Almas İldırım haqqında yazılan elmi və publisistik məqalələrdə müxtəlif növ xatirə nümunələrindən istifadə edilmişdir. Şair Abbas Abdulla yazısında Süleyman Rüstəmin ona danışdığı şifahi xatirəsinə istinad edirsə, f.e.n. Maarif Teymur məqaləsinə arxiv sənədlərinə əsasən şairin özü haqqında söylədiklərini, həmçinin Aşqabadda çıxan «Zəhmət» qəzetinin 10 avqust 1932-ci il sayından A.İldırım haqqında yazılan fikirləri daxil etmişdir. Telman Oruc isə mərhum şairin doğmaları ilə tez-tez görüşdüyünü qeyd edir, dostu H.Almaszadə ilə Mərdəkanda vaxtaşırı həmsöhbət olduğunu bildirir. Almas İldırımın qardaşı oğlu olan H.Almaszadə babası Əbdülməmmədin, nənəsi Nisə xanımın ömür boyu övladlarının nisgilini qəlblərində gəzdirmələrini, iztirab çəkmələrini və qovuşa bilməmələrini söyləyərək deyir: «İndi bu yurdda Almaszadələr nəslinin çırağını yandırmaq mənə nəsib olub. Bu küçə də əmimin adını daşıyır. Səhər-axşam bu küçədən keçərkən mənə elə gəlir ki, əmim mənimlə yanaşı addımlayır. Sanki ayaq səslərini eşidir, ilıq nəfəsini duyuram» [22, s.182].
Doktor Ənvər Aras da Almas İldırım haqqında yazdığı kitabda [270] şairin qardaşı oğlu Hacıağa Almaszadənin, həyat yoldaşı Zivər xanımın, Süleyman Rüstəmin və digərlərinin xatirələrindən yararlanaraq maraqlı mülahizələr irəli sürmüş, Almas İldırımın həyat və fəaliyyətini hərtərəfli və əhatəli şəkildə tədqiq etmişdir.
Daha öncə Almas İldırımın əsərlərində bioqrafik əlamətlər haqqında məlumat verilmişdi. Mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, Böyük Britaniyanın Edinburq Universitetinin professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, şair-ədəbiyyatşünas Qulamrza Səbri Təbrizinin şeirlərində də bu xüsusiyyət avtobioqrafik məzmun vardır. «Əbədi sual», «Düşkünlük», «Bir tanışım vardı», «Ayrılıqlar», «Anlaşılmaz qadağa», «Ucuz təbliğat», «Fikirləşirəm», «Silinməz xatirələr», «Atam», «Qayıtmaz günlər», «Məktəbdən dönən günlərim», «Sinif yoldaşıma», «Heç unutmuram» və digər bu kimi şeirləri tərcümeyi-hal səciyyəlidir. Müəllif şəxsiyyəti ön planda olan bu nümunələrdə Vətən həsrəti, Vətənə məhəbbət daha qabarıq verilmişdir.
Bu gün bir tanış sordu məndən:
-Təbrizə gedirsən, getmirsən,
Necə yaşayırsan Təbrizsiz?
Cavabım bu oldu:
- Təbriz yaşayır içimdə, ruhumda,
Yuxularımda.
«Mən Təbrizdən çıxdım,
Amma Təbriz məndən çıxmadı» -
dedim [241, s.81].
«Yaralı sorğu» adlı bu şeirdəki nisgil, həsrət digər şeir nümunələrində də açıq-aydın görünür. Bu da çox vaxt uşaqlıq xatirələrinin çözələnməsinə gətirib çıxarır. «Həsrət» şeirində olduğu kimi:
Təbrizdə axır çərşənbə görməlidi,
Küçəni, bazarı bürüyür
Uşaqların sevincləri.
Bazarlar çilçıraqla bəzənir,
Çərşənbə yemişləri teştlərdə qalanır.
Kişmişi, cevizi, fındığı
Yan-yana qoyurlar
paxlavayla, halvayla.
Xatırlaram təzə başmaq geyməyimi,
Bir kasıb uşağın həsrətlə
Mənə baxmağını
Yadımdadı, utandım özümdən,
Bu uşağın həsrətlə mənə baxmağına [241, s.66].
Uşaqlıq xatirələri «Təbrizdəki günlərim», «Sevirəm uşaqları», «Xatırlayıram» və s. şeirlərdə də yada düşür. Övladlarına, həyat yoldaşına, valideynlərinə, yaxın qohumlarına, dost və tanışlarına həsr etdiyi şeirlərində Qulamrza Təbrizinin həyatının ən önəmli, yaddaqalan, unudulmaz məqamları canlandırılır ki, bu da onun ata, ailə başçısı, övlad, dost və şəxsiyyət kimi xarakterizə olunmasında əhəmiyyət kəsb edir. Məhz bu xüsusiyyətlərə görə prof. Kamil Vəli Nərimanoğlu Qulamrza bəyi «şeiri gündəlik kimi yazan şair» adlandırır. «O, gördüklərini, duyduqlarını misra-misra şeirə çevirir, onun hər şeiri ömür tarixindən bir səhifədir» [242, s.144]. Şeirlərinin mövzusunu həyat hadisələri təşkil edən Q.Səbrinin on il ərzində yazdığı «İran: bir çocuğun hekayəsi, bir kişinin təcrübəsi» əsəri də avtobioqrafik səpkidə qələmə alınmışdır. Müsahibələrinin birində müəllif qeyd etmişdi ki, «əsərdə folklorla bioqrafiyam, Azərbaycan həyatı ilə xatirələrim qaynayıb-qarışıb. İngilis mətbuatı yazmışdı ki, mən tarixin əlindən tutub küçələri gəzdirirəm» [242, s.77]. Onun haqqında ilk sistemli tədqiqat əsərində [161] həyatı, mühiti, fəaliyyəti əsasən «Mənim iki dünyam» və «Baxışlar, düşüncələr, arzular» adlı xatirələrinə istinad edilmişdir. Mühacirət ədəbiyyatının digər nümayəndələrinin xatirələrində olduğu kimi, Q.S.Təbrizinin xatirələrində də çətin və məhrumiyyətlə dolu mühacir həyatı təsvir olunmuşdur. Şair Balaş Azəroğlunun ona ünvanladığı açıq məktubunun təsirilə Qulamrza bəy Vətəndən uzaqda yaşamağın acısını belə bildirmişdir: «Mən kiçik yaşlarımda eşidəndə ki, filan yazarı, yaxud siyasi xadimi filan şəhərə sürgün ediblər, ya vətənindən dişarıya salıblar, bu hadisənin əsl mənasını anlamırdım. Elə bilirdim ki, insan haraya sürgün olunsa, özünü birtəhər dolandıracaq və burada faciəvi bir şey yoxdur. Ancaq elə ki, qürbətin zəhərli şərbətini içdim, onda məsələnin mahiyyəti bütün çilpaqlığı ilə mənə aydın oldu... Nə yazıqlar ki, Vətəndə, anamın-atamın, dostlarımın, qohum-əqrəbamın, millətimin əhatəsində yaşamaq mənə nəsib olmadı. Bir ömür qürbətin ağrıları içərisində qovruldum və indi də bu əzabın içərisindəyəm» [241, s.8].
Qulamrza Səbri Təbrizinin məqalə, müsahibə və çıxışlarında müəllif şəxsiyyəti ön plandadır. Bu nümunələrdə də alimin həyat və fəaliyyəti demək olar ki, hərtərəfli təsvir edilir. Onun professor Vaqif Sultanlı ilə, professor Nizami Cəfərovla və jurnalistlərlə müsahibələri mənalı ömrün, yaşanan dövrün, əhatəsində olan mühitin tərcümeyi-halıdır. Müsahibələrdə bu böyük şəxsiyyətin dünyagörüşü, həyata və insanlara baxışı, arzu və istəkləri haqqında bilgilər almaq mümkündür. O, özünün həyat yolu haqqında bunları söyləyir: «Təzadlı həyat yaşamışam. Bir tərəfdən dövlətli bir kişinin övladı olmuşam, digər tərəfdən anamın südü olmadığından məni kasıb bir ailəyə veriblər. Mənə süd verən Humay ananı çox sevmişəm. Böyüdükcə millətimə qarşı haqsızlıqlar məndə bir etiraz yaratdı. Təbriz Universitetini bitirdikdən sonra qərara gəldim ki, İrandan çıxım. Atamın məsləhəti ilə İngiltərəyə 2-3 ay müddətinə getsəm də, başa düşdüm ki, təhsilimi davam etdirmək üçün burda qalmalıyam. Doktorluq işini müdafiə edəndən sonra universitetdə dərs deməyə başladım» [242, s.155].
