TƏRCÜMEYİ-HAL ÖRNƏKLƏRİNDƏ
ŞƏXSİYYƏTİN İFADƏSİ
Qeyd edildiyi kimi, müəlliflərin bədii əsərlərdə özləri, dövr və müasirləri haqqında müxtəlif məlumatların verilməsinin qədim tarixi vardır. Orta əsr müəlliflərinin yaradıcılığında tərcümeyi-hal örnəkləri zaman keçdikcə mükəmməlləşmiş və bir ənənə şəklini almışdır. Artıq XIX əsr müəllifləri avtobioqrafik məlumatlara diqqəti daha çox cəlb etməyə başlamışlar. Bu dövr Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin əsərlərində avtobioqrafik məlumatlara geniş yer verilmişdir. Realist şeirin inkişafında böyük xidmətləri olan Qasım bəy Zakirin (1784-1857) müxəmməsləri şəxsi həyatı, əhval-ruhiyyəsi ilə əlaqədar olan lirik nümunələrdir. Akad. Feyzulla Qasımzadə çox haqlı olaraq qeyd edir ki, qocalıqdan şikayət edən müxəmməsində o, cavanlıq illərini həsrətlə xatırlayır, həyatının nəşə dolu səfalı gənclik illərinə qayıtmağın artıq mümkün olmamasından mütəəssirlənir, lakin bədbinləşmir:
Zakirəm, türfə xiyaban ilə bağım vardır,
Yatmağa, durmağa zəngin otağım vardır,
Nə qədər aşü plov yesə qonağım vardır,
Yaxşı həvvədələrim, oğlum, uşağım vardır.
Yoxdu bir özgə qəmim, fikrü xəyalım, qocalıq.
Şairin «Ağarıbdır» rədifli müxəmməsində də eyni əhval-ruhiyyəni görmək olar. Bu müxəmməsdən aydın olur ki, Zakirin saçları 33 yaşında ağarmağa başlamışdır. Hər iki müxəmməs şairin həyatını öyrənmək baxımından əhəmiyyətlidir [134, s.92].
Dost və tanışlarına yazdığı mənzum məktublarında da Zakir öz həyatına toxunmuş, çətinlik və məhrumiyyətlərindən bəhs etmişdir. «Məktublarla yaxından tanışlıq göstərir ki, şair bəzən ruhdan düşsə, ümidsizliyə qapılsa da ona üz verən çətinlik və məhrumiyyətlərə axıradək mətanətlə sinə gərmiş, mənfur qanun-qaydalar, özbaşınalıq və eybəcərliklər əleyhinə öz narazılığını, qəzəb və kinini məktublarda cəsarətlə əks etdirmişdir» [134, s.194].
Nəzərə çatdırmaq lazımdır ki, M.M.Nəvvabın təzkirəsində Q.Zakir haqqında dəyərli məlumatlar vardır. Şairin xarici görkəmini təsvir edən Nəvvab onunla əlaqədar müşahidələrini qələmə almışdır: «...mən onu görəndə təqribən 55 yaşı var idi. 1271-ci ildə vəfat etmişdir. Xoşsifət, ağ, ucaboy, incə qamətli və göygöz bir adam idi. Həmişə mənim Qurandan dərs dediyim məktəbin qarşısında oturacaq yerində əyləşərdi. Hər dəfə də əlində qələm və kağız olardı və şeir yazardı. Çox vaxt incə həcvlər deyərdi, türk (Azərbaycan) və fars dillərində qəsidə, qəzəl, müxəmməs, dördlüklər yazıb hamıya verərdi» [191, s.49].
Ədəbiyyatşünas Ə.Müznib isə Q.Zakirin tərcümeyi-halını tərtib edərək onun zahiri görkəmi ilə yanaşı yaşadığı mühitin səciyyəsini vermişdir. O qeyd etmişdir ki, türk, fars və ərəb dillərini mükəmməl bilən Zakir yaraşıqlı, qüvvətli və bacarıqlı olduğundan onun Şuşadan uzaqlaşdırılıb Xındırıstan kəndində yaşaması məsləhət görülmüşdür. Çünki xanlıq idarəsini ələ almaq istəməklə Mehdiqulu xanın başını qarışdıranlar həddən ziyadə idi [179]. Bununla belə, Zakir nəzərdən uzaq tutulmamışdı və daima diqqət mərkəzində idi. Zakirin həyatının bəzi məqamlarına aydınlıq gətirən Müznib şairin bir sıra şeirlərindən nümunələr də vermişdir.
XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış siması, ensiklopedik biliyə malik olan Abbasqulu ağa Bakıxanovun (1794-1847) yaradıcılığı avtobioqrafik örnəklərin zənginliyi ilə seçilir. Əsərlərini Azərbaycan, fars və ərəb dillərində yazan ədibin «Xəyalın uçuşu» [38, s.185] poemasını xüsusilə qeyd etmək olar. Bakıxanov burada Rusiyadan Lehistana (Polşaya) səyahət edib gəzdiyini və bir neçə ay Varşavada qaldığını qələmə almışdır. O, gözəl Varşavanın təsvirində aciz olduğunu və şəhəri söz ilə təsvir etməyin mümkün olmadığını bildirir, buranı əyani olaraq görməyi tövsiyə edir. Poema şairin həyatının müəyyən dövrünü işıqlandırır. Əsərdə müəllifin Varşavada keçirdiyi günlər, iştirak etdiyi ziyafət məclisləri, oranın adət və ənənələri təsvr olunmuşdur. Əsər vətənpərvərlik ruhunda qələmə alınmışdır. Belə ki, müəllifin nəzərində öz kəndi Əmsar böyük şəhərlərdən çox-çox üstündür və şeirin sonunda bu xüsusilə vurğulanır. Varşavada olarkən A.Bakıxanov bir çox mötəbər məclislərdə olmuş, tanınmış şəxslərlə görüşmüşdür. Bunlar arasında müəllif İvan Fyodoroviç Paskeviçin adını xüsusilə qeyd edir. Məlumdur ki, geniral-feldmarşal Paskeviç Polşada çar canişini olmuşdur. O, hər gecə təmtəraqlı məclislər təşkil edər və Bakıxanov da bir çox nüfuzlu adamlarla yanaşı bu məclislərin qonağı olardı. Şairin həyatının bu dövrü «Xəyalın uçuşu»nda öz əksini tapmışdır. Bakıxanovun «Firəng məclisi» [38, s.194], «Ərzi-əhval» [38, s.182] şeirləri də «Xəyalın uçuşu» əsəri kimi avtobioqrafik səciyyə daşıyır.
Abbasqulu ağa Bakıxanov bir çox əsərlərinin yazılma səbəbini həmin əsərin özündə vermişdir. Məsələn, «Qanuni-Qudsi» əsərinin yazılma səbəbini belə izah edir: «Səyahətim zamanı müxtəlif xalqlarla görüşdüm, məlumatım artdı və fars dilinin sərf-nəhvini yazmağa özümdə istedad gördüm. İstədim ki, vətənə və gənclərə bir xidmət olaraq bir nüsxə tərtib edəm. Rus və ərəb sərf-nəhvlərinə uyğun olaraq fars dilinin sərf-nəhvini yazdım» [137, s.83].
Özünə tənqidi yanaşan, təvazökar bir şəxs olan Bakıxanovun «Təhzibi-əxlaq» («Əxlaqın təmizlənməsi») əsərinin müqəddiməsində bu keyfiyyətləri daha aydın nəzərə çarpır. Müəllif yazır: «Gənclik çağlarında öz ağlıma tamamilə inanırdım, nöqsanlı olduğumu heç zaman ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir işi və ya istəyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirirdim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların günahı mənim düşündüyüm qədər deyildi. Getdikcə təhqiqatım və təcrübəm artdı, öz ağlımın dərəcəsinə şübhə etməyə başladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana çıxdı» [38, s.23]. Müəllif etiraf edir ki, vaxtilə zehni və zəkası xudbinlliyinə qalib gəlsəydi, bu gün peşmançılığını çəkdiyi işləri etməzdi. O, təcrübəyə deyil, təsadüflərə qapıldığını, özünə həqiqəti deyil, xəyalı rəhbər tutduğunu, bir çox lüzumsuz şeyləri əldə edərək lazımlılarından xəbərsiz olduğunu, bununla belə, dünyanın qabaqcıl adamlarının, alimlərinin əsərlərini oxumaqla çox faydalar əldə etdiyini bildirir.
A.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif 1794-cü il iyun ayının 10-da anadan olmasını, 7 yaşında oxumağa qoyulmasını, Qubada 10 il ərəb dili və digər fənləri öyrənməsini, general Yermolovun dəvəti ilə dövlət vəzifələrində işə təyin edilməsini, Tiflisdə rus dilini öyrənməklə müxtəlif elmlərlə tanış olmasını nəzərə çatdırmışdır. Bakıxanov yazır ki, «vəzifə işləri ilə əlaqədar olaraq və bu il dövlət böyüklərinin hüzurunda olmaq münasibətilə Şirvan, Ermənistan, Dağıstan, Çərkəzistan və Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım. Anadolu və Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər və əhalinin müxtəlif təbəqələrinə mənsub adamlarla görüşdüm. İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) böyük əmir Paskeviçin yaxın adamlarından biri oldum. 1248-ci (=1833) ildə səyahət qəsdi ilə səfərə çıxıb iki il Don ölkəsini, Malorossiyanı, Velikorusiyanı, Liflyandiyanı, Litvanı və Lehistanı gəzdim. Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm. Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə hər bir işdən bilik və təcrübəmi artırdım» [37, s.221]. Həyat və fəaliyyətindəki əsas məqamları göstərdikdən sonra Bakıxanov öz əsərləri haqqında qısa məlumat vermişdir. Əsərin nəticə hissəsində «Şirvan və ona qonşu olan vilayətlərdən yetişmiş şəxslərin tərcümeyi-halları haqqında» yazılar verilmişdir. Bu şəxslər arasında Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əbül Əla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, İzzəddin Şirvani və başqaları vardır. Müəllif ədəbiyyatımızın görkəmli söz ustadlarının yaradıcılığından bəhs edir, diqqəti ömür yollarının maraqlı anlarına yönəldir, onlar haqqında qısa məlumat, əsərlərindən nümunələr verir.
«Gülüstani-İrəm»i yazarkən Bakıxanov müxtəlif mənbələrdən, eləcə də tarix kitablarından, təzkirələrdən, xalq arasında yayılmış rəvayət və əfsanələrdən istifadə etmişdir. Hadisələr 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan müqaviləsi» ilə başa çatdırılır. Müəllifin bu dövr haqqında verdiyi məlumat daha mükəmməl və zəngindir. Çünki Bakıxanov bu dövrdə baş verən bir çox olayların şahidi olmuşdur. Tədqiqatçı Ə.Əhmədov Bakıxanovun dövrü, həyatı və fəaliyyətindən bəhs edən monoqrafiyasında [277] yazıçının «Gülüstani-İrəm» əsərindəki qısa tərcümeyi-halına əsaslanmışdır. Şair İbrahim Göyçaylı isə A.Bakıxanov haqqında yazdığı «Ömrün payız göynəyi» adlı poemasında Bakıxanovun uşaqlıq və gənclik illərini, Qafqaz canişinliyində işə dəvət olunmasını, orada tərcüməçilik fəaliyyətini, digər elmi əsərlərlə yanaşı «Gülüstani-İrəm» tarixi traktatının yazılması dövrünü, Quba üsyanı zamanı görüşlərini, Kəbəyə ziyarətini və orada dünyasını dəyişməsini ətraflı qələmə almışdır.
Yazdığı əsərləri ilə Azərbaycan ədəbi və ictimai fikir tarixində dönüş yaratmış Mirzə Fətəli Axundovun (1812-1878) əsərləri həyat və fəaliyyətini, dövrünü işıqlandıran məlumatlarla zəngindir. Ədibin yaradıcılığını tədqiq edən araşdırıcılar əsasən onun 1874-cü ildə farsca yazdığı «Bioqrafiyayi, yəni sərgüzəşti-kolonel Mirzə Fətəli Axundzadə» adlı tərcümeyi-halından yararlanmışlar. Axundovun bir şəxsiyyət, bir insan, bir ailə başçısı, bir ədib kimi keçdiyi ömür və yaradıcılıq yolunu izləmək baxımından əhatəli, dolğun sənəd olan bu tərcümeyi-halın əhəmiyyəti əvəzsizdir. Həyatının yaddaqalan anlarına toxunan Axundov yeni əlifba haqqındakı fikirlərini şərh edir, bəzi əsərlərinin yazılma səbəbini izah edir. Müəllif dostları haqqında məlumat verməyi də lazım bilmişdir: «Kəmalüddövlə» əsəri vasitəsilə özünə coxlu dostlar və həmfikirlər tapmışam. Onlardan biri Mirzə Yusif xandır ki, o vaxt İran dövləti tərəfindən Tiflisdə konsul idi. Sonra Parisdə İran dövlətinin səlahiyyətli naziri vəzifəsinə təyin olundu. Biri də Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. O, mənimlə dost olmuşdu, məktublaşardı və məni sonsuz dərəcədə əziz tutardı… Dostlarımdan biri də təbrizli Ağa Ələkbərdir ki, Babayev famili ilə şöhrət qazanmışdır. Oğlum Belçika Universitetinə getdikdən sonra daima mənimlə həmsöhbət olub, oğlumdan ayrılıq günlərində mənə təsəlli olmuşdur» [12, s.271].
Axundov dost və həmfikirlərinin şəxsi keyfiyyətlərini, gözəl xüsusiyyətlərini sadalayır və bu cəhətlərə malik bir çox yaxınlarının olduğunu vurğulayır. Bütün bunlar Axundovun tərcümeyi-halının xatirə örnəkləri ilə zəngin olduğunu təsdiq etməklə ədibin çevrəsində olan insanları daha yaxından və ətraflı tanımağa imkan yaradır. M.F.Axundov məqalə və məktublarının əksəriyyətində həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərinə toxunur və ictimai-fəlsəfi fikirlərini yaşadığı ömür yolu ilə əsaslandırır. «Ərəbcə, farsca və türkcədən ibarət olan islam dillərinin yazısı üçün yeni əlifba» məqaləsində, Zaqafqaziya baş komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova, Qafqaz canişini dəftərxanasının direktoru M.P.Şerbinə, Əsgərxan bəyə, Hüseyn Nizamüddövləyə və bir cox başqa şəxslərə yazdığı məktublarında bu xüsusiyyətlər açıq-aşkar görünür. Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzen-Şternə yazdığı məlumat vərəqəsində isə Axundov maddi vəziyyətinin çətinliyini, ona çatacaq təminatın təxminən üçdə birindən məhrum olduğunu bildirərək yazır: «… Tiflisin bu bahalığında mənim boynumda 16 başdan ibarət bir ailənin yükü vardır. Xəzinədən verilən maaşdan başqa mənim heç bir gəlir mənbəyim yoxdur. Hərçənd mənim bir evim var, lakin o da şəhərin əlverişli olmayan hissəsində yerləşdiyi üçün gəliri güc-bəla ilə ancaq onun təmir xərcini, bir də tikinti komissiyasından aldığım borcun illik qismini ödəməyə çatır. Halbuki bütün Zaqafqaziya müsəlmanları arasında yaxşı keyfiyyətlərlə tanınıb onların hörmətini qazandığım üçün mən ölkənin adəti üzrə onların möhtərəm adamlarını Tiflisə gələrkən duz-çörəyə qonaq etməkdən boyun qaçıra bilmərəm» [12, s.85].
Mirzə Fətəli Axundovun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunda fars [291] və rus [278] dillərində qələmə alınmış tərcümeyi-halı saxlanılır. Axundov «İstanbul xatirələri»ndə [14] İstanbula yeni əlifba məsələsi üçün gedərkən orada dövlət adamları ilə apardığı müsahibədən bəhs edərək «Təmsilat»dan və yeni əlifbaya aid kitabçalarından kimlərə hədiyyə etdiyini göstərir. Müəllif xatirələrində İstanbula səfəri zamanı orada bir sıra dövlət adamları ilə görüşdüyünü və onlarla yeni əlifba haqqında danışarkən iştirak edənlərdən yunanlı Aleksandr adlı bir şəxslə apardığı müsahibəni təsvir etmişdi. Axundov həmin məclisdə Aleksandrdan narazı qaldığı üçün sabahı günü bu barədə orada olan ən yaxın adamı və dostu Münif əfəndiyə yazdığı məktubunda bildirmişdi.
H.Həsənov yazır ki, görkəmli Azərbaycan maarifpərvəri Firidun bəy Köçərli M.F.Axundovun tərcümeyi-halını tərtib edərkən Rəşid bəylə sıx əlaqə saxlamış və onun verdiyi məlumatların dəyərini və əhəmiyyətini qeyd etmişdi. By barədə o özünün «Azərbaycan tatarlarının ədəbiyyatı» kitabında və M.F.Axundovun 100 illik yubileyi münasibətilə 1911-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan xüsusi broşurada yazmışdı [286, s.152].
Memuar janrına tərcümeyi-hal, gündəlik, səyahətnamələrlə yanaşı məktubları da daxil etmək olar. Belə ki, gündəlik kimi şəxsi məktublar da asanlıqla memuar hekayəsi şəklini ala bilər. Şəxsi yazışmalarda ikitərəfli əlaqələr dairəsi bu günlə əlaqələndirilir. Bu, külli miqdarda maraqlarla və gündəlik həyatda çətin anlaşılan mübahisələrin reallaşması ilə zəngindir. Çünki məktub müəllifi ünvan sahibini, mövzusu hər iki yazışan üçün aktual olan çağdaş varlığın olayları ilə xəbərdar edir. M.F.Axundovun dövlət xadimlərinə, İranın maarifpərvər yazıçılarına, din xadimlərinə yazdığı məktubları yaradıcılığının öyrənilməsi ilə yanaşı dövrün kaloritini, ümumi mənzərəsini canlandırmaq baxımından əhəmiyyətlidir. Məktubların əsas hissəsi yeni əlifba haqqındadır. Məktublarda bəhs olunan ikinci mövzu «Kəmalüddövlə məktubları»nın nəşri və təbliği işləridir. Belə ki, ədib bu əsərini nəşr etdirmək üçün dünyanın müxtəlif şəhərlərində yaşayan dostlarına və tanışlarına müraciət edərək onlarla məktublaşmışdır. Məktubların bəzisi «ünvanından başqa əsla məktuba oxşamır. Bu haqda müəyyən təsəvvür əldə etmək üçün yalnız bu faktı qeyd etmək kifayət edər ki, M.F.Axundovun Cəlaləddin Ruminin «Məsnəvi»si haqqında yazdığı məşhur əsəri həqiqətdə dostu Şeyxülislam Axund Molla Əhməd Hüseynzadəyə göndərdiyi məktubdur... Mirzə Yusif xanın «Yek kəlmə» əsəri, Mirzə Ağanın pyesləri, «Risaleyi-irad» və «Kritika» da ədibin öz qələm yoldaşlarına və müasirlərinə yazdığı məktublardan ibarətdir» [13, s.5]. Bu məktublar M.F.Axundovun müasirlərinin tanınmasında, qələm yoldaşlarının əsərləri haqqında məlumatın əldə edilməsində mühüm rol oynayır. Məktubların üzünü səliqə ilə köçürüb saxlayan ədib dostlarına da bu məktubları xüsusi bir dəftərə yazıb saxlamağı məsləhət görürdü. Ədəbiyyatşünas İslam Ağayev qeyd edir ki, M.F.Axundov publisistikasının əsas qismi məktub formasındadır. Onun «məktubları rəngarəng publisist ifadə vasitələri ilə zəngindir. Bu məktublarda yazıçı əsasən təşviqedici müraciət üsulundan istifadə edir. Öz ideyalarını müasirlərinə elmi və məntiqi mühakimələrlə çatdırır» [9, s.155].
M.F.Axundovun Brüsseldə təhsil alan oğlu Rəşidlə olan yazışmaları şəxsi həyatındakı bir çox məqamlara aydınlıq gətirir. Yazıçının Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivində Rəşid bəyin atasına ünvanladığı 53 məktubu və ədibin oğluna 2 məktubu vardır. F.e.d. Məmməd Adilov haqlı olaraq yazır ki, «Rəşid bəyin epistolyar irsinin tədqiqi, bir tərəfdən, onun atası Mirzə Fətəli ilə şəxsi münasibətlərinin, ikinci tərəfdən, ata və oğulun şəxsiyyətlərinin, nəhayət, üçüncü tərəfdən, XIX əsrin ikinci yarısında Azərbaycan ziyalılarının cərəyan edən hadisələrə münasibətinin öyrənilməsi üçün maraqlı faktlar verir» [207, s.32]. Ata ilə oğul arasında təxminən 5 il davam edən yazışmalar M.F.Axundovun müstəqil və məqsədyönlü tərbiyə üsulunu izləməyə imkan verir ki, bu da görkəmli yazıçının görünməyən, az məlum olan tərəfini nəzərə çatdırır. Ümumiyyətlə, «məktublardan biz Axundovun hərtərəfli inkişaf etmiş ziyalı, yüksək zəkalı alim və mütəfəkkir, feodal qalıqları ilə amansız mübarizə aparan maarifçi, alovlu vətənpərvər, gözəl və nəcib sifətlərə malik olan böyük insan, səmimi dost, qayğıkeş ata olduğunu öyrənirik» [135, s.29].
XIX yüzilliyin bir çox şairlərinin əsərlərində avtobioqrafik məzmun özünü açıq-aydın ğöstərir. Bu dövr Azərbaycan şeirinin tanınmış nümayəndələrindən olan Mirzə İsmayıl Qasir (1805-1900) «Şərhi-hal»ında əslinə və haralı olmasına işarələr etmişdir:
Səlim oğlu İsmayılam, Dövlətxanın nəsliyəm,
Mənşəyimdir Gilanzəmin, ana yurdum da Şirvan [139].
Qasir müxtəlif şəxslərə yazdığı mənzum məktublarında isə qarşı tərəfə olan münasibətini, özünün əhvalını, arzusunu, maddi və mənəvi ehtiyaclarını bildirmişdir.
Lirik şeirin tanınmış nümayəndələrindən olan Bahar Şirvaninin (1835-1883) «Nərgiz və Gül» məsnəvisi də avtobioqrafik səciyyə daşıyır. Cənubi Azərbaycanın Qaradağ mahalının Əhər qəsəbəsindən olan Əndəlib Qaracadağinin «Qisseyi-Leyli və Məcnun» poemasında isə qismən tərcümeyi-hal ünsürləri vardır. Poemada müəllifin məhəbbət macərası təsvir olunmuşdur.
Yaradıcılığında klassik poeziya ilə şifahi xalq ədəbiyyatı vəhdət təşkil edən Seyid Əbülqasım Nəbati (1812-1873) əsərlərində də tərcümeyi-hal əlamətləri duyulur. Onun uşaqlıq illəri Üştibində və Qaracadağda keçmişdir. Yeniyetmə dövründə isə atası ilə birlikdə Azərbaycanın bir çox yerlərini gəzmişdir. Məhz «şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaracadağdan başqa Qarabağda Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, habelə Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır» [81, s.5].
Cənubi Azərbaycan şairi Mirzə Mehdi Şükuhi Əndəlib Qaracadaği və Əbülqasım Nəbatidən sonra xalq şeiri tərzində yazan ən qüdrətli şairdir. Klassik şeir ənənələrini XIX əsrdə davam etdirən Şükuhi yoxsul həyatını özü haqqında yazdığı bir məsnəvidə belə bildirmişdir:
Xalq içində mənim adım yox idi,
Hamı görmüşdü bir zalım yox idi.
…Köhnə paltar alıb satardım mən,
Gecələr ac-susuz yatardım mən [119, s.33].
XIX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şair, xəttat, rəssam, musiqi nəzəriyyəçisi Mir Möhsün Nəvvabın (1833-1919) müasirlərinə şeir şəklində yazdığı məktublarında tərcümeyi-hal əlamətləri sezilir. Xurşudbanu Natəvana, Mirzə Əbdül Şahinə, Kəminəyə, xəstə olduqları zaman Xan Qaradağiyə, Mirzə Ələsgər Növrəsə, «Məclisi-üns»ün iştirakçılarına, «Məclisi-fəramuşan»ın üzvlərinə ünvanlanan şeirlər Nəvvabın «Divan»ına daxil edilmişdir. Bunlar arasında Xan Qaradaği ilə bağlı olan şeirlər üstünlük təşkil edir. Belə ki, burada Xan Qaradaği xəstə olduğu zaman yazılmış şeirlərdən əlavə Nəvvabın ona bir neçə cavab şeiri, məktub, qəzəl, təsəlli başlıqlı, eləcə də ölümü münasibətilə yazdığı əsərləri vardır. Şeirlərin birində şair Xan Qaradağiyə nəsihət verir:
Otuz dəfə dad etmişəm sənə mən,
Zahidlərə uymagilən, ağa, sən.
Gecə-gündüz bunlar ilə düşmüşəm,
Görməmüşəm heç birində vəfa mən.
Xidmətində oturasan yüz illər,
Görəcəksən, aya, dərdə dəva sən.
Dəva bilsə keçəl başına eylər,
Cənabına bilmə zəhmət rəva sən.
Yüz il sənə vədə versə inanma,
Bittəqadir, saf bilgilən hava sən.
Nəvvabdan qəbul qıl nəsihət,
Ta görəsən dərdlərinə şəfa sən [190, s.65].
Azərbaycan ədəbiyyatı tarixində mühüm xidmətləri olan Seyid Əzim Şirvaninin (1835-1888) tərcümeyi-halına dair ilk mənbə yetərincə yeyil. Bu səbəbdən araşdırıcılar onun həyatını əsasən əsərlərindəki avtobioqrafik məlumatlar əsasında öyrənmişlər. Şairin avtobioqrafik məzmunlu «Nazimin ifadəsi» şeiri bu baxımdan maraq doğurur. Əsərdə Seyid Əzimin həyatında baş vermiş bəzi olaylar əks olunmuşdur. Şair elmləri öyrənməyini bildirərək yazmışdır:
Oldum ol gün ki,çardəh salə,
Düşmədim fikri-dövlətü malə.
Eylədim arifanə kəsbi-ülum,
...Oxudum nəhvü sərfü fiqhü üsul,
Hikmətü heyət eylədim məhsul [115, s.13].
Avtobioqrafik məzmunlu «Şikayət» şeirində isə Seyid Əzim Şirvani ailə həyatını təsvir edir, ailəsinin ehtiyac içində yaşadığını göstərir, evini qəbrə bənzədir, ailəsini isə diri ikən ölü zənn edir. Ailəsinin maddi sıxıntısını şair Şamaxının varlı bəylərindən olan, mütərəqqi fikirli Həsən bəy Həbibbəyova məktub vasitəsilə bildirmiş və ondan yardım istəmişdir. Məktubun bir yerində Şirvani uşaqlarının vəziyyətini bu cür təsvir etmişdir:
Evimiz bir,iki,üç həftə çörəksiz qaldı,
Gah bişirdik noxudu, gah yedik lobyanı,
Qanını şişəyə tutdu fələk ol tifillərin,
Ac qalıb, qaçdı uşaqlar dodağından qanı.
Gecələr nəql dedim körpə uşaqlarım üçün,
Nisyə sözdən nə yetir,çeynədilər yorğanı [115, s.19].
Araşdırıcı Sadıq Hüseynov Seyid Əzim Şirvaniyə həsr etdiyi tədqiqat əsərində [114] şairin avtobioqrafik məzmunlu şeirlərindən, eləcə də məktublarından yararlanaraq onun tərcümeyi-halının ayrı-ayrı məqamlarına toxunmuş, həyat və yaradıcılığını hərtərəfli işıqlandırmışdır.
S.Ə.Şirvaninin müasiri Mirzə Rəhim Fənanın (1841-1929) təşəbbüsü ilə Şuşada 1864-cü ildə «Məclisi-üns» açılmışdı. Fəna xatirələrində «Məclisi-üns»ün şöhrəti haqqında bunları yazmışdır: «Məclisi-üns»ün sədası Qafqaziyyə şəhərlərində intişar tapdığından, ən əvvəl şüərayi-Şirvan cənab Hacı Seyid Əzim, Bixud, Ziya, Zühuri qəzəllər yazıb «Məclisi-üns» şairlərilə cəvabi – dustanə əda etdilər. Şəkidən İsmayıl bəy Sədrəddinbəyov Kərim adına şeir yazdı, cavab aldı. Naxçıvandan mərhum Sidqi izharı – məhəbbət etdilər» [87]. Xurşudbanu Natəvan (1830-1897) 1872-ci ildə bu məclisə daxil olduqdan sonra «Məclisi-üns» daha da şöhrətlənir. Mir Həsən Ağamirovun xatirələrində bunlar daha ətraflı şərh edilir. «Məclisi-üns»ün üzvlərindən Ağahəsən Yüzbaşov, Mirzə Rəhim Mirzəliyev, İskəndər bəy Əsəd bəy oğlu, Fatma xanım Kəminə, Novrəs, Mirzə Sadıq, Molla Vəli Xəlifə, Mirzə Əli kimi şairlərdən bəhs edən xatirə müəllifi Xurşudbanu Natəvanın şəxsi keyfiyyətlərindən də məlumat verməyi lazım bilmişdir. «Natəvan heç kəsdən gizlənməyən bir qadın idi. O, bütün məclislərin xərclərinin hamısını özü verərdi» [8, s.3]. Məclis musiqi məclisi hesab olunduğundan burada Hacı Hüsü, Məşədi İsi, Məhəmməd Qaryağdı oğlu, tarzən Sadıq və digər ifaçılar iştirak edirdi. Ədəbiyyatşünas Nəsrəddin Qarayevə görə, «Məclisi-üns» şairlərinin əsərlərindən belə qənaətə gəlmək olur ki, onlar Natəvanın rəsmlərinə şeirlər yazdıqları kimi aşiqanə qəzəllərinin bir hissəsini üstüörtülü olsa da bu gözəl qadına həsr etmişlər. Natəvan müasiri olduğu Şuşa şairləri üçün bir ilham mənbəyi idi» [133, s.157].
Xurşudbanu Natəvan haqqında Tahirə Bünyadovanın xatirələrində də maraqlı məlumatlarla qarşılaşırıq. Memuaristin anası Əzət xanım (Y.V.Çəmənzəminlinin bacısı) qızına Natəvanın səxavətindən, kasıb, imkansız ailələrə etdiyi maddi yardımlardan söhbət açmışdır. Belə ailələrdə olarkən Natəvanın hiss olunmadan qoyduğu pulları ev yiyəsi onun gedişindən sonra görərdi. Əzət xanımın yaddaşında Natəvan tənhalığı sevən, qəddi-qamətli, gözəl qadın kimi qalmışdı. O, səhər tezdən çaya enər və suyun axını ilə üzən qayıqda oturardı. Bəlkə də o, bu vaxt şeir qoşar, bəlkə də öz oğlu barədə düşünərdi [289, s.45]. Bu məqama ədəbiyyatşünas Mehdi Hüseyn də toxunaraq yazmışdı: «Dünya ədəbiyyatında övlad dərdini, oğul hicranını Natəvan qədər dərindən hiss və tərənnüm edən ikinci bir şairəyə rast gəlmək çətindir. Natəvanın şəxsi analıq duyğuları bütün analığın ağır dərdi kimi səslənir» [112, c.9, s.363].
XIX yüzillikdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların həyat və fəaliyyəti haqqında Qarabağ ziyalılarından Mirzə Xosrov Axundovun (1889-1960) xatirələrində ətraflı məlumat verilmişdir. Xatirələrin əksəriyyəti Nazim Axundov və Pərviz Axundbəylinin sözlərinə görə, «müəllifin canlı müşahidələri və yaşlılardan eşitdikləri əsasında yazılmışdır. Müəllif Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi ədəbiyyat və mədəniyyət tariximizin böyük nümayəndələrinin həyat və fəaliyyətindən müəyyən nöqtələrə diqqət cəlb edir. Müəllif həmin sənətkarları Qarabağ, Şuşa ictimai-mədəni mühiti ilə əlaqəli şəkildə oxucuya təqdim edir» [15, s.4].
Atası Mirzə Əli Aşiqin tövsiyəsi ilə Qarabağ tarixini öyrənən, bununla əlaqədar bir çox mənbələri nəzərdən keçirən Xosrov Şaiq «Qarabağ tarixinə dair» əsərində Pənah xanın nəsli və hökmranlığı haqqında, oğlu İbrahim xan Cavanşirin hakimiyyətinə və o dövrün hadisələrinə, eləcə də Qarabağ tarixinə və xanlıqlarına aid bilgilər verir. Müəllifin «Şuşada yaşamış maraqlı şəxslərlə bağlı tarixi yerlər» yazısı da bir çox cəhətdən diqqət çəkir. Belə ki, burada tarixi şəxsiyyətlərlə yanaşı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov və başqalarının yaşadıqları binalar haqqında ətraflı məlumat verilir.
Xosrov Şaiqin «Xurşudbanu Natəvan haqqında müşahidələrim» yazısında şairənin həyat və fəaliyyəti ilə əlaqədar bir çox məqamlar nəzərə çatdırılmışdır. Lakin bu olayların bəzilərinin həqiqətə nə dərəcədə uyğun olması bir qədər müəmmalıdır. Çünki azyaşlı bir uşağın bu qədər hadisələri müşahidə etməsi mümkünsüzdür. Olsa-olsa Xosrov Şaiq bu hadisələri ya başqalarından eşitmiş və ya başqa mənbələrdən oxumuşdu. Zatən hadisələrin təsvirində də bu məqam özünü göstərir. Bu nümunələrdə Natəvanın səxavətindən, xeyirxahlığından, mərhəmətindən, cəsarətindən, mütərəqqi fəaliyyətindən ətraflı
bəhs edilir.
Fikrimizi Mirzə Xosrov Axundovun əsərlərinə yönəldərək qeyd etməliyik ki, onun «Mir Möhsün Nəvvab Qarabaği haqqında xatirələrim» əsəri də yaşlı nəsildən, eləcə də Nəvvabın oğlu Mir İbrahimdən eşitdiyi söhbətlər əsasında qələmə alınmışdır. Lakin Natəvan haqqında yazılan xatirələrdən fərqli olaraq burada müəllifin haqqında danışdığı şəxslə görüşləri də təsvir edilmişdir. Elm və təhsilə aid şeirlər yazan Xosrov Şaiqin yaradıcılığa həvəslənməsində Mir Möhsün Nəvvabın böyük xidməti olmuşdu. Bu xüsusda müəllif yazır: «O, (Mir Möhsün Nəvvab - N.S.) şeirlərimi məclisdə oxuyub bəyəndi və yaradıcılığı davam etdirməyi tapşırdı. Mərhum Nəvvabın mənə bu münasibəti şeir ilə maraqlanmağıma, onun «Məclisi-fəramuşan»ında iştirak etməyimə və bu yolda ciddi çalışmağıma səbəb oldu» [15, s.45].
Nəvvab haqqında yazılarda eyni fikirlərin təkrarına təsadüf edilir. Yəqin ki, müəllif bunları müxtəlif vaxtlarda yazıya köçürmüşdür.
«Cəlil Məmmədquluzadə və Həmidə xanım barədə təəssüratım» xatirə qeydlərində isə müəllif bir qədər irəli gedərək iştirakçısı olduğu olayları qələmə almışdır. Mirzə Cəlilin uşaqlarına bir neçə il öz evlərində dərs verən Xosrov Şaiq böyük yazıçı ilə görüşlərini təfsilatı ilə təsvir etməyə çalışmışdır. «Şuşada eşitdiklərim, gördüklərim» başlığı altında toplanan qeydlər də məzmununa görə diqqət çəkir. Bunların əksəriyyətinin sonunda yazılma tarixi göstərilmişdir. Xatirələr müəllifin eşitdiyi, şahidi və iştirakçısı olduğu hadisələr əsasında yazılmışdır.
Memuar ədəbiyyatına aid olan tərcümeyi-hallar, demək olar ki, həmişə müəllifin özü tərəfindən qələmə alınır. Bununla belə, bir şəxsin başqa şəxs haqqında tərcümeyi-hal nümunələri də vardır. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Həsən bəy Zərdabinin (1842-1907) Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivində belə nümunələr mühafizə olunur. Bunlar Zərdabinin həyat yoldaşı Hənifə xanımın (1856-1929) və jurnalist Fərhad Ağazadənin (1880-1931) onun haqqında yazdığı tərcümeyi-hallardır. Hənifə xanımın qələmə aldığı «Həsən bəy Məlik Zərdabinin tərcümeyi-halı» [281] rus dilində əlyazmasıdır. Sənədin üzərində düzəlişlər aparılmışdır və bir qədər çətin oxunur. Tərcümeyi-halda Hənifə xanımın Həsən bəylə bağlı xatirələri də verilmişdir. F.Ağazadənin yazdığı «Həsən bəy Məlik Zərdabinin bioqrafiyası» [11] yaşıl cildli dəftərin bir üzünə, Azərbaycan dilində, ərəb əlifbası ilə səliqəli xətlə qələmə alınmışdır. Görünür, üzü köçürülmüş son nüsxədir. «Əkinçi» qəzetinin əlli illiyi münasibətilə, 1925-ci ildə yazılmış bu bioqrafiyada Hənifə xanımın xatirələrindən də istifadə edilmişdir.
1872-ci ildə «Qafqaz» qəzetində Tiflisdə Müqəddəs Nina məktəbini bitirən qızların siyahısı dərc olunmuşdu. Bunların arasında Hənifə xanım Abayevanın da adı var idi. Həsən bəy bu xanımla tanış olmaq məqsədilə Tiflisə gəlir. Həyata baxışı və dünyagörüşünə görə Hənifə xanımın ona çox yaxın olduğunu görüb bu ziyalı qadınla görüşür. Onlar birlikdə Bakıya gəlib evlənirlər. Həsən bəyin qızı Qəribsoltan Məlikova atası haqqında xatirələrdə qeyd edir ki, mənim yaddaşımda valideynlərim arasında münasibət hörmət, bir-birinə dərin sədaqət və məhəbbət, qarşılıqlı inam kimi qalmışdır. Onlar birlikdə möhkəm ailə qurmuşlar. Həsən bəy Hənifə xanımın simasında özünün sadiq köməkçisini, həmfikirini görürdü. [285, s.56].
Həsən bəy Zərdabini kiçik bir çərçivədə işləmək təmin eləmirdi. O istəyirdi ki, səsini bütün xalq eşitsin. Hələ tələbəlik illərində ana dilində qəzetin olmasını arzulayan Zərdabi qəzet nəşr etməyi qərara alır. Qəzetin çıxması üçün verilən icazə bir neçə il çəkir. Nəhayət, «Əkinçi» adlanan qəzetin birinci nömrəsi 1875-ci il iyul ayının 22-də nəşr olunur. Bununla da milli mətbuatın əsası qoyulur. Qəzet Rysiyanın bütün müsəlman dünyasını lərzəyə gətirdi. «Əkinçi»nin dili son dərəcə anlaşıqlı idi. Qəzetin birinci sayında Həsən bəy qanacaqlı və bilikli şəxslərdən xahiş edir ki, xalqın köhnə qaydalarla yaşamasına mane olub onun gələcək tərəqqisinə səy etsinlər. Zərdabi «Əkinçi»yə çox vaxt və əmək sərf etdiyini qəzetin üçüncü sayında qeyd etmişdir: «Bizim zəhmətimiz həddən çıxıb. Biz mətləbi özümüz yazıb ağardıb çapxanaya verməklə zəhmətdən xilas olsaydıq çox xoşbəxt olardıq. Amma iş böylə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edir. Onu çap eləmədən hürufunu düzən, qələtlərini düzəldən başqa kəslər olur, amma bu işlərin hamısını gərək tək mən özüm görüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, baxıb qəzetəyə onun qələtini düzəltsin ya hürufunu düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı yenə bir tövr yola gedərdik. Amma dərd budur: bizim elə zəhmətimiz vardır ki, qeyri qəzetçilərin ondan heç xəbərləri yoxdur» [11, s.24].
Hənifə xanım xatırlayır ki, Rusiyada, əsasən Bakıda qəzet işinin tədqiqi ilə əlaqədar bir fransız müxbiri Bakıya gəlir. O, yeganə türk qəzeti ilə maraqlanıb Həsən bəy Zərdabi ilə görüşür. İki il ərzində qəzetin 300 abunəçisi olduğunu (o cümlədən, qəzeti yoxlayan idarələr də daxil olmaqla) bilən müxbir heyrətə gəlmiş, Həsən bəyə təəccüblə baxıb səmimiyyətlə öz fikrini bildirmişdir: «Siz qəhrəmansınız. Bizdə Fransada elə bir adam tapılmaz ki, belə kasıb qəzet üçün işləmək istəsin. Sizin enerjinizə təəccüb edirəm. Görünür, öz xalqınızı çox sevirsiniz» [281, s.15]. Həqiqətən də xalq üçün, millət üçün mətbuatın əhəmiyyəti əvəzsizdir. Sonralar Ömər Faiq Nemanzadə «İrşad» qəzetinin 1908-ci il, 3, 4 iyun sayında millət üçün mətbuatın əhəmiyyətini yüksək qiymətləndirərək yazmışdı: «Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatladır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır. Mətbuatı olmayan millətin mövcudiyyəti istiqbalı qətiyyən yoxdur» [182, s.157].
İsmayıl bəy Qaspirinski isə «Əkinçi» qəzetinin nəşr olunmasının 30 illiyi münasibətilə yazdığı «Yaşa, Həsən bəy, yaşa!» adlı məqalədə Həsən bəy Zərdabini bütün ümumrusiya müsəlmanları mətbuatının atası kimi dəyərləndirirdi.
Həsən bəy Zərdabinin şəxsi arxivində dövrün sayılıb-seçilən nümayəndələrinin Əsgər Adıgözəlovun, Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Həsən Əlqədarinin və başqalarının ona ünvanlandıqları məktubları [109] da əsasən «Əkinçi» qəzetinin nəşri və yayılması ilə bağlı təəssüratları, təbrikləri, fikir və mülahizələri ehtiva edir. Əsasən rus dilində yazılmış məktublar Moskvadan, Sankt-Peterqburqdan, Stavropoldan, Tiflisdən, Qubadan, Şamaxıdan, Yelizavetpoldan (indiki Gəncə) və digər bölgələrdən göndərilmişdir. Məktublar Həsən bəyin çevrəsində olan şəxslərin həyata, dünyaya, insanlara olan baxışını aydınlaşdırmaqla yanaşı dövrün ümumi mənzərəsinin canlandırılmasında böyük önəmə malikdir.
Tarixi-ədəbi inkişafda memuar mənbələrinin yazıçının yaradıcılq yolunun açılmasında, onun tərcümeyi-halının öyrənilməsində əhəmiyyəti böyükdür. Sözügedən mənbələr çox vaxt digər tanınmış şəxsiyyətin həyat və fəaliyyətinin ayrı-ayrı cəhətlərini açıqlayır, onun ömür yoluna işıq salır. XIX yüzil Azərbaycan ədəbiyyatı və maarifi tarixində görkəmli yer tutan Məhəmməd Tağı Sidqinin (1854-1903) bir müəllim kimi fəaliyyəti, maraqlı həyat yolu haqqında yazılan xatirələrdə geniş şəhr edilmişdir. «M.T.Sidqi Azərbaycan demokratik ədəbiyyatının zamanın hökmündən, yeni həyat şəraiti, ictimai təfəkkürün inkişafı və demokratik cərəyanlardan irəli gələn ədəbiyyatın əhəmiyyət və məsələlərini anlamaqda yeni təfəkkür və anlayışa malik nümayəndələrindən biridir» [290, s.128]. Onun bədii irsi ilk dəfə olaraq nisbətən geniş şəkildə Y.Eyvazov tərəfindən araşdırılmışdır. Ədəbiyyatşünas Ə.Qədimovun «Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı»nı əks etdirən monoqrafiyasında [140] isə görkəmli maarifçinin ömür yolu və fəaliyyəti arxiv materialları və XIX əsrin sonu XX əsrin əvvəllərində nəşr olunan dövri mətbuatdakı nümunələr əsasında əhatəli və dolğun işıqlandırılmışdır. Şərqşünas alim Nəsrəddin Qarayev də özünün «XIX əsr Azərbaycan ədəbi məclisləri» monoqrafiyasında M.T.Sidqinin pedoqoji və ədəbi fəaliyyətindən geniş bəhs etməklə onu «bir müəllim-alim kimi Azərbaycanda pedaqogika tarixində özünəməxsus simalardan biri» [133, s.72] kimi dəyərləndirmişdir.
M.T.Sidqinin atası Kərbəlayi Səfər Ordubad bazarında pinəçilik edib ailəsini dolandırardı. Anası Tutu xanım İranın Qaradağ mahalının Üştibin kəndindən olub, məşhur şair Nəbatinin bacısı qızı idi. İlk təhsilini Ordubadda, şah Sultan Hüseyn mədrəsəsində alan Sidqi gənc yaşlarında İrana getmiş, Xorasanda olmuş, Səbzivarda və Nişapurda yaşamışdır. İranın bir çox yerlərini səyahət edən Sidqi bu müddət ərzində fars dilinə mükəmməl yiyələnmiş, klassik İran ədəbiyyatını dərindən öyrənmişdir. Onun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv fondundakı müxtəlif sənədləri, əlyazmaları, məktubları bunu bir daha təsdiqləyir. Diqqətəlayiq haldır ki, M.T.Sidqi haqqında yazılan xatirələrdə onun Ordubadda və Naxçıvanda maarifçilik fəaliyyəti daha müfəssəl və ətraflı şərh olunmuşdur. Belə ki, xatirə müəllifləri onunla yaxın münasibətdə və daima ünsiyyətdə olan insanlar idi. Buna görə də bu nümunələrdə təsvir olunanlar və nəzərə çatdırılanlar mübaliğədən uzaq və reallığa söykənən fakt və olaylardır. Bunlar arasında M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digərlərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və maarifçilik fəaliyyətindən, «Əxtər» məktəbini, «Məktəbi-tərbi-yə»ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs edilir. M.Ə.Sidqi yazır ki, «o zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi olduğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan «Nasiri», Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi «Tərcüman», İstanbulda çıxan «Əxtər» qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlincə oxunarmış. «Tərcüman» qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman «Tərcüman» qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış... «Tərcüman» qəzetəsinin təsiri altında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn Sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər» [224].
İsmayıl bəy Qaspirinskinin (1851-1914) maarifçilik fəaliyyəti və Baxçasaray məktəbləri haqqında sonralar Nəriman Nərimanov Odessadan Hacı Zeynalabdin Tağıyevə məktubunda bunları yazmışdır: «Baxçasaray məktəbləri və burada olan müəllimlər bir qeyr aləmdir. Bu məktəblərdən Qafqazda hər şəhərdə bir məktəb olsaydı, yəqin ki, bir az tez zamanda Qafqaz müsəlmanları dəyişərdilər. Əlbəttə, hər şəhərdə İsmayıl Qaspirinski kimi zat olmağı lazım gəlirdi. Amma çifayidə, bu zati-möhtərəm bizim aramızda təkdir. Yalnız «Tərcüman» qəzeti ilə İsmayıl bəy Qaspirinskinin millətə olan hörmətlərini bilmək olmaz. Gərəkdir Baxçasaraya gedib düşünəsiz ki, bu qeyrətli müsəlman kiçik və çirkin Baxçasarayda əyləşib nə işlər edir və millətə nə xidmət göstərir. Gördüyümüz qayidə və qanunu, məktəblərin vəsfi-halını dil ilə və qələm ilə təqrirə gətirmək mümkün deyildir. Bakı məktəbdarlarından bir nəfəri Baxçasaraya göndərib üsuli-cədid ilə aşina olmağı və məktəblərin proqrammasını bilməyi bu zəmanədə vacib olan işlərdən biridir» [105, s.116].
Hüseyn Sultan Kəngərlinski də Ordubadın maarifçilərindən biri sayılırdı. Buna görə də heç kəs onun fikrinə qarşı çıxa bilmirdi. Məktəb üçün lazım olan şeylər: skamya, stul və s. sifariş edilib hazırlanır. Dərs kitabları Qafqazda az olduğuna görə Sidqi İstanbuldan bir çox kitab gətirtdirir, həmçinin özü də şagirdlər üçün dərslər hazırlayır. «Əxtər» adlandırılan məktəbi İbrahim xan mədrəsəsi deyilən binada məsçidin üst mərtəbəsində yerləşdirirlər. Günün çox vaxtını məktəbdə keçirən Sidqi bir müddət uşaqlara tək özü dərs verirdi. Uşaqlar altı-yeddi ay ərzində ana dilində savadlandıqlarından camaat məktəbə daha artıq rəğbət göstərir və məktəbə gələn uşaqların sayı artırdı. Məktəbdə təhsil alan uşaqlara başqa dərslər ilə bərabər hər gün Quran öyrədilir və onlar mədrəsə hovuzunda dəstəmaz alıb mədrəsə məsçidində namaz qılırdılar. Onu da qeyd edək ki, M.T.Sidqi Azərbaycanın məşhur şair və yazıçılarından Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmküsarın, Əli Səbrinin, məşhur inqilabçı İbraim Əbilovun və başqalarının müəllimi olmuşdur. «Əxtər» məktəbində təhsil alan M.S.Ordubadi xatirələrində yazır ki, «bu məktəbə daxil olan əvvəlcə o uşaqlar idi ki, onların ayda əlli qəpik müəllim haqqı verib dərs oxumağa iqtidarı yox idi. Zira bu məktəbdə nə müəllim haqqı, nə də uşaqlara təhmil olunacaq ağır məsarif yox idi» [201, s.331].
