Digər bir kateqoriya “Əmək”dir. Geniş məzmuna malik olan kateqoriyadır. Əmək dedikdə təsərrüfat prosesi zamanı insanların tətbiq etdiyi hər cür məqsədyönlü fiziki, mənəvi və əqli fəaliyyətinin məcmusu başa düşülür. Başqa cür desək, əmək – faydalı nəticənin əldə olunması üçün insanın məqsədyönlü və şüurlu fəaliyyətidir. A.Marşallın qeyd etdiyi kimi: ”Hər bir əmək konkret məqsəd daşıyır.”
Funksional əmək fəaliyyəti onun məhsuldarlığı və intensivliyi ilə xarakterizə olunur. Məhsuldarlıq əməyin nəticəsidir və vaxt vahidi ərzində nə qədər məhsul istehsal olunduğunu göstərir.
İntensivlik isə əməyin gərginlik dərəcəsidir. Əməyin intensivliyi vaxt vahidi ərzində insanın sərf etdiyi fiziki, əqli və mənəvi enerjisinin miqdarı ilə xarakterizə olunur.
Əmək prosesi insanın təbiət predmetlərinə müxtəlif mexanizmlərlə, daha geniş desək, əmək vasitələrinin köməyilə təsiri yolu ilə həyata keçirilir. İqtisadi nəzəriyyədə və təsərrüfatçılıq praktikasında əmək vasitələri əsas kapital adını almışdır.
“Sahibkarlıq qabiliyyəti” anlayışı insanların istehsal prosesində təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətini müəyyən edir. Bu ad altında insan resursunun xüsusi – bütün istehsal vasitələrindən daha səmərəli istifadəsi qabiliyyəti ilə bağlı olan növü başa düşülür.
Sahibkarlıq qabiliyyətinə bütün digər amilləri əlaqələndirən və istehsalın təşkilində sahibkar riski vasitəsilə bir-birlərinə qarşılıqlı təsirlərini təmin edən spesifik istehsal amili kimi baxılır. Bu, insan kapitalının xüsusi növüdür. Öz miqyası və nəticələrinə görə sahibkarlıq qabiliyyəti yüksək ixtisaslaşdırılmış əmək sərfi ilə bərabərləşdirilir.
Təbii sərvətlərin getdikcə tükənməsi və potensial ehtiyatların azlığı istehsalın imkanlarını məhdudlaşdırır. Belə şəraitdə istehsalın effektivliyinin artırılması vəzifəsi ortaya çıxır. Yəni resurslardan daha səmərəli istifadə etməklə tələbatın daha çox ödənilməsinə nail olmaq.
İqtisadçılar mövcud və gələcək tələbatların ödənilməsi imkanlarını öyrənməyə çalışırlar. Bunun üçün istehsalın imkanları müəyyən edilir. İstehsal imkanları dedikdə resurslardan tam istifadə olunduğu şəraitdə məhsul buraxılışının ən yüksək həcminə nail olmaq başa düşülür, yəni nə qədər mümkündürsə o qədər istehsal olunması nəzərdə tutulur. Lakin istehsalın imkanları tələbatların bütün növlərini ödəməyə kifayət etmir. Buradan da yeni bir iqtisadi vəzifə meydana çıxır. Bu da alternativ iqtisadi seçim etməkdən ibarətdir. Hər hansı bir məhsulun istehsalı üçün bütün resurslardan tam istifadə edilərsə digər məhsulun istehsalına resurs çatmaz. Buna görə də cəmiyyət üçün hansı məhsulun istehsalı vacibdirsə, resursları həmin istiqamətə yönəltmək lazımdır.
Dostları ilə paylaş: |