İdman təbabəTİ VƏ GİGİyena


Somatoskopiya və ya xarici müayinə



Yüklə 1,93 Mb.
səhifə21/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Somatoskopiya və ya xarici müayinə
Xarici müyainə qamətin qiymətləndirilməsi ilə başlanır. Qamət insanın ayaqüstü vəziyyətində qiymətləndirilir. Qamət düzgün olduqda baş və gövdə vertikal xətt üzrə yerləşir, çiyinlər bir səviyyədə olur, kürək sümükləri döş qəfəsinə sıxılır, onurğanın fizioloji əyrilikləri normal vəziyyətdə, döş qəfəsi qabarıq, qarın çəkilmiş olur.

Başın vəziyyəti gövdənin vəziyyətinə əsasən qiymətləndirilir. Baş gövdə ilə eyni bir vertikal xətt üzrə yerləşir. Sonra çiyin qurşağının vəziyyətini qeyd etmək lazımdır. Bəzi idman növlərində (nizə atanlar, kanoyeçilər, boksçular) çiyin qurşağının vəziyyəti qeyri-bərabər inkişaf etmiş olur.

Onurğa sütununun formasının müayinə edilməsinə böyük diqqət yetirmək lazımdır. İnsanın onurğa sütununda 4 fizioloji əyrilik vardır: boyun və bel lordozları (önə əyrilik), döş və oma kifozları (arxaya əyrilik). Bu əyriliklər ressorluq xüsusiyyət daşıyır, yəni yeriş, qaçış və hoppanma zamanı bədənin silkələnməsinin qarşısını alır.

Fizioloji əyriliklərin dərinliyi 3-4 sm-dən çox olmamalıdır. Bu əyriliklərin dərinliyi kifoskoliozometr vasitəsilə təyin edilir. Əyriliklərin dərinliyi və ardıcıllığı dəyişdikdə qamət dəyişilir. Onurğa sütununun yastı, girdə, girdə-batıq, yastı-batıq kimi patoloji formaları ayırd edilir.

Yastı onurğa sütununda bütün fizioloji əyriliklərin dərinliyi azalır, döş qəfəsi yastılaşır, onurğa sütununun ressor funksiyası pozulur. Yastı onurğa sütununda yana əyriliklər daha tez-tez müşahidə edilir.

Girdə onurğa sütununda döş kifozu və bel lordozu aşkar gözə çarpır. Yastı-batıq onurğa sütununda isə ancaq bel lordozu güclənmiş olur.

Patoloji kifozlar və lordozlar tənəffüsü, qan dövranını və həzm sistemini zəiflədir. Həkim və bədən tərbiyəsi müəllimi bu nöqsanların ləğv edilməsi üçün birlikdə ölçü götürməli və onlardan ötrü müvafiq mümarislər seçməlidirlər. Bu zaman əsas fikir bel, döş və qarın əzələlərinin yuklənməsinə fikir verilməlidir.

Onurğa sütununun müayinəsi onda yana əyriliklərin, yəni skoliozların olmasını təyin etməklə tamamlanır.

Skoliozlar sadə və mürəkkəb ola bilər. Sadə skoliozda bir əyrilik müşahidə olunur.

Skoliozlar 3 dərəcəyə bölünür. Birinci dərəcəli skoliozda hələ onurğa tamamilə əyilməmişdir və düzəldici hərəkətlərlə onun düzgün formasını tam bərpa etmək mümkündür. Bu skolioz funksional forma hesab edilir, müayinə olunan şəxs əllərini boynunun arxasına qoyarsa, əyrilik itir.

İkinci dərəcəli skoliozda şəxs əlləri üzərində sallandıqda əyrilik itir.

Üçüncü dərəcəli skoliozda isə sallanma zamanı əyrilik itmir.

Skoliozun əsas əlamətlərindən çiyinlərin, kürək sümüklərinin qeyri-bərabər yerləşməsini, bel üçbucağının müxtəlif ölçüdə olmasını göstərmək olar.

Skoliozlara məktəb yaşlarda təsadüf edildiyindən onları tez aşkara çıxarıb müalicə etmək lazımdır. Skoliozlar arxa əzələləri zəif inkişaf etmiş şəxslərdə bədənin aşağı və yuxarı hissələrinin uzun müddət düz vəziyyətdə olmasının nəticəsidir.

Döş hissəsinin sağ və ya sol tərəfli skoliozı, adətən,çiyinin uşaq yaşlarında uzun müddət qeyri-normal vəziyyətdə qalmasından meydana çıxır. Bel hissəsinin skoliozu isə döş skoliozunun təsiri nəticəsində, ya da aşağı ətraflardan birinin qısa olmasından törənir. Belə skolioza S-ə bənzər skolioz deyilir.

Onurğanın eyni zamanda həm arxaya, həm də yana əyilməsi kifoskolioz adlanır. Belə əyrilik ağır hal hesab edilir.

Onurğanın əyriliklərini ölçmək üçün D.F.Deşinin prinsipləri əsasında A.J.Podpolyanskaya cihaz təklif etmişdir. Həmin cihaz döşəmənin 50-60sm hündürlüyündən başlayaraq hər bir santimetr arasında dəliyi olan vertikal nazik taxtadan ibərətdir. Həmin dəliklərdə asanlıqla hərəkət edən çubuqlar qoyulur. Müayinə edilən şəxs arxası və yanı ilə vertikal taxtaya söykənir, çubuqlar onurğaya toxunana qədər hərəkət edirlər. Çubuqların vəziyyəti əsasında onurğanın formasını müəyyən etmək olur.

Əzələlərin inkişafının dərəcəsinə, onun relyefinə və eyni bərabərlikdə olmasına fikir verilməlidir. Əzələlərin inkişafı yaxşı, kafi və zəif kimi qiymətləndirilir. Əzələlərin kiçik həcmdə olması, relyefinin görünməməsi, tonusunun azalması, onların zəif olması hesab edilir. Əgər əzələlərin həcmi ortadırsa, onların tonusu kafidirsə və relyefi zəifdirsə onların inkişafı kafi kimi qiymətləndirilir. Əzələlər yaxşı inkişaf etdikdə onların relyefi, həcmi və tonusu aydın görünür. Qeyd etmək lazımdır ki, idmanın növündən asılı olaraq əzələlərin relyefi az və ya çox gözə çarpır. Məsələn, üzgücülərdə piy təbəqəsinin çox inkişaf etməsindən asılı olaraq əzələlərin yaxşı inkişaf etməsinə baxmayaraq onların relyefi gözə zəif çarpmış olur.

Aşağı ətrafların və pəncənin müayinəsinə də diqqət yetirmək vacibdir.

«Fərəqət» duruşunda budlar, baldırlar, dabanlar birləşərək aralarında boşluq əmələ gəlməzsə, qıçların forması normal hesab edilir.

Qıçların 2 patoloji forması qeyd edilir: «0» və «X»-ə bənzər ayaqlar.

«0» formalı qıçlarda dabanlar birləşdiyi halda dizlərin iç səthləri bir-birindən çox aralı durur.

«X» formalı qıçlarda isə sərbəst duruşda dizlərin iç səthləri birləşdiyi halda dabanlar birləşmir.

«0» və «X» formalı qıçların dərəcəsi santimetrli xətkeş ilə ölçülür.

Qıçların patoloji formalarının meydana çıxmasına səbəb ayaq əzələlərinin zəif inkişafı və yaxud aşağı ətraf sümüklərinin və əzələlərin lazımi dərəcədə inkişaf etdirilmədən yüksək fiziki işlə yüklənməsidir. Raxit xəstəliyi zamanı da orqanizmdə D vitamininin çatmamazlığı hesabına sümüklərdə kalsium və fosfor elementlərinin mənimsənilməsinin pozulması ilə əlaqədar patoloji formalar inkişaf edə bilir.

Pəncələr öz formasına görə normal, sıxılmış və ya yastı olur. Pəncənin formasını onun tağı (qübbəsi) ilə təyin edirlər. Pəncənin formasını daha düzgün təyin etmək üçün Çiyin indeksindən istifadə etmək olar.

Yastı pəncəlikdə uzun müddət ayaq üstə durduqda və ya gəzdikdə, idman hərəkətləri zamanı (qaçış, tullanma) aşağı ətraflara böyük yük düşdüyü üçün ayaqlarda ağırlıq müşahidə edilir. Belə hallarda idmançılara müvəqqəti olaraq istirahət verilməli, fiziki yükü azaldılmalı, ayaq qübbəsini normal vəziyyətdə saxlayan xüsusi ayaqqabı və ya supinatorlar geyməsi məsləhət görülməlidir.

Döş qəfəsinin müayinəsinə fikir verilməlidir. Döş qəfəsinin 3 normal forması ayırd edilir: silindrik, konusvari, yastılaşmış.

Döş qəfəsinin forması onurğanın, kürəklərin, körpücük sümüyünün yerləşməsindən və döş qəfəsinin ön və ön-arxa ölçülərindən asılıdır.

Silindrik formalı döş qəfəsinə tez-tez rast gəlmək olur. D.F.Deşinin fikrincə belə döş qəfəsi böyük məşq stajına malik idmançılarda olur. İdmanla məşğul olmayanların əksəriyyətinin döş qəfəsi formaca yastı olur.

Silindrik döş qəfəsi silindri xatırladır və bu zaman qabırğalar horizontal yerləşir, qabırğaarası bucaq 900 təşkil edir. Konusvari döş qəfəsi kəsilmiş konusu xatırladır, qabırğalar horizontal yerləşir, qabırğaarası bucaq isə 900-dən artıq olur. Yastılaşmış döş qəfəsi onun ön-arxa diametrinin kiçilməsi ilə xarakterizə olunur, qabırğalar aşağı istiqamətə baxır, qabırğaarası bucaq isə iti bucaq təşkil edir.

Bir sıra xəstəliklər nəticəsində döş qəfəsinin patoloji raxitik və ya toyuq döşünə oxşar, emfizemalı və ya çəlləyə bənzər, qıfabənzər və s. formaları meydana çıxır.

Döş qəfəsinin bu qüsurlarına səbəb əsas etibarilə müxtəlif xəstəliklər, iş və ya yaşayış şəraitidir. Həddən artıq dar və yastılaşmış döş qəfəsi olan adamlara döş əzələlərinin, rombabənzər və kürəyi fiksasiya edən əzələləri möhkəmləndirən xüsusi fiziki hərəkətlərlə məşğul olmaq məsləhət görülür. Ümumiyyətlə, döş qəfəsini inkişaf etdirmək üçün tənəffüsü gücləndirən hərəkətlərlə, məsələn, qaçış, avarçəkmə və s. məşğul olmaq lazımdır.

İdmançıların köklüyü, yəni dərialtı piy toxumasının inkişaf dərəcəsi müayinə edildikdə, o normal, zəif və yüksək kimi qiymətləndirilir.

Köklük qiymətləndirildikdə xarici müainədən əlavə palpasiya üsulu da tətbiq edilir. Bu zaman baş və şəhadət barmaqlarla 5 sm enində dəri qatı qarın nahiyəsində, kürək sümüyündən aşağı arxa səthdə və budda sıxılır.

Zəif köklük zamanı əzələ relyefi aydın görünür, palpasiya zamanı barmaqlar bir-birinə toxunur. Köklüyün normal dərəcəsində əzələ relyefi bir qədər zəif ifadə olunur, barmaqlar bir-birinə az toxunur, dəri qatı sərbəst götürülür. Köklük çox olduqda isə əzələ relyefi itir, dəri qatı çətinliklə tutulur.

Somatoskopiya zamanı dərinin vəziyyətinə fikir vermək vacibdir (rəngi, elastikliyi, nəmliyi, səpkilərin, çapıqların olması və s).


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin