Əsrimizdə meydana gələn xatirələr keçən yüzilliyin olaylarını, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərini əks etdirmək baxımından səciyyəvidir. Belə ki, II Dünya müharibəsi cəbhələrində odlu-alovlu yol keçmiş Sovet İttifaqı qəhrəmanı, millət vəkili, Azərbaycan MEA-nın vitse-prezidenti, akademik Ziya Musa oğlu Bünyadovun (1923-1997) ömür və yaradıcılıq yolu həyat yoldaşı Tahirə Bünyadovanın xatirələrində öz real təcəssümünü tapmışdır. Müəllif əsərdə ən əvvəl özünün uşaqlıq və gənclik dövründən bəhs edir, II Dünya müharibəsinin ağır günlərində çətin tələbəlik həyatından söhbət açır. Oxucu Tahirə xanımın simasında müharibə dövrü gəncliyinin xarakterik xüsusiyyətlərini dərindən öyrənir. Əsərdə bu dövrün və müharibədən sonrakı illərin ab-havası real boyalarla əks olunmuşdur. Kitaba Ziya Bünyadovun uşaqlıq və gənclik, müharibədə keçirdiyi ağır, dəhşətli günlərin və illərin, çətin döyüş yollarının xatirələri daxil edilmişdir. O xatirələr ki, müəllif bunları ilk dəfə Ziya Bünyadovla birgə keçirdiyi tələbəlik illərində onun öz dilindən eşitmişdir. Tahirə xanım bu xatirələrin həqiqiliyini təsdiq etmək üçün o dövrün mətbuatından da nümunələr gətirir. «Bu əsərin hər sətrindən xalqı üçün çırpınan, həm elm cəbhəsinin, həm müharibə cəbhəsinin fədakarı olan ulu şəxsiyyətin nakam ruhu boylanır. Böyük bir dövrün salnaməsi olan bu əsərdə hər şey olduğu kimi, realistcəsinə verilmişdir. Əsərdə Azərbaycan xalqının taleyi, elmimizin yüksəlişi əks olunmuşdur. Nəhayət, bu əsərdə həyat yoldaşı ilə birlikdə bütün çətinliklərə sinə gərən sədaqətli, vəfalı xanımın kövrək qəlbinin çırpıntıları duyulmaqdadır» [289, s.5].
Xatirələrdə Tahirə xanımın anası Vəzirova Əzət Mirbaba qızının, onun valideynləri, bacı və qardaşları haqqında dəyərli məlumatlar verilmişdir. Dayısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılıq yolundan qısa da olsa bəhs edən müəllif bəzən tarixləri qarışdırır. Belə ki, Çəmənzəminlinin xalq düşməni kimi həbs edilərək sürgün edilməsi tarixi 1937-ci il göstərilir. Əslində «1940-cı il yanvar ayının 25-də Yusif Vəzirin həbs edilməsi barədə Azərbaycan Daxili İşlər Komissarlığının dövlət təhlükəsizliyi idarəsinin ikinci şöbə rəisi kapitan Qriqoryanın razılığı ilə qərar çıxarılır» [255, s.166]. O, həmin ilin yanvar ayının 27-də Özbəkistanın Urgənc şəhərində həbs edilib Bakıya gətirilir, iyul ayının 3-də isə Keşlə həbs düşərgəsindən Qorki vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir. Tahirə xanımın xatirələrində repressiyanın törətdiyi acı nəticələr, sərt rejim, ötən əsrin 40-cı və 50-ci illərinin olayları əks olunmuşdur.
Ziya Bünyadovun xatirələrə daxil edilmiş məqalələri, məktubları bu böyük şəxsiyyətin yenilməz, bütövsözlü, cəsur, tükənməz erudisiyaya malik olduğunu göstərməklə yanaşı Azərbaycanın XX yüzilliyin 80-ci və 90-cı illərindəki siyasi durumunu daha aydın, daha qabarıq canlandırır. Ümumiyyətlə, xatirələrdə bu illərin qızğın hadisələri və Ziya Bünyadovun bu dövrdəki fəaliyyəti ətraflı şərh edilmişdir.
Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan tanınmış elm, ədəbiyyat, sənət adamlarının, siyasi xadimlərin müharibə və elm qəhrəmanı Ziya Bünyadov haqqında yazdıqları xatirələrdə bu böyük şəxsiyyət mərd, cəsarətli, həmişə təzyiqlərə məruz qalsa da öz əqidəsindən dönməyən, vətənpərvər, ədalətsizliyə meydan oxuyan, eyni zamanda həssas, diqqətli, alicənab və xeyirxah insan kimi xarakterizə olunur. Dostluğu, həqiqəti hər şeydən üstün tutan bu şəxsiyyət kimsə dar ayaqda olsa, ona həmişə kömək etməyə hazır idi. Tələbə yoldaşı Yulian Semyonov ilə əlaqədar hadisələr bunu bir daha təsdiqləyir. Xatirələrə Ziya Bünyadovun cəbhə yoldaşlarının, müəllimlərinin, müxtəlif ixtisaslı alimlərin məktubları da daxil edilmişdir ki, bunlar da bu böyük şəxsiyyətin mənəvi dünyasının daha əhatəli təsvirinə yardım edir.
Bəzən müəllif bir şəxs haqqında yazdığı xatirədə həmin şəxs haqqında başqa bir müəllifin xatirəsindən istifadə edərək fikirlərini daha dolğun çatdırmağa nail olur. Hikmət Ziya Sabit Rəhman haqqında yazısında İlyaz Əfəndiyevin xatirəsindən nümunələr gətirmişdir. Bəzən isə memuarist haqqında xatirə yazdığı müəllifin öz əsərlərindən nümunələr gətirir. Xalq yazıçısı Əli Vəliyev Mehdi Hüseyn haqqındakı yazısında sözügedən müəllifin «Bir ay və bir gün» xatirəsindən, tənqidi məqalələrindən sitatlar gətirir, əlli il qabaq nəşr olunmuş kitabçasına yazdığı müqəddiməni müəyyən ixtisarla verir. Əli Vəliyev unudulmaz şəxsiyyət olan Mehdi Hüseyni «bütün varlığı ilə ədəbiyyata bağlı olan həqiqi istedadların fəal müdafiəçisi, ədəbiyyata təsadüflər nəticəsində gələn, bacarıqsız, istedadsız, yaltaqların isə amansız qənimi» [251, s.128] kimi qiymətləndi-rir. Əli Vəliyev özü haqqında xatirələr yazmasa da «Zəngəzur qartalları»nı tərcümeyi-hallar, xatirələr, şəxsi söhbətlər əsasında qələmə almışdır. «Ötən günlər» və «Budağın xatirələri» isə bioqrafik planda yazılmışdır. Əli Vəliyev özü etiraf edirdi ki, yazanda heç nə uydurmur, başına gələnləri kağıza köçürür. Belə ki, onun bir çox əsərlərinin mövzusunu özünün xatirələri təşkil edir. «Budağın xatirələri», «Qohumlar» və bir çox əsərlərində müəllif tərcümeyi-hal səciyyəli nümunələrə bədii forma vermişdir və bunları avtobioqrafik əsərlər kimi dəyərləndirmək olar.
Əli Vəliyevdən fərqli olaraq tənqidçi-ədəbiyyatşünas, yazıçı Qulu Xəlilov (1930-1995) gündəlik tərtib edirdi. Bu gündəliklər əsasında o «Yaşamaq istəyirəm» əsərini yazmışdı. Müəllif etiraf edir ki, bu əsər «ilk növbədə Ə.Vəliyevin xeyir-duası ilə işıq üzünə çıxıb oxucular arasında yayılmışdır» [259, s.109]. Qulu Xəlilovun «Atam və mən», «Yaşamaq istəyirəm» əsərləri yazıçının həyat yolunun müxtəsər tarixçəsidir. Sözügedən əsərlər avtobioqrafik povestlərdir. Müəllif özü ilə əlaqədar olayları Azər surətində vermişdir. «Atam və mən» yaddaş əsasında, «Yaşamaq istəyirəm» yazıçının qeydləri, xatirələri əsasında qələmə alınmışdır. İkinci əsərdə bəzi hissələr məktub şəklində verilmişdir. Yeddi dəfə cərrahiyyə əməliyyatı keçirmiş müəllifin bu avtobioqrafik əsərlərində həyat həqiqəti ilə bədii həqiqət üzvi şəkildə birləşərək dəyərli sənət nümunəsi alınmışdır. Qulu Xəlilov haqqında yazılan xatirələrdə [244] onun zahiri sərtliyi ilə nəcib, kövrək qəlbi göz önündə canlanır. Bu tənqidçi alim, məhsuldar yazıçı, əvəzolunmaz müəllim haqqında onun dostları, tələbələri, ailə üzvləri və qohumları, tanınmış elm və sənət adamları öz ürək sözlərini yazmışlar. Xatirələrdə Qulu Xəlilov dönməz, əyilməz, tələbkar, eyni zamanda mehriban, qayğıkeş, təvazökar, xeyirxah, mərd, qorxmaz, dəyanətli, cəsur bir insan kimi səciyyələndirilir.
Səyavuş Sərxanlı çox haqlı olaraq yazır ki, «xatirə kül altında qalan qordur. Onu tapan, üzə çıxaran gərəkdir. Hər adam xatirəyə çevrilə bilmir və hər adam da xatirəni dərk edib yaşada bilmir. Bu mənada həmişə xatirəyə çevrilən ömür, xatirəni yaşada bilən adam, üstəgəl qələm sahibinin zəhməti bərabər olur oxucunun xalis mənəvi qazancına» [196, s.5]. Bu baxımdan yazıçı-publisist Şəmistan Nəzirlinin xalq şairi Səməd Vurğun (1906-1956) haqqında yazdığı sənədli povesti oxucunu mənəvi cəhətdən qidalandıran, onu böyük bir şəxsiyyətin ömür yolunu izləməyə imkan verən maraqlı sənət nümunəsidir. Əsər şairin müasirlərinin şifahi və yazılı xatirələri, eşitdikləri, şahidi olduqları əhvalatlar əsasında qələmə alınmışdır. Əsəri həyat həqiqətlərinə əsaslanan bədii əsər kimi dəyərləndirsək heç də yanılmarıq.
Azərbaycan ədəbiyyatında Səməd Vurğun haqqında xatirələr daha çoxdur. Kələntər Kələntərlinin «Mənim Səməd Vurğunum» kitabı Azərbaycanda xalq şairi fəxri adına layiq görülən birinci şair olan Səməd Vurğun haqqında xatirələrdir. Müəllif yazır: «Allahıma hər gün dua edirəm ki, mənə güclü yaddaş verib. Qırx il, əlli il bundan qabaq olmuş hadisələri, eşitdiyim söhbətləri olduğu kimi xatırlaya bilirəm» [121, s.134].
Cavid Məmmədbəyovun tərtib etdiyi kitabda [132] Səməd Vurğunun qırxdan artıq müasirinin: şair və yazıçıların, mədəniyyət xadimlərinin, əmək adamlarının xatirələri toplanmışdır. Digər bir topluda [65] Səməd Vurğunun şair və yazıçı dostlarının, qızı Aybəniz Vəkilovanın, qardaşı Mehdixan Vəkilovun və başqalarının onun haqqında xatirələri vardır. Bu xatirələrdə Səməd Vurğun həm böyük şəxsiyyət, böyük dövlət xadimi, həm də gözəl şair, gözəl ailə başçısı kimi göz önündə canlanır. Xatirələrdə bu ellər şairinin daxili aləmi, dostluqda möhkəmliyi, hazırcavablığı, sadəliyi, xeyirxahlığı, həssaslığı, qonaqpərvərliyi, xalqın ona olan məhəbbəti və bir çox məsələlər təsvir olunmuşdur. Mehdixan Vəkilov xatirələrində Səməd Vurğunun uşaqlıq və gənclik illərindən, xasiyyət və vərdişlərindən danışmaqla yanaşı, həm də böyük şairin yetişdiyi ədəbi mühiti, onun zəngin yaradıcılığının çoxlarına naməlum qalan, yalnız ən yaxın adamlarına bəlli cəhətlərini bir tədqiqatçı-ədəbiyyatşünas səriştəsilə açıb göstərə bilmişdir. Bu səbəbdən də xatirələrdə Səməd Vurğun yaradıcılığının bir sıra sənətkarlıq sirlərinin öyrənilməsinə, bizə az bəlli olan məqamların üzə çıxarılmasına, konkret əsərlərin yaranma və nəşr tarixini dürüstləşdirməyə kömək edən elmi məlumatlara, şairin ədəbi-estetik görüşlərinə, yaşayıb-yaratdığı mühitə, müasirlərinə münasibətinə dair inandırıcı faktlara, maraqlı mülahizələrə bol-bol rast gəlirik [249, s.15].
Süleyman Rəhimov Səməd Vurğun haqqında deyərdi: «Səməd Allah vergisiydi. Onu heç kəslə müqayisə etmək olmaz. Allah ona elə nüfuz vermişdi ki, ən qəddar düşmən, bədxah niyyətli bir adam onun qaynar baxışlarına tuş gəlsəydi, silahı əlindən yerə düşərdi. Onun varlığı başdan-başa səmimiyyətdən, səxavətdən, ilhamdan yoğrulmuşdu!» [262, s.118]. Bu sətirlər Zəlimxan Yaqubun Süleyman Rəhimov haqqında xatirələrindən alınmışdır. Onu da qeyd edək ki, Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu hal-hazırda xatirələr yazmaqla məşğuldur. Televiziya verilişlərinin birində dediyi kimi, indi o, bütün fikrini bu işə sərf edir. Həyatdan möhlət istəyir ki, xatirələri bitirsin. Əsərdə heç kəsə məlum olmayan, heç yerdə yazılmayan olaylardan bəhs ediləcək. Bunlar ən əsası atası, anası, yaxınları haqqında xatirələrdir.
Diqqətəlayiq haldır ki, professor Teymur Əhmədov Səməd Vurğunun çıxış və məqalələrindən özü haqqında dediyi sözləri seçib tərcümeyi-hal [73] tərtib etmişdir. O, Səməd Vurğunun üslubuna toxunmamış, onun sözlərini olduğu kimi ardıcıllıqla vermişdir. Tərcümeyi-halda şairin həyat və yaradıcılığının əsas məqamları nəzərə çatdırılmışdır.
Səməd Vurğunun «Mən necə yazıram», «Mənim «Vaqif» dramım haqqında», «Fərhad və Şirin» barədə», «Kamal və sənət», «Taqanroq qəhrəmanlarına eşq olsun», «Gələcək kitablar» və digər məqalə, məruzə, çıxış və oçerklərində müəllif şəxsiyyəti ön plandadır. Bu nümunələrdə əsasən ədəbiyyat, musiqi, sənət, sənətkar, dövrün aktual problemləri və digər məsələlərdən danışılmış, müəllif onlara öz münasibətini bildirmiş və onun həyata, dünyaya baxışı canlandırılmışdır. Şair 1937-ci ildə yazdığı «Azərbaycan» epopeyası» kiçik həcmli yazısında özünün tərcümeyi-halının bəzi anlarından bəhs edir. Səməd Vurğun yazır: «Mən Azərbaycan düzlərində dünyaya gəldim. Mənim atam və anam yoxsul kəndli idilər. Mənim otuz bir yaşım var. İnqilab məni savadlı etmiş və məndə təhsil almağa coşqun bir həvəs oyatmışdı. Mən məktəbi bitirib pedaqoji fəaliyyətlə məşğul olmuşam. 1926-cı ildən yazmağa başlamışam. Şeir mənim idealımdır. Poeziya mənim ikinci həyatım oldu. Mənim birinci şeirlər kitabım «Şairin andı» Bakıda 1930-cu ildə nəşr olunmuşdur... Son zamanlar mən «Azərbaycan» adlı böyük bir epopeya yazmışam... Bu epopeya bir-biri ilə bağlı olan otuz poemadan ibarətdir...» [258, c.5, s.20].
Səməd Vurğun 1942-ci ildə qələmə aldığı «Bir səhər» oçerkində isə Moskvada olarkən Qərb cəbhəsindən gəlmiş döyüşçü İdris Vəliyevlə görüşündən bəhs etməklə canlı insan obrazı yaratmışdır. Görkəmli yazıçı və tənqidçi Elçin müharibə dövründə yazılan oçerklərin bədii cəhətdən zəif olduğunu bildirərək qeyd edirdi: «Müharibə dövründə ön və arxa cəbhədə döyüşən, çalışan sovet adamlarının şücaətindən çox yazılırdı, bu yazılarda əsas məqsəd həmin adamları xalqa tanıtmaq, xalqı ruhlandırmaq, hamını səfərbərliyə almaq idi. Bu zaman çox vaxt bədiilik unudulur, doldurulan planın faizi, öldürülən faşistlərin, məhv edilən tankların, təyyarələrin sayı üstünlük təşkil edirdi və bu quru faktlar son dərəcə gərginləşmiş əsəblərin nəticəsində öz işini görürdü; bu faktların emosiyası bir növ bədiiliyi əvəz edirdi» [63, s.203].
Səməd Vurğunun oçerki isə müharibə dövründə yaranan bir çox nümunələrdən fərqli olaraq həm faktiki, həm də bədiilik baxımından seçilirdi. Əsərdə şairin gənclik, qəhrəmanlıq haqqında dəyərli fikirləri öz əksini tapmışdır. Nəzərə çatdırılmalıdır ki, sənədin ərəb əlifbası ilə yazılmış avtoqraf nüsxəsi M.Ə.Sidqinin şəxsi arxivində saxlanılır [256]. Əlyazma ilə nəşr variantının müqayisəsi nəticəsində aydınlaşdırıldı ki, oçerk nəşr edilərkən bəzi sözlər dəyişdirilmiş, bəzi cümlələr ixtisar edilmişdir. Bütün bunlarla yanaşı sənəd Səməd Vurğunun avtoqrafı olmaq baxımından da dəyərlidir.
Məqalə, məruzə, çıxış və oçerklərindən savayı Səməd Vurğun şeirlərində də həyat yollarından bəhs etmişdir. O, uşaqlığının ağır maddi şəraitdə keçməsini, uşaq vaxtı gördüyü haqsızlıqları aşağıdakı misralarda canlandırmışdır:
Çatandan bəridir on beş yaşıma
Çox bəlalar gəlib qanlı başıma,
Baltalar vurulub ömür daşıma,
Bu eşqin yolunda yaman olmuşam [257, s.1].
