İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə22/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

ANTROPOMETRİYA
Antropometriya (yunanca «antropos»-insan, «metriya»-ölçmək deməkdir) müayinəsi xarici müayinəni tamamlayaraq insan orqanizminin fiziki inkişafının daha da düzgün təyin edilməsinə imkan verir.

Antropometrik müayinə zamanı şəxslərin fiziki inkişaf dərəcəsi müəyyən edilir, nəticədə onları müxtəlif fiziki inkişaf qruplarına bölmək, fiziki inkişafda gedən dəyişiklikləri izləmək, bu və ya digər idman növünün onlara təsirini aydınlaşdırmaq mümkün olur.

Müayinə eyni şəxs tərəfindən və saz alətlərlə aparılarsa, daha dəqiq nəticələr əldə edilər. Təcrübə göstərir ki, ən düzgün göstəricilər səhər müayinələri zamanı alınır. Təkrar müayinələr eyni saatlara salınarsa, daha öbyektiv nəticələr əldə edilə bilər.

İdmançının boyu ilk növbədə taxta boyölçən və ya metal antropometr ilə ölçülür. Taxta boyölçən üzərində boyu göstərən bölgüləri olan dirəkdən ibarətdir. Boyun uzunluğu dirək üzrə sərbəst hərəkət edən lövhə ilə müəyyən edilir. Bundan əlavə boyu oturmuş vəziyyətdə ölçmək üçün 40 sm hündürlüyündə oturacaq vardır. Müayinə edilən şəxs ayaqqabılarını çıxardaraq arxası dirəyə söykənir. O elə vəziyyətdə durmalıdır ki, xarici qulaq dəliyini birləşdirən xəyali xətt üfüqi vəziyyət alsın. Gövdənin kürək, oma nahiyələri və dabanlar dirəyə toxunmalıdır. Oturmuş halda gövdənin uzunluğunu təyin etmək üçün şəxs ancaq kürək və oma nahiyələrini dirəyə söykəməlidir.

Sonra boyun üzünlüğündan gövdənin uzunluğunu çıxaraq ayaqların uzunluğunu hesablayırlar. Normada ayaqların uzunluğu gövdənin uzunluğundan 9-10 sm artıq olmalıdır. Bu fərq az olarsa ayaqlar uzun, çox olduqda isə qısa kimi qiymətləndirilir.

Fiziki inkişafın əsas göstəricilərindən biri də çəkidir. Bunu nəzərə alaraq çəkinin dəyişməsinə xüsusi fikir verilməlidir. Çəki dəqiqliyi 50-100 qr arasında olan tibbi tərəzi ilə təyin edilir. Bir qayda olaraq şəxs soyunaraq, ac qarına səhərlər müayinə olunmalıdır.

Bədənin bir sıra nahiyələrinin çevrəsini təyin etmək üçün santimetr lentindən istifadə edilir. Boyunun çevrəsini müayinə etmək üçün lent qalxanabənzər qığırdığın altından boyuna dolanmalıdır. Boyunun dairəvi ölçüsü onun əzələlərinin inkişafını göstərir.

Döş qəfəsinin dairəvi ölçüsünü təyin etmək üçün əllər yanlara açılır və lent arxadan kürəklərin küncünün altına, öndən isə kişilərdə məmə xətti üzərinə, qadınlarda dördüncü qabırğanın üstünə qoyulur. Ölçü zamanı əllər aşağı sallanmalıdır.

Döş qəfəsinin dairəvi ölçüsü üç halda ölçülür: sakit halda, dərin nəfəs aldıqda və dərin nəfəs verdikdə. Nəfəs alma və nəfəs vermə arasındakı fərq döş qəfəsinin ekskursiyası adlanır. Sağlam şəxslərdə onun ölçüsü 6-8 sm-ə bərabərdir.

Bazunun dairəvi ölçüsü bazu əzələlərinin inkişafını göstərir. Bazunun dairəvi ölçüsünü gərgin və boşalmış hallarda müayinə etmək lazımdır. Onların arasındakı fərq əsasında əzələlərin qüvvəsini müəyyən etmək olar. Gərginlik və boşalma zamanı alınan rəqəmlər arasındakı fərq 3-4 sm olarsa, əzələlər yaxşı, 2-3 sm olarsa orta və 2 sm-dən az olarsa onların zəif inkişaf etdiyini göstərir.

Beli qalça sümüklərinin daraqlarından 3 sm yuxarı ölçmək lazımdır.

Budların dairəvi ölçüsünü müəyyən edərkən aşağı ətraflar çiyin bərabərində yana aralanır. Lent arxadan sağrı xəttinin üstünə, ondan isə döşəməyə üfüqi olmaq şərti ilə buda dolandırılır.

Baldırın dairəsini ölçərkən lenti əvvəlki vəziyyətdə durmuş şəxsin baldırının ən enli yerinə dolayırlar.

Bədənin diametrlərini ölçmək üçün xüsusi pərgardan istifadə edilir. Pərgar açılıb-bükülən, bir-biri ilə bağlanmış qövsəbənzər əyri ayaqcığlardan ibarətdir.

Döş qəfəsinin horizontal diametrini ölçərkən pərgarın ayaqları orta qoltuq xətti üzərinə qoyulur. Döş qəfəsinin ön-arxa ölçüsünü təyin edərkən ayaqcıqlardan biri IV qabırğa bərabərində döş sümüyünün üstünə, digəri isə həmin səviyyədə yerləşən fəqərənin arxa çıxıntısının üstünə qoyulur.

Çanağın genişliyini ayaqcıqları qalça sümüklərinin ön-üst cıxıntısı üzərinə qoymaqla təyin etmək olar.

Çiynin diametrini və ya enliyini təyin etmək üçün pərgarın ayaqcıqları kürək sümüklərinin akromial çıxıntıları üzərinə qoyulur.

Ovuc və əl barmaqlarını bükən əzələlərin qüvvəsi əl dinamometri ilə ölçülür. Bunun üçün dinamometri götürüb əli irəli uzadaraq yana salıb sıxırlar. Bu hərəkət iki dəfə təkrar olunur və ən yüksək rəqəm qeyd edilir.

Bel əzələlərinin gücünü təyin etmək üçün istinad dinamometrindən istifadə edilir. Şəxs dizlərini bükmədən başını yuxarı qaldırıb var qüvvəsi ilə dinamometrin dəstəyindən dartır. Yoxlama iki dəfə aparılır və ən yüksək nəticə yazılır.

Ağciyərlərin həyat tutumu spirometr vasitəsilə ölçülür. Quru və yaş spiromemtr tipi vardır. Şəxs bir neçə dəfə nəfəs alıb verdikdən sonra dərindən nəfəs alıb spirometrin müştüyünü üfürür. Müayinə 2-3 dəfə təkrar edilir və ən böyük rəqəm qeyd edilir. Bu rəqəm ağciyərlərin həyat tutumunu göstərir və sm3 və ya ml ilə ifadə olunur. Həyat tutumu insanın boyundan, diafraqmanın qüvvəsindən, idmançının məşğul olduğu idman növünün təsirindən dəyişilə bilir (normada kişilərdə 3500-4500 sm3).

Həyata keçirilən sınaqlar əsasında fiziki inkişafın qiymətləndirilməsi üçün bir neçə üsul təklif olunmuşdur. Bunlardan ən çox indeksləri hesablama, korreliyasiya və standartlarla müqayisə üsullarından istifadə edilir.

İndekslər və ya göstəricilər iki və ya bir neçə əlamətin nisbətini xarakterizə edən rəqəmə deyilir (məsələn, çəkinin boya olan nisbəti və s.).

İndekslər üsulu antropometrik məlumatın ancaq təxmini qiymətləndirilməsi üçün istifadə edilir.

Boyun ayaq üstə və oturan yerdə ölçüsünü öyrənərək gövdə göstəricisini tapmaq olur. Bunun üçün boyun ölçüsündən gövdənin ölçüsü çıxılaraq aşağı ətrafların uzunluğu təyin edilir. Gövdənin ölçüsündən aşağı ətrafların uzunluğunu çıxdıqda isə gövdə indeksi tapılır. Bu indeks kişilərdə 9-10 sm, qadınlarda 11-12 sm-dir.

Çox vaxt çəki-boy indeksindən və ya Brok indeksindən istifadə olunur. Brok indeksinə görə insanın hündürlüyündən 100 rəqəmini çıxanda şəxsin çəkisi alınır. Amma bu indeks boyu 155-165 sm olan şəxslər üçün düzdür. Bu məqsədlə Bruqş indeksə dəyişiklik etmişdir. Onun fikrinə görə boy 165-175 sm arasında olarsa ondan 105 sm, 175 sm-dən yuxarı olarsa ondan 110 sm çıxmaq lazımdır.

Bekert bu indeksə yeni düzəliş verərək boy qrupundan müvafiq olaraq 103, 106, 110 rəqəmlərini çıxmağı təklif etmişdir.

Ketle indeksi və ya köklük göstəricisi çəkinin (qramlarla) boya (santimetrlə) olan nisbəti ilə təyin edilir. İdmançılarda bu indeks 362-415 qram arasında olub, boy və bədən quruluşundan asılıdır.

Bədən quruluşunun göstəricisi və ya Pinye indeksi bir neçə rəqəmləri əhatə edir. Bu indeks aşağıdakı düsturla göstərilir:

X=L-(P+T)

Burada, L-boy (sm), P-çəki (kq), T-(sm)-döş qəfəsinin çevrəsidir. Göstərici 10 olarsa bədən möhkəm, 10-20 qədər olduqda yaxşı, 20-25 qədər olduqda orta, 25-dən yuxarı - zəif hesab olunur.

Döş qəfəsinin inkişafını və ağciyərlərin həyat tutumunu Erisman göstəricisi və ya həyat göstəricisi ilə bilmək olar. Erisman göstəricisini tapmaq üçün döş qəfəsinin dairəvi ölçüsündən boyun ölçüsünün yarısını çıxmaq lazımdır. Kişilər üçün bu göstərici + 5,8 sm, qadınlar üçün + 3,8 sm-ə bərabərdir.

Ağciyərlərin həyat tutumunu qiymətləndirmək üçün həyat tutumunun göstəricisini (sm3) çəkiyə bölmək (kq) lazımdır. Kişilər üçün 1 kq çəkiyə 60 sm3 hava həcmi, qadınlar üçün 62 sm3 hava həcmi normal hesab olunur. Bu aşağıdakı düsturla hesablanır.

P = Ağciyərlərin həyat tutumu (sm3)

Çəki (kq)


Əzələ qüvvəsinin çəkiyə münasibətini öyrənmək üçün dinamometr ilə təyin edilən əlin kiloqramlarla göstəricisini 100 vurub çəkiyə bölmək lazımdır. Kişilərdə bu indeks 65-75%, qadınlarda isə 45-55% təşkil edir.

İstinad əzələlərinin gücünü təyin etmək üçün dinamometrlə təyin edilmiş kiloqramlarla göstəricini 100-ə vurub bədənin çəkisinə bölmək lazımdır. Bu indeks kişilərdə 200-222%, qadınlarda 135-150% təşkil edir. İdmançılarda isə bu rəqəm daha yüksək olur (260-300%).

Antropometrik standartlar yaşa, cinsə, peşəyə, ictimai tərkibə, iqlim şəraitinə və s. görə eyni olan qrupların orta kəmiyyətidir. Orta kəmiyyət almaq üçün eyni əlamətli məlumatlar, məsələn, boy, çəki və s. cəmlənir və alınmış ümumi miqdar müayinələrin sayına bölünür. Alınan rəqəm orta kəmiyyət olacaqdır. Çox zaman antropometrik məlumatlar üzərində variasiya statistikası metodu ilə işləyirlər. Bu metodla hər bir antropometrik əlamət üçün (çəki, boy, dinamometriya, diametrlər və s.) əsas orta kəmiyyət tapılır. Fiziki inkişafın göstəriciləri orta rəqəmlərə uyğun gələrsə və ya ondan +1,0 fərqlənərsə, inkişaf orta hesab olunur.

Korreliyasiya üsulu fiziki inkişaf əlamətlərinin bir-biri ilə əlaqədar olması prinsipinə əsaslanmasıdır. Bir göstəricinin artması müsbət əlamət hesab olunur. Mənfidə isə biri artdıqda o birisi azalır. Əlamətlər arasında bu cür qarşılıqlı əlaqə korreliyasiya-riyazi əlaqə əmsalı kimi göstərilir və «r» hərfi ilə işarə edilir. «r»-in ən yüksək qiyməti =1-dir. «r» vahidə nə qədər yaxın olarsa, əlamətlər arası əlaqə də bir o qədər sıx olur. Korreliyasiya əmsalı vasitəsi ilə reqressiya əmsalı hesablanır. Bu kəmiyyət «R» hərfi ilə işarə olunur. Reqresiya əmsalı bir əlamətin bir vahid dəyişdiyi zaman, o birisinin kəmiyyətcə necə dəyişdiyini göstərir.

Fiziki inkişafın və bədən quruluşunun müxtəlif idman növlərindən müəyyən asılılığı müəyyən edilmişdir.

Atletika idman növündə göstərilən nailiyyətlər bədənin ümumi ölçülərindən (çəkidən və boydan) çox asılıdır. Qaçışda, tullanmada, disk və nüvə tullamada ən yüksək nailiyyətlər hündür boylu idmançılar tərəfindən əldə edilir. Məsələn, XI Olimpiya oyunlarında iştirak edən idmançıların boyu ilə məsafənin uzunluğu arasında müəyyən asılılıq gözə çarpır. 400 m məsafəyə qaçan idmançıların boyu 180 sm, 800 m qaçanlarınkı-178,5 sm, 1500 m qaçanlarınkı – 178 sm, 5 km qaçanlarda -173 sm və 10 km qaçanlarda 172 sm təşkil etmişdir. Marafon qaçışında isə boy cəmi 167 sm olmuşdur. Çəki-boy indeksi məsafənin artması ilə azalmağa meyl göstərir. Bu indekslər 401 qr-dan 320 qrama qədər azalır.

Hündürlüyə tullanan idmançıların orta boyu 180 sm, disk atanlarınkı 189 sm, nüvə tullayanların orta boyu isə 196 sm təşkil edirdi.

Sprint qaçışında idmançıların ayaqlarının uzunluğu böyük əhəmiyyətə malikdir.

Üzgüçülər atletik bədən quruluşuna malik olmaqla bədənlərinin uzunluğu orta boydan uca olur. Onların gövdələri nisbətən qısa, ayaqları uzun, çiyinləri enli, çanaqları ensiz, döş qəfəsləri yastılaşmış olur. Bununla bərabər onların yuxarı ətrafları qısa olur (xüsusilə krol üzgücülük növündə, arxası üstə üzən idmançılarda).

Ağırlıqqaldıranların bədən quruluşu aşağıdakı kimi qiymətləndirilir: kürəkləri enli, boyları qısa, əzələləri böyük, aşağı ətrafları qısa, qamətləri çox vaxt pozulmuş olur (başın vəziyyəti dəyişilir, bel lordozu artır).

Gimnastların boyu orta rəqəmlərə yaxınlaşır, döş qəfəslərinin ölçüləri orta, çəkiləri isə nisbətən kiçik olur. Məsələn, gimnastların orta boyu 165 sm, çəkiləri isə 60 kq-a bərabərdir. Onlarda gövdə qısa, bel nazik, çanaq ensiz, yuxarı ətraflar qısa, çiyinlər enli, ayaqlar isə uzun və nazik olur.

Güləşlə məşğul olan idmançıların boyu onların nailiyyətlərinə çox təsir göstərir. Yüksək dərəcəli idmançıların boyu yüksək olur. Onların bədəni enli, döş qəfəsinin, boyunun, budlarının, baldırlarının çevrələri nisbətən böyük, ayaqları və yuxarı ətrafları nisbətən qısadır.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin