HƏZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


§ 1. Tərcümənin dil – üslub xüsusiyyətləri



Yüklə 3,06 Mb.
səhifə13/19
tarix21.04.2017
ölçüsü3,06 Mb.
#15169
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
§ 1. Tərcümənin dil – üslub xüsusiyyətləri

Həzininin “Hədisi - ərbəin” tərcüməsinin dil - üslub xüsusiyyətləri məsələsinə gəldikdə isə, öncə qeyd etmək lazımdır ki, dil tarixi mütəxəssislərinin fikrincə orta yüzilliklərə (əsasən, XIII - XVI əsrlərə) aid anadilli Azərbaycan bədii ədəbiyyat nümunələri bu baxımdan iki növə bölünür: folklor - danışıq üslubunda yazılan əsərlər, klassik - kitab üslubunda qələmə alınan əsərlər (21, 208; 26, 60 - 65). Folklor - danışıq üsiubunda yazılan əsərlər üçün canlı ümumxalq danışıq üslubuna yaxınlıq və dil sadəliyi, klassik - kitab üslubunda qələmə alınan əsərlər üçün isə yüksək bədii sənətkarlıq, dəbdəbəli və təmtəraqlı dil ən başlıca və səciyyəvi xüsusiyyət hesab olunur. Həzininin “Hədisi - ərbəin” tərcüməsini dil xüsusiyyətlərinə əsasən birinci növ əsərlərə aid etmək olar. Ümumiyyətlə götürdükdə Həzini tərcüməsi dil - üslub xüsusiyyətləri baxımından sələfi Əhmədinin “Əsrarnamə” tərcüməsi ilə səsləşir və ona daha yaxındır. Bu məsələdə hər iki əsərdə qarşıya qoyulan başlıca məqsəd də önəmli rol oynamışdır. Belə ki, hər iki klassik bədii tərcümə nümunəsi ilk növbədə xalq arasında dini, əxlaqi - tərbiyəvi və sufi – irfani fikirləri yaymaq məqsədilə qələmə alınmışdır. Bu məsələ ilə bağlı görkəmli türk alimi Fuad Köprülü yazır ki, XIV - XV yüzilliklərdə təsəvvuf mövzusunda qələmə alınan əsərlərin şoxu xalq arasında sufi baxışlarını təlqin etmək və yaymaq məqsədini daşımışdır (100, 127). Bu məsələ ilə bağlı Ə. Qaraxanın da fikri F. Köprülünün fikri ilə üstə düşür. Türkcə qırx hədis tərcümələrindən bəhs edərkən Ə. Qaraxan yazır ki, "ön plan­da rol oyna­yan heç de se­net en­di­şe­si ol­ma­mış­dır. Bi­leks, mü­hüm gö­zü­gen və hər za­man göz önün­den ay­rıl­ma­yan di­ni tel­kin və di­dak­tik hür­riy­yet­dir" Əhmədinin “Əsrarnamə” tərcüməsi də təsəvvüf mövzusundadır və məhz F. Körpülünün qeyd etdiyi məqsədlə qələmə alınmışdır. Eyni sözləri Həzininin “Hədisi - ərbəin” tərcüməsinə də aid etmək olar. Yuxarıda qeyd olunduğu kimi, Həzini “Hədisi - ərbəin”i “bir məclisdəki din ərlərinin” xahişi ilə qələmə almış və xalq arasında dini, əxlaqi - tərbiyəvi fikirləri yaymağı qarşısına başlıca məqsəd kimi, qoymuşdur. Bu məsələyə diqqət yetirən Ə. Qaraxan yazır ki, ərəbcə qırx hədis kitablarının türkcəyə orta əsr tərcümələrində “ön planda rol oynayan heç de sənət əndişəsi olmamışdşr. Bileks, mühüm gözügen ve her zaman göz önünden ayrılmayandini telkin ve didaktik hürriyyetdir” ( 96 , 84). Deməli, bu və bu kimi əsərlərdə başlıca diqqət xalq arasında dini fikirləri, islam əxlaqı və tərbiyə məsələlərini təlqin etməyə, yaymağa yönəlmişdir. Bu isə dolayısı ilə o deməkdir ki, Həzini “Hədisi - ərbəin” tərcüməsində ilk növbədə ümumxalq danışıq dilinə söykənməli, bu zəngin və tükənmək bilməyən qaynağa üz tutmalı, məhz ondan bəhrələnməli idi. Tərcümənin dil xüsusiyyətləri üzərindəki müşahidələr bu fikrin tamamilə doğruluğunu əyani şəkildə sübut edir.