Şair özünün ağrılı-acılı uşaqlıq illərini 1935-ci ildə yazdığı «Acı xatirələr» poemasında daha ətraflı qələmə almışdır. Uşaqlığın qayğısız günləri ilə yanaşı ehtiyac, maddi sıxıntı içində yaşamaq xatirələrin əsas məğzini təşkil edir. Bir dəstə uşaqla Kürün sahilində balıq tutmaqları, Novruz bayramında qapılara papaq atıb yığdıqları yer-yemişi sevinə-sevinə evə aparmaqları təsəlli olan yaşananlardır. Lakin bəzən quşlara həsəd aparıb evdən baş götürüb qaçmaq istədiyi anlar da olurdu. Qurban bayramında qonşu bir xınalı erkək kəssə də o, evlərində sadəcə isti bir ocaq görmək istərdi. Lakin gördüyü anasının göz yaşları, atasının miskin baxışları olmuşdu. Həmin gün qüruru uşaq yaşına sığmayan qonşu oğlu başına buxara papaq qoymuşdu. Əynindəki yamaqlı köynəyə baxıb dünyanın vəfası budurmu? deyə düşünən balaca Səməd bəlkə də bu sualı özünə sonralar da verəcəkdi. Oğlunu belə görməyə ana ürəyi dözməmişdi.
«Uşaq əziz gündə sınmasın» - deyə
Anam cehizliyi yorğan üzündən
Mənə üst köynəyi tikdi hədiyyə.
Mən də iki dəfə öpdüm üzündən.
Ah, mehriban ana! Ah, əziz ana!
O gündən bəridir həsrətəm sana!.. [258, c.3, s.102].
Xatirələrdə bir uşaq qəlbinin təlatümləri, on üç yaşlı Səmədin körpə quşcuğaza meyl salması, çörəyi ovaraq onu yemləməsi və günlərin birində quşun yoxa çıxması təsvir olunmuşdur. Şair yazır:
Üç gecə yatmadım, üç gün ağladım,
Gəzib dəymədiyim qapı qalmadı.
Dolaşdım bir kəndi mən addım-addım;
Neyləyim? Mən deyən yenə olmadı [258, c.3, s.103].
Günlərin bir günü quş tapılır. Lakin uşaq qəlbinin sevinci uzun sürmür. Qonşu Niyaz yanında üç nökərlə gələrək dolaşanı almaq istəyir.
Qızışdı, get-gedə qarışdı ara.
Artıq itirmişdi döyən döyəni,
Burnumun üstündən aldığım yara
Çul kimi torpağa sərmişdi məni.
Birdən bir vığıltı eşitdim, ah, mən,
Gördüm çapalayır yazıq quşcuğaz...
Ara qarışanda yönəlib birdən
Quşcuğun başını qoparmış Niyaz [258, c.3, s.104].
Bu olaylardan uşaq xəyalı dumanlanır, həyəcandan gözləri qaralır. Həftələr, aylar keçsə də qəlbinin kini sönmür. Günün birində o «lovğa düşmən»dən hayıfını çıxır:
Belinə, başına çaldım çomaqla,
Dedim: qüdrətimi yadında saxla! [258, c.3, s.105]
O vaxtdan illər keçir, əsərin qəhrəmanı ölkələr dolanır, şəhərlər görür, ağlı-qaralı dövranlar sürür, artıq onun maraq dairəsi bambaşqadır.
Vuruldum o gün ki, şeirə, sənətə,
Unutdum sevdiyim əyləncələri.
Aşiqəm insana və təbiətə
Əlim qələm tutub yazandan bəri [258, c.3, s.105].
Lakin keçmiş unudulmur. Şair həyatının ən əziz günlərində belə uşaqlıq dövrünün acılı-şirinli anlarının yada düşdüyünü xatırlayır:
Ömrümün bu əziz günlərində mən
Düz otuz yaşıma girirəm bu yaz...
Fəqət xəyalımın önünə bəzən
Gəlir yazıq anam, bir də quşcuğaz [258, c.3, s.106].
Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Süleyman Rüstəmin də müasiri Səməd Vurğun kimi geniş memuarları yoxdur. Bununla belə onun görkəmli ədəbiyyat və mədəniyyət xadimləri S.S.Axundov, C.Məmmədquluzadə, Ə.Əzimzadə, R.Əfəndiyev, S.Hüseyn, C.Cabbarlı, M.Müşfiq, H.Sarabski, N.Hikmət, İ.Hidayətzadə, M.Əliyev və başqaları haqqında xatirələri vardır. Memuaristin C.Məmmədquluzadə, S.Hüseyn, M.Rəfili, M.Əliyev, V.Mayakovski haqqında xatirələri məzmunu və əhatəliyi baxımından fərqlənir. Digər xatirələrin əksəriyyəti məqalə səciyyəlidir. İ.Hidayətzadə haqqında xatirələrdə İ.Hidayətzadənin xatırə müəllifinə ünvanlanan məktublarından da istifadə edilmişdir.
Süleyman Rüstəmin «Yaxşı yoldaş» necə yazıldı» və «Qəribə də olsa» yazıları onun memuar qeydləridir. 1966-cı ilin 15 dekabrında qələmə alınmış birinci yazıda göstərilir ki, 1933-cü ilin yayında bir qrup alim Leninqraddan gəlmiş akademik Meşşaninov, alimlərdən Poxomov, Əzizbəyov, Vəli Xuluflu və başqaları Mil düzündəki qədim «Örən qala» şəhərinin qalıqlarını axtarmaq üçün ora gedirlər. S.Rüstəm və R.Rza da bu dəstəyə qoşulur. Bu səfər S.Rüstəmə «Yaxşı yoldaş» poemasını yazmaq üçün material verir. Müəllif yazır: «Mil düzündən Bakıya alimlər öz saxsı qablarıyla, pas atmış pullarıyla, mən isə bir əsərin mövzusu ilə qayıtdım. Fikrimdə dolaşan hadisələr, sətirlər məni yazı masamın arxasına səslədi. «Yaxşı yoldaş» poemasını on günün müddətində demək olar ki, bir oturuma yazdım» [211, s.320].
Memuar janrı ilə maraqlanan, xatirələri diqqətlə oxuyan Süleyman Rüstəm həyat gerçəkliklərinə söykənən əsər yazmaq fikrində idi. Yazıçı Hüseyn Abbaszadənin sözlərinə görə «xatirələri üzərində müntəzəm işləyirdi. Xeyli yazmışdı. Hələ bir xeyli də yazacaqdı. Fikri vardı iyun-iyul, avqust aylarında köçüb otursun Şüvəlandakı bağında, əldən-ayaqdan uzaq bir yerdə, fasiləsiz, rahatca işləsin. Bundan ötrü qabaqcadan əməllicə hazırlıq görmüşdü. Xatirələrdəki günləri, ayları, illəri dəqiq yazmaq üçün lazım olan materialları, rəsmi sənədləri, əlyazmalarını, fotoşəkilləri, dostlarının məktublarını, özünün, özgəsinin çoxdan çap olunmuş bəzi məqalələrini axtarıb tapmış, neçə qutuya yığmışdı. Zarafarla deyirdi: «Qutu-qutu, daşdan keçən materialım var. Bir çoxlarının yalan-palanlarını alt-üst eləyəcəyəm» [2, s.356]. Heyf ki, ölüm onun bu işlərini yarıda qoydu və Süleyman Rüstəm xatirələr yazmaq arzusunu həyata keçirə bilmədi. Xatirələrə böyük önəm verən şair bir çoxlarının yalanlarını alt-üst etmək deyəndə həyat gerçəkliklərini təhrif edərək xatirələr yazan bəzi müəllifləri nəzərdə tuturdu.
Sənətkarın şəxsiyyətinin öyrənilməsində müasirlərinin xatirələri dəyərli mənbə kimi qiymətləndirilə bilər. Tanınmış şəxslər haqqında xatirələrin tərtibində həmin şəxsin həyat və fəaliyyətini tam və hərtərəfli əks etdirmək üçün onunla müxtəlif vaxtlarda görüşmüş memuaristlərin xatirələri əsas götürülür. Bəzi hallarda hər hansı faktı dəqiqləşdirmək üçün hadisələri kənardan müşahidə edən şəxslərin də xatirələrindən də istifadə etmək faydalıdır. Gələcək xatirə müəllifinin şəxsiyyətindən, dünyagörüşündən, ədəbi imkanlarından, təsvir edilən hadisələrdə rolundan asılı olaraq tərtibçi onunla işbirliyinin hansı formada olmasını təyin edir. Müəllif ya xatirənin mətnini təqdim edə bilər, ya da onu şifahi şəkildə söyləyər. Şifahi xatirələr stenoqrafiya, maqnitofon və ədəbi qeydlər yolu ilə həyata keçirilir. Əgər memuaristə xatirələrin yazılması sifariş edilirsə, həmin halda onun qarşısına əsas hadisə və faktları işıqlandırmaq məsələsini qoymaq daha məqsədəuyğundur. Ən əsası odur ki, hadisələr memuaristin yaddaşında necə qalıbsa, o cür də əks etdirsin. Məsələyə digər tərəfdən yanaşdıqda qeyd olunmalıdır ki, görkəmli şəxslər haqqında yalnız tanınmış insanların deyil, onunla ünsiyyətdə olan və ya onu müşahidə edən sadə adamların da xatirələri dəyərlidir. Lakin hər bir xatirənin nəşrində orada verilən məlumatın həqiqiliyini yoxlamaq lazımdır. Hadisələrin təhrifi yaddaşın yayındığı, qarışdırıldığı halda, bəzən də bilərəkdən baş verən hadisələrdə öz rolunu artırmaq və ya üstüörtülü şəkildə göstərmək məqsədilə ola bilər.