Göründüyü kimi, Qulamrza Səbri Təbrizinin özü haqqında söylədiyi fikirlər məqalə şəklində yazılmış xatirələrdə əks olunmuşdur. Onun məqalələri öz mündəricəsi etibarilə xatirə mahiyyətlidir. «Böyük uşaq» yazısı isə yazıçı Əziz Nesin haqqında yazılmış dəyərli və səmimi xatirələrdir. Əziz Nesinlə 1970-ci illərdən dostluq münasibətlərində olan xatirə müəllifi bu böyük şəxsiyyətin həyata baxışını, insanlara münasibətini incələməyə nail olmuşdur.
Qulamrza Səbri Təbrizi 22 fevral 2000-ci ildə «Respublika» qəzetinə müsahibəsində mühacir həyatının çətinliklərini anladaraq bildirmişdir ki, «mühacirət sözünün məna yükü çox ağırdır. Bu həyatı yaşamayanlar onu çətin anlar. Mühacir olmaq həyata ikinci dəfə doğulmaqdır. Necə ki, insan məhbəsdə olanda onun psixologiyası, beyni, şüuru daha da itiləşir, hər çətinliyə, əzaba, iztiraba hazır olur. Eləcə də mühacir hər cür məşəqqət üçün özünü mübariz ruhda kökləyir. O zaman vətən, xalq, millət anlamları insan üçün daha böyük mənalar daşıyır. Mühacirət təkcə vətəndən xaricdə yaşamaqla bitmir. Mühacir gərək vətəninin maraqlarını, dərdini-sərini, acısını, şirinini yaşadığı ölkəyə çatdırmağı bacarsın» [242, s.163].
Nəzərə çatdırılmalıdır ki, son illərdə sənədli əsərlərə maraq xeyli artmışdır. Yazıçı-publisist Şəmistan Nəzirlinin bu sahədəki fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Onun «Qoridən gələn qatar» [195] sənədli povesti arxiv materialları, Qori seminariyasını bitirən ziyalıların xatirələri əsasında qələmə alınmışdır. Əsərdə M.F.Axundov, S.S.Axundov, R.Əfəndizadə, A.O.Çernyayevski, M.H.Qayıbzadə, F.Köçərli və digərlərinin həyat və fəaliyyətlərindəki önəmli faktlar bədii dillə təsvir olunmuşdur. Yazıçının tarixi sənədlər, xatirələr, məktublar əsasında yazılmış «Azərbaycan generalları» [192] əsərində general Naxçıvanskilər, general Bakıxanovlar, general Talışxanovlar və bir çox Azərbaycan generallarının ömür və qəhrəmanlıq yolu yüksək bədiiliklə əks olunmuşdur. Müəllif generalların ilk gənclik illərini əsasən yazıçı təxəyyülü ilə qələmə alırsa, döyüş fəaliyyətlərini tarixi fakt və sənədlər əsasında canlandırır. «Xalqımızın yetirdiyi elə şəxsiyyətlər var ki, onların adına ancaq müxtəlif mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar. Yaşadığı dövrdə illərlə bunların fəaliyyəti geniş işıqlandırılıbsa da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub. Xalqımız üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar rejimin «musavat generalı» damğası vurduğu onlarca belə qeyrətli sərkərdəmiz yaddaşlardan qeyb olub. Böyüməkdə olan gənc nəslin demək olar ki, bu ara-sıra adı çəkilən şəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki onların keçirdiyi mübariz həyat yolu bu gün bizim üçün böyük məktəbdir» [193, s.79]. Şəmistan Nəzirlinin 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikasının sərkərdələri haqqında yazdığı hər bir sənədli hekayə və oçerkin arxasına bir görkəmli şəxsiyyətin ömür yolu söykənir. Müəllifin əsas istinad mənbəyi əsasən arxiv sənədləri, qohumların, yaxın adamların xatirələri, məktublar olmuşdur. Maraqlı burasıdır ki, əsərdə generalların taleyi ilə yanaşı müəllif şəxsiyyəti də ön plandadır. Yəni müəllif hər bir oçerk üzərində necə işlədiyini, hansı mənbələri araşdırdığını nəzərə çatdırmağı lazım bilmişdir. Sənədliliklə bədiiliyin sintez təşkil etdiyi «Cümhuriyyət generalları» əsərində general Daniyal bəy İlisulunun, admiral İbrahim bəy Aslanbəyovun, general-mayor Süleyman bəy Əfəndiyevin, general