8. 1. Tibbi-pedaqoji müşahidələrin vəzifələri
Tibbi-pedaqoji müşahidələrin qarşısında aşağıdakı vəzifələr qoyulur:
1. Tədris-məşq məşğələlərinin şəraitinin və təşkilinin qiymətləndirilməsi, məşqçi və müəllimin fəaliyyətini tibbi baxımdan yoxlanılmas;
2. Məşğul olan şəxslərin sağlamlıq vəziyyətinin və ya aşkara çıxan dəyişikliklərin öyrənilməsi, məşq prosesində meydana çıxan patoloji vəziyyətin aşkar edilməsi;
3. İdmançıların xüsusi məşqlilik vəziyyətinin qiymətləndirilməsi üçün orqanizmin funksional vəziyyətinin təyin edilməsi;
4. Tədris-məşq prosesinin təkmilləşdirilməsi və fərdiləşdirilməsi üçün tətbiq edilən məşq sisteminin idmançının imkanlarına uyğunluğunun qiymətləndirilməsi;
5. Böyük həcmdə fiziki iş görüləndən sonra bərpa proseslərinin yaxşılaşdırılmasına yönələn tibbi, pedaqoji və psixoloji vasitələrin qiymətləndirilməsi və seçilməsi (dərman vasitələri, fizioterapiya, müxtəlif masajlar, su prosedurları, hamam, işin xarakterinin dəyişilməsi, yükün həcminin və gərginliyinin dalğavari dəyişilməsi, autogen məşq vəs.).
Tibbi-pedaqoji müşahidələr məşqlərin şəraiti və təşkilinin qiymətləndirilməsi, idmançıların sağlamlıq vəziyyətinin öyrənilməsi və s. məqsədilə aparıldıqda həkimin mövqeyi üstünlük təşkil edir. Əgər məşqlilik səviyyəsi qiymətləndirilirsə bərpa proseslərinin yaxşılaşdırılması və tədris-məşq proseslərinin təkmilləşdirilməsi məsələləri həll edilirsə əsas vəzifələr məşqçi və müəllimin üzərinə düşür.
Məşqlərin keçirilmə yerinin şəraitinin öyrənilməsi böyük əhəmiyyətə malikdir, çünki məşqin aparılması şəraiti qeyri-kafi olduqda idmançının orqanizminə mənfi təsir göstərir və idman zədələnmələrinin meydana çıxmasına səbəb olur. Həkim məşq prosesinin şəraitində, həmçinin məşqlərin təşkilində və keçirilməsində çatışmazlıqları aşkar etməlidir (məsələn, məşqlərin sıxlığı, avadanlığın və mümarisələrin düzgün dəyişdirilməməsi, hərəkətlər yerinə yetirildikdə mühafizənin kifayət qədər təşkil edilməməsi, qızışmanın azlığı). Aşkar edilən çatışmamazlıqlar məşqçi və müəllimlə birlikdə aradan qaldırılmalıdır.
Fiziki yükün orqanizmə təsirinin öyrənilməsi üçün tibbi müayinələr məşq yerlərində davam etdirilməlidir, çünki böyük həcmdə fiziki yük yerinə yetirilən zaman oraqnizmin sağlamlığında gizli çatmamazlıqlar aşkar oluna bilir.
Müayinələrin bilavasitə məşq və yarış prosesində aparılması idmançının orqanizmində baş verən funksional dəyişikliklərin öyrənilməsini asanlaşdırır.
Müasir idman fəaliyyətində böyük fiziki yükün tətbiq edilməsi bərpa prosesləri gedişinin dəqiq öyrənilməsini tələb edir. Odur ki, bərpa prosesində istifadə edilən müxtəlif vasitələrin rolu məhz tibbi-pedaqoji müşahidələr zamanı aydınlaşır.
Dostları ilə paylaş: |