Həzininin “Hədisi - ərbəin” tərcüməsində müəyyən məqamlarda mövzu ilə bağlı çoxlu ərəb və fars sözləri, izafət tərkibləri işlənsə də, bütövlükdə tərcümə olduqca sadə bir dillə, xalq danışıq dilinə yaxın bir üslubda qələmə alınmışdır. Tərcümənin əsasını təşkil edən hədislərə qoşulan mənzum hekayətlərin dil - üslub xüsusiyyətləri göstərir ki, Həzini tərcümə üzərində işlərkən başlıca olaraq ana dilinin zəngin söz xəzinəsinə, canlı ümumxalq danışıq dilinə üz tutmuş, bu qaynaqdan ustalıqla və yetərincə bəhrələnmişdir.Məsələn, aşağıdakı nümunədə şair- mütərcim şırf xalq danışıq dilində olan ifadədən bacarıqla istifadə etmişdir:

Pəs dedi kim, anın içün ağladım,

Bağrımı həsrət odilə dağladım.
Beytin ikinci misrası xalq danışıq dilində işlənən “bağrı həsrət odu ilə bağlamaq” sabit söz birləşməsinintam eynidir.

Tərcümənin dilində işlənən ayrı - ayrı atalar sözləri, xalq deyim və ifadələri Həzininin şifahi xalq ədəbiyyatına, ana dilinin zəngin zöz sənətinə onun rəngarəng və çeşidli çalarlarına, incəliklərinə yetərincə bələdliyindən xəbər verir. Fikrimizə sübut olaraq aşağıdakı nümunələrə nəzər salaq:


Olmazam qəmgin ana həm sərnigün,

El ilən olan qəra gündür dügün

Yaxşı felin ol yamanı məhv edər,

Pəs yaman, yaxşı gələn yerdən gedər...
Deyələr qılma bizə şox sərzəniş,

Gəldi bizim başimizə uşbu iş ...
Kufədə dedi nəgahin bir gecə,

Bir isim düşdi nəgahin, ey xacə ...

Bir kişiyə vardı anam, ey ulu,

Heç məni anmadı, qaldım qayğulu.
Birinci nümunənin ikinci misrası müasir ədəbi dilimizdə işlənən: “Elnən gələn qara gün toy - bayramdı” atalar sözünə (6,100) tam uyğun gəlir. Göründüyü kimi, burada yeganə fərq “olan” sözünün əvəzinə “gələn” sözünün və “gün” sözünün əvəzinə “toy - bayram”sözünün işlənməsidir.

İkinci nümunədə işlənən: “Yaman, yaxşı gələn yerdən gedər” ifadəsi də hikmətli məzmunu ilə seçilir və atalar sözü təsirini bağışlayır.

Üçüncü nümunədəki sonuncu misra da hazırda xalq dilində işlənən deyimə uyğun gəlir: “Gör başımıza nələr gəldi?!.”

Dördüncü nümunədə işlənən “bir işim düşdi” ifadəsi də xalq dilindən gələndir və indi də dilimizdə işlənir.

Sonuncu nümunə yalnız türkmənşəli sözlərdən ibarətdir və burada işlənmiş “bir kişiyə vardı anam” deyimi sırf xalq dilinə məxsus ifadədir: müasir dilimizdə “vardı” sözünün əvəzində “getdi” sözü işlənir.

Tərcümənin dilində sırf türkmənşəli sözlər üzərində qurulan misra və beytlər çoxdur. Qeyd edək ki, bu qəbilədən olan nümunələrdə muasir ədəbi dilimizdə ümumişlək xüsusiyyətini itirən arxaik sözlərə də rast gəlirik. Məsələn, aşağıdakı nümunədə olduğu kimi:


Üç gün, üç gün qarşularında durub,

Qıldı tapu, yüzini yerə urub.
Bu nümunədəki bütün sözlər türkmənşəli olsalar da, onlardan ikisi - “dün” (gecə) və “tapu” (səcdə, sitayiş) müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan leksemlərdir.

Tərcümə bütün əsər boyu dilinin sadəliyi və türk mənşəli sözlərin bolluğu ilə seçilir. Nümunə olaraq tərcümədəki altıncı hədisdən götürülmüş aşağıdakı kiçik parçaya nəzər salaq:


Maliki - Dinar vəqtində məgər,

İki qərdaş var idi, ey mö’təbər.