Ca-vad bəy Şıxlinskinin, general Səməd bəy Mehmandarovun, general Əliağa Şıxlinskinin və digərlərinin ömür yolları faktiki sənədlər əsasında canlandırılmışdır. Müəllif hər bir məlumatın həqiqiliyini təsdiq etmək üçün təkcə bir mənbəyə deyil, müxtəlif mənbələrə əsaslanır, onları qarşılıqlı surətdə əlaqələndirir. Məsələn, İbrahim ağa Vəkilov haqqında yazıda müxtəlif etibarlı sənədlərlə yanaşı Həmidə xanımın «Mirzə Cəlil haqqında xatirələrim» əsərinə, Səməd bəy Mehmandarov haqqında yazıda Əliağa Şıxlinskinin «Xatirələrim» memuarına istinad edilmişdir. «Çox təəssüf ki, Səməd bəy Mehmandarov Əliağa Şıxlinski kimi hərbi memuar yazmayıb. Buna otuzuncu illərin sərt ab-havası səbəb olub. Onda Heydər Hüseynov kimi məşhur, xeyirxah alim ədəbi ictimaiyyətə təzə gəlmişdi. Bizə əziz miras kimi qalan «Xatirələrim»in bəxti onda kəsdi ki, müharibə başlananda milli Azərbaycan diviziyasının yaradılması ilə bağlı məsləhətə gələn Heydər Hüseynov generalın xatirələrinin dəyərini qiymətləndirərək onu qələmə aldı. Ömrünün son günlərini yaşayan Şıxlinski də qürbətdə, səngərlərdə, palçıq və qanqarışıq cəbhə meydanlarında Səməd bəy Mehmandarovla keçirdiyi günlərini unutmayıb ona diktə etdi» [193, s.118].
Əliağa Şıxlinski ilə Səməd bəy Mehmandarovun ömür yolları «Cümhuriyyət generalları» kitabında paralel izlənilir, hər iki sərkərdənin taleləri Üzeyir Hacıbəyov və Müslim Maqomayev kimi məşhur musiqi xadimləri ilə müqayisə edilir.
Şəmistan Nəzirlinin arxiv materiallarına istinadən yazdığı «Qarxunlu Əşrəf bəy» sənədli povestində isə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvü, Ərəş mahalının bəylərbəyi Əşrəf bəy Həsən bəy oğlu Tağıyevin (1867-1930) taleyindən söhbət açılır. Müəllif digər əsərlərində olduğu kimi, bu əsərində də «hər məsələni, mübahisəni yalnız tarixi faktlarla əsaslandırmağa, təkzibedilmız dəlillərlə sübuta yetirməyə çalışır» [194, s.173].
Xatirələri bədii ədəbiyyatdan ayıran sərhəd getgikcə incəlir və onları öyrənmək bir çox cəhətdən çətinləşir, eyni zamanda onları həyati vacib edir. Memuar yaradıcılığı öz varlığı etibarilə mənəvi fəaliyyətin spesifik nümunəsi kimi, mənəvi mədəniyyətin nisbətən yayılmış hadisəsi kimi onu müstəqil janr və yaxud mənbə şəklində formalaşdıran renessans dövrünün törəməsidir. Bununla belə XX yüzillik gündəlik, tərcümeyi-hal və xatirələrin ədəbiyyatımızda daha geniş vüsət aldığı bir dönəmdir. XX əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatının seçilən nümayəndələrindən olan Abdulla Faruqun (1907-1943) «Gündəliklər»i [85] bu baxımdan diqqət çəkir. Burada müəllif özünün həyatı, yaradıcılığı, ədəbi mühiti haqqında məlumatlar verir. Əlyazması S.Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində saxlanılan gündəliklər 1936-cı ilin yanvarından 1942-ci ilin aprelinə qədər fasilələrlə davam edir. Abdulla Faruqun tərcümeyi-halının, xatirat dəftərinin avtoqrafları isə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin nadir əlyazmaları fondunda mühafizə olunur. Xatirat dəftərində gündəlik məsələlər, M.P.Vaqifin mürəbbelərini oxuyarkən rübai tərzində şeir yazması, Y.V.Çəmənzəminli və Ə.Vahid ilə Şamaxıya getmələri haqqında məlumatlar vardır [128, s.30]. Fondda həmçinin Faruqun atasına məktubları və müxtəlif şəxslərdən S.Rəhmandan, H.Əlizadədən, S.Rüstəmdən, R.Rzadan və digərlərindən ünvanlanan məktublar da mühafizə olunur ki, bunlar da A.Faruqun həyat və yaradıcılığının bəzi məqamlarının aydınlaşmasında müəyyən əhəmiyyətə malikdir.
