12. Dram əsərlərinin ifadəli oxusu
İnsan şəxsiyyətinin formalaşmasında incəsənətin, o cümlədən də bədii ədəbiyyatın tədrisinin imkan və üsulları çox zəngin və rəngarəngdir. Orta məktəbin yuxarı siniflərində öyrədilən bədii əsərlər içərisində dram əsərləri də çoxluq təşkil edir. Dram əsərinin səhnə sənəti ilə əlaqədar olması onların təsirini daha da artırır. Bu əsərlərin tədrisi metodikası lirik və epik əsərlərin öyrənilməsi və təhlili üsullarından müəyyən dərəcədə fərqlənir. Dram eposla lirikanın birləşməsindən əmələ gəlsə də, nə epik, nə də lirik əsərdir. O, müstəqil bir ədəbi növdür. Konflikt dramın əsas elementlərindən biri sayıla bilər. Lakin dram əsərinin quruluşu konfliktin yığcam olmasını tələb edir. Dram əsəri əsasən, dialoq üzərində qurulur. Bu əsərlərin mətni iki hissədən – müəllif sözündən (remarkalardan) və dialoqlardan ibarətdir.
Müəllim dram əsərlərini sinifdə tədris edərkən janrın və səhnə sənətinin xüsusiyyətlərini mütləq nəzərə almalıdır. Dram əsərlərinin tədrisi isə daha da maraqlı və fərqlidir. Axı, dram əsərləri həyatı obrazlı şəkildə əks etdirir. Bu, dramatik növə daxil olan komediya, faciə və dram janrının hər birinə aiddir. Dramatik əsərlərdə hadisələr, surətlərin xarakteri daha çox dialoqların köməyi ilə üzə çıxır. Hərəkət, fəaliyyət mənasını ifadə edən dram əsərlərini şagirdlər kor-koranə oxuyub tanış olmur, hətta bunun canlı iştirakçısına çevrilirlər. Dram əsərinin istər sinifdə oxunması və mətni üzərində şagirdlərin müstəqil işləməsi, istərsə də bu əsərlərin təhlili prosesində göstərilən xüsusiyyətlər nəzərə alınmazsa, təlim prosesi, qavrama natamam olar, müəllim məqsədinə çatmaqda çətinlik çəkər, bədii əsərin məzmun və forma vəhdəti açılmaz, anlaşılmaz qalar. İstər müəllimin dərsə hazırlığı, əsərlərin sinifdə oxunması və təhlili prosesində, istərsə də sinifdənkənar işlərdə dram əsərlərinin xüusiyyətləri nəzərdən qaçırılmamalıdır. Dramatik əsərlərdə hadisələr, surətlərin xarakteri daha çox dialoqların köməyi ilə üzə çıxır. Hərəkət, fəaliyyət mənasını ifadə edən dram əsərlərini şagirdlər kor-koranə oxuyub tanış olmur, hətta bunun canlı iştirakçısına çevrilirlər. Dram əsərlərinin mənimsənilməsi üçün müxtəlif metod və üsulları tətbiq etməyə çalışılmalıdır. Bu şagirdləri axtarışa sövq edər. Bu cür dərsləri bir neçə mərhələdə qurmaq olar. Məsələn, məlumatın fərdi olaraq araşdırılması; Əldə edilmiş məlumatın çatdırılması; Əldə edilmiş məlumatın tətbiqi və s. Birinci mərhələdə şagirdlər keçiləcək yeni mövzu haqqında əvvəlcədən müəllim tərəfindən məlumatlandırılır. İKT-nin imknlarından istifadə etməyi bacaran şagirdlər axtarışa cəlb edilir. İkinci mərhələdə şagirdlər əldə etdikləri məlumatı yeni dərsdə digər yoldaşlarına da çatdırır və bu mövzuda sinifdə müzakirələr aparırlar. Üçüncü mərhələdə şagirdlər artıq dərslikdəki məlumatla da yüklənərək əsəri müzakirə edir, düşündürücü suallar verir, mövzunu daha geniş dairədə mənimsəyirlər. Bu mərhələlərin yerinə yetirilməsi şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır. Dram əsərini tədris edərkən əvvəlcə müəllifin həyat və yaradıcılığı haqqında məlumat verilməlidir ki, şagirdlərdə keçilən mövzuya maraq daha da artsın. Buna nümunə olaraq Azərbaycan dramaturgiyasının və realist nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı əsasında hazırlanan dərsə nəzər salaq. Əldə edilmiş məlumatları daha da möhkəmləndirmək üçün müəllifin həyatını əhatə edən slaydlar təqdim edilir. Slayddakı sualları şagirdlər cavablandırırlar. Müəllifin dramaturgiyasına müraciət etməmişdən əvvəl Axundzadənin dramaturgiyanın komediya janrına üstünlük vermə səbəblərini açıqlamaq lazımdır. Dramaturqun 1850-1855-ci illərdə yazdığı altı komediyanı slaydda xronoloji ardıcıllığına riayət etmədən təqdim edilir. Şagirdlər bu mərhələdə düşünərək doğru ardıcıllıgı birlikdə tapırlar. Sonra ardıcıllığı düzərək qeyd edirlər. Onlar cavabın doğruluğunu növbəti slaydla yoxlayırlar. Bu üsulla əsərlərin ardıcıllığı daha da yaddaqalan olur. Onun hər bir komediyası haqqında isə bir slayd hazırlanır. Slaydları təqdim etdikcə şagirdlər komedyanın əsas qəhrəmanları və mövzusu haqqında konkret məlumat verirlər. Həmin slaydlarda əsərlərə aid tamaşalardan parçalar yerləşdirməklə o dövr haqqında şagirdlərdə təsəvvür yaratmaq olar. Eyni zamanda əsərlər, onların haqqında verilən məlumatlar, əldə edilmiş araşdırmalar və şagirdlər tərəfindən aparılmış tədqiqat işləri birlikdə müzakirə edilir. M.F.Axundzadə əsərlərində dövrünü, dövrün tarixi xüsusiyyətlərini daha aydın şəkildə əks etdirdiyi üçün, tarix fənni ilə blok dərs daha da maraqlıdır. Çünki çar höküməti dövründə Azərbaycan bəylərinin, kəndlilərinin vəziyyəti, naçalnikin çar hökümətinin həyata keçirdiyi “ali silk”(bəy, xan, ağa və s.)haqqında siyasəti, 1848-ci il inqilabına işarə və s. hadisələr buna zəmin yaradır. Belə blok dərs vasitəsi ilə şagirdlər əsəri həm ədəbi, həm də tarixi mövqedən görüb təhlil etmək imkanı əldə edirlər. Bir dərsdə bir neçə fənnə inteqrasiya şagirdlərin həyati əhəmiyyətli olan bilik qazanmalarına, şəxsiyyətinin formalaşmasına imkan yaradır. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır. Dram əsərlərində obrazların xarakterlərini şagirdlər canlandırarkən, obrazların xarakterini, danışıq tərzini, səsini, mimikasını, bədii portretini diqqət mərkəzinə çəkmək lazımdır. Əgər belə olarsa səhnəciklər daha maraqlı olar. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır. Sinifdə şagirdlər Axundzadənin dram əsərlərindən xəsisliyi mənfi bir xüsusiyyət kimi ifşa edən “Sərgüzəşti-mərdi-xəsis” əsəri ilə yaxından tanış olurlar. Axundzadə bu əsərdə sələflərindən fərqli olaraq yeni və orijinal xəsis surəti yaratmışdır. Bu surət yerli və milli xüsusiyyətləri də özündə cəmləşdirmişdir. Hacı Qaranın, Heydər bəyin, Tükəzin, Sonanın və başqa obrazların xüsusiyyəti barədə şagirdlər artıq məlumatlıdırlar. Əsərdə ən çox şagirdlərin diqqətini çəkən Heydər bəyin monoloqu, Heydər bəy və Sona xanımın, bəylər və Hacı Qaranın, Hacı Qara və Tükəzin dialoqudur. Şagirdlər “Hacı Qara” filmindən obrazların xüsusiyyətlərini izləyərək əsərlə tanış olmaq imkanı əldə edirlər. Bundan başqa şagirdlər teatr tamaşasına gedərək, əsəri peşəkar aktyorların oyununu izləməklə tanış olurlar. Bu isə onlarda həmin obrazları canlandırmaq həvəsi oyadır. Bunun üçün dərsdən əlavə məşğələlər də olmalıdır. Şagirdlər əsərdən parçalar üzərində işləməklə, rolları canlandırmaqla əsərə başqa mövqedən baxmaq imkanı əldə edirlər. Əslində əsərdəki sarsıdıcı gülüşün insan əxlaqına, mənəviyyatına necə müsbət təsir etdiyini öz rolları vasitəsilə şagirdlər başa düşürlər. Çünki komedyanın qəhrəmanı və əsas surətləri tənqid hədəfi kimi götürülür. Komedyanın əsasını acı gülüş təşkil edir ki, tənqid üsullarından ən qüvvətlisidir. Belə əsərlərdəki “göz yaşları içərisindən keçən” gülüş gələcək nəslin tərbiyəsində, formalaşmasında böyük iş görür. Şagirdlər bu komediyadakı obrazların xüsusiyyətlərini canlandıraraq çox maraqlı səhnəciklər hazırlayırlar. Səhnəciklərin hazırlanması zamanı valideyinlər də tamaşaçı kimi iştirak edə bilərlər. Onlar övladlarını həvəsləndirər, daha həvəslə çalışmağa sövq edər və onlara məlum olmayan qabiliyyətləri ilə də tanış olarlar. Nəticədə müəllimin zəhməti, şagirdlərin səyi nəticəsində şagirdlər yüksək səviyyədə səhnəciklər hazırlaya bilərlər. Beləliklə, Azərbaycan dramaturgiyasının şah əsəri olan “Hacı Qara” şagirdlər tərəfindən səhnələşdirilir və uğurla təqdim olunur. Nəticədə şagirdlər mövzunu fəal şəkildə mənimsəyir, bilik, bacarıq və vərdişlərə yiyələnmə təcrübəsi əldə edirlər. Dram əsərlərinin bu şəkildə oxunması şagirdlərin ədəbiyyata olan sevgisini artırmaqla yanaşı, onların dünya görüşünün artmasına da kömək edər. Eyni zamanda gələcək nəslin nitqinin inkişafında, onun cəmiyyət işərisində özünü müstəqil şəkildə düzgün ifadə etməsinə yardım edər.
Dramatik əsər süjetlidir. Onlarda zaman və məkan, cərəyan edən hadisələr göstərilir. Süjetin söz ilə ifadə olunması üçün iki üsul mövcuddur: birincisi, əvvəllər baş vermiş hadisələr haqqında "kənardan" danışılsın; ikincisi , personajların özlərinin nitqləri. Bu bədii nitq arasındakı münasibət epos və dramın özünəməxsusluğunu müəyyən edir. Eposda nəqletmə və iştirakçıların nitqləri sərbəstdir. Eposun imkanları daha genişdir ki. bunu dram haqqında demək olmaz. Dramın mətni aktyorlar üçün səhnədən deyilmək, söylənmək məqsədilə nəzərdə tutulur. O eposa məxsus olan universallıqdan məhrumdur. Dramatik əsər hər şeydən əvvəl öz həcminə görə məhduddur. Bunu da teatral sənətin şəraiti tələb edir. Dramatik əsərlər portret və peyzaj xarakteristikaları, ətraf mühitin təsviri, əsərdəki hadisələr iştirakçıların sözlərində öz ifadələrini tapır. Dramın xarici xsüsusiyyətləri nəzəriyyəçi alimlərin diqqətini cəlb etmişdir. Alman romantizmi dövründən etibarən dramın nəzəri cəhətdən təhlili fəlsəfi koteqoriyaların köməyi ilə aparılmalıdır. Məsələn, Hegel dramaya obyektivlik ilə subyektivliyin sintezi kimi baxmışdır.
Dramatik əsərin özünəməxsusluğu hər şeydən əvvəl onların nitqləri ilə müəyyənləşdirilir. Dramın ədəbi növü kimi xarakterizə olunmuş xüsusiyyətləri ilkindir, başlanğıcıdır. Dramatik yaradıcılığın spesifik problremlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. Dram janrı mövcud olandan bu günə kimi dramın nəzəri problemlətrinə dair çoxlu əsərlər yazılmışdır.
Hər bir bədii əsərin sinifdə öyrənilməsi onun oxunması ilə başlanır. Dram əsərləri də belədir. Onu oxumaq da olar, səhnədə tamaşa etmək də. Lakin dram əsərinə səhnədə tamaşa etməklə onun mətnini oxumaq eyni deyildir. Orta məktəbdə təlim prosesində şagirdlər dram əsərləri ilə tamaşaçı kimi yox, oxucu kimi tanış olurlar. Bədii əsərin sinifdə oxunması elə təşkil edilməlidir ki, şagirdlər onu düzgün qavraya bilsinlər. Sinifdə dram əsərinin mətni oxunarkən qavramanı asanlaşdırmaq vəzifəsi müəllimin öhdəsinə düşür. Dram əsərlərindən seçilmiş parçalar sinifdə fərdi oxu şəklində yox, kollektivin iştirakı ilə, səhnələşdirilmiş şəkildə oxunur. Müəllimin rəhbərliyi ilə aparılan bu iş formasına məktəb təcrübəsində dramatik oxu adı verilmişdir. Müəllim dramatik oxunu təşkil etməyə hazırlaşarkən rol bölgüsünə xüsusi əhəmiyyət verməlidir. Dram əsərlərinin mətnini sinifdə bütünlüklə oxumaq mümkün deyil. Əsərdən yalnız xarakterik parçalar, süjet xəttinin əsasını təşkil edən pərdələr seçilib oxunur. Dram əsərləri necə oxunmalıdır?
1.Dram əsərlərinin oxunması o dərəcədə düzgün təşkil edilməlidir ki, əsər yaxşı anlaşılsın,yazıçının qələmindən çıxdığı kimi dərk edilin.
2. Dram əsəri danışıq tərzində oxunmalıdır.
3. Dram əsərində dialoqlar ilə müəllif sözünü bir-birinə qarışdırmaq olmaz.
Beləliklə, dram əsəri həm bədii əsər, həm də səhnə ilə bağlı olduğundan müəyyən xüsusiyyətlərə malikdir. Həmin əsərlərin sinifdə oxunması, məzmunu üzərində işin təşkili, ideya-bədii təhlili yolları, istifadə olunan priyomlar həm janrın özünəxas keyfiyyətlərinin açılmasına, həm də təlimin yüksək səviyyədə təşkilinə xidmət etməlidir. Dram əsərlərinin bu şəkildə tədrisi şagirdlərin ədəbiyyata olan sevgisini artırmaqla yanaşı, onların dünya görüşünün artmasına da kömək edir. Eyni zamanda gələcək nəslin nitqinin inkişafında, onun cəmiyyət işərisində özünü müstəqil şəkildə düzgün ifadə etməsinə yardım edir.
Dostları ilə paylaş: |