QTM və QTQ yerləşdirilən şkaflar hansı materialdan hazırlanmalı və necə quraşdırılmalıdır?
QTM və QTQ yerləşdirilən şkaflar yanmayan materiallardan hazırlanmalı, onların aşağı və yuxarı hissələrində ventilyasiya üçün deşiklər qoyulmalı, içərisindəki avadanlıqlara xidmət göstərilməsi üçün əlverişli hündürlükdə quraşdırılmalıdır.
Qaz tənzimləyicilərinin istismarına hansı işlər daxildir?
QTM (QTQ)-in istismarına aşağıdakı işlər daxildir:
texniki xidmət;
planlı təmir (cari və əsaslı)
qəza-bərpa işləri
QTM və QTQ-lərdə yoxlamalar necə aparılır?
QTM və QTQ-lərin təhlükəsiz istismarını təmin etmək üçün aparılan yoxlamalar qaz təchizatı müəssisəsinin baş mühəndisi tərəfindən təsdiq olunmuş qrafik üzrə aparılmalıdır.
Hansı sənəd əsasında və kimlər tərəfindən QTM (QTQ)-lərə texniki xidmət göstərilməlidir?
QTM-nin və QTQ-nin texniki xidməti təsdiq olunmuş qrafik (cədvəl) əsasında, xüsusi ixtisaslaşmış usta və 2 nəfər çilingər-nəzarətçi tərəfindən həyata keçirilir.
QTM və QTQ-lər üzərində aparılmış işlər harda qeyd olunmalıdır?
Hər bir QTM və QTQ-nin pasportu olmalı, onun hər hansı hissənin dəyişdirilməsi və təmiri, habelə aparılan bütün işlər barədə həmin pasportda müvafiq qeydlər aparılmalıdır.
Qaz tənzimləyicilərinə texniki baxış hansı müddətdən bir aparılır ?
QTM-nin və QTQ-nin avadanlıqlarına texniki xidmət ayda iki dəfədən az olmayaraq keçirilməlidir.
Yaşayış məntəqələrinin qaz şəbəkələrində lazımi təzyiqin saxlanılmasına nəzarət necə həyata keçirilməlidir?
Şəhərin və yaxud başqa yaşayış məntəqəsinin qaz şəbəkələrində lazımi təzyiqin saxlanılmasına nəzarət ildə iki dəfədən az olmamaq şərtilə şəbəkənin müxtəlif nöqtələrində təzyiqin ölçülməsi yolu ilə həyata keçirilməlidir.