Qeyd edək ki, xalq şairi Mirvarid Dilbazinin xatirələrini əsərinə daxil edən yazıçı Anar latın əlifbasının kirillə əvəz edilməsi ilə bağlı Abdulla Faruq haqqında bunları bildirir. Latın əlifbasının kiril əlifbası ilə əvəz edilməsi haqqında «səs Bakıya çatanda Stalin adını eşidib qorxuya düşənlər bu əlifbanı tərifləməyə söz tapdılar, əleyhinə olanlar isə öz cəzalarına çatdılar. Bu etirazın ilk qurbanı çox istedadlı gənc şair Abdulla Faruq oldu. Onu Yazıçılar İttifaqından xaric etdilər, heç yerdə iş vermədilər, müharibə başlananda ön sıraya döyüşə göndərdilər, orada məhv oldu. Abdulla Faruq Rəsul Rzanın qohumu olduğu üçün dərhal Rəsul Rzanı da Yazıçılar İttifaqının sədrliyindən çıxartdılar. Abdulla Faruqun bu faciəsi çoxlarına görk oldu» [24, s.266].
İyirmi bir yaşında cəbhəyə getmiş yazıçı-döyüşçü Məmməd Aranlı da (1920-1950) öz gündəliyində Böyük Vətən müharibəsində keçdiyi həyat yolunu təsvir etmişdir. O, «doğma yurdundan ayrılıb çöllərə, meşələrə düşən anaların, körpə uşaqların, qocaların çəkdiyi əzabı, faşist cəlladlarının etdiyi vəhşilikləri öz gözü ilə görmüş və dəftərçələrinə köçürmüşdür. «Cəbhə gündəliyi» hərbi təlimlərdə, səngərlərdə, qazmalarda, ön xəttə sursat aparan maşınlarda, arabalarda, qarda, şaxtada yaranmış, qələbə günlərində tamamlanmışdır» [238, s.8]. Gündəlikdə müəllifin özü, cəbhə və qələm dostları haqqında maraqlı məlumatlar verilmişdir. Yazıçı Əli Vəliyevin isə cəbhədə yazdığı gündəliyi üç ümumi dəftər həcmində idi. Gündəlikdə təsvir olunan olaylar onun «Yarım il Krım cəbhəsində» adlı xatirələrində əks olunmuşdur. Müharibədən sonra bu mövzuda daha çox xatirələr yazılmışdır. «Lakin o illərin özündə baş vermiş hadisələrlə müvazi yazılan, bir sıra hallarda cəbhənin bağrından doğub meydana çıxan gündəliklər, xatirələr, yol qeydləri və oçerklər orada hər gün, hər saat özünü göstərmiş yenilməz xalq ruhunu gələcək nəsillərə çatdırmaq üçün qiymətli sənədlər kimi öz əhəmiyyətini saxlayacaqdır» [183, s.98].
Qeyd edildiyi kimi, Böyük Vətən müharibəsi səngərlərində əsgərlərlə yanaşı yazıçı və jurnalistlərimiz də qələbə uğrunda vuruşmuşlar. Onlar ağır döyüşlərdə bir əlində silah, bir əlində qələm tutmuşlar. Müharibənin od-alovu içərisində neçə-neçə sənət əsəri yaranmışdı. Böyük Vətən müharibəsinin «ilk mərhələsində çap edilən nəsr əsərlərində janrın şəkli tələblərinə o qədər də riayət olunmurdu. Məsələn, gündəliklər bəzən bir neçə müstəqil xırda hekayə təsiri bağışlayır, xatirələrdə oçerkçilik, yol qeydlərində xatirə ünsürləri müşahidə edilir, bunların hamısında isə publisistik ricətə güclü meyl hiss olunurdu. Lakin bu əsərləri birləşdirən əsas cəhət onlarda yazıçı müşahidəsinin nəticəsi olan həyat materialının zənginliyidir» [183, s.94]. Yazıçı və jurnalistlər əsərlərində döyüşçülərimizi ruhlandırmış, faşizmə kəskin nifrət oyatmışlar. Müharibədə bilavasitə iştirak edən Ə.Ələkbərzadə, İ.Şıxlı, S.Qədirzadə, H.Abbaszadə, Z.Cabbarzadə, M.Mürsəlov və başqalarının xatirələrində [45] mübarizə və qələbə ruhu öz əksini tapmış, həyat həqiqəti bütün dolğunluğu ilə təsvir olunmuşdur. A.Zamanovun cəbhə oçerkləri «döyüşləri kənardan görən, yalnız eşitdikləri əsasında yazan bir nabələdin yox, cəbhənin sınaqlarını, səngər həyatının üzüntülərini, hücum döyüşünün oyatdığı yüksək əhval-ruhiyyəni, güllə yarasının ağrısını, dost itkisinin acısını şəxsən yaşamış bir zabitin, siyasi işçinin canlı şəhadətidir» [186, s.7].
Xatirələr həyatın ətraflı düşünülərək canlandırılması, gündəlik isə həyatın bilavasitə qalığıdır. Gündəliklərdə xırda məişət gerçəkliklərindən tutmuş dövrün aktual məsələlərinə qədər qeydlər öz əksini tapır. Gündəlik tərtib edən hər bir şəxs bunu hər şeydən əvvəl özü üçün edir və burada hiss və düşüncələrini daha açıq ifadə edir. Gündəlikdə insan fəaliyyətinin tarixi dəqiqələri əks olunur. Böyük Vətən müharibəsində həlak olmuş şair və yazıçılardan H.Natiq, M.Əlizadə, S.Nazim və başqalarının, faşizmə qarşı vuruşub müharibədən sonra da yaradıcılıqla məşğul olmuş Ə.Abasov, B.Qasımzadə, Ə.Əlibəyli, M.Aranlı, Z.Cabbarzadə, İ.Səfərli və başqalarının həm müharibədə göstərdikləri xidmətlər, həm də həyat və fəaliyyətləri ədəbiyyatşünas Rasim Tağıyevin «Xatirələrdə yaşayanlar» [237] kitabında işıqlandırılmışdır. Burada həmçinin tanınmış qələm əhlinin S.Vəliyev, Q.İlkin, İ.Şıxlı, H.Abbaszadə, B.Bayramov, İ.Tretyakov, S.Qədirzadə, H.Arif, C.Bərgüşad və başqalarının yaradıcılıq yolundan bəhs edilmişdir. Şair və yazıçıların öz xatirələri də P.Tağıyevin istinad yeri olmuşdur.
Alman faşistləri qonşu ölkələrdə İranda fitnə-fəsad yaratmasınlar deyə 1941-ci ildə sovet hərbi qüvvələri İran ərazisinə daxil olmuşdu. Azərbaycandan Təbrizə gedən nümayəndə heyətinin tərkibində bir şox şair və yazıçılarla yanaşı Süleyman Rüstəm də vardı. O, Cənubi Azərbaycandan qayıtdıqdan bir müddət sonra gəzdiyi yerlər, ünsiyyətdə olduğu insanlar haqqında öz xatirələrini yazmış və bu xatirələri şəxsən professor Teymur Əhmədova təqdim etmişdir. Teymur Əhmədov həmin xatirələrin bir neçəsini «Azərbaycan» jurnalında [210, s.164] dərc etdirmişdir. Xatirələrdə Təbrizin gözəlliyi, əhalinin məşğuliyyəti, yoxsulluğu, çəkdiyi əzab və müsibətlər, xatirə müəllifinin digər yoldaşlarla birgə fəaliyyəti, bəzi hallarda imkan daxilində xalqın zəif təbəqəsinə etdikləri kömək və digər məsələlər öz əksini tapmışdır.
Cənub xatirələri Əli Tudə yaradıcılığında da özünə iz salmışdır. Bu xatirələrdən danışmazdan öncə Əli Tudənin zahiri və daxili aləminin bəzi xarakterik xüsusiyyətlərini əks etdirən yazılara müraciət edək. Çağdaş poeziyamızın ən ünlü təmsilçisi Zəlimxan Yaqub xatirələrində Əli Tudə haqqında yazmışdı: «Tədbirlərdə, ədəbi-bədii gecələrdə az-az görünər, belə yerlərə seyrək gələrdi. Ancaq bizim hər görüşümüz bir aləm olardı. O, Bakının bağlarını, xiyabanlarını çox sevər, ... Bakının Təbrizi xatırladan, ona bənzəyən yerlərində tez-tez görünər, söhbətləşər, dərdləşərdik. Təbriz ləhcəsi onsuz da şirindi, ancaq Əli müəllimin şirin, isti, yanğılı danışığı bu ləhcəni bir az da şirinləşdirər, gözəlləşdirərdi. Hərdənbir Bakı küləyi öz işini görüb, onun dümağ, qar kimi yumşaq saçlarını dağıdanda əllərini başına çəkib saçına daraq edərdi. Yumşaq və həlim, sərt və ötkəm danışığı, göyçək, nurani çöhrəsi, abırlı və həyalı təbiəti vardı» [262, s.173]. İndi isə Əli Tudənin özünün xatirələrindən bəhs edək. Məlumdur ki, 1946-cı ilin baharında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə Təbrizdə Dövlət filarmoniyası açmışdı. İyirmi iki yaşlı Əli Tudə filarmoniyaya müdir təyin edilmişdi. Sonralar bu sənət ocağının qısa ömründən kimə söhbət açırdısa, onu bu barədə yazmağa sövq edirdilər. Yaddaşının möhkəm olmağı Əli Tudəni bu işə daha da ruhlandırırdı. Bu haqda müəllif yazır: «Az adam tapılar ki, ana təbiət ona xüsusi bir məziyyət bəxş etməsin. Mənə isə möhkəm yaddaş vermişdir. Beş yaşımdan bəri istər həyatımda, istərsə də ətrafımda cərəyan etmiş mühüm hadisələrin, demək olar ki, əksəriyyəti yadımdadır. Sanki bu hadisələr dünən deyil, bu gün baş vermişdir. Bu hadisələrin, əhvalatların, xatirələrin uzun illərdən bəri zehnimdə iz salmış əlvan naxışları pozulmamışdır. Bu naxışlar sakit otaqda yalnız qalanda, tək-tənha uzaq yol gedəndə, ömür haqqında düşünəndə dil açıb mənimlə danışmağa başlayır...» [245, s.152]. 1983-cü ildə qələmə alınmış bu xatirələrdə memuarist o dövrün bir sıra mühüm ictimai-siyasi, ədəbi hadisələrindən, özünün ömrü taleyi, eləcə də milli hökumətin mübarizələrlə dolu bir illik həyatından bəhs etmişdir. Xalq möhtəşəm bir sənət sarayı olan filarmoniyanın geniş səhnəsində özünün yaratmış olduğu qədim və zəngin mədəniyyət nümunələrinə dönə-dönə baxırdı. Lakin şah sərbazları sarayı uçurub dağıtdılar. Sarayı ucaldanların bəziləri zindana salındılar, bəziləri sürgün edildilər, bəziləri də vətəndən didərgin düşdülər. Dörd ay yaşayan Təbriz filarmoniyasının ömrü bələkdə boğulmuş və bu sənət ocağının alovunun bugünkü nəslə çatması, gələcək nəsillərə yadigar qalması üçün Əli Tudə «Bələkdə boğulmuş səadət» adlı xatirələrini qələmə almışdır. Bu xatirələr daha geniş şəkildə kitab halında dərc olunmuşdur. Kitabda Cənubi Azərbaycanda məşhur inqilabçı, ictimai dövlət xadimi Seyid Cəfər Pişəvərinin (1892-1947) başçılığı ilə 1946-cı ildə Azərbaycan milli hökumətinin yaradılmasından, xalqın böyük ruh yüksəkliyi ilə yeni həyata qədəm qoymasından, mədəniyyət ocaqlarının açılmasından və onların geniş fəaliyyətindən bəhs edilir. Qeyd olunmalıdır ki, Seyid Cəfər Pişəvərinin özünün xatirələrində Azərbaycanda başlanan azadlıq mübarizəsinin geniş vüsət almasından və bu mübarizəyə qarşı çıxan dövlət məmurlarının törətdikləri cinayətlərdən ətraflı bəhs edilmişdir. Azərbaycanda baş verən milli-azadlıq hərəkatı, xalqın bu hərəkatı müdafiə etməsi və bu yolda çoxlu qurbanlar verməsi xatirələrin əsas məğzini təşkil edir. Azərbaycan xalqının azadlıq mübarizəsinin əksi olan bu əsər tarixi baxımdan çox əhəmiyyətlidir. Lakin bir məqamı qeyd etmək lazımdır ki, memuar nümunələrinə xas olan cəhətlər burada açıq-aydın nəzərə çarpmır. Müəllifin hiss və düşüncələrinə, şəxsi həyatına, ömür yoluna bu əsərdə az yer verilmişdir. Yalnız həyatının 1941-1945-ci illəri əhatə edən dövrü tarixi, siyasi hadisələr fonunda təsvir edilmiş, memuaristin müxtəlif təşkilatlara münasibəti, ən əsası ictimai-siyasi fəaliyyəti işıqlandırılmışdır. Seyid Cəfər Pişəvərinin bir şəxsiyyət, bir inqilabçı kimi xarakterik xüsusiyyətlərini şair Haşım Tərlan «21 Azər – Pişəvəri» poemasında məharətlə canlandırmışdır.
Sən anadan olan gündən,
İnqilabçı yarandın sən.
Üsyan etdin qaranlığa,
Düşmən oldun fironluğa.
Hər tərəfdə sitəm gördün,
Zülm əlindən matəm gördün.
Getdin xalqın köməyinə,
Çarə etdin diləyinə.
Qələm çaldın sola-sağa,
Şahlar düşdü əl-ayağa.
Süngü oldun dar gözlərə
Salam dedin gündüzlərə.
Ellər gəldi sorağına
Göz dikdilər bayrağına [204, s.378].
Yalnız Azərbaycanın və İranın deyil, Şərqin böyük şairi olan Məhəmmədhüseyn Şəhriyar isə memuar yazmasa da «Heydərbabaya salam» və «Gecənin əfsanəsi» poemalarını uşaqlıq və gənclik xatirələrinin təsiri ilə qələmə almışdır. «Şəhriyarın həyatının, gənclik illərinin necə keçdiyini dərindən öyrənməkdə bu iki əsərin xüsusi əhəmiyyəti vardır. O, bu poemalarda uşaqlıq, gənclik dövründə görüb duyduğu təbii mənzərələr və lövhələrdən söz açır, uşaqlıq xatirələrini açıq və dolayısı ilə əks etdirir. Hər iki poemada şairin təsvir etdiyi kənd həyatı, adət və ənənələr, deyimlər, təbiət mənzərələri, toy-düyün, bayram mərasimləri, hamısı şairin uşaqlıq dövründən zehnində qalmış, onun yenidən canlandırdığı lövhələr və mənzərələrdir» [42, s.20].
Heydərbaba, qarlı dağlar aşanda
Gecə karvan yolun azıb, çaşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları
Xəyal gəlib, aşıb keçər onları [231, s.18].
Bu məktəbdə şeirin şəhdin dadmışam,
Axundun ağzından qapıb udmuşam,
Gahdan da bir axundu allatmışam,
-Başım ağrır, - deyib, qaçıb getmişəm,
Baxçalarda gedib gözdən itmişəm [231, s.23].
Şəhriyarın qələmə aldığı digər şeirlərdə də həyatının müxtəlif anları əks olunmuş, duyğu və düşüncələri təsvir edilmişdir. Şairin yaradıcılığını tədqiq edən Hökumə Bülluri onun hər bir şeirinin özünün tərcümeyi-halı ilə bağlı bir həyat hadisəsi kimi dəyərləndirir. Maddi cəhətdən sıxıntı çəkdiyini əks etdirən «Yata bilməyirəm» şeiri, «insan həyatının, bir şair ömrünün real tablosunu» canlandıran «Ömrün bölünməsi» şeiri bu baxımdan əhəmiyyətlidir. Şəhriyarın şəxsi keyfiyyətlərini qızı Şəhrizad xatirələrində işıqlandırmışdır. O yazır ki, «Şəhriyar övladlarını çox sevər, əzizlər, onlarla məşğul olmaqdan və yaşlarına uyğun söhbətləşmələrdən böyük zövq alardı. Həssas və mehriban, səxavətli, dərdəqalan bir insan olan atam kiçik bacım Məryəmə «Heydərbaba» vəznində bir şeir qoşmuşdu» [235, s.36].
Dostları ilə paylaş: |