8. 3. Tibbi-pedaqoji müşahidələrin
formaları
Tibbi–pedaqoji müşahidələrin metodlarının tətbiq edilməsi qarşıya qoyulan vəzifələrdən və onların hansı formada yerinə yetirilməsindən asılıdır. Bu metodlar 2 qrupa bölünür: birinci qrupa-mürəkkəb cihazlar və xüsusi tibbi bilik tələb etməyən ən sadə metodlar, ikinci qrupa-instrumental metodlar daxildir.
Birinci qrupa aiddir: anamnez və xarici müayinə, bədənin çəkisinin öyrənilməsi, nəbzin sayının təyin edilməsi, arterial qan təzyiqinin ölçülməsi, ortostatik sınağın aparılması, tənəffüsün sayının təyin edilməsi, ağciyərlərin həyat tutumunun ölçülməsi, pnevmotaxometr vasitəsilə nəfəsalma və nəfəsvermənin gücünün təyin edilməsi, sinir və sinir-əzələ sisteminin müayinəsi, əlavə yük sınaqlarının icra edilməsi.
İkinci qrup metodlar iki yarımqrupa bölünür: A və B.
A-yarımqrupuna elektrokardioqrafiya, polikardioqrafiya, oksihemo-metriya, xronaksimetriya, elektromioqrafiya və s. aiddir.
B yarımqrupuna radiotelemetriya metodları daxildir: ürək vurğularının sayının təyini, elektrokardioqrafiya, elektromioqrafiya və s.
Anamnez və yorulmanın xarici əlamətləri üzərində müşahidələr həkim və məşqçiyə bütünlükdə orqanizmin vəziyyəti, fiziki işin yerinə yetirilməsi zamanı meydana çıxan gərginliyin səviyyəsi və yorulmanın dərəcəsi haqqında fikir söyləmək imkanı verir. Bunun üçün məşqdən əvvəl idmançının kefi, yorğunluğu, məşq etmək həvəsi və s. haqqında məlumat toplanır. Məşq zamanı da idmançının kefi, hərəkətlər arasındakı fasilənin kifayət qədər olması, ayr-ayrı hərəkətlərin yerinə yetirilməsinin çətinliyi və s. kimi şikayətlər aydınlaşdırılır. Əgər idmançı məşq zamanı və məşqdən sonra hər hansı şikayət söyləyirsə, məşq yükünün onun fiziki hazırlığına kifayət qədər olmamasını və ya sağlamlıq vəziyyətində müəyyən pozğunluğun olmasını sübut edir.
Məşq zamanı xarici müayinə aparıldıqda xarici əlamətlərə görə yorğunluğun baş verməsi haqqında fikir söyləmək mümkün olur: Sifətin rənginin dəyişilməməsi və ya bir qədər qızarması, zəif tərləmə, tənəffüsün tezləşməsi, koordinasiyanın pozulmaması, fəal yeriş yorğunluğunun olmaması və ya zəif yorulmanı göstərir. Orta dərəcəli yorulmada sifətin rəngi çox qızarır, çoxlu tərləmə, dərin və tezləşmiş tənəffüs, hərəkətlərin yerinə yetirildiyi zaman koordinasiyanın pozğunluğu, yeriş vaxtı bir qədər səndələmə müşahidə edilir.
Yorğunluğun böyük dərəcəsində sifətin rəngi qızarır və ya ağarır, hətta göyərir, kəskin tərləyir, tənəffüs kəskin sürətlənir və səthiləşir, hərəkətlərin koordinasiyası əhəmiyyətli dərəcədə pozulur, idmançının diqqəti azalır.
Dərinin rənginin dəyişməsi və tərləmə xarici mühitin temperaturu, küləyin olmaması, qəbul edilən mayenin miqdarı ilə də bağlı ola bilər. Sutka ərzində insan dəri vasitəsilə 900 qr-a yaxın maye itirir. Orta ağırlıqlı fiziki iş nəticəsində itirilən mayenin həcmi 2 litrə qədər, ağır fiziki iş isti hava şəraitində yerinə yetirilərsə və qəbul edilən mayenin miqdarı çox olduqda isə tərin həcmi 8 litrə qədər artır. Yarış zamanı və yarışdan sonra kəskin tərləmə, kefin pisləşməsi, təngənəfəslik həddən artıq yorulmanın və ya hər hansı bir xəstəliyin əlaməti ola bilər.
Yükün təsiri altında idmançının çəkisinin dəyişməsinin böyük əhəmiyyəti vardır. Məşqdən sonra idmançının çəkisi 300-500 qr (məşqlilik dərəcəsi yüksək olanlarda), məşqlərə təzə başlayanlarda isə 700-1000 qr-a qədər azalır. Çox gərgin, uzun sürən məşqlərdən sonra və ya yarışlar zamanı çəki hətta 2-6 kq azala bilər.
Tibbi-pedaqoji müşahidələr zamanı istifadə edilən əsas müayinələr göstərir ki, nəbzin sürətinin tezliyinin, arterial qan təzyiqinin və ortostatik sınağın məşqdən əvvəl və sonra təyin edilməsinin böyük əhəmiyyəti vardır.
Nəbzin sayı məşqdən (yarışdan) əvvəl, qızışmadan, ayrı-ayrı hərəkətləri yerinə yetirildikdən sonra, istirahət arasında və ya yükün intensivliyinin azalması dövrlərində öyrənilir.
Yükün xarakterindən asılı olaraq nəbzin sürətlənməsi və onun bərpasının müddəti idmançının funksional vəziyyətini qiymətləndirməyə imkan verir. Məsələn, 400 m qaçışda 70 saniyədən sonra nəbzin sayı 1 dəqiqədə 200 vurğuya qədər sürətlənərsə, onun bərpası 3 dəqiqəyə qədər (nəbzin sayı 120 vurğu) davam edərsə bu, funksional vəziyyətin pisləşməsinin sübutudur.
Hesab edilir ki, məşq zamanı nəbzin sayı 1 dəqiqədə 140-170 vurğuya çatmırsa bu, işin həcminin kiçik olmasının, 140-170 vurğuya qədər yüksəlirsə fiziki yükün orta gərginlikdə olmasının göstəricisidir. Nəbzin sayı 1 dəqiqə ərzində 180-200 vurğuya çatarsa, həmin yükün idmançı üçün həddən artıq olmasına sübutdur. Məşq etmiş idmançıda adi yükə qarşı nəbzin sayının artması onun həddən artıq yorğunluğunu və ya onun hər hansı bir xəstəliyi ilə əlaqədar funksional vəziyyətinin pisləşməsini göstərir. Nəbzin bərpa edilməsinin tezliyinin orqanizmin funksional vəziyyətinin qiymətləndirilməsində mühüm rolu vardır. Yaxşı məşq etmiş idmançılarda nəbzin dəqiqəlik sayının 160-180 vurğudan 120 vurğuya qədər azalması üçün 60-90 san. vaxt tələb olunur.
İdmançının orqanizminin müxtəlif yükə qarşı uyğunlaşmasının nəbzin reaksiyasına əsasən və onun bərpasının müddətinə görə qiymətləndirilməsi həkim və məşqçiyə məşq prosesini mükəmməlləşdirməyə, pis uyğunlaşdırılmış fiziki hərəkətləri aradan götürməyə, istirahəti düzgün təşkil etməsinə və hərəkətlərin yerinə yetirilməsi ardıcıllığının dəyişdirilməsinə kömək edir.
Arterial qan təzyiqinin ölçülməsi orqanizmin fizikə yükə uyğunlaşmasını yaxşı əks etdirir. Məşq prosesində qarşıda qoyulan vəzifələr nəzərə alınaraq qan təzyiqi hər bir hərəkəti yerinə yetirdikdən sonra, istirahət zamanı, ayrı-ayrı hərəkətlərin seriyasından sonra bərpa dövründə nəzərdə tutulur. Maksimal qan təzyiqinin dəyişkənliyinə görə ürək qan-damar sisteminə təsir göstərən yükün həcmi haqqında fikir irəli sürülür. Əgər maksimal qan təzyiqi 180-200 mm yüksəlirsə yükün həcmi böyük, ürək qan-damar sisteminin reaksiyası güclü hesab edilir. Maksimal qan təzyiqinin 140-170 mm qədər yüksəlməsi yükün orta səviyyədə olmasını, reaksiyanın orta dərəcəli olduğunu göstərir. Güc-sürət xarakterli yükün hesabına maksimal qan təzyiqinin 220-240 mm qədər yüksəlməsi orqanizmin reaksiyasının qeyri-kafi olmasını göstərir.
Fiziki yükə qarşı normada minimal qan təzyiqi azalmalıdır. Onun yüksəlməsi fiziki yükə qarşı orqanizmin uyğunlaşma qabiliyyətinin pisləşməsini sübut edir. İdmançının funksional vəziyyəti görülən fiziki işə uyğun olarsa, ürək qan-damar sistemi ürək vurğularının sayının yüksəlməsinə müvafiq olaraq maksimal qan təzyiqinin və nəbz dalğasının yüksəlməsi ilə cavab verir. Nəbzin kəskin sürətlənməsi, maksimal qan təzyiqinin sabit qalması və ya yüksəlməsi, nəbz dalğasının azalması ürəyin həddən artıq yorğunluğunu, orqanizmin yükə pis uyğunlaşmasını sübut edir.
Arterial qan təzyiqinin müayinəsi nəinki məşq prosesində və ya yarış zamanı, tələbat olduqda məşqdən əvvəl də aparılmalıdır.
Ortostatik sınaq məşq prosesindən sonra bərpa prosesinin effektiv qiymətləndirilmə üsuludur. Odur ki, bu sınağın səhərlər aparılması daha məqsədəuyğundur.
Xarici tənəffüsün müayinəsi tibbi-pedaqoji müşahidələrdə nisbətən az əhəmiyyətə malikdir. Tənəffüs sakit vəziyyətdə məşqdən əvvəl və sonra, bütün məşq prosesində sayılır. Yükün intensivliyindən asılı olaraq tənəffüsün sayı 1 dəqiqədə 20-60-a çata bilər.
Ağciyərlərin həyat tutumu (AHT) və ağciyərlərin maksimum ventilyasiyası (AMV) məşq prosesindən əvvəl və sonra müayinə edilir. Ağciyərlərin həyat tutumu və ağciyərlərin maksimum ventilyasiyası yüngül məşqlərdən sonra sabit qala bilər, arta bilər, bəzi hallarda isə azala bilər (həyat tutumu-100-200 ml, maksimum ventilyasiya – 2- 4 l). Çox böyük yükdən və ya yarışlardan sonra AHT –300-500 ml. AMV- 5-10 l azala bilər.
Pnevmotaxometr vasitəsilə nəfəsalmanın və nəfəs vermənin gücü yükün idmançının funksional vəziyyətinə təsirini göstərir. Məsələn, əgər məşqdən əvvəl nəfəs almanın gücü 6 l/san olduğu halda məşqdən sonra 4 l/san. qədər azalır. Bu da yorulmanın baş verməsini göstərir.
Sinir və sinir-əzələ sistemlərinin müayinə üsulları tibbi-pedaqoji müşahidələrin işində böyük yer tutur, çünki idman məşqlərində və yarışlarda bu sistemlərə böyük diqqət tələb olunur. Məlumdur ki, məşq prosesinin düzgün təşkil edilməməsi çox vaxt idmanıçılarda sinir-əzələ aparatının xəstəliklərinə və zədələnmələrə səbəb olur. Odur ki, fiziki yükün bu sistemə təsirinin öyrənilməsi üçün müayinə üsullarından geniş istifadə etmək lazımdır. Belə sınaqlardan əl əzələlərinin hərəkət tezliyinin, gücünün və statik dözümlülüyünün, gözlər bağlı vəziyyətdə hərəkətlərin dəqiqliyinin, öyrənilməsi, Romberq sınağı geniş istifadə edilir.
Məşq prosesində belə müayinələr məşqlərin ayrı-ayrı hissələrində, ağır hərəkətlər yerinə yetirildikdən və istirahətdən sonra həyata keçirilməlidir.
Əlin və ayağın hərəkət tezliyi tempotest adlı sadə cihazla ölçülür. Müayinə edilən şəxs 10-15 san. müddətində açar vasitəsilə elektrik cərəyanını qapayır. Yorulma nəticəsində hərəkətlərin tezliyi azalır. Məsələn, məşqdən əvvəl 10 san. müddətində 60-90 hərəkət edirsə, kəskin yorulma zamanı 40-60 hərəkət edə bilir.
Məşqlərdən sonra əzələlərin gücünün müayinəsi dinamometr vasitəsilə həyata keçirilir. Böyük fiziki işdən sonra əl əzələlərinin gücü 3-8 kq, bel əzələlərinin gücü isə 5-15 kq azalır.
Gözlər bağlı şəraitdə əl əzələlərinin hərəkət dəqiqliyi xüsusi cihazlarla-kinemanometr və ya dinamometrlə təyin edilir. Məşqlərdən sonra səhvlərin artması yorulmanı və ya idmançının orqanizmində digər funksional pozğunluğun baş verməsini göstərir.
Əl əzələlərinin əsməsini (tremor) Romberq sınağı vasitəsilə və ya xüsusi cihazla-tremometr ilə təyin etmək mümkündür. Yorulma, həyəcanlanma, startdan qabaq reaksiyalar tremoru gücləndirir.
Əlavə fiziki yük sınağı tibbi-pedaqoji müayinələrdə sadəliyinə və alınan məlumatın dəqiqliyinə görə diqqəti cəlb etdiyindən idmançının funksional vəziyyətinin təyin edilməsində geniş istifadəyə yararlıdır.
Əlavə fiziki yük kimi dozalaşdırılmış müxtəlif fiziki yüklərdən istifadə olunur. Bu məqsədlə veloerqometrdə müxtəlif həcmdə və müxtəlif vaxt ərzində yük icra edilir. Bu mümkün olmadıqda step-test sınağı yerində metronomdan istifadə edərək, dizləri hündürlüyə qaldırmaqla qaçış və s. işlər yerinə yetirilir.
Əlavə fiziki yük idmançı tərəfindən bilavasitə məşq zamanı və ondan 10-20 dəq. sonra icra edilir. Əlavə yükə reaksiya nəbzin sayının və arterial qan təzyiqinin dəyişilməsi ilə qiymətləndirilir.
Yükə idmançının orqanizmi üç tip reaksiya ilə cavab verir.
Birinci tipdə məşqdən əvvəl və məşqdən sonra yükə reaksiya çox fərqlənmir. Bu onu sübut edir ki, məşqdən sonra idmançının orqanizminin funksional vəziyyətində ciddi dəyişikliklər meydana çıxmır.
İkinci reaksiya tipində yükdən sonra nəbzin dəyişkənliyi böyük olur, maksimal arterial qan təzyiqi isə məşqdən əvvəlki vəziyyətdən aşağı olur (qayçı fenomeni). Nəbzin və arterial qan təzyiqinin bərpa edilməsinin müddəti uzanır (24 saata qədər). Belə dəyişikliklər funksional vəziyyətin aşağı düşməsini göstərir.
Funksional vəziyyətin belə pisləşməsi idmançının məşqlilik vəziyyətinin kifayət qədər olmaması və ya məşq yükünün çox böyük gərginliklə yerinə yetirilməsi ilə əlaqədar ola bilər.
Reaksiyanın üçüncü tipi orqanizmin əlavə yükə uyğunlaşmasının daha da azalması ilə xarakterizə edilir. Dözümlüyə məşq edən idmançılarda məşqdən sonra astenik (hipotonik) və ya distonik reaksiya, sürət-güc inkişaf etdirən idman növlərində isə hipertonik reaksiya meydana çıxa bilir. Belə hallarda bərpa prosesi çox uzanır. Bu reaksiya tipi onun hazırlığının kifayət qədər olmamasından, məşq zamanı həddən artıq yükdən istifadə etməsindən və ya onun həddən artıq yorulmasından irəli gələ bilər.
Bu reaksiya tipi müşahidə edilərsə, idmançının funksional vəziyyətinin bərpasının normaya düşməsini təyin etmək üçün ertəsi gün müayinə təkrar aparılmalıdır.
Əlavə yük sınağında standart yükdən başqa məşqçi tərəfindən nəzərdə tutulan spesifik yük sınağı da istifadə üçün yararlıdır. Spesifik yük sınağı idmançının ixtisasından və dərəcəsindən asılı olaraq təyin edilir. Məsələn, yaxın məsafəyə qaçanlar, futbolçular, hokkeyçilər üçün 50-80 m məsafəyə qaçmaq, orta məsafəyə qaçanlar üçün 150-200 m qaçmaq, üzgüçülər üçün 20-50 m məsafəyə üzmək məsləhət görülür. Əlavə yük bədənin qızışdırılmasından sonra və məşqin sonunda həyata keçirilir. Bu halda idmançı ən yüksək nəticə göstərməyə çalışmalıdır. Əlavə yük sınağı zamanı nəbzin və arterial qan təzyiqinin reaksiyasının müayinəsi, əlavə məsafənin qət edilməsinin vaxtı da (və ya digər idman-texniki göstərici) nəzərə alınır.
Əlavə spesifik yük sınağı tətbiq edildikdə dörd reaksiya tipi ayırd edilir.
Birinci reaksiya tipi zamanı iş görmə qabiliyyəti azalmır, fiziki yükə üyğunlaşma məşqin sonunda dəyişmir. Belə reaksiya idmançının orqanizminin funksional vəziyyətinin yaxşı olmasını göstərir.
İkinci reaksiya tipi iş qabiliyyətinin saxlanılması və ürək qan-damar sisteminin isə pis uyğunlaşması ilə xarakterizə olunur. Belə reaksiya orqanizminin funksional vəziyyəti azalmış idmançılarda müşahidə edilir.
Üçüncü reaksiya tipi iş qabiliyyətinin aşağı düşməsi və əlavə yükə ürək qan-damar sisteminin pis uyğunlaşması ilə xarakterizə olunur (hipertonik reaksiya, bərpa prosesinin uzanması). Belə reaksiya məşq etməmiş və həddən artıq yorulmuş idmançılarda meydana çıxır.
Dördüncü reaksiya tipində iş qabiliyyəti aşağı enir, uyğunlaşma isə dəyişməmiş qalır. Belə reaksiya məşq prosesinin təsiri nəticəsində idmançının funksional vəziyyətinin pisləşməsini sübut edir. Bu, olduqca böyük yükün icra edilməsi ya da idmançının kifayət qədər məşq etməməsi ilə əlaqıdardır.
İdmançıların xüsusi məşqlilik vəziyyətini təyin etmək məqsədilə tibbi-pedaqoji müşahidələr zamanı təkrar yük sınaqları həyata keçirilir.
Bu sınaqlar məşq prosesində tətbiq edilir. Yükün ölçüsü məşqin mərhələsindən, idmançının məşqlilik səviyyəsindən və idman dərəcəsindən asılı olaraq həkim və məşqçi tərəfindən təyin edilir. Yük, həmçinin idmançının müayinə ediləcək fiziki keyfiyyəti nəzərə alınaraq təyin edilir (dözümlülüyünü, cəldlik, güc). Məsələn, marafonçunun sürət dözümlülüyünü qiymətləndirmək lazımdırsa, o, 400 m məsafəni 3-4 dəq istirahət etməklə 8-10 dəfə qət etməlidir. Əgər dözümlülüyün qiymətləndirilməsi tələb olunursa, 3 km məsafəni 5-4 dəq. istirəhət etməklə 3-4 dəfə qaçmalıdır. Müxtəlif idman növlərində tətbiq edilən yükün xarakteri 7-ci cədvəldə verilir.
Dostları ilə paylaş: |