Epiloq
Biz imperiyaların rəqabət meydanında bir-birinə qənim kəsilməsini, ambitsiyalar
hesabına digərini məhv etmək cəhdlərini müşahidə etdik. İmperiya başçıları daim qan
tökməyə susadıqları kimi, elə bu bəladan da ən azı taxt-taclarını tərk etməli olurlar.
Deyəsən, onlar axıtdıqları qanda da boğulurlar. Herodota görə Massaget qadın
hökmdarı Tomirida Böyük Kirin ölü başını qanla dolu tuluğa salmışdı ki, əgər o, qana
belə susayırsa, qoy ondan doysun. Müharibəyə can atan imperatorlar da belə
təhqiramiz cəzaya məhkum olunsaydılar, pis olmazdı.
İmperatorların bir-birinə qarşı iddialarından doğan aqressivliyi, digərini məhv
etmək istəyi və cəhdi banka içərisinə salınan hörumçəklərin vuruşması və bir-birini
öldürməsi səhnəsini xatırladır. Hörümçək öz növündən olanın bədəni ilə
qidalanmaqdan həzz alır. Erkəklə dişi hörümçək cütləşdikdən sonra bədəncə kiçik olan
bədbəxt erkək nəsli artırmaq instinkti hesabına çox vaxt öz ömür sonluğunu dişinin
mədəsində tapır. Dişi hörümçək başqa qida növləri ilə kifayətlənməyib, öz məşuqunu
diri-diri yeməyi özünün borcu hesab etdiyi kimi, imperatorlar da çox sayda xalqların
ona tabe olması ilə kifayətlənməyib, başqa imperiyaların ərazilərini qəsb etməyə,
xalqlarını yenidən əsarətə almağa göz dikir və bu, ən azı böyük, sonralar isə dünya
müharibələrinin mövcudluğunu meydana çıxarır. Müharibə nəticədə qalibsiz və
479
məğlubsuz ötüşmədiyindən, dünya müharibələri imperiyaların dağılması,
parçalanması ilə nəticələnir.
Hörümçəklər hətta dinc yanaşı yaşasalar da, bankaya salındıqda bir-birini məhv
etməyə çalışır, bu vaxt artıq yaşayış məkanı üstündə ölüm-dirim mübarizəsi gedir.
İmperiyalar da belədir, onlar da süni sürətdə öz ətraflarında qapalı mühit yaratmaq və
ona sahib olmaq iddiasına düşməklə, özlərini qaçılmaz məhvə aparırlar. Onlar ən
böyük cinayətlərdən belə çəkinmədikləri halda, özlərini az qala Göy sakinləri, mələklər
güman edirlər, xalqların gözündə isə onlar sönməz nifrət simvollarından başqa bir şey
deyillər.
Hər bir sərkərdə, hər bir hökmdar imperator öz çiyinlərində ağır günahlar
yükünü daşıyır. Ona görə də onların Yer üzərindəki şöhrəti keçib getsə də, əməllərinin
acı xatirəsi yaşamağa davam edir.
Onlar ən azı bir qitə üzərində insan hakimiyyətindən də güclü olan lənət
daşıyıcılarına çevrilirlər. Bu lənətin silinməsi, yox olması isə onların bütünlüklə məhv
olmasını, sıradan çıxmasını tələb edir. Onlar əgər xalqları yerüstü cəhənnəmin
«ləzzətini» göstərməyə nail olmuşdularsa, özləri də cəhənnəm odu ilə yaşamağın
əzablarından qaça bilmirlər.
Tarix bir daha sübut edir ki, Albert Eynşteynin kəşf etdiyi tək məkan və zaman
kimi ən qüdrətli hakimiyyət də nisbidir, heç vaxt əbədi ola bilməz. Yadelli ağalıq isə
özünün yaratdığı fəsada – xalqlara etdiyi zülmə qarşı qalxan mübarizələrdən və həm də
bir-birini məhv etmək istəyinin reallaşmasından sıradan çıxmalı olurlar. Özü barədə
düşünməyi öyrənməyə başlayan xalq, boynundakı ağır yükü atmağa qadir olduğunu
göstərir.
İmperiyalar özünü dağıtmaq təhlükəsindən də qaça bilmirlər. Titan Kronos öz
uşaqlarını yeyən kimi, imperiyalar da başqalarını yeməyə çalışır və onları da məhv
edən bir Zevs tapılır. Bunu tarixi faktlar təsdiq edir. İmperializm militarizmə meyl
etdiyindən onun da qurbanı oldu, lakin təəssüf ki, öz talelərini, fatumunu görməyi,
sezməyi bacarmır. Xalqlar uzun müddət tale qarşısında bərabər olmasalar da,
əzilənlərin də küçəsinə çoxdan arzu olunan bayram gəlib çıxır. İmperiyaların
dəvəquşuya bənzər siyasəti yalnız onların sonluğunu yaxınlaşdırır.
Elə fikir yaranmasın ki, imperiyalar bütünlüklə sıradan çıxmış, mümiyalanmışa
çevrilmiş və ya yalnız Yaponiyada olduğu kimi, Mikadonun şəxsində nominal
nişanələrini saxlamışdır. Əsla belə deyildir. Ayrı-ayrı dəhşətlərdə bu şər virusu
yaşamaqda davam edir və Kok çöpləri kimi onlar təhlükə mənbəyinə çevrilmək üçün
əlverişli şəraiti gözləyirlər. Ona görə də imperiyalara relikt kimi baxılmamalıdır,
onların diriləcəyi, yenidən baş qaldıracağı imkanı nəzərdən qaçırılmamalıdır. Axı tarix
təkrar olunduqda onun faciəyə çevrilməsi mülahizəsi daim öz düzgünlüyünü nümayiş
etdirmişdir. Şekspirin metaforasından istifadə edərək, demək lazım gəlir ki, dünyada
imperiyaların və onların apardıqları müharibələrin əhvalatları kimi dəhşətli əhvalatlar
yoxdur.
SON