Yeraltı qaz kəmərlərinin xəttinin yoxlama nəzarət dövrüliyi necə müəyyən edilir?
Yeraltı qaz kəmərlərinin xəttinin gəzmə üsulu ilə yoxlamanın vaxtı və işin həcmi Qaz təchizatı müəssisəsinin baş mühəndisinin təsdiq etdiyi təqvim qrafikinə (cədvəlinə) əsasən müəyyən edilir. Şəhər və qəsəbələrdə qaz kəməri trassalarının (zolaqlarının) gəzmə üsulu ilə nəzarətinin müddəti müəyyən edilərkən onların istismar şəraitləri (qaz kəmərinin texniki vəziyyəti, qazın təzyiqi, istismar etmə müddəti, qruntların qabarma xüsusiyyətləri və korroziya aktivliyi, ilin fəsli, elektrik mühafizəsinin mövcudluğu və s.) nəzərə alınmalıdır.
Yerüstü qaz kəmərlərinin gəzmə üsulu yoxlama müddəti və görülən işlər haqqında nə deyə bilərsiniz?
Yerüstü qaz kəmərləri gəzmə üsulu ilə yoxlanılması 3 ayda bir dəfədən az olmamaqla aparılmalıdır. Qaz kəmərlərinin xarici müayinəsi zamanı boruların rənglənməsi; armaturların bütövlüyü, qaz kəmərinin binaların divarlarına və ya dayaqlara bərkidilməsinin (dayaqlardan düşməsinin) vəziyyəti, kənar təşkilatlar və kənar şəxslər tərəfindən özbaşına qaz kəmərlərinə qoşulmalar, elektrik xətlərinin qaz kəmərləri ilə kəsişdiyi yerlərdə onların üstünə düşməsindən mühafizə vasitələrinin mövcudluğu və vəziyyəti yoxlanılmalıdır.
Qaz kəmərlərinin yaxınlığında hər hansı təşkilat tərəfindən torpaq işləri görülərkən qaz təchizatı müəssisəsi nə etməlidir?
İstismarda olan qaz kəməri xətlərinin uzunluğu boyu, hər hansı təşkilat tərəfindən torpaq işləri aparılarkən Qaz təchizatı müəssisəsi, torpaq işləri yerinə yetirilən müddət ərzində öz nümayəndəsinin iş aparılan sahədə olmasını təmin etməlidir.
Polietilen borularda yaranmış zədələrin ləğvi zamanı hansı tələblərə riyət olunmalıdır?
Polietilen borularda yaranmış xırda çatlar (uzunluğu 35 mm-dən kiçik) aşkar edildikdə, polietilen qaz kəmərlərinin təmiri qüsurlu sahədə qaynaq işləri aparmaqla ləğv edilə bilər. Polietilen boruların qaynaq calaqları qırıldıqda, eləcə də boru kəmərlərində iri zədələr (diametri 35 mm-dən böyük dəliklər, uzunluğu 35 mm-dən böyük çatlar) olduqda, qüsurlu sahələr kəsilərək uzunluğu 500 mm-dən az olmayan qısa boru kəsiyi qaynaq edilməklə ləğv edilməlidir.