yalnız 941-də Sultan Süleyman Qanuni Bağdadı zəbt etdiyi zaman Füzulinin Osmanlı hökmdarına «Gəldi bürci övliyaye padişa­hi-namdar», tarix məşhurini məhtəvi qəsidəsini təqdim etdiyi, gəzəlik sədr əzəm İbrahim paşaya, qazi-əsgər Qədri Əfəndiyə, nişançı Cəlalzadəyə qəsidələr verərək orduda bulunan şair Xə­yali ilə də münasibəti-dustanədə bulunduğu məlumdur. Füzuli divanında daha bunlardan başqa bir taqım Osmanlı rical və ümə­rasinə, məsələn, Rüstəm paşaya, Məhəmməd paşaya, Ayas paşaya təqdim edilmiş qəsidələr vardır ki, bunlar zavallı şairin səfəvilər dövründə olduğu kimi, osmanlılar zamanında da layiq olduğu dərəcədə təqdir və tərfiyə edilmədiyini göstə­ri­yor. Nişançı Məhəmməd paşaya yazdığı məşhur məktub da bu­na müəyyədir» [129, s.23].

Artıq XVI yüzillikdə söz aləminin tanınmış simaları tər­cü­meyi-hallarına dair məlumatları əsərlərində daha əhatəli ver­mə­­yə cəhd etmişlər. Nümunə üçün XVI – XVII əsrlər Azər­bay­­can ədəbiyyatı tarixində özünəməxsus yeri olan şair və ədə­biy­yatşünas Sadiq bəy Sadiqi Əfşarı (1522-1609) göstər­mək olar. O, özünün «Şərhi-hal»ında və «Qanunüs-süvər» («Təs­­virlər qanunu») əsərinin girişində uşaqlıq və gənclik il­lərindən, eləcə də dünyaya baxış və düşüncələrindən bəhs et­miş­dir ki, bu da araşdırıcılara onun tərcümeyi-halı, dünya­gö­rüşü haqqında məlumatı etibarlı mənbədən əldə etməyə imkan yaratmışdır.

XVII əsrdə yaşayıb-yaratmış şair Əlican Qövsi Təbrizi əsər­lərində özü haqqında məlumat verməsə də, orta əsr təz­ki­rə­çiləri onun XVII əsrin əvvəllərində Təbrizdə, sənətkar ailə­sində doğulduğunu qeyd etmişlər. Şair özü də «şeirlərində tez-tez Təbrizin adını çəkir, doğulduğu şəhəri gözəllikdə İsfahana qarşı qoyur, ondan üstün tutur:

Təbriz açar gönlümü Qövsi, gər açılsa,

Hərçənd ki, firdovs İsfahanə yetişməz.

Cənnət kimi gözəl olan İsfahanda da şairin könlü açılmır, yalnız Təbriz onu qoynuna çəkir, cəzb edir:

Təbriz cəzbəsi yaxamı tutmuş aparır,

Qovsi, əgərçi damənimi İsfahan tutur» [219, s.615].

Klassik Azərbaycan poeziyasında aşıq şeir növü vücud­na­mə­lərdə də xatirə örnəklərinə bol-bol rast gəlmək olar. Əslində «vücudnamə» sözünün mənası şəxsiyyət, həyat, vücud haq­qın­da yazı deməkdir ki, onu tərcümeyi-hal mənasında da işlətmək olar. «Vücudnamələrdə insan həyatının bütün mərhələləri, hər yaşın səciyyəvi cəhətləri təsvir olunur. Əsasən qoşma və mü­xəmməs formasında yazılan vücudnamələrdə həyat haqqında düşüncələr, dini görüşlər mühüm yer tutur. Aşıq Abbas Tufar­qanlı, Məlikballı Qurban və başqalarının vücudnamələri var» [33, s.538]. Vücudnamə yazan müəlliflər öz şəxsiyyətləri haq­qında müəyyən məlumat versələr də, özlərinin ana bətnində olan­dan etibarən «qəbr evində çəkdikləri əzab-əziyyətləri» əha­tə etməklə guya həyat yollarını təsvir etmişlər. Vücud­na­mə­lər şeirlə yazıldığından müəlliflərin geniş təsvir etmək im­ka­nı nəsrə nisbətən az olsa da toy məclislərində sazla ifa edi­lən vücudnamələr xatirə ədəbiyyatımızın yaranması və inkişafı tarixini öyrənmək üçün az önəm daşımır. Məlikballı Qurbanın AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan vücudnaməsini nümunə üçün göstərmək maraqlı olar.

...Bir yaşında öz anamdan şir aldım,

İki yaşda əkli-şirbə yön aldım.

Üç yaşda danışdım, oynadım, güldüm,

Qəddü qamət dörddə eylədim izhar.
Beş yaşımda dəllək sünnəti çaldı,

Oxumağa meylim altıda oldu.

Yeddidə zehnimə zirəklik doldu,

Səkkizdə Quranı eylədim təkrar.


Doqquz yaşda şüru etdim mənayə

On yaşımda getdim elmi-Yəğmayə.

On birində başım düşdü sevdayə

On ikidə eşqim oldu aşikar.


On üçümdə məclislərdə oturdum,

On dördümdə hər nə varsa götürdüm.

On beşimdə Allaha iman gətirdim,

Fərz ilə sünnəti bildim nə ki var.


On altı yaşımda oldum xirədmənd,

On yeddidə bir xanə eylədim pəsənd.

On səkkiz yaşımda oldum payibənd,

Zövqi-səfa ilə keçdi ruzigar.


On doqquzda qəmdən oldum azadə,

İyirmidə dərkim oldu ziyadə.

Otuzda bərq tək gəzdim havadə

Qırx yaşımda etdim zikri-kirdgar.


Əlli yaşda yarı etdim mənzili,

Altmışda seçdim xar ilən gülü,

Elə ki, yetmişə yetirdim ili,

Ağzımdan dişlərim töküldü pərgar [148].

Aşıq şeiri müəlliflərin həyatlarının müəyyən məqamlarını aydınlaşdırmaq baxımından diqqəti cəlb edir. XV əsrin sonları  XVI əsrin əvvəllərində yaşayıb-yaratmış Aşıq Qurbaninin ömür yolunun önəmli məqamları, həyatının ağrılı-acılı günləri şeir­lərində ifadə olunmuşdur.

İsmim Qurbanidi, kəndim Diridi,

Qaradağdan Qarabağa gedirəm 

deyən Qurbaninin bu şeirindən Diri kəndində doğulduğu ay­dın­laşır. Onun əsli isə Qaradağ mahalından idi.

Əksər hallarda məzar daşlarındakı yazılar tədqiqatçılara də­­yərli məlumatlar verir. Aşıq Valehin (1720-1822) başdaşın­dakı şeirdən əsl adı və ləqəbi müəyyənləşir:

Valeh ləqəbimdir, Səfidir adım,

Allahı sevənlər, budur muradım.

Qəbrim yol kənarında irzillah,

Hər görən desin bir qülfulallah.

Aşıq Valeh «Hanı» rədifli cahannaməsində isə Şərqin bö­yük simaları haqqında məlumat verir:

Hafizü Nəvai, Füzuli, Cami,

Şeyx Sədi, Hilali, Ürfi, Nizami.

Dünya, səndə gəşt eyləyib təmami,

Firdovsi tək nəzmi-dürəfşan hanı?

Şeirlərdə çox vaxt müəllif öz şəxsi keyfiyyətlərindən də bəhs edir. Buna Aşıq Ələsgərin

Yaxşı hörmətinən, təmiz adınan

Mən dolandım bu Qafqazın elini,

Pirə ata dedim, cavana qardaş,

Ana-bacı bildim qızı, gəlini

 misralarını misal göstərmək olar. «Böyük ustad XX əsrin əvvələrində dediyi bir şeirində:

Adım Ələsgərdi, mərdü mərdana,

On iki şəyirdim işlər hər yana

 misralarında çoxlu aşıq yetişdirdiyini iftixar hissi ilə qeyd etmişdir» [31, c.1, s.569].

Aşıq Hüseyn də (1811-1891) şeirlərində özü haqqında, mü­­kəm­məl təhsil alması, çoxlu mütaliə etməsi barədə məlu­mat vermişdir. Müxtəlif ölkələri gəzib-dolaşması onun əsər­lə­rin­dən bəlli olur:

Şəmkirli Aşıq Hüseynəm,

Mən burada yer eylədim.

Urumu, Səlmas, Marağa,

İsfahanı zar eylədim.

Gəzdim Çeçeni, Çərkəzi,

Dəmirqapı Dərbənd, Quba,

Gürcüstanı var eylədim [31, c.1, s.582].

Tərcümeyi-hal örnəkləri Molla Cümənin (1854-1920) ya­ra­dıcılığında daha çox və zəngindir. Məhz şeirlərindəki bioq­ra­fik məlumatlara söykənərək araşdırıcılar onun vətəni, əsli-nə­sə­bi haqqında fikirləri inamla söyləmişlər. Şəkinin Göynük ma­halının Layisqi kəndindən, atasının Salah, anasının Reyhan olması aşıqın şeirlərindən məlum olur. Təhsili, savadı barədə bunları söyləmişdir:

Oxuram, ustaddan almışam dərsi,

Oxumuşam ərəb, türkinən farsı.

Fikrim seyr edər ərşinən kürsi,

Dərin kitabların mənasıyam mən.

AMEA Əlyazmalar İnstitutunun xəzinəsində XIX əsrin son­ları  XX əsrin əvvəllərində yaşayıb-yaratmış Aşıq Talıbın [30] və Aşıq Hüseyn Bozalqanlının [29] tərcümeyi-hal sənəd­ləri saxlanılır. Hər iki sənəd başqası tərəfindən yazıya alın­mış­dır. Tərcümeyi-haldan əlavə burada aşıqların oxuduqları nü­mu­nələrdən seçmələr də verilmişdir. Aşıq Hüseyn Borçalıda xəstə yatarkən qəlbinin təlatümlərini qələmə aldığı gəraylıda belə bildirmişdir:

Qürbət eldə xəstə düşdüm,

Halmı xəbər alan yoxtu.

Qara bağrım şan-şan oluf

Dərmanımı bilən yoxtu.
Qor eyləyif köhnə yaram,

Sağalmağa yoxdu çaram.

Vətənimnən intizaram

O tərəfdən gələn yoxtu.


Söyünəm bəhrə dalmışam.

Canım atəşə salmışam.

Qürbət ölkədə qalmışam

Dahı yada salan yoxtu [29, v.16].

Tərcümeyi-hal sənədlərində Aşıq Hüseynin Aşıq Ələs­gər­lə, Aşıq Mirzə ilə, Aşıq Qədir ilə deyişmələri xeyli maraq do­ğu­rur.

Qeyd edildiyi kimi, gündəlik, tərcümeyi-hal və xatirələrlə yanaşı səyahətnamələr də xatirə ədəbiyyatına daxildir. Onu da bil­dirmək lazımdır ki, səyahətnamələr ayrıca janr kimi tədqi­qa­ta cəlb olumuşdur. Səyahətnamələrin klassik nümunəsi XVII yüzilin görkəmli səyyahı Övliya Çələbinin (1611-1681) iri həcmli  on cilddən ibarət «Səyahətnamə»sidir. N.S.Ba­narlı Ö.Çələbinin özünə əsaslanaraq səyahətə başlama­sını gördüyü bir röyadan sonra gerçəkləşməsini bildirir. Çələbi bir gecə yuxuda Hz.Məhəmmədi görmüş və çox həyəcanlan­dı­ğı üçün «şəfaət, ya Rəsulallah» demək əvəzinə «səyahət, ya Rə­sulallah» söyləmişdir. Fəqət, Hz.Məhəmməd onu həm şə­fa­ətlə, həm də səyahətlə təbşir etmişdir. Ayrıca Sad ibn Əbi Vəq­qas tərəfindən də gördüklərini yazması özünə xatırladıl­mış­dır. Çələbi yuxusunu Qasım paşa Mövləvi Şeyxi Abdullah Dədəyə anlatmış və onun tövsiyəsi ilə əvvəlcə İstanbulda dola­şaraq bu şəhərin zəngin bir portretini canlandırmaqla səyahət­namə yazmağa başlamışdır. Daha sonra Çələbi atasından izin­siz Bursaya səyahət etmişdir. Nəhayət, atasının rizası ilə ge­niş bir yurd gəzintisinə çıxmışdır. Bundan sonra Çələbi müx­­təlif xarici ölkələrə səyahət etmişdir. «Gördüyü yerləri və ha­di­sələri diqqətlə gözdən keçirmək; yerlərin tarixini, hadi­sə­lə­ri­ni anlamağa çalışmaq və bütün əldə etdiklərini mümkün ol­du­ğu qədər əlaqə və maraqoyandırıcı bir ifadə ilə anlatmaq bö­yük səyyahın birinci dərəcəli mövzuları arasındadır» [271, s.689].

Ədəbiyyatşünas V.M.Kocatürk Övliya Çələbinin səyahət­na­mə­si­ni bütünlüklə «Osmanlı imperatorluğunun ən böyük das­tanı» [273, s.481] kimi dəyərləndirir və qeyd edir ki «yazar gəz­diyi və gördüyü yerləri anlatırkən ən geniş təsvirlərlə bir­lik­də maddi və mənəvi təhlillərə, o günə və keçmişə aid bil­gi­lərə də yer verir» [273, s.481]. Lakin bununla belə səyahət­na­­mələrində «gördüyü, söylədiyi hadisələrdən bəzisi inanılma­yacaq əhvalatlardır. Əsərdə nağıllara, xalq arasında yayılan rə­vayətlərə xeyli yer ayrılmışdır» [274, s.126].

İlk dəfə müəyyən bir şəxsiyyət tərəfindən yaradılan folklor nümunələri yüzilliklər boyu yaddaş və xatirələrdə yaşamışdır. Belə nümunələrdən biri də «Koroğlu» eposudur. XVII yüzil şi­fa­­hi xalq ədəbiyyatının ən dəyərli nümunələrindən olan «Ko­roğlu» tərcümeyi-hal örnəklərinin zənginliyi ilə seçilən tarixi-qəh­­rəmanlıq dastanıdır. Tərcümeyi-hal örnəkləri aşıqlar tərə­findən yaradılmış, nəsillərdən-nəsillərə keçə-keçə hər dəfə bir qə­dər dəyişdirilərək mükəmməlləşdirilmiş «Koroğlu» das­ta­nın­­­dakı şeir nümunələrində  qoşma və gəraylılarda aydın şə­kildə əks olunmuşdur. «Koroğlu» qoşmaları və gəraylıları XVII-XVIII əsrlərin əlyazmalarında tez-tez təsadüf olunur. Bu da dastandakı lirik şeirlərin çox məşhur olmasını bir daha sü­buta yetirir. «Koroğlu» qoşmalarında böyük bir əzəmət var. Bu­­rada bir tərəfdən özünə arxalanan, igidliyinə, məğlubedil­məz­­liyinə arxayın olan qəhrəmanların özləri haqqında söylə­dik­­ləri sözlərə, ikinci tərəfdən sərkərdənin dəliləri döyüşə ça­ğı­­ran ruhlandırıcı əmrlərinə, tapşırıqlarına rast gəlirik [28, s.43]. Hələ eposun əvvəlində Koroğlu özünü Dəli Həsənə belə təqdim edir:

Adımı soruşsan bil, Rövşən olu,

Atadan, babadan cinsim Koroğlu;


Mənəm bu yerlərdə bir dəli, dolu,

Gündoğandan ta günbatan mənimdi! [125, s.35].

Koroğlu onu aşıq zənn edən Hasan paşaya isə özü haq­qında bunları bildirir:

Mən anadan mərd olmuşam,

O Çənlibeldən gəlmişəm,

Koroğluyam, at minmişəm,

Yüz min belə fellərim var [125, s.177].

Özünün avtobioqrafik cizgilərini  qonaqpərvər, qeyrətli və namuslu olmasını, çətinliyə düşənə kömək əlini uzatmasını, mərd­lərə arxa, dayaq olub namərdlərdən uzaq durmasını Ko­roğ­lu şeir nümunələrində təsvir edir. O həm də ustad aşıq ol­duğundan bu şeirləri saz havaları üstündə oxuyur. Düşmənlə üz-üzə gələndə:

Baş əymərəm xotkar yazan fərmana,

Gələrsən əlimdən axır amana,

Koroğluyam, nərəm çıxar asmana,

Qoşun qaçar dörd bir yana, əfəndim! [125, s.313].

 deyib özünü tərif edir. Koroğlunun düşmənlə qarşı-qarşıya gəldiyi çətin məqamlarda bir tərəfdən igidliyi xilas edirsə, di­gər tərəfdən dəli nərə çəkərək dediyi qoşmalar ruhlandırır. Bu qoşmalar həm onun dostlarına, həm də Qırata bir güc, qüvvət verir. Bir kəs Çənlibeldə qalıb Koroğlu ilə çiyin-çiyinə düşmə­nə qarşı vuruşmaq arzusunda olanda əgər Koroğlunun sazı, sə­si, sözü ona təsir etsəydi, onun mərd adam olduğu anlaşılardı.

