İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə143/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   139   140   141   142   143   144   145   146   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

17.3. GEYİMİN GİGİYENASI
Geyim ilk dövrlərdən bədəni meteoroloji şəraitin əlverişsiz amillərindən və mexaniki təsirlərindən qorumaq zərurətindən meydana gəlmişdir. Geyim və mənzil sayəsində insan tropik ölkələrdən tutmuş, uzaq şimala qədər yer kürəsinin bütün iqlim zonalarında məskən salmışdır.

Adamlar özlərinin həyat təcrübəsinə əsasən gigiyenik tələblərə uyğun parça və paltar seçmişlər. Yerli şəraitdən asılı olaraq milli geyim növləri yaranmışdır. Hazırda insanı şüa enerjisindən, ionlaşdırıcı radiasiyadan, tozdan, bədbəxt hadisələrdən, yanıqlar və başqa zərərli təsirlərdən qoruyan müxtəlif cür iş paltarlarından geniş istifadə edilir.

Paltarın gigiyenik xassəsi onun parçasından, toxunma üsulundan və tikilmə formasından çox asılıdır. Paltara gigiyenik cəhətcə qiymət verdikdə onun fiziki xassələri, istilik keçirmə qabiliyyəti, məsaməliyi, hava buraxması, su keçiriciliyi hiqroskopikliyi insan orqanizmi ilə qarşılıqlı münasibətdə öyrənilməlidir. Hər şeydən əvvəl geyim insanın yaşadığı yerin şəraitinə, mövsümə və iqlimə müvafiq olmalı, bədənin istiliyini qoruyub saxlamalıdır. İnsan paltar vasitəsilə ətrafında süni surətdə tənzim edilən mikroiqlim yaradır.

Əsas geyim hissələri bunlardır: alt paltar, don, üst paltar, baş geyimi və ayaqqabı.

Alt paltarın vəzifəsi dərini çirklənməkdən və üstdən geyilən paltarların sərt qıcıqlandırılmasından qorumaqdır. Bədəndə olan alt paltar tərlə, dəri piyi ilə, tozla və mikroorqanizmlərlə çirklənir. Onlar paltarın məsamələrini tutub parçanın havaburaxma qabiliyyətini azaldır və xoşagəlməz iy əmələ gətirir. Buna görə də, alt paltar tez-tez dəyişdirilməlidir. Alt paltar yüngül, yumşaq, elastik, kifayət qədər sıx toxunmuş, təri yaxşı hopduran və asan buxarlandıran, hava və su buxarını buraxan, islandıqda havaburaxma xassəsini itirməyən, isti su və sabunla tez yuyulan, möhkəm və açıq rəngli olmalıdır. Ən yaxşısı ağ parçadan tikilmiş alt paltardır, çünki onun çirki tez bilinir. Alt paltarı kətan və nazik iplik parçadan tikirlər. Kətan parçalardan tikilmiş alt paltar yumşaq olur, bədəni tez çirkləndirməyə qoymur, möhkəm olur, asan yuyulur, dəfələrlə yuyulduqda belə xassəsini itirmir. Kətan parçanın çatışmayan cəhəti ondadır ki, o, tərlə islandıqda havaburaxma qabiliyyətini itirib bədənə yapışır və xoşagəlməz nəmlilik yaradır.

İplikdən toxunan alt paltarın da yaxşı xassələri vardır. Belə paltar elastik olub, bədənin hərəkətini məhdudlaşdırmır, islandıqda onun havaburaxma xassəsi çox azalmır.

Yundan toxunmuş trikotaj parça isə alt paltar üçün münasib sayılmır, çünki o, dərini sürtür və isti suda yuyulduqda xassələrini dəyişir. Buna görə də, yun alt paltar ancaq soyuq iqlimdə geyilir.

Alt paltarları üçün ən yaxşı parça təbii və süni ipəkdən (viskoz) toxunmuş trikotaj parçalar hesab olunur. Sintetik parça olan xlorindən tikilmiş alt paltarı yüksək qiymətləndirilir. Belə paltar trikotaj şəklində buraxılır, istiliyi yaxşı saxlayır və az hiqroskopik olmasına baxmayaraq, təri və su buxarını yaxşı buraxır.

Yay baş geyimləri istiliyi az keçirən, açıq rəngli, yüngül parçadan–ağ kətandan, həsirdən, mantardan, nazik mahuddan tikilir. Günəşin düz düşən şüalarından qorunmaq üçün bunların yanları və ya günlüyü enli, həmçinin hava mübadiləsi üçün deşikləri olmalıdır. Baş geyimi başa kip toxunmayıb ondan 2-3 sm aralı olmalıdır. Qış üçün pambıqdan sırınmış, qalın parçadan və ya xəzdən tikilmiş papaq yaxşıdır. Üzü və qulaqları don vurmasın deyə qulaqlı papaqlar daha əlverişli hesab edilir.

Gigiyenik tələbi ödəyən ayaqqabı ayağı çirklənmədən, zədələrdən, soyuqdan və rütubətdən qorumalıdır. Ayaqqabı ayağın formasına uyğun olmalı, onu sıxmamalı, qan dövranını pozmamalı və mümkün qədər yüngül olmalıdır. Buna görə də, ayaqqabı tikilən material elastik, çirki tez təmizlənən, istiliyi az keçirən, su buraxmayan və eyni zamanda ayaqqabı ilə ayaq arasında qalan boşluqda havanın dəyişməsi üçün kifayət qədər məsaməli olmalıdır. Ayaqqabı tikmək üçün yuxarıdakı tələblərə cavab verən ən yaxşı material ayaqqabının içərisində havanın dəyişməsi üçün kifyət qədər məsaməsi olan dəridir (42%-ə qədər). Yalnız lak çəkilmiş dəri qətiyyən hava buraxmır. Dərini əvəz edən materiallar gigiyenik xassəsinə görə dəriyə oxşar olmalıdır. Dəridən tikilmiş çəkmə ilə corab geyildikdə bədənin istilik itkisi çılpaq ayaqdan 10 dəfə az olur. Dərinin bir çox üstün cəhətlərinə baxmayaraq, onun havaburaxma xassəsi paltarın parçasından xeyli az olduğuna görə ayaq çox tərləyir. Odur ki, ayağı təmiz saxlamaq, corabları tez-tez yumaq lazımdır. Yayda havası yaxşı dəyişən ayaqqabı, səndəl, dabanı açıq ayaqqabı, üstü havaburaxan parçadan tikilmiş və ya yanları açıq ayaqqabı geymək məsləhətdir.

Ayaqqabı ayağı sıxdıqda qan dövranı pozulur, ayaq soyuyur və çox tərləyir. Hətta bəzən ayağın sümükləri əyilir, tağ yastılaşır, bu da yastıpəncəliyə səbəb olur. Yuxarıda göstərilən qüsurlar çox dəbdə olan uzun və dar ayaqqabı geymiş şəxslərdə daha çox müşahidə edilir. Ayaqqabının dabanı 2-3 sm-dən artıq olmamalıdır, belə daban ayağın tağını yavaş-yavaş açaraq yeriməyə kömək edir və əzələlər tez yorulmur. Dabanın altına rezin vurulduqda yeriş daha elastik olur. Ayaqqabının dabanı həddindən artıq hündür olduqda bədənin ağırlıq mərkəzi qabağa gedir, ayağın bağları və baldır əzələləri həddindən artıq gərginləşir, yeridikdə diz qatlanır, addımlar kiçikləşir, adamın yerişi dəyişir və o səndələyir. Bunlar adamın həddindən artıq tez yorulmasına, çox zaman isə travmalara (xüsusən topuq oynağı nahiyyəsində) səbəb olur. Hündürdaban, xüsusən, «mildaban» çəkmə qızlar və cavan qadınlar üçün çox zərərlidir, çünki, bu onurğanın əyriliyinin, çanağın normal şəklinin dəyişməsinə səbəb olur və gələcəkdə doğuşu çətinləşdirə bilər.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin