5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları 5.1. Agentliyin ilkin nizamnamə fondu 9 565 947, 36 (doqquz milyon beş yüz altmış beş min doqquz yüz qırx yeddi manat otuz altı qəpik) manatdır.[55] 5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. [56] 5.5. Agentlik tərəfindən göstərilən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin və xidmətlər zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin tarifləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir. [57] 5.6. Agentlik, sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Agentliyin xərclər smetası əsasında istifadə edir.
5.7. Maliyyə ilinin sonuna Agentliyin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi 6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.[58] 6.2. Agentlik hər il martın 31-dək əvvəlki ildə ölkənin icbari tibbi sığorta sistemi ilə bağlı vəziyyəti və inkişaf perspektivləri barədə hesabatı, habelə Agentliyin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.