Koroğlu çatdırmaq istədiyi fikrin əsas məğzini, hər hansı bir səfərdən gələndə səfərin necə keçməsi barədə verilən sua­lın cavabını lirik şeirlərlə bildirir. Telli xanımı Ərzurumdan gə­tir­mək məsələsinə gəldikdə Koroğlu sazı sinəsinə basıb deyir:

İgid dəlilərim, xəbərdar olun,

Bu gün bir tədbirə gəlmək gərəkdir.

Ərzurum qızından xəbər gəlibdi,

Mətləbi anlayıb bilmək gərəkdi [125, s.77].

Nigar xanımı Çənlibelə gətirdikdən sonra Koroğlu özünü daha xoşbəxt hiss edir. Nigar kimi xanımı, Çənlibel kimi oy­lağı, Qırat kimi dayağı, düşmənə aman verməyən igidləri olan Koroğlu öz iç dünyasını, daxili aləminin təlatümlərini bu mis­ralarla bildirir:

İstanbuldan buta alıb gəlmişəm,

İstanbulda arzumanım qalmadı.

Çənlibel oylağım, Qırat dayağım,

At minməkdə arzumanım qalmadı [125, s.60].

Qeyd etmək lazımdır ki, «Koroğlunun Ərzurum səfəri» qo­lunda tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Bu qolda Koroğlu Cəfər paşaya olan nifrətini, Dəmirçioğlunu tutmaqla sinəsinə dağ çəkdiyini, Dəmirçioğlu da öz növbəsində ca­nından qorxmayaraq düşmənlə mərdi-mərdanə vuruşduğunu nəzm parçaları ilə bildirir. Koroğlunun özünü türk gözəli Ni­gar xanıma tanıtması, onu hara aparacağı sualına cavabı das­tan­da belə göstərilir:

Alagözlü Nigar səni

Mən Çənlibelə aparram.

Alıb Qıratın tərkinə,

Dönərəm yelə, aparram [125, s.53].

Öz yurd-yuvasına, güllü-çiçəkli oylaq olan Çənlibelə bağlı Koroğlu öz məskənini canından artıq sevir, onunla fəxr edir. Nigar xanımın  Çənlibel budurmu?  sualına qürurla belə cavab verir:

Çiskinli dağların başı,

Nigar, Çənlibel budu, bu!

İgidlər açan savaşı,

Nigar, Çənlibel budu, bu!
Ucalardan uca dağı,

Hərgiz gələ bilməz yağı,

Koroğlutək ər oylağı

Nigar, Çənlibel budu, bu! [125, s.59].

Koroğlu Qıratın dağ başında yel kimi çapmasını, bir aylıq mən­zili bir gündə qət etməsini, düşməni qorxuya salmasını, dar gündə ona dayaq olmasını  bir sözlə Qıratla bağlı bütün fi­kir və düşüncələrini şeir nümunələri ilə bildirir. Qarşı tərəfə, mə­sələn, Eyvaza, Nigar xanıma, Əhməd tacirbaşıya ünvan­la­nan sözlərini də məhz bu üsulla nəzərə çatdırır. İgidlər dar ayaq­da olanda, yəni düşmən tərəfindən tutulanda onları xilas et­məyə gələn Koroğlunu məhz saz üstündə oxuduğu gəraylı və qoşmalardan tanıyır, etdiyi işarələrdən anlayırlar. Qıratın əldən getdiyi, Düratın itdiyi məqamlarda Koroğlunun kədər hissi, igidlərin hünər göstərməsi üçün etdiyi çağırış dediyi lirik şe­ir­lərdə öz əksini tapmışdır. Təkcə Koroğlu deyil, eposdakı su­rət­lərin əksəriyyəti özləri ilə əlaqədar məsələləri, hiss və həyə­can­larını qoşmalar vasitəsilə bildirirlər. Məsələn, aşıq Cünun Telli xanımın gözəlliyindən aldığı təəssüratı, Çənlibel­də qonaq olduqdan sonra özünün duyğularını, Koroğlunun xa­rakterik xüsusiyyətlərini, Çənlibelin necə bir məkan olduğunu bu üsul­la nəzərə çatdırır. Eləcə də Dəmirçioğlu özü ilə bağlı mə­lu­mat­la­rı, özünün igidliyini; Xoca Əziz Koroğlunun üç də­lisinin düş­mən tərəfindən tutulması xəbərini qoşma və gəray­lı­larda gös­tərirlər. Bu xüsusiyyətlər Nigar xanıma da aiddir. O, Ko­roğ­luya göndərdiyi namədə özünü təqdim edir, ona olan mə­həb­­bətini bildirir və Koroğlunun gəlib onu aparmasını ar­zu­layır.

Mən xotkar qızıyam, Nigardır adım.

Şahlara, xanlara məhəl qoymadım,

Bir sənsən dünyada mənim muradım,

İstərəm özünə eylə yar məni! [125, s.44].

Bütün bu deyilənlər dastandakı digər surətlərə də aiddir. Ru­qiyyə xanımın Koroğlunun igidlərinə, Eyvazın Ərəb Rey­hana, Aşıq Cünunun Koroğluya, Dəli Həsənin Əhməd tacir­ba­şıya dediklərini buna misal göstərmək olar. Dastandakı dialoq­ların da əksəriyyəti qoşmalarla verilmişdir. Məhz dialoqlar va­si­təsilə bir tərəf qarşı tərəfə olan münasibətini, çatdırmaq istə­diyi fikrin əsas məğzini, qəlbinin təlatümlərini, hiss və həyə­ca­nını verməyə nail olur. Əsərdəki qəhrəmanlardan hər hansı biri çətinliyə düşəndə ona köməyə gələn dostlarının hansı tədbir görəcəyini də şeir nümunələrindən anlayırlar. Dialoqlar burada da əsas istinad mənbəyi olur. Eposda Telli xanımla Dəmir­çioğ­lunun, Aşıq Cünunla Eyvazın, Koroğlu ilə qəssab Alının, Bəlli Əhmədlə Məhbub xanımın, Dünya xanımla İsabalının dialoq­ları tərcümeyi-hal örnəklərinin bolluğu ilə seçilir.

XVIII əsrin görkəmli şairi Molla Pənah Vaqifin həyatı haq­qında bilgilərə gəldikdə nəzərə çatdırmaq lazımdır ki, bir çox mənbələrlə yanaşı Mirzə Yusif Qarabağlının (1798-1864) «Məc­mueyi-Vaqif və müasirini-digər» əsərinin müqəddimə­sin­­də bu barədə məlumat verilmişdir. Azərbaycan xalqının adət-ənənələrini özündə əks etdirən Vaqif yaradıcılığında hə­yata nikbin baxış özünün bədii ifadəsini tapmışdır. «Həyat ha­disələrini, insanın canlı meyl və ehtiraslarını çox incəliklə mə­nalandırıb, ümumiləşdirmək cəhətdən Vaqif şeiri ilə Vidadi poe­ziyası arasında ruhi bir yaxınlıq vardır. Bu yaxınlıq hər iki sənətkarın bədii üsul, üslub xüsusiyyətlərində, şeirin müxtəlif formalarından istifadədə əhəmiyyətli yer tutur» [77, s.88]. M.P.Vaqifin M.V.Vidadi ilə müşairəsində hər iki şairin av­tobioqrafik cizgiləri, şəxsi keyfiyyətləri, dünyagörüşləri can­lan­dırılmışdır. Vidadiyə görə Vaqifin cavan olduğu üçün bu dün­yanın çətinliklərindən bixəbər olduğu, Vaqifə görə bu dün­ya­nın əzabının da toy-bayram olduğu, Vidadinin bədbin, Va­qifin nikbin əhvali-ruhiyyəsi poetik boyalarla təsvir edil­miş­dir.
Vidadi

Elə ki, taxıldı burnuna çeşmək,

Qocalıq əl verib, dəxi nə şişmək...

Uşaqlar içinə düşər gülüşmək,

Sənin də acığın tutar, ağlarsan!
Vaqif

Müxəmməs deməyin seyrəklənibdir,

Bayatıda zehnin zirəklənibdir,

Qocalıbsan qəlbin köyrəklənibdir,

İşdən-gücdən olub bekar ağlarsan! [248, s.221]

Ədəbiyyatşünas Araz Dadaşzadə M.P.Vaqif ilə M.V.Vida­di­nin müşairəsinin hər iki sənətkarın yaradıcılığında diqqətə­la­yiq yer tutduğunu söyləməklə yanaşı onların müəyyən məsə­lələr barədə öz nöqteyi-nəzərlərini izah etmək baxımından da də­yərli olduğunu qeyd etmişdir. Araşdırıcı çox haqlı olaraq göstərir ki, «Vaqifin nikbinliyi onun Vidadi ilə deyişməsində xüsusilə qabarıq, əyani şəkildə üzə çıxır. Vidadi şeiri kədər, küs­­künlük ruhu ilə yoğrulmuşdur. O, dünyanı əzab-əziyyət məs­kəni sanmış, əsl sakitliyin, rahatlığın axirətdə olması fik­rini yəqinləşdirmişdi. Dünyabaxışı etibarilə bir-birinə zidd möv­­qelərdə duran iki sənətkarın mənəvi mübahisəsi XVIII əsr li­­rikasının fəlsəfi problemlərinə nüfuz etməyə imkan yaradan əsas məxəzlərdən biridir» [31, c.3, s.661].

Şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsində məktub­laş­maların əhəmiyyəti xüsusilə vurğulanmalıdır. XVIII əsrin məşhur siyasi xadimi Nadir şah Əfşarın müxtəlif ölkələrin baş­çıları və məmurları ilə yazışmaları onun «gərgin, keşməkeşli və müvəffəqiyyətlərlə zəngin həyatında diplomatiyanın» [180, s.3] xüsusi yeri olduğunu təsdiqləməklə yanaşı, eyni zamanda məktublaşmanın neçə əsrlər bundan öncə önəmli olduğunu bir daha nəzərə çatdırır.

Nadir şahın xarici dövlətlərlə əlaqəsi Xorasan alimi Mə­həmməd Hüseyn Qüddusinin «Nadir şah» [144] əsərində daha əhatəli təsvir olunmuşdur. Müəllif bu böyük fatehin keçdiyi döyüş yollarını, əldə etdiyi uğurları, çətinlikdən çox asanlıqla çıx­maq bacarığını, əzəmətli şəxsiyyətini hərtərəfli işıqlan­dır­mışdır. Əsər əsasən tarix kitablarına, eyni zamanda Nadir şah haq­qında rəvayətlərə istinadən yazılmışdır.

XVIII əsr ədəbiyyatında meydana gələn tarixi mənzumə­lər­də də dövrün tarixi olayları yazıya alınmış, dövlət adam­la­rı­nın, siyasi xadimlərin tərcümeyi-halları verilmişdir. Mənzumə­lər­də şairlər hadisələrə öz münasibətlərini bildirmiş, öz hiss və hə­yə­can­larını, mənəvi iztirablarını ifadə etmişlər. «Mənzumə­lə­ri ta­rixi mənbə və sənədlərlə tutuşdurduqda aralarında bir yaxınlıq, bəzi hallarda isə eynilik görünür. Burada çox zaman fak­toq­ra­fiya bədiiliyə üstün gəlir, tendensiyaçılıq özünü biruzə verir. Lakin bu da həqiqətdir ki, məhz mənzumələrdə müəl­lif­lər ro­mantik-fantastik dünyadan uzaqlaşıb, konkret həyati ma­te­riala müraciət etmişlər və onların bizim üçün əhəmiyyəti də əsasən elə bundadır. Həmin mənzumələrdə XVIII əsrin tarixi mən­zə­rə­­sini oxumaq mümkündür. XVIII əsr şairləri öz mən­zu­mə­lə­rin­də dövrün bir sıra mühüm münaqişə və hadisələrinə, sima­la­rına aid materialları öz bədii düşüncələrindən keçirib oxucu­ya çatdırmağa çalışmışlar» [31, c.3, s.474].

Beləliklə, yuxarıda söylənənləri yekunlaşdıraraq bildirmə­li­yik ki, orta əsr müəllifləri xatirələr, tərcümeyi-hallar, həyat və fəaliyyətlərini əhatəli əks etdirən əsərlər yazmasalar da, on­lar haq­qında müxtəlif mənbələrə, təzkirələrə istinadən, ən əsası isə müəlliflərin bilavasitə öz əsərlərinin elmi şəkildə tədqiqi nə­­ti­cəsində fikir söylənilmişdir. Müəlliflərin öz əsərlərində hə­yat və fəaliyyətləri haqqında verdikləri məlumatlar xatirə ədə­biy­yatının ilkin qaynaqları hesab edilə bilər. Bunlar Azər­bay­can xatirə ədəbiyyatının zəngin və köklü ənənəyə malik oldu­ğu­nu açıq-aşkar sübuta yetirir.



Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin