"Gəlmək" felinin iştirakı ilə düzəlmiş frazeoloji vahidlər isə aşağıdakılardır: "ağır gəlmək", "başına gəlmək"," dilə gəlmək", "düz gəlmək", "əlindən gəlmək", "imana gəlmək", "sözə gəlmək", "xoş gəlməmək".Məsələn : "Ta gələ ağır oların taəti, İrə Allahın olara rəhməti"; "Ey adilən bağlanan babi-səqər, Başımıza gör bizim gəldi nələr"; "Dilə gəldi, söylədi ol dəm məgər, Der, aman vergil, aya, xeyrül-bəşər"; "Hər kişinin kim, həyası olmaya, Əhli-imanəm desə, düz gəlməyə"; "Çünki hazır olam anda ol zəman, Mən əlimdən gəldügin edəm həman"; "İmanə gəldilər onlar ol zəman, Şadü xürrəm oldılar anda rəvan"; "Yanımızda çünki durdı bir zəman, Sözə gəldi, bə'd-əz-in açdı zəban"; "Mən sordum, leyk saleh qulları, Könlümə xoş gəlmiş idi yolları". Bu şeir nümunələrindən üçüncü və yeddinci beytdə daha iki frazeoloji vahid - "aman vermək" və "zəban açmaq" da işlənmişdir. Sonuncu ifadə "dilə gəlmək" və "sözə gəlmək" frazeoloji vahidləri ilə sinonimdir. "Gəlmək" felinin iştirakı ilə düzəlmiş yuxarıdakı sabit söz birləşmələrinin hamısı eynilə müasir ədəbi dilimizdə işlənir.
Yuxarıdakı nümunələrdən beşincisində işlənmiş "əlimdən gəldügin" frazeologizminin ikinci tərəfi, göründüyü kimi, feli sifət formasındadır. Bu formanı prof. H. Bayramov "frazeoloji feli sifət" adlandırır (11, 105).
Başqa bir beytdə isə "əlindən gəlmək" frazeoloji vahidi "əldən gəldigüncə" şəklində işlənmişdir: "Mən dəx əldən gəldügincə bu zəman, Razı qılım kim olasan şadman". Yeri gəlmişkən qeyd edək ki, abidədə daha bir frazeoloji feli sifət işlənmişdir: "Qəbrinə vüs'ət verə anın Xuda, Göz yetən yerədəkin olur ziya".Müasir ədəbi dilimizdə bu ifadə "göz işlədikcə" şəklində işlənir. Bu forma isə frazeoloji feli bağlama tərkibi adlanır (11, 103). Beytdə Həzini "vüsət vermək" frazeoloji vahidini də işlətmişdir. Fikrimizcə, bu ifadə fars dilindəki وسعت دادن (genişləndirmək) sabit söz birləşməsindən hərfi yolla tərcümə olunmuşdur.
Tərcümədə işlənmiş frazeoloji vahidlərdən bir neçəsi də "urmaq" felinin iştirakı ilə düzəlmişdir : "karuban urmaq", "qulaq urmaq","laf urmaq","nərə urmaq", "üz urmaq","yol urmaq" . Məsələn :"Karuban urub işi xun eyləmək, Kim müsəlmanları məğbun eyləmək" ; "Çün qulağ urdum,mən anı dinlədim, Həm dedügini mən anın anlədim " ; "Kim sənin əmrinə mən idim xilaf, Urmaz idim məsiyyətdə dürlü laf", "Oxıdım bu ayəti çün ol zəman, Bir ucadan nərə urdu nagəhan " ; "Ağzını anın suvadılar rəvan, Altina od urdular əndər zəman " ; "Der ki, üç yüz altmışın tərkin urın, Bu bilinməz nəsnəyə qarşu durın", "Yığmış idi üstinə ləşkər yoğüş, Özinə yol urmağı qılmışdı iş".
Bu frazeoloji vahidlərdən "nərə urmaq " və "od urmaq" müasir ədəbi dilimizdə "nərə vurmaq " və "od urmaq" şəklində də işlənir. Tərcümədə "od urmaq" frazeoloji birləşməsi "oda urmaq" şəklində də işlənmişdir : "Mən öləndən sonra oda urasız, Kül olunca cismimi yandurasız ".
Abidədəki sabit söz birləşmələrindən üçü "dağlamaq" felinin iştirakı ilə düzəlmişdir: "bağrını dağlamaq", "yürəgin dağlamaq", "cigər dağlamaq" : Məsələn : "Böylə dedi, qatı-qatı ağladı, Ahlar qıldı ki, bağrın dağladı". "Növhə qıldı, ah edübən ağladı, Cümlə əshabın yürəgin dağladı"; "Söyləgil ki, mən necə ağlamayım, Həsrət odilə cigər dağlamayım". Göründüyü kimi, hər üç frazeoloji vahid sinonimdir. İkinci frazeoloji vahiddəki "yürəgin" sözündə baş vermiş fonetik dəyişikliyi nəzərə almasaq, bu sabit söz birləşmələrinin üçü də heç bir dəyişiksiz müasir ədəbi dilimizdə işlənir. Bugünkü dilimizdə həmçinin "sinəsini dağlamaq" sabit söz birləşməsi də vardır.
Tərcümədə işlənmiş "qəlbi yaxmaq" frazeoloji vahidi də yuxarıdakı ifadələrin sinonimidir: "Qəlbimi yaxdı oların firqəti, Cümləsinin qaldı canda həsrəti". "Yaxmaq" feli, mə'lum olduğu kimi, müasir ədəbi dilimizdə yalnız "yandırıb-yaxmaq" şəklində işləndiyindən bu frazeoloji vahid də aydındır ki, bugünkü ədəbi dilimiz üçün arxaik sayılır. Bu beytdə Həzini "həsrət qalmaq" frazeoloji vahidini də işlətmişdir.
Tərcümədə "cıxmaq" felinin iştirakı ilə düzəlmiş sabit söz birləşmələrindən üçünə rast gəlirik : "ava çıxmaq", "qəzaya çıxmaq", "çavı çıxmaq". Məsələn : "Ləşkərini cəm edüb bir gün təmam, Ava çıxmışdı məgər kim ol hümam" ; Qəsdinə anın müsəlmanlar nagah, Kim qəzayə çıxdılar olub agah. "Həm sənin çavın dəxi çıxdı qəvi, Dedilər kim, çıxdı şahi – mənəvi".
Hər iki tərəfi türkmənşəli sözlərdən təşkil olunmuş birinci frazeoloji birləşmə müasir ədəbi dilimizdə "ova çıxmaq" şəklində işlənir. İkinci birləşmənin isə birinci tərəfi ərəb mənşəli "qəza" (müqəddəs savaş) sözüdür və bu frazeologizm müasir ədəbi dilimizdə işlənir. Üçüncü birləşmənin birinci tərəfi "çav" arxaik sözdür (bax səh. )və bu frazeologizm müasir ədəbi dilimizdə baş sözün sinonimi olan "səs" isminin iştirakı ilə düzəlmiş "səsi çıxmaq" şəklində işlənmir.
Tərcümədə "çıxarmaq" felinin iştirakı ilə düzəlmiş "qayğudan çıxarmaq" frazeoloji birləşməsi də işlənmişdir : "Şad olub cümlə dedilər yeri – var, Anı öldür bizi qayğudən çıxar".
Bu frazeoloji birləşmə müasir ədəbi dilimizdə "qəmdən qurtarmaq" şəklində işlənir.
Qeyd edək ki, tərcümədə işlənmiş frazeoloji vahidlərin tərkiblərindəki fellərin, demək olar ki, hamısı türkmənşəli sadə fellərdir. Yalnız "muradı hasil olmaq" frazeoloji vahidi bu baxımdan istisna təşkil edir: "Çün Vəlid eşitdi munı, oldı şad, Pəs dedi kim, hasil olmış uş murad". Bu frazeoloji vahidin istər baş sözü, istərsə də onun tərkibindəki mürəkkəb felin birinci tərəfi ərəb mənşəlidir. Müasir ədəbi dilimizdə işlənən bu fel "Koroğlu" dastanında da qeydə alınmışdır (7, III, 345). Orta əsrlərə aid başqa yazılı abidələrimizdə qeydə alınmış frazeoloji vahidlər də, əsasən, türkmənşəli sadə fellərin iştirakı ilə düzəldilmişdir (bax:11, 27-34; 39, 34; 69, 88-89). Maraqlıdır ki, "İxtiyarati-qəvaidi-külliyyə" əsərində də bütövlüklə alınma sözlərdən ("olmaq" köməkçi feli istisna olmaqla) düzəlmiş yalnız bircə frazeoloji vahid qeydə alınmışdır: "can təndən cüda olmaq" (69, 90).
Tərcümədə qeydə aldığımız frazeoloji vahidlərdəki baş sözlərə gəldikdə isə, elə yuxarıdakı nümunələrdən də göründüyü kimi, onların müəyyən bir hissəsini ərəb mənşəli və fars mənşəli sözlər təşkil edir. Bu qəbildən olan sözlər, əsasən, dini və mücərrəd anlayışları bildirir. Həmin sözlərin çoxu ayrılıqda müasir ədəbi dilimizdə işlənsə də, onların iştirakı ilə düzəlmiş frazeoloji vahidlərin müəyyən bir hissəsi az və ya çox dərəcədə dəyişikliyə uğramış, bəziləri isə dilimizdə vətəndaşlıq hüququ qazana bilməmişlər. Həmin frazeoloji vahidlərdən bir neçəsinə nəzər salaq.
Qəzəb yudmaq: "Kim qəzəb yudmaq yəqin bil, ya Əli, Tanrı xişmini söndürür bil, ya Əli". Bu frazeoloji vahid müasir ədəbi dilimizdə "qəzəbini boğmaq" və "qəzəb" sözünün sinonimi olan ərəb mənşəli "hirs" isminin iştirakı ilə düzəlmiş "hirsini basmaq (boğmaq, yemək)" şəklində işlənir. "Şühədanamə"də "qəzəb yudmaq" frazeoloji vahidinin başqa bir variantı - "qəzəb" sözünün fars mənşəli sinonimi "xişm" ismi ilə düzəlmiş "xişm yutmaq" ifadəsi işlənmişdir (121, Şüh.158a). Bu frazeoloji vahidin "Şühədanamə"nin orijinalında - Hüseyn Vaiz Kaşfinin fars dilində yazdığı "Rövzətüş-şühəda" əsərində işlənmiş خشم فرو خوردن fars sabit söz birləşməsindən hərfi yolla tərcümə olunduğunu güman etmək olar. Fikrimizcə, Həzininin işlətdiyi "qəzəb yudmaq" ifadəsinin də yaranmasında həmin fars sabit söz birləşməsinin müəyyən təsiri olmamış deyildir. Yuxarıdakı beytdə daha bir frazeoloji vahid - "xişmi söndürmək" işlənmişdir ki, bu ifadə də müasir ədəbi dilimiz üçün səciyyəvi deyildir. Bugünkü ədəbi dilimizdə eyni mənada "qəzəbini soyutmaq", "hirsini soyutmaq" sabit söz birləşmələri işlənir.
Mizan qurulmaq: "Ədl içün mizan quruldı nagəhan, Həqqü batil sorılur yaxşı-yaman". Ərəb mənşəli "mizan" (tərəzi) isminin iştirakı ilə düzəlmiş bu ifadə "məhşər günü günah və savabın haqq-hesabı çəkilməsi" anlamını daşıyır. Tərcümədə bu sabit söz birləşməsinin aşağıdakı daha iki frazeoloji variantına rast gəldik: "ədlü mizan qurulmaq", "sorğu-hesab qurulmaq". Məsələn : "Ol zəman kim, ədlü mizan qurıla, Damuya kim asi qullar sürilə"; "Ol zəman kim, qurıla sorğu-hesab, Sorıla yaxşı-yaman, xeyrü səvab". Bu frazeoloji variantların hər üçü bugünkü ədəbi dilimiz üçün arxaik sayılsa da, müasir bədii əsərlərin dilində dini anlayışlarla bağlı "mizan - tərəzi qurulmaq" şəklində işlənmişdir (7,III, 319).
Rusiyah olmaq: "Bilməyüb mən işləmişəm bir günah, Həzrətində həqqin olum rusiyah". Müasir ədəbi dilimizdə bu ifadənin əvəzində fars mənşəli mürəkkəb روسیاه sözünün türkcə qarşılığı olan "üzüqara" tərkibinin iştirakı ilə düzəlmiş "üzü qara olmaq" sabit söz birləşməsi işlənir. Bu beytdə də Həzini daha bir sabit söz birləşməsindən ("günah işlətmək") istifadə etmişdir ki,sonuncu heç bir dəyişiksiz müasir ədəbi dilimizdə də işlənir. Yeri gəlmişkən qeyd edək ki, Həzini "işlətmək" felinin iştirakı ilə düzəlmiş daha bir frazeoloji vahid işlətmişdir: "Ya İlahül-aləmin, lütf işləgil, Anların suçin mana bağışlagil". Bu ifadə müasir ədəbi dilimizdə "lütf etmək (qılmaq, göstərmək)" şəklində işlənir.
Fikrə varmaq: "Mustəfayə dedilər uşbu sözi, Fikrə vardı bir dəm anda kəndözi". Bu frazeoloji vahidin əvəzinə müasir ədəbi dilimizdə "fikrə getmək" sabit söz birləşməsi işlənir. Yuxarıdakı frazeoloji vahiddən fərqli olaraq, bu sabit söz birləşməsinin müasir ədəbi dilimizdəki qarşılığında baş söz yox, fel dəyişmiş, "varmaq" felini onun sinonimi olan "getmək" əvəz etmişdir. Eyni sözlər tərcümədəki "heyrətə varmaq" frazeoloji variantına da aiddir: "Hər birini qablamış daşın biri, Heyrətə vardı mələklər yer-yeri". Bu frazeoloji vahid müasir ədəbi dilimizdə "heyrətə gəlmək (dalmaq)" şəklində işlənir.
Tərcümədə "fikir" sözünün iştirakı ilə düzəlmiş "fikrə batmaq" və "fikrini götürmək" frazeoloji vahidləri də işlənmişdir: "Çün xacələr eşitdi bu sözi, Fikrə batdılar gecəsi-gündüzi"; "Sən əyalım fikrini məndən götür, Anların rizqini lütfindən yetür". Birinci frazeoloji vahid müasir ədəbi dilimizdə "fikrə qərq olmaq (dalmaq)" şəklində işlənir. İkinci frazeoloji vahidə isə daha çox "fikrini dağıtmaq" sabit söz birləşməsi uyğun gəlir.
Ərəb mənşəli "qəm", "layiq", "murad", "ömür" sözlərinin iştirakı ilə düzəlmiş aşağıdakı sabit söz birləşmələri isə heç bir dəyişiksiz müasir ədəbi dilimizdə də işlənir:
"Qəm yemək": "Pəs dedi kim, ya Məhəmməd, şad ol, Qəm yemə, qayğudan azad ol". Tərcümədə bu sabit söz birləşməsinin "qayğu yemək" variantı da işlənmişdir: "Pəs biliniz uşağı şad eyləmək, Həm anın rizqi içün qayğu yemək". Maraqlıdır ki, türk mənşəli "qayğu" isminin iştirakı ilə düzəlmiş sonuncu ifadə dilimizdə vətəndaşlıq hüququ qazana bilməmiş, birinci ifadə isə özünə yer tuta bilmişdir. Yeri gəlmişkən qeyd edək ki, tərcümədə "qayğu" sözü əsasında düzləmiş "qayğudan çıxarmaq" ifadəsi də işlənmişdir: "Şad olub cümlə dedilər yeri-var, Anı öldür, bizi qayğudan çıxar". "Qəmdən qurtarmaq" mənasını daşıyan bu frazeoloji vahid də müasir ədəbi dilimizdə işlənmir.
Dostları ilə paylaş: |