Pərdə
İKİNCİ PƏRDƏ
Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan
səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr...
Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları
nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə
şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə
qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur.
Ş a i r K i r m a n i yastığa yaslanaraq yazı ilə məşğul görünür. O l q a əlində böyük
bir gül dəməti gəlir. Arqa tərəfdən qədəh içərisinə bir gül bıraqıb geri çəkilir.
Ş a i r. (başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə.) Əcəba bu gül
nerdən? (Ətrafa baqar, Olqayı görüncə qələmi bıraqır.) Ah, nə böyük səadət!.. (Ahəngi-
məxsus ilə.) Badə, gül, bir də gül bənizli mələk!.. (Yerindən qalqıb sandaliyəyə oturur.)
O l q a. Sizi rahatsız etdim, deyilmi?
Ş a i r. Bil’əkis, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq
bulunmaqdır.
O l q a. (əlindəki dəməti təqdim ilə). Iştə şu gülləri yalnız şair için topladım.
Ş a i r. (alır). O halda şair son dərəcə bəxtiyardır. (Olqaya işarətlə.) Müsaidənizlə şu
qədəhi təbiətin ən canlı şe’ri şərəfinə içmək istərim. (İçər).
264
O l q a. Nuş olsun! Şu dəftərlər nə? Yoqsa yeni bir ilhammı var?
Ş a i r. Xayır, “Teymurnamə” yazıyorum.
O l q a. Pək gözəl. Böyük xaqanın tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz.
Ş a i r. Halbuki, eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir.
O l q a. (gedəcək olur). Müsaidənizlə...
Ş a i r. Gediyormusunuz?
O l q a. Əvət.
Ş a i r. Nədənsə bu gün sizi pək düşüncəli görüyorum. Səbəbini sora bilərmiyim?
O l q a. Səbəbi böyük bir haqsızlıq.
Ş a i r. Nasıl haqsızlıq!?
O l q a. Allah eşqinə, söyləyin, Orxan gerçəkdənmi Yıldırım mühibbi? Sizcə o,
Teymura xəyanət edərmi?
Ş a i r. Hiç ümid etməm.
O l q a. Iştə Orxanın xəyanəti hər ağızda söyləniyor. Ah, nə qadar böyük bir iftira, nə
qadar fəna yanlış... Aman, əfəndim, Teymur sizə qarşı böyük hörmət bəslər. Lütfən
Orxanı müdafiə ediniz.
Ş a i r. Hiç təlaş etməyin, əlimdən gəldiyi qadar çalışırım.
O l q a. Əskik olmayınız. (Xəfif baş əyintisilə çəkilir).
Ş a i r. İzzət və şərəflə... (Ətrafa). Bəxtiyar Orxan! Səadət pərisi üzərində qanat
çalıyor da əsla xəbəri yoq. (Qədəhi şərabla doldurur. Bu sırada Teymurla Divan bəyi
gəlir).
T e y m u r. Yenəmi şərab, möhtərəm şair? Yenəmi şərab?
Ş a i r. Böyük cihangirin qanlı müharibələri ancaq qanlı şərabla yazıla bilir.
T e y m u r. Kinayəmi, yenə kinayəmi? Əylənmək istədiyin cihangirin qəzəbi səni
qorqutmuyormu?
Ş a i r. (laübali və tatlı təbəssümlə). Hökmdarların hiddət və qəzəbi böyük bir
məmləkəti alt-üst edər, fəqət küçük bir şairi qorqutamaz. Əvət, bən yalnız gözəllərin itab
və sərzənişlərindən mütəəssir olurum. Bəncə işvəkar bir qaşın çatılması, parlaq bir qılıcın
çəkilməsindən daha mə’nalı, daha kəskindir.
T e y m u r. Sən çoq içiyorsun, halbuki məmləkət qanunu və türk adəti bunu şiddətlə
mə’n edər.
Ş a i r. Şairlər isə, adət və qanun çərçivəsini qırıb parçalamaqdan daha çoq zevq
alırlar.
265
T e y m u r. (məmnun qəhqəhəylə). İştə səni bana sevdirən də şu rindanə xislət, şu
qürur və əzəmətdir.
D i v a n b ə y i. Şair Kirmani böyük ruhşinasdır. O, pək gözəl biliyor ki, Teymur
hökumətləri yıqar, məmləkətləri yaqar; ən məğrur hökmdarları əzər, ən şücaətli
qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o
nisbətdə hörmət və məhəbbət bəslər. Iştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər
ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyinəfisə ərbabına kafi
gəlmiyor. Yalnız Şərq devlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət
nümayəndələri göndərməkdən geri durmuyorlar.
T e y m u r. Tüccar və sənətkarlara daha çoq sühulət və hörmət göstərməli. Çünki
cihan, ancaq ticarət və sənaət sayəsində rifah bulur.
D i v a n b ə y i. Əvət dün Ispaniya səfiri də bu nöqtəni qeyd ediyordu və böyük
xaqanın fəzilət və məharətlərini saydıqca dili ağzına sığmıyordu.
T e y m u r. Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda
məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən
parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət,
qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və
yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir.
Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım,
gələcək için bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız
beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət,
biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı
çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir.
D i v a n b ə y i. (yazılan dəftərə baqaraq). Əcəba şair imdi hanki vəq’əni qələmə
alıyor?
Ş a i r. İştə son səfərlər... Türküstan ordusunun Kişmir səhrasındakı müvəffəqiyyətləri
və sarsılmaz xaqanın Hindistanı fəth etməsi...
T e y m u r. Ümidvaram, bu gün-yarın Mısır və Şam zəfərlərimiz də yazdığın tarixin
ilavələri sırasına keçər. Məğrur Yıldırım inadında dəvam edərsə, o da tariximizə yeni bir
fəsil artırmış olur.
266
D i v a n b ə y i. Fəqət bən bil’əkis, Yıldırım məsələsinə əsla tərəfdar olmaq istəməm.
Çünki hər ikiniz Turan aləminin birər qütbüsünüz. Şu iki qütb bir-birilə çarpışırsa, ortada
fəlakətli bir uçurum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi
devlətlər türk dünyasına saldırmağa fürsət bulur. Bir də ordumuz bütün cihanı saracaq
deyil a... Alınan ölkələri haqqilə idarə etsək daha böyük müvəffəqiyyətdir.
T e y m u r. (məğrur qəhqəhəylə). Allah bir olduğu kibi, padşah da bir olmalı, şan və
şöhrət izləyən bir hökmdar qarşısında cihan... nədir?
E l m a s (müztərib adımlarla gəlir). Böyük xaqan! Sana şikayətim var.
T e y m u r. Kimdən?
E l m a s. Ədalətdən dəm vuran Teymurdan.
T e y m u r. Niçin, yavrum, Teymur bir xətamı işləmiş?
E l m a s. Əvət! Teymurun xətası kəndisi qadar böyükdür.
T e y m u r. Nə imiş əcəba?
E l m a s. Sən qəhrəman bir mücahidi məhv ediyorsun.
D i v a n b ə y i. (Elmasın qolundan tutaraq). Şaşırdınmı, qızım, nə söylüyorsun?
T e y m u r. Söylə, Elmas, hiç çəkinmə, o qəhrəman kimdir?
E l m a s. Bəni söylətməkmi istiyorsunuz? Əcəba Orxan nə yapmış ki, Səmərqənddən
sürgün ediliyor.
T e y m u r. O asılmalıydı, yalnız sənin ərin olduğu için sürgünə qərar verildi.
E l m a s (həyəcanlı). Niçin, ah, niçin?
T e y m u r. Çünki hökumətə xaindir. Yıldırıma qarşı məhəbbət bəsliyormuş...
E l m a s. Yalan, iftira!..
D i v a n b ə y i. Elmas!
T e y m u r. (Elmasa). Bən qürur və cəsarəti pək sevərim, hər halda hörmətə layiqsin.
E l m a s. Xayır, bən hiç bir nəvaziş istəməm. Yalnız ədalət istərim, ədalət!
Ş a i r. (acı təbəssümlə, ətrafa). Mə’sum bir maral yırtıcı qaplandan ədalət umuyor.
(Teymura). Əfəndim, Elmas bəyimə mərhəmət ediniz. Orxan xain olamaz.
267
T e y m u r. Siyasət başqa, mərhəmət daha başqa bir şeydir. Siyasətdə mərhəmət yoq!
Əvət, Orxan sürgün edilməli.
E l m a s. Ya bən! Ya qucağımdakı yavrucığaz nə olur? Ah, qəlbiniz daşdanmı
yapılmış?
D i v a n b ə y i. (qolundan tutaraq). Qızım, sus!
T e y m u r. (kəskin). Orxan asılmalıdır.
E l m a s (çılğınca). O halda bəni də asdır, bəni də... (Bihal olurcasına Divan bəyiyə
sarılır). Ah, babacığım!..
D i v a n b ə y i. Üzülmə, yavrum, Əmir əfv edər.
D i l ş a d (gəlir. Mənzərəyi görüncə, heyrətlə). Elmas! Bu nə hal? Ah, səni pək
müztərib görüyorum.
E l m a s (mə’yus). Xayır, hiç bir şey yoq...
T e y m u r. Dilşad! Elmas təsəlliyə möhtacdır.
E l m a s. Təsəllilərin ən gözəli ölümdür.
Q a r a q u ş sür’ətlə gəlir, əyilir.
T e y m u r. Nə xəbər?
Q a r a q u ş. Sərdar Aqbuğa orduya rəsm-keçid yapdırıyor. Bütün ə’yan, əşraf hazır.
Əcnəbi elçi və nümayəndələri də təşrifinizə müntəzirdir.
T e y m u r. (Divan bəyi ilə şair Kirmaniyə). Əvət, gedəlim, beş dəqiqə bulunsaq, kafi.
Ş a i r. Qaraquş! Bunları topla, kütübxanəmə götür. Qaraquş kitab və dəftərləri toplar,
onları izlər.
D i l ş a d . Elmas! Çocuqmu oldun, niçin kəndini üzüyorsun?
E l m a s. Ah, Orxan məhv oluyor, ona xain deniliyor...
D i l ş a d . Xayır, o xain deyil. Ona hiç bir şey olmaz. Burada yalnız bir anlaşılmaz
bir səbəb var.
E l m a s. Iştə bu anlaşılmaz səbəblər bəni bəhr ediyor.
D i l ş a d . İnan, burada bir sirr var. Bən Teymuru eyi tanıyorum, o böylə qaranlıq
bilməcələrdən pək xoşlanıyor. Sən Orxandan əmin ol və əsla düşünmə!..
E l m a s (ona sarılaraq). Ah, nəcib ruhlu Dilşad! Bən yalnız sana inanıyorum.
268
Bu sırada “Yaşasın Teymur! Yaşasın Teymur!” deyə Teymur uzaqlaşdığı tərəfdən gurultu
və alqış sədaları eşidilir. O l q a qarşıdakı evdən çıqar. Dilşada doğru gəlir.
E l m a s (onu görüncə sarsılır, sinirli bir tevr ilə) İştə!.. İştə bütün fəlakətlərə səbəb
şu aşüftə prenses, şu xain afətdir.
D i l ş a d . Elmas! Onu bıraq.
E l m a s. Rica edərim bəni qınama. Ah, keçən gün Qaraquşun söylədiklərini
unutdunmu? (Olqaya yaqlaşır, çılğınca). Bana baq, Olqa! Sən bizdən nə istiyorsun? Artıq
yetişir, dəf’ ol! Türküstan ovalarında, Səmərqənd bağçalarında yabancılara yer yoq...
Eşidiyormusun? (Daha kinli). Ah, bən bu sayğısız fitnəyi kəndi əlimlə boğmaq istiyorum.
(Boğazına sarılmaq istər).
D i l ş a d (mane olur). Elmas, düşün ki, bu hal Əmirin sönməmiş qəzəbini daha
ziyadə alevləndirir.
E l m a s. Alevləndirsin, kimsədən qorqum yoq...
O l q a. Rica edərim, Elmas, bəni təhqir etmə! Bən də sənin kibi əsil bir ailəyə
mənsubim. Həm də buraya kəndi ixtiyarımla gəlmədim, sevgili ərin gətirdi. Bu sözləri
bana söyləməkdənsə ona və Əmir Teymura söylə.
E l m a s. Ah, sən getdikcə şımarıyorsun. (Sinirli və qızğın). Xayır, bən kimsəyə söz
söyləməm. Sən Teymurun da, Orxanın da əqlini çalmışsın. Bən sana kəndim cəza veririm,
kəndim... Bana baq, ya ana yurduna getməlisin, ya məzaristana... Eşitdinmi? Ah, sərsəri
məxluq!
D i l ş a d . Elmas! Artıq yetişir, gedəlim. (Qolundan tutub götürür).
O l q a. (yalnız). Gedərim, əvət gedərim, fəqət yürəyində sağalmaz bir yara açıb da
öylə gedərim. (Sinirli adımlarla köşkə doğru yürür. Bu sırada Orxan qarşısına çıqar.)
Or x a n . Olqa!
O l q a. Ah!
Or x a n . Nə oldun, səni qorqutdummu?
O l q a. Xayır, qorqutmadın. Sən bəni öldürdün, bəni məhv etdin...
Or x a n . Olqa! Nə demək istiyorsun?
O l q a. Ah, Elmas bəni rüsvay etdi, o bəni rəzil etdi.
Or x a n . Fəqət niçin?
O l q a. Səni sevdiyim için...
D i l ş a d ağaclar arasında görünür, dinlər.
269
Or x a n . Olqa! Bən şimdi Səmərqəndi tərk ediyorum. İstərsən hazırlan bərabər
gedəlim.
O l q a. Xayır, istəməm.
Or x a n . Niçin?
O l q a. Çünki sən də məhv olursun, bən də...
Or x a n . Teymurdanmı ehtiyat ediyorsun.
O l q a. Ah, əvət.
Or x a n . Təlaş istəməz, sən bəni dinlə; Gürcüstandan gətirdiyim ağ əlbisəyi geyərsin,
kim görürsə erkək zənn edər. Daha durma. Şimdi gəlirim, bərabər çıqarız.
D i l ş a d (ətrafa). İştə ən gözəl fürsət! (çəkilir)
O l q a. (mütərəddid). Ah, Teymurun qəzəbi bəni pək qorqutuyor. Yenə kənardan
gurultu və alqış sədaları eşidilir.
