2.3. M. S. Abdullayevin əsərlərində
tibb, tarix və fəlsəfə
Əməkdar elm xadimi, professor Məmmədsadıq Abdullayev
(1924-2006) qırxıncı illərin ortalarından, yəni hələ gənclik
yaşlarından elmi-tədqiqat işlərinə xüsusi fikir verirdi.
Elmi fəaliyyətə başladığı ilk günlərdən anatomiyanın daha
mürəkkəb sahələrindən sayılan sinir sisteminin periferik hissəsinin
morfologiyasını öyrənməklə məşğul olur. Namizədlik dissertasiya-
sını, vegetativ sinir sisteminin parasimpatik hissəsi ilə bağlı çənəaltı
qanqlionun anatomiyasını öyrənməyə həsr etmişdir. Bunla yanaşı o,
dilaltı qanqlionu da öyrənmişdir. Bunları tədqiq etmək üçün çoxlu
preparatlardan istifadə etmişdir. Çənəaltı qanqlion, onun kökləri və
ətraf orqanlarla rabitəsi 131 preparat üzərində öyrənilmişdir.
Qanqlionun əsas kökü sayılan təbil-dil kökünü ətraflı müayinə
etmək üçün dil sinirinin (üçlü sinirin ikincili şaxəsi) və təbil telinin
(ara sinirinə aiddir) incə quruluşu aydınlaşdırılmışdır. Histoloji
tədqiqatlar zamanı o, qanqlionla bağlı mielinli lifləri də tədqiq
etmişdir. Namizədlik dissertasiyasının müdafiəsi başa çatdıqdan
sonra M. S. Abdullayev periferik sinirlər sahəsindəki tədqiqatlarını,
xüsusilə mielinli sinir liflərini daha geniş və dərindən öyrənmək
fikrinə düşür. Bu işdə ona Leninqrad (Sankt-Peterburq) laboratori-
yalarında, xüsusilə professor B. A. Favarskinin laboratoriyasında
əldə etdiyi təcrübə çox kömək etmişdir.
O, respublikada periferik sinirlərin mieloarxitektonikası ilə
bağlı ilk elmi məqalə (“Bəzi periferik sinirlərin kötükdaxili
quruluşu”) ilə də 1960-cı ildə çıxış etdi. Lakin sinirlərin incə quru-
luşunu öyrənmək sahəsində daha ciddi tədqiqatları o, Leninqrad
Hərbi Tibb Akademiyasında aparmışdır. Məhz o həmin illərdə
(1960-1965) doktorluq dissertasiyasını başlayır, bitirir və müdafiə
edir. İki cilddən ibarət həmin dissertasiya gözün hərəki aparat sinir-
lərinin (gözün hərəki, blok və uzaqlaşdırıcı sinirləri) incə qurulu-
şuna həsr olunmuşdur. Göstərilən üç sinir beyindən çıxdığı və kəllə
boşluğundan keçdiyi yerdə, habelə əzələlərin daxilində hərtərəfli
79
eksperimental-morfoloji metodlarla tədqiq edilmişdir. Nəticədə bir
çox qarışıq məsələlər aydınlaşdırılmış və sinirlərin daxili quruluşu
haqqında aydın təsəvvür yaranmışdır. Bu sinirlərin tərkibi həm
insanda, həm də eksperimentlə əlaqədar olaraq itdə də öyrənilmiş-
dir. Tədqiqatla bağlı ayrı-ayrı məsələlər haqqında məlumat nəinki
respublika elmi ədəbiyyatında, habelə keçmiş SSRİ-nin böyük şə-
hərlərində və xarici ölkələrdə də dərc edilmişdir.
1973-ci ildə M. S. Abdullayevin “Gözün hərəki aparat sinir-
ləri” adlı sanballı monoqrafiyası işıq üzü gördü. Monoqrafiyada bir
sıra beynəlxalq xarakterli mübahisəli məsələlər işıqlandırılmışdır.
Kitab da ilk dəfə həmin sinirlərin istər xarici, istərsə daxili
quruluşunun fərdi xüsusiyyətləri verilir. Bu sinirlərin afferent
mənbələri, aralarında rabitə olması ideyası, habelə onların vegetativ
sinir sistemi ilə rabitəsi təhlil olunur. Həmin sinirlər həm insanda,
həm eksperimental yolla heyvanlarda ətraflı öyrənilmişdir.
Bunları öyrənmək üçün o, 70-ə qədər heyvanlar (itlər)
üzərində neyrocərrahlıq əməliyyatları aparmışdır. Kəllə boşluğunda,
beyin əsasında gözün bu və ya digər hərəki siniri kəsildikdən sonra
itlər yaşayırdı. Dəyişiklik yalnız gözdə baş verirdi və bu
dəyişikliklər izlənilirdi. Ümumiyyətlə müasir morfoloji metodların
kompleks şəkildə tətbiqi, habelə bu sinirlərin uzun illər öyrənilməsi
aşağıdakı məsələləri müəyyənləşdirməyə imkan verdi.
Gözün hərəki, blok və uzaqlaşdırıcı sinirlərinin ekstramedul-
yar hissələri beyin əsasından başlayaraq göz alması əzələlərinə
qədər öyrənilmişdi. Həmin sinirlərin üçlü sinirin birinci şaxəsi ilə
rabitəsinin mahiyyəti müəyyənləşdirilmişdir. Gözün hərəki sinirləri-
nin afferent keçiricilərinin mənşəyi açıqlanmışdır.
Bu sinirlərin vegetativ sinir sistemi ilə o cümlədən kirpik
qanqlionu ilə rabitəsi hərtərəfli işıqlandırılmışdır. Həmin sinirlərin
çox siqmentli innervasiya məsələləri haqqında geniş yazılmışdır.
Onların tərkibindəki mielinli sinir liflərinin morfoloji xüsusiyyətləri
aşkar edilmiş, sinir-əzələ nisbətləri müəyyən edilmişdir.
Hər şeydən əvvəl eninəzolaqlı əzələlərin innervasiyası ilə
bağlı dünya ədəbiyyatında ciddi mübahisə doğuran bir fakt burada
80
dəqiqləşdirilmişdir. Qeyd edim ki, bütün məsələlər “Gözün hərəki
aparat sinirləri” monoqrafiyasında tarixi-elmi baxımdan araşdırılır.
Yeri gəlmişkən qeyd etməliyəm ki, müvafiq incə məsələləri aydın-
laşdırmaq üçün mən dəfələrlə M. S. Abdullayevlə görüşmüşdüm;
nəticədə çətin anlaşılan fikirlər açıqlanırdı. Mövcud tədris kitab-
larında hələ də yazılır ki, eninəzolaqlı əzələ lifləri həm animal, həm
də vegetativ (simpatik) sinirlərlə innervasiya olunur. Kitabda bu
haqda geniş məlumat verilir, bir çox alimlərin adı çəkilir. Əlavə
edim ki, bu haqda onun Azərbaycan Tibb jurnalının səhifələrində də
(1967 və 1968-ci illərdə) ətraflı çıxış etmişdir. Burada dünya miq-
yaslı iki alimin adı tez-tez təkrar edilir. Bunlardan biri Hollandiyalı
neyrohistoloq Buke, digəri isə sovet neyrofizioloqu L.A.Orbelidir
(25.06.1882-09.12.1958).
1909-cu ildən başlayaraq Buke əzələlərin simpatik innervasi-
yasına konkret toxunaraq yazır ki, hər bir eninəzolaqlı əzələ lifi iki
sinir sistemi ilə (somatik və simpatik) innervasiya olunur. Bunlar-
dan biri mielinli (somatik), ikinci isə mielinli lifi müşayət edən mie-
linsiz lifdir və Buke sonuncuya əlavə lif adı verir. Bu ideya sonralar
anatomlar və histoloqların çoxu tərəfindən qəbul olundu və hətta
tədris kitablarına da salındı. Mülahizəni möhkəmlətmək üçün
morfoloqlar neyrofizioloji tədqiqatlara əl atırlar. Əslində isə onlar
L.A.Orbelinin fikrindən düzgün istifadə etmirdilər. M. S. Abdulla-
yev göstərirdi ki, Bukenin və onun ardıcıllarının (Kunts, 1927;
V. N. Murat, 1947; T. N. Rodostina, 1973) fikri düz deyildir; sim-
patik sinirlər eninəzoloqlı əzələ liflərini bilavasitə innervasiya etmir,
onları yalnız animal (somatik) sinirlər innervasiya edir. Təəssüf ki,
monoqrafiyanın digər problemləri üzərində dayanmaq imkanı
yoxdur. Lakin gətirilən qısa qeydlərdən aydın olur ki, “Gözün
hərəki aparat sinirləri” monoqrafiyası nevrologiya elminə, bütünlük-
də oftalmonevrologiya və ümumiyyətlə oftalmologiya sahəsinə
yeniliklər gətirmişdir. Kirpik qanqlionu və onun təbiəti haqqında
aparılan tədqiqatın nəticələri də monoqrafiyanın geniş profilliyinə
sübutdur.
81
Yetmişinci illərin əvvəllərində Ştutqartda çap olunan
jurnallarda M. S. Abdullayevin elmi əsərləri geniş formada nəşr
olundu: “Modern Medisina” jurnalı onun “Binokulyar görmə za-
manı gözün hərəki aparat sinirlərinin morfologiyası” və “İdeen des
Ekzakten Vissens” jurnalı “Periferik sinirlərin daxili quruluşu” adlı
əsərlərini alman dilində çap etdirdi. Hər iki jurnalda həmin
məqalələrin sonunda müəllifin dərc olunan problemlər sahəsindəki
şəxsi əsərlərinin bəziləri və özü haqqında qısa məlumat verilir.
1972-ci ildə Almaniyanın anatomiya sahəsində məşhur jurnalı
sayılan “Anatomişer antsiaynqer” onun “Gözün hərəki aparat
sinirlərinin morfofunksianal xüsusiyyətləri haqqında müasir təsəv-
vür” adlı daha böyük əsərini dərc etdi. Ətraflı illüstrasiya ilə verilən
bu məqalə xarici görünüşü ilə də diqqəti cəlb edir. Almaniyada çap
olunan bütün məqalələr istər elmi cəhətdən, istərsə də jurnalistik
cəhətdən dövrün bütün tələblərinə son dərəcə yüksək səviyyədə
cavab verirdi. Məhz həmin dövrlərdən başlayaraq M. S. Abdullayev
müxtəlif ölkələrdə keçirilən elmi konqreslərə dəvət olunur. 1973-cü
ildə o, Bolqarıstan anatomlarının V konqresində “Gözün hərəki
aparat sinirlərinin “özgə” lifləri haqqında” adlı mövzu ilə məruzə
edir. Elə həmin ildə onu Ştutqartda nəşr edilən “İdeen des Ekzakten
Vissens” jurnalının redaksiya kollegiyasına üzv seçdilər. 1974-cü
ildə həmin jurnal onun “Bəzi kəllə sinirlərinin” topoqrafiyası” adlı
başqa bir məqaləsini çap edir. 1975-ci ildə Ştutqartda nəşr olunan
jurnal yeniləşirdirilir və “Ekzakt” adı ilə buraxılır. M. S.
Abdullayev bu jurnalda da redaksiya kollegiyasına üzv seçilir.
1975-ci ildə o, anatomların Yaponiyada keçirilən X Beynəl-
xalq konqresinə dəvət olunur. Tokioda ingilis dilində “Periferik
sinirlərdə postnatal mielinizasiya” adlı məruzə ilə çıxış edir.
Göründüyü kimi həmin vaxtlardan başlayaraq M. S. Abdullayev
nevrologiyanın yeni morfoloji problemi-mielinizasiya məsələləri ilə
məşğul olub. O, bu problem sahəsindəki tədqiqatlarını ömrünün
sonuna kimi davam etdirmişdir.
1976-cı ildə onu Almaniyaya dəvət etdilər və orada Rostok
şəhərində (Varnemünde) “Postnatal mielinizasiya rəqəmlərlə” adlı
82
mərizə ilə çıxış etdi. Məruzə maraqla dinlənilmişdi və bir ildən
sonra, yəni 1977-ci ildə “Verhand anatomişer qezelşaft” (“Anatom-
lar cəmiyyətinin xəbərləri”) toplusunda çap edildi. Qeyd olunan
məqalədə insan anadan olandan sonra onun sinirlərində mielinli
liflərin necə artıb formalaşmasından söhbət gedir. Sonra o, həmin
(1977) ildə Polşa anatomlarının XI qurultayına dəvət olundu və Bia-
lastok şəhərində “Miqdari analiz üsulu ilə mielinli liflərin morfoloji
və funksional xüsusiyyətlərinin aşkar edilməsi” adlı məruzə ilə çıxış
etdi. Mielinli lifləri hərtərəfli öyrənən M. S. Abdullayev onların
riyazi analizinə çox fikir verirdi. Bu məruzədən bir il əvvəl o, öz
elmi məqaləsində müxtəlif diametrli mielinli liflərə malik sinirlərin
funksional xüsusiyyətlərini öyrənməkdən ötəri orta diametrli
modernləşdirilmiş lifləri (dx) müəyyən etmək qərarına gəlir və
bunun üçün xüsusi formul da təklif etmişdir. Bu formul əsasında
təkamül prosesində mielinli liflərin diferensiasiya dərəcəsini və
funksional dəyişiklik zamanı bu liflərdə impulsun nəql olunması
dərəcəsində baş verən irəliləyişi aşkara çıxarırdı.
1978-ci ildə onu Koşitse şəhərində keçirilən Çexoslovakiya
anatomlarının XXI konqresində Sovet ölkəsinin yeganə nümayən-
dəsi kimi iştirak edib, və birinci gün konqresin plenar iclasında
“Qan cərəyanı pozulanda sinirlərin regenerasiyası zamanı mielinləş-
mənin gedişi” adlı məruzə ilə çıxış etmişdir.
M. S. Abdullayevin Beynəlxalq elmi-fəaliyyətində ən böyük
hadisə 1979-cu ildə baş vermişdir. Həmin ilin sentyabrında Avropa
anatomları özlərinin V konqresini Praqa şəhərində keçirildi. Həmin
konqres onu həm məruzəçi kimi dəvət etdi, həm də periferik
sinirlərin incə quruluşunu öyrənmək sahəsində onun görkəmli alim
olduğunu nəzərə alaraq konqresin müvafiq bölgəsinə birinci sədr
təyin etmişdilər.
M. S. Abdullayev nevrologiya sahəsində geniş miqyaslı
təcrübələr aparmışdır.
Bu vaxta qədər elmə sinir liflərinin yalnız bir degenerasiya
forması məlum idi; onu da 150 il bundan əvvəl ingilis alimi Uoller
(Valler) kəşf etmişdir. Uoller qurbağa və digər heyvanlarda siniri
83
kəsir, görür ki, onun periferik hissəsi öldü (yəni degenerasiyaya
uğradı), mərkəzi hissə qaldı. Uoller degenerasiyasının baş verməsi
üçün sinir mütləq kəsilməlidir. Mərkəzi hissə ölmür, ona görə ki, o
müvafiq hüceyrə cismi ilə öz rabitəsini itirmir. Bu degenerasiya son
illərə qədər elmə məlum olan yeganə degenerasiya forması idi.
Həmin degenerasiya haqqında B. S. Doynikov belə yazır: “Öz mər-
kəzlərindən ayrılan sinir lifləri degenerasiya edir, lakin mərkəzlə
rabitəsini itirməyən liflər degenerasiyaya uğramırlar”.
1985-ci ildə M. S. Abdullayev yeni degenerasiya formasını-
“Qalxan degenerasiya”nı kəşf etmişdir. Bu elm üçün böyük yenilik
idi. Onun kəşf etdiyi degenerasiya xronik işemiya şəraitində baş
verirdi. Qidalanması pozulan toxuma ya orqan hissələri dağılanda
müvafiq sinir lifləri vəzifədən qalır və degenerasiyaya uğrayır.
Proses sinir lifinin ucundan başlayır və tədricən onun hüceyrə
cisminə doğru yayılır.
Bu kəşf haqqında müvafiq məlumat müxtəlif ölkələrdə-Ru-
siya, Almaniya, Ukrayna, Polşa və s. yerlərdə çap edilmişdir. “Qa-
lxan degenerasiya” haqqında o, 1985-ci ildən başlayaraq bir çox şə-
hərlərdə - Batumidə, Moskvada, Leninqradda, Vinnitsada, Leypsiq-
də və nəhayət, Bakıda məruzələrlə çıxış etmişdir.
Hələ 1985-ci ilin oktyabrında o, Leninqradda İ. P. Pavlov
adına Fiziologiya İnstitutunda neyronun funksional laborato-
riyasında yeni degenerasiya haqqında məruzə ilə çıxış etmişdir.
İnstitutun direktoru akademik V.A. Qovırin bu haqda yazırdı;
“Bizim institutda professor Abdullayev insanda sinirlərin mieloarxi-
tektonikasına işemiyanın təsiri” adlı məruzə ilə çıxış etdi. Onun
öyrəndiyi mövzu istər klinik, istərsə də nəzəri cəhətdən aktualdır.
Tədqiqat elektron mikroskopiyasını cəlb etməklə klassik neyro-
histoloji metodlarla aparılır. Müxtəlif mielinli liflərin işemiya
zamanı zədələnməsinin quruluş mexanizmlərinə dair yeni məlumat
əldə etmiş və “Qalxan degenerasiya” haqqında yeni təsəvvür
yaratmışdır”.
Akademik V. V. Kupriyanov yazır ki; “M. S. Abdullayevin
məqalələri və məruzələri istər ölkəmizin, istər xarici ölkələrin mü-
84
təxəssis nevroloqlarında böyük maraq oyatdı. O, “Qalxan dege-
nerasiya” adlı yeni konsepsiya təklif etmişdir. Bu kəsilmiş periferik
sinirlərdə müşahidə edilən Uoller degenerasiyasından fərqlənir”.
1997-ci ilin noyabr ayında İ. P. Pavlov adına Sankt-Peterburq
Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının 100 illi-
yinə həsr olunmuş “Müasir morfologiyanın fundamental və tətbiqi
aspektləri” adlı kitabında M. S. Abdullayevin “Qalxan degene-
rasiyanın labüd olması haqda” («О неизбежности восходяшей
дегенерации нервов») adlı məqaləsi çap olundu.
Beləliklə, indi nevrologiya elminə iki degenerasiya forması
məlumdur; bunlardan biri Uoller degenerasiyası adlanır və bu elmə
XIX əsrin ortalarında daxil edilmişdir. Əsas və prinsipial məsələ
ondadır ki, Uoller degenerasiyası təsadüfi halda və yalnız müvafiq
xəstəlik nəticəsində bəzi adamlarda, yəni nadir hallarda baş verir.
Bunun səbəbi vardır, belə ki, həmin şəxsdə hansısa sinir zədələnir,
daha doğrusu öz bütövlüyünü itirir. Nəticədə zədələnən, yəni
kəsilən sinirin yalnız bir periferik hissəsində belə degenerasiya baş
verir. Sinirin mərkəzi hissəsi nəinki zədələnmir, əksinə o yenidən
uzana bilir və sinirin dağılan periferik hissəsini hətta müəyyən qədər
əvəz də edə bilər.
M. S. Abdullayev degenerasiyanın əvvəl işemiya şəraitində
baş verən formasını (patoloji formasını) müəyyən etmişdir və bu
haqda keçmiş Sovet dövrünün ən məşhur morfoloji jurnalı sayılan
“Arxiv anatomii, qistoloqii i embrioloqii” jurnalında (1988, № 4)
ətraflı məlumat verilmişdir. Mən həmin məqalə ilə tanış oldum;
orada degenerasiyanın yalnız işemiya şəraitində müşahidə edilən
forması qeyd edilir. Qalxan degenerasiyanın ikinci, yəni fizioloji
forması haqda o məqalədə heç bir məlumat əks olunmamışdı.
İndi “Qalxan degenerasiya”nın iki forması vardır: fizioloji və
patoloji formaları. Patoloji forma haqqında M. S. Abdullayev 1988-
ci ildə Leninqradda (indiki Sankt-Peterburq) çap etdirdiyi və yuxarı-
da adı çəkilən məqalədə, habelə Bakıda “Azərbaycan Tibb jur-
nalı”nda, yenə 1988-ci ildə (№ 3) ətraflı məlumat verilmişdir. Pa-
toloji forma xəstəliklə, işemiya dəyişiklikləri ilə bağlı olduğu halda,
85
fizioloji forma yaşla, qocalığa doğru getməklə əlaqədardır. Yetkin-
lik dövründən sonra bütün insanlarda qalxan degenerasiyanın fizio-
loji forması müşahidə olunmağa başlayır və qocalığa yaxınlaşdıqca
güclənir. “Qalxan degenerasiya”nın bu iki forması əsasında habelə
Uoller degenerasiyasını nəzərə alaraq M. S.Abdullayev daha bir
yenilik açdı ki, neyron (sinir hüceyrəsi) vegetativ, yəni bitki tə-
biətinə malikdir. Bütün bunlar haqqında daha ətraflı məlumat onun
2002-ci ildə rus dilində nəşr olunan “Anatomiya tarixində sinirlər
və onların mieloarxitektonikası. Sinirlərin qalxan degenerasiyası.
“Neyronun vegetativ təbiəti” adlı kitabında daha ətraflı məlumat
verilmişdir. Bu monoqrafiyadan mənə bir daha tanış oldu ki,
“Qalxan degenerasiya” sadəcə bir kəşf deyildir, elmi qanundur. Nə
qədər tibb elmi varsa bu qanunda olacaqdır.
***
1978-ci ildə M. S. Abdullayev dünyada anatomiya elminin
banisi sayılan XVI əsrin ən böyük anatomu Andrey Vezalinin
həyatı ilə, onun başına gələn müsibətlərlə yaxından maraqlanmışdır.
Əvvəlcə onun meyitlə birlikdə məşhur şəklini böyüdüb öz otağında
asmaq istəyib, sonra xüsusi ilə 1979-cu ilin ikinci yarısında başla-
yaraq Andrey Vezalinin həyatını, bioqrafiyasının incəliklərini daha
dərindən öyrənmək istəyir. Bu haqda o, özü belə qeyd edir; “Mən
onun həyat və fəaliyyəti ilə maraqlanarkən istər-istəməz ikinci əsrin
ən böyük anatomu Qaleni öyrənməli oldum. Qalensə məni Aristotel
dövrünə qaytardı. Eramızdan əvvəlki IV əsrdə yaşayan Aristoteli
indiyə qədər mən böyük filosof kimi tanıyırdım. Onun anatomiya
ilə yaxından məşğul olması haqda məndə ətraflı məlumat yox idi.
Təəssüf ki, məsələ yalnız mənim üçün deyil, dünya anatomları üçün
də belə idi. Buna görə də anatomiyanın ən məşhur tədris kitab-
larında, habelə mövcud ensiklopediyalarda qədim yunan filoso-
funun anatomik fikirləri haqqında aydın təsəvvür yoxdur. Bu hələ
azdır-onun haqqında hətta düzgün olmayan, yanlış məlumatlar da
verilir. Müxtəlif dillərdə yazılan müasir kitablarda göstərilir ki,
86
sinirləri vətərlərdən ilk dəfə Aristotel ayırmışdır. Əslində isə məsələ
əksinədir. Buna bənzər digər məlumatlar da vardır”.
1979-1988-ci illərdə M. S. Abdullayev “Aristotel və aristo-
telizm anatomiya tarixində” və onun ardınca “Kiçik dövranın böyük
faciəsi” adlı iki böyük fəlsəfi-tibbi əsərlərini yazmışdır; rus dilində
yazılan bu kitablar ardıcıl olaraq 1988 və 1992-ci illərdə nəşr
edilmişdir. Bu iki əsərdə müəllif filosofların müxtəlif baxışlarını
anatomiya elmində araşdıraraq dünya alimlərinin marağına səbəb
olan məlumatlar əldə etmiş və nəticədə Aristotelin anatomiya elmi
sahəsindəki fəaliyyətini böyük məhsuldarlıqla qələmə almışdır.
“Aristotel və aristotelizm anatomiya tarixində” adlı monoq-
rafiyanın elmi redaktoru akademik V. V. Kupriyanov haqlı olaraq
göstərir ki, “Aristotelin anatomiya sahəsindəki xidmətləri indiyidək
öyrənilməmişdir. Bu məsələni professor M. S. Abdullayev başa
vurdu. Monoqrafiyada insanın və heyvanın quruluşunu öyrənmək
məsələlərinin ziddiyyətli və mürəkkəb tarixi yolları təhlil olunur”.
Həmin monoqrafiyada redaktor qeyd edir ki, “Kitabda əhatə olunan
məsələlər çox genişdir, başlıca məsələ isə odur ki, həmin kitabda
insanı dərk etməyin təbii-elmi yolu sahəsində Aristotelin yeri
müəyyən edilmişdir”. Daha sonra V. V. Kupriyanov yazır ki, “Bu
kitabla tanış olan oxucu yeni insanın formalaşması yollarını
axtarmaq işində lazımi nəticələr əldə edə bilər”.
Professor C. T. Əhmədli və akademik D. V. Hacıyev “Aris-
totel və aristotelizm anatomiya tarixində” adlı monoqrafiyaya
yazdıqları rəydə göstərirlər ki; “Bu kitabda çox böyuk sayda elmi
ədəbiyyat və birinci növbədə Aristotelin elmi əsərləri, xüsusilə
“Heyvanların tarixi”, “Heyvanların hissələrinə dair” və sair bioloji
əsərlər səlahiyyətli və əsaslı şəkildə müsəffəl təhlil edilmişdir”.
Qədim dövrün ən zəngin ensiklopedik təfəkkürünə malik olan
Aristotelin anatomiya sahəsindəki xidmətlərini müəyyənləşdirmək
üçün M. S. Abdullayev eramızdan daha əvvəlki dövrdə anatomiya
haqqındakı mövcud mülahizələri tədqiq edir. Əsərdə Heraklitdən (e.
ə. 535-475) başlayaraq Qədim Yunanıstanın məşhur alimlərinin
xidmətləri, o cümlədən Alkmeonun (e. ə. V əsr), Empedoklun (e. ə.
87
490-430), Hippokratın, Diogenin (e. ə. 412-323), Platonun və baş-
qalarının xidmətləri tədqiq olunur. Burada Empedoklu xüsusi qeyd
etmək lazımdır. Onun hər iki poemasında olan anatomik, bioloji
fikirlər ətraflı təhlil edilir. Həmin poemadan poetik misallar kitabda
verilir. Yalnız bunlardan sonra bəşərin fikir xəzinəsinin ən böyük
incisi Aristotelin anatomik xidmətləri aşkar edilə bilir. Filosofun
anatomik fikirləri monoqrafiyada ətraflı izah edilir. Onlarla tanış
olarkən müəyyən olur ki, mövcud kitablarda Aristotelin fikirlərinin
düzgün verilməməsinin səbəbləri nədir? Nə üçün kitablarda bu
haqda yanlış mülahizələr yaranmışdır. Təkcə sinir-vətər mövzusu
deyil, başqa çox ciddi məsələlər də aydın olur. Aristotelin ürək
kameraları, onların quruluş prinsipləri və miqdarı haqqında ətraflı
məlumatlar təhlil edilir. Yalnız monoqrafiya ilə tanış olduqdan
sonra aydın olur ki, Aristotel insan ürəyinin quruluşu və onun
kameralarını bilavasitə öyrənmişdir. Ürəyin üç kameralı olduğu
haqda onun mülahizələri heç də o demək deyil ki, o, ürəyin bütün
dörd kameralarını görməmişdir. Əksinə, Aristotel bunları görüb,
lakin onları tamam başqa formada təhlil etmişdir. Kitabı diqqətlə
oxumadan filosofun anatomik fikirləri düzgün anlaşılmır.
Prof. C. T. Əhmədli yazır ki; “Bəşərin yaratdığı elm və mədə-
niyyət binası Aristotelin təfəkkür irsi üzərində yüksəlmişdir”. Əlbət-
tə Aristotel nəinki tibb sahəsində, hətta bütün elmlər sahəsində mi-
silsiz xidmətləri olan bir şəxsiyyətdir.
Prof. A. Əhədov və B. Bayramov “Faydalı kitab” adlı mə-
qalədə yazırlar ki; “M. S. Abdullayev qeyd edir ki, Aristoteli təkcə
anatom, fizik, yaxud filosof adlandırmaq ədalətsizlik olardı. Müasir
elmin geniş sahəsinə həsr olunmuş elə bir monumental əsər yoxdur
ki, orada Aristotelin adı çəkilməsin.
Prof. D. Y. Hüseynov qeyd edir ki; ““Aristotel və aristotelizm
anatomiya tarixində” əsəri məni valeh etdi. Həmin kitab mənim fik-
rimcə, müəllifin şah əsəridir və olduqca yüksək səviyyədə yazıl-
mışdır. İlk dəfə Aristotelin anatomik fikirlərini M. S. Abdullayev
qələmə almışdır”.
88
Beləliklə, Aristotelin irsi hələ bundan sonra da təhlil olunacaq
və öyrəniləcəkdir. M. S. Abdullayevin “Aristotel və aristotelizm
anatomiya tarixində” əsəri nəsildən-nəslə qiymətli bir xəzinə kimi
qalacaqdır.
M. S. Abdullayevin ikinci böyük fəlsəfi əsəri “Kiçik dövranın
böyük faciəsi” (1992) monoqrafiyasıdır. Bu əsərdə kiçik qan
dövranın kəşf edilməsi tarixi və həmin tarixdə baş verən hadisələr,
ədalətsizliklər və hətta faciəli hadisələr ətraflı surətdə təhlil edilir.
Kiçik qan dövranın tarixi çox genişdir. Aristoteldən başlaya-
raq Harveyə qədər (XVII əsrin ingilis alimi) davam edən iki min-
illik tarix ətraflı işıqlandırılır. Kiçik qan dövranının ilk dəfə ərəb ali-
mi İbn ən Nafis (XIII əsr) tərəfindən kəşfi və bu kəşfin müxtəlif
mənbələrdə düzgün olmayaraq istifadə olunması, İbn ən Nafisin
adının 600 il unudulması və s. məsələlər aşkar olunur. Bu tarixdə
məşhur alimlərdən Leonardo da Vinçi (1452-1519), Vezali,
Mikelancelo (1475-1564), Kolombo (XVI əsr), Migel Servet (1511-
1553), və nəhayət Harvey haqqında ətraflı məlumatlar verilir. Nə
üçün kiçik qan dövranı böyük qan dövranından əvvəl kəşf
edilmişdir? Həmin məsələ aydınlaşdırılır. Onda əsas məqsəd qan
dövranını öyrənmək olmamışdır. Ruhun orqanizmə necə daxil
olması və ürəyə necə keçməsini müəyyənləşdirmək istəyiblər.
Çünki o vaxt orqanizmin heç bir fəaliyyəti ruhdan kənarda düşünül-
mürdü. Bu məsələlər kitabda ətraflı təhlil olunur və fəlsəfi möv-
qedən izah edilir.
Burada ruh haqqında mövcud mülahizələrə geniş yer verilir.
C.T. Əhmədli yazır ki; “Bu əsər mifologiyadan dinə, dindən fəlsəfə-
yə keçən, ruhla bədənin nisbəti probleminin həlli mərhələsini açır”.
M. S. Abdullayevin bu iki monoqrafiyası Azərbaycan elmində
tibbin tarixi və fəlsəfəsini mənimsəmək üçün dəyərli mənbədir. Biz
əminik ki, nə vaxtsa bu əsərlər Azərbaycan dilinə tərcümə ediləcək,
xalqa qiymətli xəzinə kimi qalacaqdır.
1995-ci ildə M.S. Abdullayevin “Füzuli təfəkküründə anato-
miya izləri” kitabı işıq üzü görəndə onu ilk dəfə əldə edib oxuyan
mən oldum. Və bilməzdim ki, alim ömrünün bu çağında Füzulini
89
(1483-1556) böyük bir ehtirasla öyrənir və onun anatomik fikirləri
barədə kitab yazır.
“Füzuli təfəkküründə anatomiya izləri” adı ilə buraxılan bu
əsər sözün tam mənasında yüksək elmi səviyyədə yazılmışdır. Axı
Füzuli indiyə qədər böyük şair və filosof kimi tanınıb; onun anato-
miya ilə bağlı mülahizələri haqda heç kəs yazmamışdır. Doğrudur,
o, hələ əvvəlki yazılarında da (1977-1988) Füzulinin anatomik fikir-
lərinə toxunmuşdur. Lakin bu kitabda məsələ daha ətraflı təsvir edi-
lir. Müəllif göstərir ki, Füzuli dövründə yəni Renessans dövrünə
qədər anatomiyanın fəlsəfi mahiyyəti hələ öz mövqeyini itirməmiş-
dir. Sonra o, əlavə edir ki, müasir anatomiyanın əsası da məhz hə-
min dövrdə-Füzuli dövründə Avropada (İtaliyanın Padua şəhərində)
Vezali tərəfindən qoyulmuşdur. Lakin Bağdadda yaşayan Füzulinin
bu işlərdən xəbəri olmayıb. Buna görə də Füzuli Qədim Yunanıs-
tanda əsası qoyulan fəlsəfi anatomiyanın bəzi məsələlərinə toxunur.
Belə ki, o vaxtlar (XVI əsr) Bağdad da qədim yunan filosofları çox-
dan öyrənilirdi. Füzuli isə həmin filosofları-Herakliti, Empedoklu,
Demokriti, Platonu, Aristoteli və başqalarını yaxşı tanıyırdı. Bu
haqda “Mətlə”ül-e”tiqad” (“E”tiqata giriş”) əsərində Füzuli öz
fikirlərini veribdir ki, bunlar da kitab da ətraflı təhlil edilir.
Bu kitabı yazarkən müəllif Füzulinin başlıca olaraq aşağıdakı
əsərlərinə əsaslanıb: “Mətlə”ül-e”tiqad”, “Səhhət və Mərəz”, “Yed-
di cam”. Sonra o, əlavə edir: “Əlbəttə, Füzuli anatom olmayıb, bu
sahədə elmi axtarışlar aparmayıb və insan meyitlərini tədqiq etmək
fikrinə də düşməyib”. Füzuli öz əsərlərində anatomiya izlərini qələ-
mə alanda bəlkə də anatomiya haqqında heç düşünməyibdir. Lakin
biz bu əsərləri oxuyarkən onları yenə də başa düşmürdük. M. S. Ab-
dullayevin bu kitabını oxuduqdan sonra Füzulinin anatomiyaya dair
fikirləri haqqında tam məlumat yaranır.
Müəllif göstərir ki, Füzuli anatomiyanın yalnız Renessansdan
əvvəlki inkişaf səviyyəsindən danışır. Bu da başlıca olaraq fəlsəfi
xarakter daşıyır. Hər şeydən əvvəl Füzuli qədim yunan filosofu və
həkimi Empedoklun fikirlərinə müraciət edir. Füzuli göstərir ki,
canlı varlıqları, o cümlədən insan orqanizmində quruluş əsasını
90
dörd ünsür (od, hava, su, torpaq) təşkil edir. Sonra müəllif “Yeddi
cam” əsərinə toxunur və əlavə edir: “Füzuli də Empedokl kimi
özünün həmin fikirlərini poetik formada və aşağıdakı kimi verir:
Gah tərpənişim yeldən olub,
gülmüşəm hər vaxt,
Bəzən də ki, atəşlər ilə
eylədim ülfət.
Bəzən ulu torpaqdan alıb,
nəşvü-nümanı,
Bəzən də sudan toplayaraq
zövqü-səfanı,
Sərkəştəliyin bayrağını
ərşə ucaltdım,
Şadlıqlar içində göyərib
qol-budaq atdım”.
Şerdə “hava” sözü yel kimi qeyd olunub. M. S. Abdullayev
daha bir incəliyi açıqlayarkən yazır: “Füzuli də dörd element
haqqındakı fikirlərində atəşə üstünlük verir. Sonra müəllif istər
Empedoklun və istərsə də Füzulinin belə mövqeyinin bizim qədim
tariximizlə, yəni “Avesta”ilə bağlı olduğunu geniş izah edir. O, qeyd
edir ki, Füzuli də Empedoklda olduğu kimi həmin ünsürlərin bir-
birilə birləşməsini “məhəbbətlə” (“Avesta” dili ilə desək, “xeyirlə”)
və onların ayrılmasını “ədavətlə”, ya “şərlə” izah etməyə çalışır.
Orqanizmin canlılığının ruhdan asılı olduğunu Füzuli də qəbul edir.
Bu məsələni M. S. Abdullayev ətraflı təhlil edir və Füzuli təfəkkürü
ilə istər Aristotel və istərsə də Platonun mövqeləri arasında qarşılıqlı
rabitəni izləyir. Sonra müəllif “Mətlə”ül-e”tiqad” əsərində Füzulinin
aşağıdakı fikrini verir: “Bitki mineraldan inkişafı ilə, heyvan bitkidən
hərəkəti ilə, insan heyvandan əqli və ixtiyarı ilə ... üstündür”.
Müəllifə görə Füzuli qədim yunan fəlsəfəsinə dərindən bələd
olduğu üçün anatomiyanın təkamül prinsipləri haqda belə düzgün
mövqe seçə bilmişdir.
Kitabda göstərilir ki, Füzuli insan orqanizminin vacib orqan-
ları-beyin, ürək, ağciyər, qaraciyər, dalaq və s. orqanlar haqqında
91
“Səhhət və Mərəz” əsərində alleqorik tərzdə ətraflı mülahizələr
verir. Bu əsərdə habelə bədənin ayrı-ayrı hissələri-qarın, böyrək,
baldır və ümumiyyətlə, ətraflar haqqında da danışılır. Beş duyğu
orqanlarının adlarını çəkir və onlara öz münasibətlərini bildirir.
Xarici və daxili duyğulardan söz açır. M. S. Abdullayev bütün bu
məsələləri müasir anatomiya baxımından məharətlə izah edir.
“Səhhət və Mərəz” əsərində anatomiya izləri daha qabarıqdır.
Müəllif göstərir ki, bu əsərdə anatomiya haqqındakı mülahizələr,
daha doğrusu insan orqanizmi və onun ayrı-ayrı orqanları başlıca
olaraq ruh ilə əlaqəli şəkildə verilir. Füzuli “Səhhət və Mərəz”
əsərində orqanizmin adını heç vaxt çəkmir, onu insan adlandırır.
M. S. Abdullayev bu kitabda da Füzulinin ürək haqqındakı
mülahizələrinə toxunur və ona xüsusi yer verir. O göstərir ki, Füzuli
ürəyə çox vacib və lazımi orqan kimi baxır. Ürəkdə iki növ fəaliy-
yət izləyir, bir tərəfdə ümid, fərəh, məhəbbət və digər tərəfdə
ədavət, qorxu və qəm. Əsas cəhət ondadır ki, Füzuli insanı sağlam
görmək istəyir, o, çalışır ki, insanın orqanları norma çərçivəsində
işləsin, yəni fərəh, məhəbbət, kinə və ədavətə üstün gəlsin. Bütün
bu deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, Füzuli tibb elmini,
daha dəqiq desək anatomiyanı bilib və bu haqda müvafiq əsərlə-
rində məlumatlar verib.
Beləliklə, M. S. Abdullayevin”Füzuli təfəkküründə anatomiya
izləri” əsəri tibb elminə hədiyyə olmaqla yanaşı, füzulişünaslığa
təqdim olunmuş qiymətli tədqiqatdır.
2000-ci ildə M. S.Abdullayevin daha bir sanballı monoqra-
fiyası “Qalenizm və Renessans anatomiyasının iztirabları” əsəri işıq
üzü gördü.
Tibb tarixində bu mühüm problem haqqında ilk dəfə M. S.
Abdullayev tədqiqat apardı və tutarlı monoqrafiya qələmə aldı.
Əsərdə yalnız tibb elminin ümumiyyətlə anatomiyanın deyil, onunla
bilavasitə bağlı olan incəsənətin də renessans dövrünə keçdiyi
çətinliklərdən bəhs edir. Yüksək elmi mövqedə və fəlsəfi baxımdan
düzgün təhlil edilən bu kitab giriş və üç fəsildən (Qalen və qa-
92
lenizm: Ərəbdilli mədəniyyət və Erkən Renessans: Avropada Re-
nessans mərhələsi və qalenizm) ibarətdir.
Adı min ildən artıq bir dövrdə əvəzolunmaz sayılan Qalen öz
zamanının həqiqətən çox böyük şəxsiyyəti olub, anatomiya sahə-
sində ən qabaqcıl sırada durub, böyük mövqe tutmağa nail olub. İlk
təhsilini yunan dilində alan Qalen həkimlik fəaliyyətini başlıca
olaraq İtaliyada-Romada keçirmişdir.
O, dövrün qabaqcıl Universitetlərinin tibb fakültələrində
müəllimlər uzun illər anatomiyanı Qalenin kitablarından tədris edir-
dilər. Buna baxmayaraq ki, Qalen Renessans dövründən xeyli əvvəl
II əsrdə yaşamış və kitablarını da o, dövrdə təhsil alan tələbələrə
uyğun yazmışdır. Lakin Qalenin yazdığı anatomiya on beş əsr, yəni
XVII əsrə qədər əsas dərslik sayılmışdır.
Öz əsərlərini yunan dilində qələmə alan Qalenin yazıları
Renessans dövründə latın dilində nəşr olunmağa başlayır.
Bu həqiqətdir ki, anatomiya tibb elminin açarıdır. Onu
dərindən bilməyən yaxşı həkim ola bilməz. Bu işdə Renessans
dövründən əvvəl fəaliyyət göstərən iki mərhələ vardır. Bunlardan
biri İsgəndəriyyəçilər dövrü və qalenizm mərhələsidir. Yuxarıda
qeyd etdiyimiz kimi Renessans dövründə fəaliyyət göstərən
həkimlər əsasən qalenizmə istinad ediblər. Qalenizmi bilmədən
Renassans dövrü anatomiyasını dərk etmək olmaz.
Beləliklə, M. S. Abdullayevin böyük zəhmətlə qələmə aldığı
“Qalenizm və Renessans anatomiyasının iztirabları” monoqrafiyası
tibbin tarixi və fəlsəfəsi ilə maraqlananlar üçün etibarlı açardır.
M. S. Abdullayev uzun illər respublikamızda tibbin tarixini
öyrənməklə məşğul olmuşdur. Əsas cəhət odur ki, o, bu problemi
çox geniş miqyasda, xalqımızın ümumi tarixi problemləri ilə birlik-
də həyata keçirirdi. Qeyd olunanlar haqqında təsəvvür yaratmaq
üçün onun bəzi məqalələrinin adını çəkmək kifayətdir: “Azərbay-
canda antropologiyanın inkişafa dair” (“Azərbaycan gəncləri”
11.04.1958); “Azərbaycanda ilk anatomik məlumatlar” (müştərək,
“Tibb İnstitutunun materialları” Bakı, 1971); “Azərbaycanda anato-
miyanın inkişafında erkən dövrlər haqqında” (müştərək, “Azərbay-
93
can Tibb jurnalı”, 1972, № 4); “Orta əsrlərin sonunda Azərbaycan-
da anatomik təsəvvürlər” (müştərək, “Azərbaycan Tibb jurnalı”
1977, №4); “Vətən anatomiyası tarixində V. İ. Razumovskinin xid-
mətləri” (“Arxiv anatomii, qistoloqii i embrioloqii”, 1982, № 4);
“Aristotelin əsərlərində anatomiya” (“Arxiv anatimii, qistoloqii i
embrioloqii”, 1984, № 3); “Aristotel və sinir sistemi haqqındakı
təsəvvürlərin inkişafı” (“Arxiv anatomii, qistoloqii i embrioloqii”,
1984, № 9); “Tənəffüs və tənəffüs orqanları Aristotel anlamında”
(“Azərbaycan Tibb jurnalı”, 1987, № 7); “Tibb tariximizin vacib
problemləri” (“Təbib” qəzeti, 14.05.1991; 11.06.1991; 25.06.1991);
“Ərəbdilli mədəniyyət və tibb tariximiz” (“Təbib” qəzeti,
14.06.1991; 21.10. 1991); “Fərabi anatomiya tarixində” (“Təbib”
qəzeti, 11.02.1992) və s. Mən bu əsərlər üzərində ətraflı dayanmaq
istəmirəm, çünki onların adlarında qaldırılan problemlər haqqında
təsəvvür yaratmaq çətin deyildir.
Azərbaycan alimləri yaxşı bilirlər ki, Bakıda 1919-cu ildə təş-
kil edilən ilk ali tədris ocağının-Bakı Dövlət Universitetinin rektoru
prof. V. İ. Razumovskinin 125 illiyi münasibəti ilə Rusiyanın məş-
hur elmi jurnalı (“Arxiv anatomii, qistoloqii i embrioloqii”) yalnız
M. S. Abdullayevin məqaləsini (1982, № 8) Leninqradda nəşr etdi.
2003-cü ildə M. S. Abdullayevin “Tibb tarixində məni maraq-
landıran bəzi şəxsiyyətlər və problemlər” adlı növbəti kitabı oxucu-
ların müzakirəsinə verildi.
Bu kitab müəllifin 1956-cı ildən tutmuş son dövrlərə qədər çap
olunan tibb elminin görkəmli şəxsiyyətləri (V. P. Vorobyov,
P. F. Lesqaft, V. İ. Razumovski, V. N. Tonkov, V. N. Şefkunenko,
H. K. Əliyev, Ə. M. Əliyev, Ü. S. Musabəyova, K. Ə. Balakişiyev,
S. Ə. Həsənov, V. Y. Axundov və b.) və tibbin digər problemləri ilə
bağlı olan məqalələrinin böyük bir qismini əhatə edir. Məqalələr
əsasən o dövrdə hansı dildə (azərbaycan, rus, alman və ingilis) nəşr
olunubsa, o dildə də kitaba daxil edilib.
Beləliklə, M.S.Abdullayevin əsərlərinə nəzər saldıqda görü-
rük ki, bu əsərlərin böyük bir qismi tibbin tarixinə və fəlsəfəsinə
həsr olunmuşdur. Bu əsərlərdəki araşdırmalar sübut edir ki, bu
xəzinə hələ bundan sonra daha dərin tədqiqatlara möhtacdır.
|