İfadəli oxudan praktikum ali məktəblərin filoloji istiqamətdə olan ixtisaslarının fənn proqramlarında əsas yer tutur



Yüklə 389,5 Kb.
səhifə24/32
tarix01.01.2022
ölçüsü389,5 Kb.
#50644
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
İfadəli oxudan praktikum-599-Dərs vəsaiti

10. Lirik əsərlərin ifadəli oxusu

Lirika qədim yunanların çalğı aləti olan lira sözündəndir. Lirika haqqında ilk məlumata məşhur yunan filosofu Aristotelin “Poetika” əsərində rast gəlinir. Lirik əsərlər, yəni şeir ritmik vəzndə ahəngdar poetik və nəzmə çəkilmiş bədii əsərdir. Yəni, bədii təfəkkürün nəzmlə yazılan ifadə formasıdir. Şeir həm də fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar birşəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlərdir. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik lirikada səciyyəvi xüsusiyyətlərdəndir. Lirik əsərlərdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir. Xalq həyatının ictimai-siyasi, tarixi hadisələri, fəlsəfi düşüncələri, vətənpərvərlik hissləri, sevgi, dostluq, təbiət lövhələri lirik əsərlərin məzmununu təşkil etdiyi üçün lirikanın bölgüsü mövzuya görə aşağıdakı kimi qruplaşdırılır:

  1. Fəlsəfi lirika;

  2. Aşiqanə-məhəbbət lirikası;

  3. Siyasi lirika;

  4. Təbiət lirikası.

Lirik əsərlərdən hər şeydən əvvəl şairi ilhama gətirən real həyat haqqında, ictimai amillər barəsində təsəvvür əldə edilir. Lirika insanlarda yüksək bədii zövq oyadır, onlara ədəbiyyat, incəsənət, kino, teatr, musiqi, rəsm əsərlərini başa düşməyə imkan verir. Lirik əsərlər oxucunun mənəvi aləmi ilə bağlıdır. Məhz buna görə də lirik əsər daha geniş yayılır. Lirik şeirləri öyrənmə prosesində şagird və ya tələbələr sənətkarı ilhama gətirən ideyalarla tanış olur, onun şeirdə ifadə etdiyi hiss və duyğuları başa düşə bilirlər. Lirik şeirlərin maraqlı tədrisi vasitəsilə şagird və ya tələbələrdə elə möhkəm zövq yaratmaq olar ki, onlar həqiqi gözəlliklərin mənasını özünün və başqalarının həyatlarında görə bilsinlər. “Lirik əsərlərin oxusunda janrın xüsusiyyətləri nəzərə alınmalıdır. Lirik parçaların janr xüsusiyyətlərinə fikir verilməyəndə, onun səsləndirilməsində müəyyən çətinliklər ortaya çıxır. Misradaxili və misrasonu fasilələrin yerində edilməməsi, məntiqi vurğunun düzgün müəyyənləşdirilməməsi də məzmunun təhrifinə yol açır ”(12,82).

Lirik şeirləri əzbərləmək uşaq nitqini səlisləşdirir, onu inkişaf etdirir və zənginləşdirir. Poeziya dilinin şagirdlərdə buraxdığı təsir uzunömürlü və davamlı olur. Poeziyanın bədii dilini mənimsəyən şagird həm öz nitqini inkişaf etdirir, həm də sənətkarın işlətdiyi obrazlı ifadələri asanlıqla anlaya bilir. Nəticədə uşaqlar yeni sözlər və onların tələffüz qaydası ilə tanış olur ki, bu da lüğət ehtiyatını zənginləşdirir. Lirik şeirlərin yaxşı əzbərlənməsinin bir metodunu lüğət işlərinin düzgün təşkil edilməsində görürlər. Əsərdə təsadüf edilən ayrı-ayrı çətin sözlərin lüğti təhlili şeir əzbərlənmə işini xeyli asanlaşdırır. Bu üsulun əhəmiyyəti çoxdur. Çünki, bu zaman ayrı-ayrı sözlərin izah olunması şeirin ümumi məzmununu daha geniş şəkildə aydınlaşdırmağa imkan verir. Digər tərəfdən isə şagirdlər həmin sözün yazılışı və deyiliş qaydası ilə tanış olurlar ki, bu da şeir əzbərləmək işində olduqca zəruridir. Şeirin yaxşı əzbərlənməsinə kömək edən amillərdən biri də əyani vasitədir. Bədii söz ustalarının səs yazılarının sinif-dərs şəraitində nümayiş etdirilməsi şeir əzbərləmək işinə musbət təsir göstərir. Lirik əsərlərin pis əzbərlənməsinin bir səbəbi əsərin misra-misra, bənd-bənd, beyt-beyt əzbərlənməsi ilə əlaqədardır. Kiçik həcmli lirik şeirləri belə əzbərləmək faydalıdır. Lakin bu usulu böyük həcmlı lirik əsərlərin əzbərlənməsinə şamil etmək düzgün olmaz. Belə şeirləri tam halda deyil, mətni məzmunca bitmiş hissələrə bölüb hissə-hissə öyrənmək məsləhət görülür. Şeiri tam halda öyrənməyin bir sıra üstün keyfiyyətləri vardır. Onu bitmiş hissələrə bölmək, bu hissələri aydınlaşdırmaq, onların arasındakı əlaqələri dərk etmək şeiri yadda saxlamağın mühüm şərtləridir. Bu şərtləri həyata keçirmək üçün əvvəlcə şeiri aramla oxuyub nəzərdən keçirmək məsləhət görülür. Bu zaman şagird məzmunu mənimsəyib, bəndlər arasındakı əlaqəni dərk edər, sonra da ayrılıqda çətin sözləri, obrazlı ifadələri, bədii təsvir vasitələrini öyrənər, nəhayət şeiri əzbərləyər. Bəs lirik şeirləri nə vaxt əzbərləmək şagird üçün faydalı olar?

Müşahidə və təcrübələrə əsaslanaraq deyə bilərik ki, lirik şeirləri axşam bir neçə dəfə oxumaq, səhər isə bir daha təkrar etmək yolu ilə əzbərləmək faydalıdır.

Hər bir müəllim konkret əsərlərin tədrisi prosesində şagirdlərə elmi məlumatların verilməsi qayğısına qalmalıdır. Keçilən mövzunu yaxın mövzularla, digər fənlərlə əlaqələndirmək, bu barədə şagirdlərin müstəqil fəaliyyətinə təkan vermək müasir dərsin ən yaxşı xüsusiyyətlərindən hesab olunur. Mətni mexaniki əzbərləmək hallarına şagirdlər arasında tez-tez rast gəlmək olar. Belə hallara qarşı dərsdə əks-əlaqə və problemli situasiya yaratmaqdır. Lirik əsərlərin ifadəli oxusu prosesində şagirdlərin müstəqilliyini təmin etmək müasir dərsin əsas əlamətlərindən sayılır.

Ədəbiyyat dərslərində bədii mətnlər vasitəsilə şagirdlərə yeni elmi-nəzəri məlumatların verilməsi müasir dərsin əsas xüsusiyyətlərindən hesab edilir. M.Füzuli elmsiz şeiri bünövrəsi olmayan, etibarsız binaya bənzədir. Lirik əsərlərin təhlili zamanı şagirdlərə elmi-nəzəri biliklərin verilməsi də müasir dərsin əsas keyfiyyəti kimi qiymətləndirilir.

Azərbaycan şifahi xalq ədəbiyyatının lirik növü xalqımızın böyük və zəngin mənəvi sərvətidir. Folklorun lirik janrı həmişə yazılı ədəbiyyatla sıx əlaqədə olmuşdur. Burada da bir sıra əxlaqi sifətlər: vətənpərvərlik, insanpərvərlik, əməyə sevgi, zülmkarlara nifrət hissi təbliğ olunur. Bundan başqa məktəblərdə klassik ədəbiyyatımızdan verilmiş şeir nümunələrinin tədrisi də böyük yer tutur.

Azərbaycan ədəbiyyatı tarixində lirikanın yaşı çox qədim olsa da, bu ədəbi növün məktəblərdə tədrisi XX əsrin 20-ci illərindən başlayaraq öz yerini tuta bilmişdir. Orta məktəblərdə lirik əsərlərin tədrisi zamanı müəllimin giriş sözünə böyük ehtiyac duyulur. Xüsusən də, aşağı siniflərdə lirik əsərlərin ifadəli oxusunu elə təşkil etmək lazımdır ki, bu iş üsulu şagirdlərin şifahio nitqini səlisləşdirməyə kömək etsin.

Ümumiyyətlə, lirik şeirlərin öyrədilməsi, ifadəli oxusu hər bir şagird üçün, hər bir insan üçün faydalıdır. Çünki, bu şeirlər insanın daxili aləmini saflaşdırır, dilini rəvan edir, söz ehtiyatını çoxaldır və ona mənəvi zövq verir.





Yüklə 389,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin