XATİRƏLƏR VƏ MÜƏLLİF
ŞƏXSİYYƏTİ
Müəllif şəxsiyyəti xatirə, gündəlik və səyahətnamələrdə önəmli mövqeyə malikdir. Müəllif hadisələrə real qəhrəmanın gözü ilə deyil, bilavasitə özü baxır, müşahidə aparır, çox vaxt hadisələrin iştirakçısı olur, müəyyən məsələlərlə bağlı hiss və həyəcanlarını, fikir və düşüncələrini bildirir. Şübhəsiz, şüur qəbul olunan məlumatın hamısını işləyə bilməz. Onun bir hissəsi şüurda qalır, müəyyən vaxt keçdikdən sonra insan həmin olayları dərk edir və onları öz həqiqi halında görür. Belə ki, müasirlərin görmədikləri zaman keçdikcə açılır, əvvəlki məlumatların təhlili qarşılıqlı əlaqələrin assosiasiyasını yaradır.
Hər bir yazıçını, şairi bir sənətkar kimi onun əsərlərindən tanımaq olar. Lakin bir insan kimi, bir şəxsiyyət kimi haqqında yazılan xatirələrdən öyrənmək mümkündür. Bu cəhətdən xatirələrin xüsusi önəmi vardır. Xatirələrdə uydurma olmayanda və onlarda həqiqət ifadə olunanda əvəzsiz mənbəyə çevrilir. Eyni zamanda «sənətkarı (və ya böyük adamı) yetişdirən maddi və mənəvi çevrə içində araşdıran, özünü və əsərlərini bir toplu nəticələrə bağlayan bioqrafiya əsərləri tarixin, ədəbiyyat tarixinin və tənqidin önəmli yardımçılarıdır. Bundan başqa görkəmli simaların həyatlarının hamı tərəfindən oxunması digər ibrətlərlə doludur» [272, s.528].
Artıq XX yüzilliyin əvvəllərində xatirələrə maraq artır, cəmiyyətdə, ədəbiyyatda mövqeyi olan bir çox insanlar ya öz ömür yolları və ya tanınmış, görkəmli şəxsiyyətlər haqqında xatirələr yazırlar. Bu qəbildən Mirzə Ələkbər Sabir (1868-1911) haqqında yazılan xatirələri xüsusi qeyd etmək lazımdır. Böyük şair haqqında C.Məmmədquluzadə, Ə.Nəzmi, H.Nəzərli, S.Mümtaz, H.Məmmədquluzadə, S.Hüseyn, Ə.Müznib, S.M.Qənizadə, C.Cəbrayılbəyli, H.İ.Qasımov, A.Səhhət, Ə.Razi, Q.Qantemir, Ə.Şərif, M.Ə.Sidqi, M.Mərdanov və başqaları xatirələr yazmışlar. S.Hüseynin xatirəsi onun hekayələri kimi son dərəcə maraqlıdır. Burada Sabirin babasından, atasından və özünün həyatından söhbət gedir. S.M.Qənizadənin də M.Ə.Sabir [141, s.259] haqqında, eləcə də aktyor H.Ərəblinski [141, s.253] haqqında xatirələri vardır. Bu əsərlərdə sözügedən şəxslərin xarakteri və fəaliyyətlərinin bəzi məqamları işıqlandırılır. Qənizadə və Sabir məktəbdə bir yerdə oxuyurdular. Sabir az danışardı, yoldaşlarından ayrı gəzərdi. Xırda vərəqlərdə nə isə yazar və yazdıqlarını heç kəsə göstərməzdi. Yazdıqları isə kiçik şeirlər idi.
H.Nəzərli Şamaxıda təsis edilmiş «Ümid» adlı üsuli-cədid məktəbində oxuyarkən M.Ə.Sabir ona dərs demişdi. Xatirə müəllifi bu böyük şəxsiyyətin həm zahiri görünüşünü, həm də daxili aləmini işıqlandırmağa çalışmışdır: «Sabir bir az arıq, uzunsifətli, dərin, oynaq və parlaqgözlü, ortaboylu, qaraxətli müsəlman kişisi idi. Əvvəllər ayağına topdaban başmaq, əyninə qara mahuddan büzməli Şirvan çuxası, altından bir az uzun ikidöşlü arxalıq geyərdi. Başına isə qışda dəridən, yayda mahuddan əmiri papaq qoyardı. O, sinfə girərkən çox qaşqabaqlı görünürdü. Əvvəllər onun qaşqabağı nə mənim, nə də yoldaşlarımın xoşuna gələrdi. Biz köhnə üsul məktəbində falaqqa və çubuq görmüşdük. Bir qüsur etdikdə bu cəza adətlərini bir qanun olaraq qəbul edirdik. Sabirdə isə falaqqa və çubuqlardan azad olduq, fəqət sevinmədik. Səbəb? Çünki Sabir bizi təsirli sözlərlə danlayırdı...O, bir şeydən mütəəssir olduqda gözləri alov saçır və geniş alnında göy damarlar zahir olurdu» [214, s.23].
Ə.Müznib xatirələrində «Hophop» imzası ilə əlaqədar bunları bildirir: «Hophop» imzası məni çox maraqlandırırdı. Nə münasibətlə böylə bir imzanı qəbul etməsini bilmək istəyirdim. Bir gün Sabir haqqında Mirzə Cəlil ilə etdiyim söhbət əsnasında Hophopun qəribə bir imza olduğunu heyrətlə söylədim, Mirzə Cəlil isə:
«Hophop» imzasını Sabir özü qəbul etməmiş, o imzanı biz ona vermişik. Sabir idarəmizə gətirdiyi mənzuməyə imza qoymazdı. Birinci nəzmini gətirib verdikdə heç özünü görmədik, ikinci nəzmini idarəyə verib getdikdə arxasınca baxdıq, gördük çox yeyin və hoppana-hoppana gedir, o münasibətlə də biz ona «Hophop» imzasını verdik və özünü də sonralar «Molla Nəsrəddin»ə «Qızdırmalı» imzası ilə nəzmlər yazan Həbib Zeynalovun mağazasında tanıdıq» [214, s.62]. Ə.Müznib xatirələrində M.Ə.Sabirin «Təzə həyat», «Bəhlul», «Zənbur», «Həqiqət», «Səda» və s. qəzet, məcmuələrdəki fəaliyyətindən, burada nəşr etdirdiyi şeirlərdən, həmçinin «Hophopnamə»nin ilk nəşrindən söhbət açır.
Aktyor H.Abasov bir müddət Balaxanıda «Nəşri-maarif» cəmiyyətinin məktəbində M.Ə.Sabirlə birlikdə müəllimlik etmişdir. Həyatında baş verən hadisələrin çoxu yadında qalmasa da, Sabiri, onunla birlikdə müəllimlik etdiyi günlərini, yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq, yaxşı xatırladığını bildirir və onu cəsarətli bir şəxs kimi xarakterizə edir: «Böyük şair olan Sabir cəsarətli bir şəxs idi. O zaman kənddə Sabir haqqında ağzını büzənlər, onu sevməyənlər də var idi. Aydındır ki, onlar Sabirin satira hədəfləri olan mürtəcelər idi. Sabirin kənd camaatı arasında böyük hörməti olduğuna görə mürtəcelər zahirdə çəkinir, gizli hədə-qorxulara əl atırdılar. Belə bir əhvalat yadıma gəlir. 1910-cu il oktyabrın axırlarında mürtəcelər Sabirə imzasız bir məktub yazmışdılar. Onlar Sabiri hədələyirdilər ki, ayın axırına kimi öz xoşu ilə kənddən çıxıb getsin, əks təqdirdə ailəsi başsız qalacaqdır.
Düzü ki, o zaman biz müəllimlər bu məktubdan sonra təşvişə düşdük. Sabir isə məktubu soyuqqanlılıqla qarşıladı və köhnə qayda ilə öz işlərini davam etdirdi. O zaman biz Sabirlə ikimiz bir otaqda yaşayırdıq. Ay başa çatanda bir gün axşam o mənə belə dedi:
Hacağa, ay qurtardı, ancaq həriflərdən bir xəbər çıxmadı» [214, s.130].
H.Abasov xatirələrində Sabirin bir şeiri ilə əlaqədar bunları bildirir: Bakı varlılarından Hacı Hacağanın bir gözünə ağ ləkə düşmüşdü. O, Bayılda yaşayan göz həkiminin yanına gedir. Həkim onun gözünü iki aya qədər sağaltmağı söz verir. Bunun üçün 150 manat zəhmət haqqı istəyir. Hacı bu sözü eşitdikdə hirslənib deyir:
Siz dəli olubsunuz, nədir? Bir göz üçün də 150 manat vermək olar? Mən razıyam 150 manat siz mənə verin, o biri gözümə də ağ ləkə salın.
H.Abasov bu əhvalatı Sabirə danışır. O isə gülümsəyərək deyir:
Hacağa, şair evi yıxılmış özündən uydurmayıb:
Nuri-çeşmanımmısan, ey pul,
ya canımmısan?
Qismətim, namusum, irzim, qeyrətim,
qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim,
şanımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm,
ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi,
imanımmısan?
Ədəbiyyatşünas A.Bayramoğlu M.Ə.Sabirin elmi tərcümeyi-halını tərtib edərkən A.Səhhət, S.M.Qənizadə, S.Hüseyn tərəfindən yazılan məqalə və xatirələrdən, şairin avtobioqrafik əsərlərindən, Qafqaz həyatına və Şamaxının ümumi vəziyyətinə dair mövcüd yazılardan yararlanmışdı. Bunlarla yanaşı araşdırıcı 1903-1911-ci illərdə nəşr olunan dövri mətbuatdan, A.Şaiq, C.Cəbrayılbəyli, M.Mərdanov və digər ədəbiyyat və mədəniyyət xadimlərinin xatirələrindən istifadə edərək böyük şairin həyat və yaradıcılıq yolunu elmi əsaslarla izləmişdir. M.Ə.Sabirin ömür yolunun işıqlandırılmasında avtobioqrafik səciyyəli şeirlərinin də müəyyən əhəmiyyəti olmuşdur. Sabirşünaslığın və Səhhətşünaslığın bəzi qaranlıq və mübahisəli məsələlərini işıqlandırmaqda tədqiqatçı-ədəbiyyatşünas Salman Mümtazın bu şəxslər haqqında xatirələri daha çox diqqət çəkir. Sabir və Səhhətlə dostluq əlaqələrində olan Mümtaz bu şəxslər haqqında yazdığı xatirələrində Sabirin qeyri-mətbu şeirlərinin aqibəti haqqında bunları bildirir: «Tiflisdə Səhhətlə etdiyimiz söhbətlərdən biri, həm də ən ümdəsi Sabirin Səhhətə vermiş olduğu qeyri-mətbu şeirlərinin divana salınmaq məsələsi idi. Sabir vəfatına bir gün qalmış Səhhətə ağzı bağlı bir paket içində bir neçə şeir verərək, lakin vəfatından yalnız on il sonra açılıb nəşr edilməsini tapşırmışdı və ona qəliz andlar verərək vəsiyyətinə əməl edəcəyinə söz almışdı. Mən nə qədər səy etdimsə Səhhət sözündən dönmədi, «bu mənim tərəfimdən Sabirə qarşı xəyanət olar» dedi. 1913-cü ildən sonra daha Səhhət ilə görüşə bilmədim. O şeirlər Səhhətdə qaldı. Səhhətin qeyri-mətbu əsərləri «Səyavuş», «Volqa səyahətnaməsi», «Əli və Aişə» romanı, «Demon» tərcüməsi və s. ibarətdir. Güman edirəm ki, bu əsərlər Səhhətin Şamaxıdakı evində və yainki Qalabazardakı qohumlarında qalmışdı. Xülasə, Səhhətin əsərləri harada isə Sabirin qeyri-mətbu şeiri də orada olmalıdır. Bunları axtarmaq və axtarmaq lazımdır» [173, s.441].
Araşdırıcılar M.Ə.Sabirin həyatından bəhs edərkən əsasən A.Səhhətin böyük şairə həsr etdiyi «Tərcümeyi-hal» kitabından [221] yararlanmışlar. Ə.Mirəhmədovun «Sabir» monoqrafiyası da [167] bu qəbildəndir.
Əksər hallarda tərcümeyi-hallar da xatirələr kimi sifarişlə yazılır. Məsələn, XİX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında və ictimai-siyasi fikir tarixində önəmli yer tutan Mirzə Əbdürrəhim Talıbov (1834-1911) tərcümeyi-halını Firidun bəy Köçərlinin sifarişi ilə yazmış və «məktubunda bildirmişdir ki, Firidun bəy onun yazdığını artırıb-əskiltmədən öz məcmuəsində dərc etdirsin. Firidun bəy məqaləsində Talıbovun yazdığı məktubu olduğu kimi vermiş, yalnız ədibin harada və nə vaxt anadan olduğunu, hazırda harada və nə işlə məşğul olması, habelə yazdığı əsərlərin adlarını göstərmişdir» [160, s.52]. «Səda» qəzetinin redaktoru Haşım bəy Vəzirov M.Ə.Talıbov haqqında qəzetin 1911-ci il 6 mart tarixli sayında dərc etdirdiyi məqaləsində ədəbin tərcümeyi-halını şərh etmişdir. Hələ qəzetin 28 fevral 1911-ci il tarixli 48-ci sayında nəşr olunmuş məqalədə «Vəzirov ədibə yüksək qiymət vermişdir. O, Talıbov haqqında bəzi xatirələr nəql edir, iki il əvvəl onun evində gördüyü misilsiz qonaqpərvərlikdən danışır» [160, s.23].
Daha öncə qeyd etdiyimiz kimi, orta əsr müəllifləri xatirələr, tərcümeyi-hallar, həyat və yaradıcılıqlarını tam əks etdirən əsərlər yazmamışlar. Onların həyat və fəaliyyətləri haqqında müasirlərinin əsərlərinə, müxtəlif qaynaqlara, təzkirələrə istinadən, ən əsası da müəlliflərin bilavasitə öz əsərlərinin elmi şəkildə tədqiqi əsasında fikir söylənilmişdir. Bu ənənə sonralar da davam və inkişaf etdirilmişdir. Belə ki, tərcümeyi-halına dair bir sıra faktların əsərlərinə əsasən açılmasına mollanəsrəddinçi şair Bayraməli Abbaszadənin də (1869-1926) yaradıcılığında müşahidə etmək olar. Belə ki, tədqiqatçı Asif Rüstəmli B.Abbaszadəyə həsr etdiyi monoqrafiyasında şairin ömür yolunu əsasən əsərlərinə istinad edərək canlandırır. A.Rüstəmli haqlı olaraq yazır: «Çox zaman onun düçar olduğu məhrumiyyətlər şeir və məqalələrinin mövzusuna çevrilir, həyat həqiqətlərini realist qələmlə təsvir edirdi. Həyatının son illərinin bir anını qələmə almış şairin güzəranını olduğu kimi təsəvvür etmək üçün onun «Rövzə» adlı xatirəsi fikrimizcə kifayət qədər maraqlı material verir» [209, s.26]. «Hambal» imzası ilə «Molla Nəsrəddin» jurnalının 1925-ci il, 17 yanvar (№ 3) sayında dərc olunmuş xatirədə sovet dövründə sadə zəhmət adamının acınacaqlı durumu bütün çılpaqlığı ilə əks olunmuşdur. B.Abbaszadənin hazırcavab şair olması, bədahətən satirik şeirlər deməsi, Bakının o zamanki ədəbi-ictimai həyatı ilə qaynayıb-qarışması Süleyman Rüstəmin xatirələrinə əsasən təsdiqlənir. Araşdırıcı bu mənbədən də istifadə etməklə şairin tərcümeyi-halının daha dolğun təsvir olunmasına müvəffəq olmuşdur.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun saxlancında Abbas Səhhət (1874-1918) və Məhəmməd Hadi (1879-1920) haqqında xatirələr mühafizə olunur. Xatirələrin müəllifi ərəb və fars dillərini mükəmməl bilən savadlı müəllimlərdən olan Əbülqasım Əminzadədir. Əlyazması şəklində olan bu avtoqraf nüsxələr transfoneliterasiya edilib 2008-ci ildə nəşr edilmişdir. A.Səhhət haqqında yazılan tədqiqatlarda sözügedən xatirələrdən bəhs olunmamışdır. Halbuki A.Səhhətin və onunla yaxın münasibətdə olan müasirlərinin həyatının bəzi məqamlarının aydınlaşmasında bu xatirələr xeyli önəmlidir.
A.Səhhət irsinin araşdırıcıları onun gəncliyi və təhsil illəri haqqında məlumatın azlığından gileylənirlər. «A.Səhhətin gəncliyi və təhsil illəri haqda əldə olan məlumat çox az və dumanlıdır. O zamankı Şamaxı mühitində şairin mənəvi inkişafı, təhsili, ilk yaradıcılığı kimi məsələlərlə maraqlanan olmadığından bunlar haqqında heç bir iz qalmamışdır. Şairin İranda keçirdiyi illər onun tərcümeyi-halının ən dumanlı dövrüdür. Bu haqda əldə yazılı bir mənbə olmadığı kimi xatirələr də çox az məlumat verir» [239, s.9]. Əminzadənin xatirələri Səhhətin İranda keçirdiyi illərə aydınlıq gətirən ən səhih qaynaq sayıla bilər. Əsərə əsasən məlum olur ki, Xorasanda mədrəsədə təhsil alan şair digər tələbələrdən öz çalışqanlığı ilə seçilirdi. Bir ildən sonra Səhhət Xorasandan Tehrana gəlir. Burada atasının Hacı Əli adlı dostunu axtarıb tapır. Bu şəxs vaxtilə Şamaxıdan Tehrana ticarət məqsədilə gedib varlı və nüfuzlu bir şəxs kimi tanınmışdır. Səhhət onun vasitəsilə həkim Əbdülbaqi ilə tanış olur. Həkim Əbdülbaqi də onu oğlu Xəlil ilə görüşdürür. İstedadlı bir həkim olan Xəlil «Nasiriyyə» məktəbində müəllim kimi çalışırdı. O, Səhhətə məsləhət görür ki, əvvəlcə fransız dilini öyrənsin, çünki bu dili öyrənmədən həmin məktəbdə tibb təhsili almaq mümkün deyil. Araşdırmalarda Səhhətin fransız dilini öyrənməsi onun Şamaxı realni məktəbinin direktoruna göndərdiyi ərizə əsasında təsdiqlənir [239, s.9]. Əminzadənin xatirələrində isə bu barədə daha geniş məlumatlar vardır. A.Səhhət təhsili ilə bağlı dostu Əminzadəyə bunları deyirdi: doktor Xəlil «məni aparıb firəng missionerlərinə tapşırdı. Orada mən 10 ay fransızca oxudum. Mən fransızcanı tələbələrin cümləsindən yaxşı bilirdim. Hətta bir gün tələbələr məndən çox sual etdilər. Cümləsinə cavab verdim... Nə isə missioner məktəbində fransızca öyrənib tibb məktəbinə daxil oldum. Buranı da əla dərəcədə bitirdim» [117, s.39].
A.Səhhət doktor Xəlilin məsləhəti ilə Şirazdan gəlmiş xanın həkimi olur və onunla birlikdə Şiraza gedir. Orada olduğu müddətdə xeyli şöhrətlənir. Akademik K.Talıbzadə yazır ki, «Bir ilə yaxın xanın sarayında həkimlik edən Səhhət xanla onun arasında baş verən bir tibbi mübahisə nəticəsində döydürülür. Nadan və cahil xandan öz xidmətinin «mükafatını» alan, təhqir olunmuş gənc həkim artıq orada qala bilməyib, 1901-ci ildə vətəni Şamaxıya qayıtmalı olur» [239, s.11].
Ə.Əminzadənin xatirələrində məsələ tamamilə başqa şəkildə izah edilir. Səhhət dostuna bunları söyləyir: «...bağda güllərə tamaşa edə-edə gəzirdim. Bir neçə qız da bir tərəfdə gəzirdilər. Bunlardan birisi əlində böyük bir gül gətirib yaxama sancdı və Sədinin şeirin oxudu...Xan isə nökərlərin çağırıb mənim ayaqlarımı falaqqaya saldırdı və ayaqlarıma bir neçə çubuq vurdurdu. Xanı belə görəndən sonra Şirazdan çıxıb Şamaxıya gəlməyi qət etdim» [117, s.41].
A.Səhhət özünü böyük tutub başqalarına yuxarıdan baxanlara, əlini, ayağını öpdürən axund və şeyxlərə nifrət etsə də milləti elmə, maarifə çağıran, xalqın qeydinə qalan ağıllı, məlumatlı, axund və mollaları dəyərləndirirdi. O, dövlətə, sərvətə deyil, dövlətli olub pulunu elm və maarif yolunda sərf etməyənlərə, bütün fikri və düşüncəsini var-dövlətini artırmağa çalışanlara, fəqir və məzlumlara kömək etməyənlərə nifrət edirdi. Səhhət həmişə xalqının ziyalı, mədəni və varlı olmasını istəyirdi. Dostu Sabir də millətin xoşbəxt olmasına çalışırdı. Lakin o, varlıların insafa gəlib məzlumları bir insan hesab etməyə, varlı ilə mədəni bir cəmiyyət qurulmağına qətiyyən inanmırdı. Səhhət və Sabirin yolları bu cəhətdən bir-birindən ayrılırdı və Əminzadənin xatirələrinə əsasən, «seyrdə və yığıncağımızda mübahisələri olardı, mübahisəsiz keçməzdi... Amma heç vaxt belə mübahisə könül pozğunluğuna və ziddiyyətə səbəb olmazdı» [117, s.57].
A.Səhhətlə M.Ə.Sabir səmimi dost idilər. Bir-birini çox sevər, bir-birinin qayğısına qalardılar. Əksər hallarda onların yaradıcılığı qarşılıqlı şəkildə öyrənilmişdir. Akademik A.Zamanovun «Səhhət və Sabir» [267] məqaləsində də Səhhətin Sabirlə dostluğu, Sabir irsinin nəşri və öyrənilməsində Səhhətin mühüm xidmətləri işıqlandırılmışdır. Sabir əsərlərinin ilk naşiri və ilk tədqiqatçısı da A.Səhhət olmuşdur. Müxtəlif elmi və monoqrafik əsərlərdə Ağali bəy Nasehin, Məhəmməd Tərrəhın, ən əsası isə Sabirin Səhhətlə dostluq münasibətlərindən danışılsa da, bəzi xatirələrdən istifadə edilsə də, bunların sırasında Ə.Əminzadənin Səhhət haqqında xatirələrindən bəhs edilmir. Halbuki, A.Səhhətin şəxsi həyatının bir çox məqamlarının öyrənilməsində bu xatirələr önəmli qaynaqlardan sayıla bilər. Bu fikirlər Məhəmməd Hadiyə də şamil edilə bilər. Onun həyat və yaradıcılığı haqqında yazılan tədqiqat əsərlərində əsaslı şəkildə öyrənilmişdir. Bu araşdırmalarda müxtəlif xatirələrdən, eləcə də Hadinin özünün xatirələrindən istifadə edilsə də Ə.Əminzadənin Hadi haqqında yazdığı xatirələrinin adı çəkilməmişdir. İlk öncə qeyd ediməlidir ki, Hadinin tərcümeyi-halının öyrənilməsində öz xatirələrinin, həmçinin məktublarının mühüm əhəmiyyəti vardır. Bu xatirələrdə o, uşaqlıq illərindən, valideyn və müəllimlərindən söhbət açır. «Tələbəlik xatiratından», «Dəftəri-həyatımdan bir vərəq yaxud xatirati-səbavət», «Əsri-təcəddüd və iki qüvvə» əsərləri bunlara misaldır. «Təsviri-məhəbbət yaxud vərəqi-eşqü məvəddət», «Səadəti-zailə», «Məsləkim, nədir o?» əsərlərində Hadi öz uğursuz məhəbbətindən danışmışdır. 1908-ci ildə M.Hadi «Beşikdən məzara qədər bəşərin əhvalı» adlı fəlsəfi poemasını yazmışdı. «Əsərin bir çox parçaları avtobioqrafik mahiyyətdə olub, poema müəllifinin uşaqlıq və gənclik illərini canlandırırdı (maddi sıxıntı içində böyümə, yardım üçün daşürəkli bir dövlətliyə müraciət, təhsilin yarımçıq qalması və h.b.). Lakin qüvvətli bədii və fəlsəfi ümumiləşdirmə yolu ilə yazılmış bu poema yarımçıq qalmış olsa da avtobioqrafik əsər çərçivəsindən xeyli kənara çıxmışdır» [166, s.94]. Ədəbiyyatşünas Məsud Əlioğlu çox haqlı olaraq qeyd etmişdir ki, «M.Hadinin şəxsi həyatı ilə birgə yaradıcılıq taleyi istedadı da aramsız faciələrə məruz qalmışdır. Mənəvi sıxıntı və ruhi məhrumiyyətlər, həyata atıldığı ilk günündən şairin şəxsiyyətini əzib incidən amillər kimi, onun şeirlərinin ruhuna, yaradıcılıq həyatının fikir-məna qaynaqlarına da, bədbinliyin ağır və boğucu havasını gətirmişdir» [77, s.155].
Diqqəti Ə.Əminzadənin M.Hadi haqqında xatirələrinə yönəldərək nəzərə çatdırmaq lazımdır ki, bu böyük şairdən bəhs edən araşdırmalarda A.Şaiqin, Ə.Nəzminin, C.Cəbrayılbəylinin xatirələri əsas götürülsə də, Əminzadənin sözügedən əsərindən istifadə edilməmişdir. Halbuki burada M.Hadinin həyatında baş verən bir çox maraqlı olaylar təsvir edilmişdir. Xatirələrdə M.Hadinin uşaqlıq illəri, mühərrirlik fəaliyyəti, «Həyat», «Bürhani-tərəqqi» qəzetlərində mənzum və mənsur əsərlər, məqalələrlə çıxış etməsi, Tiflisə ilk səfəri, 1903-cü ildə Kürdəmirdə məktəb açması, Kürdəmir məscidi hücrələrinin birində həm yaşayıb, həm də dərs deməsi, A.Səhhət, M.Ə.Sabir, S.Ə.Şirvani ilə əlaqəsi və bir çox məsələlər öz əksini tapmışdır. Bunlardan əlavə xatirələrdə M.Hadinin İstanbula səfəri, qadın azadlığı mövzusunda qəzetlərin birində çıxış etdiyi üçün Salonikiyə sürgün edilməsi, orada vəziyyətinin ağırlığı, hətta hamballıq etməsi, yunan polisinin onu türk casusu hesab edərək həbs etməsi, azad olduqdan sonra Odessadan keçərək Bakıya gəlməsi təsvir olunmuşdur. Hadinin İstanbul həyatı, təqib və sürgün olunması, Bakıya qayıtması haqqında A.Şaiqin, Ə.Nəzminin xatirələrində məlumat verilmişdir. Odessada keçirdiyi günlər isə heç bir mənbədə qeyd olunmasa da Ə.Əminzadənin xatirələrində hərtərəfli işıqlandırılmışdır.
Məhəmməd Hadinin həyat və yaradıcılığının tədqiqində xatirələrin əhəmiyyəti özəlliklə vurğulanmalıdır. Belə ki, araşdırıcı İslam Qəribli şairin «İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah» poemasının tədqiqinə həsr olunmuş monoqrafiyasında «XX əsrin ikinci ongünlüyünün dövri nəşrlərinə, rəsmi sənədlərinə, şairin əhatəsində olduğu adamların məktub və xatirələrinə istinad etməklə «Əlvahi-intibah»ın öyrənilməsinin səviyyəsi və dərəcəsi haqqında fikirləri ümumiləşdirir. Bütün bunlar müəllifə Hadi həyatının Birinci Dünya müharibəsi illəri ilə bağlı bir sıra qaranlıq nöqtələrini, xüsusilə poemanın ithaf olunduğu həkimin Qara bəy Qarabəylinin şəxsiyyəti ilə əlaqədar məsələni aydınlaşdırmağa imkan vermişdir» [142, s.II].
XX əsr Azərbaycan ədəbiyyatının maraqlı şəxsiyyətlərindən biri də Əlabbas Müznibdir (1883-1938). Onun AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi fondunda müxtəlif sənədlər qəzəllər, qitələr, mənzumələr, mənzum felyetonlar, satirik şeirlər, müxtəlif şəxslərin ona yazdığı məktublar, tarixi materiallar və s. ilə yanaşı tərcümeyi-hal və xatirələri də saxlanılır. Ədibin memuar irsi onun uşaqlığı, ata-anası, yaradıcılığı, həyatında baş verən bəzi məqamlar haqqında dəyərli bilgilər verir. Bu cəhətdən xatirələrin üstünlüyü və digər sənət növlərindən fərqi odur ki, burada müəllif şəxsiyyəti özünün hiss və həyəcanları, arzu və istəkləri ilə ön planda verilir.
Əlabbas Müznibin arxivində bir neçə kiçik həcmli tərcümeyi-hal materialları vardır. Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış, avtoqraf olan bir səhifəlik tərcümeyi-halın əvvəli naqisdir. Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış digər avtoqraf tərcümeyi-hal iki vərəqdən ibarətdir. Sadə qələmlə yazılmış və üzərində təshihlər aparılmış bu nüsxənin sonunda 3.XII.30-cu il tarixi qoyulmuşdur. Bir səhifəlik başqa bir tərcümeyi-hal rus dilindədir. Şəxsi arxiv fondunda yuxarıda göstərilən qısa tərcümeyi-hal sənədləri ilə bərabər nisbətən iri həcmli, səkkiz vərəqdən ibarət «Türkcə yazılan tərcümeyi-halımın müxtəsər tərcüməsi» adlı yazı da vardır. Yazının sonu naqis olsa da memuaristin həyatı və yaradıcılığı haqqında maraqlı məlumatlar əldə etməyə imkan yaradır. Müznib burada özünün mətbuat sahəsindəki fəaliyyətindən, bu yolda qarşısına çıxan maneələrdən, həbs edilməsindən bəhs edir. Adları çəkilən və əlyazması halında olan bu nüsxələr «Xatirələr» kitabında [117] nəşr olunmuşdur.
Müznib «hələ iyirminci illərin əvvəllərində qələmə aldığı «Bakıda millət müharibəsi» və «Qarabağ xatiratı» memuarlarını yazmaq üçün materiallar toplayır. Azərbaycan Dövlət nəşriyyatı ilə səkkiz müəllif vərəqi həcmində olacaq «Ədəbi xatirələr» adlı kitab yazacağı barədə müqavilə bağlayır» [9, s.414]. Yazıçının şəxsi arxivində öz həyat və fəaliyyətini, memuarlarını yazmaq üçün tərtib etdiyi plan qeydləri [177] vardır. Altı vərəqdən ibarət olan qeydlərin birinci vərəqi yoxdur. Qeydlər Azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdır. Üzərində düzəlişlər aparılmış, bəzi sözlər pozulmuşdur. Qeydlərdən aydın olur ki, memuarist əsərini iyirmi iki hissə və hər bir hissəni də bir neçə bölmədən ibarət qələmə almağı planlaşdırmışdır. Görünür, Müznib memuar yazmağa ciddi yanaşmış hətta plan tərtib etmişdir. Lakin xatirələr günümüzə tam şəkildə çatmamışdır. Əsərin əldə olan hissəsi də öz növbəsində parçalanmış və fraqmentləri Müznibin şəxsi fondunda saxlanılır. Müəyyən sujetə malik olan xatiratın [117, s.93] birinci hissəsi «Ailəm», ikinci hissəsi «Çocuqluk və təhsilim», üçüncü hissəsi «Gənclik yaşlarım. Araba qayırarkən» adlanır. Xatirələr Azərbaycan dilində ərəb əlifbası ilə, sadə qələmlə yazılmışdır. Əlyazmanın vərəqləri müəllifin özü tərəfindən səliqə ilə nömrələnmişdir. Xatirədə bəzi sözlər pozulmuş, üzərində bənövşəyi mürəkkəblə düzəlişlər edilmişdir. Xatirə üzərində aparılan bu avtoqraf düzəlişlər əsərin müəllif tərəfindən çapa təqdim etmək üçün hazırlanması ehtimalını yaradır. Ümumiyyətlə, xatirənin məzmunu onun böyük həcmli əsərin bir hissəsi olduğunu göstərir. Müznib özü etiraf etmişdi ki, onun xatirə dəftəri olmuşdur. Bu barədə o yazır: «Bilxassə böyük türk millətinin kəmali-iftixar ilə mənə həddindən pək böyük olsa da bəxş etdikləri ali bir ləqəbindən, yəni «Müznib şairimizdir» dediklərindən dolayı daha xoşbəxt olduğuma əminəm və özümdən sonra gələn ailə əfradına birər xatirə dəftəri buraxmağı dəxi yersiz ədd etmirəm» [176, s.2].
Ə.Müznibin xatirələri yalnız müəllifin həyat və fəaliyyətini deyil, XX yüzilliyin əvvəllərində xalqın ağır şəraitini, bu şəraitdə azərbaycanlıların öz təmiz və nəcib zəhmətinin bəhrəsi ilə yaşamalarını, Azərbaycan mədrəsələrində tədris üsulunu, mollaxanaların vəziyyətini, həmçinin ictimai və tarixi hadisələrini əks etdirir. Xatirələrlə yanaşı Müznib dövrün tanınmış şəxsiyyətləri haqqında dəyərli məqalələr yazmışdır. Haşım bəy Vəzirov, Əli bəy Hüseynzadə, Əliağa Vahid, Hüseyn Ərəblinski, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir haqqında yazılan məqalələrdə onların həyat və fəaliyyətləri, tərcümeyi-halı haqqında dəyərli məlumatlar verilir, xatirələr qələmə alınır. Müznib M.Ə.Sabiri «Kaspi» mətbəəsi ilə necə tanış etməyi barədə bunları yazır: «Bir gün «Kaspi» mətbəəsini (o vaxt Sabir bağçasının yerində idi) görməyi arzu etdi. Axşam saat səkkizdən sonra onu məzkur mətbəəyə apardım. Mətbəədəki tipoqrafiya, litoqrafiya, kəsən, tikən makinaları və mətbəənin hər bir ləvazimatını ona göstərdim. Hamıdan çox «Kaspi»ni təb edən rotatsiyonu ilə litoqrafiya makinalarına heyrət etdi. Rotatsiyonun kağızı lenta kimi aparıb, çap eləyib, kəsib bükməsinə, eyni zamanda da neçə nüsxə çap elədiyini saymasına, litoqrafiyanın isə düz daşda birinci rəngdən sonra ikinci rəngin istənilən yerə verilməsinə və rəngdən başqa yerə əsla toxunmamasına çox təəccüb eylədi. «Dəmirin də canı olarmış», - deyə əllərini bir-birinə qovuşdurdu. Mətbəədən çıxdıq» [10, s.261].
Haşım bəy Vəzirovun erməni-azərbaycanlı iğtişaşında göstərdiyi xidmətləri qiymətləndirən Ə.Müznib bu xüsusda yazmışdı: Haşım bəy «Şuşa bələdiyyə idarəsində qlasnı olub vətəndaşlarının mənafeyini həmişə müdafiə edirdi. Müsəlman-erməni iğtişaşında göstərdiyi xidmətləri daha böyükdür. Qarabağda vaqe olan iğtişaş əsnasında müsəlmanları daima hökumət yanında və əfkari-ümumiyyə nəzərində müdafiə etmiş və dilsiz cahil milləti əğyarın töhmət və təcavüzündən dili və qələmi ilə müdafiə və mühafizə erməkdən bir an geri durmamışdır. O vaxtlarda Qarabağdakı müsəlman və erməni münasibətini islahı bir yola qoymaq üçün Qafqaz hökuməti-aliyəsi tərəfindən təyin olunan general Tağayaşvilinin hüzurunda böyük bir izdiham içərisində müsəlmanları müdafiə etmək yolunda mənidar və kəskin bir nitq söyləmiş, o nitqi sayəsində qarabağlıların hökumət nəzərində asayiş sevici bir camaat olduqları bilinmişdir» [10, s.217].
Müznibin «Qarabağ səyahəti» əsəri 1920-ci ilin mayında hökumət nümayəndələri D.Bünyadzadə, H.Sultanov, Ç.İldırım ilə birlikdə Qarabağa edilən səfərin təəssüratları əsasında qələmə alınmışdır. Əsərdə əsasən Şuşa şəhərinin quruluşundan, əhalisindən, məhəllələrindən, su çeşmələrindən, məktəblərindən və s. bəhs olunur ki, bu da şəhərin XX yüzilin əvvəllərindəki durumunu anladır. Müəllif yazır: «Şuşada sabiq xanın qızı Gövhər ağa tərəfindən tikdirilmiş iki böyük came və nəhrin ətrafında mədrəsələri, kənddən, ərazidən, bağdan, ziraətdən ibarət qayət zəngin mövqufatı vardır. Bundan əlavə, hər məhəllədə məhəllə əhli tərəfindən yapılmış «Hüseyniyyə» təsmiyyə edilən birər məscidləri mövcuddur. Fəqət bunların mövqufatı yoxdur. Məhəllə əhalisi tərəfindən idarə olunur. 71 hamamı və 8 xan karxanası vardır» [178, s.169]. Müznibin «Qaryagində» adlı yazısı da «Qarabağ səyahəti» əsəri səpkisindədir. «Ağdamın vəchi-təsmiyəsi» və «Tərtər» yazılarında isə müəllif sözügedən ərazilərin adlarının mənalarını açıqlamışdır.
Ə.Müznibin qardaşı, ədəbiyyatşünas Əmin Abid isə «Yoldaş yolunda» əsərində uşaqlıq xatirələrindən bəhs edir. «Unudulmaz günlər» adlı yazıda Abid öz yaşantılarını xatirə şəklində söyləyir və qardaşı Müznibin bir beytini verir [175, s.6]. Bu nümunələr Müznibin Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılır.
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış şairlərdən biri də Mirzə Əli Möcüzdür (1873-1934). «Cənubi Azərbaycan ədəbiyyatında maarifçi-satirik şeiri XX əsrdə yeni mərhələyə qaldırmış, onun məzmununu inqilabiləşdirmiş, demokratikləşdirmiş, cümhuriyyət quruluşunu tam üstün tutmuş, M.Ə.Sabir satirasını yeni şəraitdə davam və inkişaf etdirmiş» [155, s.99] Möcüz 1933-cü ildə Təbrizdə olduğu zaman qısa tərcümeyi-halını yazaraq öz həyat yolunu təsvir etmişdir: «Təxəllüsüm Möcüz, adım Əlidir. Atam Şəbüstərin tacirlərindən imiş. Mən on altı yaşında ikən o vəfat etmişdir. Həmin ildən İstanbula getdim, orada on altı il qaldıqdan sonra qayıtdım və vətənimin ağlar halını görüb növhəxanlığa başladım. Mənim bu növhəxanlığım axudların xoşuna gəlmədi, mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat verdilər məni çağırmadılar, toy oldu mən iştirak etmədim. Bununla belə axıradək vuruşdum, yəni yazdım, özü də ana dilində yazdım. Yazılarımı saxlamamışam, yoldaşlara və dostlara vermişəm, onlardan bəziləri yığıb saxlayıblar. Fars dilini çox da yaxşı bilmirəm və bu dildə çox az yazmışam. Həm də mən belə mülahizə etdim ki, azərbaycanlılar fars dilindən bir o qədər də xoşlanmazlar. Bir də məqsədim o idi ki, kişilər və qadınlar oxuyub mətləbi anlasınlar. Şeirlərimin çoxu müzahi tərzdə yazılıbdır. Buna görə də sevilir, yoxsa bir o qədər də qabil deyildir» [169, s.6].
Memuar mənbələri şəxsi mənşəli olduğu üçün əsasən şəxsi fonlarda mühafizə edilir. Buna görə də onları üzə çıxarmaq üçün arxivlərə müraciət etmək lazımdır. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi fondlar bu baxımdan diqqət çəkir. XIX – XX əsr Azərbaycan ədəbiyyat və mədəniyyət xadimlərinin şəxsi fondlarındakı gündəlik, tərcümeyi-hal və xatirələr həm bu dönəmin ictimai-siyasi, tarixi durumunu canlandırmaq, həm də tanınmış şəxsiyyətlərin ömür yolunu izləmək baxımından önəmlidir. Digər tərəfdən memuar mənbələrini nəşr edərkən memuaristin şəxsi arxivini (təbii ki, əgər varsa) öyrənmək daha məqsədəuyğundur. Onun gündəliklərindən, qeyd dəftərçələrindən, yazışmalarından müəlliflə əlaqədar dəyərli məlumatlar əldə etmək mümkündür. Əlyazmalar İnstitutunun arxivlərində Əbdürrəhim bəy Haqverdiyevin, Zülfüqar Hacıbəyovun, Nəriman Nərimanovun, Gülsüm xanım Nərimanovanın, Azər Buzovnalının, Süleyman Sani Axundovun, Səməd Vurğunun, Əli Nəzminin və başqalarının tərcümeyi-halı vardır. Sözügedən müəliflərin həyat və fəaliyyətlərinin öyrənilməsində bu nümunələrin əhəmiyyəti danılmazdır. Belə ki, tərcümeyi-hal və xatirələri təyinetmə vəhdəti şəxsiyyətin müasirləri və nəsil üçün tarixi varlıqda özünün iştirakını təcəssüm etdirmək, orada özünü və öz yerini dərk etməkdən ibarətdir. Şəxsi fondların müəlliflərin həyat və fəaliyyətlərinin öyrənilməsində əhəmiyyətini Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) timsalında göstərmək maraqlı olardı.
1927-ci ildə Tiflisdə Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illik yubileyinə hazırlıq işləri gedirdi. Əziz Şərif də onun haqqında məqalələr yazıb «Yeni fikir» qəzetində dərc etdirirdi. Ədibin həyat yolunu düzgün işıqlandırmaq üçün redaksiya onun özündən material istəmişdi, o da öz müxtəsər tərcümeyi-halını yazıb göndərmişdi [83, s.217]. Həmin tərcümeyi-halı Əziz Şərif olduğu kimi xatirələrinə daxil etmiş və bildirmişdir ki, yazıçının həyatına aid əldə olan bütün məlumat bu sənəd əsasında yoxlanılmalı və düzəldilməlidir. Eyni zamanda onun öz tərcümeyi-halına aid yazdığı və arxivində saxlanılan o biri əlyazmaları da bu əlyazması ilə tutuşdurulmalı, dəqiqləşdirilməli və təkmilləşdirilməlidir [83, s.220]. Məhz həmin tərcümeyi-hal əsasında Ə.Şərif Ə.Haqverdiyevin həyat və fəaliyyətinin əsas məqamlarını işıqlandırmışdır, gündəliyindəki sətirlər və ədibin ona göndərdiyi məktublar bu işdə ona yardımçı olmuşdur.
Əziz Şərifin tövsiyəsi ilə Ə.Haqverdiyevin Əlyazmalar İnstitutundakı şəxsi arxivi bir daha nəzərdən keçirildi və müəyyənləşdirildi ki, arxivdə yazıçının üç variantda, əlyazması şəklində tərcümeyi-halı vardır. 19 aprel 1933-cü ildə qələmə alınmış tərcümeyi-halın iki variantı dolğun və əhatəlidir. Üçüncü variant isə həcm etibarı ilə kiçikdir. İlk iki sənədin 1933-cü ildə, yəni həyatının son ilində qələmə alınmasını nəzərə alaraq, bu tərcümeyi-halın daha geniş olması tamamilə təbiidir.
İlk öncə qeyd edilməlidir ki, Haqverdiyevin arxivindəki tərcümeyi-halda uşaqlıq illəri haqqında məlumat daha əhatəlidir. Ədib yazır: «...Üç yaşında ikən atamı qeyb edib yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam köhnə çinovnik Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın işkəncələr verirdilər. Əmimə şikayət etməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzaba mübtəla olacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Tiflisdə realnı məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim» [107].
Atalığını xoş xatirələrlə yada salan Ə.Haqverdiyev tərcümeyi-halının ikinci variantında ondan daha ətraflı bəhs edir və onunla keçirdiyi günləri həyatının yaddaqalan anları kimi xatırlayır. O yazır: «Atalığım Həsənəli bəy Sadıqov birinci Nikolay vaxtının çinovniklərindən idi. Bu adam çox polis idarələrində xidmət etmiş və qədim vaxtın vəzifələrindən murov vəzifəsi daşımış, dünyagörmüş, Bakı, Gəncə, Şirvan, Şəki dairələrində ömür keçirmiş bir kişi idi. Çox vədə səfərə çıxar, qış zamanında isə buxarının kənarında əyləşib keçmiş günlərindən söhbət edirdi. Onun çox söhbətləri qədim zamanın məşhur qaçaqları Qaçaq Əbdürrəhimdən, Qaçaq Aslandan, Qaraçuxu oğlundan və sairlərindən olardı. Bu söhbətlərə mən və onun əvvəlinci arvadından olan iki oğlanları böyük bir maraqla qulaq asardıq. Bu hekayətlər mənim gələcək ədəbi işlərimə böyük təsir bağışladı. 1906-cı sənədə yazdığım «Ayın şahidliyi» hekayətim Sadıqov nəql edən hekayətlərdən biri idi. Söz yox ki, sadə söylənmiş bir əhvalat ədəbi surətə salınmışdı. Onun öz oğluna isə hekayətləri əks-təsir bağışladı. Üçüncü, dördüncü sinifdə ikən başladı tüfəng, xəncər ilə oynayıb igidlik məşqinə düşməyə və bir azdan sonra məktəbi boşlayıb gedib kənddə yaşadı. Axırda həvəskar surətində qaçaqçılıq, yolkəsməkliklə məşğul oldu və bu yolda şöhrət qazandı. Belə idi ki, hər bir mühüm cinayətdə onun adı çəkilirdi və o da buna fəxr edirdi. Bu oğlanın haqqında böyük bir hekayət yazmaq mümkündür. Ancaq əhvalatın mövzuya dəxli olmadığından buna kifayət edib ancaq bunu deməliyəm ki, oğlan ən axırda şəhərin kənarında seyrdə içki məclisində özünün əziz dostunu güllə ilə öldürüb axırda Sibirə göndərildi» [107].
Ə.Haqverdiyevin uşaqlıq illərindən nümunə gətirdiyimiz sətirlər Əziz Şərifin Ə.Haqverdiyev haqqında yazdığı xatirələrinə daxil etdiyi tərcümeyi-halda özünə yer almamışdır. Eyni fikirləri müəllim Yusif bəy Məlik Haqnəzərov haqqındakı məlumatlara da şamil etmək olar. Ə.Haqverdiyevin şəxsi arxivindəki tərcümeyi-halda Yusif bəydən daha ətraflı söhbət açılır. Müəllif yazır: «...Yusif bəy Məlik Haqnəzərov ilə tanış olmam. Şuşa şəhər məktəbinə girdikdən qabaq mən Yusif bəyin yanında bir neçə ay hazırlaşdım. Yusif bəy müəllim idi. O vaxt müəllimlər yay fəslində Şuşada teatr verirdilər. Mən birinci dəfə teatr sözünü Yusif bəyin dilindən eşitdimsə, amma istərdim teatra gedim. Balaca olduğumdan dolayı atalığım məni buraxmayırdı. Atalığım özü də teatr nə olduğunu bilməzdi. Ancaq 1884-cü ildə birinci dəfə teatra gedib həman Yusif bəyi səhnədə görüb teatrın nə olduğunu anladım və sonra Mirzə Fətəlinin komediyalarını alıb həvəs ilə oxumağa başladım. Hətta on altı yaşında ikən bir komediya da yazdım: «Hacı Daşdəmir» və yazıb da aparıb Yusif bəyə verdim. Yusif bəy komediyanı çox diqqətlə oxuyub qırmızı karandaşla lazımi yerləri düzəltmişdi və sonra isə komediyanın bir şeyə yaramadığını mənə bir oylə pedaqoji dil ilə söylədi ki, mən əsla ondan incimədim. Bundan sonra teatr nə olduğunu və teatra dair əsərləri necə yazmaq üsulunu mükəmməl surətdə mənə göstərdi. O idi ki, həman gündən teatr yolunda işləməyi özümə bir müqəddəs məqsəd sandım» [107].
Ə.Haqverdiyevin Peterburq şəhərində olarkən teatrla bağlı fikirləri şəxsi fondda saxlanılan tərcümeyi-hal nüsxəsində daha mükəmməldir. Əsərləri haqqında məlumata gəldikdə isə qeyd olunmalıdır ki, Əziz Şərifin təqdim etdiyi nüsxədə, 1927-ci ildə yazıldığına görə, təbii ki, Ə.Haqverdiyevin 1927-ci ilə qədər yazdığı əsərləri özünə yer almışdır. Şəxsi arxivdəki nüsxə 1933-cü il qələminin məhsulu olduğu üçün burada əsərləri haqqında məlumat daha genişdir. Eyni fikirləri yazıçının ictimai və digər sahələrdə fəaliyyəti haqqında da söyləmək olar. Şəxsi arxivindəki kiçik həcmli tərcümeyi-halda isə Ə.Haqverdiyevin birinci Dövlət Duması (Dumaya Gəncə quberniyası tərəfindən nümayəndə göndərilmişdi) dağıldıqdan sonra «Nadejda» sığorta nəqliyyat cəmiyyətinin müfəttişi kimi Qafqaza qayıdıb Gəncədə yaşaması, 1908-ci ildə cəmiyyətin iflasa uğraması və onu Hacı Zeynalabdin gəmiçiliyinə müfəttiş vəzifəsinə təklif etmələri göstərilmişdir. Bu vəzifələr ona Qafqazın və İranın bir çox yerlərini səyahət edib qiymətli məlumatlar əldə etməsinə şərait yaratmışdır. Ədibin həyatının bu məqamları nə Əziz Şərifin xatirələrindəki tərcümeyi-halda, nə də Abbas Zamanovun Ə.Haqverdiyev haqqında məqaləsində [106] verilmişdir. Bütün bunlar bir daha sübut edir ki, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərini öyrənərkən onların şəxsi arxivlərini araşdırmaq xeyli vacib və önəmlidir. Ədalət naminə deməliyik ki, Əziz Şərifin təqdim etdiyi tərcümeyi-halda da elə məqamlar vardır ki, bunlar şəxsi arxivdəki sənədlərdə öz əksini tapmamışdır.
Əlyazmalar İnstitutunda Süleyman Sani Axundovun (1875-1939) şəxsi arxiv fondunda beş variantda tərcümeyi-hal sənədləri saxlanılır. Bunlardan ikisi [279, 280] rus dilində, ikisi [17, 18] Azərbaycan dilində ərəb əlifbası ilə, biri [19] latın əlifbası ilə yazılmış avtoqraf nüsxələrdir. Tərcümeyi-hal ilk dəfə «İnqilab və mədəniyyət» məcmuəsinin 1939-cu il dördüncü sayında dərc olunmuşdur. Yazıçı 1938-ci ildə «Uşaqlıq həyatından xatirələr»ini [16, s.427] qələmə almışdır. Onun uşaqlıq illəri Ağdamın bir hissəsi olan Seyidli kəndində keçmişdir. Daima təbiətin qoynunda olardı. Təbiət vurğunu Süleyman Sani əsərlərində təbiəti məftunluqla təsvir etmişdir. Gördüyü olaylar hekayələrində öz bədii əksini tapmışdır. S.S.Axundovun tərcümeyi-hal və xatirələrinə söykənərək tədqiqatçı Nadir Vəlixanov onun elmi bioqrafiyasını [250] tərtib etmişdir. Burada ədibin həyatı, mühiti, ömür yolu, şəxsiyyəti, dünyagörüşü, müasirləri ilə əlaqələri zəngin sənədlər, faktlar, xatirələr əsasında işıqlandırılmışdır. Yazıçının həyat və yaradıcılığını tədqiq edən Məsud Əlioğlu da əsasən onun «Uşaqlıq həyatından xatirələr»indən yararlanmış, Axundovun uşaqlıq dövrünü öz yazdıqları əsasında qələmə almışdır.
Hər bir yazıçının, şairin tərcümeyi-halının bəzi məqamları məktublarda da əks olunur. Nəriman Nərimanov 1925-ci ilin 28 yanvarında Moskvadan oğlu Nəcəfə yazdığı məktubda həyat və yaradıcılıq bioqrafiyasından bəhs etmişdir. O, yazmışdır: «Mənim həyatım, ömrüm qayğılarla dolu olub. Qardaşımın və bacılarımın ailələri 20 yaşımdan mənim boynumda olub. Bu 30 ildə 11 adam böyüdüb boya-başa çatdırmışam. Onlardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi məvacibimlə böyütmüşəm. Bütün bu işləri sahmana salandan sonra yenidən oxumağa başladım, 30 yaşımda universitetə daxil oldum. Universiteti qurtardıqdan sonra var qüvvəmi Salman qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bunlardan yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verəndən sonra azad olmuşam. Bu məktubu isə aradan bir il keçəndən sonra, məhz 1925-ci ildə yazıram. Bütün bunları sənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş görməyim üstündə qınamayasan. Bu mənada ümidvaram ki, sən gördüyüm işləri davam etdirib başa çatdıracaqsan» [188, s.135].
Məktubda Nərimanov oğluna məsləhətlər verərək vəzifə-mənsəb arxasınca qaçmamağa, şəxsiyyət və idarələrdən mümkün qədər az asılı olan peşə və ya sənət seçməyi tövsiyə edir. Özünün də tibb sahəsini seçməsini kənar şəxslərdən az asılı olmaq və daha çox ruhi məmnunluq alması üçün etdiyini bildirir. Məktubda həmçinin Nərimanovun dünyaya, həyata baxışı, mühit, insanlar, hakimiyyət haqqında fikirləri öz əksini tapmışdır.
XX əsrin «birinci yarısında yaşayıb yaratmış mədəniyyət xadimləri arasında memuar ədəbiyyatının və xatirələrin geniş şöhrət tapması Azərbaycan mədəniyyəti tarixinin bugünkü tədqiqatçısına qiymətli informasiya verir, bu tarixin bəzi ağ səhifələrinin yazılmasına köməklik göstərir. ...XIX əsrin sonlarından əlyazma mədəniyyətinin süqutu ilə hələ nəşr işinə kifayət qədər geniş və müfəssəl faktların yol tapmaması, bir sıra məsələlərin dövrün inqilabi ab-havası fonunda arxa plana keçərək nəzərdən yayınması müşahidə olunurdu. Dövrün kütləvi informasiya vasitələrinin «hər şeyi» əhatə etməyə gücü çatmırdı və belə bir vəziyyətdə Azərbaycan mədəniyyət xadimlərinin şəxsi təşəbbüsü, xatirə yazmaq cəhdləri olduqca gərəkli idi» [7, s.21]. Belə xatirələrdən biri də Cəlil bəy Bağdadbəyova aiddir. Şuşa şəhərində dünyaya göz açan Cəlil bəy xatirələrində [36] Şuşanın məşhur və həvəskar xanəndələri, aşıqları haqqında məlumat vermiş, eləcə də Azərbaycan musiqisinin inkişafında Mir Möhsün Nəvvabın həqiqi rolunu qeyd etmişdir. Xatirələrdə Şuşanın adət-ənənələrindən (nişan, paltarbiçmə, toy), Novruz bayramının keçirilməsindən, kənd toylarından, Məhərrəm ayında baş verən olaylardan, mərsiyəxanlardan, seyidlərdən söhbət açılır və bunlar haqqında müfəssəl məlumat verilir. Bağdadbəyovun xatirələri xalqımızın tarixi keçmişini, ən əsası Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın zəngin adət-ənənələrini, Azərbaycan musiqi tarixini və etnoqrafiyasını öyrənmək baxımından əvəzsiz mənbədir. Yalnız Azərbaycanda deyil, həmçinin Orta Asiyada teatr sənətinin inkişafında böyük xidmətləri olan Cəlil bəy Bağdadbəyov və bu dövrdə səhnəyə gələn yeni aktyor nəslinin ayrı-ayrı nümayəndələrinin tərcümeyi-hal və xatirələri Azərbaycan mədəniyyətinin inkişaf tarixini öyrənməkdə önəmlidir. Hüseynqulu Sarabskinin (1879-1945), Əhməd Qəmərlinin (1850-1952), Mirmahmud Kazımovskinin (1882-1940), Mirzağa Əliyevin (1883-1954), Sidqi Ruhullanın (1886-1959), Hacağa Abasovun (1888-1975), Əhməd Anatollunun (1894-?), Səməd Mövləvinin (1900-1962) tərcümeyi-hal və xatirələri teatr sənətinin ümumi mənzərəsini təsəvvür etməyə imkan verir, aktyorların səhnədə atdıqları ilk addımları, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq yolundakı fəaliyyətlərini əks etdirirdi.
Hər bir sənətkarın həyat və yaradıcılığını öyrənməkdə, deyildiyi kimi, tərcümeyi-halların böyük önəmi vardır, «çünki tərcümeyi-halı öyrənilməmiş bir şair və ədibin yaradıcılığını da düzgün anlamaq, təhlil etmək və qiymətləndirmək xeyli çətin olur» [47, s.9]. Zəngin elmi irsə malik türkoloq alim Bəkir Çobanzadə (1893-1938) «Yardımçı elmlər»ə daxil etdiyi tərcümeyi-halların ədəbiyyat tarixçisi üçün önəmini vurğulayaraq yazmışdır: «Ədəbiyyat tarixçisinə tədqiq etdiyi müəllifin necə bir adam olduğunu bilmək də lazımdır. Müəllifin həyatını öyrənmək sayəsində, onun mühiti və ədəbi zövq və idealı haqqında da fikir edilmək mümkündür. Bununla bərabər... bioqrafidən – tərcümeyi-haldan özümüzə lazım olan materialı seçib faydalanmasını bilmək də şərtdir» [60, c.3, s.247]. Alim «Xətainin dili və ədəbi yaradıcılığı haqqında» əsərində Xətainin tərcümeyi-halı ilə məşğul olan bəzi tarixçilərin Səfəvilər nəslinin yeddinci imam Musa Kazimə çatdığını göstərməklərini «Şah İsmayılın özü tərəfindən və yaxud tərəfdarları vasitəsilə tərtib edilib siyasi və dini məqsədlərlə xalq arasına yayılmış olan əfsanələrdən başqa bir şey» [60, c.1, s.263] olmadığını bildirir və «bütün tarixçilər tərəfindən Səfəvi xanədanının Ağqoyunlu sülaləsi ilə, xüsusən Uzun Həsən ailəsi ilə olan əlaqəsi» [60, c.1, s.264] fikrini təsdiqləyir, bu məlumatın həqiqətə daha uyğun olmasını qeyd edir.
Azərbaycan yazıçıları haqqında əhatəli ədəbi irs qoyub gedən ədəbiyyat tənqidçisi Firidun bəy Köçərlinin özünün həyat və fəaliyyətindən bəhs edən əsəri olmasa da yüz otuzdan artıq Azərbaycan yazıçısının ömür və yaradıcılıq yolunu əks etdirən əsəri tərcümeyi-hal materialları ilə zəngindir. F.Köçərli «hər hansı bir yazıçının tərcümeyi-halına dair məlumat toplamaq üçün ilk növbədə onun öz kitablarına, divanlarına müraciət edirdi. Lakin əksər hallarda o, istədiyinə nail ola bilmirdi... Odur ki, tərcümeyi-halların tərtibi üçün başqa məxəzlərə müraciət etmək lazım gəlir. Alim təzkirələrdə, mətbu və qeyri-mətbu elmi kitablarda, mətbuat orqanlarında klassik ədəbiyyatın ayrı-ayrı nümayəndələri haqqında verilən bioqrafik və biblioqrafik məlumatlardan ilk məxəz kimi istifadə edir» [126, s.13]. Əsərdə Ə.Gəncəvi, N.Gəncəvi, X.Şirvani, M.P.Vaqif, M.V.Vidadi, A.Bakıxanov, Aşıq Pəri, Q.Zakir, X.Natəvan, F.Kəminə, H.Fəqir, M.B.Xalxali və başqaları haqqında bioqrafik məlumatlar verilmişdir. M.F.Axundov haqqında onun özünün yazdığı tərcümeyi-halı, A.Bakıxanovun həyat və fəaliyyəti isə onun «Gülüstani-İrəm» əsərində verilmiş tərcümeyi-halı əsasında izah edilmişdir. Ədəbiyyat tənqidçimiz «Gülüstani-İrəm»in sonunda Bakıxanovun özü haqqında yazdığı parçanı bütövlükdə «Azərbaycan ədəbiyyatı»na daxil etmişdir.
Azərbaycan ədəbiyyatının tanınmış simalarının tərcümeyi-halını tərtib edən F.Köçərli qeyd etdiyimiz kimi öz bioqrafiyasını qələmə almamışdır. Bu işi onun tələbəsi olmuş Fərhad Ağazadə (Şərqli) çox məharətlə yerinə yetirmişdir. Belə ki, tərcümeyi-hal elə geniş və əhatəli yazılmışdır ki, sanki Köçərlinin öz qələmindən çıxmışdır. Əsər 1930-cu ilin aprelində yazılmışdır. Bioqrafiyanı yazarkən F.Ağazadə ilkin «arxiv materiallarından istifadə etmiş, daha zəngin epistolyar irsdən faydalanmışdır. Biz bu gün Firidun bəyin şəxsiyyəti və ilkin arxivi haqqında daha geniş təsəvvür əldə etdiyimiz üçün Fərhad Ağazadəyə minnətdar olmalıyıq. Belə ki, dövrünün tanınmış ziyalısı və alimi olan bu şəxs arxivin ilkin variantını araşdırarkən ağlagəlməz bir uzaqgörənlik nümayiş etdirmiş və Firidun bəyin bütün arxiv materiallarının siyahısını çıxarmışdır» [6, s.6].
Fərhad Ağazadə Firidun bəy Köçərlinin təhsil illərini, pedaqoji və tərcüməçilik fəaliyyətini hərtərəfli işıqlandırmışdır. 35 il müəllimlik edən Firidun bəyin nəzərində müəllimlik ən müqəddəs bir iş idi. Öz peşəsini ürəkdən sevdiyi, həmçinin müəllimlərə, məktəblərə dəyər verdiyi üçün müəllimlərin və şagirdlərin də Firidun bəyə böyük hörməti var idi. Bunu daha aydın şəkildə göstərmək üşün F.Ağazadə Firidun bəyə gələn məktublardan nümunələr göstərir. Əsərdə Firidun bəyin şəxsi keyfiyyətlərindən də söhbət açılır. «Firidun bəy çoxlarının tədbirçisi, məsləhətçisi, yolgöstəricisi olduğundan, hər kəsin ürəyində bir dərdi olsaydı, qabaqca Firidun bəyə yazardı» [90, s.32]. Ona yazılmış məktublar bunu bir daha sübut edir.
Firidun bəyin ömür-gün yoldaşı Badisəba xanıma yazdığı məktublar onun mənəvi aləmini daha aydın nəzərə çatdırır. Bu məktublar onun həyat yoldaşına olan məhəbbət və diqqətini, eləcə də Badisəba xanımın ətrafında olan insanları da nəzər-diqqətində saxladığını göstərir.
F.Köçərli xalqın qayğısını çəkən bir insan olmuşdur. Bu barədə tərcümeyi-hal müəllifi yazır: «Firidun bəy camaat qayğısına ürəkdən yanan bir sadiq inteligent idi. Bunun bu sədaqəti yalnız şagirdlərinə deyil, hətta başqa inteligentlərə də böyük təsiri olmuşdu. Demək olar ki, Firidun bəyin təsiri ilə tərbiyələnmiş bir çox kimsələr ortalığa çıxdı. Bunların bəziləri hələ bizimlə bərabər yaşayırlar. Bunlardan elələri var ki, Firidun bəyin dəlaləti ilə mahir yazıçılar olmuş və bəziləri də onun göstərdiyi cığırı tutub, onu özlərinə məslək qərar vermişlər» [90, s.24]. Müəllif həmin şəxslərdən bir neçəsini nümunə də göstərir.
Fərhad Ağazadə Firidun bəyin dəyərli bir qələm sahibi olduğunu bildirərək yazır: «Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər belə, böyük hörmətlər göstərirdilər, çünki ruscada onun çox dəyərli məqalələri çap edilirdi. Odur ki, Qafqaz mühərrirləri arasında məşhur olduğu kimi, Moskva, Peterburq (indiki Leninqrad) şəhərlərində də məşhur idi» [90, s.27]. Müəllif Firidun bəyin nəşr olunmuş məqalələri siyahıya alınsa, həmin siyahının 15-20 səhifə yer tutacağını bildirir. Bir çox məqalələrindən nümunələr gətirən F.Ağazadə onların mahiyyətini, məzmununu və harada nəşr olunduğunu nəzərə çatdırır.
Firidun bəy ana dilinə böyük önəm verirdi və bildirirdi ki, «bir milləti yaşadan dildir və o dili yaşatdıran şairlər, ədiblərdir» [90, s.34]. Dostlarına yazdığı məktublarında o, ana dilinin önəmi barədə öz fikirlərini bildirirdi. Dilin zənginliyini sübut etmək üçün el ədəbiyyatı toplamağın zəruri olduğunu bilən Köçərli bu xüsusda xeyli işlər görmüş, «qalın bir kitab doldurası qədər yalnız el ədəbiyyatı toplamışdır» [90, s.35]. O, material toplamağa şagirdlərini də həvəsləndirirdi. Onlar da bu işlə həvəslə məşğul olurdular.
F.Ağazadənin sözügedən əsərində Firidun bəy Köçərlinin bu görkəmli şəxsiyyətin tərcümeyi-halı, həyatının ən önəmli məqamları təsvir olunmaqla yanaşı, dövrün, mühitin ab-havası, çevrəsində olan insanların fəaliyyəti də canlandırılmışdır.
Xatirə müəllifləri təsvir olunan olayları öz mövqelərindən qiymətləndirir və bəzən də keçmişə bu günün prizmasından baxırlar. Xatirələrdə hətta adi bir hadisə belə xatırlansa faydalıdır. O hadisə ki, hamı görə bilərdi, lakin nəzərdən yayınıbdır. Firidun bəy Köçərli haqqında Abdulla Şaiqin, Mehdixan Vəkilovun, Əli Səbrinin qələmə aldıqları xatirələrdə [90] də adi olaylar xatırlanır.
Məlumdur ki, gündəlik, tərcümeyi-hal və xatirələr kimi səyahətnamələr də müəlliflərin özləri haqqında, gördükləri, şahidi olduqları hadisələr haqqında yazılarıdır. XX əsrin tanınmış rəssamlarından olan Əzim Əzimzadənin (1880-1943) Əlyazmalar İnstitutundakı şəxsi arxivində mühafizə olunan «Mənim səfərim» xatirəsi də səyahətlərdən alınan təəssürat əsasında qələmə alınmışdır. Əsərin əlyazmasından məlum olur ki, müəllif xatirələrini ilk öncə «Mənim həyatım» adlandırmış, sonra isə bu yazını karandaşla pozub «Mənim səfərim» etmişdir. Ə.Əzimzadənin xatirələri uşaqlıq illərinin təsviri, hələ uşaq yaşlarından rəsm çəkməyə həvəsli olduğunu bildirməklə başlayır. Lakin bu həvəs ona çox baha başa gəlir, mollaxanadan, iş yerindən qovulur. Xatirələrin əsas məğzini isə memuaristin Kərbəla səfəri təşkil edir. 1910-cu ildə o, Kərbəla ziyarətinə gedən bibisinə qoşulur və səfər zamanı keçdiyi şəhərləri Rəşti, Həmədanı, Sədabadı, Kirmanşahı; Bisütun dağını, Qəsri-Şirini təsvir edir, hər bir şəhərin əhalisi, təbiəti, adət-ənənələri, tarixi abidələri haqqında məlumat verir. Ə.Əzimzadə özünü zəvvardan daha çox səyahətçi kimi hiss edir. Bununla əlaqədar xatirə müəllifi yazır: «Yaşayışımı zəvvarlıqdan çevirdim səyahətçi yaşayışına. Hər gün şəhərin bir yerinə gedib səyahət edirdim. Çox vaxt bazarda və meydanda ərəblərin, mühacirlərin həyatlarını öyrənirdim» [82, s.63].
Daha öncə qeyd edildiyi kimi, memuar janrında müxtəlif sənət sahibləri öz qələmlərini sınamışlar. Bu mənada görkəmli bəstəkarımız Müslim Maqomayevin də (1885-1937) adını çəkmək yerinə düşərdi. Onun Əlyazmalar İnstitutundakı şəxsi arxivində gündəlik, tərcümeyi-hal və xatirələri mühafizə olunur. Gündəlik qeydlər əsasında tərtib etdiyi xatirələri [284] iki iri həcmli ümumi dəftərə rus dilində qələmə alınmış avtoqrafdır. Bəzi səhifə və cümlələrin üzərindən qırmızı karandaşla xətt çəkilmişdir. Xatirələrdə «Nərgiz» operasının yaranma və inkişaf tarixi haqqında ətraflı məlumatlar verilmişdir. Opera yazmaq fikrini Məmməd Səid Ordubadiyə bildirən Maqomayev ondan libretto yazmasını xahiş edir. Ordubadi bu təklifi qəbul edir və «Çobanlar» adlı libretto yazır. Süjet Maqomayevə zəif təsir bağışladığı üçün libretto üzərində işi öz öhdəsinə götürür. Əsər üzərində işləyərək operanı «Nərgiz» adlandırmaq qərarına gəlir. Artıq 1932-ci ilin 25 noyabrında librettonun ilk variantı hazır idi. Libretto ilə bağlı M.Maqomayev ilə M.S.Ordubadi arasında yaranan soyuqluq operanın yazılmasının ləngiməsinə səbəb olmuşdur. Bir müddətdən sonra soyuqluq aradan götürülmüş və sonrakı işlər müştərək yerinə yetirilmişdir. Müəllif Leninqradda, Kislovodskidə olarkən opera üzərində işləməyini, əsasən iş rejimini təsvir edir. 1934-cü ilin payızında tamamlanmış opera uğurla dinlənilmişdir. Dövrün görkəmli adamları «Nərgiz» haqqında öz fikirlərini bildirmişlər ki, bunlar da xatirələrdə özünə yer almışdır.
M.Maqomayevin gündəliyi memuar nümunəsi olsa da burada onun nəzəri görüşləri, opera ilə bağlı mütəxəssis rəyi öz əksini tapmışdır. Gündəliyin ikinci dəftərində müəllif «Nərgiz» operasında iştirak edən aktyorlar Aliyə Terequlova (Nərgiz), Hüseynağa Hacıbababəyov (Əlyar) və başqaları haqqında öz fikirlərini qeyd etmişdir. Dəftərdə Maqomayevin səhhəti ilə bağlı səhifələr üstünlük təşkil edir.
Tarın xüsusi tembrə malik olduğunu bildirən Maqomayev onun simfonik orkestrdə əsas yer tutduğunu və operada xalq musiqisinin gözəl nümunələrindən istifadə etdiyini nəzərə çatdırır. «Şah İsmayıl» operasında çoxsəsli xorun olduğunu qeyd edən bəstəkar bu operada da xorun əsas yer tutduğunu bildirir. O, teatrlaşdırılmış dəbli əyalət rəqslərini operaya daxil etmiş və bu rəqslərin Azərbaycan baletində yeni dəbin yaranmasında önəmli olacağını göstərmişdir. Gündəlikdə 1932-1936-cı illərin ədəbi, ictimai mühiti, müəllifin çevrəsində olan insanların fəaliyyəti canlandırılmışdır. Bülbül, Şövkət Məmmədova, Ruhulla Axundov, Əhməd Triniç və başqaları haqqında məlu-matlar verilmişdir. Əhməd Triniç haqqında M.Maqomayev bunları bildirir: Triniç Bakıya ilk dəfə 1918-ci ildə türklərin gəlişindən əvvəl gəlmişdi. O, mənşəcə albandır. Sonralar, 1920-ci ildən sonra Triniç müxtəlif idarələrdə rəhbər vəzifələrdə işləmişdir. O, ya qəzet redaktoru, ya konservatoriyanın direktoru, ya türk teatrının direktoru olmuşdur. Lakin heç bir vəzifədə bir ildən artıq qərar tutmamışdır [284, s.31].
Müslim Maqomayevin «Nərgiz» operasının yaranma və inkişaf tarixini əks etdirən gündəliyində tərcümeyi-halı haqqında məlumat yetərincə deyil. Bəstəkarın Əlyazmalar İnstitutunda mühafizə olunan sənədləri arasında ayrıca tərcümeyi-halı [283] vardır. Rus dilində yazılmış tərcümeyi-hal pərakəndə haldadır. Bununla belə burada bəstəkarın həyat və fəaliyyətinin əsas məqamları lazımi qədər işıqlandırılmışdır.
Memuar nümunələri müxtəlif quruluşda, müxtəlif üslubda meydana çıxsa da, bəziləri elmi və bədii cəhətdən sənətkarlıqla yazılmasa da xatirə müəllifinin dövrünün müəyyən cəhətlərini səciyyələndirməkdə, keçmişi çağdaş oxuculara tanıtmaqda bu janrın önəmi böyükdür. Bir sıra felyetonların, yumorlu-satirik hekayələrin müəllifi olan böyük pedaqoji təcrübəyə malik dilşünas müəllim Əlməmməd Mustafayevin xatirələri XIX əsrin sonundan XX əsrin 60-cı illərinə qədərki dövrün mədəni həyatını, xalqımızın adət-ənənələrini, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərinin bəzi məqamlarını işıqlandırmaq, eləcə də memuaristin həyatını öyrənmək baxımından maraq doğurur. Əsərdə dövrün müəllimləri, aktyorları, yazıçı və şairləri ilə əlaqədar məlumatlar, xatirələr oxucuların nəzərinə çatdırılmışdır. Ə.Mustafayevin M.Hadi, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, Ə.Vahid, C.Cabbarlı kimi tanınmış şair və yazıçılar, S.Ruhulla, Z.Hacıbəyov kimi incəsənət xadimləri haqqında maraqlı xatirələri vardır. Cəfər Cabbarlı haqqında yazdıqları həm gələcək dramaturqun çalışqanlığını, həm də Ə.Mustafayevin bir müəllim kimi qayğıkeşliyini aydınlaşdırır. «Süleyman bəyin məktəbində mənim şagirdlərimdən birisi də Cəfər Cabbarlıdır. O, dörd il mənim təlim-tərbiyəmi götürüb birinci buraxılışda birinci yeri tutanlardan olur» [170, s.71]. Daha sonra müəllif Cəfər Cabbarlının üçüncü sinifdə oxuyarkən xəstələnməyindən yazır: «Mən hər gün onu həkimə göndərmək istəyirəm, ancaq o getmir. Burada başqa səbəb yoxdur, bu uşaq dərsdən qalmaq istəmir. Mən də ondan əl çəkə bilmirəm, çünki o mənim sinfimdə birinci şagirddir. Bir gün dərsdən sonra Süleyman bəyə blank yazdırıram və Cəfəri qabağıma qatıb ikinci xəstəxanaya aparıram. Burada ona dərman yazırlar. Axırda Cəfər sağalır və əvvəlki şəklinə düşdükdə mən də rahat yatıram» [170, s.71].
Ə.Mustafayevin xatirələrinin Azərbaycanda məktəb və maarif işinin öyrənilməsində önəmli rolu vardır. Xatirələrdə Bakıda azərbaycanlılar üçün fəaliyyət göstərən rus-Azərbaycan məktəbləri, onların əsas baniləri olan Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadə, təcrübəli pedaqoqlardan Bədəl bəy Bədəlbəyov, Baba bəy Səfərəlibəyov, Əlisgəndər Cəfərov, eləcə də Mahmud bəy Mahmudbəyovun «Əlifba», Davisin «Rus dili», Moskva müəllimləri tərəfindən yazılmış «Razvitiye reçi uçaşixsya» dərslikləri, müəllimlər üçün fəaliyyət göstərən «Dəbistan» məcmuəsi və məcmuə qapandıqdan sonra yaranan «Məktəb» məcmuəsi haqqında məlumatlar verilmişdir. Xatirələrin sonunda «Müəllimlərə sözüm var», «Tələbələrə sözüm var» və «Müəllimin məsləhəti» hissələri məqalə səciyyəlidir. Ümumiyyətlə, iyirmi üç kiçik hissədən ibarət olan xatirələrini memuarist 1966-cı ildə tamamlamışdır. Xatirələrin yazılma tarixinə gəldikdə isə qeyd etmək lazımdır ki, bizcə onlar müxtəlif illərdə qələmə alınmışdır. Bunu əsərdəki təkrar fikirlər təsdiqləyir. Xatirələrdə keçmişdə baş verən olaylar indiki zamanda nəql olunur. Bu nəqletmə hadisə baş verən vaxt və ya gündəlik şəklində qələmə alınsa idi, məqsədə daha müvafiq olardı. Bir haldaki həmin vaxt deyil, illər keçdikdən sonra yazıya köçürülüb, müəllif uşaqlıq və gənclik dövründən keçmiş zamanda danışmalı idi. Bununla belə. Əlməmməd Mustafayevin xatirələri dövrün tarixi, ictimai-siyasi və ədəbi-mədəni mühitini öyrənməkdə maraqlı qaynaqlardan sayıla bilər.
İnsanlar öz xatirələrini, əsasən, yaşlı vaxtlarında qələmə alırlar. Bunun da bir neçə səbəbi olur. Bəziləri öz arzusu ilə bu işə girişir, keçdiyi ömür yolunu xatırlayır, sanki bu illəri yenidən yaşayaraq xüsusi zövq alırlar. Digər qisim yazıçılar öz xatirələtini və ya başqası haqqında xatirələrini sifarişlə yazırlar. Nəhayət, bir çoxlarını xatirə yazmağa kimsə təhrik edir: bəziləri bununla asanlıqla razılaşır, bəziləri isə müəyyən müddət keçdikdən sonra yazmağı qərara alır. Qısa yaradıcılıq yolunda şeir, hekayə, məqalələrlə yanaşı ölməz dram əsərləri ilə Azərbaycan ədəbiyyatında əzəmətli mövqe tutan böyük sənətkar Cəfər Cabbarlı (1899-1934) iri həcmli memuar əsəri yazmamışdır. Yəqin ki, bu onun dünyasını erkən dəyişməsi ilə əlaqədar olmuşdur. Bununla belə, ədib bəzi çıxış və məqalələrində az-çox özü haqqında, gördüyü işlər haqqında məlumat vermişdir. Müəyyən əsər haqqında fikri, yaradıcılıq hesabatı onun özü tərəfindən söylənilmişdir. Yazıçı «1905-ci ildə» tamaşası haqqında çıxışında əsəri nə məqsədlə qələmə aldığını, hansı təəssüratın onu bu işə sövq etdiyini göstərir: «1905-ci ildə» əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoymamışam. Bu tema öz bədii həllini gözləməkdədir. Bu məsələ ətrafında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqaziyanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq etmişdir» [43, s.290]. Beləliklə, Cəfər Cabbarlı hər iki xalqın tarixini dərindən öyrənməyə başlayır və bunları bir-biri üzərinə salışdıran rus çarizminin müstəmləkə siyasətini göstərən pyes üzərində işləmək qərarına gəlir. Bu milli vuruşma üçün 1905-ci ili bir fon seçərək «1905-ci ildə» əsərini yazır. Qeyd edilməlidir ki, Cəfər Cabbarlının «Mən «Almaz» ssenarisini nə üçün yazdım», «Əfqanıstan» pyesi üzərində işləyirəm», «Böyük vəzifələr uğrunda» və digər bu kimi məqalələrində müəllif «mən»i açıq-aşkar sezilir. Yazıçı «Almaz» ssenarisini tərtib etməyə onu vadar edən mülahizələri və qızların qəzalara getməmələrinin səbəblərini açıqlayır. Bəzi qızlar isə «xalq və dövlət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyərək, ata evindən qaçıb gedir və öz böyüklərini göz yaşı ilə inandırmağa müvəffəq olmadıqda qohumları ilə əlaqəni büsbütün kəsirlər. Bütün belə halların baş verməsi ailənin xasiyyətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən öz vəzifələrini yalnız şagirdlərin dəftərlərini düzəltməkdən ibarət bilir və heç bir ictimai iş aparmırlar...
...İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır» [44, s.414].
«Əfqanıstan» pyesi üzərində işləyirəm» məqaləsində Cəfər Cabbarlı iyirminci illərdə Azərbaycan teatrının durumundan bəhs edərək yazır: «Az tanış olan obrazlar, az tanış olan vəziyyət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında müvəffəqiyyət qazanmırdı. Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrdan üz döndərirdi. Bu, bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi» [44, s.416]. Belə bir şəraitdə Cəfər Cabbarlı «Əfqanıstan» adlı yeni pyes üzərində işləyir. Dramaturqun yazdığına görə pyesin adı şərtidir və onun məqsədi Avropa imperialistlərinin Şərqdə gizli hiylələrinin üstünü açmaqdır. Cabbarlı teatr üçün ədəbi işlə yanaşı əməli fəaliyyətə də qoşulur. Çünki hər bir dramaturq rejissor olmalı və teatrın qanunlarını təcrübi öyrənməlidir. Ona görə də dramaturq teatrın əsas problemini yalnız teatrla sıx əlaqədə həll edə bilər.
Cəfər Cabbarlı 1930-cu ilin may ayında Azərbaycan Dram Teatrı heyətinin tərkibində Ümumittifaq olimpiadasında iştirak etmək üçün Leninqrada (indiki Sankt-Peterburqa) getmişdir. Bu görüşdən aldığı təəssüratı özünün «Leninqrad xatirələri»ndə qələmə almışdır. Həmin xatirələrdə yazıçı səfər zamanı gördüklərini və müşahidə etdiklərini yazıya köçürmüşdür. Azərbaycan aktyorlarının təntənə ilə qarşılanmasını müəllif belə təsvir edir: «Böyük Dövlət Dram Teatrında idik. Türk (Azərbaycan N.S.) teatrının əməkdaşları üçün yanaşı üç loja ayrılmışdı. Səhnədə oyun getdiyi yerdə birdən ... xalq aktyoru Monomaxov tamaşaçılara müraciətlə:
Yoldaşlar, bu gün Azərbaycan Türk Teatrının aktyorları bizə qonaq gəlmişlər. Türk səhnəsinə alqış! dedi.
Salondan alqış qopdu. Teatrın hər tərəfindən projektorlar oturduğumuz lojalara tərəf çevrildi. Dopdolu salon bir ağızdan «ura» qışqırır, türk aktyorlarını alqışlayırdılar. Bu alqış çox sürdü və sonra türk milli teatrı şərəfinə gurultulu bir nümayiş şəklini aldı...
Böyük Opera Teatrında da, Dövlət Komediya Teatrında da və başqa teatrlarda da bu mənzərə eynilə təkrar edildi. Hər yerdə oyunun ortasında aktyorlar sözlərini saxlayır və tamaşaçılarla bir yerdə türk aktyorlarını alqışlayırdılar» [44, s.389]. «Leninqrad xatirələri» Cəfər Cabbarlının qələmə aldığı yeganə xatirədir. Onun haqqında isə kifayət qədər irili-xırdalı xatirələr yazılmışdır. Ədibin həyat yoldaşı Sona xanımın xatirələrində öz qısa ömür yolunda daima çarpışmalarda olan, bir dəqiqə də dinclik, istirahət bilməyən, öz ailəsini böyük məhəbbətlə sevən, özünü tamamilə sənətə, yaradıcılığa həsr edən bir insan təsvir olunur. Görkəmli teatr xadimlərinin, söz, qələm sahiblərinin Cəfər Cabbarlı haqqında yazdıqları xatirələrdə də onunla bağlı hər gün, hər saat, hər an şirin duyğularla yad edilmişdir. Böyük dramaturqun əsərlərində qadın rollarının mahir ifaçısı Mərziyə Davudova bir aktyor kimi püxtələşməsində «Oqtay Eloğlu», «Aydın», «Sevil», «Od gəlini», «Almaz», «1905-ci ildə» və başqa əsərlərdə oynadığı rolların ona böyük təsiri olduğunu vurğulamışdır. «Sevil» əsərinin rol bölgüsü ilə bağlı xatirə müəllifi bunları yada salır: «Yaxşı yadımdadır. Bir dəfə Cabbarlı, Azərbaycan SSR xalq artisti Abbas Mirzə Şərifzadə və mən bir yerdə idik. C.Cabbarlı bizim üçün yeni yazmış olduğu «Sevil» əsərini oxuyurdu. Cəfər oxuduqca mənim qəlbim Sevil obrazını yaratmaq eşqi ilə döyünürdü.
Cəfər Cabbarlının bir adəti var idi. O, yazdığı hər yeni əsərini artistlər üçün oxuyar, onların fikrini öyrənər, hansı rolu hansı artist üçün yazdığını söylərdi. Bu dəfə mən Cəfərdən soruşdum:
Cəfər qardaş, (biz həmişə ona belə müraciət edirdik) mən hansı rolu oynayacağam?
Mən elə bilirdim ki, Cəfər Cabbarlı indi mənə deyəcəkdir: Sevili. Amma əksinə oldu. C.Cabbarlı özünəməxsus təvazökarlıqla dedi:
Mərziyə xanım, mən Gülüş obrazını yazarkən sizi nəzərdə tutmuşam. Bu rolu siz yaxşı oynayarsınız.
Mən inciyən kimi oldum. İndi olduğu kimi o vaxt da hər bir artist əsərdə baş rolu oynamaq istəyirdi. Cəfər Cabbarlıya yalvarmağa başladım:
Cəfər qardaş, dedim, çox xahiş edirəm, əgər mümkünsə, icazə verin Sevili oynayım.
Cəfər gülə-gülə dedi:
Yox, Mərziyə xanım, siz yaxşı bilirsiniz ki, mən rol bölgüsündə çox qəddaram.
Mən dedim ki, hazırlaşaram, heç olmazsa, bir dəfə oynayaram, əgər xoşunuz gəlməzsə...
Cəfər Cabbarlı ayağa qalxdı, əllərimi sıxdı:
Neyləyim, mən Gülüşü də sevirəm, Sevili də, sizi də. Qoy siz deyən olsun, Sevili oynayın.
Bir neçə gündən sonra Sevilin oxunuşu, sonra rolların bölgüsü, nəhayət ilk məşqləri başlandı. Cəfər Cabbarlı «Sevil»in oxunuşundan ta ilk tamaşasına kimi bizdən ayrılmadı. Onu da qeyd edim ki, bizim bir məşqimiz belə onsuz keçməzdi. Nəhayət, tamaşa hazır oldu. İlk tamaşa misilsiz müvəffəqiyyət qazandı...
«Sevil»in birinci pərdəsindən sonrakı əhvalatı mən heç bir zaman yaddan çıxarmayacağam.
C.Cabbarlı səhnəyə çıxdı, əllərimi dönə-dönə sıxdı.
Sağ ol, Mərziyə xanım, dedi, sən Sevili sevərək yaratdın. Çox sağ ol, yaşa!» [46, s.33].
Cəfər Cabbarlı dostluqda çox möhkəm, vəfalı idi. O, özündən kiçik, hələ ədəbiyyatda yeni tanınmağa başlayan cavan şairlərlə dostluq edərdi. Bu da onun sadəliyindən irəli gəlirdi. Xatirə müəllifləri Cəfər Cabbarlını həm sədaqətli, vəfalı bir dost, sadə, xeyirxah bir insan, həm də böyük sənətkar kimi xatırlayırlar. Dramaturqun əsərlərinin tamaşalarından böyük həyəcanla danışan memuaristlər onların tamaşaçılara göstərdiyi böyük təsir qüvvəsini qeyd edirdilər. Cabbarlının əsərləri oxucu və tamaşaçılara yalnız «ruhi qida» verməklə deyil, eləcə də onları öyrətmək, tamamilə dəyişmək iqtidarına malik idi.
Azərbaycan opera sənətinin banisi bəstəkar Üzeyir Hacıbəyov da (1885-1948) məqalə və məktublarında, məruzə və çıxışlarında özü barədə, yaradıcılıq fəaliyyəti, həyatının bəzi məqamları haqqında məlumat vermişdir. O, «Azərbaycan xalq musiqisinin əsasları» əsərini yazarkən bu mövzuya dair heç bir elmi əsər olmadığı üçün yalnız öz şəxsi müşahidələrinə, apardığı tədqidatın nəticələrinə, Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslandığını bildirmişdir. O, qeyd etmişdir ki, «Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq mənim üçün əməli fəaliyyəti o oldu ki, mən «Koroğlu» operasını yazdım» [100, s.30]. Üzeyir bəyin «Mən nə yaradıram», «Aprel mənə imkan və şərait yaratdı» və digər bu kimi məqalələrində müəllif şəxsiyyəti ön plandadır. Məktublarında isə böyük bəstəkarın həyatının bəzi məqamları, sevincli və kədərli günləri öz əksini tapmışdır.
Üzeyir Hacıbəyovla ünsiyyətdə olan müxtəlif sənət adamlarının bəstəkar, müğənni, rəssam, aktyor, yazıçı, musiqişünas, tənqidçi, teatrşünas, dirijor, həkim, əmək qəhrəmanı, filosof və başqalarının xatirələri çox canlı, oxunaqlı və əhatəlidir. Xatirələr səmimi, qayğıkeş, alicənab və xeyirxah insan, dahi bəstəkar, böyük alim və pedaqoq Üzeyir Hacıbəyov haqqında dolğun təsəvvür yaradır. Xatirə müəllifləri onunla eyni dövrdə yaşadıqları üçün fəxr edir, yaradıcılıq fəaliyyətlərində onun rolunu göstərir, onunla ünsiyyətdə olmağı sözün həqiqi mənasında əsl xoşbəxtlik kimi dəyərləndirirlər.
«Elə ki, ömrün qürub çağı başlayır, bir az sakitlik axtarırsan, bir az dinclik. Elə ki, yorulduğun günlərin acısını çıxmaq üçün əlini başının altında çarpazlayırsan, rahat nəfəs alırsan, yada düşür ötənlər, yada düşür itirdiyin adamlar... yaxşılı-yamanlı günlər. Arxaya çevriləndə görürsən ki, bir az özün haqqında xatirələrin var, bir az səninlə birgə işləyən yaxşı adamlar haqqında. Bir nəfər tapıb ürəyini boşaltmaq istəyirsən. Qorxursan ki, bu xatirələri özünlə aparasan. Elə şeylər var ki, səndən başqa heç kəs bilmir. Ancaq bunu bilsələr daha xeyirdir. Bu xatirələr özgələri üçün daha gərəklidir» [247, s.74]. Xatirələrin əhəmiyyətini qeyd edən memar Qəzənfər Əlizadə böyük bəstəkar haqqında yazdığı «Üç, dörd ilin xatirəsi»ndə maraqlı və önəmli məqamlara toxunur. Rəsul Rza xatirələrində göstərir ki, mehribanlıq, sadəlik, qayğı Üzeyir bəyin sözündə, hərəkətində özünəməxsus şəkildə görünür və duyulurdu. Ramazan Xəlilovun xatirələrində Səməd Vurğunla Üzeyir Hacıbəyovun dostluğu, birgə yaradıcılıq fəaliyyətləri canlandırılır. Məmməd Səid Ordubadi isə «Koroğlu» operasının yazılışı vaxtı Üzeyir Hacıbəyovla birgə işlədiyi günləri yada salaraq bəstəkarın iş prosesinin əsas xüsusiyyətlərini, yaradıcılıq mövqeyini nəzərə çatdırır. Üzeyir Hacıbəyov musiqisi və şəxsiyyəti onun haqqında xatirə yazan bütün müəlliflər üçün çox önəmli idi.
Bəstəkarın həyat və yaradıcılığını müxtəlif aspektlərdən tədqiq edən E.Abasova «Üzeyir Hacıbəyov: həyat və yaradıcılıq yolu» [276] monoqrafiyasında bəstəkarın elmi tərcümeyi-halını faktik materiallar əsasında tərtib etmişdir. Əsərdə Üzeyir Hacıbəyov bəstəkar, publisist, ictimai xadim kimi əsaslı şəkildə araşdırılmışdır. Bəstəkarın qələmə aldığı məqalələrdə, yaradıcılıq hesabatlarında, məruzələrində özü haqqında dediyi fikirlərə, arxiv sənədlərinə söykənərək onun həyat və yaradıcılıq yolu elmi əsaslarla izlənilmişdir.
Üzeyir Hacıbəyovun xidmətlərini XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış istedadlı şair Səməd Mənsur ilk dəfə «Tuti» məcmuəsinin 9 may 1915-ci il tarixli 20-ci sayında dərc etdirdiyi «Səhneyi-qeyrətlərinə» şeirində məharətlə təsvir etmişdir:
Min təşəkkür bu Üzeyrin xidmətlərinə,
Xalqa göstərdiyi ol səhneyi-qeyrətlərinə.
«Ər və arvad» ilə «Arşın mal alan» ayinədir,
Ta baxa xalq görə, ondakı əxlaq nədir.
.......................................................................
«Drijor» olmuş idi həmmal ilə Məşədi İbad,
Muzıkantlar hamısı salmış idi dad-bidad,
Qəbr evindən baxıban Fətəli də olsun şad
Ki, Üzeyir etdi bizim səhnəni yeksər abad.
Verdi çox yaxşı əvəz çəkdiyi zəhmətlərinə,
Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə.
Görə Zərdabi Həsən bəy Üzeyrin hünərin,
Qırx sənə zəhmətinin gör,ey Nəcəf bəy səmərin.
Durun alqışlayın indi bu günün bəxtəvərin,
Sındırıb çün «Operetta»yla cəhalət kəmərin.
Mən də təzim edirəm səhneyi-qeyrətlərinə,
Min təşəkkür bu Üzeyrin bizə xidmətlərinə [162, s.37].
Daha öncə qeyd edildiyi kimi xatirələrin demək olar ki, əksəriyyəti müəlliflərin həyatlarının son dövrlərində yazıya alınır. Bu cəhətdən general-leytenant Əliağa Şıxlinski (1863-1943) də istisna təşkil etmir. Rus ordusu «artilleriyasının allahı» sayılan Şıxlinski həqiqətən Azərbaycan xalqının fəxridir. O, 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il I Dünya müharibəsində, 1918-ci ildə daşnaq Ermənistana qarşı döyüşlərdə iştirak etmişdir. Onun «Xatirələrim» əsəri «Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin» [193, s.159].
Akademik Heydər Hüseynov generalla söhbətlərində onu xatirələrini yazmağa sövq etmiş və həvəsləndirmişdi. Gözü nurdan düşən, qulaqları ağır eşidən yaşlı general güclü hafizəyə, yaddaşa malik idi. Məhz yaddaşına əsaslanaraq xatirələrini diqtə etmişdi. Ş.Nəzirli yazır ki, «Xatirələrim»i yenidən çapa hazırlayanda düzü şübhələndim: axı ola bilməz ki, bu yaşda adam bu qədər faktı yadında saxlaya, rəqəmləri, tarixi hadisələri dəqiq deyə bilsin. Ona görə də kitabda adı çəkilən adamların familiya və rütbəsini, ayrı-ayrı hadisələri bir daha hərbi ensiklopediya ilə yoxlayıb tutuşdurdum. Zərrəcə səhv tapa bilmədim» [192, s.102].
General-mayor, hərb elmləri doktoru, professor Yevgeni Barsukov 1943-cü ilin noyabrında qələmə aldığı yazısında Ə.Şıxlinski və onun «Xatirələrim» əsəri haqqında maraqlı fikirlər söyləmişdir. Məhz bu yazı Şıxlinskinin 1984-cü ildə nəşr olunmuş əsərində müqəddimə kimi verilmişdir. Ə.Şıxlinski ilə şəxsən tanış olan Barsukov onu «çox tələbkar və zabitəli bir komandir olmaqla bərabər, həm də ədalətli, xeyirxah, özünə tabe olanların qeydinə qalan bir adam» [233, s.7], şəxsi həyatında isə qadınını sonsuz məhəbbətlə sevən sədaqətli bir ər, mehriban və qonaqpərvər bir insan kimi qiymətləndirmişdi.
Xatirələr tarixi şəxsiyyətin xarakteristikasını vermək, onun mənəvi aləmini aydınlaşdırmaq üçün əvəzsiz mənbədir. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa olmuşdur. Çətin və əzablı hərbçi ömrü yaşamış Nuru paşa iyirmi doqquz yaşında general-leytenant rütbəsinə layiq görülmüşdür. 1918-ci ilin mayında elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqının erməni-daşnaq qırğınından xilas edilməsində türk qoşunlarının, Azərbaycanda fəaliyyət göstərən Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın böyük xidmətləri olmuşdur. Bakı qırğınlarından sonra bolşevik-daşnaq qoşunlarının sürətlə Gəncəyə doğru irəliləməsinin qarşısını türk qoşunlarının köməyi olmadan almaq mümkün olmazdı. Daşnaqların işğalı altına düşən hər bir yaşayış məntəqəsində isə minlərlə günahsız insanlar vəhşicəsinə qətlə yetirilirdi. Ona görə də Nuru paşa və onun rəhbərliyi altında olan türk qoşunları qardaş Azərbaycan xalqının köməyinə yetişdi. «Türk qoşunları Azərbaycana ilk dəfə iki qrup halında gəlmişdir. General Nuru paşanın təşkil etdiyi birinci qrup 1918-ci il iyunun 7-də, ikinci qrup isə bir gün sonra Qazaxa və iyunun 9-da Gəncəyə çatmışdır. Hər iki qrup üçüncü türk ordusunun beşinci Qafqaz diviziyasından seçilmişdir» [194, s.75]. Akademik T.Köçərli «1920-ci il üçün Azərbaycan Cümhuriyyətinin ünvan təqvimi» kitabına əsaslanaraq yazır ki, «Nuru paşa dərhal Gəncədə hərcmərcliyə son qoyur, qayda-qanun yaradır və vədd edir ki, Bakı məsələsini şəhərin əzəli sahibləri olan azərbaycanlıların xeyrinə həmişəlik həll edəcəkdir» [127, s.382]. Bu belə də oldu. Nuru paşa və onun komandanlığı altında türk qoşunları Azərbaycan əsgərləri ilə birlikdə sentyabrın 15-də Bakını düşmənlərdən azad etdilər. Nuru paşanın Azərbaycandakı fəaliyyəti kifayət qədər mənbənin olmaması səbəbindən öyrənilməmişdir. Lakin onun Azərbaycanda göstərdiyi xidmətlərlə bağlı yazdığı «Qafqaz İslam Ordusu hərəkatı» adlı xatirələri bu fəaliyyəti öyrənmək üçün ən səhih qaynaqdır. Xatirələr Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əsgəri Tarix və Strateji Etüd başqanlığının arxivində saxlanılır. Həcm etibarilə bir o qədər böyük olmayan xatirələrdə Nuru paşanın Azərbaycana gəlişindən, Qafqaz İslam Ordusunun təşkilatlandırılmasından, bolşevik-daşnaq qoşunlarına qarşı mübarizənin təşkilindən danışılır. Nuru paşa xatirələrində təkcə Bakıya doğru irəliləməsindən deyil, eyni zamanda Gəncə və Şəki ətrafında, eləcə də Qarabağda ermənilərin tərksilah edilməsi haqqında da maraqlı faktları açıqlamışdır. Nuru paşa Azərbaycanı tərk etdikdən sonra ingilislər onu tutub Batumda həbsxanaya salmışlar və edam etməyə hazırlaşırdılar. Azərbaycanlılar Nuru paşanı həbsxanadan qaçırmış və onu ölümdən xilas etmişlər. Bütün bunlar barədə də xatirələrdə məlumat verilmişdir.
Nuru paşanın Azərbaycanda fəaliyyəti haqqında Azərbaycan Demokratik Respublikasının siyasi xadimlərindən olan Nağı bəy Keykurunun (Şeyxzamanlının) (1883-1967) xatirələrində də ətraflı bilgilər vardır. Cümhuriyyətin təşkili ilə əlaqədar Nağı bəy İstanbulda olduğu müddət ərzində hər gün Ənvər paşa ilə görüşürdü. Məhz Şeyxzamanlının xahişi ilə Ənvər paşanın qardaşı Nuru paşa Qafqaz İslam Ordusunun komandiri təyin olunur. Azərbaycanın istiqlalında özünün xidmətlərini qeyd edərkən isə Nağı bəy bunları bildirir: «Mən Azərbaycan istiqlalının əvəzsiz aşiqiyəm. Məni istiqlalçı edən Nəsib bəy olmuşdur. O qüvvəni, eşqi mənə Tanrım vermişdir. Və bu səbəbdəndir ki, Azərbaycan istiqlal hazırlığı dövründə ən mühüm, ən çətin, ən şərəfli hadisələr ilə məni birlikdə yaşatmışdır. Heç kəs inkar etməz ki, Azərbaycanın istiqlalının təməlinə bütün ömrüm boyu əmək sərf etmişəm» [230, s.126].
XX yüzil Azərbaycan memuar ədəbiyyatının formalaşdığı dönəmdir. Bu dövrdə ədəbiyyatımızın tanınmış nümayəndələri dündəlik, tərcümeyi-hal və xatirələr yazmışlar. Klassik memuar nümunələrinin yazılması, gündəliklərin tərtibi məhz keçən əsrin birinci yarısına təsadüf edir. Bunlar haqqında irəlidə söhbət açılacaqdır. İlk öncə isə gündəlik və xatirələrin spesifik xüsusiyyətlərini səciyyələndirmək yerinə düşərdi. Belə ki, araşdırmalarda gündəliklər memuar ədəbiyyatının ilk forması kimi qiymətlənən vaxtda onların eyni məqsəd və vəzifə daşıdığı irəli sürülərək, dəfələrlə gündəlik və xatirələr arasında mühüm fərqləri aradan götürməyə çalışmışlar. Həqiqətən, xatirələr və gündəliklər şəxsi yaranma mənbəyi baxımından biri digərinə yaxındır. O halda ki, bunlar həyatdan, tanınmış insanlarla görüşlərdən, dövrün nəzərə çarpan olaylarından təəssüratı möhkəmləndirərək xatirələr üçün tədarük kimi və ya gələcək nəslə çatdırmaq məqsədi ilə yazılır, deməli, xatirələr və gündəliklər öz aralarında nəinki mənşə, həm də funksional baxımdan əlaqədardır. Bəzi müəlliflərin avtobioqrafik yazıları qələmə almaq və öz dövrünün tarixi üçün material kimi istifadə etmək məqsədi ilə yazılmış gündəlikləri bu səpkidə olur. Bu növ gündəliklərdə müəllifin öz şəxsi təcrübəsi və özünün çevrəsinin gələcək üçün dərk edilməsi, dəyəri hiss olunur. Burada müəllifin özünü dərk etməsinin bəzi tarixi cəhətləri təmsil olunur ki, bunlar da xatirələrin özünə nisbətən ölçüyəgəlməz dərəcədə az və müntəzəm dərk edilmişdir. Bu planda onlar arasında fərq (bu da prinsipial dərəcədə vacibdir) oradan nəşət edir ki, xatirələrin tarixilik dərinliyi onların tarixə çevrilmiş keçmişlə əlaqəsində ölçüldüyü halda, gündəliyin tarixilik dairəsi müasirliyin səviyyəsi ilə məhdudlaşır. Lakin gündəliyin sadə formasında belə ona tarixilik xüsusiyyəti xas deyil. Hər halda onlar müasir, keçmişin geniş aşkarlığı ilə az-çox əlaqədar olmayan adi həyatı, dərin şəxsi məqsədləri izləyə bilər. Gündəliklər əksər hallarda bu günün mənafeyi dairəsində öz təəssüratını və özünün əxlaqi təkmilləşdirilməsi hökmü ilə məqsədləri təmin etməklə yaranır. Predmeti müasir varlıq olan və onu şəxsi nöqteyi-nəzərdən qiymətləndirən gündəliklərdə retrospektivlik mövqeyi yoxdur. Buna baxmayaraq, bugünki olayları əks etdirən gündəliklərdə «bu və ya başqa dərəcədə keçmişə çevrilmiş xatirələrin olması» fikri mübahisəlidir. Vaxt etibarı ilə hadisələr və gündəliyin yazılması ilə ona xronoloji yaxınlıq arasındakı uyğunsuzluqlar tarixi mənada, bir qayda olaraq önəmli deyil. Çünki hətta gündəlikdə yazılmış, təsbit olunmuşla bir neçə gün intervalda olanlar müəllif tərəfindən bir qayda olaraq keçmiş kimi deyil, onun gözünün önündə baş vermiş hadisə kimi qəbul edilir. Buna müvafik olaraq gündəlikdə memuarlarda olduğu kimi varlığın yeniləşməsinin xarakterik vasitəsi hafizə deyil, həmin dəqiqəlik, əhatə olunmuş həyatın isti-isti təəssüratlarıdır.
Gündəliyin önəmli struktur xüsusiyyətləri az deyil. Həyatın anlayişlı şəkildə canlandırılmasından başqa bir şey olmayan kompozisiya və bəzən süjet cəhətdən təşkil olunmuş mətndə verilən xatirələrdən fərqli olaraq gündəliklər xırda, dağınıq və bərabəri olmayan nəticələrin axarı ilə, hadisələrin təbii cərəyanı ardınca gedir. Gündəliklərə xüsusi idraki keyfiyyətlər, varlığı əksetdirmənin xüsusi sistemi məxsusdur ki, bu da xatirələri onlarla eyniləşdirmək imkanını kənar edir və onları müstəqil qaynaq növü kimi ayırır. Lakin bunlar xatirə-gündəlik yazılarında bir sıra qarışıq formaların olması məsələsini qətiyyən aradan götürmür. Çünki xatirələr öz tarixi durumunda heç bir mənbə növü ilə (yalnız yenə məktublarla ola bilər) gündəliklərdə olduğu kimi bir-biri ilə əlaqəsi yoxdur. Bu mənbələr daima «biri digərinə keçir, biri digərinin şəklini alır». Bunun ən çox yayılmış təzahürü xatirələrin tərtibində, əvvəl aparılmış gündəliyin istifadəsi və keçmiş obrazların memuaristin yaddaşında canlanmasında kömək etməsi, memuar hekayələrinə gündəlikdəki yazıların daxil edilməsidir. Bununla belə, gündəlik üzərində sonrakı işlər həmişə memuar yaranmasına gətirib çıxarmır.
Əksər hallarda xatirələr keçmişi təsvir edən məzmununu bitirərək, bugünün hadisələrinin gözdən keçirilməsi ilə və ya gündəliyin mətnləri ilə əvəz edilərək gündəliyə çevrilir. Bununla bərabər sonuncunun tərtib edilməsi prosesində gündəlik yazı tez-tez qırılır və müəllif düşüncəsində gözlənilmədən yaranmış və ya müasirlikdən uzaq olaylar, keçmiş həyatın insanları haqqında başqasından eşitdikləri ümumi şəkildə təsvir olunur. Gündəlikdə memuar əlamətlərinin varlığı gündəlik qeydlərin ardıcıllığından da asılıdır. Əgər onlar müntəzəm aparılırsa, o vaxt sinxron mətnlər üstünlük təşkil edir və gündəlik öz janr «təmizliyini» saxlayır. Əgər gündəliklər arabir, təsadüfdən-təsadüfə, böyük fasilələrlə aparılırsa, o zaman müəllif hər bir yeni yazıya başlayarkən yaranmış boşluğu doldurmaq üçün gündəlik qeydlərinin sonuncu günündən həyatının müəyyən dövr hadisələrinin cərəyanını gözdən keçirməklə xatirələrində onları şərh etməyə çalışır və gündəliyin xarakteri, onun tərtibçisi il ərzində baş verənləri yekunlaşdırarkən, hər dəfə dəyişilir, memuar kimi səslənir. Belə mətnlər müəyyən dövr gündəlik və memuarların ümumi çoxluğunda say etibarı ilə əhəmiyyətsiz hissəni təşkil edir. Gündəliklərin janr sərhəddinin gurluğu haqqında mülahizə onların mahiyyətcə «özü-özüylə» olmasının dərk edilməsi ilə mütləqləşir. Retrospektiv şəkildə işlənmiş gündəlik ya davamiyyəti memuar yazıları ilə əvəz edilərkən, ya ümumiyyətlə əhatəli memuar əsərində əriyərkən, ya da tarixi nəqletmənin ayrıca növünə düşərkən yaranmışdır. Beləliklə, memuarlar əlaqəli janrlarda qarşılıqlı münasibətdə izlənilən zaman onların yuxarıda qeyd edilmiş əlamətləri hədd qoymaq üçün əsas meyar ola bilər. Bu əlamətlərdən hansı birinin ya şəxsi başlanğıc, ya bəzi funksional oxşarlıq əsasında süni şəkildə seçilməsi memuarların daxili təbiətini tutqunlaşdırır və onları bir-birinə yaxın növ nəqletmə mənbələrindən ayıran fərqi aradan qaldırır.
Dostları ilə paylaş: |