17.2. BƏDƏNƏ VƏ AĞIZ BOŞLUĞUNA QULLUQ
Bədənin təmiz saxlanması, dəriyə, saçlara və dişlərə qulluq şəxsi gigiyenanın ən qədim elementlərindəndir. Dərinin funksiyaları çoxdur. Dəri qaz mübadiləsində iştirak edir. İnsan dərisi vasitəsi ilə müəyyən qədər karbon qazı xaric edilir. D vitamini dəridə sintez edilir.
Dəri bədən toxumalarını bir örtük kimi hər tərəfdən əhatə edərək onu xarici təsirlərdən və zədələnmələrdən mühafizə edir. Dəri çox yaxşı hissiyat üzvüdür. O, hərarətin fərqini, təzyiqin dəyişməsini, ağrını, sərtliyi, yumşaqlığı hiss edir. Bundan əlavə, dəri su-duz mübadiləsində iştirak edir. Sutkalıq fəaliyyəti nəticəsində dəri 500-1000 ml-ə qədər tər və 20-25 qrama qədər dəri piyi ifraz edir. Dəri ilə müəyyən miqdarda uçucu maddələr, o cümlədən propanol, metanol, sirkə turşusu, üzvi və qeyri üzvi duzlar, fermentlər də ifraz olunur. Bunların və digər maddələrin dəridə toplanması orada bakteriya və göbələkciklərin artıb-çoxalmasına şərait yaradır. Dəri ölmüş dəri hüceyrələrinin, toz, çirk, kənardan düşmüş mikrobların qarışması nəticəsində daha da çirklənir. Həmin qarışıqlar çirkli bədəndən pis iyin gəlməsinə səbəb olur. Çirklənmiş dəri öz vəzifəsini ifa edə bilmir. Təmizliyin qeydinə qalmayan şəxsin bədənində parazitlər inkişaf edir ki, bu da yoluxucu xəstəliklərin baş verməsinə səbəb olur. Beləliklə, dərinin normal fəaliyyətini təmin etmək üçün onu həmişə təmiz saxlamaq lazımdır. Sağlam və təmiz dərinin mikroblara məhvedici təsir göstərmək xüsusiyyəti vardır.
Dəri orqanizmin istilik mübadiləsində böyük rol oynayır, bədənin istiliyini müvazinətdə saxlayır. Orqanizm xaric etdiyi istiliyin 87%-ni dəri vasitəsilə xaricə verir.
Dərinin təmizliyi üçün bədəni həftədə azı bir dəfə isti su və sabunla yumaq lazımdır. Hələ çox qədim zamanlardan təmiziyi yüksək qiymətləndirən və onu sağlamlığın vacib şərti hesab edən müdriklər çimmiş adama gözaydınlığı verir, təbrik edib «həmişə təmizlikdə» söyləmişlər. İfadə xalqın məişətində bu gün də işlənir və həmişə «sağlam ol» mənasını daşıyır.
Bədənin və saçın yuyulması üçün müxtəlif sabunlardan və sintetik yuyucu vasitələrdən istifadə olunur. Sabun ali yağ turşularının qələvilərlə neytrallaşması yolu ilə alınur. Onların müxtəlif növləri vardır: əl-üz, təsərrüfat, tibbi və texniki əl-üz sabunlarının bəzi növlərinə lanalin əlavə edilməsi («Uşaq» kosmetika sabunları) onlarda qələvinin dərini qıcıqlandırma qabiliyyətini azaldır. Sabunlu isti su (40-600 C) çirklənmiş dəri dərsindən mikrofloranın 80-90%-ni yuyub aparır.
Sabunun növünü seçdikdə nəzərə almaq lazımdır ki, onda sərbəst qələvi nə qədər çox olursa, o dərini bir o qədər çox yağsızlaşdırır və onun quruması təhlükəsi yaranır. Dəri qurudursa və onun buynuz qatı nazikdirsə sabun az işlədilməlidir. Belə halda çox yağlı və ya neytral sabun seçmək lazımdır. Daha zərif təsir göstərən sabun uşaq sabunu adlanan yağlı sabunlardır.
Bədəni və başı təmiz saxlamaq üçün isti su və sabunla müntəzəm yumaq və hər dəfə alt paltarları dəyişmək məsləhətdir. Bədənin açıq yerləri-üz, boyun daha tez çirklənir, bunları gündə ən azı iki dəfə – səhər və axşam yatmazdan əvvəl yumaq lazımdır.
Əllərin təmizliyinə xüsusi fikir verilməlidir. Çirkli əl bir sıra bakteriyaların və qurd yumurtalarının həzm orqanlarına düşüb, xəstəlik törətməsinə səbəb ola bilir. Buna görə də, əllər gündə bir neçə dəfə sabunla yuyulmalıdır. Ayaq yolundan istifadə etdikdən sonra və yeməkdən əvvəl əllər mütləq yuyulmalıdır.
Dırnaqları qısa tutmaq və altını həmişə təmiz saxlamaq vacibdir. Çirklə birlikdə qurd yumurtaları və bakteriyalar dırnaqların altında uzun müddət qala bilir. Əllərin təmizliyinə fikir verildiyi kimi, ayaqların da təmiz saxlanılması vacibdir. Ayaqları tez-tez yuyub tər və çirkdən təmizləmək lazimdir. Bu ayaq tərləməsinə qarşı ən təsirli vasitədir.
Orqanizmin sağlamlığı üçün dişlərin əhəmiyyəti böyükdür. Onlar bizə həm qidanı əzmək üçün , həm də sözləri aydın tələffüz etmək üçün lazımdır. Dişlər sifətə xüsusi gözəllik və yaraşıq verir. Dişsiz adamın batmış ordu, sifəti yöndəmsiz görünür. Buna görə də, daim dişlərimizi qorumalıyıq. Dişləri xarab olmaqdan və ağızın sağlamlığını qorumaq üçün həmişə yeməkdən sonra dişlərin arasına dolmuş yemək qırıntılarını təmizləmək lazımdır. Hər gün səhər gimnastikasından sonra və axşam yatmazdan qabaq dişlər fırça, diş tozu və ya pasta ilə yuyulmalıdır. Diş fırçası elə işlədilməlidir ki, dişin ətini həddindən artıq zədələməsin.
Saçların saxlanılması da xüsusi qayğı tələb edir. Ona pis qulluq etdikdə saç tökülür, başın dərisi müxtəlif xəstəliklərə tutula bilir. Saç hər 7-10 gündən bir, dərisi quru olanlarda isə hər iki həftədən bir yuyulmalıdır. Saçı yumaq üçün uşaq sabunu işlətmək lazımdır. Tük quru və cod olduqda, şampundan istifadə etmək olmaz, çünki bunlar saçı daha da qurudur və yağsızlaşdırır. Saçı daradıqda iri dişli daraqdan istifadə etmək məsləhətdir. Saç müntəzəm olaraq daranmalıdır. Daranma zaman darağın dişləri dəriyə masaj təsiri göstərir ki, bu da tüklərin və baş dərisinin yaxşı qidalanmasından ötrü vacibdir.
İqlim və hava şəraiti yaxşı olduqda, başı açıq gəzmək xeyirlidir. Papaq və digər baş örtüyündən istifadə etdikdə, onlar ağır, yöndəmsiz və havanı pis keçirən olmamalıdır. Sifətin qəşəng görünməsində qaş və kipriyin də əhəmiyyəti vardır. Lakin bunların əsas vəzifəsi gözü qorumaqdır. Bəzən toz, külək və başqa təsirlərdən göz ətrafında tez-tez qızartı əmələ gəlir ki, bu da kipriklərin tökülməsinə səbəb ola bilir. Bu zaman qoruyucu gözlük taxılmalıdır. Ehtiyacı olmadan qaşı, kipriyi müxtəlif rəngləyici boyalarla rəngləmək təhlükəlidir.
Üz qırxmaqdan ötrü işlədilən ülgüc iti və təmiz olmalıdır. İstifadədən əvvəl ülgücün ağzı odekalon və ya bor turşusu məhlulu ilə silinməlidir. İstifadə edilən sabun dərini qıcıqlandırmamalıdır. Sabun tozu və ya xüsusi krem işlətmək yaxşıdır. Həmişə yumşaq tüklü və təmiz fırça işlədilməlidir. Tük qalın olduqda üzü qırxmazdan əvvəl kompres qoymaq onu xeyli yumşaldar. Tük qırxıldıqdan sonra üz ilıq və ya soyuq su ilə yuyulmalı, təmiz, quru və yumşaq dəsmalla qurulanmalıdır. Sonra üzə xüsusi krem sürtmək çox xeyirlidir, çünki onun tərkibindəki qliserin və zəy dəridə əmələ gələn xırda kəsiklərdən qan axmasının qarşısını alır və onları zərərsizləşdirir. Dərisi quru olanlar üzü odekalonla silməməlidirlər, çünki bu üzün dərisini daha da qurudur. Üzdə səpgilər və sızaqlar olduqda ülgüclə üz qırxmaq yaramaz. Belə halda həkimə müraciət edilməlidir. Elektrik ülgücü işlətmək gigiyenik tələblərə daha çox uyğundur, çünki bunun kosmetik üstünlükləri vardır.
Dostları ilə paylaş: |