İş yerlərinin attestasiyası və sahələrin sanitar–texniki pasportlaşdırılması əmək şəraitinin yaxşılaşdırılması istiqamətində hansı imkanları yaradır?
İş yerlərinin attestasiyası, sahələrin sanitar–texniki pasportlaşdırılması, əmək şəraitinin vəziyyətinin dərindən və hərtərəfli təhlili aşağıdakılara imkan verir:
əlverişli əmək şəraitinin yaradılmasına, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması və qarşısının alınması üzrə ardıcıl tədbirlər planlarının işlənib hazırlanmasına və həyata keçirilməsinə.
Yaşı 18-dən aşağı olan yeniyetmələrin əməyi necə mühafizə olunur?
AR-nın Əmək məcəlləsinə görə yaşı 15-dən az olan şəxslərin işə götürülməsinə yol verilmir. Yaşı 18-dən az olan işçilərin ağır, zərərli olan iş yerlərində, yeraltı işlərdə, habelə əxlaqi kamilliyə mənfi təsir göstərən işlərdə işləməsi qadağandır. Bu şəxslər üçün qısaldılmış iş rejimi tətbiq edilməlidir. Onların iş vaxtından artıq işlərə, istirahət günlərində və gecə işlərinə cəlb olunması, habelə ezamiyyətə göndərilməsi qadağandır. Yaşı 18-dən aşağı olan işçilər yalnız tibbi müayinədən keçirildikdən sonra işə buraxılırlar və 18 yaşına çatana qədər hər il işəgötürənin vəsaiti ilə müayinədən keçirilirlər;
Yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər hansılardır?
Yaşı 18-dən az olan işçilərin Əmək Məcəlləsinin 251-ci maddəsi ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. 16 yaşından 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:
kişilərin başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması;
qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması;
bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.
16 yaşadək qızlar yalnız onların razılığı ilə bu maddənin ikinci hissəsinin «a», «b» və «c» bəndlərində nəzərdə tutulan normaların müvafiq olaraq 1/3 hissəsi həddində ağırlığı olan əşyaların qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər.
Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır.
Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.