Or x a n . Hiç məraq etmə, qiyafətini dəyişdir də, ötəsi qolay...
D ə m i r q a y a (gəlir). Əmir təşrif ediyor.
Orxan (Olqanın qulağına). Daha durma, çabuq ol.
O l q a. (müztərib). Ah, Orxan!
Or x a n . Haydı, çəkil... Bəkliyorum. (Olqa çəkilir. Dəmirqayaya).
D ə m i r q a y a! Yol hazırlığı nasıl?
D ə m i r q a y a (alnının tərini silərək). Hər şey yolunda... Bu saət çıqa biləriz.
Or x a n . Gündüz pək sıcaq. Bəncə mehtablı gecədə səfər etmək daha xoş. Çünki
hava bir qadar sərinləmiş olur.
D ə m i r q a y a. Nasıl istərsən öylə yaparız.
Orxan (yola baqar). Haydı, sən azcıq kənarda dur.
D ə m i r q a y a. “Dur” dersin dururum, nəmə lazım... (Çəkilir).
T e y m u r l a D i v a n b ə y i gəlir.
T e y m u r. Oğlum, sən buradamısın, işlər nə halda? Orxan (tə’zim ilə). Bir az sonra
çıqmaq istiyorum.
T e y m u r. Saqın xəbərlər gecikməsin. Para lazım olduqca bildir və Yıldırım
ölkəsinin hər tərəfində casuslar bulundur. Haydı, eyi yol, uğurlar olsun!
Or x a n . Hər xüsusda əmin olunuz. (Tə’zim ilə çəkilir).
D i v a n b ə y i. Sağlıqla, oğlum, Elmas için məraq etmə!
270
T e y m u r. (Divan bəyiyə). Yıldırıma bir məktub daha yaz, yarın Sobutay götürsün.
Fəqət onun məktubu nə qadar qaba isə, bizimki də bir o qadar nəzakətli olsun.
D i v a n b ə y i. Bən də öylə düşünüyorum. (Yola baqar). İştə Sobutay kəndisi də
gəliyor.
Ş a i r K i r m a n i, A q b u ğ a və S o b u t a y gəlir, əyilirlər.
T e y m u r. Qəhrəman Sobutay! Yarın bir məktub daha götürməlisin. Qoy Yıldırım
anlasın ki, biz hər şeydən əvvəl barışıq və məhəbbət tərəfdarıyız.
S o b u t a y. Xayır, o pək məğrur, pək inadçı adam.
T e y m u r. Bizim borcumuz itmami höcətdir. İnad edərsə, kəndisi zərər görür. Şimdi
get, hazırlan, yarın həm məktubu, həm də lazım gələn tə’limatı Divan bəyidən alırsın.
S o b u t a y. (tə’zim ilə). Itaət, xaqanım! (Gedər).
T e y m u r. (Aqbuğaya). Cəsur Aqbuğa! Ordudan pək məmnun oldum. Biz də bir qaç
gün sonra Mısıra doğru hərəkətə başlarız. Oğullarımızdan Pir Məhəmməd Mirza
Hindistanı, Şahrux Mirza Xarəzm və Türküstanı, Miranşah isə Azərbaycan və Gürcüstanı
idarə edər. Digər sərdarlar da hökumətimizə tabe olan başqa ölkələrə baqar.
Sandaliyəyə otururlar.
Q a r a q u ş (gəlir, əyilir). Azərbaycandan, oğlunuz Miranşahdan Divan bəyiyə
məktub.
T e y m u r. Pəki, kəndisinə ver.
Məktubu verir çıqar. Divan bəyi açar oqur.
A q b u ğ a (şairə). Bu məktubda bir sirr var.
Ş a i r. Şübhəsiz.
T e y m u r. (ətrafa). Xayır, bu məktub uğurlu bir şeyə bənzəmiyor. Kim bilir yenə nə
uyğunsuzluq var.
D i v a n b ə y i. Məktubun məalını ərz etməyə müsaidlə buyurulurmu?
T e y m u r. Söylə!
D i v a n b ə y i. Yenə isyan!.. Yenə azərbaycanlılar oğlunuz Miranşaha qarşı isyan
etmişlər.
T e y m u r. Səbəb!?
271
D i v a n b ə y i. Səbəb Miranşahın gevşəkliyi... idarəsizliyi.
T e y m u r. (qızğınca). Ah, Miranşah, Miranşah! Əvət, onda azcıq tədbir və siyasət
bulunsaydı, kimsə izindən çıqmazdı. Orasını idarə edəcək sağlam və düşüncəli bir baş
lazım. Heyhat ki, Miranşah kibi şaşqınlar o düşüncədən pək uzaqdırlar.
Ş a i r. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət ocağıdır. Lakin əfsus,
binlərcə əfsus ki, Miranşahlar oyuncağıdır.
D i v a n b ə y i. Bəncə Azərbaycan xalqı yabancılara kölgə olmaqdan pək zevq alır və
xarici tə’sirə daha çabuq qapılırlar.
T e y m u r. Pəki, burada xarici tə’sir nə ola bilir?
D i v a n b ə y i. Bir taqım qara qüvvələr...
T e y m u r. Məsəla, nə kibi?
D i v a n b ə y i. Qaraqoyunlu əmiri Qara Yusif kibi...
T e y m u r. Nədən bəlli?
D i v a n b ə y i. Məktubda örtülü işarətlər var. Ətrafdan gələn bə’zi casuslar orada
Teymur nüfuzunu qırmağa çalışıyor və xalqı Yıldırım dostu Qara Yusif tərəfinə çəkmək
istiyormuş. Hətta bu da kafi deyilmiş kibi Qara Yusif çeteləri Türküstan ilə Ərəbistan
arasındakı karvanların gediş-gəlişinə və ticarət işinə əngəllər çıxarırmış...
Teymur hiddətlə yerindən qalqır, yanındakılar da ona tabe olur.
T e y m u r. Ah, öyləmi, öyləmi!? Hiç zərər yoq, biz səfər üstündəyiz. Er-gec həpsinin
halı sorulur, hər kəs kəndi azğınlığına görə cəza bulur. Xayır, Qara Yusifdə bir tilki qadar
cəsarət yoq. Şübhəsiz ki, o həp Yıldırıma güvəndiyi için şu fitnələri qaldırıyor. (Divan
bəyiyə). İkinci məktubu gecikdirmə. Hər halda Yıldırım onu bizə təslim etməli. (Qızğın).
Ah, Yıldırım! Yıldırım! Bən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tilkiləri bənim
üzərimə şımartıyorsun. Yoq, bən hər sərsəriyə qarşı əyləncə olamam. Qara Yusif təslim
edilməlidir, təslim! Yoqsa ikinci məktubunda da saymazlıq və soğuqluq göstərirsə, o
halda Yıldırımın kəndisilə hesablaşmalıyım. (Bir-iki adım yürür, təkrar dönər: kəskin və
atəşli). Əvət, Topal Teymuru saymayanlar, kəndi əllərilə kəndilərinə məzar qazmış
olurlar. (Gedər, onunla bərabər səhnədəkilər də çəkilir. Havanın ışığı bir qadar azalır).
D i l ş a d (Elmasla bərabər gəlir. Onun omuzunu oqşayaraq). Elmas! Sən uslu və
düşüncəli bir qadınsın. Fəqət pək gənc, pək sinirlisin.
272
İnan ki, çoq sürməz yenə Orxanı Bingül dərəsində zevqi səfa məclislərində görürsün.
E l m a s. Ah, bu gediş nə içinmiş? Yalnız onu bilsəydim.
D i l ş a d . Xayır, sən onu hiç bilmə! Hökumət sirrini bilənlər,
yaxud bilib də açanlar Teymurun qəzəbindən əsla qurtulamazlar.
E l m a s. Orxan ləkələnməsin də, bən hər şeyə razıyım.
D i l ş a d . Hiç məraq etmə, sən Orxanı bəndən istə!
E l m a s (ona sarılaraq). Ah, nə qadar alicənab və böyük ruhlusunuz. Orxan (gəlir.
Dilşada qarşı əyilir). Manemi oldum?
D i l ş a d . Xayır.
Or x a n . Elmas! Ümid edərim ki, bənim şu səfərimdən sıqılmazsın... Orxan xain
deyil.
E l m a s. Xayır, artıq sıqılmam. Nəcib Dilşadın iki sözü bənim iztirablarımı susdurdu.
Orxan (Dilşada işarətlə, ehtiramkar). O, daima pərəstişə layiq bir fəzilət heykəlidir.
D i l ş a d . Elmas da, sən də bənim gözümdə qardaş qadar əzizsiniz.
H ə r i k i s i (əyilir). Təşəkkür edəriz.
D i l ş a d . Saqın, çoq gecikmə. (Mə’nalı təbəssümlə). Həm də səndən bir şey istəriz.
Or x a n . Nə arzu buyurulur?
D i l ş a d . Elmas yalnızdır. Gönlünü ona bıraqıb da öylə getməlisin.
Or x a n . Onun əksini düşünsəniz, Orxanı təhqir etmiş olursunuz.
D i l ş a d (ətrafa). Nə yaldızlı yalan. (Orxana). Baqalım, təcrübə həqiqətlərin
həqiqətidir.
Or x a n . Hər halda vücud ayrılığı gönül ayrılığı demək deyildir. Artıq bana
müsaidə...
D i l ş a d . Yalnız Elmas içinmi gəldin, minimini oğlunu görməyəcəkmisin?
Or x a n . Hiç onsuz olurmu? Buyurun gedəlim.
D i l ş a d . Gerçəkdən pək sevimli çocuq. Bənim də görəcəyim gəldi.
Gedərlər. Gün batar, ay ışığı ətrafı sarmağa başlar.
D ə m i r q a y a (gəlir; onların uzaqlaşdığım görüncə). Yahu, şu Orxan da hiç yol
adamı deyil, sanki Elması hiç görməmiş. (Dışarı çıqıb da təkrar içəri girən O l q a y ı
görür, heyrətlə). O kim? Nə gözəl də
273
geyinmiş. Sanki gürcü knyazıdır, kim bilir, bəlkə Gürcüstandan Teymura yeni misafir
gəlmiş. Nəmə lazım, kim olursa-olsun bən qarışmam.
O r x a n (çabuq geri dönər). Dəmirqaya!
D ə m i r q a y a. Buyur.
O r x a n . Burada erkək qiyafətində bir dəliqanlı görmədinmi?
D ə m i r q a y a. Əcayib şey! Dəliqanlı qadın qiyafətində olmaz a!.. Təbii erkək
qiyafətində olur.
O r x a n . Nə isə şaşırdım. Gürcü qiyafətli bir şəxs görmədinmi?
D ə m i r q a y a. Əvət, şimdi buradan çıqdı.
O r x a n . Atlar hazırmı?
D ə m i r q a y a. Əlbəttə, hazır.
O r x a n . Haydı sən get, bən də gəliyorum.
D ə m i r q a y a. Pəki (Bir-iki adım yürür, ətrafa). Görünür yenə Elması bəkliyor.
(Omuzlarını ataraq). Bəkləsin, nəmə lazım. (Gedər).
O l q a. (çıqar). Orxan! Getmiyəlimmi?
Or x a n . Əvət, gedəlim. (Mütərəddid bir düşüncədən sonra, onun əlini yaqalar). Bana
baq, Olqa! Sən qal... İstərsən qal...
O l q a. Peşimanmı oldun?
Orxan. Xayır.
O l q a. Pəki, bu tərəddüd niçin?
Or x a n . Çünki yol pək uzaq, həm də təhlikəsiz deyil...
O l q a. Xayır bən nə yoldan qorquyorum, nə də sənin düşündüyün təhlikələrdən.
Artıq qərar verdim, geçdi. Parça-parça doğrasalar da geri dönməm. Dilşad ağaclar
arasında görünür.
Or x a n . O halda gedəlim.
O l q a. Ah, əvət, gedəlim. Sür’ətli adımlarla uzaqlaşırlar.
D i l ş a d (məğrur və məmnun). Zavallı Olqa! Kəndi əlinlə kəndini fəlakət
uçurumlarına yuvarladın, iştə bənim aradığım da bu idi. (Şiddət və həyəcan ilə). Əvət get,
get də, dəf’ ol! Fəqət heyhat, çoq sürməz ki, tatlı arzuların gözündə qalır. Qoca Teymurun
dəmir pəncəsi köksünü didər, hiylə və xəyanətlə çarpan qəlbini Türküstan qartallarına
yedirir.
Pərdə
274
ÜÇÜNCÜ PƏRDƏ
Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla
donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar
1
gülü gözə çarpar.
Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər.
Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb
durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur
qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarını
yerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.
N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!
C ü c ə (qaçar, bir guşədə istehzalı qəhqəhələrlə hoplayaraq). Əfv edərsin, Nazim ağa!
Bən Cücə, sən qara qurbağa...
N a z i m (daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkərək, qızğın bir tevr ilə).
Allah, allah! Sən artıq hədyan ediyorsun.
C ü c ə. Rica edərim ağzını bozma! Qarşındakı Cücə deyil, bəlkə cihangir bir
xaqandır.
N a z i m. İstər xaqan ol, istər şeytan. Ancaq həddini aşma, anladınmı?
C ü c ə (sırıtaraq). Bağışla, Nazim ağa, azcıq sapıtdım.
N a z i m. Allah, allah! Bir boyuna baq da, utan, adəta mətbəx davşanlarına
bənziyorsun.
C ü c ə. Əfəndimiz həzrətləri də tam mə’nasilə kəlisa mərdivəni... Qamətinə qurban
olayım, bir az da uzansan Allahdan xəbər gətirəcəksin.
N a z i m. Allah, allah! Sən nə zəvzək hərifsin, hiç Məhəmməd ümməti də kəlisa
mərdivəninə bənzətilirmi?
C ü c ə. Bağışla, bilmədim. Sən müsəlman bir ərəbsin, minarəyə daha çoq bənzərsin;
çünki başının boşluğu, boyunun yucalığı, qəlbinin əyriliyi minarədən seçilməz.
N a z i m. Allah, allah! Sən kafir oldun, dinə sataşdın.
C ü c ə (eyni ahənglə). Vallah-billah, ey ərəb qardaş, sən də pək şaşdın.
N a z i m. Vay, sərsəm hərif, vay, dur bir səni yaqalayım. (Yaqalamaq istər).
C ü c ə (qaçıb bir tərəfdə durur, qəhqəhəylə). O sənin işin deyil, çünki səni yaratırkən
Tanrı əqlini boyunun üstünə qoymuş. Əvət, sən əqli topuğunda bir qazsın, qaz...
1
Həmişəbahar
275
N a z i m. Sən nəsin, sən? Çoq bildiyindən yastılaşıb qalmış bir tilkiyə bənziyorsun.
C ü c ə (sırıtaraq). Bağışla, daha səninlə alay etməm. Ver əlini, barışalım. (Yaqlaşıb
əlini uzatır).
N a z i m. İstəməm, rədd ol! (Ətrafa baqır, təlaş ilə). Ah, iştə Sultan əfəndimizlə
hərəmi Meliça!..
C ü c ə (baqar, istehzalı gülüşlə). Əvət, Serb kralının həmşirəsilə itaətli qulu Yıldırım
Bayazid!
N a z i m (şaşqın və qızğın). Allah, allah! Hiç Sultan əfəndimizə qul denirmi? Halbuki
o, yer yüzündə zilli-allah sayılır.
C ü c ə. Əvət, sənin kibi uzunqulaqların bərəkətindən...
İstehzalı qəhqəhələrlə çəkilir. Nazim arqasınca heyrətlə baqıb durur. Şu halda Y ı l d ı
r ı m l a M e l i ç a gəlir. Nazim əyilir.
M e l i ç a. Aman əfəndim, yenə nə olmuş? Pək rahatsız görünüyorsun?
Y ı l d ı r ı m. Bu gün yemək yeyirkən fəzlə şərab içdim də qafam bir dağ qadar
ağırlaşmış...
M e l i ç a. Başdakı şərab ağrısını yenə şərab çıqarır. (Ərəbə). Nazim ağa! Bir az şərab
gətir. Hanı ya, Serbistandan bənim adıma göndərilmiş şərablardan olsun.
Y ı l d ı r ı m. Bir də sədri-əzəm paşa gəlmişsə, xəbər ver!
N a z i m. Baş üstünə. (Əyilir çıqar).
Y ı l d ı r ı m. Bən Serbistan şərabını pək sevərim, çünki səni bəsləyən abü hava ona
da başqa bir lətafət vermiş.
M e l i ç a. Serbistan bana ana qucağı isə, Yıldırım məmləkəti də mə’şuq ağuşu qadar
munis və ruhaşinadır.
Y ı l d ı r ı m. Sevgili Meliça! Sözlərin də vücudun kibi lətif və zərifdir.
N a z i m (gəlir). Sədri-ə’zəm Əli paşa hazır. Əmri-hümayuna müntəzir.
Y ı l d ı r ı m. Söylə, buyursunlar. (Nazim çıqar). Əli paşa gerçəkdən dəyərli bir zat.
Həm dindar bir hökumət adamı, həm də bir ailə ə’zası kibi saraya məhrəm və bizimlə
həmpiyalə...
M e l i ç a. Əvət, o pək eyi adam. Ona qarşı bir qardaş kibi hörmət bəslərim.
Ə l i p a ş a (gəlir, nəş’əli birp tevr ilə təmənna edərək). Səlam və ərzi-ehtiram!
276
Y ı l d ı r ı m. Əleykümsəlam! Buyurun, baqalım niçin gecikdiniz?
Ə l i p a ş a. Topal Teymurun dünkü məktubuna cavab yazıyordum.
Y ı l d ı r ı m. Nasıl yazdınız?
Ə l i p a ş a. Əmr etdiyiniz kibi. Əvvəlki məktubumuza nisbətlə daha soyuq, daha
qızğın. (Qoltuq cibindən çıqarır, təqdim edər). Mütaliəsi arzu buyurulursa, iştə!
Y ı l d ı r ı m. (məktubu açır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır). Əvət, pək gözəl.
Ə l i p a ş a (ətrafa). Hərif gerçəkdən kor. Az qalır ki, məktubu gözlərinə yapışdırsın.
(Yıldırıma). İnsaf eyi bir şeydir, əfəndim, gör bizdən kimi istiyor. Hiç Qaraqoyunlu əmiri
kibi xeyirxah bir şəxs ona təslim edilirmi? Halbuki Qara Yusif, yaxud Sultan Əhməd
Cəlayir bizim ən yaqın dostlarımızdır.
M e l i ç a (heyrətlə). Aman, ya rəbbi! Şu Teymur da pək şımarıq hərif.
Y ı l d ı r ı m. (mütaliəyə dəvam ilə). Zərər yoq, nə qadar şımarırsa o qadar ağır
cavablar alır.
M e l i ç a (ətrafa). Zavallı Yıldırım! Kor olduğunu bütün cihana e’lan edəcək.
(Yıldırıma). Aman, əfəndim, gözlərinizi mə’nasız şeylərlə yormayınız.
Y ı l d ı r ı m. (Əli paşaya). Pək xoşuma getdi, əvət Teymura layiq bir cəvab.
Bu sırada N a z i m digər bir xidmətçiylə bərabər üzəri şərab, məzə və gül dəməti ilə
süslü bir masa gətirir. Xidmətçi çıqar.
Ə l i p a ş a. Rica edərim Teymuru bıraqınız, bunları buraya niçin gətirdilər?
Y ı l d ı r ı m. Təbii, içilmək için.
Ə l i p a ş a (qədəhləri doldurur, Meliçaya). Müsaidənizlə, yarım sərxoş isəm də,
şövkətli Sultanımın ən sevgili hərəmi şərəfinə bir qədəh içmək istərim. Var olsun Meliça
həzrətləri!
İçərlər.
M e l i ç a. Doğrusu səmimiyyət və nəzakətiniz bəni heyran ediyor.
Y ı l d ı r ı m. Əvət, Əli paşa əmsalsız bir vücuddur. (Əli paşaya). İşrət xüsusunda
sevgili Meliça bana ilk rəhbər isə, sən də ikinci müəllimsin.
277
Nə yapalım, şərab dinimizcə günah isə də, amma nəş’əli bir günahdır.
Ə l i p a ş a. Bəncə ibadət də lazım, işrət də. Tövbə qapısı daima açıqdır. (Təkrar
qədəhləri doldurur).
M e l i ç a. Siz diplomatlar şərabı da şəriətə uydurub öylə içərsiniz.. Bana qalırsa
şərabda hiç bir günah yoq; baxüsus Serbistan şərabı olursa!
Ə l i p a ş a (nəş’əli və mə’nalı bir tevr ilə). Əvət, baxüsus Serbistan şərabı olursa.
(Qədəhi qaldırır). Yaşasın şanlı Yıldırım Bayazid!..
Y ı l d ı r ı m. Var ol, paşa həzrətləri!
(İçərlər. Meliça bir yutum içər, qədəh dolu qalır).
Ə l i p a şa. Hanı ya, bizim Cücə nerdə? O hər aqşam məşhur bir hökmdar qiyafətində
çıqardı.
Y ı l d ı r ı m. Nazim ağa! Cücə nerdə?
N a z i m. Bu saət. (Əyilir, çıqar).
Y ı l d ı r ı m. Gəlsin, baqalım, nə oyun çıqarır.
Ə l i p a ş a. Bən istərdim ki, İspaniya kralı Üçüncü Genrix
1
qiyafətində gəlsin, çünki
o Teymura qarşı pək yaltaqlıq ediyor. Hətta elçilər göndəriyor, onunla ticarət müahidələri
yapıyor.
Y ı l d ı r ı m. Zənnimcə Teymurun kəndisini yansılarsa daha xoş, daha məqbul...
C ü c ə kəndisini izləyən iki m i s q a r a q i y a f ə t li a r q a d a ş i l ə bərabər
Teymur qiyafətində daxil olur. Ağır və komikcə adımlarla aqsayaraq onlara doğru ilərilər
və bir heykəl kibi qarşılarında dikilib durur.
M e l i ç a (gülməkdən kəndini alamıyaraq, heyrətlə). Ah, qorqdum, nə əcayib şey!
Əcəba bu kim, bu nə qiyafətdir?
Y ı l d ı r ı m. Dur, kəndisinə soralım.
Ə l i p a ş a. Topal Cücə? Sən kimsin və nəçisin?
C ü c ə (məğrur və əzəmətli). Bana xaqanlar xaqanı, Turğay oğlu Teymur derlər. Bən
Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü nüma buldum. Babam Barlas
qəbiləsinin hökmranı, kəndim Gürkan nəslinin baş qəhrəmanı... (Yanındakı masqaralarda
sürəkli qəhqəhələr...)
1
Yaxud Hanri
278
Y ı l d ı r ı m. (istehzalı təbəssümlə). Eşq olsun, eşq olsun!
C ü c ə. Bən on iki yaşında ikən kəndimdə bir fərasət və böyüklük duymağa başladım.
Bənimlə görüşənləri ciddi bir vəqar və hörmətlə qəbul edərdim. On səkiz yaşımda
binicilik və avçılığa həvəs etdim. Vəqtimin çoqunu Qur’an oqumaqda, şahmat oynamaqda
və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Kürd ilə savaşdım.
İlyas Xocaya qoşdum, vəzirilə pozuşdum. Oradan uzaqlaşdım, türkmanlara əsir
düşdüm. Sonra bir çoq arqadaşla buluşdum. Bəlucistanla vuruşdum. Gah qalib gəldim,
gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə aqsaq qaldım. (Aqsayaraq yürür,
kəskin bir ahənglə) Əvət bənim yaralı arslan, bənim Topal Qaplan.
Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə gülər.
N a z i m (heyrətlə, sözləri çəkərək, ətrafa). Allah, allah!..
M e l i ç a. Aman, nə gözəl natiq!..
Ə l i p a ş a. Əvət, dəhşət, dəhşət!
Y ı l d ı r ı m. Sonra nə oldu? Söylə, baqalım, sonra?
C ü c ə. Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə
girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhrinə
vardım, Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir e’lan olundum.
Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qələlərini
devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu. Ermənistan və
Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular isyan etdi, ayaq altında əzildi. Şah Mənsur
tüğyan etdi, bir anda başı kəsildi. (Son dərəcə məğrur). Əvət bənim cihangiri dahi!..
Bənim hərb allahi!..
Masqaralarda istehzalı qəhqəhələr.
N a z i m (şaşqın, ətrafa). Allah, allah!
Y ı l d ı r ı m. Əvət, iştə Cücə bir dahi!
Ə l i p a ş a. Daha doğrusu dahi bir Cücə.
Y ı l d ı r ı m. Sonra... Daha sonra?
C ü c ə. Bən devlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xəlqi ümid ilə qorqu
arasında tutdum. Bir çoq nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və
töhmətlər eşitdim. Fəqət bəni
279
tənqid edən şımarıq, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım,
təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla
müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım. Daima məiyyətimdə əsalət
və nəcabət, əqil və kəyasət aradım. Daima ordu və rəiyyətin əhvalını eyiləşdirməyə
çalışdım.
Y ı l d ı r ı m. Ya şu tökdüyün qanlara, şu qopardığın tufanlara nə mə’na verəlim?
C ü c ə. Bən həqq və ədalət nümayəndəsiyim. Əgər bir məmləkətdə zülm və istibdad
güclənirsə, kənardan baqıb duramam. Xəlqin əmniyyəti için zülmün kökünü qazımaq və o
məmləkəti uslandırmaq istərim. Iştə buna görədir ki, Xorasana girdim, bütün Iranı
devirdim, Moskof tərəflərini sardım, Hindistana vardım. Əvət, bənim böyük Teymur...
Bənim sarsılmaz imperator!..
Masqaralarda istehzalı qəhqəhələr.
N a z i m (ətrafa). Allah, allah!
Ə l i p a ş a. Dəhşət, dəhşət!
M e l i ç a (qalqar). Artıq bən gediyorum.
Y ı l d ı r ı m. Niçin? Cücənin sözləri səni qorqutdumu?
M e l i ç a. Xayır! Lakin bu masqaralıqlardan içimə fənalıq gəliyor. Saydıqları yalan
olsa belə, acı və dikənlidir.
Y ı l d ı r ı m. (Cücəyə). Haydı, rədd ol, həmən şu biçimdə qiyafətini də dəyişdir.
Cücə və arqadaşları məclisi tərk edərlər.
Ə l i p a ş a. Aman, əfəndim! Cücə bu aqşam dəhşətdir, dəhşət!
M e l i ç a (oturur). Bıraq, dəf’ olsun, insanın sinirlərinə doqunuyor.
Y ı l d ı r ı m. Pəki, şimdi nə istərsiniz?
Ə l i p a ş a. Müsaidə edilirsə, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəyi seyr edəlim.
M e l i ç a. Bən də eşitdim, hənuz görmədim.
Y ı l d ı r ı m. Nazim ağa! Şamlı qızı...
N a z i m. Hazır! (Əyilir, çıqar).
Ə l i p a ş a. Pək mədh ediyorlar. Ərəblərin rəqsləri də iqlimləri kibi atəşlidir.
Y ı l d ı r ı m. Əvət, gerçəkdən pək atəşli.
280
M e l i ç a (istehzalı təbəssümlə). Saqın, Paşa həzrətlərini yaqmasın! Doğrusu, pək
şaşırıyorum. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən bir də şamlı
qızına nə ehtiyac vardı?
Y ı l d ı r ı m. Sənət və gözəllik hər kəsin kəndi zevqilə ölçülür. Saray rəqqasələri
başqa, şamlı qızı isə daha başqadır.
Ə l i p a ş a. Əvət, gönül nəyi sevərsə, o, gözəldir. (Ərəb musiqisilə ərəb rəqsi
başlanır, şamlı qızının gəldiyini görüncə.) İştə atəşli baqışlar!
N a z i m (rəqs bitdikdə rəqqasənin süzülüb getdiyini görüncə kəndini alamıyaraq
şaşqın və coşqun bir səslə.) Allah, allah! Bu nə məlahət! Bu nə lətafət!
Y ı l d ı r ı m. (mültəfit olaraq gülər). Nə oluyorsun, yahu! Pəkmi xoşuna getdi?
N a z i m (niyazkar). Aman, sultanım, qüsurə baqmayınız.
M e l i ç a (yarımqəhqəhəylə). Zavallı adəta kəndindən keçmiş.
Ə l i p a ş a. Nə yapsın? Iştə ərəb ruhu, ərəb zevqi! Yalnız o deyil, bən belə bayıldım.
M e l i ç a. Ya, öyləmi? (Incə və nəş’əli qəhqəhədən sonra). Aman, doktor çağıralım.
Y ı l d ı r ı m. Xayır, doktora hacət yoq, o getdiyi kibi Paşa həzrətləri ayıldı.
Ə l i p a ş a. Əvət, gerçəkdən öylədir. (Meliça qalqır.) Nə oldu, niçin qalqdınız?
M e l i ç a. Artıq gedirim.
Y ı l d ı r ı m. Əli paşa da yeməkdə bərabər bulunacaq.
M e l i ç a. Pək məmnun olurum. (Gedir).
Ə l i p a ş a. Əfəndimizin şu dərin səmimiyyətləri, bana bəxtiyarlıqdan daha yüksək
bir nəş’ə verir.
Bu sırada C ü c ə hoplayaraq, mayallaq vuraraq əsil masqara qiyafətində girər.
Y ı l d ı r ı m. Yenəmi sən?
C ü c ə. Nə yapayım, məclis boş qalmaz a... Bu yerdən mələk çəkilincə şeytan girməli.
Ə l i p a ş a. Əhsən, əhsən! Cücə bu aqşam dəhşətdir, dəhşət!
Y ı l d ı r ı m. Haydı, al, mələyin içdiyi şu qədəhi yuvarla!
C ü c ə (qədəhi alır). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (Şərabı
burnunun üzərindən dökü verir.)
281
Y ı l d ı r ı m. Nə yapıyorsun şaşqın hərif! Sən hənuz şərab içməsinidəmi
öyrənəmədin?
C ü c ə (Yıldırımı mə’nalı baqışlarla süzərək). Bən əşirətdən yetişmə bir çoban
oğluyum. Nə etməli, şimdiyə qadar ancaq qımız və ayran içməsini öyrənə bildim.
Y ı l d ı r ı m. (ətrafa). Acı bir kinayə!
C ü c ə. Şu yaqınlarda bir serb qızı alacayım, iştə o zaman şərab içməsini də ondan
öyrənirim. (Əli paşayı mə’nalı bir baqışla gözdən keçirir.) Hətta bir taqım siyasilər kibi,
namaz qılarkən belə sərxoşluqdan vaz keçməm.
Ə l i p a ş a (ətrafa). Ah, bəni təhqir ha? (Cücəyə, sinirli) Şımarıq hərif, sən artıq
həddini aşıyorsun.
Y ı l d ı r ı m. Zərər yoq, o bu gün pək nəş’əlidir, xatirini qırma! Yalnız səninlə deyil,
bənimlə də əyləniyor (Cücəyə.) Bana baq, Cücə! Bənmi eyi hökmdarım, Teymurmu?
C ü c ə. Aman verilirmi?
Y ı l d ı r ı m. Söylə!
C ü c ə (sırıtaraq Yıldırımın qucağına). O, dəlidir, sən də abdal! (Qəhqəhəylə gülər).
Y ı l d ı r ı m. Sus, ədəbsiz! O halda sən nə olursun?
C ü c ə (sədri-ə’zəmə işarətlə). Bən də sənin quyruğunun quyruğu...
(Qəhqəhə)
Y ı l d ı r ı m. Pəki, sənin quyruğun?
C ü cə (Nazimi göstərir). Iştə! Seyr edə bilirsiniz.
(Qəhqəhə)
N a z i m (ətrafa). Allah, allah! Şu hərif çıldırmış. (Salonu tərk edər.)
Y ı l d ı r ı m. Haydı, yetişir, dəf’ ol! Sən bu aqşam zəhərli bir dikən, sərsəm bir eşək
arısı, quduz bir köpəksin.
C ü c ə (bayılırcasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəyi göstərir və açar).
Əvət, bən zəhərli bir dikənim, iştə mayıs çiçəkləri! Bən bir eşək arısıyım, iştə serb və
macar kələbəkləri! Bən quduz bir köpəyim, iştə rum və bolqar mələkləri!
Qəhqəhələrlə çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi
sırada N a z i m a ğ a sür’ətli adımlarla gəlir, Yıldırımın qulağına bir-iki söz söylər.
282
Y ı l d ı r ı m. (rəqqasələrə, hiddətlə). Kafi! (Qızlar çəkilir. Nazim ağaya). Bunları al
da, söylə, hər üçünü gətirsinlər.
Nazim kəndisini bəkləyən xidmətçilə bərabər dərhal işrət masasını alıb götürür.
Ə l i p a ş a. Gələn kimdir əcəba?
Y ı l d ı r ı m. Teymurun adamlarından üç nəfər casus yaqalamışlar.
Ə l i p a ş a. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur.
Y ı l d ı r ı m. Zənn etməm, hiç zənn etməm. (Qızğın.) Ah, azğın hərif, bir tərəfdən
elçi göndəriyor, bir tərəfdən casus...
Bu sırada iki silahlı y e n i ç ə r i mühafizəsi altında Orxan, O l q a və D ə m i r q a y a
daxil olur.
Y ı l d ı r ı m. Teymur casusları sizmisiniz?
Or x a n . Əvət, öylə diyorlar.
Y ı l d ı r ı m. Buraya niçin göndərildiniz?
Or x a n . Göndərilmədik, kəndi arzumuzla gəldik.
Y ı l d ı r ı m. Bu gəlişdən məqsəd?
Or x a n . Məqsəd Topal Teymuru atmaq, ulu cultanı tutmaq.
Y ı l d ı r ı m. Unutma ki, yalançıların cəzası ölümdür.
Or x a n . Bizcə yalançılıq ləkəsi ölümdən daha çirkindir.
Y ı l d ı r ı m. (Olqaya). Pəki, sən söylə, yavrum, Teymurdan niçin qaçdınız?
Or x a n . Çünki Teymur xudkamdır.
Y ı l d ı r ı m. Bıraq kəndisi söyləsin.
Or x a n . O, dilsizdir.
Y ı l d ı r ı m. (D ə m i r q a y aya). Adın nədir?
D ə m i r q a y a (qalın səslə). D ə m i r q a y a.
Y ı l d ı r ı m. Sən söylə baqalım, niçin gəldiniz?
D ə m i r q a y a (laübali, Orxana işarətlə). Orxan gəl, dedi, gəldik.
Y ı l d ı r ı m. Bir səbəb yoqmu ya?
D ə m i r q a y a. Əlbəttə var, fəqət gizli bir səbəbdir.
Y ı l d ı r ı m. (məraqlı). Gizli səbəbmi? O nə imiş?
D ə m i r q a y a. Onu Orxan bilir. Nəmə lazım, bən qarışmam.
Y ı l d ı r ı m. Ya! Qarışmazsın, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad!
(Nazim çıqarkən). Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı!
Ə l i p a ş a. Aman, Sultanım, əcələ ediyorsunuz?
283
Y ı l d ı r ı m. Xayır, həpsinin boynu vurulmalı! Artıq Topal həddini keçiyor.
Ə l i p a ş a. Rica edərim, hiç elçi boynu vurulurmu?
Y ı l d ı r ı m. (qızğın). Əvət vurulur, bən əmr edərsəm vurulur.
Ə l i p a ş a. Hiç olmasa bu hökmün icrasını yarına bıraqmal.
Y ı l d ı r ı m. (daha qızğın). Yetişir, iltimasa hacət yoq...
Bu sırada N a z i m gəlir, c ə l l a d və i k i y e n i ç ə r i l ə bərabər S o b u t a y daxil
olur.
Y ı l d ı r ı m. (Sobutaya). Bana baq, bunları tanıyormusun? Doğru söylə, yoqsa ən
yüngül cəza ölümdür.
S o b u t a y. Sobutay nə yalan söylər, nə də ölümdən qorqar.
Y ı l d ı r ı m. (sinirli və qızğın). Sözümə cəvab ver, bunları tanıyormusun?
S o b u t a y. (kinli və əzəmətli bir baqışla Orxanı süzərək). Türküstanda tanırdım,
fəqət osmanlı paytaxtında xayır...
Y ı l d ı r ı m. Niçin?
S o b u t a y. (Orxana işarətlə). Çünki şu hərif vətən xaini. Bunlar da onun kölgəsi...
O l q a. (qalpağını qaldırır, saçları dağılır). Aman, Sultanım! Mərhəmət! Orxan xain
deyil, yalnız Teymur gözündə ləkəlidir; çünki sizə qarşı məhəbbət bəslərdi, onunçün də
Türküstanı tərk etdi.
Or x a n . Olqa! Sən sus!
Y ı l d ı r ı m. Şu qadın kimdir?
Or x a n . Moskof tərəflərinə hücum edərkən ölümdən qurtardığım bir qızcığaz.
S o b u t a y. (acı və istehzalı təbəssümlə). Daha doğrusu Teymur sarayını süsləyən bir
çiçək və sənin qandırıb da uçurduğun şux bir kələbək... (Kəskin.) Lakin nerdə olursa-
olsun xəyanət cəzasız qalmaz.
Y ı l d ı r ı m. (Sobutaya). Sən sus! (Yeniçərilərə.) Şunu kəndi odasına götürün. (Əli
paşaya.) Dəminki məktubu da ver, Teymura götürsün.
Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıqar.
Ə l i p a ş a. Artıq məsələ aydınlaşdı.
Y ı l d ı r ı m. Xayır, daha var. (D ə m i r q a y aya.) Sən söylə! Dəmin gizli səbəb
diyordun, o nə imiş?
284
D ə m i r q a y a. Daha gizli bir şey qaldımı ya? (Olqaya işarətlə.) Zatən həpsini açıb
dökdü.
Y ı l d ı r ı m. Gizli səbəb yalnız onun dediklərimi?
D ə m i r q a y a. Daha nə olacaq, hiç qadınla səfərə çıqılırmı? Nəmə lazım, kəndi
işləri...
Y ı l d ı r ı m. (qızğın). Nəmə lazım, nəmə lazım! Südəmər çocuqlar kibi iki sözdən
fəzlə bir şey bilməz. (Cəllada.) Haydı, ilk öncə bunu dəf’ et. (Cəllad hazırlanır.)
O l q a. Ah!..
Orxan (kəskin). Xayır. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz bir zavallıdır. Əsil
e’dam ediləcək bənim, bən...
Y ı l d ı r ı m. Cəsarət səni məğrur ediyor (Cəllada.) Pəki, əvvəl onu susdur.
O l q a. Aman, əfəndim, mərhəmət, mərhəmət! (Şiddətli ıçqırıqlarla ağlar, Sultanın
ayaqlarına qapanır.)
O r x a n (şiddətli və istehzalı qəhqəhələrlə gülərək). Zavallı qızcığaz! Sən həqli
imişsin. Ah, Teymur, Teymur!..
Y ı l d ı r ı m. (vəzifəsini bitirmək istəyən cəllada). Dur, əl saqla! (Orxana). Niçin
güldün, niçin Teymuru xatırladın?
O r x a n . O bənim biləcəyim iş, sən yalnız e’dam etdirə bilirsin.
Ə l i p a ş a. Xayır, bu səbəbsiz deyil.
O l q a. (başını qaldırır. Göz yaşını silərək.) Ah, səbəbini bən söylərim.
O r x a n Qalq! Hiç bir şeyə ehtiyac yoq. Söyləmək lazımsa kəndim söylərim. (Olqa
qalqar).
Y ı l d ı r ı m. Pəki, kəndin söylə! Şu qəhqəhələr niçindir, əcəba?
O r x a n . Şu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli
Teymura səcdə edərkən, yalnız bən isyan etdim. Halbuki onun küçük bir təhqirinə
dayansaydım, şimdi e’dama layiq görülməzdim.
Sükut...
Y ı l d ı r ı m. (mülayim). Bu sözlərin nə dərəcə doğru olduğunu bilmək istəməm. Bən
hər ikinizi şu qızın göz yaşlarına bağışladım.
O l q a. Ah, kölgəniz əskik olmasın.
Ə l i p a ş a. Əvət, göz yaşları mə’sumiyyəti isbat için ən parlaq şahiddir...
285
Or x a n . Lakin, bir rica etmək istərdik.
Y ı l d ı r ı m. Söylə.
Or x a n . Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə
dönəməyiz, sədaqətimizə qarşı şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli.
Əgər müsaidə buyurulursa Mısır-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər
bulunur.
Y ı l d ı r ı m. (məmnun təbəssümlərlə yerindən qalqar). Xayır, hiç bir yerə
getməyəcəksiniz. Siz bənim oğlum, bu da qızımdır. Hər üçünüzün sədaqətinə şübhəm
qalmadı. Haydı, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, misafirlərə ehtiram lazım.
Nazim cəllad ilə bərabər çıqar.
O r x a n (arqadaşlarilə bərabər əyilir). Təşəkkür edəriz.
Y ı l d ı r ı m. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Əli paşa ilə məclisi tərk
edir).
O r x a n (ətrafa). İştə ilk fəlakəti atladıq.
O l q a. Ah, pək qorquyorum. Sobutay Səmərqənddə işlərin üstünü açacaq. Teymurun
qəhrü qəzəbi bəla yıldırımı kibi üzərimizdə patlayacaq. Ah, o bəni niçin gördü?
O r x a n . Hiç məraq etmə, bən Sobutayı görürüm.. O pək nəcib qəhrəman. Kimsəyə
bir şey söyləməz. Hətta Teymur duysa belə əhəmiyyət verməz.
D ə m i r q a y a (bir tərəfdə). Nəmə lazım, bən qarışmam. Ölürlər ölürüm, qalırlar
qalırım.
O l q a. (Saqsıda gördüyü yeşil fidancığazı göstərir). Ah, o nə xoş, nə təravətli gül
fidanı.
Or x a n . İştə həmişəbahar gülü, baq, hənuz yeni-yeni qönçə verməyə başlıyor.
O l q a. Əvət, pək gözəl...
O r x a n . Bir gün gəlir ki, şu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər
çiçəklənməyə başlar.
N a z i m (gəlir, əyilir). Buyursunlar. (Önlərincə gedər).
O r x a n . Gedəlim. (Nazimi göstərir.) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və
parlaq bir sabaha də’vət edir. (Gedirlər).
Pərdə
|