1.3. İqtisad elminin predmeti və funksiyaları
Hər bir elmin müstəqil mövcudluğunun ilkin şərti həmin elmin öyrəndiyi sahə, onun konkret predmetinin müəyyən edilməsidir.
İqtisad elmi meydana gəldiyi vaxtdan etibarən sərvət və onun artırılması yollarını müəyyən etməyi özünün predmeti etmişdir. Buna səbəb müəlliflər inanırdılar ki, tacir, sələmçi, fermer və sənayeçinin sərvəti artarsa onda bütün millət varlı olar, insanlar yaxşı yaşayar.
Klassik siyasi iqtisad məktəbinin nümayəndələri U.Petti, A.Smit, D.Rikardo, Fiziokratiya məktəbi “Xalqlar sərvətinin” həqiqi mənbəyini istehsalda axtarmışlar. Onlar istehsalın inkişafının “təbii” qanunlarını aşkara çıxarmağı iqtisad elminin başlıca vəzifəsi hesab etmişlər.
Marksist siyasi iqtisad da maddi nemətlərin istehsalı sferasını (geniş mənada) tədqiqat obyekti olaraq seçmişdir. Marksist təlimə görə iqtisadi nəzəriyyənin (siyasi iqtisadın) predmeti maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanlar arasında yaranan ictimai istehsal münasibətləri və onları idarə edən qanunlardır.
Kembric universitetinin professoru A.Marşall XIX əsrin sonunda “Siyasi iqtisad” elminin adına dəyişərək “Ekonomiks” – İqtisadiyyat elmi adlandırdı və onun predmetini özündən əvvəlkilərdən fərqli olaraq belə müəyyən etdi: iqtisadiyyat elmi (ekonomiks) məhdud resurslar aləmində (şəraitində) nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların davranışını öyrənir (o, neoklassikdir). Neoklassik təlimə görə iqtisadi nəzəriyyənin predmeti “xalis iqtisadiyyat”dır – yəni, özünün ictimai təşkili formasından asılı olmayaraq, xüsusi mülkiyyətçilərin təsərrüfat fəaliyyətidir.
“İqtisadi nəzəriyyə insanların iqtisadi davranışlarını öyrənir, yəni onların maddi və qeyri-maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı olan hərəkətlərini, iqtisadi davranışlarının qanunauyğunluqlarını öyrənir”. Müasir iqtisad elmində iqtisadi nəzəriyyənin predmeti tələbatların sonsuzluğu və onların ödənilməsi üçün lazım olan nemətlərin azlığı (məhdud olması) ilə əlaqələndirilir. Buradan da məhdud resurslardan səmərəli istifadə edilməsi, yəni az məsrəflə yüksək nəticəyə nail olmağın yollarının tədqiq edilməsi iqtisadi nəzəriyyənin başlıca vəzifəsi hesab edilir. İngilis iqtisadçısı Laynel Robinson iqtisad elminin predmetini aşağıdakı kimi müəyyən edir: “Məhdud resurslara sərəncam verməyin zəruri olduğu vaxt insan davranışının formaları, iqtisad elminin vahid predmetini təşkil edir… İqtisad elmi – insan davranışlarını məqsədlər və resursların çatışmazlığı nisbəti baxımından öyrənir”.
Dostları ilə paylaş: |