9. Müharibənin itkiləri
I Dünya müharibəsi Avropa sivilizasiyanı viran qoydu. Sayı 8 və 9 milyon
arasındakı əsgər döyüş meydanlarında həlak olmuşdu, digər 22 milyon yaralanmışdı.
Müttəfiqlər və onlara qoşulan dövlətlər I Dünya müharibəsinə 42 milyondan
artıq adam cəlb etmişdi və 5 milyondan artıq adam itirmişdi. Mərkəzi Dövlətlər
Türkiyə və Bolqarıstanla birlikdə 23 milyona yaxın adam səfərbərliyə almış və 3,4
milyon adam itirmişdilər.
Müharibədən çıxanların bir çoxu sonralar döyüşdə aldıqları yaralardan ölürdü
və ya adamlar qollarını, ayaqlarını itirməkdən və ya digər formada olan zədələrdən
əziyyət çəkirdilər. Çox sayda gənc adamın ölümü və ya zədə alması nəticəsində Avropa
ölkələrinin çoxunda doğum dərəcəsi nəzərə çarpan qaydada aşağı düşmüşdü. I Dünya
müharibəsi öz veteranlarının «itirilmiş nəslini» yaratdı. Onlar zorakılığa adət etmişdilər
və vuruşanların müharibədən sonrakı dəstələrini yaratmaqla Mussoliniyə və Hitlerə
hakimiyyətə yiyələnməkdə köməklik göstərdilər.
Təkcə əsgərlərin ölümü ağır təsir bağışlamırdı. Saya-hesaba gəlməyən mülki
adamlar müharibədən, vətəndaş müharibəsindən və ya aclıqdan ölmüşdü. 1915-ci ildə
Türk hökuməti erməni azlığının üsyan etməsindən və onların ruslara kömək
göstərməsindən şübhələndiyindən, kişi cinsindən olan bəzi erməniləri öldürməyə,
qadın və uşaqları sürgün etməyə başladılar. Türkiyə vətəndaşları olan erməni azlığı
ruslarara kömək etməyə çalışır, əslində müharibə dövründə öz dövlətlərinə qarşı
xəyanət edirdilər. Axı savaşda xəyanət müharibə silahı hesab olunur. Ermənilər də
dövlətin tədbirlərinə cavab olaraq türkləri qətlə yetirməyə əl atırdılar. Ümumiyyətlə,
böyük faciə baş verdi. Çox sayda erməni qırğına məruz qaldı, sürgün olunanlar isə
səhralarda və bataqlıqlarda dəhşətli əzablara düçar oldular. Qətlə yetirilən türklər də az
deyildi.
I Dünya müharibəsi təkcə itkiləri, əzabları, dəhşətləri ilə xatırlanmaqla yanaşı,
onun bircə səhnəsi həm də bir-birilə vuruşan iki imperiyaya – Britaniya və Osmanlı
imperiyasına görkəmli siyasi xadimlər bəxş etmişdi. Söhbət 1915-ci ildə gedən Qallipoli
döyüşündən gedir, onun təşəbbüskarı gələcək Britaniya baş naziri, II Dünya
müharibəsindəki qələbənin arxitektoralarından biri Uinston Çörçill, ikincisi 1945-ci il
seçkilərində Leyborist partiyasının qələbəyə çatdırmaqla baş nazir kimi Çörçilli əvəz
edən Klement Ettli idi. Üçüncüsü isə yeni Türkiyə Respublikasının banisi, sonralar
Atatürk adlanan Mustafa Kamal idi. Onlar öz ölkələrinin tarixində mühüm rol
oynamaqla yanaşı, beynəlxalq aləmdə də böyük nüfuz sahibləri olmuşdular.
Uinston Çörçill Qallipoli döyüşündə ingilislərin türklər tərəfindən biabırçı
məğlubiyyətinin əsas təqsirkarı idi, çünki bu əməliyyatın keçirilməsinin müəllifliyi
Admirallığın birinci lordu kimi ona məxsus idi. o, özü döyüş səhnəsində olmasa da,
265
əməliyyata rəhbərlik etmişdi. Belə uğursuzluğa görə o, hərbi-dəniz qüvvələrinin
komandanlıqdan istefa vermiş, günahı başqalarının üstünə yıxmağa çalışmışdı. Hətta o,
türklərin batırdığı ingilis gəmilərinin köhnə olması bəhnəsini irəli sürərək, guya onların
batmalı olduğunu vurğulayaraq, bu biabırçılığa haqq qazandırmağa çalışmışdı. Lakin
onu nəzərə almırdı ki, batan gəmilərdə həlak olan dənizçilər və əsgərlər axı köhnə, qoca
deyildilər, bu gənc adamların həyatı niyə avantüra xarakterli əməliyyata görə qurban
verilmişdi?
Lakin bəlkə də Çörçillin bu uğursuzluğu və istefaya getməsi olmasaydı, onun
alman nasizminin təhlükəsini gec də olsa duyub, ona qarşı çıxması və II Dünya
müharibəsinin qızğın başlanğıcında yenə də Admirallığın rəhbərliyinə qayıtması, az
sonra, 1940-cı ilin 10 mayında döyüşən Böyük Britaniyanın baş naziri vəzifəsini
tutmasına səbəb olmazdı və daha böyük miqyasda qisasa onu ilhamlandırmazdı. O,
daha böyük qələbə ilə Qallipoli ləkəsini öz üzərindən silə bilərdi və bunu bacardı.
Qələbəsi isə onu daha yüksəklərə qaldırdı, ona dünya şöhrəti bəxş etdi.
Klement Ettli isə Qallipolidə vuruşmuş və yaralanmışdı. O, Leyborist
partiyasının lideri kimi 1945-ci ilin iyul seçkilərində qalib gələrək, Böyük Britaniyanın
baş naziri seçilmişdi. Müharibə qəhrəmanı öz yerini sülh dövrünə daha çox uyğun
gələn bir xadimə veriləsi oldu. Ettli Britaniyanın dinc inkişafına, müharibədən sonrakı
iqtisadiyyatının bərpa edilməsinə, müharibənin yaralarının sağaldılmasına böyük töhfə
verilmişdi, onunla bu sahədə hətta iki dəfə baş nazir olmuş Çörçill də müqayisə edilə
bilməz. Leybolrist hökumətinin uğurlu daxili və xarici siyasəti İngiltərənin inkişafına
xeyli təsir göstərdi. Onun hökumətə başçılıq etdiyi dövrdə Hindistan müstəqillik
qazandı və imperiyanın dağılması ciddi sarsıntıya yol verilmədən getdi. Çörçill isə
daim hind xalqının mübarizəsinə müqavimət göstərir, bu mübarizənin lideri Mahatma
Qandini istehza qaydasında «çılpaq dərviş» adlandırırdı. Ettli isə Hindistan
məsələsində müdrikcəsinə güzəştə getməyə üstünlük verdi. O, yəqin ki, başqalarından
fərqli olaraq Britaniya imperiyasının tənəzzülünü və süqutunu qabaqcadan görməyi
bacarırdı.
Qallipolidə gənc polkovnik-leytenant Mustafa Kamal qələbənin qazanılmasında
mühüm rol oynamışdı. O, son anda türk əsgərlərinə müraciət edərək yarımadadakı
Britaniya qüvvələrini suya tökməyi əmr etdikdə demişdi: «Mən sizə hücum əmri
vermirəm, mən sizi ölümə göndərirəm».
Mustafa Kamal paşa Osmanlı imperiyasının xarabalıqları üzərində Türkiyənin
varlığını geniş təcavüzə baxmayaraq, qoruyub saxlaya bildi və gənc demokratik,
dünyəvi dövlətin beşiyi başında dayandı. Onun hərbi istedadı, dövləti idarə etmək
bacarığı, verilmiş «Atatürk» adının ali ləyaqətinə bütünlüklə uyğun gəlirdi.
I Dünya müharibəsinin digər maraqlı epizodlarından biri ondan ibarətdir ki,
müharibə dövründə gələcək İtaliya duçesi Benito Mussolini İngiltərənin casusu kimi
xidmət göstərmişdi və casusluq fəaliyyətinə görə Britaniya hökumətindən xeyli pul
almışdı.
Dostları ilə paylaş: |