1896-ci ildə M.T.Sidqi Naxçıvana gələrək «Məktəbi-tərbiyə» adlı yeni üsullu məktəb açır və pedaqoji fəaliyyətini davam etdirir. Naxçıvan camaatı məktəb üçün öz xərcinə yeni bina tikdirir. Məktəbin açılışı münasibətilə təşkil olunan cəşn məclisində söylədiyi nitqində Sidqi bu cür məktəblərin əhəmiyyətindən bəhs edərək deyir: «Qafqazda sakin olan müsəlmanlara təğazayi-əsrə görə lazımdır ki, hər şəhərdə və bəlkə hər qəryədə «Məktəbi-ədəb» namında, yəni təhsili-ədəbiyyat üçün, təlimi-qəvaid üçün müntəzəm surətdə üsuli-cədid üzrə məktəblər bina olunsun. O məktəblər türk və fars, ərəb və rus dillərinin təhsil və təliminə davam olunur. Hər yüz evin, qəryənin yenə bu cür məktəblərin təsisi lüzum görüləcəkdir» [223].
Məktəbə Sidqidən başqa üç nəfər də müəllim dəvət olunur. Burada başlıca olaraq ana dili, fars dili, hesab, coğrafiya, tarix, ərəb dilinin sərf-nəhfi və gündə bir saat rus dili öyrədilirdi. Dərslər Azərbaycan və fars dillərində keçirilirdi. Bu məktəbdə də yoxsul şagirdlər dərs haqqından azad idilər. Sidqi özünün «Nümuneyi-əxlaq» adlı dərsliyində məktəbin əhəmiyyətini qiymətləndirərək yazır: «Elm və ədəb bir xəzinəyə bənzər ki, onun kilidi məktəbdir. Bizləri nadanlıq zülmətindən qurtarıb nuri-mərifətə yetirən məktəbdir. Çünki insanın qədrü qiyməti elm ilə bilinir, yəni elmi və mərifəti nə dərəcədə olsa, habelə dəyəri və qiyməti o qədərdir. Bəs insanın əsl qiyməti bildiyi və öyrəndiyi şeylərdən ibarət imiş ki, o da məktəb ilə hasil olur» [225, s.16].
M.T.Sidqinin Qurbanəli Şərifova ünvanlanan məktubundan aydın olur ki, Hacı Zeynalabdin Tağıyev 1896-cı ildə «Məktəbi-tərbiyə»yə 1000 manat məbləğində maddi yardım etmişdir [140, s.90].
M.T.Sidqi Qafqazın qabaqcıl və gözüaçıq şəxsiyyətlərindən biri olmuşdur. Çar üsuli-idarəsinin nəticəsi olaraq, bütün Qafqazda, o cümlədən Ordubadda gerilik hökmfərma olan zaman İrandan, Türkiyədən, Baxçasaraydan və s. yerlərdən farsca, türkcə aldığı qəzet və məcmuələri diqqət ilə oxuyardı. O, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əlisgəndər Cəfərov və Nəriman Nərimanovla əlaqə saxlayırdı. Qafqazın görkəmli və ziyalı adamları Məşədi Qurbanəli Şərifov, Mirzə Nəsrulla Əmirov, Baxşəli ağa Şahtaxtinski, Kərbəlayi Nəsrulla Şeyxov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Sidqinin ən yaxın dostları idi. Məhz bu dostlarla təşkil edilən məclislərdə dünyanın müxtəlif yerlərindən gələn qəzetlər oxunar, ədəbi və siyasi olaylar təhlil edilərdi.
Görkəmli maarifpərvər M.T. Sidqi «Şərqi-Rus», «Həblülmətin» qəzetlərində məqalələrlə çıxış edirdi. Kəlküttədə çıxan «Həblülmətin» qəzeti din xadimləri arasında geniş yayılmışdı. Bu qəzetdə dərc olunan məqalələri din nümayəndələri məscidlərdə oxuyurdular. Sidqinin «Həblülmətin»də çıxan məqalələrindən biri «İran vətənpərvərlərindən və İranın şahlar üsul-idarəsindən azad olması yolunda çalışan, İrandan sürgün edilən və Misirdə «Pərvəriş» adında fars dilində bir məcmuə buraxan və məcmuəsi İran hökümətinin əli ilə qapadıldıqdan sonra Fransaya gedib Parisdə vəfat edən Mirzə Əliməhəmməd xanın vəfatı münasibətilə fars dilində yazılmış məqalədir» [224]. M.T.Sidqi Misirdə Zeydan qardaşlarının nəşriyyatı olan və ərəb dilində nəşr edilən «Əlhilal» məcmuəsinə abunəçi idi. Hətta həmin məcmuənin redaksiyası Sidqiyə məktub göndərib Naxçıvandan müxbir olmağı ondan xahiş etmişdi. M.Ə.Sidqi xatiratında yazır ki, «atam Sidqi Hindistan, İran, Türkiyə, Rusiya və qeyri yerlərdə olan tərəqqipərvər ziiyalılar ilə daim məktub ilə əlaqə saxlayıb və onlardan dəxi bir çox məktub almışdır. 1902-ci və ya 1903-cü ildə qış fəsli bir cümə günü atam buxarıda bir çox məktub yandırıb külünü damda qar altına tökdüyü mənim yaxşı yadımdadır. Mən o zaman 14-15 yaşında idim. Bu məktubları nə üçün yandırdığını başa düşmürdüm. Sonralar mənə aydın oldu ki, atamın hər gün uzaq ölkələrdən bir çox məktub alması yerli çar hökuməti məmurları arasında şübhəyə səbəb olub və evimiz axtarılarsa, bu məktublardan bir nişanə və iz qalmasın deyə onları tələf etmişdir. (Hayıf o məktublardan)» [224].
Ə.Qədimov məktub janrının əhəmiyyətini vurğulayaraq çox haqlı olaraq yazır: «Yaşadıqları ictimai mühitin ziddiyyətləri, hakim dairələrin özbaşınalığı, nadan, cahil və yaltaq adamların dövlət orqanlarına soxulub xalqı ağır işgəncələrə məruz qoymaları, iqtisadi güzəranın ağırlığı, elm və sənət adamlarına qədir-qiymət qoyulmaması, sənətkar taleyinin acınacaqlı durumu və s. bu kimi problemlər epistolyar məktub janrının vasitəsilə müxtəlif ədəbi mühitlərin ab-havasında şairlərin mübadilə obyektinə çevrilmişdi. Ordubad ədəbi mühitinin Fəqir, Qüdsi, Sidqi kimi nümayəndələri öz müasirlərinə yazdıqları mənzum məktublarında şeir və sənət adamlarının acı taleyindən, iqtisadi güzəranın ağırlığından, zəmanə qəmindən və ictimai vətəndaşlıq kədərindən söz açırdılar» [140, s.42].
Nəzərə çatdırılmalıdır ki, M.T.Sidqinin şəxsi arxivində müxtəlif şəxslərə göndərdiyi və ona ünvanlanan məktubları görkəmli maarifçinin həyat və fəaliyyətinin müəyyən məqamlarını işıqlandırmaqla yanaşı dövrün ümumi mənzərəsini canlandırmaq baxımından dəyərli mənbələrdir. Tanınmış şəxsiyyətlərdən H.Cavid, N.Nərimanov, S.M.Qənizadə, Q.Şərifzadə, M.T.Müctəhidzadə, Ş.Kəngərli, B.Vəzirov və digərlərindən gələn məktublar M.T.Sidqi ilə əlaqədar bir çox mətləblərin açılmasına yardım edir.
«Əncüməni-şüəra» ədəbi məclisinin fəal iştirakçılarından olan M.T.Sidqi Azərbaycan və fars dillərində yazdığı poetik əsərləri ilə məclisdə çıxış etmişdir. Sidqinin şeirə, ədəbiyyata olan məhəbbətini ən yaxın dostu Əsəd ağa Kəngərlinski xatirələrində belə ifadə etmişdir: Sidqi «bir neçə müddət Ordubadda, bəladi-Qafqazda və İranda qüvveyi-bazusilə, yəni fəhləliklə məişəti-təhsil etməkdə idi. Fəqət Allah tərəfindən əta olunmuş parlaq tapıntını nisyan torpağında dəfn etməyib gündüzlər qabardığı əlləri ilə gecələr şeirlər və qəsidələr yazmağa məşğul olardı» [123]. «Heykəli-insana bir nəzər», «Nəsihətnamə», «Tənviri-əfkar», «Hikmətli sözlər», «Nəhveyi-nəbat» kimi fəlsəfi və ictimai-siyasi əsərlərin müəllifi olan Sidqi bu əsərlərində maarifçilik ideyalarını davam və inkişaf etdirmişdir.
Daha öncə deyildiyi kimi, M.T.Sidqi «Əxtər» məktəbini İsmayıl bəy Qaspirinski və onun «Tərcüman» qəzetinin təsiri altında açmışdı. Qaspirinski yaradıcılığını hərtərəfli araşdıran A.Kəngərli haqlı olaraq yazır ki, «İsmayıl bəy Qaspirinskinin naşiri olduğu «Tərcüman» qəzeti, öndəri olduğu üsuli-cədid hərəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya müsəlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olmuş, onların oyanmasına, özünüdərkinə xidmət etmişdir» [122, s.49].
İsmayıl bəy Qaspirinskinin xidmətlərini Hacı Zeynalabdin Tağıyev də yüksək qiymətləndirmişdir. O, 1908-ci ildə İ.Qaspirinskiyə ünvanladığı məktubunda qeyd etmişdir ki, «sizin xidmətləriniz saymaqla qurtarmaz. Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət tarixi yazılsın» [122, s.52]. Yəqin ki, bu sözlərin yazılmasında Nəriman Nərimanovun İsmayıl bəy Qaspirinski və Baxçasaray məktəbləri haqqında Odessadan H.Z.Tağıyevə göndərdiyi məktubunun da təsiri olmuşdur ki, bu barədə daha öncə məlumat verilmişdir.
Türk dünyasının görkəmli nümayəndəsi İsmayıl bəy Qaspirinski haqqında Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Firidun bəy Köçərli, Hacı İbrahim Qasımov, Haşım bəy Vəzirov, Şəfiqə xanım Əfəndizadə və digərlərinin yazdıqları nekroloqlarda bu böyük maarifpərvərlə bağlı xatirələr çözələnir, həyat və fəaliyyətinin önəmli məqamları canlandırılır. «Kaspi» qəzetinin 1914-cü il, 13 sentyabr, 204-cü sayında dərc etdiyi nekroloqda İ.Qaspirinskini zəngin təbii istedada malik olan, sevgi dolu həssas ürəkli bir şəxsiyyət kimi dəyərləndirən Əlimərdan bəy Topçubaşov yazır ki, «yarım əsr müddətində əlində müsəlmanları biliyə, tərəqqiyə, ictimai özünüdərkə yol göstərən çırağı möhkəm və səbrlə saxlayan bu adamın adı təkcə Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında hamıdan artıq məşhur idi» [122, s.192].
Doğmuşam ben Avçıköydə, 1851-də,
Məkanımdır Baxçasaray, məzarım kim bilir nerdə?-
misraları ilə Qaspirinski «mütəxəssislər arasında bu gün də mövcud olan fikir müxtəlifliyinə, tərəddüdlərə» [122, s.7] son qoyur və tərcümeyi-halına aydınlıq gətirir. Onun müxtəsər tərcümeyi-halı isə «İqbal» qəzetinin 1914-cü il, 1 oktyabr tarixli 752-ci sayında dərc edilmişdir. Burada İ.Qaspirinskinin həyat və fəaliyyətinin önəmli məqamları, bir millətpərvər kimi göstərdiyi xidmətlər canlandırılmışdır.
XIX əsrdə şair və yazıçılar əsərlərində nəinki avtobioqrafik məlumatlar verir, həmçinin özləri də tərcümeyi-hallar yazır, həyat və fəaliyyətlərinin əsas məqamlarını nəzərə çatdırırlar. Belə müəlliflərdən biri də Azərbaycan dramaturgiyasının inkişafında xüsusi xidmətləri olan Nəcəf bəy Vəzirovdur (1854-1926). Onun tərcümeyi-halı [253] ilk dəfə 1913-cü ildə nəşr olunmuşdur. Kamran Məmmədov yazıçının yazdığı tərcümeyi-halından yararlanaraq onun elmi tərcümeyi-halını [156] tərtib etmişdir. Araşdırıcı digər memuar mənbələrindən də M.Əliyev, M.Mərdanov, H.Sarabski, A.Şaiq və başqalarının xatirələrindən istifadə etmişdir. Feyzulla Qasımzadə N.Vəzirovdan bəhs edən eyniadlı tədqiqatında [136] onun həyat və fəaliyyəti haqqında məlumatı dramaturqun 1913-cü ildə nəşr olunmuş «Tərcümeyi-hal» kitabçasına əsaslanaraq vermişdir. Zaman Əsgərli də N.Vəzirovun həyatından, uşaqlıq dövründən bəhs edərkən [80] sözügedən mənbəyə əsaslanmışdır.
Tədqiqatçı Alxan Bayramoğlu elmi tərcümeyi-halı xatirələr və «Görkəmli adamların həyatı» seriyasından olan əsərlərlə müqayisə edərək belə qənaətə gəlir ki, «elmi tərcümeyi-hala yaradıcılıq tərcümeyi-halı da demək olar. Yaradıcılıq tərcümeyi-halı monoqrafik xarakter daşımaqla, ənənəvi şəkildə olduğu kimi, sənətkarın həyat və yaradıcılıq yolunu ayrı-ayrılıqda öyrənməyi qarşısına məqsəd qoymur. Bu, eyni zamanda xatirə memuar və ya «Görkəmli adamların həyatı» seriyasında olduğu kimi deyil. Xatirə memuar əsas etibarilə yazıçının gündəlikləri və xatirələri əsasında yazılmaqla, sənətkarın həyat yolunu əks etdirir. «Görkəmli adamların həyatı» seriyasından olan tərcümeyi-halın əsasında sənədlilik və müəllif fantaziyası da aparıcı olur. Odur ki, bu cür tərcümeyi-hallar əsasən «romanlaşdırılmış» şəkildə üzə çıxır. Bunlardan fərqli olaraq, elmi tərcümeyi-halın əsasını sənədlilik təşkil edir. Burada hər bir fakt və ya hadisə başqaları ilə ciddi müqayisə yolu ilə təsdiqləndikdə özünü doğrulda bilər... Burada bioqrafik sənəd və materiallarla səsləşən, onu tamamlayan, təsdiqləyən, hadisənin nəticəsi kimi üzə çıxan əsərlər tədqiqata cəlb edilir» [39, s.13]. Elmi tərcümeyi-halın qarşısında duran əsas məsələ sənətkar və şəxsiyyətdir. Bu baxımdan N.Vəzirovun elmi tərcümeyi-halı bioqrafik sənədlərin zənginliyi ilə diqqət çəkən, həyat həqiqətinin dolğunluğu ilə seçilən nümunələrdən sayıla bilər.
Zəngin tərcümeyi-hal örnəklərinə malik orta əsrlər ədəbiyyatı və kamil xatirə nümunələrinin meydana gəldiyi XX yüzil ədəbiyyatının qovşağında olan XIX əsr ədəbiyyatında hər iki dövrə xas cəhətlər özünü göstərir. Məsələ burasındadır ki, XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarının əsərlərində şəxsiyyət daha əhatəli ifadə olunmuş, avtobioqrafik məlumatların verilməsi genişlənmiş və eyni zamanda mükəmməlləşmişdir. Artıq bu dönəmdə xatirələr yazılmasına da cəhdlər edilmişdir. Bu cəhdlərin əksəriyyəti uğurla nəticələnmişdir. Belə ki, bu dövrün xatirə nümunələri XX əsr memuar ədəbiyyatımızın təşəkkülündə müstəsna əhəmiyyətə malik olmuşdur.
Dostları ilə paylaş: |