§ 6. TƏRCÜMƏNİN FRAZEOLOGİYASI
Orta əsrlər Azərbaycan yazılı abidələrinin frazeologiyasının öyrənilməsi dil tarixinin hərtərəfli araşdırılması işinə xidmət edir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Frazeologiyanın tarixi aspektdə öyrənilməsini yüksək dəyərləndirən prof. T.Hacıyev yazır: "Frazeologiya insan şüurunun hazırladığı ilk bədii məhsuldur... Təbii ki, dilin inkişaf səviyyəsi abstraksiya qabiliyyəti ilə ölçülürsə, deməli, frazeoloji zənginlik bu inkişafın mühüm göstəricilərindəndir" (27, 4).
Ayrı-ayrı yazılı abidələrimizdə işlənilmiş frazeoloji vahidlərin öyrənilməsi sahəsində müəyyən işlər görülsə də (9, 27-34; 18, 34-35; 92, 84-90 ; 31, 325-333 ), bütövlükdə götürdükdə, dilimizin tarixi frazeologiyası ədəbi dil tarixinin başqa sahələrinə nisbətən az öyrənilmişdir. Bunun üçün, ilk növbədə, orta əsrlər yazılı abidələrindəki frazeoloji vahidləri ayrı-ayrılıqda öyrənmək, onların ədəbi dildə işlənmə tarixini izləmək, ümumiləşdirmələr aparmaq və ən başlıcası, dilimizin tarixi frazeoloji lüğətini hazırlamaq gərəkdir. Bu baxımdan Həzininin "Hədisi-ərbəin" tərcüməsini zəngin və dəyərli qaynaqlardan biri hesab etmək olar. Belə ki, abidədə təmsil olunmuş frazeoloji vahidlərin sayı ayrı-ayrı yazılı abidələrlə müqayisədə qat-qat çoxdur. Məsələn, Yusif Məddahın "Vərqa və Gülşah" məsnəvisində cəmi 20 sabit söz birləşməsi qeydə alındığı halda (18, 34-35), bizim abidədə bu rəqəm 150-yə yaxındır. Halbuki, bu əsərdə də Həzininin tərcüməsində olduğu kimi, ümumxalq danışıq dilinin xüsusiyyətləri qabarıq şəkildə özünü göstərir (18, 52). Başqa sözlə desək, xalq dilindən gələn sabit söz birləşmələri üçün geniş imkanlar var. Xatırladaq ki, Yusif Məddahın məsnəvisi həcmcə "Hədisi-ərbəin" tərcüməsinin Bakı nüsxəsindən xeyli kiçikdir - əsər 1700 beytdən ibarətdir (18, 3).
Aydındır ki, nəsr əsərlərində frazeoloji vahidlərin işlənmə imkanı nəzmlə qələmə alınmış əsərlərə nisbətən daha çoxdur. Məsələn, "Kitabi-Dədə Qorqud"eposunun Drezden nüsxəsində frazeoloji vahidlərin sayı 300-dən çoxdur (9, 28). Lakin unutmaq olmaz ki, "Kitabi-Dədə Qorqud" yazılı dastan abidəsidir və təbii ki, folklor nüsxəsində frazeoloji vahidlərin çəkisi başqa əsərlərlə nisbətdə nəzərə çarpacaq dərəcədə çox olmalıdır. Bundan əlavə, Həzini tərcüməsinin həcmi "Kitabi-Dədə Qorqud" dastanları ilə müqayisədə nəzərə çarpacaq dərəcədə kiçikdir. Bunu da nəzərə aldıqda hər iki əsərdəki frazeoloji vahidlərin sayı arasındakı fərqi çox da böyük hesab etməməliyik. Müqayisə üçün bunu da qeyd edək ki, həcmcə "Hədisi-ərbəin" tərcüməsi ilə təxminən üst-üstə düşən "İxtiyarati-qəvaidi-külliyyə"də (90 vərəqdir) frazeoloji vahidlərin sayı 50-yə yaxındır (69, 88). Düzdür, burada həmin əsərin elmi mövzuda yazılması amili də nəzərə alınmalıdır. "Mə'lum olduğu kimi, elmi əsərlərdə sözlər nominativ anlamlarda işlədilir" (69, 87-88). Lakin unutmaq olmaz ki, əsər canlı danışıq dilində yazılmışdır (69, 88), bu isə öz-özlüyündə sadə xalq dilindən gələn ifadələrin elmi mətndə də özünə geniş yer tutması deməkdir.
Həzininin tərcüməsində qeydə aldığımız frazeoloji vahidlərin böyük bir qismi heç bir dəyişiksiz müasir ədəbi dilimizdə də işlənir, müəyyən bir hissəsi leksik dəyişikliyə uğramış, bəziləri isə ədəbi dilimizdə vətəndaşlıq hüququ qazana bilməmişdir. Sonuncular içərisində fars dilindən "kalka" yolu ilə düzəlmiş sabit söz birləşmələri üstünlük təşkil edir.
Tərcümənin sabit söz birləşmələri əsasən feli frazeoloji ifadələrdən ibarətdir. Qeyd edək ki, başqa yazılı abidələrdə də vəziyyət eynilə belədir (bax:11, 28-34; 88-90; 41, 34-35). Baş sözləri isimlərdən ibarət olan bu sabit söz birləşmələrinin otuzdan çoxunda fel komponentini "çəkmək" "dutmaq", "düşmək","gəlmək","çəkmək" "urmaq" felləri təşkil edir. İlk öncə həmin sabit söz birləşmələrini nəzərdən keçirək.
"Çəkmək" felinin iştirakı ilə düzəlmiş sabit söz birləşmələrindən bir neçəsi frazeoloji variantdır: "əmək çəkmək"- "zəhmət çəkmək", "qəm çəkmək" - "möhnət çəkmək" - "əzab çəkmək". Məsələn : "Cümə günündə varub qüsl eyləmək, Cəmiyi-xəlqə çəkməkdürür əmək"; "Munca zəhmətlər çəküb gəldim sana, Sərgüzəştim uşbudur, ya Mustəfa"; "Verdi min dirhəm dəxi xatunə həm, Muni xərc eylə dəxi, sən çəkmə qəm"; "Uş bəxillər mənzilində, ey oğul, Yanuban möhnət çəkər nar içrə ol"; "Uş cəhənnəmdə çəkər dürlü əzab, Təşnəlikdən xud anın halı xərab". Müasir ədəbi dilimizdə də eynilə işlənən bu frazeoloji vahidlərdən yalnız birinin ("əmək çəkmək") baş sözü türk mənşəlidir, qalanlarını isə ərəb mənşəli sözlər təşkil edir.
Həzini "çəkmək" felini sinonim və yaxın mənalı sözlərlə birgə də işlətmişdir. Məsələn: "əndişə birlə dərt çəkmək", "ənduhü bim çəkmək", "cövrü cəfa çəkmək": "Der, Əmirəl-mö'minin ol dört nədir, Çəkdigin əndişə, birlə dərt nədir"; "Bu zəif ümmətlərin əndər cəhim, Uş əzab içrə çəkər ənduhü bim"; "Taqətimiz qalmadı, ya Mustəfa, Od içində çəkməgə cövrü cəfa". Bu sabit söz birləşmələrindən "dərd çəkmək", "cövr çəkmək" və "cəfa çəkmək" müasir ədəbi dilimizdə işlənir, digərlərinə isə yalnız klassik ədəbiyyatda rast gəlirik. Həzininin bu sabit söz birləşmələrini iki isimlə birgə işlətməsi, aydındır ki, şeirlə bağlıdır və ədəbi dil üçün adi hal sayılmır.
Abidədə "çəkmək" feli "ün" (səs) ismi ilə də sabit söz birləşməsi tərkibində işlənmişdir: "Növhə edib, ün çəkib, zari qılıb, Ağlaşalım barı yanıb-yaxılıb". "Bağırmaq", "fəryad etmək" mənalarını daşıyan "ün çəkmək" sabit söz birləşməsi müasir dilimizdə işlənməsə də, "Əsrarnamə" tərcüməsində (bax :38,122), Xətainin dilində (38, 122), eləcə də Rövşəni və Gülşəni Bərdəinin əsərlərində qeydə alınmışdır (108, VI, 4074).
Tərcümənin dilində "çəkmək" feli fars mənşəli "ləşkər" (ordu, qoşun) ismi ilə də birləşmə təkibində işlənmışdir. "Rumə çün ləşkər çəkübən getdilər, Qeysəri – Rumi bilə cəng etdilər ". Bu birləşmə müasir ədəbi dilimizdə "qoşun çəkmək" şəklində işlənir – burada birinci söz onun türkmənşəli sinonimi ilə əvəzlənmişdir.
"Dutmaq" feli ilə düzəlmiş frazeoloji vahidlərin sayı abidədə ondan çoxdur ki, onlardan dördü frazeoloji variantlardır: "əmr dutmaq" - "buyruq dutmaq" (əmrə tabe olmaq, əmri yerinə yetirmək), "xatiri xoş dutmaq" - "könli şad dutmaq" (ürəyini buz kimi saxlamaq, xatircəm olmaq). Məsələn : "Əmri-taət mana olub ruzü şəb, Dutsam əmrin nola halım əcəb"; "Pəs, Xudanın buyruğunı dutdılar, Yer yüzində Kə'bə bünyad etdilər"; "Xatirini xoş dutgil, ya rəsul, Şol mübarək könlüni qılma məlul"; "Pəs, ana ol dəm yenə dedi rəsul, Şad dutgil könlini, qılma məlul".
Birinci frazeoloji variantlarda yalnız baş sinonim isimlər- ərəb mənşəli "əmr" və türk mənşəli "buyruq" - əvəzləndiyi halda, ikinci frazeoloji variantlarda ərəb mənşəli "xatir" və türk mənşəli "könül" sinonim isimlərindən başqa, hər ikisi fars mənşəli olan "xoş" və "şad" sifətləri də əvəzlənmişdir. Bu frazeoloji variantlardan heç biri müasir ədəbi dilimizdə işlənməsə də, "ürəyini gen (buz kimi) saxlamaq" frazeoloji variantı ilə sonuncular arasında müəyyən yaxınlıq müşahidə olunur: könül-ürək, tutmaq-saxlamaq. "Könlü xoş tutmaq" ifadəsi "Kəvamilüt-tə'bir"də də işlənmişdir (122, 2a).
Həzini tərcüməsindəki "dust dutmaq" (sevmək, özünə dost saymaq) farzeoloji vahidi də müasir ədəbi dilimizdə işlənmir: "Çox olur dünyada elm əhlinə yar, Kim anı görsə, özinə dost dutar". Bu frazeoloji ifadə Cəlil.Məmmədquluzadə və Məmməd.Səid.Ordubadinin dilində işlənsə də (8, II, 140), fikrimizcə, o, fars dilindəki دوست داشتن (sevmək) sabit söz birləşməsinin "kalka" yolu ilə tərcüməsidir. Maraqlıdır ki, bu ifadə bu gün də əsasən ruhanilərin dilində işlənir.
Tərcümədə işlənmiş "hörmətin tutmaq" , "məlal dutmaqu" və "şəkk tutmaq" frazeoloji vahidləri də bu qəbildəndir. Bu frazeoloji vahidlər də, fikrimizcə, fars dilində işlənən حرمت داشتن (hörmət etmək), ملال داشتن (qəmlənmək, kədərlənmək), və شک داستن (şəkk etmək) sabit söz birləşmələrindən "kalka" yolu ilə tərcümə olunmuşdur. Xatırladaq ki, داشتن felinin birbaşa mənası "malik olmaq"dır. "Hörmət tutmaq" frazeoloji vahidi Seyid Əzim Şirvaninin dilində də qeydə alınmışdır (8, IV, 402). Bu sabit söz birləşməsi müasir ədəbi dilimizdə "hörmətin gözləmək (saxlamaq)" şəklində işlənir, "şəkk dutmaq" isə ümumiyyətlə işlənmir.
Həzini tərcüməsində "qulaq dutmaq" və "yol dutmaq" frazeoloji vahidləri də işlənmişdir : Dedi kim nari- səqər olur əyan, Dut qulağın, ya Bilal məndin yana .
