2.İfadəli oxunun tarixi haqqında
Hər bir bədii əsəri emosional və təsirli oxumaq həmişə qabaqcıl ziyalıları, ümumiyyətlə, sənət adamlarını dərindən düşündürmüşdür. Ona görə də müxtəlif dövrlərdə yaşayan ziyalılar və sənətkarlar məzmunlu, aydın, obrazlı və təsirli bədii qiraət etməyə yüksək qiymət vermiş, bəlağətli danışmağı, məzmunlu çıxış etməyi söz sənətinin əsas qayəsi hesab etmişlər. Belə sənətkarlar həmişə sözə yüksək qiymət vermiş, xalq tərəfindən böyük rəğbətlə qarşılanmışlar. Çünki düzgün, ifadəli oxu və nitq mədəniyyəti həmişə ümumxalq mədəniyyətinin tərkib hissəsi olmuşdur. Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən mühüm şərtdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir – biri ilə əlaqədardır və bir –birinə təsir göstərir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir.
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Trasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemləşdirilmişdir. Aristotel, Siseron, Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, sözçülük mənalarında işlənmişdir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir.
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel e.ə.335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi:
1.Materialın icadı və onun hazırlanması;
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması;
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması;
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi;
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı. Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir. Demosfen xalq qarşısında çıxış etməyi uşaq ikən arzu edirdi. Hələ gəncliyində Demosfen öz müəllimindən onu məşhur natiqlərin dilinə qulaq asmaq üçün məhkəmə iclasına aparmağı xahiş edir. Xalqın natiqləri necə alqışladığını görür və qəlbləri fəth edən natiqlik sənətinin gücünə heyran olur. O, həmyaşıdları ilə oynadığı bütün digər oyunları atır və natiqlik sənətinin öhdəsindən gəlməyə çalışır. O, qətiyyətlə natiq olmaq qərarına gəlir.
Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Belə ki xalq qarşısında gənc natiqin ilk çıxışı uğursuz qurtarır: səs-küy, gülüş izdihamı ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz etmirdi. Onun çiyinlərini çəkmək vərdişi var idi və ictimaiyyət qarşısında özünü idarə edə bilmirdi. Onun xalq yığıncağı qarşısındakı ikinci çıxış etmək səyi dil baxımından uğursuz olmuşdur. O ruhdan düşmüş və üzünü örtmüş halda, evə tələsir və heç hiss etmirdi də ki, onun izi ilə məşhur Afina aktyoru gəlir. Onlar birlikdə yol gedirlər. Demosfen öz uğursuzluğu barədə dostuna acı-acı şikayətlənməyə başlayır və deyir ki, xalq dilin dərin məzmununu qiymətləndirmir və anlamır. "Hər şey belədir, -aktyor cavab verir, - amma mən sənə kömək etməyə çalışacağam. Mənə Sofokl və ya Evripidadan parça oxu". Demosfen oxuyur. O qurtaranda aktyor şeiri yenidən özü oxuyur. Bu zaman Demosfenə elə gəlir ki, sanki o, tamamilə digər şeiri eşidir. O, indi başa düşürdü ki, nitq gözəlliyinə onda olmayan dilin ifadəliliyi ilə nail olunur və o, ikiqat səylə işə başlayır. Nəticə etibarı ilə, Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çəkilir, gündə bir neçə saat tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlarla məşğul olur. O, ağzına daşlar toplayır və ucadan danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi öyrənir və öz səsi ilə dalğaların səsini boğmağa çalışırdı. Demosfen danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Bəzən gənc iki ay, üç ay, nəhayət heç evdən bayıra çıxmır və nəhayət, tamamilə səs və jestə yiyələnir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədinə nail olur və görkəmli natiqə çevrilir. Amma o, hazırlaşmadan heç vaxt danışmaz, həmişə yazılmış mətni əzbərdən öyrənərdi; axşamlar lampanın işığında o, çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər bir sözü götür-qoy edərdi. Bütün bunların nəticəsində böyük natiq rəqiblərinin tənqidinə tuş gəlir. Onlar Demosfenin ilham və təbii istedadının olmadığını iddia edirlər. Bir dəfə rəqiblərindən biri onu tənqid edir: "Sənin dilindən yağ iyi gəlir", daha doğrusu, "sən bütün gecəni yağ çırağının işığının altında oturursan". Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar. Onun dilinin qeyri-adi sadəliyinin ifadəsi ən böyük duyğu və düşüncələri, aydınlıq və inandırıcılıq gücü ilə birləşir. Demosfen həmişə öz nitqinin məzmununa ciddi şəkildə sadiq qalır, boş cəfəngiyatı sevmirdi. O, nitqini sakit şəkildə deyirdi, dinləyicilərin ağlına təsir edərək, onları duyğu hissi ilə fəth edirdi, müdafiə edilən işin düzgünlüyündə onlara həddindən artıq inanırdı. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.
Demosfenin 30 yaşı olanda, o, artıq dövlət işlərində iştirak etməyə başlayır və natiqlik istedadının var gücü ilə Yunanıstanın bütün təhlükəli düşmənlərinə – Makedoniya çarı Filippə qarşı belə çıxır. Onun vətənə olan hədsiz sevgisi böyük natiqi makedoniyalılara və onların bütün Yunanıstandakı yardımçılarına qarşı mübarizəyə ilhamlandırır. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır:
1) materialın toplanması;
2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi;
3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi;
4) məzmunun dinləyicilər qarşısında söylənilməsi. Demosfenin tələffüzü aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir. Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma demokratiyası üçün günün tələblərinə cavab verən, canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon, Qrakxi, Antoni Mark kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, mütəfəkkir Mark Tuli Siseron xüsusilə fərqlənirdi. Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, bu sənətin fəlsəfəyə münasibəti kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, ... kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron həm də yeni natiqlər üçün maraqlı praktiki göstərişlər və tövsiyələr, öz nitqindən nümunələr verir, “nitq stili” nəzəriyyəsini ifadə edir, öz sələflərini xarakterizə edir və müasirləri ilə mübahisəyə girişir. Siseron yaxşı, müstəqil natiq olmaq üçün geniş fəlsəfi təhsili vacib hesab edirdi və əxlaqi və siyasi xarakterli fəlsəfi problemlərə az diqqət yetirirdi.
Siseronun nitqindəki süjet xətti və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir. Siseronun nitqlərindən 53-ü tamamilə saxlanılmışdır, 35-ni isə başlıqlarla tanıyırıq. Onun "Natiqlər barəsindəki" traktatı zəmanəmizə qədər məhkəmə ritorikasının dərs vəsaiti kimi xidmət edir. Natiqlik məharəti qarşısında duran vəzifələri Siseron aşağıdakı kimi qısaca ifadə edir: «Forumda və məhkəmədə çıxış edən, sübut etməyi, məftun etməyi və inandırmağı bacaran adamı gözəl natiq hesab etmək olar. Sübut etmək vacibdir, məftun etmək zövqverəndir, əgər işi udmaq istəyirsənsə, məhz bu sonuncu xüsusiyyət daha vacibdir; natiqlər qarşısında nə qədər vəzifələr dayanır, nə qədər natiqlik istedadı növləri mövcuddur: incəliklə sübut etmək lazımdır, ölçü ilə məftun etmək, hərarətlə inandırmaq; bütün bunlara natiqin gücü daxildir». Siseron uzunmüddətli natiqlik fəaliyyətində müxtəlif qəbildən olan dinləyicilər qarşısında müxtəlif məsələlər barəsində - məhkəmədə vətəndaş və cinayət məsələləri üzrə, senatda və komitiorumda siyasi mövzular barəsində çıxış etməli olmuşdur. Məhkəmə işlərində Siseron əksər hallarda müdafiəçi kimi çıxış etmişdir.
Siseronun nitqinin daha zəif tərəflərini onların quruluşunda hesab etmək olar. Siseron əvvəlcədən özünə nitq planı təyin edən və ona qəti surətdə əməl edən, özünü qibtə ilə yaşca ondan böyük olan Qortensiya ilə müqayisə edir; Siseron daha fəal və emosionaldır, əksinə, Qortensiya isə özü ifadə etdiyi plandan tez-tez uzaqlaşırdı. Onun nitqinin digər böyük çatışmazlığı bir fıkrin və ya eyni fikirlərin gərəksiz uzunçuluq və təkrarlardan ibarət olmasıdır.
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Açdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı kitabdan ibarət əsər yazmışdı. Həmin kitabda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər şərh olunmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür”.
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. İmperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir.
Afinada e.ə.V əsrdə loqoqraflar (nitqin mətnini hazırlayan) meydana gəlirdi. Həmin loqoqraflar natiqlik sənətini Afinada yeksək zirvəyə qaldırdılar. Artıq Yunanıstanda belə loqoqrafların sayı get-gedə artmağa başladı. Hətta siyasi dövlət xadimi Demosfen də öz siyasi mübarizələrini natiqlik sənəti ilə birləşdirmişdir.
Beləliklə, bədii və təsirli oxumaq bilavasitə müstəqil sənətə çevrilərək məişətə daxil oldu. Bununla əlaqədar olaraq ritorika məktəbləri inkişaf etdi. Hətta həmin dövrdə ritorika sənəti, yəni gözəl danışmaq və oxumaq bir dəb halına düşmüşdü. XIX əsrdə Rusiyada natiqlik sənətinin inkişafı geniş vüsət almış, fəhlə hərəkatı natiqlik sənətinə güclü təsir göstərmişdir. Demosfenin Siseronun, Lisinin bir neçə nitqi rus dilinə tərcümə olundu. Böyük mütəfəkkir Lomonosov natiqlik sənəti haqqında (1748-ci il «Kratkoe rukovodstvo krasnoreçiu») yazdığı əsəri çap etdirdi. Əsərdə yunan «Ritorikası»nın təsiri özünü tam aydınlığı ilə göstərirdi. Müəllif natiqin və dinləyicinin əhval- ruhiyəsini əsas şərt kimi qəbul etmişdi. Rus natiqlik məktəbinin xarakteri özündən əvvəlki sələflərindən onunla fərqlənirdi ki, Rusiyada nitqlər kütləvi xarakter daşıyırdı. Əvvəlkilərdə isə məhkəmə natiqliyi hakim mövqe tuturdu. Fəhlə sinfindən S.H.Xolturin, P.A.Alekseyev, Q.P.Petrovski, İ.V.Babuşkin və digərlərinin adı tarixdə fəhlə-natiq kimi həkk olunmuşdu.
Xalq yaradıcılığının incilərindən olan natiqlik sənəti cəmiyyətdə mühüm yer tutur. Natiqlik, ifadəli oxu XVIII-XIX əsrlərdə Azərbaycanda da güclü təbliğat vasitəsi olmuşdur. Azərbaycanda bütün elmi və dini kitablar ərəb, fars dillərində meydana gəlir və yayılırdı. Şərq ölkələrində, o cümlədən, Azərbaycanda XVII-XVIII əsrlərdən başlayaraq dini məktəblərdə və mədrəsələrdə natiqlik sənəti inkişaf edirdi.
Azərbaycanda natiqlik sənətinin inkişafı mədrəsələrdə dərs deyən müəllimlərin, din xadimlərinin adı ilə bağlıdır. Xüsusilə də Azərbaycanda vaizlər natiqlik sənətinin inkişafında böyük rol oynamışlar. İslam dininin qayda və qanunlarının, dini ayinlərin təbliğində ifadəli oxu sənətindən məharətlə istifadə edən vaizlər dini mərasimlərlə yanaşı, minbərlərdə də dini qayda-qanunları xüsusi avazla oxuyurdular. Bu təbliğat dini mahiyyət daşımasına baxmayaraq, ifadəli oxu və natiqlik sənətinin inkişafında xüsusi rol oynamışdır.
Azərbaycan ədəbiyyatında hələ qədim və orta əsrlərdən başlayaraq Nizami, Füzuli, Xətai, Nəsimi, Fələki Şirvani, İzəddin Şirvani, Beyləqani kimi söz bahadırları sözə və natiqlik məharətinə həmişə yüksək qiymət vermişlər. Ədəbiyyat tarixində Beyləqani istedadlı natiq kimi də tanınmışdır. Böyük Nizami “söz dünyanın naxışıdır” demiş, Füzuli isə “Söz” rədifli qəzəlində sözün qədir-qiymətini bilməyənləri, onu pis oxuyanları qəzəblə qarşılayır. Füzuliyə görə şeirin düzgün, ifadəli oxunması bədii mətndəki məzmunun aydın başa düşülməsinə kömək edir.
Görkəmli rus yazıçısı, dramaturqu, şairi, tənqidçisi və publisisti Nikolay Vasilyeviç Qoqol yazırdı ki, ancaq ifadəli oxu, gözəl oxu şair haqqında düzgün təsəvvür verə bilər. Yaxşı oxuya bilmək üçün isə əsəri diqqətlə öyrənmək, şairin qəlbini dolduran böyük hissləri duymağı bacarmaq, onun hər bir sözünün ruhunu tapmaq lazımdır.
Natiqlik sənəti hər bir insanın qabiliyyətini, istedadını üzə çıxarır. XX əsrdə Azərbaycanda natiqlik sənəti və onun inkişafı yeni mərhələyə qədəm qoydu. Bu dövrdə natiqlik sənəti, üslub və üslubiyyat haqqında dəyərli fikirlər, elmi məqalələr, kitablar, dərsliklər yazılıb çap olunmuşdur. Dünya natiqlik sənətinin inciləri Azərbaycan dilinə tərcümə olunaraq xalqın istifadəsinə verilmişdir. Bu illərdə Azərbaycanın görkəmli xadimləri, yazıçı və şairləri bu elm haqqında əsərlər, kitablar, məqalələr çap etmişlər. M.İbrahimov,S.Vurğun, Ə.Sultanlı, H.Araslı, Ə.Dəmirçizadə, H.Mirzəzadə,M.Cəlal, M.Quluzadə, A.Qurbanov Y.Seyidov, A.Axundov, T.Hacıyev və s. görkəmli dilçilər, söz ustaları bu elm haqqında öz fikirlərini yazmışlar. Çünki hər bir natiq birinci növbədə öz dilinin bütün incəliklərini dərindən bilməlidir. Müasir dövrdə informasiya bolluğu, televiziya, radio və s. dünyada baş verən hadisələrin rəsmi xronika, icmalçılar tərəfindən təhlili natiqlik sənətinin inkişafına böyük köməklik göstərir.
Ümummilli lider Heydər Əliyevin natiq kimi fəaliyyəti isə danılmazdır. Onun nitqinin gözəlliyindən, Azərbaycan ritorika sənətinə verdiyi töhfələrdən saatlarla danışmaq mümkündür. Onun Azərbaycan dilinə olan münasibətinə nəzər yetirsək görərik ki, o, necə öz ana dilinə bağlı bir insan olmuşdur. Heydər Əliyev və Azərbaycan dili dedikdə onun dil haqqında dediyi bu sözlər yada düşür: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Onun dilimizin inkişafı naminə gördüyü işlər əvəzsizdir. Doğma ana dili olan Azərbaycan dilini mükəmməl bilirdi və istəyirdi ki, digərləri də öz dilini yaxşı bilsinlər, dilimizin incəlikləri ilə, zəriflikləri ilə tanış olsunlar. Ümumiyyətlə, müasir dünyada məşhur olan natiqlər sırasında məhz Heydər Əliyevin adı ilk yerlərdə çəkilir. Çox zəngin söz ehtiyatına malik olduğu üçün danışarkən düşünməz, istənilən mövzuda, istədiyi fikri dinləyiciyə aydın şəkildə izah edərdi. Elə onun natiqliyini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də bu idi. Ümummilli lider Heydər Əliyev ana dilini mükəmməl bilməklə yanaşı Azərbaycan dilinə olan münasibətini də aşağıdakı sözlərlə açıqlayır. “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu hikmətli kəlamı eşitdikdə kimdən bəhs olunduğunu dərhal anlayırıq. Bu fikir ulu öndər Heydər Əliyevin imzasında aforizmləşmiş və güclü məna qazanmışdır. Ulu öndərin qoyub getdiyi bu sənət yolu hər zaman gənc nəsil tərəfindən öyrənilməli və qorunub saxlanılmalıdır.
Dostları ilə paylaş: |