Odlu işlərin aparılması zamanı hansı tələblərə riayət olunmalıdır?
Hər bir müəssisədə qüvvədə olan qaydalara və təlimatlara əsasən, istehsalatın xüsusiyyətini nəzərə almaqla odlu işlərin təhlükəsiz təşkili üçün müəssisə daxili təlimat işlənib hazırlanmalıdır. Təlimatlar hazırlanarkən “Neft sənayesində partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə qaynaq və digər odlu işlərin aparılma qaydaları üzrə nümunəvi təlimat”ın tələbləri nəzərə alınmalıdır. Hazırlanmış təlimatlar yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmalı və müəssisənin baş mühəndisi tərəfindən təsdiq olunmalıdır.
Qaynaq və digər odlu işlərin aparılması zamanı yanğın təhlükəsizliyinə kimlər cavabdehlik daşıyır ?
Qaynaq və digər odlu işlərin aparılması zamanı yanğın təhlükəsizliyini təmin edən tədbirlərə görə cavabdehlik, ərazisi və otaqlarında bu işlər aparılan müəssisə, sex, laboratoriya, emalatxanaların və s. rəhbərlərinin üzərinə düşür. Partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə odlu işlərin aparılması xüsusi icazə ilə həyata keçirilir.
Partlayış, partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrində odlu işlər günün hansı vaxtında və kimlər tərəfindən yerinə yetirilə bilər?
Partlayış, partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrində odlu işlər yalnız gündüz vaxtı aparılmalıdır və bu işlərin icrası xüsusi peşə hazırlığı keçmiş, imtahan vermiş, müvafiq ixtisas vəsiqəsi olan şəxslər tərəfindən yerinə yetirilməlidir. Odlu işlər yanar konstruksiyaların yaxınlığında aparılarsa, onlar yanmayan materiallarla mühafizə olunmalıdır. Odlu işlər başlayana qədər həmin yerdə digər bütün işlər dayandırılmalı, birbaşa işlə məşğul olamayan işçilər ərazidən uzaqlaşdırılmalıdır.
Odlu işlərə başlamazdan əvvəl hansı tədbirləri həyata keçirmək lazımdır?
İşə başlamazdan əvvəl odlu işlərin aparılmasına cavabdeh şəxs qaynaqçı ilə birlikdə qaynaq transformatoruna, kabellərə, elektrod tutucusuna, yerləbirləşdirmə naqillərinə və iş yerinə baxış keçirməli, yanar materialların, ətraf mühitdə qazlığın olmamasına və müvafiq işıqlandırmanın mövcudluğuna əmin olmalıdır.