İstehsal resursları – istehsalın baş verməsi və inkişafı üçün zəruri olan istehsal amillərinin məcmusudur.
İstehsal – maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesidir. Bu proses mövcud ehtiyatların mal və xidmətlərə çevrilməsinə gətirib çıxarır. İstehlak dedikdə isə bu nemətlərin insanın tələbatının ödənilməsi, ehtiyacının təmin edilməsi üçün işlədilməsi başa düşülür.
Mövcud ədəbiyyatda resurslar aşağıdakı kimi təsnifləşdirilir:
maddi resurslar;
insan resursları;
maliyyə resursları;
intellektual resurslar və s.
Maddi resurslara torpaq, xammal, material və kapital (maşın, avadanlıq, istehsal binaları və s.) daxildir.
İnsan resurslarına əmək və sahibkarlıq qabiliyyəti aiddir.
Maliyyə resursları dedikdə istehsala başlamaq üçün lazım olan pul vəsaiti başa düşülür.
İntellektual resurslar intellektual fəaliyyətlə, zehni əməklə bilavasitə bağlı olan (alimlərin, yazıçıların, rəssamların) əsərləri, ideyaları, kəşfləri, ixtiraları əhatə edir.
Zaman keçdikcə təbii sərvətlərin tükənməsi istehsalın imkanlarını məhdudlaşdırır. Belə şəraitdə isə resurslardan daha səmərəli istifadə etməklə tələbatlarının daha dolğun ödənilməsi vəzifəsi ortaya çıxır.
“Torpaq” anlayışına istehsal prosesində tətbiq edilən bütün təbii resurslar aiddir. Yəni bu kateqoriyaya yeraltı sərvətlər, torpaq, su, meşə və bioloji, iqlim və rekreativ resurslar aiddir. Bu resurslar istehsalatı müxtəlif növ məhsul və xidmətlərlə təmin edir.
Təbii resurslar təbiət tərəfindən müəyyən edilmiş həcmdə verilmişdir və insan onların həcmini öz istəklərinə uyğun şəkildə dəyişə bilmir. Deməli, bu resursları digər iqtisadi resurslardan fərqləndirən əsas cəhət onların məhdud xarakter daşımasıdır.
Dostları ilə paylaş: |