Yaşayış məskənlərində qaz kəmərləri təzyiqlərinə görə neçə yerə bölünür?
Yaşayış məskənlərində qaz təchizatı sistemlərinin qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq 3 yerə bölünür:
aşağı təzyiqli qaz kəmərləri – qazın isçi təzyiqi 0,005 MPa-ya (0,05 kqq/sm2-ə) qədər (daxil olmaqla);
orta təzyiqli qaz kəmərləri – qazın isçi təzyiqi 0,005 MPa-dan (0,05 kqq/sm2-dən) yuxarı 0,3 MPa-ya (3 kqq/sm2-ə) qədər;
yüksək təzyiqli qaz kəmərləri – isçi təzyiqi 0,3 MPa-dan (3 kqq/sm2-dən) yuxarı.
Xarici qaz kəmərləri necə çəkilməlidir?
Yaşayış məntəqələri ərazisində xarici qaz kəmərləri əsasən torpağa basdırılmalı, sənaye və kommunal müəssisləri ərazisində isə yerin üstü ilə çəkilməlidir.
Məntəqələrarası qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici boyu ilə). Binaların divarının xarici hissəsindən yeraltına keçən bütün yeraltı kommunikasiyaların girişləri və çıxışları kipləşdirilməlidir.
Təzyiqi 6 kqq/sm2 (0.6Mpa) qədər olan qaz kəmərləri yanmayan (dəmir-beton, metal və daş) avtomobil və piyada körpüləri ilə, 12kqq/sm2 (1,2Mpa) qədər təzyiqli qaz kəmərləri isə bəndlər və başqa hidrotexniki tikililərin üzəri ilə çəkilə bilər.
Qaz kəmərlərinin girişlərinin binaların bünövrələrindən və bünövrələrin altından keçməsinə yol verilirmi?
Qaz kəmərlərinin girişləri binaların bünövrələrindən və bünövrələrin altından kecməməlidir. Qaz kəmərlərinin QTM-ə girişlərində və cıxışlarında bünövrələrlə kəsişməsinə yol verilir. Qaz kəməri girişlərinin zirzəmilərdə, lift otaqlarında, ventilyasiya kameralarında və şaxtalarında, zibil toplanan otaqlarda, transformator yarımstansiyalarında, paylayıcı qurğularda, maşın bolmələrində, anbar otaqlarında, partlayış və partlayış-yanğın təhlükəsinə görə A və Б kateqoriyalarına aid edilən otaqlarda yerləşdirilməsinə yol verilmir.