13. Publisist əsərlərin ifadəli oxusu
Publisistika latın dilində publicus —ictimai özündən olub cəmiyyətin mövcud həyatının aktual problemlərinə və hadisələrinə həsr olunmuş əsərlər növü; ictimai düşüncənin, o cümlədən həyatın kəskin problemləri ətrafında ortaya çıxan bir ifadə vasitəsi olaraq mühüm siyasi və ideoloji rol oynayır. Publisistika termini XIX əsrdə yaranmış və uzun müddət sosial ədəbiyyat mənasında işlənmişdir. Hal-hazırda jurnalistikanın hər janrı publisistika adlanır. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürərək inandıracaq formada danışmaqdır. Bundan ötrü hər cümlənin sonunda nida qoymaqla hər şey bitmir. Stil nə qədər fərdi olsa da, material nə qədər düzgün qurulsa da müəllifin publisistik mövqeyi, şəxsi peşəkarlıq olmadan uğur mümkün deyil. Publisistik yazılar yazan, publisistika ilə məşğul olan şəxsə publisist deyilir.
Publisistik üslubun aşağıdakı xüsusiyyətləri vardır:
Mətbuatda formalaşır;
Müxtəlif qəzetlərin və jurnalların dilidir;
Müxtəlif mövqe və maraqları əks etdirir;
Müxtəlif emosiyaları əks etdirir;
Həm şifahi, həm də yazılı olur;
Anlaşılıqlı olur;
Ümumxalq dilinə yaxındır;
Aydınlığı ilə seçilir.
Publisistika cəmiyyət həyatının bugünkü aktual problemlərinə
və hadisələrinə həsr olunmuş mətn növüdür. Bu cür mətnlərdən ictimai-siyasi ədəbiyyatda, dövri mətbuatda, yəni qəzet və jurnallarda, radio və televiziya verilişlərində, sənədli filmlərdə, afişalarda və s. istifadə olunur.
Kütləvi informasiya vasitələrində (KİV) istifadə olunan publisistik mətnlər informasiya mənbəyi hesab olunur. Publisistik mətndə faktlarla yanaşı, xeyli sayda rəylərə də, yəni müəlifin, hadisə şahidlərinin, rəsmi şəxslərin rəylərinə və s. yer verilir. Odur ki, belə mətn heç də həmişə obyektiv və doğru məlumat vermir. Publisistikada işıqlandırılan hadisələrin seçimi sosial əhəmiyətliliyinə və ictimai marağa görə aparılır. Publisistik mətnlər informativ, analitik və bədii-publisist növlərə bölünür.
Publisistik parçaların məzmununun oxucuya və ya dinləyiciyə daha dolğun çatdırılmasında ifadəli oxunun böyük əhəmiyyəti vardır. Bu əsərlərin oxunuşu elə aparılmalıdır ki, şagird və ya tələbə başqasının fikri olan publisistik parçaları dəqiq anlasın. Odur ki, bu əsərlərin olduğu kimi çatdırılması ifadəli oxuyan şəxsdən xüsusi bacarıq tələb edir. Publisistik əsərlərin oxusunda istifadə olunan parçalar məzmun və janr baxımından müxtəlif olduğu üçün onların oxusunda da müəyyən fərqlər olur. İfadəli oxu zamanı bu cəhətlərə diqqət yetirmək vacibdir.
Nəticə
Beləliklə, məlum oldu ki, ifadəli oxu ibtidai siniflərdən başlayaraq bütün siniflərdə və ali məktəblərdə istifadə olunan ən vacib məsələlərdən biridir. Belə ki, şagird və ya tələbələrin oxu vərdişlərinin inkişaf etdirilməsində, bədii mətnlərdə ifadə olunan fikir və mətləblərin düzgün qavranılmasında, bu nümunələrin olduğu kimi canlandırılmasında ifadəli oxunun böyük rola malik olması nəzərə çatdırıldı. Bədii nümunələrdə istifadə olunan mətnlər məzmunca müxtəlif olduğu kimi, onların oxusu da fərqlidir.
Müstəqillik illəri Azərbaycan ədəbiyyatı üçün yeniləşmə, təkmilləşmə mərhələsidir. Dövlət müstəqilliyimizin bərpası ədəbi inkişafa misilsiz şərait yaratmış, qələm sahiblərinə yeni mövzular təqdim etmişdir. Nəticədə yeni mərhələdə nəsr, poeziya, dramaturgiya, publisistika xüsusi inkişaf yolu keçmiş, maraqlı nümunələrlə zənginləşmiş, yeni keyfiyyət qazanmışdır. Bu dövrdə yaranan əsərlər həm o dövrün, həm də cəmiyyətin inkişafının əvvəlki mərhələlərinin geniş təsviri ilə seçilir. Müstəqillik illərində yazıb-yaradan sənətkarlar gerçək həyatın real təsvirinə, insanların həyat və mübarizəsini ön mövqeyə çıxarmağa xüsusi diqqət yetirmişlər. Bütün bu məsələlər ifadəli oxu dərslərinə də öz təsirini göstərmişdir. İfadəli oxudan dərslərdə düzgün istifadə edilərsə bu, şagird və ya tələbələrdə ən mühüm keyfiyyətlərin üzə çıxarılmasına kömək edər. Onların düzgün, aydın, səlis və təmiz nitqə yiyələnmələrinə kömək edər, lüğət ehtiyatlarını artırar, təfəkkürlərini düzgün formalaşdırar. Bu da şagird və ya tələbələrin başqsının fikrini dəqiq anlamağa və bunu da gələcək iş təcrübələrində olduğu kimi çatdırmaq bacarığına sahib olmalarına səbəb olar. İfadəli oxuda bütün yuxarıda deyilənlərin nəzərə alınması olduqca vacibdir.
Dostları ilə paylaş: |