V. I Dünya müharibəsi
I Dünya müharibəsinə gedən yol
28 iyun 1914-cü ildə Avstriya taxt-tacının varisi, ershersoq Frants-Ferdinand
Bosniya şəhəri Sarayevoda qətlə yetirildi. Bu hadisə Avstriya ilə Serbiya arasındakı
əksdurmanın nəticəsi olmasına baxmayaraq, I Dünya müharibəsinə aparırdı. Müharibə
isə heç də labüd deyildi, çünki əvvəllər Avropa liderlərinin qətlə yetirilməsi
müharibəyə səbəb olmamışdı və Avropa dövlət xadimləri belə münaqişələri
lokallaşdırılmış və yatırmışdılar.
Lakin bu vaxt Avropada militarizm güclənmişdi. İri kütləyə malik olan orduların
böyüməsi Avropada mövcud olan münaqişələri kəskinləşdirmişdi. Ordular böyüdükcə
hərbi liderlərin də təsiri artırdı. 1914-cü ilin yayı ərzindəki böhranda generallarda
Avropa siyasi liderlərinə xas olan çeviklik yox idi, ona görə də siyasi vasitələr əvəzinə
hərbi qərarlara üstünlük verildi.
Bu dövrdə müharibəyə cəlb olunacaq beş imperiyadan üçünün imperatorları bir-
birlərinə yaxın qohum idilər. Onlar Almaniyanın, Böyük Britaniyanın və Rusiyanın
imperatorları olmaqla, titulları əsasən kayzer, kral və çar kimi işlənirdi. Almaniyanın
kayzeri II Vilhelm Böyük Britaniya kralı V Corcun bibisi oğlu idi, onların hər ikisi
Britaniya kraliçası, 1901-ci ildə vəfat edən Viktoriyanın nəvələri olmaqla, qızının və
oğlunun övladları idi. Rusiya çarı II Nikolay isə Britaniya kralı V Corcla xalaoğlu idi,
onların anaları Danimarka kralının qızları olmaqla, printsessalar idi. II Nikolayın arvadı
da kraliça Viktoriyanın nəvəsi idi.
Görən taxt-taca yiyələnmiş bu adamlar niyə tabeliklərində olan xalqları, ölkələri
ilə yanaşı, özlərini də bu ölümcül təhlükənin ağuşuna atırdılar? Axı qətlə yetirilən
Avstriya ershersoqu və ya onu qətlə yetirən Qavrilo Printsip ilə onların bilavasitə heç
bir əlaqələri yox idi. Əgər Avstriya-Macarıstan bir serb cavan oğlan olan qatilə görə
bütöv Serbiyadan qisas almaq istəyirdisə, nəyə görə Almaniya öz müttəfiqini müharibə
başlamağa təhrik edir və əks tərəfdəki böyük dövlətlərə hədə gəlirdi. II Vilhelm öz
doğma anasının və məşhur kraliça nənəsinin vətəninə qarşı müharibəyə başlamaqla
hansı bir məqsədi güdürdü? Bu vaxt Böyük Britaniya dünyanın ən böyük dövləti idi.
İmperiyada 0,5 milyard nəfər və ya planetin ərazisindəki bütün əhalinin dörddə biri
yaşayırdı, Hindistana, Afrikanın yarısına malik idi. Axı Napoleon kimi istedadlı
sərkərdə və dövlət xadimi ada dövləti olan Böyük Britaniyanı diz çökdürə bilməmişdi
və axırda ingilis generalının başçılıq etdiyi birləşmiş Britaniya və Prussiya orduları
tərəfindən qəti və axırıncı məğlubiyyətə uğradılmışdı. Digər tərəfdən, Britaniya
imperiyası iqtisadi inkişafda yüksək zirvələri fəth edəndə, yenicə birləşmiş Almaniya
Avropanın böyük dövlətləri ailəsinə daxil olmuşdu. Bu süfrəyə gec gəlsə də, böyük
249
iştah nümayiş etdirən Almaniya qısa müddətdə yüksək sənaye inkişafına malik
olmuşdu. Lakin hərbi cəhətdən digər böyük dövlətləri məğlub etmək barədə elə də
böyük şansa malik deyildi. İllüziya isə müharibə kimi olduqca ciddi bir işdə arqument
rolunu oynaya bilməzdi.
II Vilhelm militarizmə ümdə fikir verirdi, güclü hərbi-dəniz donanmasına sahib
olmağa can atırdı. Axı XX əsrin başlanğıcının İngiltərəsi nə b.e.ə. III əsrin ortalarının
Karfageni deyildi, nə də Almaniya həmin dövrün Romasına çevrilib, dəniz
müharibəsində ən yeni silah olan sualtı qayıqlara bel bağlasa da, İngiltərəni
məğlubiyyət acısını dadmağa məcbur edə bilməzdi. İspanların məğlubedilməz
Armadası da Çarlz Hovarddan və Frensis Dreykdən, XIX əsrin başlanğıclarında isə
fransız və ispan birgə donanmaları da Trafalqar döyüşündə isə admiral Nelsondan
yaxşı dərs almışdılar. Tarixin belə ibrət dərsləri olan yerdə görən Almaniya kayzeri
özünü hansı xəyallarla qidalandırırdı.
II Vilhelm taxt-taca çıxdıqdan iki il sonra Almaniyanın birləşməsinin, yeni iri
Avropa dövlətinin beşiyi başında dayanmış, iki onillik əvvəl Fransanı ağır
məğlubiyyətə uğradan, bu qələbənin «qılıncını döyən» Bismarkı imperiyanın
reyxskanslerliyindən uzaqlaşdırmışdı. Bismark militarist siyasət aparsa da, öz
dövlətinin və onun rəqibinin imkanlarına yaxşı bələd olduğundan ağır səhvlərdən
qaçmağı bacarırdı.
II Vilhelm isə hərbi təlim keçsə də, hərb və ən başlıcası siyasət aləmində
Bismarkla heç cur müqayisə oluna bilməzdi, diplomatiyada isə ona bütünlüklə
uduzurdu. Lakin bədbəxtlikdən Bismarkdan yaxasını qurtarıb, sərbəstliyə malik olsa
da, bu mövqeyindən ustalıqla deyil, xəyallara qapılmaq yolu ilə istifadə etməyə
çalışırdı. Alman hərbi maşınının hər şeyə qadir olması barədəki dayaz düşüncə onu
müharibə cığırlarına düşməyə sövq etmişdi. II Vilhelm əgər Yeddiillik müharibədə
böyük Fridrixin Rusiya tərəfindən ağır vəziyyətə salındığını, rus qoşunlarının Berlin də
daxil olmaqla, Prussiyanın xeyli hissəsini tutmasını, yalnız taleyin çar III Pyotr
şəklindəki mükafatı ilə bu bəladan xilas olduğunu nəzərə alsaydı, yəqin ki, Avropanın
hərbi cəhətdən heç də zəif olmayan üç böyük dövlətinin yaratdığı ittifaqa – Antantaya
qarşı müharibəyə girişməzdi. Axı onların potensial müttəfiqi olan ABŞ da nəzərə
alınmalı idi.
II Vilhelmdən 25 il sonra Hitler də sərsəm ideya-fiksə tabe olaraq, bütün Avropa
ilə müharibəyə girmək kimi ağılsız bir riskə özünü atmışdı. Onların hər ikisinin
tarixdən dərs almaq imkanı olsa da, onlar buna məhəl qoymamışdılar.
Hər iki dünya müharibəsi olmasaydı, Almaniya, heç şübhəsiz, dünyanın iqtisadi
cəhətdən fövqəl dövlətinə çevrilə bilərdi. Almaniya birləşdikdən sonra iqtisadi
cəhətdən çox güclənmişdi. Çünki hələ 1913-cü ildə Almaniya sənaye istehsalına görə
Böyük Britaniyanı ötüb keçmişdi. Həm də güclü orduya malik idi. Lakin həm II
Vilhelm, həm də Hitler bu imkanı məhv etdi. Çox işgüzar bir xalqı müharibədəki
məğlubiyyətlə və səfalətlə üzləşməyə gətirib çıxardı. Əlavə «yaşayış məkanı»
qazanmaq arzusu isə öz ölkələrinin ərazisinin kiçildilməsi ilə nəticələndi.
İmperiyalar onsuz da öz sonluğuna çatacaqdı. Lakin I Dünya müharibəsi
tonqalını yandırmağa görə onun başlamasına günahkar olanlar məsuliyyət daşımalı
idilər. Lakin bu baş vermədi, II Vilhelm cəzadan yaxasını ölkəsindən qaçmaqla
250
qurtardı, I Frants-İosifi isə təbiətin qanunu sıradan çıxarmışdı. Böyük İtalyan filosofu
Çezare Bekkariyanın cəzanın cinayətə müvafiq olması barədəki təlimi də öz vacib tətbiq
imkanını tapmadı.
1914-cü ildə I Dünya müharibəsinin başlanmasına bəhanə kimi istifadə edilən
hadisə – Avstriya ershersoqu Frants-Ferdinandan Sarayevoda gənc fanatik tərəfindən
öldürülməsi idi. Bu qətldə panserb millətçiliyinin təbliğatı müəyyən rol oynamışdı.
Çünki çox sayda adamlar buna can atırdı. Səbəb isə daha dərin idi. Bundan əvvəlki
onilliklərdə Avropa işlərinə nəzarət edən böyük dövlətlər – Almaniya, Avstriya-
Macarıstan, İtaliya, Rusiya, Fransa və Böyük Britaniya arasındakı rəqabət və
düşmənçilik münasibətləri I Dünya müharibəsi kimi bir hadisənin qısa müddətdə
meydana gəlməsi üçün əslində olduqca zəruri olan bir rol oynadı.
Bir qədər əvvəlki onilliklərə qayıtsaq, bu düşmənçiliyin təzahürlərinin daha
aydın nəzərə çarpdığını müşahidə edə bilərik. Bismarkın başçılıq etdiyi Prussiya
hökuməti 1870-1871-ci illərdə Fransaya qarşı müharibənin qalibiyyət mühitində
Versalda birləşmiş Almaniyanın yaranması barədə saziş imzalandı. Almaniya sərhəd
ərazisi olan Elzas və Lotarilgiyanı Fransadan kəsib, özünə birləşdirdi. Fransızların qisas
alacağının və yeni müharibənin qorxusu altında Bismark təhlükəsizliyi təmin etmək
naminə 1873-cü ildə Avstriya-Macarıstana və Rusiyaya yaxınlaşaraq, Üç İmperator
Liqası və ya Drein Kaiservona yaratdı. 1878-ci ildə Berlin Konqressi Rusiyanın
maraqlarını Türkiyə naminə qurban verdikdə, bu ittifaq iflasa uğradı. Bismark sonra,
1879-cu ildə Avstriya-Almaniya müqaviləsi bağlandı. 1882-ci ildə bu ittifaqa İtaliya da
qoşuldu.
Bismarkın ittifaqlar sistemi özünün paradoksal cəhətlərinə baxmayaraq,
Almaniya üçün olduqca vacib idi. Çünki Fransa barədəki başlıca qayğı öz
mövcudluğunu davam etdirirdi. Lakin Avstriya-Macarıstan isə nəyə görəsə Fransadan
qorxmurdu və əsasən yalnız Balkanlarda maraqlı idi. Osmanlı imperiyasının tənəzzülü
Balkanlarda yeni dövlətlərin yaranmasına səbəb olmuşdu, onların da hamısı millətçilik
prinsiplərinə əsaslanırdı. 1867-ci ildə Avstriya-Macarıstan Dual (ikisi birgə)
monarxiyası yaradıldı, burada yaşayan almanlar (avstriyalılar) və macarlar ümumi
əhalinin 41 faizini təşkil edirdi, digər irqi azlıqlar üzərində onlar ağalıqlarını
bölüşürdülər. Bunlara çexlər, slovaklar, polyaklar, ukraynalılar, rumınlar, italyanlar,
slovaklar, xorvatlar və serblər daxil idi. Balkanlarda yeni dövlətlərin yaranması isə
Avstriya-Macarıstanı bu prosesi yaxından izləməyə məcbur etmişdi ki, onların
nümunəsi əsasında ölkəsindəki azlıqlar azadlığa can atmasınlar. Balkanlarda status-
kvonu saxlamaq Avstriya-Macarıstan üçün həm də kifayət qədər çətin bir iş idi.
Digər tərəfdən, Rusiya Balkan yarımadasının işlərinə fəal müdaxilə etmək
istəyirdi, Balkan slavyanlarının xeyrinə panslavyan təbliğatı aparırdı, özünü onların
hamisi hesab edirdi. Türkiyə boğazları – Dardanel və Bosfordan Aralıq dənizinə
özünün keçidi bağlandıqda, Rusiya «Avropadakı Türkiyənin» ləğv edilməsini qeyd
etməyə hazırlaşırdı. Çünki bu vaxt boğazlar Rusiyanın hərbi gəmiləri üçün açılacaqdı.
Rusiyanın Balkanlara münasibəti yalnız Avstriya-Macarıstanla yenidən barışdığına
görə çətinləşmişdi. İtaliya da artıq öz ənənəvi düşməni olan, onun torpaqlarının
müəyyən hissəsini bir müddət öz ağalığı altında saxlamış Avstriya ilə barışmışdı, həm
də Avstriya artıq Fransadan da öz təhlükəsizliyi məsələsində xeyli ümidə malik idi.
251
1878-ci il Berlin Konqressi Rusiyanın Türkiyə ilə müharibədə qazandıqlarının
üstündən qalın xətt çəkdi, yalnız Cənubi Bessarabiyanı Rusiyaya verdi. Həmin
Konqressdə də mühüm rol oynayan Böyük Britaniya Rusiyanı Aralıq dənizindən aralı
saxlamaq istəyirdi. Onun bu mövqeyindən Osmanlı imperiyası da faydalanırdı.
Avstriya-Macarıstan isə bəzi Türkiyə ərazilərini, o cümlədən Bosniya-Herseqovinanı
«işğal etmək» hüququnu əldə etmişdi, burada isə əsasən serblər yaşayırdı və onun
ərazisi Serbiya knyazlığı ilə digər cənubi slavyan dövləti olan Çernoqoriyanın arasında
idi. Bu “işğal” imperiyada serb azlığının çoxalmasına səbəb oldu.
Böyük Britaniyanın Rusiyaya qarşı Türkiyəni dəstəkləməsi isə uzun müddət
ərzində davam edən ingilis-rus antaqonizminin cəhətlərindən biri idi. Britaniya
Rusiyanı Aralıq dənizindən və Yaxın Şərqdən uzaqlaşdırmaq qayğısını çəkirdi, çünki
ruslar Orta Asiyadan Hindistana və ya Sibir vasitəsilə Çinə doğru irəliləyə bilərdilər.
Həmin ölkələrlə ticarət isə Britaniya kommersiyası üçün böyük əhəmiyyət daşıyırdı.
Həm də Böyük Britaniya Afrikanın bölünməsi üstündə Fransa ilə kəskin rəqabət
aparırdı. Böyük Britaniya artıq 1882-1883-cü illərdə Misir üzərində də nəzarəti əldə
etmişdi.
Fransanın Böyük Dövlətlər arasında izolyasiyası tamamlanmışdı. Bismark Fransa
ilə Böyük Britaniya arasında müstəmləkə cəbhəsində gedən ciddi münaqişəni görürdü.
Bu isə Böyük Britaniyanı Almaniya ilə alyansa çəkirdi.
Almaniya dənizlərdən o tərəfdəki müstəmləkələr əldə etmək məsələsi ilə yalnız
1880-ci illərdə maraqlanmağa başlamışdı. Yeni alman imperatoru II Vilhelm 1888-ci ildə
taxt-taca çıxdı. O, Bismarkın siyasətdə aparıcı rolunu qəbul etmirdi və 1890-cı ilin
martında Bismarkı kansler vəzifəsindən azad etdi, Almaniyanın xarici siyasətini «yeni
kursu» həyata keçirilməyə başlandı, Avropa işlərində Avstriya-Macarıstana yaxın
ittifaq münasibətləri gücləndi və Almaniya «Dünya dövləti» statusunu qazanmaqda
irəliyə doğru addım atdı. Rusiyaya qarşı münasibət isə sərtləşdi. Rusiya isə qəflətən
izolyasiyaya məruz qaldığından Fransa ilə danışıqlara girdi.
Alman-ingilis müqavilələri özünün bəhrəsiz olduğunu göstərdi. Bu «yeni kurs»
britaniyalıları artıq dərəcədə narazı salırdı. II Vilhelm həm də Türkiyə sultanı ilə
dostluq etməyə başladı, «300 milyon müsəlmanın bu xəlifəsinə» (türk sultanları bir neçə
əsr əvvəldən həm də islam xəlifəsi hesab olunurdular) Almaniyanın himayəsini təklif
etdi.
Rusiyanın dünya siyasətində mövqeyi zəifləməkdə davam edirdi. 1904-1905-ci
illərdə Yaponiyanın Rusiyaya qarşı qalibiyyətli müharibəsi bunu daha da
intensivləşdirdi.
Almaniya imperatoru Fransaya qarşı hərəkət etmək üçün gəmi ilə Tanjerə gəlib,
1905-ci ildəki buradakı çıxışında Mərakeşin müstəqillik əldə etməsinə Almaniyanın razı
olduğunu bildirdi. Bu vaxt fransızlar hələ də Mərakeş sultanı ilə danışıqlar aparırdı,
bundan yeddi il sonra isə Mərakeş Fransanın protektoratına çevrildi. Əsas ölkələr də
Mərakeş məsələsində Fransanı müdafiə edirdi, təkcə Avstriya-Macarıstan Almaniyanı
dəstəkləyirdi.
Osmanlı imperiyasında da siyasi təlatümlər davam edirdi. 1908-ci ilin iyulunda
Gənc Türklər demokratik inqilab həyata keçirdilər, onlar Böyük Dövlətlərin Osmanlı
252
imperiyasının işinə müdaxilə etmələri üçün onları bütün bəhanələrdən məhrum etmək
istəyirdilər. Gənc Türklər əsasən Türk millətçilərini təmsil edirdilər.
1913-1914-cü illərdə Rusiya isə Almaniyanın mübahisəsi hələ də davam edirdi.
Bu vaxt Balkanlarda baş verən hadisə onları münaqişəyə daha çox yaxınlaşdırdı. Bu,
yerli serb Qavrilo Prints tərəfindən Avstriya-Macarıstan taxt-tacının varisinin qətlə
yetirilməsi idi. Bu qətl hadisəsinə görə Avstriya-Macarıstan preventiv müharibəyə
başlayacağı təqdirdə, Almaniya imperatoru II Vilhelm ona dəstək verəcəyini vəd
etmişdi.
Bu, həm də Rusiya ilə müharibə olacaqdı. Bismark isə xəbərdar etmişdi ki,
«Ruslarla düzgün oynamaq və ya heç oynamamaq lazımdır».
Avstriya Serbiyaya qəbulu mümkün olmayan ultimatum verdi ki, sonra ona
müharibə elan etsin. Bu vaxt Rusiya öz növbəsində elan etdi ki, Avstriya-Macarıstanın
Serbiyanı məhv etməsinə heç də yol verilməyəcəkdir. Almanlar imperator Frants-İosifi
Serbiyaya qarşı müharibə aparmaq səlahiyyətinə malik olduğuna inandırdılar. Bunu
Rusiya cavabsız qoymadı və səfərbərlik elan etdi. Bununla əlaqədar olaraq Almaniya da
Rusiya və Fransanın tələblərinə məhəl qoymadı. 1 avqustda Almaniya səfərbərlik,
həmçinin Rusiyaya, iki gün sonra isə Fransaya müharibə elan etdi. Avstriya-Macarıstan
isə 5 avqustda Rusiyaya müharibə elan etdi. Fransa və Böyük Britaniya isə öz
növbəsində Avstriya-Macarıstana qarşı müharibə elan etdi.
Dostları ilə paylaş: |