Oda daparlar idi anlar sübhü şam,

Biri səksən üç yaşamışdı təmam.

Otuz üç idi kiçisinin yaşıi,

Oda dapmağ idi munların işi.

Dedi bir gün kiçisi kim, ey əxi,

Biz bu odı sınayalim gəl axi,

Bizə bu hörmət qılurmi görəlim,

Biz bu işin mə’nisinə irəlim.
Bu nümunədəki yalnız bir neçə söz və ya ifadə ərəb və fars mənşəlidir (vəqt, mötəbər, sübhü şam, təmam, əxi, hörmət, məni), qalqnlar isə türk mənşəlidir. Göründüyü kimi, nümunə həm də xalq danışıq üslubunda qələmə alınması ilə diqqəti cəlb edir.

Tərcümənin dili üzərindəki müşahidələr göstərir ki, Həzini istər klassik Şərq ədəbiyyatına, istərsə də Azərbaycan - türk şifahi xalq yaradıcılığına yetərincə bələd olmuş, hər iki qaynaqdan yetərincə və ustalıqla bəhrələnmişdir. Tərcümənin dili sadəliyi və anlaşıqlığı ilə yanaşı, səlisliyi və axıcılığı , yüksək poetik xüsusiyyətləri ilə də diqqəti çəkir. Orta yüzilliklərdə folklor - danışıq üslubunda qələmə alınan əsərlərdə, xüsusilə də XV əsr şairi - mütərcimi Şirazinin “Gülşəni - raz” tərcüməsində (1426 - cı il) olduğu kimi (49, bax), Həzininin tərcüməsində də cinas qafiyələrdən bol - bol istifadə olunmuşdur. Maraqlıdır ki, Həzininin istədiyi cinas qafiyələrin çoxu doğma türk dilinin özünə məxsus sözlərdən ibarətdir. Həzininin bu qəbildən olan cinas qafiyələr işlətdiyi bir neçə nümunəyə nəzər salaq.


Biri dəxi atdı bir oxı yenə,

Yəni bu ayətdürür, oxı yenə ...
Ərş ayağına gələ ol dəm yenə,

Pəs rəvan anda Büraqdan yenə.
Der birinə dəx yüzinin nurin al,

Zərd ola ta çehrəsi, qalmaya al...
Bir dəxi ki, içməmişəm badə mən,

Vermədim anınla ömri badə mən.
Həzini birinci nümunənin ilk misrasında “ox” ismini təsirlik halda “oxı” şəklində, ikinci misrada isə “oxumaq” felini əmr şəklində - “oxı” kimi işlətməklə uğurlu cinas yaratmışdır. İkinci nümunədə qafiyə yerində işlənən “yenə” sözlərinin birincisi zərfdir, “bir daha” anlamındadır; ikinci misradakı “yenə” sözü isə “yemək” (enmək) felinin arzu şəklidir. Göründüyü kimi birincinümunədə isə Həzini “yenə” sözlərinin hər ikisini zərf kimi işlətmişdir. Üçünci nümunədəki qafiyə yerində işlənən “al” sözləri də cinasdır: ilk misrada o, fel kimi, ikinci misrada isə sifət kimi - qırmızı mənasında işlənmişdir. Dördüncü nümunədəki “badə mən” cinasının birincisi “badə” ismi, ikinci isə frazeoloji birləşmənin tərkib hissəsidir: “ömrü bada vermək”.

§2. Türkmənşəli sözlər

Nəzm­lə qə­lə­mə alın­mış əsər­lə­rin lek­si­ka­sı vəzn və qa­fi­yə­nin do­ğur­du­ğu məh­du­diy­yət­lər üzündən nəsr əsər­lə­ri­nə nis­bə­tən çox da zən­gin he­sab olun­mur (76, 240; 56, 41). La­kin bu mə­sə­lə­də, söz­süz ki, poe­tik əsər­lə­rin ha­mı­sı­na ey­ni göz­lə bax­maq doğru ol­mazdı. Be­lə ki, türk dil­lə­rin­də klas­sik üs­lub­da qə­lə­mə alın­mış li­rik şeirlər­lə da­nı­şıq di­li­nə ya­xın bir üs­lub­da ya­zıl­mış məs­nə­vi­lər ara­sın­da bu ba­xım­dan mövcud olan fərq nə­zə­rə çar­pa­caq də­rə­cə­də­dir. Bu da təbiidir, çünki li­rik şeirlər­də bə­dii­li­yə, sə­nət­kar­lıq mə­sə­lə­lə­ri­nə da­ha çox üs­tün­lük ve­ril­di­yi hal­da, türk­dil­li məs­nə­vi­lə­rin ço­xun­da baş­lı­ca diq­qət əx­laqi-tər­biyə­vi mə­sə­lə­lə­rə, di­dak­ti­ka­ya yö­nəl­miş­dir. Bu amil, elə­cə də li­rik şeirlər­də möv­zu əha­tə­si­nin ­dar­lı­ğı və ək­si­nə, məs­nə­vi­lər­də ge­niş­li­yi, ay­dın­dır ki, hə­min əsər­lə­rin di­li­nə də öz güc­lü təsirini gös­tər­mə­yə bil­məz­di. Bu məna­da, söz­süz ki, li­rik əsər­lər­lə mü­qa­yi­sə­də məs­nə­vi­lər­də xalq da­nı­şıq di­li­nə ya­xın­lıq və on­dan bəh­rə­lən­mə, qi­da­lan­ma meyil­lə­ri da­ha güc­lü­dür. Tə­sa­dü­fi de­yil ki, "Das­ta­ni-Əh­məd Hə­ra­mi", Yu­sif Məd­da­hın "Vər­qa və Gül­şah", Su­li Fə­qi­hin və Mus­ta­fa Zə­ri­rin "Yu­sif və Zü­ley­xa", Əh­mə­di­nin "Əs­rar­na­mə" məs­nə­vi­lə­ri­nin təd­qi­qat­çı­la­rı hə­min əsər­lə­rin bu səciyyəvi xü­su­siy­yə­ti­ni ay­rı­ca ola­raq qeyd edir­lər (16,3-13;29,5-37;33,15-31;38,19-36;41,14-43). Hə­zi­ni­nin "Hə­di­si-ər­bəin" tər­cü­mə­si­ni də bu ba­xım­dan hə­min məs­nə­vi­lər­lə bir sı­ra­ya qoş­maq olar. Qeyd et­mə­li­yik ki, Hə­zi­ni tər­cü­mə­si­nin nü­mu­nə­sin­də bu mə­sə­lə­də, söz­süz ki, əsə­rin ama­cı, qa­yə­si, ideyası, hansı məqsədlə qələmə alınması da mü­hüm rol oy­na­mış­dır. Be­lə olan hal­da, ay­dın­dır ki, hə­min əsər müm­kün qə­dər sa­də şə­kil­də - nə­zər­də tu­tul­du­ğu ge­niş xalq küt­lə­lə­ri­nin ba­şa dü­şü­lə­cə­yi bir dil­də ya­zıl­ma­lı idi. Bu isə öz-öz­lü­yü­ndə tərcümənin lek­si­ka­sı­nın zən­gin­li­yi, lü­ğət tər­ki­bi­nin rən­ga­rəng­li­yi de­mək­dir.

Yu­xa­rı­da ad­la­rı­nı çək­di­yi­miz məs­nə­vi­lər ki­mi, Hə­zi­ni tər­cü­mə­si­nin də lü­ğət tər­ki­bi­nin əsa­sı­nı türkmən­şə­li söz­lər təş­kil edir. Bu söz­lə­rin ço­xu müasir ədəbi di­li­miz­də, demək olar ki, heç bir də­yi­şikliyə uğramadan iş­lə­nir. La­kin on­la­rın içə­ri­sin­də elə­lə­ri də var­dır ki, za­man keç­dik­cə unu­dul­muş və ya­vaş-ya­vaş ədə­bi dil­də öz iş­lək­li­yi­ni itir­miş­dir. Bu söz­lər­dən bəzi­lə­ri isə za­man keç­dik­cə istər şə­kil­cə, istərsə də məna­ca müəy­yən də­yi­şik­lə­rə uğ­ra­dıq­la­rı üçün onların müasir ədəbi dilimizdəki şə­kil­lə­rin­dən müəyyən qədər fərq­lə­nir­lər. Bu qə­bil­dən olan söz­lər dil­çi­lik ədə­biy­ya­tın­da "ar­xaizm­lər" adı al­tın­da öy­rə­nil­sə də (38,25-36;39,15-18,), unut­maq ol­maz ki, "müa­sir dil üçün ar­xaik sa­yı­lan bir söz əv­vəl­ki dövr­lər üçün ak­tiv lü­ğət va­hi­di he­sab edi­lir" (38, 24). Bun­dan əla­və, di­lin in­ki­şa­fı­nın müəy­yən döv­rün­də unu­du­lan ay­rı-ay­rı söz­lər son­ra­lar ye­ni­dən di­lə qa­yı­da­raq və­tən­daş­lıq hü­qu­qu qa­za­nır. Ha­zır­da mət­buat­da, ra­dio və te­le­vi­zi­ya­da iş­lə­nən "al­tun", "ta­pın­maq", "suç­la­maq", "is­mar­la­maq" və s. ki­mi söz­lər bu­na mi­sal ola bi­lər.

Tər­cü­mə­də iş­lən­miş və ha­zır­da ədə­bi di­li­miz üçün ar­xaik sa­yı­lan türkmənşəli söz­lə­rin ço­xu­na orta yüzilliklərə aid digər Azərbaycan ya­zı­lı abi­də­lə­ri­n­də də rast gə­li­rik. La­kin bu qəbildən olan leksik vahidlər içə­ri­sin­də elə­lə­ri də var­dır ki, onlara ya­zı­lı abi­də­lə­ri­miz­də ya ümu­miy­yət­lə tə­sa­düf olun­mur, ya da na­dir hal­lar­da rast gə­li­nir. İlk ön­cə, bu söz­lə­ri nə­zər­dən ke­çi­rək:



Anca - qədər, bu qədər, bu cür, belə,beləcə:
Anca qıldı ol zəman fəryadü zar.

Cümlə ağladı mələklər biqərar ( )
Öncə qeyd edək ki, bu söz tərcümənin hər iki nüsxəsində yanlış olaraq اینحه (incə) şəklində yazılmışdır ( 21a; 38b). Görünür, katiblər bu qədim sözün mənasını bilmədikləri üçün onu bu şəkildə köçürmüşlər.

"Anca" türk dillərinin əski qatlarını əks etdirən leksik vahidlərindəndir: qədim türk mətnlərində (bax : 70,43), Qütbün "Xosrov və Şirin" tərcüməsində ( 75 , 242) qeydə alınmışdır. Bu söz Azərbaycan yazılı abidələrindən Nəsimi divanında (39, 49), Mustafa Zərinin "Yusif və Züleyxa" məsnəvisində (41,220), eləcə də Şirazinin "Gülşəni - raz" tərcüməsində (49,107) işlənmişdir. Qeyd edək ki, Mustafa Zəririn məsnəvisinin Bakı nəşrinin sonunda verilən əski türk sözləri lüğətinə "anca" sözü daxil edilməmişdir. V. Radlov bu leksemi "ança" şəklində qeydə almışdır (80, 241).

Ar­xu­ru - ə­yri, tərs, tər­si­nə:
Ke­çə qa­bur­ğa­la­rı ol dəm qa­mu,

Hey­bə­tin­dən bir-bi­rin­dən ar­xu­ru.
Öncə qeyd edək ki, bu söz tərcümənin yalnız Bakı nüsxəsində işlənmişdir (28b). Bursa nüsxəsinin katibi, görünür, sözün mənasını anlamamış, ona görə də onun əvəzində qafiyə yerinə "ey ulu" xitabını yazmışdır (51a).

"Ar­xu­ru" sö­zü "ar­qu­ru" şək­lin­də uy­ğur ya­zı­sı ilə kö­çü­rül­müş əs­ki türk mətn­lə­rin­də (70, 55), elə­cə də or­ta əsr­lər türk­dil­li ya­zı­lı abi­də­lə­rin­də (108, 1, 221-222) ey­ni məna­da iş­lən­miş­dir. "Ta­ra­ma söz­lü­yü"ndə "ar­qu­ru-ar­qu­ru" (bir-bi­ri­nin tər­si­nə, çar­paz), "ar­qu­ru çıx­maq" (yo­lu­nu kəs­mək, qar­şı­sı­na çıx­maq), "ar­qu­ru gəl­mək" (qar­şı qoy­maq, qar­şı­sı­na çıx­maq), "ar­qu­ru­su­na" (eni­nə), ifa­də­lə­ri də qey­də alın­mış­dır (108, 1, 222-223). Bu sö­zə Azər­bay­can ya­zı­lı abi­də­lə­rin­dən yal­nız "Ki­ta­bi-Də­də Qor­qud"da rast gəl­dik: "Qa­pı eşi­yi üzə­rin­də ər­qu­ru bu­rax­mış­lar­dı" (32, 78). Eposun 1988-ci il Ba­kı nəş­rin­də "bu­rax­mış­lar­dı" sö­zü "yer qo­muş­lar­dı" ki­mi oxun­muş (33, 74) və cüm­lə bü­töv­lük­də dastanın müasir variantında bu şə­kil­də ve­ril­miş­dir: "Eşik­də, qa­pı ağ­zın­da qu­ru yer­də qoy­muş­du­lar" (33, 172). Gö­rün­dü­yü ki­mi, "ar­qu­ru" sö­zü bu­ra­da "qu­ru" ki­mi qə­bul edil­miş­dir, hal­bu­ki ki­tab­da­kı ­nüs­xə fərq­lə­ri­nin müəl­li­fi prof.S.Əli­za­də da­ha ön­cəki və­rəq­də bu sö­zü, doğ­ru ola­raq, Mahmud Qaş­ğa­ri­də­ki "ar­ğu-iki dağ ara­sı, uçu­rum" an­la­yış­ı ilə bağlamış və "arqırı söyləmək" ifadəsini "haçalı, ikibaşlı da­nış­maq" ki­mi şərh et­miş­dir (33, 232). Biz­cə, "ar­qu­ru" sö­zü bu­ra­da da elə "əy­ri", "tərs" an­la­mın­da iş­lən­miş­dir: "ar­qu­ru söy­lə­mə" - tərs da­nış­ma. Yu­xa­rı­da­kı cüm­lə­də də "ar­qu­ru" sö­zü gös­tər­di­yi­miz məna­da­dır və "ar­qu­ru bu­rax­mış­lar­dı" ifa­də­si­ni "önü­nə, tər­si­nə uzat­mış­dı­lar" ki­mi an­la­maq düzgündür.

Dipdiniz - dinməz - söyləməz, səssiz - səmirsiz:
Dedi; Siz mən dedigim bilməzsiniz,

Söyləmin pəs, şimdi durun dipdiniz.
Tərcümədə yalnız bircə yerdə - bu beytdə işlənmiş "dipdiniz" nadir sözlərdəndir, buna görə də onun üzərində bir qədər ətraflı dayanmaq məqsədəuyğundur. "Dipdiniz" mürəkkəb sözdür və dip+din+iz tərkib hissələrindən ibarətdir. Sözün birinci hissəsi "dip" qədim türk abidələrində daha çox "tüp" şəklində işlənmiş və əsasən, bir şeyin dibi, kökü, özülü, bünövrəsi mənalarını bildirmişdir. Məsələn, qaya tüpi - "qayanın dibi", tam tüpi "damın (evin) dibi", jıyas tüpi - "ağacın dibi" (70, 598). Həmin abidələrdə "tüp" həm də "əsil – kök", "nəsil" anlamlarında da işlənmişdir (70, 598). Bundan əlavə orta əsrlər türkdilli yazılı abidələrində "dip" sözünün ayrı - ayrı isimlərlə birgə də onun daşıdığı əsas məna çalarını bildirməsi qeydə alınmışdır. Məsələn, "dip alay" (mərkəz alayı, iç - 108, II, 1165). Qədim türk lüğətində "tüp" və "tip" sözlərinin qüvvətləndirici ədat rolunda çıxış etməsinə dair misal da vardır: tip tüz – "düpdüz", - "çox düz" mənasında (70,598), tip tirig – "dipdiri" – "lap diri" mənasında (66, 561). XVI yüzil şairi Mahmud Çələbinin "Səlimnamə" əsərində də "dip" ədatı "diri" isminə qoşularaq "dipdirilicə" şəklində işlənmişdir: "Dipdirilicə tutub qeyd qılıb"... (101, II, 1165). Bəri başdan deyək ki, "dipdiniz", eləcə də müasir dilimizdəki "düpdüz" sözlərindəki "dip" tərkibi də eyni məna çalarını daşıyır. "Dip" ismi" dib", "kök" mənalarında orta yüzillərin yazılı abidələrində də işlənmişdir (108, II, 1325). "Kitabi - Dədə Qorqud" da isə bu söz iki cümlədə "düp", "tüp" şəklində "qoşunun mərkəzi" anlamında işlənmişdir: "İç oğuz bəgləri ilə Qazan düpə dəpdi ". "Qazan kəndi düpə təpdi". Qeyd edək ki, bu söz kitabın 1962 - ci Bakı nəşrində bir yerdə “tüp”, başqa bir yerdə isə "düp" şəklində (32, 40, 83), 1988 - ci il nəsrində isə hər iki halda "dop" (33, 50, 77) kimi verilmişdir. Abidənin M. Erginin hazırladığı Türkiyə nəşrində bu söz yalnız düp şəklindədir (87,I, 78). Dastanın mətninin müasir şəklində isə "dop" sözü "mərkəzdə düşmənlərin topası" kimi verilmişdir (35, 148). Fikrimizcə, bu sözün müasir dilimizdəki qarşılığı kimi "ordu mərkəzi" və ya "qoşun mərkəzi" istilahı daha məqsədəuyğundur. Mətndən də göründüyü kimi, abidənin bu hissəsində döyüş səhnəsi təsvir olunur və oğuzların düşmən qoşunun sağına, soluna hücumu, Qazanın isə "düpə", yəni mərkəzə "təpməsi" göstərilir. Deməli, "düp" sözünün "qoşunun mərkəzi" anlamını bildirməsi sözsüzdür. XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə"də bu söz "tip" şəklində məhz "ordu mərkəzi" mənasında işlənmişdir. "Züheyr Ömər Nəhsün tipi qarşusında durub, bir nərə urub dedi (121, 235a); Şahzadə özünü xəsmün ləşkərinə urub, sağ qolu və sol qolu zirü zibər eyləyüb, qola və tipə yüz qoydı" (121, 281b). Akad.H.Araslı "tüp" sözünün "ordu mərkəzi” mənasını göstərmiş və onun "Koroğlu" dastanında da işləndiyini qeyd etmişdir (34,172).

Tərkibin ikinci hissəsinin - "din" isminin "Qədim türk sözlüyü"ndə isə "dın" şəklində "səs" mənası qeydə alınmışdır (70, 568; 108, II, 1130). Qeyd edək ki, "Tarama sözlüyü"ndəki bu sözün həmin mənada işlənməsinə dair verilmiş yeganə nümunədə o, "sağır nun"suz yazılmışdır: دین (108, II, 1130). Sözlükdə eyni mənşəli “dın durmaq" (sükut etmək, səs çıxarmamq) felinin və "dınsüz" (səssiz, sakit) düzəltmə isminin isə "sağır nun"la yazıldığı göstərilir (108, II, 1130, 1134-1135). Sözlükdə verilmiş "dınsüzcək" (səssizcə), "dınsüzin" (səssizcə), "dinsüzlük" (sükut) sözləri də "sağır nun"ladır (108, II, 1135-1136).

"Din" sözü "Kitabi-Dədə Qorqud"da da aşağıdakı cümlədə işlənmişdir: "Quv quvaladı” din dinlədi" (33,33). M.Ergin "din" sözünün "yavaş sesle konuşulan, gizli konuşulan şey, qiybət" mənasını göstərir (87, II,91). Deməli, "din" ismi burada da “səs” anlayışının məna çalarını bildirir. "Din"in "səs" mənasını və mətndəki söhbətin nədən getdiyini nəzərə alsaq, “din dinlədi” ifadəsini belə başa düşmək olar: “Dedi-qodu dinlədi”. Dastanın mətninin müasir şəklində bu ifadə belə verilmişdir: "qapılara qulaq qoydu" (35, 131). Qeyd edək ki, "din" ismindən yaranmış "dinmək"/ "tınmaq" feli isə türk dillərində qədimdən bəri bir-birinin tam əksi olan iki mənada işlənmişdir: 1. susmaq. 2. danışmaq. Hələ XI əsrdə Mahmud Qaşğari "dinmək" felinin bu iki mənası barədə belə yazmışdır: "Oğuzlar bir adamın danışmamasını istədikləri zaman "tınma" deyirlər. Bu, "sus" deməkdir". O biri türklər "tın" deyirlər "sus" mənasında. Bunlar "tınma" dedikləri zaman "susma" mənası başa düşülür. Oğuzlar burada yanılmışlar" (97, II, 28). Göründüyü kimi, Qaşğari dövründə bu söz eyni şəkildə deyilmiş, lakin iki əks mənada işlənmışdır. Orta Asiya təfsirində də bu fel "tinmək" şəklində iki mənada - "cavab vermək", "demək" və "dinmək, sakitləşmək" anlamlarında anlamlarında işlənmişdir (68, 289). XIV əsr şairi Cəmali də aşağıdakı misralarında buna işarə etmişdir:
Vəli bu iki nəsnəyi ulular,

Qəvi əqlə müxalif dedi bular.

Biri “dınmaq” yerində xamuş olmak,

Biri “dinmək” yerində sözə gəlmək. (108, II, 1163).
Şair bu misralarla "dınmaq" sözünün "sakit olmaq" mənasını, sözünün isə onun əksi olan "danışmaq" anlamını nəzərə çarpdırır. Qeyd edək ki, "susmaq" mənasını bildirən "dınmaq" ("dinmək" feli sağır nun"suz, onun əksi olan "dinmək" feli isə "sağır nun"la yazılmış və bu yolla seçdirilmişdir. “Tarama sözlüyü”ndəki nümunələrdən göründüyü kimi, orta əsr katibləri bu yolla həmin eyniliyi aradan qaldırmağa çalışmılar (108, II, 1131-1132, 1163). Maraqlıdır ki, dilimizin qazax şivəsində “sakitləşmək” mənasında işlənən dinmək” felində indi də sonorluq qorunub saxlanmışdır (57, 26).

Tərkibin üçüncü hissəsi-“iz” isə, fikrimizcə, isimdən sifət düzəldən və əlamətin, keyfiyyətin yoxluğunu bildirən “-siz” şəkilçisinin dəyişikliyə uğramış, qısaldılmış formasıdır. Fikrimizə sübut olaraq qeyd edək ki, “dipdiniz” tərkibi XV yüzil abidəsi “Töhfətül-lətayif”də məhz bu şəkildə, yəni “dipdinsüz” kimi işlənmişdir: “Dəniz dipdinsüz oldu ol ünün heybətindən“Rəsul həzrəti bu sözü eşidcək dipdinsüz oldu” (108; II, 1165). Qeyd edək ki, hər iki cümlə “Tarama sözlüyü”ndə qeyd olunmuş və elə oradaca “dip dəniz” tərkibinin “böyük dəniz” mənasında işləndiyi də göstərilmişdir:


Oldu çalğanlıqla yaşım bir dəniz,

Yarı görsə Nəzmi olur dip dəniz. (108, II, 1165)
Bu beytin ikinci misrasındakı “dip dəniz” ifadəsinin “dipdiniz” olmasında bizdə heç bir şübhə yoxdur. Birincisi, elə beytin məzmunundan da göründüyü kimi, ikinci misradakı bu ifadə “dinməz”, “sakit” mənalarını bildirir, yəni buradakı “dip dəniz”, “dipdiniz” olmalıdır. Şair beytdəki misraları təzad üzərində qurmuşdur. Birinci misrada o deyir: “Göz yaşım (həsrətdən) axıb bir dəniz oldu”. İkinci misranın mənası isə belədir: “Yarı görsə, Nəzmi ağlamaz, səssiz səmirsiz olar”. İkincisi isə, XVI yüzilliyin tanınmış şairlərindən olan Ədirnəli Mahmud bəy Nəzmi eyni mənalı “dəniz” sözünü qafiyə kimi işlədə bilməzdi. Qeyd edək ki, “dipdiniz” mürəkkəb zərfinin XV əsr nəsr nümunəsi “Töhfətül-lətayif” də “dipdinsüz” şəklində işlənməsi göstərir ki, bu şəkil dəyişikliyi (dipdinsiz-dipdiniz) orta əsrlər şerinin vəzn, qafiyə və s. ilə bağlı tələblərinin üzündəndir.

Beləliklə, göründüyü kimi, “dipdiniz” mürəkkəb zərfdir, onun ilkin şəkli “dipdinsiz”dir və orta yüzillərdə çox nadir hallarda işlənmiş bu söz “dinməz-söyləməz”, “səssiz-səmirsiz” mənalarını daşımışdır.



Dipdiniz” sözü XV əsr Azərbaycan tərcümə abidəsi “Əsrarnamə” də də bir beytdə işlənmişdir:
Sərbəsər razı olayım ikimiz,

Mən deməyim sən dəxi ol dipdiniz (117, 12a)

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin