XIX F Ə S İ L
QİDALANMANIN GİGİYENASI
İDMANÇILARIN QİDALANMASININ XÜSUSİYYƏTLƏRİ
Orqanizimdə gedən bioloji proseslərə daim müəyyən qədər maddə və enerji sərf olunur ki, bu da qəbul olunan qidanın tərkibindəki zülallar, yağlar və karbohidratlar, vitaminlər, mineral maddələrin hesabına ödənilir.
Səmərəli, keyfiyyət və kəmiyyətcə tam dəyərli qida xarici mühitin bir sıra amilləri ilə birlikdə orqanizmin inkişafını təmin edir, onun dözümlü olmasına imkan yaradır, əmək qabiliyyətini artırır. Tərkibində lazımi miqdarda zülallar, yağlar, vitaminlər və mineral maddələr olan tam keyfiyyətli qida orqanizmin yoluxucu xəstəliklərə qarşı mübarizəsini gücləndirir, zəhərli maddələrə qarşı müqavimətini artırır.
Qidanın tərkibi heyvan və bitki mənşəli qida maddələrinin qarışığıdır. Qidanın tərkibi keyfiyyətcə beş əsas elementdən - zülallar, yağlar, sulu karbonlar, vitaminlər və mineral maddələrdən ibarətdir.
Gün ərzində qəbul edilən qida payının enerji dəyərini və keyfiyyət tərkibini təyin edərkən, insanın gördüyü işin xarakterini, yaşını, cinsini, bədənin kütləsini, onun fizioloji vəziyyətini, iqlim şəraitini və başqa amilləri də nəzərə almaq lazım gəlir.
Səmərəli qidalanma sağlam insanın fizioloji tam dəyərli qidalanmasıdır. Belə qidalanma orqanizmin daxili mühitinin sabitliyini təmin edir və onun həyat fəaliyyətini (böyümə, inkişaf, orqan və sistemlərin normal funksiyası) daim normal səviyyədə saxlayır.
Səmərəli qidalanmanın təmin edilməsi üçün gündəlik qida payı və aşağıdakı tələblərə cavab verməlidir:
1.Qəbul olunan qida payının verdiyi enerji orqanizmin sərf etdiyi enerjini ödəməlidir (qida kəmiyyətcə tamdəyərli olmalıdır);
2. Qida payı keyfiyyətcə tam dəyərli olmalı, onun tərkibindəki zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələrin miqdarı və nisbəti orqanizmin fizioloji təlabatını ödəməlidir;
Gün ərzində yeyilən qida qəbul saatlarına görə düzgün bölüşdürülməklə, qidalanma rejiminə əməll edilməlidir;
Qida kulinariya emalından düzgün keçirilməli, ona xoş dad, ətir və görkəm verilməklə rəngarəngliyi, müvafiq hərarəti, qida maddələrinin daha yaxşı həcmi olunmalı, mənimsənilməsi və doyum hissi yaratması təmin edilməlidir;
Yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və kulinariya emalı sanitariya qaydalarına tam cavab verməli, baş verə bilən qida zəhərlənmələrinin, infeksiyaların və helmintozların qarşısı alınmalıdır.
Əsas mübadiləyə sərf edilən enerji orqanizmin tam sakit halda, uzanmış vəziyyətdə sərf etdiyi enerjinin miqdarıdır. Bu enerji səhər, ac qarına, normal otaq hərarətində təyin edilir. Əsas mübadilə bədənin kütləsindən, bədən səthinin ölçüsündən və yaşdan asılıdır. Bədənin kütləsi və həcmi böyük olarsa, əsas mübadiləyə sərf edilən enerjinin miqdarı da çox olur. Əksinə, yaşın çox olması isə əsas mübadiləyə sərf edilən enerjinin 10-15% azalmasına gətirib çıxarır. Qadınlarda əzələ toxumasının kütləsinin az olması ilə əlaqədar əsas mübadiləyə 5-8% az enerji sərf olunur. Yaşlı insanda orta hesabla əsas mübadiləyə bədənin hər kq çəkisinə bir saatda 1 kkal enerji sərf edilir. Əzələ fəaliyyəti, fiziki iş, məşqlər mübadiləni və gün ərzində sərf edilən enerjinin miqdarını artıran əsas səbəblərdəndir.
Ümumi enerji sərfinin miqdarını öyrənməklə qaz mübadiləsini təyin edirlər. Aparılan külli miqdarda elmi-tədqiqatların nəticəsində məişətdə və idmanın müəyyən növlərində idmançının 1 dəqiqə müddətində 1 kq kütləyə sərf etdiyi enerjinin miqdarı öyrənilmişdir (cədvəl № 17).
Göstərilən məlumatları əldə etdikdn sonra gün ərzində iş fəaliyyəti, məşq, yuxu, qida qəbulu, istirahət və digər fəaliyyət sahələrini nəzərə alaraq gündəlik enerji sərfinin miqdarını hesablamaq olur. Bu isə bizə gündəlik qidaya və enerjiyə olan tələbin miqdarını təyin etməyə imkan verər.
Qida maddələrinə və enerjiyə tələbat normativlərinə əsasən əhali iş fəaliyyətinin intensivliyindən asılı olaraq beş qrupa bölünür.
I qrup – Zehni əməklə məşğul işçilər: idarə və müəssisə rəhbərləri, mühəndis-texniki işçilər, tibb işçiləri (cərrahlar və tibb bacılarından başqa), müəllimlər (bədən tərbiyəsi müəllimlərindən başqa), elm, mədəni-maarif, plan-uçot sahələri üzrə və s. işçilər.
Bu qrupa daxil olan şəxslər gün ərzində orta hesabla hər kq çəkiyə 40 kkal enerji sərf edir.
Dostları ilə paylaş: |