Bu ifadələrdən birincisi müasir ədəbi dilimizdə "qulaq asmaq" (bəzən də "qulaq vermək") şəklində işlənir. İkinci ifadənin isə müasir ədəbi dilimizdəki variantı "yola düşmək" sabit söz birləşməsidir.
Tərcümədə işlənmiş "yüz dutmaq", "xəbər dutmaq" frazeoloji vahidləri isə müasir ədəbi dilimizdə azacıq fonetik dəyişikliyə uğramışlar: "üz tutmaq", "xəbər tutmaq".Tərcümədə "məlal dutmaq" frazeoloji birləşməsi də "qəmlənmək", "kədərlənmək" mənasında işlənmişdir.
"Düşmək" felinin iştirakı ilə düzəlmiş sabit söz birləşmələrindən çoxu eynilə müasir ədəbi dilimizdə də işlənir: "ayağına düşmək", "ələ düşmək", "işi düşmək", "oda düşmək", "xəstə düşmək". Məsələn : "Ayağına düşdi, həm öpdi əlin, Dedi əfv et cürmimi, ey pakdin" ; "Verəsən anı ələ düşgəc dedi,Vardı ol ərəbi üstə istədi" ; "Kufədə dedi nəgahin bir gecə, Bir işim düşdi, eşitgil, ey xacə".
İkinci nümunədəki "ələ düşmək" frazeloji birləşməsi göründüyü kimi feli bağlama formasındadır : "ələ düşgəc". Bursa nüsxəsinin katibi bu numünədəki daha əski – gəc feli bağlama şəkilçisini – cək şəkilçisi ilə əvəzlənmişdir : "ələ düşcək"(41a).
Qeyd edək ki, "xəstə düşmək" frazeoloji vahidinə orta əsrlər yazılı abidələrində daha çox "sayru düşmək" şəklində rast gəlirik (35, 79; Şüh.121, 175b), XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında isə müasir ədəbi dilimizdə olduğu kimi, fars mənşəli "xəstə" sözü türk mənşəli "sayru" sözünü sıxışdırıb aradan çıxarmış və "sayru düşmək" frazeoloji vahidi "xəstə düşmək" kimi işlənmişdir (8, IV, 319).
Tərcümədəki "qəmə düşmək" ("Dedi, sən dəxi söyləgil, ya Fatimə, Düşmüşəm bu iş içün qatı qəmə") frazeoloji vahidi isə müasir ədəbi dilimizdə "qəmə batmaq" şəklində işlənir. Bu frazeoloji vahidin variantı - "möhnətə düşmək" ("Cənnət əhli vasil olmuş, cənnətə, Həm cəhənnəm əhli düşmüş möhnətə) isə müasir ədəbi dilimizdə işlənmir.
"Düşmək" feli ilə düzəlmiş daha bir frazeoloji vahid müasir ədəbi dilimiz üçün arxaik sayılır. Bu, fars mənşəli "rəvan" (gedən) sözü ilə düzəlmiş "rəvanı düşmək" frazeoloji vahiddir: "Düşdi bir yerdə rəvanı ol əziz, Süfrə açdılar ögündə tez-tez". Bu sabit söz birləşməsinin müasir ədəbi dilimizdəki qarşılığı "yolu düşmək" frazeoloji vahididir.
Yeri gəlmişkən qeyd edək ki, tərcümədə bu birləşmənin sinonim : olan "yolu irişmək" frazeologizmi də işlənmişdir : "Həccə gedərdim dedi mən bir zəman, Kufəyə irişdi yolum nagəhan". Göründüyü kimi, frazeoloji birləşmənin bu variantında "düşmək" sözünün əvəzinə "irişmək" işlənmişdir.
Tərcümədə "düşmək" feli ilə düzəlmiş "bazarı düşmək" frazeoloji birləşməsi də işlənmişdir : "Söylədi Allah səninlə neylədi, Necə düşdi anda bazarın dedi" (2b).
Müasir əbədi dilimiz üçün arxaik səciyyə daşıyan bu frazeoloji birləşmə burada "işi düzgəlmək"anlamında işlənmişdir.
Dostları ilə paylaş: |