Memuarların həqiqiliyinin yoxlanılması memuaristin şəxsiyyətinin öyrənilməsi ilə başlayır. Təsvir olunan hadisələrə qədər onun həyat yolu ilə tanışlıq, hadisələrdə onun mövqeyi və digər məsələlər bura daxildir. Mənbənin həqiqiliyinin yoxlanılması digər mənbələrin öyrənilməsi əsasında, hadisələrin digər iştirakçılarının xatirələrinin müqayisəsi əsasında da baş tutur. Memuaristin digər sənədli mənbələrə müraciət etməsi mənbənin dəqiqliyini artırır, müəllifin yaddaşının fəallığını təmin edir.
Çağdaş ədəbiyyatımızda tanınmış şəxsiyyətlər haqqında dəyərli xatirələr yazılmışdır. Rəsul Rza, Mir Cəlal Paşayev, Qabil, Yusif Səmədoğlu, Abbas Zamanov haqqında yazılan xatirələr bu qəbildəndir. Xalq şairi Rəsul Rza (1910-1981) haqqında xatirələrdə böyük şairin şəxsi keyfiyyətləri, sözü bütöv olan, düşündüyünü açıq deyən bir insan olması, ensiklopediya yaratmaq sahəsində gördüyü gərgin işlər, dövlət xadimi, ictimai xadim kimi fəaliyyəti təsvir olunmuşdur. Xatirə müəlliflərinin hər biri onun xarakterinin müxtəlif cəhətlərindən bəhs etmişlər. Xatirələr müxtəlif formada qələmə alınmışdır. Vaqif İbrahim xatirələrində («Rəsul Rza və Əli Kərim doğmalığı») gündəlik qeydlərindən istifadə etmişdir. Hamlet Qoca xatirələrini «Rəsul Rzaya məktublar» şəklində vermişdir. Məmməd Əlilinin xatirələrini yazıya Rafael Hüseynov almışdır. («Mən Rəsula ömrüm boyu borcluyam»). R.Hüseynov «Qızılgüllü, yasəmənli, nərgizli nəğmələr» yazısında isə Anarın, bəstəkar Ədilə Hüseynzadənin, Tofiq Quliyevin, Şövkət Ələkbərovanın xatirələrindən yararlanmışdır. Müəllif yaşlı insanların gözəl yaddaşa malik olduğunu bildirərək qeyd edir ki, «ədəbiyyat-söz araşdırıcıları Əbülqasım Hüseynzadəylə, Əkrəm Cəfərlə, Cəfər Rəmziylə, teatr tariximizin bilicisi Qulam Məmmədliylə, elə Məmməd Əliliylə yaşı səksəni ötmüş bu adamlarla söhbət eləyəndə, onların xatirələrinə qulaq asanda hər dəfə heyrətlənməyə bilmirəm. Əsrin başlanğıcındakı hadisələrdən, adamlardan elə dəqiq təəssüratlarla, elə xırda cizgilərlə danışırlar ki, sanki bütün bunlar 60, 65, 70 il bundan irəlinin yox, lap yaxın günlərin hadisəsiymiş. Yaddaşları etibarlıdır buna sözüm yox. Ancaq bu dəqiqliyin məncə ayrı bir səbəbi də var. İllər boyu bu hadisələri o qədər danışıblar ki, hafizələrində hər söhbət üçün müəyyən bir süjet xətti, konkret bir deyim şəkli yaranıb» [206, s.329].
Rəsul Rza haqqında maraqlı xatirələrin müəlliflərindən biri də görkəmli ədəbiyyatşünas Abbas Zamanovdur. Alimin sözlərinə görə, xatirələrin yazılmasında «adda-budda yazılmış xatirə dəftəri, o zamankı mətbuat» [266, s.6] onun dadına çatmışdır. Əsərdə əsasən cəbhə xatirələri üstünlük təşkil edir. Abbas Zamanov Rəsul Rzanın həyatı, şəxsiyyəti haqqındakı təsəvvürləri genişləndirən bir çox mətləbləri işıqlandırmışdır. Xatirələrdə memuaristin də həyat və fəaliyyətinə aydınlıq gətirən məqamlar vardır. Bunlar əsasən müharibə dövründə Kerçdə baş verən olay və əhvalatlardır.
Yazıçı Nahid Hacızadənin Rəsul Rza haqqında yazdığı xatirələrdə [104] bir maraqlı məqamı nəzərə çatdırmaq lazımdır. Belə ki, xatirələrin sonunda müəllif şair dostu Oqtay Rza ilə görüşünü təsvir edir. Oqtay Rza bildirir ki, onun da Rəsul Rza haqqında xatirələri vardır və onların bir neçəsini Nahid Hacızadəyə danışır. Bu danışılan xatirələr Nahid Hacızadə tərəfindən öz xatirələri fonunda verilir. Beləliklə, Oqtay Rzanın dilindən çıxan xatirələr artıq şəxsən özünün olmur və artıq Nahid Hacızadə tərəfindən qələmə alınır. Yəni ilk dəfə olaraq onu oxuculara Nahid Hacızadə çatdırır. Memuar ədəbiyyatı tarixində belə hallara tez-tez təsadüf olunur.
«Xatirələr yolu ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları bir daha yaşamaq qəlb incidir. Hadisələr, mənzərələr, sözlər, baxışlar, gülüşlər yenidən canlanıb insanı heç bir qüvvə, heç bir möcüzə ilə geri dönməyəcək aləmə aparır. Xatirələr yolunun sevincli anları keçib-getdiyi, geri dönməz olduğu üçün təəssüf doğurur, acılı-ağrılı olanları bir daha qəlbimizi göynədir. Xatirələrimiz həmişə bizdən gənc olur. Onlar keçmiş günlərdən dinlədiyimiz tanış səslərdir» [24, s.8]. Bu sətirlərin müəllifi Rəsul Rzadır və bunlar Anarın xatirələrindən götürülmüşdür. Məhz Rəsul Rza haqqında xatirələrin ən dəyərlisi oğlu Anar tərəfindən qələmə alınmışdır. Müəllif Rəsul Rza ilə əlaqədar xatirələri faktlara, sənədlərə, olanlara, mətnlərə əsaslanaraq yazmışdır. Rəsul Rza yaradıcılığına və şəxsiyyətinə verilən qiyməti isə «müasirlərinin, onu bir insan kimi yaxından tanıyan, yaxud yaradıcılığını dərindən bilən, duyan adamların fikirləri vasitəsiylə» [25, s.8] etmişdir. Əsərdə Rəsul Rzanın avtobioqrafiyasından, Cəfər Cabbarlıya həsr olunmuş xatirələrindən, şair haqqında Tofiq Quliyevin, İsa İsmayılzadənin, Ənvər Məmmədxanlının, Abbas Zamanovun, Niyazinin, Yaqub Mahmudovun və başqalarının xatirələrindən, Rəsul Rzanın müxtəlif şəxslərə göndərdiyi məktublardan, tanınmış şəxslərin ona ünvanlanan məktublarından, eləcə də müsahibələrdən, məqalələrdən, arxiv sənədlərindən istifadə edilmişdir. Anar bir çox olaylardan bəhs edərkən atasının, anasının, yaxın qohumlarının söhbətlərinə istinad edərək onların danışıqlarını xatirələrinə daxil etmişdir. 30-cu illərin hadisələri, repressiya qurbanları haqqında söhbətlər müəllifin eşitdikləri əsasında yazıya alınmışdır. Anar yazır: «...yeddi-səkkiz yaşlarımdan evimizdə 37-ci il faciəsi haqqında qısılmış səslərlə edilən söhbətləri dinləmişdim və heç vaxt eşitməmişdim ki, gedənlər doğrudan da düşmən olublar. Əksinə, Cavidin, Cavadın, Seyid Hüseynin, Yusif Vəzir Çəmənzəminlinin, Qafur əfəndi Qantəmirin, Salman Mümtazın, Bəkir Çobanzadənin, məsul işçilərdən S.M.Əfəndiyevin, Ruhulla Axundovun, Həbib Cəbiyevin, Mustafa Quliyevin, Hüseyn Rəhmanovun adları həmişə hörmətlə və talelərinə təəssüf hissiylə çəkilərdi. Hələ Mikayıl Müşfiqi demirəm, onun haqqında evimizin ən yaxın adamı, ailəmizin üzvü kimi danışılardı. Müşfiqin adı çəkiləndə kiçik bibilərimin gözləri yaşardığı da yadımdadir» [25, s.65].
Dostları ilə paylaş: |