2.5. İstilik tənziminin pozulması
Orqanizmin bədən temperaturunun xarici mühitin temperatur dəyişkənliyindən asılı olmayaraq sabit saxlamaq xüsusiyyəti istilik tənzimi adlanır.
Orqanizmin daxili temperaturunun sabit saxlanılması onun istiliyi xarici mühitə verməsi ilə (fiziki mexanizm), istiliyin əmələ gəlməsi (kimyəvi mexanizm) arasındakı müvazinətdən asılıdır.
İstilik tənziminin pozulması, əsasən, bədənin temperaturunun həddən artıq aşağı düşməsi (hipotermiya), həddən artıq yüksəlməsi (hipertermiya) və qızdırma şəklində təzahür edir.
Bədənin hipotermiyası orqanizmə aşağı temperatur təsir etdikdə istiliyin bədən tərəfindən həddən artıq miqdarda xaric edilməsi və istiliyin əmələ gəlməsi proseslərinin pozulması nəticəsində meydana çıxır.
Sakitlik vəziyyətində və çılpaq halda olduqda xarici mühitin temperaturu bədənin temperaturundan 10-150 aşağı düşərsə, bədənin soyuması baş verir. Küləkli və rütubətli hava bədənin soyumasını sürətləndirir.
Qanın miqdarının azalması, fiziki və ruhi yorğunluq, spirtli içkilərin qəbulu və dərinin qan damarlarının genişlənməsi hesabına qanın axınını artıran bəzi narkotik maddələrin istifadə edilməsi bədənin soyumasına kömək edir.
Uşaqlar və qocalar aşağı temperaturun təsirinə daha çox həssas olurlar.
Orqanizmə aşağı temperatur təsir etdikdə əvvəlcə periferik qan damarları büzülür və dəri vasitəsilə istiliyin xaricə verilməsi azalır, eyni zamanda istiliyin əmələ gəlməsi artır. Bu səbəbdən, həmçinin qan damarlarında arterial təzyiqin yüksəlməsi, əzələlərdə istiliyin əmələ gəlməsini artıran əzələlərin titrəməsi ( üşütmə ) bədənin daimi temperaturunun sabit qalmasına kömək edir.
Aşağı temperaturun təsiri davam edərsə, bədənin istilik itirməsi və oksigen sərfinin çoxalması səbəbindən oksigen aclığı inkişaf edir. Bu zaman maddələr mübadiləsinin sürəti azalır və tədricən orqanizmin bütün fəaliyyəti pozulur, arterial qan təzyiqi aşağı enir, ürək vurğularının və tənəffüsün sayı seyrəkləşir, gərgin yorğunluq və süstlük müşahidə olunur. Bədənin temperaturu 23-240 C-yə qədər enərsə, tənəffüsin iflici nəticəsində şəxs tələf olur.
Hipertermiya və ya bədənin artıq qızması insan uzun müddət yüksək temperatura məruz qaldıqda müşahidə edilir. Fiziki işin təsiri nəticəsində bədəndə istiliyin əmələ gəlməsi sürətləndiyi üçün bədənin qızması artır, küləksiz və yüksək rütubətlik şəraitində bu proses sürətlənmiş olur.
Hipertermiya isti və hava buraxmayan idman paltarında məşq etdikdə və su qəbulu məhdudlaşdırıldıqda daha tez özünü göstərir.
Uzun müddətli gərgin fiziki iş icra edilən bəzi idman növlərində (məsələn, böyük məsafəyə qaçan idmançılarda və velosiped sürənlərdə) hipertermiya tez-tez müşahidə edilir.
Hipertermiya nəticəsində insanda istilik vurma baş verə bilir. İstilik vurmanın aşağıdakı əlamətləri gözə çarpır: bədənin temperaturunun 420 C-yə qədər yüksəlməsi, ümumi oyanıqlıq, maddələr mübadiləsinin sürətlənməsi, şiddətli təngənəfəslik, ürəkdöyünmə, qusma. Ağır hallarda huş itir, reflekslər zəifləyir, qıcolma müşahidə edilir və ürək fəaliyyəti pozulur. İnsan həmin şəraitdə qalarsa və ona təcili tibbi yardım göstərilməzsə o tələf ola bilər.
Qızdırma orqanizmin hər hansı qıcığa qarşı reaksiyası olub, istilik tənziminin pozulması və bədənin temperaturunun yüksəlməsi ilə müşahidə edilir.
Qızdırma orqanizmin xəstəlik törədici amillərə qarşı müdafiəedici reaksiyasıdır. Bu, ancaq müəyyən şəraitdə orqanizmə mənfi təsir göstərə bilir.
Qızdırma dövründə fiziki hərəkətlər etmək qəti qadağandır. Qızdırma endikdən sonra fiziki hərəkətlər tətbiq edilməlidir.
Dostları ilə paylaş: |