1. İfadəli oxu anlayışı
İstər bədii mətnlərin ifadəli oxusu, istərsə də müəllimlərin təsirli danışığı şagird və ya tələbələrin şifahi nitq mədəniyyətinin inkişaf etdirilməsinə böyük köməklik edir. İfadəli oxu məşğələlərində şagird və ya tələbələr bədii əsərləri incəsənətin bir növü kimi öyrənib mənimsəyirlər. Bu isə onların bədii estetik tərbiyə işində zəruri şərtlərdən biri hesab olunur. İfadəli oxunun bir sıra əhəmiyyəti vardır. “İfadəli oxu ana dili təlimində istifadə olunan mühüm iş üsullarından biridir. Dərslərdə ifadəli oxudan istifadə şagirdlərə bir sıra mühüm keyfiyyətlərin aşılanmasına aparıb çıxarır” (12, 14). Bu kursun əsas əhəmiyyəti ondan ibarətdir ki, tələbələr mühazirələrdə, seminar və laborator məşğələlərdə qazandıqları elmi-nəzəri bilikləri sonrakı kurslarda özlərinin iş təcrübəsində tətbiq edirlər. Xüsusilə də pedaqoji təcrübə prosesində hər bir tələbə ifadəli oxu dərslərində qazandıqları elmi-nəzəri vərdişləri təcrübədə tətbiq edir, ifadəli oxu sənətinin qayda və qanunlarını, hər hansı bir bədii əsərin, o cümlədən poeziya nümunələrinin düzgün, ifadəli oxusunu, şeirin vəznini, bölgüsünü, ölçüsünü, qafiyələnməsini, bədii təsvir və ifadə vasitələrini, sadə və mürəkkəb məcazlar sistemini, həmçinin ifadəli oxuda istifadə olunan elmi-nəzəri məsələləri şagirdlərə çatdırmağı bacarırlar.
Bəs ifadəli oxu fənninin məqsədi nədir?
Bu fənnin əsas məqsədi şagird və ya tələbələrə oxu sənətinin nəzəri əsaslarını mənimsətmək, onların bədii, estetik zövqünü inkişaf etdirmək və onlarda düzgün, ifadəli oxu vərdişini yaratmaqdan ibarətdir. Bu mühüm məsələni nəzərə alaraq ifadəli oxu kursunu iki yerə ayırmaq olar:
Oxu sənətinin nəzəri məsələləri ilə tanışlıq;
Öyrənilmiş nəzəri məsələləri konkret hər hansı bədii əsərlərin nümunəsində yoxlamaq və buraxılmış nöqsanları islah etmək.
Dostları ilə paylaş: |